Qonaq Kitabı
İYİRMİ SƏKKİZİNCİ FƏSİL

Dərədən eyni sakitliklə qayıtmış Rəhim ağa Hüseyn xanın bu hərəkətinə acıqlandı. Lakin heç bir şey demədi.

Mahnının yarımçıq kəsilməyindən narazı qalan adamlar könülsüz və bir təəssüf hissilə dağılışdılar. Tez süfrə yığıldı. Çadır bağlandı. Marfaşları və xurcunları atların üstünə yükləməyə başladılar. Qoca şair tamburunu torbasına qoydu və heç kəsə bir söz demədən onu qoltuğuna vurub, ağ atına yaxınlaşdı, cilovundan tutub, yoxuş yuxarı getməyə başladı. Adamlardan kim isə:

- Şair acıq elədi. - dedi.

Hamı o tərəfə baxdı. Bir neçə adam gedib üzr istəmək, ürəyini alıb qaytarmaq istədikdə Hüseyn xan acıqlandı:

- Ağa, boş yerə sərf eləməyə vaxtım yoxdur, tez olun!..

Kürd Əhməd və Rəhim ağa Hüseyn xanla heç cür gizlətmək mümkün olmayan bir gərginlik içində soyuq görüşüb, atlara mindilər.

Azca ayrıldıqdan sonra Rəhim ağa:

- Hüseyn xanı yaxşı ki, tez tanıdınız, - dedi, - mən ehtiyat edirəm ki, yalançı sözləri sizi aldada. İndi bizim bütün tayfa başçıları, oxumuşu da, savadsızı da, ağzını “milləti-kürdün istiqlalı” sözü ilə açıb onunla da bağlayır.

- Onları düşündürən hər şeydən qabaq öz ağalıqlarını saxlamaq dərdidir.

- Artıq xalq da bunu başa düşür. Birinci kitabı Mehabadda şəkkakilər tayfasından olan beş dostuma oxuyanda bilsəniz nə qədər güclü təsir etdi. İndi orada yaxşı bir dəstəmiz var.

Özündən danışmağı sevməyən Rəhim ağa bu sözlərin bir lovğalıq təsiri bağışlayacağını düşünüb dayandı və azca sonra əlavə etdi:

- Onlar, “Kürd xalqının istiqlal şərtləri” deyən bir kitabça hazırlamaq istəyirlər. Fikirləri də onu Türkiyə və İraq Kürdüstanına keçib, bütün kürdlər arasına yaymaqdır. Bu davada biz kürd millətinin başını bir yerə yığmalıyıq. Vahid və azad Kürdüstan, budur bizim idealımız!

O danışdıqca Kürd Əhməd bu təbii və sadə arzuların qabağını və böyük maneələr kəsdiyini düşünürdü. Daxildə Hüseyn xanlar, köhnə, çürük feodal qaydaları, xaricdə ingilis imierializmi, türk, İran və İraq millətçiləri! Üç yerə parçalanmış yeddi-səkkiz milyonluq bir xalqı bu amansız işğalçıların pəncəsindən qurtarıb birləşdirmək, bəzən çətin və qeyri-mümkün bir şey kimi görünürdü. O, fikirlərini Rəhim ağaya danışıb dedi:

Tarix bizim qabağımıza müşkül bir məsələ atmışdır. Kürd xalqının həyatı və gələcəyi naminə biz onu həll etməliyik. Lakin bunun üçün əvvəlcə kürdün öz içini təmizləmək lazımdır. Tayfa və qəbilə münasibətləri məhv edilməli, yerini vətəndaşlıq qanunlarına verməlidir. Bu yolda Azərbaycan və fars zəhmətkeşləri kürdün müttəfiqi və dostudur.

O, Rəhim ağaya hakim dairələrin bu millətlər arasında səpdiyi ədalət və düşmənçiliyin zərərindən danışdı. Rim imperiyası dövründən bu günə qədər işğalçıların “parçala” və “ağalıq et” şüarını xatırladı:

- Belə olmasa öz əhalisi 47 milyon olan İngiltərə nüfuzu əhalisi yarım milyarda çatan müstəmləkələrə ağalıq edə bilməz.

Birinci dəfə bu rəqəmi eşidən Rəhim ağa heyrət etdi.

