Qonaq Kitabı
1905-1906-Cİ İLLƏRDƏ ERMƏNİ-MÜSƏLMAN DAVASI

Qalada Yel dəyirmanı deyilən qayaların üstünə çıxaraq yollara nəzarət edən ermənilər gördülər ki, Xəlfəli və Kürdlər yaşayan məntəqələrdən də gəlib-gedən yoxdur. Kirəkeşlər dəyirmanlara un üyütmək üçün taxıl da apara bilmirdilər. Bu səbədən də şəhərdə ərzaq get-gedə azalır və bahalıq əmələ gəlirdi. Kasıblar və qəriblər üçün dolanacaq çətinləşirdi. Dəyiemanlar işləmədiyindən və un ehtiyatı azaldığından çörək dükanları bağlanırdı.

 

ƏLAVƏ: Xəbər çıxdı ki, Sisyan tərəfdə ermənilər dəstə bağlayıb müsəlmanların üstünə gəlirlər. Müsəlmanlar da zor bir dəstə yaradıb onların qarşısına çıxaraq atışmağa başladılar. Vuruşma iki gün sərasər davam etdi. Vuruşma zamanı müsəlmanlardan 20 nəfər şəhid oldu, bir neçəsi isə yaralandı. Ermənilər tərəfindən isə yaralanlardan başqa 50 nəfər öldürülmüşdü. Sisyanlılar on nəfər qalaya göndərirləri ki, oradan tüfəng və patron alıb gətirsinlər.

 

 

KAZAKLARLA ERMƏNİLƏRİN ƏLBİR OLMAĞI VƏ MÜSƏLMANLARA XƏYANƏTİ

 

Yollar bağlı olduğundan altmış ədəd yüklü araba yığışıb Ağdamda qalmışdı. Bu vəziyyətdən təngə gələn kirəkeşlər və əşya sahibləri divana şikayət etdilər. Divan məmurları həmin adamları Şuşaya qədər müşayiət etmək və sağ-salamat oraya çatdırmaq üçün bir dəstə kazak ayırdılar. Camaat pul toplayaraq iki yüz manat kazakların böyüyünə verdilər ki, bunun yüzü sənindir, yüzünü isə kazaklara payla ki, bu arabaları əmin-amanlıqla şəhərə çatdırsınlar. Ağdamın pristavı da bu arabaların və əşyaların sağ-salamat şəhərə çatdırılaçağına söz verdi. Xülasə, kazaklar qabaqda, 40-50 araba isə bir-birinin ardınca düzülüb şəhərə yola düşdülər. Hər iki tərəfi hündür olan dərəyə bənzər bir yerə çatarkən gördülər ki, hündür yerdə ermənilər səngər qurub dayanıblar. Kazakların böyüyü kazaklardan birini çağırıb ona nəsə deyib ermənilərin yanına göndərdi. Arabaşılar və əşya sahibləri şübhələnib, hərə bir gümana düşdü. Bir azdan kazak qayıtdı. Ermənilər isə hər tərəfdən qarışqa kimi qaynaşmağa başladılar. Onlar görə və arabalara güllə ata-ata arabalara yaxınlaşırdılar. Vəziyyəti belə görən Qala əhlindən olan iki nəfər Məşədi Dadaş və Ağa İsmayıl arabada olan tüfənglərini çıxarıb arabadan düşdülər və bir daşın dalına girərək ermənilərə atəş açmağa başladılar. Bu atəşi görən ermənilər irəli getməyə cürət etmədilər və geri çəkildilər. Arada bir az fürsət yaranan kimi arabaçıların bir parası geri, Ağdama tərəf qaçdılarş. Kazakların arasında olan arabaçılar isə qaçmağa fürsət tapa bilmədilər. Amma bir para müsəlmanlar çeviklik edərək arabalara qoşulmuş atları açıb onlara minib qaçdılar. Içi dolu dörd araba isə kazaklarla ermənilərin arasında qaldı. Ermənilər tökülüb həmin arabalarda olan şeyləri qarət etməyə başladılar. Onlar arabalarda olan qəndi və başqa əşyaları kazaklarla bölüşdürdülər.

