Qonaq Kitabı
İYİRMİ ÜÇÜNCÜ FƏSİL

Onun qəti olaraq yola düzəldiyini görən ərbab:

- Pah, sənin evin yıxılmasın, tərs yeyəsi, - dedi, - gəl apar, qoy mənim evim yıxılsın.

Topları saydı, bir kənara ayırdı. Müştəri bir az beh verib:

- Malın dalınca gələndə, pulun hamısını verərəm, - deyib getdi.

Ərbab bir az rahatlanıb, yerində oturduqdan sonra Səriyyəyə tərəf dönüb:

- Nə var, arvad?

Səriyyə cavab vermək istəyəndə ipək pərdə qalxdı və Göhər xanım ağ samovarı çıxarıb, həyətdə külünü boşaltmaq istədi. Səriyyə bir hissin təsirilə qaçıb, samovarı ondan aldı:

- Xanım, icazə ver, mən təmizləyim.

Göhər dərhal samovarı ona verdi və doğrudan da, bir xanım kimi əlini belinə vurub, ona tamaşa etdi. Səriyyə samovarı təmizləyib ona uzatdıqda Göhər soruşdu:

- Xala, yorğan salmaq əlindən gəlirmi?

- Bala, elə yorğanlar salıram, bəyə, xana layiq.

- Xörək də bişirərsənmi?

- Niyə bişirmərəm, bala.

Göhər xanım gözaltı, həm narazı, həm də qorxaq bir görkəmlə dayanmış ərbaba baxdı və Səriyyəyə döndü:

- Sabahdan mənə iki yorğan salacaqsan, xoşuma gəlsə səni razı salacağam, gəlməsə gözünü çıxardacağam. Harda olursan?

Səriyyə yeri olmadığını, kənddən gəldiyini söylədi. Göhər eyni etinasız nəzərlə ərbaba tərəf baxdı və amiranə səslə:

- Yaxşı, uşağını da götür get o həyətin ətəyinə, hamamın yanında bir otaq var, orda qalarsan. Yuyun-təmizlən, səhər işə başla.

Səriyyə, ərbabla Göhərin arasındakı münasibətlərdən heç bir şey başa düşmədisə də, ağızlarını açan kimi dolu bulud təki yağış tökəcəklərini görürdü. Belə olarsa işinin pozulacağından qorxaraq səsini çıxartmadı, itaətkar bir hərəkətlə Niyazın qolundan tutub tələsik Göhər xanım göstərən tərəfə getdi.

Qızmaqda olan yaz günəşi çölləri, bağları getdikcə daha artıq qızdırır, bitkilərə can və həyat verirdi. Yer buğlandıqca ağaclar pöhrələnir, güllər qönçələnir, taxıllar qalxırdı. Adamlar yavaş-yavaş qalın qış paltarını əyinlərindən tökməyə və yüngülləşməyə başlayırdı. Lakin hələ qış soyuğu canlarından çıxmadığından özlərini günəşin ilıq işıqları altına verirdilər. Bu yaz, dünyanın vəziyyəti ürəklərdə həmişəkindən daha artıq bir əndişə oyatdığından müharibə və sülh haqqındakı danışıqlar kəsilmirdi. Xüsusən balkanlarda yaranmış gərgin vəziyyət bu danışıqların mövzusu olmuşdu.

Fridun bir dəstə tələbə yoldaşı ilə darülfünunun günəş tutan həyətində gəzir və onların bu ətrafdakı danışıqlarına qulaq asırdı. Tələbələrdən biri:

- Almanlar bərk oyun başlayıblar, - dedi, - Bolqarıstana girdikdən sonra indi də Yuqoslaviyaya əl atmışlar.

Son hadisələrdən xəbəri olmayan başqa bir tələbə:

- Yoxsa yeni bir xəbər var? - deyə soruşdu.

- Dünən London verirdi, almanın təhrikilə macar qoşunları Yuqoslaviyaya girmişlər.

- Dava deyəsən bu tərəfə dönur, Şərqə sarı gəlir.

