Qonaq Kitabı
İYİRMİ SƏKKİZİNCİ FƏSİL

- Nə çırpınırsan, alçaq, - dedi, - bəs o qədər qana bais olanda demirdin ki, belə günün də var!..

Sərxan heç bir söz deməyib, onun əl-ayağını bağladı. Onu evin altındakı kərpic, döşəməli zirzəmiyə endirdilər. Məhbusi ümidsiz halda yalvarırdı:

- Deyin görüm mənə nə etmək istəyirsiniz?

Kürd Əhməd:

- Səni mühakimə edəcəyik. Uzan orada! - deyib onu küncə itələdi və yoldaşlarına döndü:

- Bunu mühakimə etməzdən əvvəl Xavəri evindən köçürmək lazımdır.

Onlar təsdiq etdilər. Zirzəminin qapısını bağlayıb çölə çıxdılar.

Kürd Əhməd kiçik qardaşını çağırdı:

- Bu ağalara bir stəkan çay ver, mən də yarım saata qayıdıram, - dedi və çıxmaq istədi, Fəridə onun dalınca ayağa durdu: 

- Siz çox zirəklik eləməyin, qoyun mən də gedim. Bəlkə lazım oldum.

Sərxan:

- Mütləq get, - dedi, - kənarda durarsan, bəlkə bir hadisə baş verdi.

Fəridə ilə Kürd Əhməd küçəyə çıxdı və qapıda durub Məhbusini gözləyən faytona oturdu. Daş döşəməli küçədə dördnala çapan atların ayaq səsi ətrafa yayıldı.

 ***

Xavər bütün günü ağzına çörək dəyməmiş Azadı dilə tutaraq təzəcə yatırtmışdı. Bir saatdan artıq onun başını dizinə alaraq nağıl demiş, müxtəlif suallarına cavablar tapmağa çalışmış, sabah ona hər şey alacağını vəd edərək, xoş bir ümid içərisində yuxuya vermişdi. Özü də elə oradaca, uşağın başının üstündə oturaraq xəyala dalmışdı. Şəhəri bürümüş müxtəlif danışıqlar onun da qulağına çatmışdı. Tezliklə təzə hökumət yaranacağından, azadlıqdan, bolluqdan, hər kəsə iş olacağından danışırdılar. Xavər də səbirsizliklə o günün gəlməsini gözləyirdi: Gələcək günün, sabahkı günün! Anlaşılmaz daxili bir etimadla o günün mütləq gələcəyinə inanırdı!.. O gün, gələcək. O gün minlərlə, yüz minlərlə Xavər kimilərə azadlıq, iş, çörək və səadət gətirəcəkdi. O gün Fridunu zindandan, Gülnazı uçurumdan qurtaracaqdı!.. O günün gəlişini sürətləndirmək üçün hər bir fədakarlığa hazırdı. Gecənin qalın pərdəsini yırtaraq onu o gələcək günü qorxunc divlərin qucağından çıxartmaq lazım olsa yenə də özünü irəli atardı. Yox, artıq divlər son nəfəsini çəkir! Odur, azca sonra qızaran üfüqlərdən, qırmızı şəfəqlərin içindən, o gün, o səadət səhəri qalxacaq və dünyanı salamlayacaqdır! Xavərə elə gəlirdi ki, Kərimxan da o xoş günün nurlu işıqları ilə evə daxil olacaqdır. Çünki gecənin qalın pərdələrini qıran, divləri həlak edənlərin içərisində o da vardı. Bu fikir nəzərlərində Kərimxanı daha da qaldırırdı. Onun özünü nahaq qurban vermədiyini düşündü. Həyat və ölümün igidlərə layiq olduğunu duydu. Azadlıq və səadət günlərində Xavər ondan oğluna nağıllar deyəcək, onun Rüstəm Zal kimi bir qəhrəman olduğunu danışacaqdı. “Oğlum, atan kimi mərd ol, igid ol, dünyada namusla yaşa!”

Axşamın həzin sakitliyi, Tehranın üstündəki mavi və nəhayətsiz cənub göylərində çırpınan ilk ulduzlar sanki onun bu xəyallarını oxşayır, fikrini uzaqlara çəkib aparırdı. O qədər sakit, o qədər səssiz bir axşam idi ki, ara-sıra damlardan həyətə enən gecəquşunun qanad çalması belə dərhal eşidilirdi. Çaparaq gələn atların ayaq səsi bu sakitliyi xələldar edərək həyətə doldu. Fayton onların qapısında durduqda Xavərin başına qorxulu bir fikir gəldi: birdən Qəmərbanu olmaya!... Ürəyi titrədi. Axı, o hədələyib getmişdi. İstəsə nələr edə bilərdi!

