Qonaq Kitabı
İYİRMİ SƏKKİZİNCİ FƏSİL

Nə isə fikrə getmiş Kürd Əhməd:

- Onu səhər özümlə Tehrana aparacağam, - dedi, - Fridun doğrudan da çox sevinəcəkdir.

Ertəsi gün Azəroğlunun düzəltdiyi maşında o, Ayazı da yanına oturdub, Tehrana yola düşdü. Artıq uşaq ona yabançı və etimadsız gözlərlə baxmırdı. Onunla mehriban bir ata kimi danışır, suallarına hörmətlə cavab verirdi. Kürd Əhməd onun başını sığallayır, Hikmət İsfahani və Əli əmniyyəbaşılara olan nifrətinə qulaq asdıqca xəyalında mübarizələr dolu bir gələcəyin, sabahkı azad günün səhnələri açılırdı.

Cənuba doğru başıpozuq bir halda qaçmaqda olan ərbablar, mürtəce hakimlər və ağaların gülünc vəziyyətləri bu fikri möhkəmlədirdi. Üçüncü gün toz və çirk içində Tehrana çatdı. Tehran küçələrində daha böyük bir qarışıqlığa rast gəldi. Adamlar bir-birinə mənalı və iti nəzərlərlə baxırdı. Hamının gözündə “nə olacaq” deyən bir sual vardı. Hamı sözlüyə oxşayırdı. Tehranda bütün təbəqələr yalnız Azərbaycan və İranın şimal əyalətləri haqqında danışırdı. Kürd Əhmədə rast gələn hər kəs:

- Nə var? Azərbaycan necədir? - deyə soruşurdu.

Burada min cür şayiələr yayılmışdı. Təbrizdə artıq sovet dövləti qurulduğu, bütün Azərbaycanda mülkədar və ərbabların güllələndiyi və sair bu cür danışıqlar gedirdi. Bu sözləri yayanlar da əksərən dalına baxmadan qoyub qaçan ordu zabitləri, mürtəce ərbablar, tacirlər və sairlər idi. Kürd Əhməd bu şayiələrə fikir vermədən tələsik yolun toz və çirkindən təmizlənərək Ayazı bacısına tapşırıb, Rza Qəhrəmanigilə getdi. Ev sahibəsi böyük bir təəssüf hissilə Fridundan hələ də bir xəbər çıxmadığını söylədi. Şəhərdə dolaşıq bir vəziyyət yarandığını, Rza Qəhrəmaninin də günlərlə evə gəlmədiyini dedi. Kürd Əhməd oturub, bir stəkan çay içdi və nə etmək lazım olduğunu düşündü.

Rza Qəhrəmanini tapmağı qərara aldı. Vəziyyət və yoldaşlar haqqında ondan müfəssəl bir məlumat almaq olardı. Dəmir yoluna getdi. Rza Qəhrəmaniyə depoda rast gəldi.

Deponun ətrafı fəhlələrlə dolu idi. Onlar divarın kölgəsində oturub, çörəklərini dizlərinin üstünə qoyaraq nahar edirdilər. Rza Qəhrəmani uzaqdan onu görən kimi qabağına qaçdı. Özünü saxlaya bilməyib qucaqladı və öpdü. Yavaşca qulağına pıçıldadı:

- Amma yaman vaxtında gəlmisən.

Kürd Əhməd nəzərlərini ona dikmiş və uzaqdan gülümsəyərək, baş əyən tanış fəhlələrə yaxınlaşdı. Salam verdi. Bir-bir keflərini xəbər aldı. Pendir, çörək, göyərti, su ilə nahar edən bu adamların gözlərində nə böyük ümid yanırdı!.. Onların sanki “Bəs nə vaxt?” deyə soruşan baxışlarına bir cavab olaraq:

- Hazırsınızmı? - deyə soruşdu.