- Balkanların alman əlinə keçməsi Sovetlərə böyük təhlükədir.

- Müavini vəzir-xariceyi Şurəvi cənab Vışinski macarların bu hərəkətini təkdir etmişdir.

- Qardaş, Sovetlərlə də zarafat eləmək olar? Güclü dövlətdir.

- Güclülükdən əlavə siyasi əqidəsi də heç bir dövlətinkinə oxşamır.

Sovetlər haqqında tələbələr çəkinə-çəkinə və bir-birindən ehtiyat edərək danışır, açıq şübhələndikləri adam gördükdə tamamən söhbəti kəsirdilər. Fridun bütün cəmiyyətdə olduğu kimi, burada da cəbhələrin iki yerə ayrıldığını görürdü. Yoxsul ailələrdən olan tələbələrlə İranın istiqlal və tərəqqisini istəyən tələbələrin məhəbbəti Sovetlərin tə-əfində idi. Onlar vətənlərinin gələcək azadlıq və yüksəlişinin rəhnini Sovetlərin möhkəmlənməsində, bütün dünyada nüfuzunun artmasında görürdülər. Əksinə, mürtəce və varlı təbəqələrin içindən çıxmış tələbələr isə bunu özləri üçün əsl bir fəlakət sayır və hər vəchlə olur-olsun almanı da, ingilisi də, amerikanı da müdafiə edirdilər. Balkanlarda vəziyyətin gərginləşməsi və hadisələrin bilavasitə İrana yaxınlaşması bu mübahisələrə canlı, həyati bir ehtiras verdi.

Fridun tələbələr arasında eşitdiklərini yoldaşlarına bildirdi. Onlar fəhlələr arasında da eyni mövzudan danışıldığını dedilər. Rəsmi dairələr, qəzetlər və mürtəce şəxslər bütün bu söhbətlərə antisovet istiqamət verir, ingilis və Amerika mətbuatından aldıqları yalanları geniş yayırdılar. Rza Qəhrəmani:

- Heç dayanmaq zamanı deyil, - dedi, - gəlin kitab da olmasa vərəqə buraxaq. Birinci vərəqə kimi əl ilə yazarıq:

Vərəqənin adını “Xalqların ümidi və sülhün dayağı” qoymağı qərara aldılar. Fridun, gecə vərəqəni yazmalı, səhər Rza Qəhrəmaniyə çatdırmalı idi. Evində yaşadığı qoca sahibə də arada vasitəçi olacaqdı. Rza Qəhrəmani iki günə qədər üç yüz vərəqə hazırlamağa söz verdi.

Fridun gün batdıqdan sonra şəhərin cənub kənarında olan yeni otağında oturub, vərəqənin məzmununu düşünərkən qapısının döyüldüyünü eşitdi. Gələn, vətəndaş paltarı geymiş yavər Əzimi idi. O, ayaqüstü Sərtibin sözlərini Friduna çatdırdı:

- Vəziyyət ağırdır, məhbəsdəkiləri edam gözləyir.

Kərimxan Azadi, Simonyan və başqa yoldaşların xilas edilə bilməyəcəyini anlayan Fridun heç bir söz deyə bilmədi. Yalnız uzun bir sükutdan sonra hər sözü ayrılıqda tələffüz edərək yavaşca dedi:

- Borcumuz onların yolunu davam etdirməkdir. Biz də ölsək, başqaları tapılar.

- Sərtib tapşırdı sizə deyəm ki, onun da vəziyyəti ağırdır. Hər tərəfdən casuslarla əhatə edilmişdir.

- Sərtibə deyin, darıxmasın, lazım olanda biz onunla əlaqə yaradarıq.

Yavər Əzimi onun qoşun hissələrindəki vəziyyət haqqında sualına cavab verdi:

- Alman zabiti olmayan hissə yoxdur. Məşqlərdə sərbazları ruslarla vuruşmağa hazırlayırlar.

-  Bəs sərbazlar necə?