Qaçan adamlar araba və əşyalarla gəlib Ağdama çıxdılar. Müsəlmanlar əhvalatdan xəbərdar olan kimi xalq dəstə-dəstə yığışıb danışırdılar ki, oranın pristavı bazara gəldi. Həmin saat ermənilər tərəfindən yolda qarət edilmiş 14 arabanın və əşyaların sahibi qalalı Məşədi Səlim adlı birisi pristavın yaxasından tutub dedi ki, qarət edilmiş 14 arabanın və əşyaların qiyməti qırx min manat eləyir. Mənim pullarımı verməlisən. Pristav gördü ki, ölüm məqamıdır. Dedi məni öldürmə, bir kağız verərəm ki, mən sizə 40 min manat borcluyam. Cənab Cəfər bəy Vəzirzadə qol kağızı almağa razı olmadı. Çünki sonra divana deyər ki, məni öldürürdülər, canımın qorxusundan verdim.

Pristav sözlə birtəhər onların əlindən çıxa bildi. Iki gündən sonra orada qalan arabaları geri gətirdilər. Iki gününsabahısı Xankəndinin yaxınlığında ermənilər tökülüşüb qalalı Məşədi Bəşir adlı bir oğlanın 200 qaramalını apardılar.

Həmin günlərdə Qaladan olan Cəmşid adlı bir nəfər Xocalının ətrafında yol kənarında bir dükan açmışdı. Bağlardan satmaq üçün Qalaya gətirilən bəzi əşyaları o, ucuz qiymətə alaraq burada açdığı dükanda başqa yerlərdən gələn ermənilərə satırdı. Cəmşid kişinin övrət-uşağı da özü ilə birlikdə bu dükanda qalırdı. Müsəlmanlar onu məzəmmət edərək nəsihət verirdilər ki, sən müsəlmansan, tutduğun iş şəriətdən uzaqdır, bu dava vaxtı gördüyün işdən əl çək, əks halda peşman olarsan. Cəmşid kişi heç kəsi eşitmədi və öz nəfsinə qarşı çıxa bilmədi. Çox keçmədi ermənilər bir gün tökülüb Cəmşid kişini və övrət-uşağını öldürdülər, gözəl bir qızını əsir götürdülər, dükanında olan malları isə qarət edərək dağıtdılar.

 

ƏLAVƏ: Yuxarıda göstərilən tarixdə qalalı Məlik Paşayev bir neçə ermənilərlə birlikdə altmış min manatlıq misi apararkən müsəlmanlar tərəfindən tutulub Ağdama aparılmışdır.

 

  

ƏHMƏD BƏYİN QIZI HƏMİDƏ XANIMIN ƏHVALATI

 

Bu günlərdə Cavanşir Əhməd bəyin qızı Həmidə xanım bir dəstə atlılarla birlikdə böyük təmtəraqla Ağdama gəldi. Ağdamın camaatı onu böyük hörmət və ehtiramla qarşılayaraq bir gözəl mənzildə yerləşdirdilər. Həmidə xanım cənab Cəfər bəyə bildirdi ki, millət xüsusunda camaata bir neçə söz demək istəyir.

Cəfər bəy xeyriyyə məclisinin üzvlərinə buyurdu ki, bazar-dükanların bağlanıb camaatın böyük meydana toplaşması haqqında göstəriş versinlər. Camaat və əyanlar yavaş-yavaş böyük meydana toplaşdılar. Həmidə xanım Cəfər bəy ilə birlikdə hündür bir eyvana qalxdılar. Həmidə xanım üzünü Cəfər bəyə tutaraq onun buraya nə məqsədlə gəldiyini camaata çatdırmasını xahiş edir.