Bir ağızdan:

- Lap ölümə də hazırıq! - dedilər. - Əmr gözləyirik! Rza Qəhrəmani söhbəti davam etdirməyə qoymadı. 

- Vaxtımız qurtarır, “gəl bir görüm nə var, nə yox - deyə onu kənara çəkdi.

Fridunun hələ sağ olduğunu söylədi. Bunu Şəmsiyyə vasitəsilə Sərhəngdən öyrənə bilmişdi.

- Məhbəsdə Fridunla bilavasitə əlaqə yarada bilmisinizmi?

-  Heç bir şey mümkün olmur. Vəziyyət gərgindir. Kəndir onun boğazındadır. Bir neçə gün də saxlaya bilsək ölümdən qurtararıq.

Fəhlələr depoya doğru hərəkət etdilər. İş başlanırdı. Kürd Əhməd getmək istəyən Rza  Qəhrəmaniyə:

- Axşam saat doqquzda bizə yığışaq, - dedi.

- Fikrin köhnə zamana gedib. Axşamlar çölə çıxmaq olmur. Hərbi vəziyyətdir.

- Onda bəs nə zaman?

- Saat yeddidə işdən çıxıb, sizə gələrəm.

- Çox yaxşı, mütləq gəl!

Rza Qəhrəmani iki addım gedib nə isə xatırlayaraq, geri döndü və lap yaxına gəldi:

- Bir Südabəyə baş çək! Onda yaxşı xəbərlər olar. Möhkəm qızdır!

- Yaxşı. Saat yeddi yadından çıxmasın.

Kürd Əhməd Südabənin yanına getməmiş, Aramla görüşməyi kəsdirdi. Onun gizləndiyi ev də yolunun üstündə idi. Hiss etmədən tələsik gedir və tövşüyürdü. Qəlbində zamanın iti bir sürətlə qaçmasından doğan bir təlaş, həyəcanlı bir hiss əmələ gəlmişdi. Sanki uzun müddət dağların başında boğulmuş bir gölün ağzı açılmışdı. Su şırhaşırla axaraq daş-qumu bir-birinə qatıb gəlirdi. Zaman da bu cür gedir və özü ilə min bir hadisə sürükləyərək gətirirdi. Onunla ayaqlaşmaq, onun cilovunu ələ keçirtmək lazım idi. Çünki gələcəyi ancaq zamanla ayaqlaşa bilənlər qazanacaqdı!..

 ***

Südabə axşam sərin düşəndə balaca bağçasındakı qırmızı gülləri sulayıb çarhovuz daşının üstündə oturmuşdu. Anasının ölümündən və Fridunun həbsindən sonra axşamlar beləcə oturub, min bir xəyala dalmaq ona adət olmuşdu. Xüsusilə qaş qaraldığı, üfüqlər qovuşduğu zamanlar evdə otura bilmir, ürəyi darıxır və mütləq Fridunun siması bütun canlılığı ilə gəlib gözləri önündə dururdu. Hətta onun səsini eşidər kimi olurdu. O, Fridunu sevirdi. Fridunun qəlbini bilmədən, arzularını öyrənmədən sevirdi. Onun hər bir hərəkəti, hər bir kəlməsi nəzərlərində xəyali, əfsanəvi bir aləm açırdı. Fridun heç bir zaman onu sevməsə də, o ömrünün son gününə qədər sevəcəkdi. Fridunun tutduğu yol isə ona azadlıq meydanlarında həlak olmuş atasını xatırladırdı. İndi həm sevgilisinin, həm də atasının getdiyi yol ona xəyali bir şey kimi görünürdü. Azadlıq!.. Bu söz xəyalında əlvan pərdələrə bürünmüş gözəl bir aləm, eşq xülyaları qədər füsunkar bir həyat açırdı. Bu yolda ölümə də getmək xoş idi!.. Belə fikirlər dünyası ilə tanış olduğu günləri ömrünün ən xoşbəxt günləri hesab edirdi. Ona elə gəlirdi ki, yalnız bu fikirlər qəlbində yol açdığı gündən Fridun, Kürd Əhməd, Kərimxan Azadi, Rza Qəhrəmani və başqalarına rast gəldiyi zamandan həyatı bir məna kəsb etmişdir. O günə qədər o, nə üçün yaşadığını, nə üçün dünyaya gəldiyini bilməmişdir. Yalnız o gündən sonra Südabə özünün, öz həyatının məna və əhəmiyyətini anlamış, öz varlığında bir gözəllik tapmışdı. İndi ona Həkimülmülk, sərhəng Səfailər, Hikmət İsfahanilərin həyatı bir heç kimi görünürdü. Onlar nə üçün yaşayırlar? Yalnız rəzalətlər törətmək üçün, gecə-gündüz bir-birlərinin ayaqlarının altını eşmək üçün, həyatı ləkələr və çirkablarla doldurmaq üçün! Onların idealı nədir? Pul, pul, pul!..