Kürd Əhməd ona müasir müharibələri törədən səbəblərdən birinin həmin müstəmləkələr məsələsi olduğunu, Almaniyanın bu yoldakı tələblərini söylədi:

- İran müasir tarixin hərəkət yolu üzərində dayanmışdır. Burada yaşayan xalqlar dünyanın böyük hadisələrinə biganə baxa bilməzlər. İki cəbhə arasında qalxmış yanğının alovları tezliklə bu tərəflərə də keçəcəkdir. Bizim borcumuz xalqı elə hazırlamaqdır ki, o gün hansı cəbhədə duracağını bilsin.

Rəhim ağa:

- Bizim cəbhəmiz çoxdan bəllidir, - dedi, qollarımızdakı köləlik zəncirini qırmaq istəyirik, yeni zəncirlərə ehtiyacımız yoxdur!..

Onlar kədiyin başına çıxdıqda dala baxıb qoca şairin əyri-üyrü cığırla üzüyuxarı qalxdığını görüncə dayandılar. Şair atını məhmizləyib, onlara çatdı. Rəhim ağa:

- Böyük şair, - dedi, bizə qonaq gedəcəyik. Yarımçıq qalan mahnıları orada çalarsınız.

Şair onlara baxıb, köksünü ötürdü:

- Ehh, oğul, mənim yarımçıq qalan havamı çalmaq asandır. Bəs bu xalqın yarımçıq havasını kim çalacaqdır? Mənim dərdim balaca dərddir. Yetmiş yaşım var, bütün Kürdüstanı bu başdan-o başa gəzmişəm. O qədər Hüseyn xanlar havamı yarımçıq qoyub gediblər ki, mən onları bir yerdə başlayıb, başqa yerdə qurtarmışam. Sinəmi yandıran o deyil, xalqımın dərdləridir.

Qocanın sözlərindən mütəəssir olmuş Kürd Əhməd:

- Fikir eləmə, baba, - dedi, - o dərd də sağalacaq. Azad Kürdüstan sənin mahnılarını oxuyanda heç kəs cəsarət eləyib, ayağa dura bilməyəcək!..

 ***

Kürd Əhməd Xoyda Rəhim ağa və qoca şairdən ayrılıb maşına oturdu və Təbrizə yola düşdü, elə o günü də gəlib Təbrizə çatdı. Şəhər ona xüsusi bir təsir bağışladı. Rza xanın əllərilə davam edən soyğunçu və həris siyasətin nəticəsində xarabazara dönmüş, adi və sakit bir əyalət şəhərinə çevrilmnş Azərbaycanın bu qədim şəhəri həyəcan və təlaş içərisində yaşayırdı. Onun dünənki müti və aciz vəziyyətindən əsər qalmamışdı. Dünən əbədi olaraq susmuş, diz çökmüş, tabe olmuş və ömrünün qocalıq günlərini yaşayırmış kimi görünən bu qəhrəman və gözəl şəhər, bu gün ağlagəlməz bir enerji mənbəyi kimi qaynayırdı. Onun insana heç bir zaman düzəlməyəcək görünən palçıqlı və çirkli küçələri, dərin bir niskil və qüssə ilə əzəmətli keçmişinin tarixini nağıl edən Ərk qalasının, Göy məscidin sökük divarları arasından yeni bir ruh baş qaldırır, yeni və təmiz bir külək əsməyə başlayırdı. Sanki bu külək illərlə havası dəyişməyən künc-bucağı, həyətləri, xarabaları dolanır və insanları uzun illərin ətalətindən və intizarından yeni mübarizə və həyata çağırırdı.

1320-ci şəms ili şəhrivərin üçü, yəni miladi 1941-ci il avqustun iyirmi beşi idi. Sovet notası İran dövlətinə təqdim edilmiş və tam bir şaşqınlıq yaratmışdı. Sovet notasında Rza şah hakimiyyətinin İranı almanlar üçün hərbi hazırlıq meydanına çevirdiyi, bütün məmləkəti alman casusları ilə doldurduğu və Sovet sərhədləri üçün qorxu yaratdığı qeyd olunmuş, sosialist ölkəsinin təhlükəsizliyi naminə qoşunların sərhədləri keçmək zərurəti əsaslandırılmışdı. Rza şah öz sərbazlarına müqavimət göstərmək əmri vermişdi. Bu, illər boyu davam etmiş müstəbid və ağılsız bir siyasətin doğurduğu facianə oyunun son pərdəsi idi.