Cəfər bəy uca səslə dedi ki, ey əyanlar və müsəlmanlar! Həmidə xanım zəhmət çəkib bu uzaq yolları gəlməkdə məqsədi aşağıdakılardan ibarətdir: Həmidə xanım buyurur ki, mən Qalada bizim qan qardaşlarımızın çox zəhmət və əziyyət çəkdiklərini eşitdim. Mənə məlum oldu ki, kəndlərdə yaşayan ermənilər yolları kəsərək camaatın Qalaya ərzaq və mal gətirməsinə, eləcə də dəyirmana getmələrinə mane olurlar. Buna görə də mən bütün sursatları ilə birlikdə iki yüz atlı toplayaraq onların köməyinə gəlmişəm. Mən bir övrət olsam da, müsəlman qardaşlarımızın belə əziyyət çəkməsi gecə-gündüz mənə əziyyət verərək rahat buraxmırdı. Qardaşlarımız Şuşada belə əziyyətlərə məruz qaldıqları halda biz burada rahat yeyib-içib, yata bilmərik. Mənə yaraşmaz ki, siz olan yerdə mən xalqımızın bu əziyyətdən qurtarılması üçün mübarizə aparam. Ona görə cənablarınızdan xahiş edirəm ki, siz də qüvvələr toplayıb mənim gətirdiyim atlılarla birlikdə zir-zibili müsəlman qardaşlarımızın yolundan təmizləyəsiniz ki, onlar rahat yaşaya bilsinlər.

Meydana yığışan camaat yuxarıda deyilən sözləri eşitcək Həmidə xanımı ürəkdən alqışladılar. Hətta bəzi şəxslər bu sözlərin təsirindən kövrələrək ağladı. Camaat cavab verdi ki, biz yeddi yaşından yetmiş yaşına kimi hamımız malımız və canımızla bu yolda mübarizə aparmağa hazırıq. O yolkəsənlər də öz layiqli cavablarını alacaqlar. Odur ki, siz narahatçılıq keçirmədən öz məqamınıza qayıdın, Allah-təalanın köməyi ilə biz bu işlərin hamısına əncam çəkirik.

Həmidə xanım xeyriyyə məclisinə iki yüz manat nəqd pul və iki yüz pud un və arpa bağışlayıb ehtiramla öz kəndinə təşrif apardı. Allah ondan razı olsun.

 

  

CƏNAB NƏCƏFQULU AĞANIN DƏYİRMANINDA OLMUŞ ƏHVALAT

 

Qalada get-gedə bahalıq artdığına görə Şuşa cavanları atlanaraq iki araba buğda götürüb Cavanşir Nəcəfqulu ağanın dəyirmanına gəldilər. İki araba buğda dəyirmanda üyüdüldükdən sonra ermənilər dəyirmana hücum çəkərək zorla unu onlardan alıb aparmaq istədilər. Dəyirmanda iki-üç tüfəngli müsəlman var idi. Onlar divarın dalından erməniləri gülləyə tutdular. Bir qədər atışmadan sonra ermənilər heç nə edə bilməyəcəklərinə əmin olub naümid geri qayıtdılar.

Malıbəyli ilə Xankəndi arasında bir erməni qadını ilə uşağın öldürülməsini eşidən ermənilər ştaba üz qoydular. Ştabda bir az rus qoşunu var idi. Eyni zamanda ştabın yerləşdiyi ərazidə bir neçə müsəlman və erməni ailələri yaşayırdı. Vəziyyətin gərginliyini görən müsəlman ailələri tez öz tüfənglərini götürüb müharibəyə hazır vəziyyətdə dayandılar. Onların içərisində çoxlu külfəti olan Məşədi Zeynal adlı bir nəfər var idi. O, bir erməni ilə qonşuluqda yaşayırdı. Ermədilər tökülüb buraya gələrkən Məşədi Zeynalın erməni qonşusu onun yanına gəlib deyir ki, ermənilər sizi qırmağa gəliblər. Buna görə gəl sən öz övrətin, uşağınla bizim evə daşın, çünki mənim evimdə sizə heç kəs toxunmağa cəsarət etməz. Məşədi erməninin hiyləsinə inanıb bütün külfəti və əşyaları ilə erməninin evinə köçdü. Lakin Məşədinin uşaqları onların erməninin evinə köçməyinə razı deyildilər. Onlar köçdükdən sonra erməni Məşədiyə dedi ki, tüfənglərinizi verin, gizlədim, sonra yenə özünüzə qaytararam. Əks təqdirdə, ermənilər gəlib sizin tüfənglərinizi görsələr, məni də, sizi də öldürərlər. Məşədinin dörd oğlu var idi. Onlar atalarına dedilər ki, bu hiylədir, erməni sözünə inanma. Tüfənglərimizi versək bizi qıracaqlar.

