Qonaq Kitabı
İYİRMİ ÜÇÜNCÜ FƏSİL

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışdı. Təzəcə yağış yağdığından bazar çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tuman-köynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çuğundur buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:

- Əmi, çörək dükanı haradadır?

Ləbləbi bişirən onun armud saplağı kimi incəlmiş boğazından tutaraq sağa çevirdi və:

- Odur bax, oradadır, - dedi.

Çörəkçilər təndirdən yeni çıxmış lavaşı asaraq və üzünə xaşxaş səpilmiş çörəkləri taxta ləmələrə düzüb, müştəri gözləyirdilər. Ayaza qəribə gəldi ki, bu qədər çörək ola-ola niyə şəhər onlar kimi aclarla doludur? O bunun səbəbini heç cür anlaya bilmirdi. Yadına ovcundakı beşqranlıq düşdü və öz-özünə “pulları yoxdur, ona görə” deyib düşündü. Çörək dükanlarının qabağında zığdan yerimək olmurdu. Onların ətrafı bir-birini itələyib, müştəri axtaran alış-verişçilərlə dolu idi. Ayaz dükanlardan birinə yaxınlaşdı, iki qranlıq çörək alıb qoltuğuna vurdu və geri qayıtdı. Taxta bir dükanın dalında bir dəstə uşaq oturmuşdu. Onlar da Ayaz kimi çıl-çılpaq idilər. İçlərində qızlar da vardı. Özlərini günə verir və aşıq-aşıq oynayırdılar. Ayaz ayaq saxlayıb kənardan onlara baxdı. Uşaqlardan biri barmaqlarını və əllərini oynadaraq divarda gah dəvə qulağına, gah dovşana, gah da itə oxşar cürbəcür şəkillər salırdı. Bu Ayaza maraqlı göründü. Uşaq onun nəzərini cəlb etdiyini gördükdə əli ilə şəkillər düzəldə-düzəldə gah boğazında, gah burnunda cürbəcür səslər çıxartmağa başladı. O birdən it kimi hürür, küçük kimi zınqıldayır, pişik kimi miyoldayırdı. Onun bu hərəkətlərinə nəinki Ayaz, hətta bazar adamları da ağzını açıb tamaşa edir və gülürdülər. Lakin “Qoyma, qaçdı!” deyə qopan bir qadın çığırtısı hamının nəzərini cəlb etdi. Uşaqlardan biri, ağzını açıb oyunbaza baxan satıcı arvadın iki cüt güllü corabını götürüb, camaatın arasına soxulmuşdu. Arvadın hay-küyü bazarı basmışdı. Bunu görən yekəpər bir ajan izdihamdan çıxıb tini dönmək istəyən uşağın qolundan çəkib saxladı. Qulağından tutub bərk burdu, yuxarı qaldırdı. Uşaq qışqırdı, ajanın əlini dişlədi. Ajan acıqlanıb, onun o biri qulağından yapışdı. Yoldaşlarının ağlamasına dözə bilməyən uşaqlar, ona havadar çıxdılar. Bazar bir-birinə dəydi. Ajan Ayazı da yurdsuz uşaqlara qatıb qabağına saldı. Ayazın qulağına kəsik səslər dəyirdi:

- Kişi, çıxart bunları, abrımızı tökdülər...

- İt küçüyündən pisdirlər...

- Gözdən tük qapırlar...

Ayaz yana çıxdı, üzünü ajana tutub ağladı:

- Ağa, məni burax, anam gözləyir.

Ajan heç ona baxmadı da:

- Kəs səsini, küçük! Anasına bax! O çörəyi hardan oğurlamısan?

Ayaz and içdi:

- Həzrət Abbas haqqı oğurlamamışam.

- Həzrət Abbas sənə qənim olsun!.. Yeri!..