Ehtiyac və istibdadın zülmündən cana gəlmiş minlər, yüz minlərcə insanlar tükənməz bir ümidlə şimala baxır, Arazın bu tayında, sərhədin yaxınlığında gurlayan və hər saat Təbrizə yaxınlaşan top və tüfəng səslərinə qulaq asır, qırmızı ulduzlu təyyarələrin tökdüyü intibahnamələri oxuyur və hazırlaşırdılar. Fabrik və zavodların fəhlələri, küçələri doldurmuş aclar, yoxsullar, azadlıq və mədəniyyət həsrətilə yaşayan mütərəqqi ziyalılar bir yerə yığışır, danışır və hərəkətə gəlirdilər. Onları artıq özünü itirmiş halda o tərəf-bu tərəfə qaçan nizami dəstələri, polis və əmniyyə qorxutmurdu. Şəhər bir qarışıqlıq içərisində idi. Almanlar fabriklərini, apteklərini və dükanlarını qoyub qaçırdılar. Hətta dərziyə sifariş verdiyi palto və ya kostyumunu, arvadı üçün tikilmiş yeni tuflini belə almağa macal tapmadan tələsik şəhəri tərk edirdilər. Mürtəce tacir və varlılar, zabitlər, sahib-mənsəblər, əmniyyə və polis başçıları da onların dalınca düşüb gedirdilər. Təbriz-Tehran yolunda maşın əlindən, konvoy alindən, fayton əlindən tərpənmək mümkün deyildi. Maşın kirayəsi birə-yüz qalxmışdı. Qaçanların çoxusu, özlərilə yalnız əyin paltarlarını, qiymətli daş-qaş, qızıl və pullarını götürürdülər. Ev şeyləri xalçalar, müxtəlif mallarla dolu anbarlar əl dəyilməmiş qalırdı. Bəziləri heç kəsə heç şeyi tapşırmır, bəziləri də “bəlkə qayıtdıq” ümidilə əmlakını ya nökərlərinə, ya da tanış-bilişlərinə tapşırıb gedirdi. Kürd Əhməd şəhərin bu dolaşıq vəziyyətini seyr edə-edə Pəhləvi xiyabanından sola burulub örtülü bazara tərəf döndü. Papiros çıxarıb, əlini cibinə atdı və kibriti olmadığını gördükdə yandakı dükana girdi. Dükançı piştaxtanın dalında, yerdə əlləşirdi, hənirti duyunca tələsik ayağa qalxdı və nə isə bir şeyi piştaxtanın altına soxdu. Kürd Əhməd onun hövlnak cavab verməsindən şübhələnərək:

- Məşədi, piştaxtanın altına soxduğun nə idi? - deyə soruşdu:

Kişi daha da özünü itirdi:

- Heç nə, elə bir şey deyil... Sizə nə lazımdır?

- Mənə o piştaxtanın altında gizlətdiyin!

Kişi Kürd Əhmədi başdan-ayağa qədər süzdü, görkəmindən qorxulu adam olmadığını kəsdirdi:

- Onda bu tərəfə keç.

Kürd Əhməd dükanın dibinə, piştaxtanın dalına keçdi. Kişi əyilib, qırmızı ipək parça çıxartdı və açdı, ortasındakı qızıl oraq-çəkic şəklini göstərdi:

- Buyur... Xoşuna gəlirmi?

- Bu nədir, kişi?           

- Ağa, məni avam bilmə, necə bu nədir? Bayraqdır da. Şurəvi bayrağı, axı gəlirlər...

- Kim gəlir?

- Kim olacaq, dadaş, dostlarımız gəlir, şurəvilər gəlir. Bu gün-sabah inşallah asacağam qapıdan.

Kürd Əhməd güldü:

- Mənə bir kibrit ver?

Eyni hadisəni o, qəsdən girdiyi bir neçə başqa dükanda da gördü. Lakin dükançılar hələ orada-burada gözə dəyən ajandan qorxur, bütün bu işləri gizlin görürdülər.

Kürd Əhməd örtülü bazarın ağzında böyük bir hay-küyə rast gəldi. Camaat bir-birinə qarışmışdı. Kimisi dükanlardan, evlərdən meydanlara, küçələrə qaçırdı, kimisi də əksinə, havanı titrədərək iti sürətlə balaca bir təyyarə Təbrizin üstündə hərlənirdi. İkinci dolanışda o nə isə tökdü. Ağ vərəqələr yerə endikcə quş qanadları kimi açılır və ətrafa yayılırdı. Dəstə-dəstə uşaqlar, kişilər və hətta qadınlar da özlərini vərəqələrin üstünə atırdı. Götürən, götürən cibinə soxur, kənara çəkilib, dörd tərəfə göz gəzdirir, ajan görmədikdə, çıxarıb oxuyurdu.