Məşədi oğlanlarına acıqlanıb tüfənglərin hamsıını götürüb erməniyə verdi. Erməni tüfəngləri apardıqdan sonra pusquda duran erməniləri çağırdı. Onlar tökülüb əvvəlcə Məşədinin evini yandırdılar, sonra isə onun özünü, dörd oğlunu, ümumiyyətlə, südəmər uşağına qədər bütün külfətini işgəncə ilə öldürdülər. Ermənilər bu vəhşilikləri törədərkən övrət-uşağın dəhşətli çığırtıları bir-birinə qarışmışdı. Onlar çığırıb qaçmaq istəyərkən tutub xəncərlə doğrayırdılar. Xülasə, bu yırtıcı heyvanlara bənzəyən ermənilər Məşədinin iyirmiyə qədər külfət üzvlərini doğram-doğram etdilər.

Ey kaş müslimin hamısı baxəbər ola,

Bu zülmdən ki, ermənilər etdi intişar.

 

Ol tifli-bigünahları kinü zülm ilən

Etdilər parə cismlərin cümlə tarimar.

 

Qoyun-quzu kimi başını cümlə kəsdilər

Pamal oldu xakda ol cismi-pürfikar.

 

Bir zərrə rəhm yoxdu nəsarada et yəqin,

Et bir nəzarə tifillərə eylə aşikar.

 

Bir toxum əkdilər ki, çıxar rəstaxizədək

Hər şaxü bərgü şüru şərrü nari-pürşərar.

 

Məşədi Zeynalın ailəsini zülm və işgəncə ilə tamam öldürərək şəhid etdikdən sonra onun mallarını talan etdilər. Bərk atışma nəticəsində on bir nəfər erməni öldürüldü.

Bundan əvvəl idə rus böyükləri ermənilərin Məşədi Zeynalın ailəsinin başına gətirdiyi faciəni eşidib o ərazidə yaşayan müsəlman ailələrini qırğından xilas etmək üçün onların övrət-uşaqlarını toplayıb yaşadıqları kazarmaya apardılar. Bu zaman ermənilər Sadıq adlı bir müsəlman kişisini də öldürdülər. Ruslar o kişinin qatillərindən iki nəfərini tutdular.

Bu qırğından sonra ermənilər qarət etdikləri malları arabalarla öz evlərinə göndərdilər. Özləri isə atlanıb Nəcəfqulu ağanın dəyirmanına üz qoydular. Müsəlmanlar ermənilərlə ştab ərazisində vuruşarkən fürsət tapıb dəyirmanda olan unun hamısını təcili arabalara doldurub Malıbəyliyə aparmışdılar.

Axşamüstü ermənilər dəyirmana gəlib gördülər ki, müsəlmanlar bütün unları və sair şeyləri tamamən aparıblar. Ermənilər dərhal dəyirmana və Nəcəfqulu ağanın otaqlarına od vurub yandırdılar. Nəcəfqulu ağanın imarətindən, dəyirmanından qalxan tüstü və alov Qaladan görünürdü. Müsəlmanlar bu yanğından çox təəssüfləndilər. Çuxur məhəlləsinin cavanları toplaşaraq qərara gəldilər ki, bu dəyirmanın əvəzini ermənilərdən çıxmaq lazımdır. Təcrübəlilərdən birisi dedi ki, burada, bizim qənşərimizdə Şuşa çayında Xandəmirov Mikitin tikdirdiyi bir maşın dəyirmanı (mexanikləşdirilmiş) var. Əgər Nəcəfqulu ağanın dəyirmanının qiyməti 300 manat olardısa, Mikitin dəyirmanının dəyəri 5000 manat olar. Bir qoçaq igid lazımdır ki, oraya enib həmin dəyirmanı yandırsın. Həmin saat bir neçə gün bundan əvvəl ermənilərin ot tayalarına od vurub yandırmış Daşdəmir adlı bir cavan oğlan irəliyə çıxaraq dedi ki, Allahın köməyi ilə bu saat gedib sizin istəyinizi yerinə yetirərəm.