Ayaz, bazardan xeyli uzaqlaşdıqlarını, bələdliyə bilmədiyi döngələrdən keçdiklərini gördükdə, xəstə anası acından zarıyan Niyaz yadına düşdü.

Uşaqların içindən ayrılıb qaçmaq istədi. Ajan tüfəngin qundağı ilə belindən elə vurdu ki, o, yerə yıxıldı. Qoltuğundakı çörək kənara sıçradı. Əlindəki üç qran pul zığa düşdü. Lakin o qalxınca çörəyin hər tikəsini bir uşağın əlində gördü. Üçqranlıq isə yox oldu. Ajan:

- Qarğa-quzğundan pisdirlər, - deyib onları daha bir neçə döngədən keçirtdi. Bir-birinə qatıb, hara isə apardı. Ayaz bədəninin ağrısından zorla yeriyir və daha qaçmağa təşəbbüs etmirdi. Ajan onları get-gəl seyrəkləşən xarabalığın dibində qoyub qayıtdı:

- Kimi bazarda görsəm, canını alacağam!

Hey burunlarını çəkən uşaqlar bir-birinə baxdılar. Xarabalığın o tərəf-bu tərəfinə dolandılar. Kimisi özünü divarın dibinə günə verdi, kimisi uçuq divarlara dırmaşdı, kimisi daşların altında eşələnməyə başladı. Bazarda əli ilə oyunlar çıxaran və corabı götürüb qaçmaq istəyən uşaqlar Ayaza yaxınlaşdılar:    

- Cibə girə bilirsən?

Ayaz təəccüb etdi, başını tərpətdi.

Qulağı qanlı uşaq qapazı onun başına endirdi:  

- Bəs nə bilirsən?.. Dilin yoxdur, lalsan?..

Ayaz qapaz vuran uşağın böyründən itələdi:

- Başıma niyə vurursan?.

Uşaq səndələyib yıxıldı. Bunu görən yoldaşı Ayazın üstünə atıldı və onu yumruqladı. Ayazın ağzı isti qanla doldu. O, oyunbaz uşağın qıçlarından tutub yerə yıxdı və əzişdirdi. Bu zaman o birisi uşaq yoldaşlarının hayına gəldi. Onlar Ayazı ayaqları altında tapdalayıb getdilər. Ayaz üst-başı palçıq içində durub oturdu, dörd tərəfinə baxdı, heç kəsi görmədikdə əli ilə burnunun ağzının qanını sildi. Xarabanın qabağındakı balaca gölməçənin suyunda əllərini, üzünü yudu və evlər görünən tərəfə yollandı. Anası və qardaşını axtarıb tapmaq həsrəti ürəyini yeyirdi. O, küçələri dolandı. Böyük, kiçik evlərin qabağından keçdi. Lakin bunlar hamısı görmədiyi, tanımadığı yerlər idi. Gün batan çağı bərk acdığını və yorulduğunu hiss etdi. Üç-dörd çörəkçi dükanının qabağında durub çörək alanlara, dükançılara baxdı. Çörəyin iyi burnuna dəydikcə sanki səbri tükənir, ixtiyarı əlindən gedir, aclığı şiddətlənirdi. Neçə dəfə əlini açıb çörək dilənmək istədi, lakin bacarmadı, elə bil ki, atası anası gəlib qabağında durur, tənəli gözlərlə ona baxırdı. Bir daha çörəkçi dükanlarına baxmadan çəkilib getdi. Gecəni, özü kimi bir neçə uşağın bir dalana dolduğunu gördü. Onlara qoşuldu, çöldə soyuqdan titrəməyə davamı yox idi. Uşaqlar bir-birinə və dalana gəlmiş sahibsiz küçə itlərinə qısılaraq yatır, əsnəyirdilər. Səhər açılan kimi onlar bir-bir durub dağılışdılar. Qəribə idi ki, Ayaz hələ aclıq duymurdu. Sanki heç mədəsi yox idi. Bir az da dincəlmişdi, yenə anasını tapmaq ümidilə şəhərə çıxdı. Dükan-bazar təzə açılırdı. Hava çiskindi. O, küçələri dolandıqca, içərisində nəyinsə hərəkətə gəldiyini və bütün varlığına sahib olduğunu hiss etdi. Aclıq dünənkindən daha güclü bir halda onu əldən salırdı. Bir yerdən keçəndə yenə təzə çörək iyi duydu. Çörəyin iyi nə qədər şirin, nə qədər dadlı idi!.