Kürd Əhməd saatına baxıb, təbrizli dostlarla görüş vaxtının çatdığını gördükdə yenə şəhərin yeganə asfaltlı və böyük küçəsi olan Pəhləvi xiyabanına çıxdı və bələdiyyə binasına tərəf yollandı. Bələdiyyənin dalında bir-birinin qarnına girmiş dar küçəli palçıq evlərə tərəf döndü. Azəroğlu burada, içərisində üzümlüyü və üç otaqdan ibarət evi olan bir həyət kirayə etmişdi.

Günəş batır, sərin və sakit Təbriz axşamı düşür, Kürd Əhmədin çox sevdiyi və Təbrizi doldurmuş göyərçinlər dəstə-dəstə damların üstündə o tərəf bu tərəfə uçurdu.

Kürd Əhməd qapını döydükdə əvvəlcə qoca bir qadın səsi eşitdi: “Kimsən?” O, adını dedikdə qadın çəkildi və bir uşaq gəldi. “Kimsən?” O bir də adını təkrar etdikdə Azəroğlu özü qapını açdı:

- Salam, Rəfiq, sən bizə xoş gəlmisən...

Kürd Əhməd onun əlini sıxdı:

- Yaman ehtiyatlı olmusunuz, - deyib sataşdı.

Azəroğlu iri əllərini qıvrım saçlarına çəkdi və ciddi cavab verdi:

- Həmid Həmididən sonra buna məcburuq.

Azəroğlu onun qolundan tutub, yavaş addımlarla həyətin başındakı evə tərəf apardı. Bütün ailəsilə ömürlük sürgünə məhkum edilmiş, evi və əmlakı talan olmuş Həmid Həmidinin faciəsindən danışdı.

- Beş ay bundan qabaq yanından gələn var idi, bərk naxoşdur.

- Heç kömək edə bilirsinizmi.

- Xırda bir tacir vasitəsilə iki yüz tümən göndərmişik, bir az da sağ qalsa azadlıq gününü görər.

Otağın qapısına çatdıqları üçün söhbət kəsildi. Kürd Əhmədin qulağına qızğın səslər dəydi:

- Deyəsən yoldaşlar istiqanlıdırlar!

- Çox… İndi də ki, mübahisə etməyə məsələ çoxdur. Onlar içəri girdikdə hamı sakit olub, ayağa durdu. Azəroğlu onu yoldaşlarla tanış etdikcə, Kürd Əhməd bir-bir yaxınlaşıb əl verirdi. Burada onun tanımadığı adamlar olduğu kimi, birinci dəfə gördüyü adamlar da vardı. Onların bəzisi müəllim, bəzisi gön və kibrit fabrik işçiləri, bəzisi də xırda tacir və əsnaf idi. Hələ Kürd Əhməd hamı ilə görüşüb oturmamış sözü yarımçıq kəsilmiş, əynində nimdaş bir pencək olan və üz-gözündən tər süzülən balaca boylu, tez-tez danışan və tez-tez hərəkət edən Qədir adlı gənc davam etdi:

- Qoyun ağayi Kürd qazi olsun, hökm versin, - dedi və üzünü ona tutdu:

- Mən deyirəm ki, ağalar, pişim-pişim vaxtı keçdi. Qəti hərəkət zamanıdır. Gərək bütün tökülən qanların intiqamını alaq. Tehranla əlaqəni birdəfəlik kəsib, azad dövlət yaradaq. Bəs siz necə baxırsınız, ağayi Kürd Əhməd, siz Tehrandan gəlmişsiniz, bizdən yaxşı bilirsiniz?

 - Kim isə onun sözünü kəsdi:

- Ağa Tehrandan gəlməyiblər. Təşrifləri Urmidəndir.

Qədir özünü itirmədi:

- Lap yaxşı ki, Tehrandan deyil, yoxsa yəqin sizin tərəfi saxlayacaqdı. Tehranlılar da mühafizəkardırlar.