Daşdəmir beş nəfər cavan oğlanla birlikdə xeyli əski və neft götürüb “bismillah” edərək aşağı dəyirmana tərəf endilər. Dəyirmana çatan kimi onun bir neçə yerindən əski qoyub üzərinə neft tökərək od vurdular. Alov göyə qalxdı. Daşdəmir isə yoldaşları ilə Qalaya qayıtdılar. Çuxur məhəlləsinin cavanları onları alqışladılar.

Ermənilər Şuşakənd tərəfdən böyük bir alov qalxdığını gördülər. Onlar dəyirmanda müsəlmanların olduğunu zənn edərək oraya çatarkən atəş açmağa başladılar. Sonra ehtiyat edə-edə gəlib oraya çatanda gördülər ki, heç kim yoxdur. Onlar tökülüb dəyirmanı söndürmək istəyəndə gördülər ki, maşınların əsas yerləri yanıb. Onlar dəyirmanı sahibsiz qoyub getdiklərinə çox təəssüfləndilər.

Bir neçə gündən sonra məlum oldu ki, dəyirmanın bir para yerləri yanmayıb. Həmin Daşdəmir altı nəfər cavanla gecə həmin dəyirmana gələrək yanmayan alətlərə və bir neçə otağa od vurub yandırdılar. Bacardıqları qədər də un-buğda götürüb Qalaya gəldilər. Şuşakənddən alovu görənlər dəyirmana tərəf atəş açmağa başladılar. Arada dəyirmandan bir neçə dəfə bərk gurultu səsi gəldi. Dedilər ki, ermənilər aftafalara barıt və yumru dəmirlər dolduraraq lazım gəldikdə onlardan partlayıcı bir maddə kimi istifadə etmişlər. Belə ki, onlar partlamaq istədikləriyerə həmin aftafadan birini qoyub, piltə ilə lüləyə uzaqdan od vururlar. Bu zaman aftafa gurultu ilə partlayıb, onun parça-parça olmuş gövdəsi və yumru dəmirlər hər tərəfə yayılır. Görünür dəyirmanda partlayan da belə aftafalar olmuşdur.

Ermənilər isə bunun əvəzini çıxmaq üçün Muxətər kəndinə gələrək Hacı Əsgər uşağının burada olan bir bağına və balaca evinə od vurub yandırırlar.

1323-cü il zilqədə ayının 9-da dilənçi Bayramın 12 yaşlı Ağca adlı qızı bir şahı götürüb neft almağa gedir. Yollar bağlı olduğundan bazarda neft olmur. Bir mömin bəndə qızı evinə apararaq şüşəsini neftlə doldurub yola salır. Qız geri qayıdanda yolunu azıb erməni məhəlləsinə çıxır. Ermənilər onu tutub qımdatların yanına aparırlar. Qımdatlar Ağcadan soruşurlar ki, müsəlmanların yeməyi çoxdurmu? Qız cavab verdi ki, hər yerdə çoxdur, amma yalnız bizim evdə yoxdur. Qımdatlar yenə soruşdular ki, müsəlmanların atmağa nəyi var? Qız cavab verdi ki, topları, hamıda və hər evdə tüfəng və tapanca çoxdur. Bu sual-cavabdan sonra ermənilər qonşu otağa keçdilər. Bir azdan Ağcanın yanına bir erməni övrəti gələrək qıza dedi ki, bir də ermənilər səndən müsəlmanların əhvalını soruşsa, deginən ki, müsəlmanlar sizi qıracaqlar. Bax, deməsən səni diri-diri öldürəcəklər. Bir də müsəlmanlara deginən ki, dəxi dava bəsdir, evimiz yandı, malımız, dövlətimiz getdi. Allah xatirinə qoysunlar rahat oturaq.