Onlar saf insan gülüşündə nə böyük mənalar olduğunu, təmiz insan həyatında nə xoş gözəllik gülümsədiyini duymaqdan acizdirlər. Həqiqət onların nəzərində pul kimidir. Nə qədər saxtasını buraxsalar, o qədər çox qazanmış olacaqlar. Bütün bu fənalıqlara qarşı vuruşan insanların içində olmaq, özünü onların böyük amal ilə yaşayan qəlbində hiss etmək nə böyük bir səadətdir!.. Bu şirin xəyallar onun dərdlərini yüngülləşdirir, qəlbini bir mətanət və qüvvətlə doldururdu. Bu zaman kim isə astaca iki dəfə qapını döydü. O, “Bəlkə Fridundur!” deyə qapıya qaçdı. Halbuki Fridunun qapını heç vaxt bu cür döymədiyini bilirdi. Bununla belə, hər qapı döyüləndə “odur” deyib düşünürdü. Qapını açdı və Həkimülmülklə mister Toması içəri buraxdı. Həkimülmülk gizli bir həvəs və ehtirasla yanan baxışlarını ani olaraq Südabəyə dikdi. Bu oğrun baxışlarda cavan qız eşqinə düşmüş qocaların hərisliyi vardı. Südabə həmişə olduğu kimi, yenə gözünü ondan qaçıraraq, qapını örtdü. Onlar kiçik salona keçdilər. Müharibə başlanandan hər iki gündən, üç gündən bir ağayi Həkimülmülk bəzi adamlarla burada görüşürdü.

 Südabə salonun qapısını örtərək, çay hazırlamaq üçün koridora, oradan da mətbəxə gedib balaca ağ gümüş samovara od saldıqdan sonra, öz otağına keçdi. Nizaminin “Xəmsə”sini vərəqləməyə başladı. Bu, onun ən çox sevdiyi kitab idi. Orada xoşuna gələn Nüşabə hekayəsini oxudu. Aşağıdakı beytləri əzbərləməyə başladı. 

Eşitdim çox şadmış bir gənc müqəssir,

Dara çəkilərkən boynunda zəncir

Dostlardan birisi verdi bir sual:

 “Az qalır ömründən, bəs nədir bu hal?”

                       Dedi: “Son nəfəsdir, ömrüm qalır az.

                                 Az ömrü kədərlə keçirmək olmaz!”

 Bu şeirlər kədər və qüssəni rədd edir, insanı həyat və mübarizəyə çağırırdı. Südabə kitabı sevə-sevə vərəqləyərkən birdən qonaqlar yadına düşdü. Kitabı büküb mətbəxə qaçdı. Samovar qaynayırdı. Dağ su ilə çayniki yaxalayıb, çay dəmlədi, stəkanları yuyub sildi, çay süzüb balaca podnosa düzdü. Qənddanı da qoyub salona apardı. Mister Tomas adi qaydası ilə sakit idi. Sanki bütün dünyanı və xüsusən Tehranı bir-birinə vurmuş müharibə belə onun soyuqqanlılığını pozacaq halda deyildi. Hətta Südabə çayları ortalığa qoyanda, mister Tomas:

- O, mersi, - deyib gülümsədi də...