Bu söz bir neçə yerdən etiraz doğurdu:

- Mühafizəkarlıq niyə olur, dadaş? İnqilabın da öz təhri var. Sən deyirsən ki, nə bismillah, nə əlhəmdulillah, gəlin bayraq götürüb tökülək küçələrə. Biz deyirik ki, bir dayan, yoldaşlar da gəlsin, görək vəziyyət necə olur. 

- Dadaş, belə siz çox iştibah edirsiniz!... Gözləmək zamanı keçdi. Yoldaşlar nə deyəcək?! Onların davası alman casusları ilədir, gəlib burada fəhlənin, kəndlinin əlindən qırmızı bayrağı ki almayacaqlar?

- İş tək yoldaşlarda deyil, dadaş. Belə ingilis də var. Amerika da var, bu xaraba İranın işini, allaha şükür sən məndən pis bilmirsən. 

- Əvvəla, dadaş, Amerika getsin otursun Vaşinqtonda, ingilis də Londonda. Mənim işimə niyə qarışır? İkinci də, bura İran deyil, Azərbaycandır. Girəvə düşüb əlimizə, əmniyyə qaçıb, ərbab qaçıb, ajan qaçıb. Gəlin öz xalq hökumətimizi yaradaq. Qəzvində də post qoyaq. Bir adamı bu tərəfə buraxmayaq. Vəssalam!...

Qədir odlu-odlu, heç bir şübhə yeri qoymayan bir inamla danışırdı. İki fabrik-zavod nümayəndəsi və bir müəllim hər dəfə “doğrudur, doğrudur” deyib ona əl çalırdı. Kürd Əhməd bu əhvali-ruhiyyənin, tək bircə adamda olmadığını, Azərbaycanda gələcək dövlət quruluşu, ictimai həyat forması və sair bu kimi mühüm məsələlərin çox ciddi halda öz əməli həllini istədiyini görürdü. Məclisdəki qızğınlığın və onun bir hakim kimi cavab gözləyən üzünə dikilmiş gözlərin oyatdığı həyəcan içərisində:

- Əziz qardaşlar, - dedi, - əlbəttə, azadlıq tariximizin şərəfli bir dövrü başlanır. Bu dövr həm də çox məsuliyyətli bir dövrdür. Biz öz arzu və hərəkətlərimizi dünyada gedən böyük mübarizədən ayırsaq, həmişə səhv və yanlış yollara düşəcəyik, daima bir peşmançılıq qabağımıza çıxacaq.

O danışdıqca, hamı diqqətlə qulaq asırdı. Kim isə:

- Elədir, elədir! - deyib təsdiq etdi.

- Sözünü kəsmə, görək nə deyir.

Səs-küy artacağını hiss edən Kürd Əhməd davam etdi:

- Siyasi firqələr gərək qabaqlarına həmişə həlli mümkün olan vəzifələr qoysunlar. Zamanın şəraitini nəzərə alsınlar.

Rəhim replika verdi:

- Bundan da əməli məsələ olmaz ki, mən deyirəm.

Kürd Əhməd məsələnin əsl canına yaxınlaşdığını hiss etdi:

- Qardaşım, - dedi, - hazırda bizim üçün əməli məsələ təşkilat yaratmaqdır. Biz bu vaxta qədər beş-on nəfərlə, gizli bir şəraitdə işləmişik. İndi bizə kütləvi təşkilat yaratmaq lazımdır. Fəhlə, kəndli və azadixahların vahid, böyük, kütləvi təşkilatı - hazırda bizim qarşımızda duran vəzifə budur.

- Bərəkallah, sağ ol! 

- Təklif belə olar!

Bu səslərdən ruhlanan Kürd Əhməd sözünü qurtardı:

- Dediyiniz böyük məsələləri təşkilat müzakirə edər, xalqın mühakiməsinə verər. Onu xalq həll etməlidir.

O, oturduqda məclisdə əmələ gəlmiş sükut birdən-birə pozulmadı. Yalnız xeyli sonra bir qımıldanma hiss olundu. Bəziləri bir-birilə pıçıldaşdı. Azəroğlu yeni mübahisə doğmasına yol verməmək üçün ayağa durdu:

- Böyük Sovet Ordusu vətənimizə gəlir. Bizi nazirlərin fitnəsindən qurtaran onlardır. Onların bayrağında azadlıq yazılmışdır. Gəlin ayağa duraq, onları ləyaqətlə qarşılamaq üçün hazırlaşaq. İkinci də şəhərdə qayda-qanun yaradaq. Əmniyyə, ajan qoyub qaçıb, məmləkət qalıb başına, min cür oğru-əyri talan sala bilər.