Kürd Əhməd Fəridəni küçədə qoydu. Xavərin qorxa biləcəyini düşünərək, qapını döyməmiş səsləndi:

 - Xavər bacı, aç mənəm!

Elə bil ki, bu anda dünyanı ona bağışladılar. Ürəyi min bir sevinclə döyündü. Pis gündə əl uzadan xeyirxah bir dost nə yaxşıdır! Kömək, arxa, nəfəs nə qədər qiymətli və gözəldir. O, sevincindən kövrəlmiş halda qapını açdı. Kürd Əhməd tələsik və hay-küylə onu sevdiyi adla çaqırdı: 

- Yığışdır, fars qızı, - dedi, - daha durma ha, yığışdır, gedək!

Hələ də özünə gəlməmiş Xavər təəccüblə Kürd Əhmədə baxdı. Kürd Əhməd yalnız onun yanaqlarına bir cüt göz yaşı süzüldüyünü gördü və tamam boş qalmış otaqa baxdıqda nələr çəkdiyini xəyalından keçirtdi.

- Eybi yoxdur, fars qızı, pis günün ömrü az olar, eybi yoxdur, dur gedək!   

O, yuxuda nə isə kəsik-kəsik sözlər danışan Azadı ayıltmamaq üçün yavaşca qucağına aldı.

Xavər:

- Bura qayıdacağıqmı? - deyə soruşdu.  

- Yox, fars qızı, bir daha bura qayıtmayacaqsan. 

- Bəs açarı nə edim? - dedi və yavaşça əlavə etdi: - İki aydır ev kirayəsi də verməmişəm.

Kürd Əhməd cibindən bir əlli tümənlik çıxarıb ona uzatdı:   

- Al, açarı da, kirayəni də ver, gəl, - dedi, özü isə Azad qucağında faytona oturdu. Azca sonra Xavər, Fəridə də gəldi. Faytonu Südabəgilə sürdülər. Fayton qapıya çatanda çıxmağa hazırlaşan Südabə onları qarşıladı. Kürd Əhməd gülərək:

- Lap vaxtında çıxdınız - dedi, - lap vaxtında. Bundan belə tüfəng götürmək lazım olacaq...

Həyəcan içərisində olan Südabə bu zarafata fikir vermədi:

- Sizə deyiləsi vacib xəbər var!

- Çox yaxşı, onda bu uşağı bir yerdə yatır. Özün də bizimlə gedək.

Südabə Azadı qucağına almaq istədi. Kürd Əhməd zarafat etdi:

- Maşallah, yekə kişidir, gücün çatmaz.

Südabə qabaqda, Azadı qucağına almış Kürd Əhməd də onun dalınca yuxarı çıxdılar.

Onlar Azadı yatağa salaraq, çıxıb faytona oturdular. Kürd Əhmədgilə gəldilər. Aram və Qəhrəmani, Südabəni gördükdə sevincdən güldülər.

Kürd.Əhməd zarafatla:

- Ağalar, cərgəmizə yeni bir dost daxil olur. Tanış olun! - Onlar Südabəyə əl uzatdılar.

Rza Qəhrəmani onun əlini sıxdı:

- Xanım Südabə, sizi gördüyümə xoşbəxtəm.

- Təşəkkür edirəm.

Kürd Əhməd:

- Məncə işi qurtarmaq lazımdır, - dedi.

Aramla Qəhrəmani təsdiq etdilər və:

- Xanımlar bilirmi? - deyə soruşdular.

- Bilmirlər. Lakin indicə bilərlər.

Durub zirzəmiyə endilər. Kürd Əhməd qapını açıb birinci olaraq içəri girdi. Hər yerdən ümidini kəsmiş Məhbusi ipini çeynəyərək qolunun birini açmışdı. Kürd Əhməd onun boğazından basaraq yenə açılmış qolunu bağladı. Məhbusinin gözlərində dəhşətli bir ifadə vardı. Xavər onu gördükdə ani olaraq titrəyib durdu. Sonra əllərini qaldırıb onun üstünə yeridi, Kürd Əhməd onu saxladı:

- Sakit ol, fars qızı, indi hər şeyi ayırd edərik. Oturun, xanımlar, oturun, ağalar!