Südabə içəri girəndə onların nə isə birdən-birə danışığı kəsdiklərinə təəccüb edərək, bu barədə düşündüyündən mister Tomasın soyuq nəvazişlərinə əhəmiyyət vermədi. Lakin o qayıdıb qapıdan çıxmamış mister Tomasın səsini eşitdi və qapını örtüb ayaq saxladı. Söhbət isə çox mühüm məsələdəndi. Südabə ölkənin bütün həyat və siyasətinə əl atan bu adamların danışığında bəlkə Friduna aid bir şey eşidəcəyi marağı ilə qulaq asdı. Mister Tomas:

- Sülalənin dəyişilməyi böyük hərc-mərcliyə səbəb ola bilər, - deyirdi. - O zaman, Şimaldan axıb gələn küləyin zərbindən təlatümdə olan ictimai həyat dəryası qaynayıb daşa bilər. Taxt-tac davası mütləq xalqı mübarizəyə çəkər. O da ki, bir sel kimidir, qabağını açmaq asan, istiqamətini təyin etmək, ağzını saxlamaq çətindir. Onda qorxuram nəinki Pəhləvi sülaləsini, bəlkə daha çox şeyləri yuyub aparsın. Məni anlayırsınızmı?

Həkimülmülk bundan narazı kimi:

- Pəhləvi adı gələndə xalq lənət oxuyur, - dedi, - yeni sülalənin başlanması ilə bu nifrətin qabağını almaq olardı, yanğın əmələ gəlməzdi.

- Hazırkı şəraitdə buna yol vermək olmaz. Belə bir hərəkət, odun üstünə yağ səpmək kimi bir şeydir. İndi elə tərpənmək lazımdır ki, şahlığın nüfuzu və hörməti artsın. Tac gəzdirən, lap taxtadan qayrılma bir büt olsa belə, məmləkət ona allah kimi təzim etməlidir!.. Əks halda İranı kommunizm bəlasından qurtara bilməyəcəksiniz! Buna görə də hazırda sülalə söhbətini bir yana atın. Biz yalnız yeni dövlətin başçısı olmaqda sizə köməyimizi vəd edə bilərik.

Sükut içərisində onlar çaylarını içdilər. Südabə nəlbəkiyə qoyulan boş stəkanların cingiltisini eşitdi və yenə çay aparmaq üçün içəri girdi, gözaltı onlara baxdı. Mister Tomas trubkasını sümürüb havaya püləyirdi. Həkimülmülk başını aşağı salıb, tez-tez təsbeh çevirirdi. Südabəyə elə gəldi ki, Kərimxanın cəlladları, Fridunu məhbəsdə çürüdən qatillər qarşısında oturmuşdular. Qəzəbdən əli titrəyə-titrəyə stəkanları podnosa qoyub çıxmaq istəyəndə mister Tomas:

- Mersi, xanım, daha çay içməyəcəyəm, - dedi.

Həkimülmülk ona baxdı:

- Bir stəkan da için, Südabənin çayı ətirli olur. - Mister Tomas gülümsədi:

- O-o-o, çox müəttər çaydır, - deyib soyuq bir gülüşlə ona baxdı, Həkimülmülkün qısqanc və həris nəzərlərinin də üzünə dikildiyini hiss edən Südabə cavab verməyib qayıtdı.