- Sərbazın doxsan doqquz faizi kəndli və kargər balasıdır. Rusun üstünə silah qaldırmaz. Bizim yoldaşlar da mümkün olduqca başa salırlar.

Fridun ona xalqa yaxın olan aşağı rütbəli zabitlər arasında daha diqqətlə işləməyi tapşırdı və yola saldı. O, getdikdən sonra vərəqədə xüsusi bir cümlə ilə sərbaz və zabitlərə müraciət etməyi qərara aldı. Yarımçıq qalmış fikirlərini axıra qədər düşünərək tamamlamağa çalışdı. O, qəti döyüş zamanının yaxınlaşdığını hiss edir, gizlində hazırladıqları bir dəstənin açıq meydana çıxıb, imtahan verəcəyi günün çatmaqda olduğunu duyurdu. O zaman onlar hər tərəfdən ayağa qalxacaq və məğlubedilməz bir ordunu - xalqı təşkil edib istibdad üzərinə qəti hücuma aparacaqdılar. Bu böyük ordunun döyüş qabiliyyəti indi görülən işlərdən onun siyasi və fikri tərbiyəsinin dərəcəsindən asılı olacaqdı. Onda zamanın tələblərinə cavab verəcək bir şüur tərbiyə etmək qalibiyyəti qazanmaq demək idi. Köhnə, çürük fikir və təsəvvürlər, uydurulan yalanlar bu yolda onun fikrini buxovlayan ağır zəncirlər idi. Fridun indi əlində qələm özünü bu zəncirləri qıran bir sərbaz kimi hiss edərək, döyüş meydanına girməyə hazır idi. Bütün fikirlər yetişmişdi. Bir cisim kimi onlara toxunmaq mümkün idi. Fridun əlinə qələm alıb, “vətəndaşlara” sözünü kağıza yazdı və dayandı. Kağıza tökülmək istəyən fikir və hisslərə hansı cümlə ilə yol açmağı düşündü.           

Bu zaman həyətdə tez-tez və dolaşıq danışan adam səsləri eşitdi, qələmi yerinə qoyub ayağa durdu. Qapının cəftə yerindən baxıb, sarı çıraq işığında yaxınlaşan iki silahlı və bir qarayaxa adam gördü. Tez qayıdıb, dalana çıxan pəncərəni açdı və oradan sıçramaq istədikdə tüfəng lüləsi ilə üz-üzə gəldi. Geri döndü, qapını sındırıb, iki silahlı adamla içəri girmiş Sərhənglə qarşılaşdı. Sərhəng:

- Pəncərədən qaçmağa öyrənmisiniz, - dedi, - bu dəfə gecikdiniz.

Fridun onun öz adi mülayim ifadəsini pozmayan üzünə baxdı.

- Gecikən sizsiniz, Sərhəng, mən hər yerə vaxtında çatmışam.

Qollarını dalına bağlayıb, evdən çıxaranda artıq ilk həyəcan soyumuş, yerini hər şeyə müqavimət göstərməyi tələb edən sərt bir düşüncəyə vermişdi.

 * * *

Fridunun tutulmasını Qəhrəmaniyə Fəridə xəbər verdi. İlk dəqiqədə Qəhrəmani fikrində bir çaşqınlıq hiss etdi. Gözüyaşlı Fəridənin sözləri ona anlaşılmaz göründü. Heyrətdən böyümüş gözlərini onun üzünə dikib durdu. Fəridə Fridun kimi adamların az tapılacağını, onun canlara dəyən oğlan olduğunu deyərək, böyük bir təəssüf hissilə sözünü təkrar etdi. Birdən-birə Qəhrəmaninin alnını soyuq tər basdı. O, yaylığı ilə təri silərək, taqətsiz bir adam kimi kresloya oturdu. Fikrini bir yerə yığmağa, nələr vaqe olduğunu bütün aydınlığı ilə təsəvvür etməyə çalışdı. Nə isə beynində fikirlər bir-birinə qarışırdı, təəssüflə, məyusluq, həyəcan, əndişə... Eyni zamanda fikri sürətlə işləyir, qəlbi həyəcanla döyünürdü.