Çörəkçi təndirdən yeni çıxan çörəkləri ləmələrə düzürdü. Ayaz elə bildi ki, indicə özünü bu çörəklərin üstünə atacaqdır!.. Yavaşca dükana yaxınlaşdı. Çörəkçi altdan-yuxarı ona nəzər saldı. Ayaz, bu kişinin gözlərində bir mehribanlıq duydu. Bir addım da irəlilədi, qapının ağzında durub, həris gözlərini yerə tökülən çörək qırıntılarına dikdi. Çörəkçi:

- Nə istəyirsən, bala, - deyə farsca soruşdu.

Ayaz zəif səslə:

- Əmi, mən farsca bilmirəm, - dedi.

Çörəkçi güldü. Azərbaycan sözlərini sındıra-sındıra danışdı:

- Təbrizdənsən, bala?..

Ayaz:

- Xeyr, əmi, Ərdəbildənəm, - dedi.

-Yetimsən?

Ayaz, ata-anasını itirib küçədə qaldığını danışdı. Kişi dükanın taxtasını qaldırdı:

Keç oğul, burda işlərsən.

Ayaz, gündüzlər satış işində qocaya kömək edir, axşamlar ayaqlarını təmiz yuyaraq xəmir ayaqlayır, su daşıyırdı. Qarın dolusu çörəyə çatdığı üçün sevinsə də, ata zə anasını tapmağı fikrindən çıxara bilmirdi. Günlər qızdıqca ona elə gəlirdi ki, atası da, anası da öz yerlərinə, öz kəndlərinə qayıdacaqlar. Bu ümid onda Tehranı qoyub getmək fikri oyadırdı. Bir gün ağlaya-ağlaya o öz fikrini qoca çörəkçiyə dedi:

- Atamı, anamı könlüm istəyir, əmi.

Kişi ona qulaq asdı, görünür yazığı gəldi:

- Yaxşı, bala, səni Ərdəbilə yola salaram. Bir az pul verərəm, oradan da kəndinizə gedərsən.

Doğrudan da, bir həftə sonra çörəkçi onu qırmızı rəngli, içi adamlar, üstü yüklə dolu böyük bir maşına, şoferin yanında oturtdu:

- Ərdəbildə düşürdərsən, - dedi, - bu pulları da özünə verərsən, bacarsan, yazıqdır, ordan kəndə də yola sal.

Evlərindən çıxandan bəri bu adam Ayazın rast gəldiyi ilk mərhəmətli adam idi. Nədənsə onu atasına oxşadırdı. Üz-gözünü yadında saxlamaq fikrilə diqqətlə ona baxdıqda, elə bilirdi, atasıdır qabağında durub...

* * *

Tehranın üstünü qara buludlar almışdı. Yel onları Xəzər dənizi və Gilan meşələrinin üstündən gətirib, hara isə qovurdu. Getdikcə külək yavaşıyıb, gün batan çağı tamamilə kəsilsə də, şəhərin üstündəki qara buludlar dağılmadı. Əksinə, onlar daha da sıxlaşdı və şimşək qarışıq bir göy gurultusu altında iti bir yaqışla yumadığı bir küçə buraxmadı. Üfüqlərdə insanı parça-parça edəcək təsiri bağışlayan xəncər ağızlı ildırımlar oynadıqca Səriyyə xala Niyazı bağrına basıb deyirdi:

- Allahın qəzəbi tutub, insanların zülmünə dözə bilmir, dünyanı yandıracaq...