Çayları ikinci dəfə onların qabağına qoyanda mister Tomas sözünü kəsmədən danışmaqda davam etdi:

-  Bu vaxta qədər bolşevizmlə sizin aranızda dəmir hasar var idi. İndi o hasar uçulmuşdur. Hazırda hamımız İrana dolan bu bəla ilə mübarizə yollarını düşünməliyik. Sovetlərlə alman bir-birini əldən salana qədər İranı içəridən dağıtmaqdan saxlasaq, sonra qorxu yoxdur.

Südabə Həkimülmülkün cavabını gözləyə bilməyib, çayları stolun üstünə qoydu və qayıdıb öz otağına keçdi. Yenə “Xəmsə”ni açdı. Nüşabə əhvalatının dalını oxudu. Onda hərəkət etmək və fəaliyyət göstərmək meyli və arzularını oxşayan bu beytləri dönə-dönə təkrar etdi: 

Yaxşını-yamanı tanır xəyalım,

Var kamal tanıyan şüur, kamalım,

Boşuna keçməyir gecə-gündüzüm,

Özümlə oynayan deyiləm özüm... 

Qeyri-ixtiyari olaraq “ah, böyük Nizami, Azərbaycanı xaraba qoydular! Yurdunda bayquşlar ulayır, qatillər hökm edir!” deyə düşündü. Stəkanları yığışdırmağa gələndə Fridun adı qulağına dəydi. Ürək döyüntüsü ilə qulağını qapıya qutdu. Həkimülmülkün:

- Bilmirəm, sərhəng Səfainin nə haqq-hesabı varsa süründürür, - dediyini eşitdi.

Mister Tomas cavab verdi:

- Hər ikisi təhlükəlidir, sərtib Səlimi də, bu Fridun yaramaz da. Vaxt ikən susdurmaq yaxşıdır. Sonra başımıza əngəl ola bilər...

Südabə artıq içəri öz otağına girə bilmədi.

Bütün varlığını məşğul edən bircə şey idi: dərhal Fridunun yoldaşlarına xəbər vermək lazım idi. Bəlkə onu xilas etmək mümkün oldu...

 ***

Kürd Əhməd Aramı evdə tapa bilməyib təəccüb etdi. Anuş xala təşviş içində:  

- Nə qədər elədim saxlaya bilmədim - dedi, - paltarını dəyişib çıxdı. Hara getdiyini də bildirmədi.

Kürd Əhməd özü də narahat olduğu halda Anuşu təskin etdi.

- Heç şey olmaz, qorxmayın! Gələndə məni gözləsin, - deyib küçəyə çıxdı və Südabəgilə tərəf yollandı. Heç gözləmədiyi yerdə Şəmsiyyənin maşını yanında dayandı. Şəmsiyyə pəjmürdə bir halda onu maşına çağırdı, götürüb evə apardı. Kürd Əhməd ondan Hikmət İsfahaninin hələ də məhbəsdə olduğunu eşitdikdə heyrət içində:

- Heç bir şey anlamıram, - dedi, - görünür dünyanın altı üstünə çevrilib.

Şəmsiyyə:

- Bunlar hamısı bu taxt-tacı başına uçmuşun işləridir, - dedi, - allah bunların nəslini kəssin. Məmləkətdə sataşmadıqları bir adam qoymadılar! Yıxmadıqları bir ev qalmadı. Axır bu zülmlər yığışıb gərək küllərini göyə sovursun. Sovuracaq da. Deyirlər ki, pulları ingilis bankinə keçiriblər. Özü də qaçmağa hazırlaşır. Nə olaydı, onun meyidinin küçələrdə süründüyü günü görəydim!

Şəmsiyyə uzun danışdı. Şikayətləndi və Pəhləviyə qarğış yağdırdı. Sonra ev və idarə işlərindən Kürd Əhmədə məlumat verdi. Belə ki, o, vaxt tapıb Südabənin görüşünə gedə bilmədi. Saat beşdə Şəmsiyyənin yanından çıxıb, Aramgilə qayıtdı. Aram oturub onu gözləyirdi. İki dost qucaqlaşıb öpüşdü. Kürd Əhməd:

- Ehtiyatsızlıq edirsən, Aram, - dedi, - tək-tənha şəhərə çıxırsan. Sonra ələ keçərsən, xəbərimiz də olmaz.