Fridunun tutulması onlara böyük zərbə idi. Qəhrəmani başqa yoldaşları da, xüsusən Kürd Əhmədi bir xəta gözlədiyini düşündükdə bu qərara gəldi ki, təcili ehtiyat tədbirləri görmək lazımdır. Fəridə ilə axşam Aramın gizləndiyi Sərkis dayının evində görüş təyin etdi. Kürd Əhməd və Sərxana xəbər verməyi Fəridəyə tapşırdı.

Onlar qoca Sərkisin su anbarında görüşdülər. Rza Qəhrəmani hamıdan qabaq gəlmişdi. Fridunun tutulmasını da Arama xəbər verən o oldu. Aram bu gözlənilməz xəbərdən sarsıldı:

- Necə olsa, onu qurtarmalıyıq - dedi, - sabahdan mən paltarımı dəyişib çıxacağam, hərəkət etmək lazımdır, yoxsa bu zirzəmidə yata-yata bir-bir bütün yoldaşlarımızı bada verərik gedər.

Rza qəti olaraq onun sözünü kəsdi:

- Bu boş fikirləri başından çıxart. Ehtiyatsızlıq edərsən, səni də tutub qatarlar dama. Bununla nə bizim, nə də məhbəsdəkilərin vəziyyəti yaxşılaşmaz.

Aram səbirsizliklə:

- Bəs nə təhər olsun, elə oturub baxaq ki, yoldaşlarımızı dar ağacından necə asacaqlar?

Rza yavaş, lakin sərt cavab verdi:

- Nə etməli, görünür onsuz işimiz aşmayacaq.

Fəridə, Kürd Əhməd və Sərxan gəldikdə Rza Qəhrəmani uzun müqəddiməyə və kədərli sükut yaranmasına yol vermədi, ayaq üstə durduğu halda dərhal mətləbə keçdi:

- Mənə elə gəlir ki, bu vaxta qədər qabağımızda getmiş bəzi yoldaşlar müvəqqəti olaraq bir az dala çəkilsələr yaxşıdır. Mən, xüsusən ağayi Kürd Əhmədi nəzərdə tuturam. Onun Tehrandan çıxmasını təklif edirəm, bir müddət Kürdüstan və Azərbaycana getsə yaxşıdır.

Onlar Rza Qəhrəmaninin fikrini izahatsız da anlayırdılar. Sərxan:

- Yaxşı təklifdir, - dedi.

Kürd Əhməd ani bir hisslə etiraz etmək istədi. Ona elə gəldi ki, işin bu ağır zamanında özünü kölgəyə çəkmək namərdlik və meydandan qaçmaqdır. Lakin yoldaşlarının qəti baxışları sağlam şüur və hissiyyatın yanlış olduğunu deyirdi. O, əsəbi bir səslə:

- Çox yaxşı, - dedi, - mən ağayi Hikmət İsfahanidən icazə alıb şimala gedərəm. O tərəflərdə bəzi işlərimiz də var, Tehranda təşkilata rəhbərlik ağayi Rza Qəhrəmaninin boynuna düşəcəkdir. Unutmayın ki, irtica və istibdadın bu hücumları bizim əl-qolumuzu sustaltmamalıdır.

Yanaqları qızarmış Fəridə tələsik danışdı:

- Əksinə, bu saat məndə elə hiss var ki, elə bil, meydana çıxıb vuruşacağam.

Aram:

- Məni də bu zirzəmiyə salıb, cərgədən çıxmış hesab etməyin,- dedi,- yazıdan-pozudan nə olsa verin.

Rza Qəhrəmani:

- Yazı da verəcəyik, başqa işlər də. Hələlik səbir lazımdır.

Onlar dağılışarkən bir-birinə baxıb öpuşdülər. Bir-bir su anbarından çıxıb, hərəsi bir yana getdi.

