Qonaq Kitabı
İYİRMİ ÜÇÜNCÜ FƏSİL

Hikmət İsfahani deyinməyə başladı:

- Sözümdən çıxan deyil! Bəli! Demək asandır. Dostundur! Yaxşı sözdür!

Sonra qalxıb Şəmsiyyənin gözünün içinə baxdı.

- Mənim dostum-zadım yoxdur! Onlar hamısı mənim dostum deyil, bax, bax bunun dostudurlar. Bunu görürsən, bunun!

O cibindən yüz tümənliyi çıxarıb, Şəmsiyyənin gözünün qabağında yellədi və masanın üstünə atdı:

- Bəli, bunun dostudurlar!.. Bir gün bu olmasın, o dostların kölgəsini də görməzsən. Dostdurlar! Sərhəng Səfai düzəldər!.. Yaxşı düzəldər!.. Onun bir təbəssümü mənə min tümənə başa gəlir. Belə işə on min, iyirmi min tümən istəyəcək!

Bu sözlərdən özü də dəhşətə gəlmiş kimi qışqırdı.

- Yox, yox! Mənim çölə atmağa pulum yoxdur!

Şəmsiyyə qəti və ağlar bir səslə:

- Lap əlli min tümən də olsa verməlisən, ağa! - dedi.

Simasının ifadələrindən atasının xəyalən də olsa belə bir fikrə razı olmaq istəmədiyini gördükdə ümidsiz bir hala gəldi, ona təsir etmək üçün qorxulu bir fikir başına gəldi. Bütün iradəsini toplayaraq:

- Sən bunu etməlisən, ağa etməlisən!.. Burada mənim da adım var. Sənə nə dəxli var, - dedi və əllərilə üzünü qapayıb ağladı.

Bir anda Hikmət İsfahanini heyrət və vahimə bürüdü. Ayağa durub, Şəmsiyyənin əlindən tutdu:

- Yoxsa... yoxsa...

O, sözünün dalını gətirə bilmədi. Öz düşündüyündən özü də qorxdu. Dəhşətdən dili tutuldu. Dodaqları əsdi. Şəmsiyyə yalnız indi necə qorxulu bir addım atdığını duydu. Utandığından və qorxusundan bütün bədəninə soyuq bir tər gəldi. Özünü doğrultmaq üçün başqa bir dəlil tapmağa çalışdı. Haradansa Südabə gəlib gözləri önündə durdu. Boğulan adam saman çöpünə əl atan kimi, dərhal bu təsadüfi fikirdən yapışdı:

- O, Südabənin sevgilisidir. Südabə də mənim dostumdur.

Hikmət İsfahani, bir yüngüllük hiss etmiş kimi, yekə qarnını qalxızıb-endirərək köksünü ötürdü.

- Ağlımı başımdan çıxarmışdın! - dedi və əvvəlki vəziyyətini alaraq əlavə etdi:

- Südabənin sevgilisidir, qoy ağayi Həkimülmülk düzəltsin. Mənə nə dəxli var?

Fikrindən nə keçdisə qaşlarını çatdı, düşündü, gülümsündü. Şəmsiyyə onun gözlərini oynatdığını gördükdə qəlbində gizli bir vahimə baş qaldırdı. Çünki atası həmişə hiyləkər bir şey düşündüyü, riyakar bir plan qurduğu zaman gözləri arasıkəsilmədən tərpənər, hərəkət edər, qırpınardı. Şəmsiyyə bunu yaxşı bilirdi. Ürəyində baş qaldıran gizli vahimənin də səbəbi bu idi. Qız fikirlərini bir yerə yığmamış Hikmət İsfahani üzünü ona tutdu:

- Yaxşı, qızım, get! - dedi. Mən sərhəng Səfai ilə danışaram. Sənə söz verirəm ki, Fridun bu dəstə ilə mühakimə olunmayacaqdır. Get!