Aylarla qaranlıq zirzəmidə oturmuş, dörd divar arasında yaşamış Aram yorulub təngə gəlmişdi.

- Davam gətirə bilmədim. Şəhərə çıxdım. Bilirsənmi, heç peşman da deyiləm. İnsanlara baxdıqca mənə elə gəldi ki, açılan bir səhərin tamaşasına durmuşam. Zindanların zəncirlərin qırılacağını xəbər verən bu duyğu nə gözəldir.

- Hələ bura istibdadın dəhşətli mərkəzidir. Vəhşinin nəfəs aldığı mağaradır. İnsanlar onun hələ də tərpənən zəhərli caynaqlarını görür və nifrətlərini gizləməyə çalışırlar. Azərbaycanda, Kürdüstanda nələr olduğunu təsəvvür edirsənmi?.. Artıq orada azadlığın ilk nəsimi əsməkdədir! Dur, paltarını dəyiş, al bu qara eynəyi də tax, gedək. Rza Qəhrəmani də bizə gələcəkdir.

Açıq havaya çıxmaq və işə başlamaq təklifini eşidən Aram bir uşaq sevincilə ayağa qalxdı. Tez paltarını dəyişdi. Mahud şlyapasını başına qoyub, qara eynəyini taxdı, Əlinə də bir ağac alıb, otaqda gəzindi və Kürd Əhmədin qabağında durdu: 

- Hə, necədir?

- Heç kəs səni tanıya bilməz! Qiyamətdir.

İkisi də susaraq küçəyə çıxdı. Hava qaranlıqlaşmağa başlayırdı. Dükançılar yavaş-yavaş qapıları bağlayırdılar. Get-gəl seyrəkləşirdi. Şəhərdə hərbi dəstələr çiyinlərində silahı hazır tutaraq dolanır və hələ də mərkəzi dövlətin yaşadığını xəbər verirdilər. Küçələrdə gedən təlaşlı və həyəcanlı danışıqlar azalmır, artırdı. Kürd Əhməd və Aramın nəzərini ortayaşlı, üzünü saqqal basmış iki nəfərin danışığı cəlb etdi. Onlar biri arxın o tayında, biri bu tayında durmuşdu. Təsadüfən küçədə rastlaşmış və hərəsi bir səmtə gedən adamlar idi. Ucadan qışqıra-qışqıra və tələsik danışırdılar. Ləhcəsindən biri kirmanlıya, biri təbrizliyə oxşayırdı.

- Gədə, biz sabah səhər gedirik. Şeyləri qablamışıq.

- Hara, Ləndənə?

- Yox, hələ İsfahana. Oradan da görək hara gedirik.

- Heç durmaq olar! Görmürsən bolşeviklər gəlib Qəzvini tutub. Gədə, budur Gərəcdədirlər ey...  

- Sən də qaçırsan?

- Səfeh oğlu səfeh, mən niyə qaçım? Ağa mülki mənə tapşırıb gedir.

- Dedim bəlkə sən də Ləndənə səfər edirsən.  

- Məni sərimə, təbrizli balası, xudahafiz!

Onlar ayrılıb, hərəsi bir tərəfə getdi. Kürd Əhməd və Aram bir-birlərinə baxıb gülümsədilər. Bu zaman “Novbahar” kafesindən çıxıb qapının ağzındaca iki nəfərdən birisi kəskin hərəkətlə sola döndükdə Aramla üz-üzə gəldi. Aram yenə çəkilib ona yol verdi. Onlar ani olaraq göz-gözə gəldilər Aram:

- Mersi! - deyib keçdi.

Aram ayaq saxladı. Kürd Əhməd onun pambıq kimi ağardığını gördü:

- Nə oldu, Aram?