Rza Qəhrəmani yenə Fridunu düşünürdü. Bir şey etmək lazım idi. Bir tədbir görmək lazım idi. Fridunun birinci dəstə ilə mühakimə olunmasının qabağını almaq lazım idi. Çünki onların xilasına heç bir ehtiyat yox idi. Onlarla birlikdə mühakimə ediləcək hər bir adam mütləq məhv olacaqdı. Bu fikirlərlə evdən çıxıb, Səlimini axtarmağa getdi. Onun Hikmət İsfahanigildə olduğunu söylədilər. Fəlakət zamanı ən kiçik bir ehtimal belə insanın xəyalında min ümid oyadır. Qəhrəmani də belə halda idi. Buna görə də nə cür olursa Səlimini görməyi kəsdirmişdi. Ona elə gəlirdi ki, Fridunun həyatı bu görüşdən asılıdır. Başqa cür hərəkət etmək olmazdı. Bu fikirlərlə o, Hikmət İsfahanigilə getdi. Vacib bir iş üçün xanım Şəmsiyyəni görmək istədiyini söylədi. Onu böyük bir həyətdən keçirib ikinci, nisbətən kiçik həyətə gətirdilər. Burada Şəmsiyyə özü qabağa çıxdı. Onu fərşlərlə döşənmiş işıqlı bir otağa apardı. O nə üçün gəldiyini söylədikdə Şəmsiyyə dərin bir fikrə getdi. Halının dəyişməsi, nə isə onun da bir həyəcan keçirdiyini bildirdi.

Qəhrəmaniyə:

- Yaxşı, siz gedin, - dedi, onların işi sərhəng Səfaidədir. O, atamın yaxın dostudur. Mən atamla danışaram. Onu bu işə vadar etməyə çalışaram. Nəhayət, özüm Sərhəngin yanına gedərəm.

Qız susdu. Lakin onun hələ də əsəbi halda bu barədə düşündüyü aydın idi. Həyatdan doymuş bir adam kimi:

- Son zamanlar elə bil ki, dünya öz məhvərindən çıxmışdır, - dedi, - hər gün mənhus bir əməl, bəd bir xəbərlə qarşılaşırsan. Hər şey bir-birinə dəymişdir. Heç bir işə, heç bir şeyə etibar qalmamışdır. Oturduğun yerdə elə güman edirsən ki, ev, başına uçulacaqdır.

Fikrən hələ də Fridunu qurtarmaq yollarını axtaran Qəhrəmani onun bu sözlərinə diqqət vermədi.

- Xanım, ağayi Səlimiyə də desək necə olar? Bəlkə o bir şey edə bildi? - deyə soruşdu.

Qız darıxmış halda:

- Ağayi Səlimi nə edə bilər? – dedi. - O öz başını güclə salamat saxlayır. Sizə elə gəlir ki, bu yuxarılarda, bu dəbdəbəli, zəngin saraylarda baş saxlamaq asandır? Bunların hamısı kənardan yaxşı görünür, uzaqdan baxanın gözünü qamaşdırır, yaxına gələndə bir damcı zəhərdən başqa bir şey deyildir!..

Qəhrəmani o qəbil insanlardan idi ki, onların fikri bir məsələnin üstündə gərgin işlədiyi zaman xarici aləmdə heç bir şey görməz və eşitməzlər. Buna görə də Şəmsiyyənin bu sözlərinə də əhəmiyyət vermədi.

- Bəs nə edək, xanım, deməli, ümid bircə sizə qalır, hə?

- Çalışaram, əlimdən gələni edərəm.

- Sizə ümid bağlayıram, xanım!

Qəhrəmani durub gedərkən Südabənin hələ də ağır xəstəlikdən qalxmamış anasını nəzərinə gətirərək:

- Bircə xahişim var, mümkün olsa bunu hələlik Südabəyə bildirməyin, - dedi.

Qəhrəmanini yola saldıqdan sonra Şəmsiyyə atasının yanına getdi. Hikmət İsfahani təzəcə nahar etmiş və kresloya uzanaraq fikrə getmişdi. Kefi özündə olmadığını, nə isə çox gərgin düşündüyünü Şəmsiyyə onun simasından bildi:

- Ağa, nə düşünürsən? Nə olub belə? - deyə süni bir mehribanlıqla qollarını onun boynuna saldı və üzündən öpmək istərkən dodaqları sol gözünə toxundu. Qız təkrar soruşdu:

- Nə düşünürsən, ata?