Doğrudan da, ona elə gəlirdi ki, bütün bunlar insanların pis əməllərinə qarşı bir xəbərdarlıqdır. Peyğəmbərlər, incil, tövrət və quran təsir etmədikdə haqq öz sözünu odların, alovların dili ilə yer üzünə çatdırır. Bu etiqada baxmayaraq, onsuz da hərarətdən yanan bədənini yağışdan qorumalı, başını şimşəkdən gözləməli idi. Niyazın əlindən tutub, özünü bazar yanındakı örtülü bir dalana saldı. Burada yağışın keçməsini gözləyənə və görkəmindən mötəbər adamlara oxşayan qadın və kişilərlə yanaşı Səriyyə kimi yurdsuzlar da vardı. Dalanın dibinə, divar dibinə qısılmışdılar. Qabaqda, dalanın ağzında təqribən Niyaz boyda, əynində döşü qırmızı güllü yun paltar, ayağında təzəcə tikilmiş sarı ayaqqabı olan bir uşağın əlindən tutmuş şlyapalı bir xanım durmuşdu. Uşaq anasının acıqlı baxışlarına və tez-tez qolunu dartmasına baxmayaraq, əlindəki topu yerə vurur, oynamaq istəyirdi; Səriyyə Niyazla birlikdə gəlib keçəndə arvad çimçəşər kimi özünü yığıb, azca divara tərəf çəkildi və yol verdi. Səriyyə dalda, üst-başının heç şeyə bulanmasından qorxmayan və heç şeydən iyrənməyən adamların içində durdu. Xanımın uşağı Niyazı gördükdə anasının əlindən çəkib, topunu Niyaza tərəf atdı:

- Gəl oynayaq.

Niyaz həvəslə, dığırlanan topa tərəf yüyürdü. Götürüb o biri uşağa atdı. Bu haldan acıqcasına narahat olan xanım uşağını çağırdı. “Olmaz!” dedi. Lakin uşaq bir də topunu Niyaza tərəf atdı, özü də qaçaraq yaxınlaşan yerdə ayağı bir-birinə dolaşdı və ağzı üstə yerə dəydi. Uşağın mehribanlığından ürəyi yumşalmış Səriyyə anası çatmamış əyilib, onu yerdən qaldırdı və “can, can!” deyib ovutmaq istədi. Lakin, elə bil, toxmaqla xanımın başına vurdular:

- Əl vurma, dilənçi!

Səriyyə tez uşağı yerə qoydu və çəkildi. Xanım onun qolundan tutub uzaqlaşdı və deyindi:

- Şəhərdə it əlindən tərpənmək olmur!

Bu sözün yanında, Səriyyə bütün çəkdiyi əzablar heç nə göründü. Üzünü arvada tutub:

- Elə demə, xanım!.. Fələk səni məndən də pis günə salar. Mənim də özümə görə bir güzəranım var idi. Bir tikə çörəyim var idi. Elə demə!..

Dalanın dib tərəfində dayanmış adamlardan kim isə:

- Yox, onlar elə bilir ki, elə hamı heyvan yaranıb, adam yaranan bircə özləridir...

Qabaqdakı ağalardan biri acıqlandı:

- Yaxşı, səsinizi kəsin, qurbağa kimi quruldaşmayın.

Yağış dayanarkən onlar dalandan çıxdıqda Niyaz yenə zarımağa başladı:

- Ana, acam... Mənə çörək!

Səriyyə onu dilə tutmağa çalışdı:

- Bir az dayan, atanı taparıq, çörək alar, oğlum, bir az dayan!

Lakin Səriyyə danışdıqca Niyaz daha inad edirdi:

- Ana, çörək, acam.

Səriyyə ona qışqırdı:

- Bəsdir, çörəyi hardan çıxarım.

Uşaq ağladı:

- Ana, acam, mənə çörək!..