Ermənilər yenə də gəldilər. Onlar qızdan sual etdilkər ki, müsəlmanlar nə işdə və nə fikirdədirlər?

Qız cavab verdi ki, sizi qıracaqlar. Erməni onun üzərinə qışqıraraq susmasını əmr etdi. Sonra çay içməyə və horra kimi bir şey yeməyə başladılar. Mənə də təklif etdilər, lakin iyrəndim.

Səhərisi gün ermənilər Ağcanı polisə təhvil verdilər və bildirdilər ki, yolunu azıb erməni məhəlləsinə gəlib çıxıbdır. Polis övrəti ilə bərabər, qızı da sankaya mindirib müsəlmanlara təhvil verdilər.

 

 

 GÜLABLI ƏHVALATI (1323-cü il zilqə`də ayı)

 

Bu günlərdə Tağ, Tuğ, Dağdağan, Mirikəndi, Harov və digər ətraf kəndlərdən ermənilər cəm olub qımdatlarla məsləhətləşərək belə qərara gəldilər ki, Qalanı asanlıqla ələ keçirmək üçün əvvəlcə ətraf kəndlərdə yaşayan müsəlmanları erməni hücumları ilə təngə gətirərək bir qismini qırmaq, digər qismini isə qaçırtmaq lazımdır. Kəndlərdən müsəlmanları təmizlədikdən sonra buralar xalis “Hayastan torpağına” (Ermənistan) çevriləcək. Bu məqsədlərini həyata keçirmək üçün əvvəlcə Gülablı üzərinə hücuma keçdilər. Onlar Gülablıya çatarkən əvvəlcə bir adam göndərdilər ki, kəndin özündən bir xəbər gətirsin. Həmin adam gəlib gördü ki, kəndin kişilərinin çoxu Qalada, kənd-bazarlarda, toylardadırlar. Kənddə isə övrət-uşaq və qocalardan və bir neçə tüfəngdardan başqa heç kəs yoxdur. Odur ki, ermənilər cəsarətlə kəndin üzərinə yeridilər. Əvvəlcə istədilər ki, məscidi dağıtsınlar. Kənddə olan tüfəngdarlar səngərlərə girərək erməniləri gülləyə tutdular. Beləliklə, atışma başladı və dörd saat davam etdi. Ermənilərin çoxusu açıqda, müsəlmanlar isə səngərlərdə olduğundan ermənilərdən 61 nəfər qətlə yetirildi. Az qalmışdı ki, ermənilər geri qayıtsınlar. Bu zaman müsəlmanların gülləsi qurtardı. Onlar qaçıb bir yerdə gizləndilər. Ermənilər əhvalatı başa düşüb kəndə daxil oldular. Onlar evləri gəzə-gəzə qarət edirdilər. Ermənilər 20 nəfər uşaq, bir neçə qoca və bir kor kişinin qapıları bağlayaraq gizləndikləri bir evə çatdılar. Ermənilər evin bir tərəfini deşib od saman qoyaraq od vurdular. Evdəkilər tüstüyə tab gətirə bilməyib qapını açaraq bayıra çıxdılar. Ermənilər tökülüb bu günahsız uşaqların və qocaların hamısını gülləyə tutub qətlə yetirdilər. Əllərinə düşən malları isə qarət edib apardılar. Sonra isə məscidə dolaraq orada olan xalı, gəbə və sairə əşyaları qarət etdikdən sonra minbərinə od vurdular.

Ermənilər Gülablıdan sonra Abdal kəndinə hücum edərək onu mühasirəyə aldılar. Bir gecə-gündüz atışma davam etdi. Bu davada müsəlmanlardan 40 nəfər kişi, övrət-uşaq qətlə yetirildi. Ermənilər burada da məscidi qarət etdilər.