Qızın nazlanmasından nə isə bir kələk hazırlandığını güman edən Hikmət İsfahani:

-  Nə borcuna nə düşünürəm, sən de görüm niyə gəlmisən? -  dedi.

Qız onu daha artıq oxşamağa çalışdı:

- Yox, əvvəl sən de görüm nə düşünürsən?

- Boynumdan asılma, gəl burada otur, deyim.

Şəmsiyyə onun göstərdiyi kresloya oturdu. Hikmət İsfahani:

- Düşünürəm görüm nə təhər eləyim ki, yüz min tümən əldən çıxmasın.

Daxilən belə söhbətlərdən zəhləsi gedən Şəmsiyyə süni bir maraq göstərdi:

-  Nə yüz min tümən?

Hikmət İsfahani qızının belə şeylərlə maraqlanmasından sevindi. Özlüyündə onun artıq həyat təcrübəsinə malik bir adam olmağa başladığını düşündü.  

-  Mister Tomasın vasitəsilə ingilis-ticarətxanasından yüz ton qənd almışam, - dedi. -Satmadım, saxladım. Bazardakı qəndi də yığırdım ki, bəlkə heç olmazsa hər tonundan beş-on min tümən çıxaram. Elə, işin düzələn yerində rus ticarətxanasına qənd gəlib. İndi onlar, bazara buraxsalar, mən öldüm. Nəinki yüz min tümən fayda əldən çıxdı, bazardan yığdıqlarımdan da bir iyirmi-otuz min tümən zərər çəkəcəyəm.

Şəmsiyyə sadə bir əda ilə:

- Rusların da qəndini alın, - dedi.

- Elə məsələ onun üstündədir ki, görək indi ruslar o qəndi mənə verəcəklər, ya yox? Əvvəla, mənim onlardan acığım gələn kimi, onların da məndən acığı gəlir. Sonra da, min şərt qoyacaqlar. Üçüncü də, deyəcəklər ki, bizim öz müştərilərimiz var. Bazarda inhisar yaratmayın. Camaatı korluğa salmayın. Nə bilim, min söz deyəcəklər.

Şəmsiyyə onun sözünü kəsdi:

- Eybi yoxdur, fikir eləmə, ata! Bu dəfə olmaz, gələn dəfə satarsan.

Hikmət İsfahani sol gözünü bir az da qırpdı.

- Yaxşı ticarət öyrətdin mənə! De görüm dərdin nədir? Niyə gəlmisən?

Şəmsiyyə yenə qalxıb, onun boynunu qucaqladı:

- Söz ver ki, nə istəsəm eləyəcəksən, deyim.

- Yaxşı, bir əvvəl istədiyini de, sonra.

- Yox, söz ver, sonra deyim.

- Yaxşı, de görüm.

Şəmsiyyə müəllimin nahaq yerə tutulduğunu söylədi. Onun, anası və bacısı olduğunu da əlavə etdi:

- Yazıqdırlar. Sərhəng Səfai ilə danış. Qoy onun işini o dəstənin işinə qatmasın.

Bu sözü eşidən kimi Hikmət İsfahani onun qollarını boynundan aralayıb yana atdı. Qaşqabağını turşutdu:

- Mənim işim deyil, mən bu işlərə qarışa bilmərəm. Sənin də işin olmasın. Get yerində otur!

Şəmsiyyə ərk ilə:

- Yox, ağa, sən bunu etməlisən, - dedi, - mən sənin yolunda özümü də qurban verdim, sən də mənim bircə xahişimə əməl elə. İnsanı ölümdən qurtarmaqdan yaxşı nə ola bilər? Bu yaxşılığın heç vaxt itməz. Sərhəng sənin sözündən çıxan deyil. Dostundur, ata!



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info