Səriyyə xala:

- Sən doğulan günə daş düşəydi, gəldin-gəlmədin qara gətirdin, - dedi, - ölmürsən də canım qurtara!

Anasından birinci dəfə belə sözlər eşidən, onun səsində bnr yabançılıq duyan uşaq kövrəldi, ümidsiz bir səslə ağladı... Onun bu halı Səriyyənin fikrini özünə qaytardı, uşağı bağrına basdı:

- Ağlama, bala, gedək görək hardan bir tikə çörək taparıq.

Bazar arxının qırağında kiminsə bir vedrə boşaltdığını gördü. Bu yenicə soyulmuş qoyunun acı bağırsaqları idi. Səriyyə oğurluğa gedər kimi durub gözlədi, adam çəkildikdə acı bağırsaqları götürüb, arxın suyunda yudu, ətəyinin altına bükdü. Niyazın əlindən tutub, tələsik oradan çəkildi. Dükanların qapısından, örtülü dalanlardan xırdaca ağac yonuqları, kağız parçaları yığdı. Manqalda qızınan bir dükançıdan bir parça köz aldı, bazarın xəlvəti bir yerində acı bağırsağı nazik çubuğa çəkib bişirdi, Niyaza verdi:

- Ye, bala, ye ölmə...

Ətin iyinə özü də dura bilmədi. Günlərlə ac qalmış qarnına bir neçə tikə saldıqda sanki gözlərinə işıq, dizinə taqət gəldi. Gecə torpaqaltı mağarada Niyaz da, o da ağır bir yuxuya getdilər. Kənddə axır çərşənbələri bayrama hazırlaşdıqları günlər gəlib yuxusuna girdi. O, düyü asır, Gülnaz tavada kişmiş qovurur, Musa kişi çırt çubuğunu çəkərək, həmişəki kimi fikirli-fikirli oturub baxırdı. Uşaqlar da qırmızı yumurta ilə oynayırdılar...

 Xoşbəxtlikdən səhər Niyaz yuxudan gec ayıldı. Buludlar çəkilmiş, ilıq bir günəş çıxaraq hər tərəfi işıqlatmışdı. Səriyyə bu cür yaşamaq mümkün olmayacağını, necə olsa bir iş tapmaq lazım gəldiyini düşündü. Bu fikirlə yenə şəhərin küçələrinə düşdü. Artıq Niyazın “Ana, acam, çörək” deyə zarıldamasına fikir vermir, qolundan tutub çəkir və iş tapmaq üçün bu qapıdan o qapıya, bu dükandan o dükana gedirdi. Onun dinmədiyini, heç bir söz demədiyini görən uşaq da sanki yorulub səsini kəsir və getdikcə aclıqdan daha az şikayət edirdi. Lakin bu hal Səriyyənin başına “bəlkə uşaq öz içini yeyib öləcək” deyən qorxulu bir fikir saldı. Niyaz ona nə qədər əziyyət versə də yenə övlad idi, onu da itirsə Səriyyə bir dəqiqə də yaşaya bilməyəcəyini güman edirdi. O da ölsə bu dünyada heç bir ümidi qalmırdı. Gülnaz və Ayazı itirdikdən sonra o, Niyazdan bərk-bərk tutaraq durmuşdu. Bir an uşağı gözündən kənara qoymurdu. Gecələr gözlərini bir saatlıq yuxu qapadıqda belə onu qolları arasına alıb yatırdı. Yuxuda əlini üstündən çəkmirdi. Lakin yeddi yaşı yenicə tamam olan uşaq da ayların aclığına, soyuq və əzabına davam gətirə bilmirdi. O, yavaş-yavaş şam kimi əriyir, arıqlayıb çöpə dönürdü.