Onlar zirzəmidəki kötüklərin üstündə oturdular. Kürd Əhməd üzünü Məhbusiyə tutdu:

- Məhkəmə işə başlayır. Sən vətəni satmaqda, yoldaş və dostları satmaqda, azadlığa xəyanət etməkdə ittiham edilirsən. Sən adi bir xain deyilsən. Sən insanın mədəsinə girmiş xərcənk yarası kimi qorxulu və dəhşətlisən. Heç bir ilan sənin qədər zəhərli ola bilməz. Kərimxanın, Simonyanın... qatili sənsən, Fridunu məhbəsə saldıran sənsən. Biz səni bunlarda ittiham edirik. Axırıncı sözündür. Danış görək nə deyirsən?

Məhbusi üzünü gah Kürd Əhmədə, gah Arama, gah Südabə və Xavərə tutdu, inildədi:

- Mənə rəhm eləyin, mənə yazığınız gəlsin! Məni öldürməyin! Buraxın. Sizə xidmət edərəm, sizə işlərəm.           

Rza Qəhrəmani ayağı ilə onu itələdi:

- Çəkil, alçaq! Yeni dünyanın açılan səhərini, azadlığın xoş sabahını insanlıq sənin kimi rəzil və alçaqlarla qarşılaya bilməz, çəkil!

- Mən sizə xidmət edərəm. İt olub qapınızdan çəkilmərəm.

Həyəcanı soyumayan Fəridə:

- Sus! - dedi, - səsini eşidəndə az qalıram tutub boğazını üzəm, sus!

Kürd Əhməd:  

- Yaxşısı budur günahlarını, cinayətlərini say! Azadlıq ordusuna xainlərin xidməti lazım deyildir! - dedi.

Məhbusi ağladı:

- Məndə günah yoxdur, ağalar, xanımlar! Məni məcbur etdilər. Mənə yazığınız gəlsin. Mən çox bədbəxt bir adamam. Mənim başıma gələnləri bilsəniz ürəyiniz yumşalar... Məni belə görüb alçaq nəsildən olduğumu güman etməyin. Mənim atam bir zaman Kirmanşahın məşhur və məruf bir taciri idi... Onun mal-mülkünün sayı-hesabı yox idi... Məni bu hala salan onun başına gələn müsibət oldu. O da Rza xanın qəzəbinə düçar olan tacirlərdən biridir. Onu məhbəsdə çürütdülər. Həlak etdilər. Mal-mülkünü müsadirə etdilər. Onun ölümündən sonra mən özümü min daşa çırpdım. Bir yaşamaq yolu axtardım. Nəhayət, yolum İran - İngilis neft şirkətinə düşdü. Yaxam bir ingilisin əlinə keçdi. O gündən həyatım dağaşağı yuvarlanan bir çarx kimi iradəmdən asılı olmadı. Nə etdiyimi, hara getdiyimi bilmədən hər şeyə alışdım. Bir ingilis məni o birinə təhvil verdi. Hakimim mister Tomas oldu. Mənə rəhm edin, qardaşlar... Allah ingilisin evini yıxsın! Biz iranlıların evini yıxan odur.

O, ölümqabağı bir sayıqlama içində ara vermədən danışır, sürgünlərdə, zindanlarda necə məhbusların içinə getdiyini, nə cür onları satdığını nağıl edirdi. O, mister Harold və fon Valterlə görüşünü, müfəssəl xatırlayırdı. Can hövlündən yadına nə düşürdüsə deyirdi. Bütün bunlarla o öz taleyini yüngülləşdirməyə, günahkar olmadığını, belə hərəkət etməzdisə məhv olacağını sübut etməyə çalışırdı. Lakin bütün bunlar onun tamamilə cinayət və çirkab içərisində itmiş simasını daha murdar və daha eybəcər göstərirdi. Nəhayət, o ağlayaraq “Rəhm edin!” deyib yalvardı.

Kürd Əhməd ağır-ağır sözə başladı:

- Bizim kürdlərin adətinə görə xaini ya başını kəsərlər, ya da diri-diri qaynar qazana salıb bişirərlər. Bu alçaq ancaq belə bir cəzaya layiqdir. Lakin mən burada xanımlar oturduğunu nəzərə alıb, onların xatirinə onun cəzasını yüngülləşdirməyi xahiş edirəm. Mən təklif edirəm o, boğazdan asılsın! Kim razıdır, əlini qaldırsın!

Zirzəminin ağır sükutu içərisində əllər qalxdı. Kürd Əhməd durub sabunlanmış kəndiri zirzəminin tirinə bağladı:

- Rza, məhkəmənin hökmünü icra etmək sizə tapşırılır, -  dedi.