Şəmsiyyə heç şey anlamadan, fikirləri dolaşıq halda onun yanından çıxdı. Uzun müddət atasının nə kələk hazırlaya biləcəyini düşündüsə də bir qərara gələ bilmədi.

Şəmsiyyə şübhələnirdi, atasının onu aldatdığını, yalandan arxayın saldığını düşünməyə başlayırdı. Bu şübhələrin təsirilə onda dəli bir fikir oyandı. Özü sərhəng Səfainin yanına gedəcək və istədiyinə nail olacaqdı. Sərhəng onun sözündən çıxmayacaqdı.

Hətta ona elə gəlirdi ki, kiçik bir işarə ilə bu adamı ayaqlarına sala bilər. Qadınlara məxsus sövqi-təbii ona belə deyirdi. Əvvəlcə o özü nəzarəti-kişvərə Sərhəngin yanına getmək istədi. Sonra özünü qiymətdən sala biləcəyini, sərhəng Səfainin belə bir şərəfə layiq olmadığını kəsdirdi. Ona zəng etdi və kiçik bir məsələ üçün onu evdə gözlədiyini söylədi. O özü də hiss etmədən Sərhənglə xüsusi bir ahənglə, səsinə bir məlahət verərək danışdığını sonra başa düşdü və məmnun da qaldı. Sərhəng ümid və heyrət içərisində çağırıldığı zamanda nə bir dəqiqə tez, nə də bir dəqiqə gec, düz vaxtında Şəmsiyyənin yanına gəldi. Şəmsiyyə ağ ipək paltarda və ətirlənmiş halda onu qarşıladı. Bütün bunlar Sərhəngə xoş gəlməklə bərabər qəribə bir yuxu təsiri bağışlayırdı. Hətta adətinin xilafatına, gülümsəyərək:

-  Deyəsən bizim də bəxtimiz açılır, - deyə Şəmsiyyəyə müraciət etdi.

Şəmsiyyə ona həmişə hörməti olduğunu söylədi. Bir qədər söhbətdən sonra çay və nahar gətirtdirdi. Özü də oturub Sərhənglə birlikdə nahar etdi. Sərhəng bunu özü üçün tam bir səadət sanırdı. Nəhayət, Şəmsiyyə məsələni ona açdı:

- Çox ağır bir xahiş olduğunu bilirəm, - dedi. - Lakin istədiyiniz məsələni məntiq və dəlillərlə əsaslandıracaq bir ağıla sahib olduğunuza da əminəm.

Sərhəng çox dərin bir fikrə getdi. Görünür öz aləmində nə isə ölçür, biçirdi. Şəmsiyyənin süni təbəssümlə işıqlanan gözlərinə baxdı:

-          Xob, - dedi, - sizin üçün hər şeyə hazıram.

Buna bir mükafat olaraq, ayrılarkən Şəmsiyyə əlini ona uzatdı. O bu balaca, yumşaq və isti əli tutaraq dodaqlarına apardı, “beləcə, bir gün qəlbinə də hakim olacağam” deyib düşündü...

 ***

Şəmsiyyə çıxdıqdan sonra, Hikmət İsfahani otaqda gəzinti, əlini-əlinə sürtərək, bir də qəhqəhə çəkib güldü.

- Ağayi Həkimülmülk, quyruğun yaxşı əlimə keçib! Gör indi adamın nalını necə oda qoyarlar!

O, Həkimülmülkü dolayısı ilə də olsa, dövlətə zidd bir işlə ittiham etmək üçün əlinə fürsət keçdiyini güman edirdi. Hətta öz-özünü bu fikrin həqiqiliyinə inandırmağa çalışaraq, “yəqin bu tülkü artıq şah olmağı qət etmişdir. Bu işlərin hamısını da düzəldən odur! – deyirdi. - Fridunu hələlik diri saxlatmalı, sonra yavaşca şahın qulağına pıçıldamalı, onun şübhələrini artırmalı, digər tərəfdən də Sərhəngi ələ almalı, Şəmsiyyəni ona vəd etməli, təhqiqatın nə istiqamətdə aparılmasını qandırmalı! O zaman, ağayi Həkimülmülk davam gətir görüm necə gətirəcəksən!...”.