Dilənçiliklə dolanmaq mümkün deyildi. Qızdırma və dərdin əldən saldığı Səriyyə xala son qüvvəsini toplayıb, gündə bir qrana da olsa iş axtarırdı. Nəhayət, hansı bir ərbabınsa yeni ipək karxanası açdığını öyrəndi. Soraqlaşa-soraqlaşa gəlib, karxananın yerləşdiyi, enli taxta qapısı olan bir həyətə girdi. Bura palçıqlı və zibilli olsa da uzun və geniş bir həyət idi. Səriyyənin gözünə ilk dəyən, sağ tərəfdə eni iki-üç metr olan, həyətin bu başından o başına uzanmış çardaq oldu. Onun altında yüzdən artıq qadın işləyirdi. Onlar balaca taxta dəzgahların başında oturub, ayaqlarını və əllərini tərpədir, dəzgahları çaraq-çuruqla hərəkətə gətirirdilər. Həyətin aşağı başında, çardağın qurtaracağında açıq havada bir dəstə başqa qadın qollarını çırmamış, nə isə buğlanan böyük dəmir qazanlarla əlləşirdi. Qadınların hərəkət və işindən barama bişirdikləri anlaşılırdı. Bu arvadlar kimi bir işə əl çatdırmaq Səriyyə xalanın ən böyük arzusu idi. O, ayaqları əsə-əsə barama yuyan qadınlardan qarayanız bir qadına yaxınlaşdı:

- Ay bacı, ərbab haradadır?

Üz-gözündən tər süzülən və tövşəyə-tövşəyə nəfəs alan arvad, başını buğlanan qazanın üstündən qaldırmadan çımxırdı.

- Mənim cibimdə. Nə bilim hansı cəhənnəmdədir, get özündən soruş.

Səriyyə xala sual verdiyinə peşman oldu, bunu bir bədfal sayıb, yerində titrədi. Bu zaman Niyaz yenə zarımağa başladı:

- Ana, acam, çörək!..

Barama təmizləyən qadınların arasından xurmayısaçlı, göygözlü, dolğun bir qız başını qaldırdı:

- Niyə çımxırırsan, ay Fatma, səndən pul istəmir ki, söz soruşur, cavab ver, - dedi və Səriyyəyə döndü:

- Xala, ərbabın kontoru bax, həyətin o biri başındadır, düz get, sola dön...

Səriyyə təşəkkür etdi, lakin ikicə addım getməmiş haman qız dalınca gəlib, onu saxladı:

- Xala, iş istəyirsən, hə?

- Hə, bala, uşağıma bircə tikə çörək qazanım.

Qız yavaşca onun qulağına pıçıldadı:

- Ərbab razı olmasa, xanım Göhəri gör, o düzəldər. Ərbabın yanında kontorda işləyir, iri, qaragözlü, şümşad bədənli xanımdır, görən kimi tanıyarsan.

Səriyyə tanımadığı bu qızın xoş rəftarından mütəəssir oldu.

- Nə yaxşı adamsan, sən ay bala, adın nədir?

Qız gülümsədi, cavab vermək istədi, lakin acıqlı bir kişi ona mane oldu.

- Bazar açma, Firuzə, işində ol!..

Əlində qırmızı dənəli təsbeh olan potuq və qara bığlı bir kişi gəlib, onların yanından keçdi, gözucu Səriyyəyə baxdı:

- Mane olma, arvad, çəkil get işinə!

Sex müdirini görən Firuzə tez yerinə qayıtdı. Səriyyə kontora tərəf gedərkən dönüb bir də ona baxdı. O artıq başını qazana əyib barama qarışdırırdı.