Aram uzaqlaşmaqda olan adamın dalınca baxırdı. Onun ağzından bircə söz çıxdı.  

- Hüseyn Məhbusi!

Hər ikisi, sürətlə uzaqlaşmaqda olan adamı təqib etdilər. O, şıq geyinmiş, şlyapasını sola tərəf əyri qoyaraq gedirdi. Aram iti addımlarla ona yaxınlaşdı və qoluna girdi:

- Salam, ağayi Məhbusi!

Məhbusi çiyninin üstündən təəccüblə Arama baxdı. Tanıya bilmədi. Aram qara eynəyini çıxartdı, bir də:  

- Salam! - dedi.

Məhbusi heyrətlə ona baxdı:  

- Ağayi Aram Simonyan?

O, hələ özünü yığışdıra bilmirdi. Nə isə heyrət və gizli bir fikrin doğurduğu sevinc bir-birinə qarışmışdı:

- Sizi nə qədər axtarmışam.

- Axır yenə mən sizi tapdım. Bilirsinizmi nədən tanıdım? Gözlərinizdən.

Məhbusi ucadan güldü.           

O gecə dediyiniz düz çıxdı. Hara belə, buyurun bizə gedək.

- Yox, sizi hələ dostumuz Kürd Əhmədlə də tanış edim, özü də birbaş bizimlə gedək. Təşkilatın iclası var. Axı bu günlər məsul günlərdir.

Məhbusi ani bir fikirdən sonra:

- Xob, gedək, - deyib razılaşdı.

Onlar faytona oturdular. Üçü də susmuşdu. Kürd Əhməd gözünü Məhbusidən çəkmirdi. “Birdən fikrini dəyişər, cəncəl çıxardar” deyə həyəcan keçirirdi. Aram da qəzəbli gözlərini bu adamın soyuq və vahiməli nəzərlərinə dikmişdi. Məhbusi, birdən ayılmış kimi, onların ağır və qəzəbli baxışlarını hiss etdi:        

- Bəlkə adres verəsiniz mən sonra gələm, - deyə yavaş-yavaş danışdı.

Fayton Kürd Əhmədgilə yaxınlaşırdı. Bircə küçə dönmək lazım idi. Aram soruşdu:

- Niyə? Yoxsa tələsik işiniz var?

- Çox tələsik. Sonra sizə nağıl edərəm. Axı biz də bir təşkilat düzəltmişik. Yoldaşlarla gərək görüşəm.

Danışığındakı ahəngi və kəsik sözlərdən, onun bərk qorxduğu bilinirdi. Aram onu sakit etdi:

- Nə eybi var, - dedi, - beş dəqiqə oturub çıxarsınız. Elə faytonu da qapıda saxlarıq. Evi tanıyın gedin.

Məhbusi danışmadı. Bu sözlər ona inandırıcı göründü. Fayton Kürd Əhmədgilin qapısında dayandı. Kürd Əhməd irəli keçib dəmiri döydü. Uşaq qapını açdı. Onlar içəri girdilər, həyətdən keçib yuxarı çıxdılar. Rza Qəhrəmani Sərxan və Fəridə salonda oturmuşdular. Kürd Əhməd gülərək.  

- Tanış olun, ağayi Məhbusi, - dedi.

Rza Qəhrəmani ayağa durdu. Diqqətlə başdan-ayağa Məhbusini süzdü. Məhbusi əlini ona uzadan yerdə o, Məhbusinin üzünə tüpürdü:

 - Cani! Xain!

Məhbusi məsələni anladı. Tələyə düşmüş vəhşi kimi, çırpınmağa başladı. Qəhrəmanini döşündən itələyib pəncərədən özünü çölə atmaq istədi. Kürd Əhməd qüvvətli əllərilə onun boğazından yapışdı. O, xırıldayıb yerə oturdu.

Fəridə:



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info