Onun sözünü kəsdilər. 

- Sonra da xarici radiolar başlar ağzına gələn böhtanı yaymağa.

- Elədir, odur ki, şəhərdə qanun-qaydanı hifz etməyi sənə tapşırıram, - deyib Qədirə müraciət etdi. - Pəşminə, kibrit və gön karxanası kargərlərindən əmniyyət dəstələri yarat.

Belə fəxri bir tapşırıqdan ruhlanmış Qədir ayağa durdu:

- Baş üstə!..

Ümumi bir mehribanlıq və ruh yüksəkliyi içində yoldaşlar dağılışmaq istərkən Azəroğlunun səsini eşitdilər:

- Gecənin zülmət qaranlığı qurtarmaqdadır. Eynal-Zeynal dağının dalında qızarmağa başlayan şəfəqlər Təbrizə yenə parlaq bir səhər vəd etməkdədir!.. Tədbir və təmkinlə bu səhəri qarşılamağa hazırlaşın, dostlar!..

Onlar dağılışdıqdan sonra Azəroğlu Kürd Əhmədi şama dəvət etdi. Ortalığa Təbriz pilovu və döymə ət gətirdilər. Şam zamanı Azəroğlu Kürd Əhmədə müxtəlif suallar verir, Kürdüstanın, Tehranın vəziyyəti ilə maraqlanır, Fəridəni tərif edir, Fridundan danışırdı:

- Onu qurtarmaq lazımdır, özünü də göndərin gəlsin Azərbaycana! Bizə kömək eləsin.

Kürd Əhməd:

- Bizə də adam lazımdır, - dedi və düşünüb əlavə etdi.

- Hələ zindandan çıxsın, baxarıq...

- Bilirsənmi, mən onu yaxşı bir xəbərlə sevindirəcəyəm!..

- O nə xəbərdir? Bəlkə elə əvvəlcə məni sevindirəsiniz.

Azəroğlu cavab vermək əvəzinə ayağa durdu və otaqdan çıxdı. Bir qədər sonra təmiz geyinmiş, lakin zəif, rəngi sapsarı bir uşağın əlindən tutaraq qayıtdı:

- Tanıyırsınızmı?

Kürd Əhməd diqqətlə uşağa baxdı. Yalnız onun canlı və fərasətli gözlərini harada isə gördüyünü xatırladı. Zənn ilə Musa kişinin böyük oğlu olduğunu təyin etdi. Ayaz əyri-əyri və etimadsız nəzərlə ona baxırdı. Kürd Əhməd:

- Ax, Ayaz, əzizim, - deyib onu qucaqladı və uşağa müxtəlif suallar verdi. Ayaz bəzən tələsə-tələsə, bəzən qəhərlənərək, başına gələnləri nağıl etdi. 

- Sizin ərbab bizi bu günə saldı - deyib sözünü qurtardı.

Kürd Əhməd bu sözlərdə ağır bir nifrət gördü, tez özünü uşağın gözündə doğrultmağa çalışdı:

- Mən onlardan deyiləm, oğul... Mən də sizlərdənəm.

Uşaq hələ də yumşalmayan bir səslə:

- Mənim atamı, anamı öldürən odur, - dedi. Bir də Əli əmniyyəbaşı və mübaşir Məmməd. Səni bilmirəm.

Azəroğlu əlini onun başına çəkdi: 

- Fikir eləmə, Ayaz, böyük oğlan ol, hamısının intiqamını alarıq.

Ayaz qəti səslə: 

- Bəs necə, - dedi, - evlərinə od vuracağam!

Azəroğlu uşağı ötürdükdə, Kürd Əhməd soruşdu. 

- Bunu necə tapdın?

On gün əvvəl Ərdəbilə getmişdim. Orada da yaxşı bir dəstə düzəltmişik. Cümə məscidinin həyətində Həsənalıya rast gəldim. Dilənçilik edir. Elə arıqlayıb, elə qocalıb ki, tanımaq mümkün deyil. O, Ayazın da yetim uşaqlar içərisində məscid həyətinə gəlib-getdiyini söylədi. İki gün axtardım, tapıb götürüb gəldim. Çox ağıllı uşaqdır.



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info