Bu fikirlərlə o, sərhəng Səfainin dalınca adam göndərdi. Balaca, lakin mehriban bir kağız yazdı. Nahara dəvət etdi. Təbiidir ki, Sərhəng vaxtında onun qulluğunda hazır oldu. O, zarafat və təarüfdən sonra qiymətli bir brilyant üzük gətirib, Sərhəngin barmağına taxdı:

- Xüsusən sənin üçün gətirmişəm. Nazik oğlansan, xoşum var sənə!

Sərhəng, bütün bu hərəkətlərdən xoşhal olurdu. Şəmsiyyədən başqa bir övladı olmayan bu qoca tülkünün varidatına varis çıxacağını düşünməyə başlayırdı. Hikmət İsfahani isə, adəti üzrə özünü ağır saxlayır, əsas məsələdən söhbət salmırdı. Yavaş-yavaş yeyib-içir, oradan-buradan danışır, ən çox Sərhəngin hüsn-əxlaq və xoş xasiyyətini mədh edirdi. Yalnız Sərhəng saatına baxıb, getmək icazəsi aldıqda və bir ayağı astanada olanda Hikmət İsfahani, təsadüfən xatırlamış kimi, onu saxladı və Fridun haqqındakı xahişi ona bildirdi. Onu şübhəyə salmamaq və boynuna minnət götürməmək üçün bunun xarici səfarətxanalardan birinin xahişi olduğuna da işarə etdi. Sərhəng bu məsələni bir gün əvvəl Şəmsiyyə ilə həll etdiyini gizlədərək:

- Baş üstə, həmişə qulluğunuzda hazıram! - dedi və öz növbəsində onun, boynuna minnət qoymağa çalışaraq, əlavə etdi:  

- İnanın ki, çox çətin işdir. Amma nə etməli. Sizin sözünüzü rədd etmək mümkün deyil.

Hikmət İsfahani onun dalınca “Ay qurumsaq, axır bir minnət yolu qoydu ha!” deyib tüpürdü və söydü. Bu minnəti boynundan atmaq üçün on min tümən, yoxsa beş min tümən vermək lazım olduğunu düşünməyə başladı. Çox düşündü. Gah on minin, gah da beş minin üstündə durdu. Axırda özünü söyməyə başladı.

- Ay axmaq kişi, özünü niyə üzürsən? Beş min tümən dədəsinə də bəsdir! Göndər. İt payı olsun, - deyib soyundu və istirahət etmək üçün yorğan-döşəyə girdi. Lakin yata bilmədi. Fikrindən keçirdi ki, bəlkə elə üç min tümən də bəsdir. Gah o tərəfi üstə çevrildi, gah bu tərəfi üstə. Lakin nə beşin üstə dura bilirdi, nə üçün.

Sərhəng Səfai böyük bir sevinclə Hikmət İsfahaninin yanından çıxdı. Uzun müddət ona yuxarıdan-aşağı baxmış, varidatı və nüfuzuna güvənərək özünü yıxılmaz bir dağ hesab edən bu adamın, deyəsən yüyəni əlinə keçməkdə idi. İndi Sərhəng onu elə əzəcək, elə xırpalayacaqdı ki, heç köhnə ağadan bir əsər də qalmasın. Uzun zaman mənsəb həvəsi ilə sıxılmış xırda adamların intiqamı ağır olar... Sərhəng belə adamlardan idi. O, fürsəti fövtə verməyəcəkdi. İndi Hikmət İsfahanini dəli dəvəni döyüb yatırdan kimi, diz çökdürmək vaxtı çatmışdır. Bu fikirlə o birbaş Həkimülmülkün evinə tərəf yollandı. Onun vasitəsilə Hikmət İsfahaninin qiyamçılar dəstəsi ilə əlaqəsi olduğunu şaha çatdıracaq və istədiyinə nail olacaqdı.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info