Səriyyə kontora gəldi, bura ortadan sarı ipək pərdə ilə ikiyə ayrılmış uzun bir otaq idi, qabaqdakı otağın divarları taxta ləmələrlə örtülmüş, ləmələrə sarı və göy rəngli ipək topları düzülmüşdü. Ləmələrin qabağında uzun stola oxşar, lakin ensiz bir taxtabənd qayırılmışdı. Uzunburun, pırtda gözlərinin bəbəyi sarı və boyu hündür bir adam əlində arşın, taxtabəndin dalında durmuşdu. Sarı rəngli ipək toplarından biri onun qabağında idi. O, ipəyi açaraq barmaqları arasında əzib, qarşısındakı adama göstərir və əsəbi-əsəbi danışırdı:

- Qardaş, bunun nəyidir. On il də geysən dağılmaz.

Müştəri başını tərpədirdi:

- Elə də tərifləməyin ki, guya biz xamıq... Yaxşını yamandan seçirik. Bunun qiyməti odur ki, mən verdim.

- Qardaş, and olsun peyğəmbərin qəbrinə, o heç mayasının bahası deyil.

Müştəri:

- Mən ondan artıq verə bilmərəm, - deyib yerindən tərpəndikdə, ərbab onu səslədi:

- Bura bax, hara qaçırsan. Ay qız, Göhər xanım, ağaya bir stəkan çay. Eybi yoxdur, eybi yoxdur, içərsən.

Ərbab müştərini saxladı, ipək pərdəyə tərəf baxıb, bir də səslədi. Pərdənin dalından etinasız bir hərəkətlə Göhər xanım çıxdı. Səriyyə onu görən kimi nişanlarından tanıdı. O, ərbaba baxmadan:

-  Nə var? - deyib soruşdu.

Ərbab da ona baxmadan və qorxaq bir ciddiyyətlə:

- Ağaya bir stəkan çay.

Göhər xanım cavab verməyib, eyni etinasız əda ilə pərdənin dalına keçdi. Səriyyə bu arvadın, doğrudan da, ərbab üzərində böyük bir ağalığı olduğunu hiss etdi və kənarda durub, ərbabın alveri qurtarmasını gözlədi. Ərbab alıcını zorla dükana salıb oturtdu. Nəhayət, özü pərdənin dalına keçdi. Oradan nə isə qırıq səslər eşidildi. Ərbab bir stəkan tünd çay gətirib, alıcının qabağına qoydu və yenə ipəyi tərifləməyə başlayıb, qiymət üstünə gəldi:

- Qardaş, vallah, o qiymətə verə bilmərəm, onda gərək sabah bu karxananı yığışdırım. Onsuz da gündə yüz dəfə mən dədəmə söyürəm ki, niyə bu qələti elədim, var-yoxumu qoydum bura.

- Niyə, indi ki, allaha şükür, faydalı şeydir. Yollar bağlanıb, mal gətirən yox, özün qayır, burax bazara... 

- Sən yolların bağlanmağına baxma... On iki imama and içirəm ki, on beş il dava ola, yollar bağlana, bir yerdən bu İrana bir arşın mal gəlməyə, yenə vətən malı işə getməyəcək.

- Niyə, qardaş, niyə belə bədgümansan?

- Çünki, tacirlərin anbarı Amerika, ingilis, alman malı ilə ağızbaağız doludur. Lap otuz il də satsalar qurtarmaz.

Onlar hər ikisi öz dediyində durur, söhbəti Səriyyə xalanın heç şey anlamadığı uzaq mətləblərə aparıb çıxarırdılar. Lakin söhbəti yenə ipəyin keyfiyyəti və qiyməti üzərinə gətirdilər. Nəhayət, müştəri soyumuş çaydan ikicə qurtum içib ayağa durdu:

- Bir şahı da artıq verə bilmərəm, gərək mən də bir şey qazanam, ya havadan dolanacağam, xudahafiz, -  deyib getmək istədi. Yenə ərbab tələsik onu səslədi:

- Kişi, rəhmətliyin oğlu, hara tələsirsən? Bu qədər çənə-boğazdan sonra heç olmazsa beş qranlıq mal al ki, əliboş getməyəsən.

- Heç bir şahılıq da almayacağam, dediyim qiymətə ver, üç yüz metr götürüm.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info