Rza Qəhrəmani cəld hərəkətlə yerindən sıçrayıb, yarıbihuş halda torpaqdan qopmaq istəməyən Məhbusinin qollarını açdı. Çiynindən qaldırıb, boğazını sabunlanmış kəndirin halqasına keçirtdi, O, bir anlığa əl-qolunu atdı və sonra havada sallanıb kömur kimi qaraldı.

 * * *

Sudabə Həkimülmülk və Tomasın söhbətini onlara xəbər verib:

- Fridunu böyük bir fəlakət gözləyir - dedi və yaşarmış gözlərini yana çevirdi.

Onlar gərgin və sakit halda ona qulaq asdılar. Sükutu ilk pozan Fəridə oldu:

- Başınıza dönüm, elə tədbir tökün ki, qardaşı qurtaraq!..     

Hərəsi bir şey təklif etdi. Sərxan Südabəni Sərhəngin yanına göndərməyi məsləhət gördü. Lakin Aram bunun bir nəticə verməyəcəyini söylədi.

- Bizim siyasət adamları və sahibmənsəblərin təbiətini bilirsiniz. Kim güclü olsa o tərəfə əyilmək onların xasiyyətidir. Buna görə də məncə hazırki şəraitdə sərhəng Səfai, Fridunu öldürməyə cəsarət etməz. Lakin dalında bir təşkilat olduğunu bildirmək lazımdır.

Rza Qəhrəmani:

- Razılıq verin, mən gecə ikən bu Sərhəngi oğurlayım, Fridunu buraxdırmayınca əl çəkməyək, - dedi.

Kürd Əhməd bu təklifə etiraz edərək dedi:

- Sərhəngi oğurlamaqla, Fridunun ölümünü yaxınlaşdırmaq olar. Yaxşısı budur, gəlin Sərhəngə bir məktub yazaq, onu xəbərdar etmək lazımdır.

Sonra üzünü Südabəyə tutdu:

-  Südabə xanım, yazın!

. Südabə kağız və qələm götürub hazır durdu. Kürd Əhməd yavaş-yavaş sözləri seçə-seçə diktə etdi:

“Ağayi sərhəng Səfai! İstibdadın son günləridir. Azadlıq günəşi üfüqlərdədir. Özünüzü gözləyin! Əgər yaşamaq istəyirsinizsə, heç olmazsa istibdadın axır günlərində əl saxlayın, qanlı əməllərinizə son qoyun! Əlinizi artıq qana batırmayın! Dayanın, fikir edin, siz hələ gəncsiniz. Bəlkə azadlıq dünyası sizin günahlarınızı bağışladı. Təklifimiz: Fridunu qoruyun. Onun həyatı sizin gələcəyinizin rəhnidir. İndi özünüz mülahizə edin! Hər saat siz bizim əlimizdəsiniz. Onun başından bir tük əskik olsa özünüzü ölmüş bilin!”

Məktubu büküb paketə qoyduqdan sonra Kürd Əhməd, Südabə və Xavəri ötürmək üçün ayağa durdu.

Xavər onları saxladı, göz yaşları arasında Gülnazla olan görüşünü nəql edib, - onu da fəlakətin qucağından qurtarmaq lazımdır, - dedi.

Rza Qəhrəmani Fridunun Gülnaza olan münasibətini, onun təmiz xəyallarını xatırlayıb titrədi: 

- Bu da ona bir zərbə olacaqdır.

Xavər:

- Gülnazı da tapın, tapın!.. - deyib Rza Qəhrəmaniyə müraciət etdi.

- Lakin nə cür, ünvanı bilirsənmi?  

- Arvadın adı Qəmərbanudur yaxşı bilirəm.  

- Ey... Bacım bu şəhərdə minlərcə Qəmərbanu var. Min elə ev var... Kim bilir, bəlkə də o əsl adı deyil, ləqəbidir, haradan tapacaqsan?

Bu fikirdən Xavərin ümidsiz bir hala düşdüyünü gördükdə sözünü dəyişdi:

- Hər halda axtararıq - dedi və Südabəyə tərəf döndü:  

- Fars qızı hələlik sizdə qalar.

Südabə Xavəri qucaqlayıb öpdü:

-  Əlbəttə. Bacımdır, - dedi və yaşarmış kiprikləri arasından gülümsəməyə başladı.

Kürd Əhməd də gülümsədi:

- Ayazı da sizə gətirəcəyəm, qoy Xavərin Azadı ilə oynasın, - dedi və onu necə tapdığını nağıl etdi.

 



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info