 

ƏLAVƏ: Bu günlərdə Malıbəylidən olan kazaklardan biri və bir nəfər də qoca müsəlman hər ikisi bir araba ot aparmaq üçün ştaba gəldilər. Bu zaman ermənilər onları gülləyə tutdular. Bu qəfil atəşdən kazak ağır yaralandı, müsəlman isə həlak oldu. Kazaklar istədilər ki, orada olan ermənilərin hamısını qırsınlar, lakin onların böyüyü buna mane oldu. Kazakların rəisinin göstərişi ilə erməni evlərinin hamısı mühasirəyə alınaraq axtarış aparıldı. Tapılan tüfəng və patronların hamısı müsadirə olundu. Bir erməninin dükanından iki bomba, xeyli barıt və bir neçə ədəd beşaçılan tüfəng tapıldı. Təftiş nəticəsində ermənilərdən yetmiş ədəd tüfəng müsadirə olundu.

 

ƏLAVƏ: Şüşanın yolu bağlı olduğundan ərzaq qıtlığı yaranmışdı. Bir daha müsəlmanların izzətli əyanları və camaatı Qalaya göndərmək üçün neçə min pud un, düyü, buğda, qənd, neft və başqa şeylər tədarük etdilər. Dövlət Qala yolunu ermənilərdən azad etmək üçün top və beşaçılan tüfənglərlə silahlanmış bir neçə dəstə əsgər və onlara rüşvət almayan, xoş xasiyyət bir komandir göndərmişdi. Həmin komandir öz dəstəsi ilə Ağdama gələrək gördü ki, Qala yolunu erməni quldurlarından azad etmək üçün beş minə qədər silahlı müsəlman igidləri atlanaraq onu gözləyirlər. Dövlət dəstələrinin komandiri onlara müraciət edərək bildirdi ki, sizin bu işdən ötrü oraya getməyiniz lazım deyil. Mən öz qoşunumla bu yolların açılmasına, şəhərə sursat və ərzaq çatdırılmasına müvəkkiləm. Ayrı işlərə mən qarışmıram. Odur ki, yolları açıb ərzağı Qalaya çatdırdıqdan sonra siz mənsiz nə istəsəniz edə bilərsiniz. Bu sizin öz işinizdir.

Bundan sonra camaat tədarük etdikləri ərzaq və başqa şeyləri yetmiş arabaya yükləyərək dövlət qoşunu ilə birlikdə Şuşaya yola düşdülər. Əsgərana çatan kimi komandirin əmri ilə yolun hər iki tərəfində hündürdüklərdə düzəldilmiş erməni səngərlərinə toplardan atəş açdılar. Ermənilər pərən-pərən olub hərəsi bir tərəfə qaçdı. Səngərlərdə bir erməni belə qalmadı. Xan bağından keçənədək oyl boyu qurulmuş erməni səngərlərinin hamısı toplardan açılan atəşlərlə darmadağın edildi. Bu atəşlərin qarşısına bir erməni belə cürət edib çıxa bilmədi.

Beləliklə, ərzaq dolu arabalar və qoşun gəlib Şuşaya daxil oldu. Arabalarda gətirilmiş ərzağın bir qismi sahiblərinə çatdırıldı, bir qismi isə ucuz qiymətə kasıblara və qəriblərə satıldı. Gətirilmiş un isə çörəkçilərə verildi ki, bişirib ucuz qiymətə xalqa satsınlar. Dövlət qoşununun əsgərləri evlərdə, komandir isə deputat Balaca Hacı Sadığın evində tam ehtiramla yerləşdirildi. Şəhərin əyanları və ziyalıları gəlib komandirə öz razılıqlarını bildirdilər.

Bir həftədən sonra şəhərdə əhalinin güzəranı yenə də çətinləşdi. Nəcib və qeyrətlə müsəlmanlar 130 araba ərzaq hazırlayıb qoşunla birlikdə Şuşaya gətirdilər. Yolda ermənilər arabaların hərəkətinə mane olmaq istəsələr də buna nail ola bilmədilər. Atılan topların səslərini eşitcək hərəsi bir tərəfə dağılırdı.

Ərzaq gəlib Şuşaya çatdıqdan sonra qoşunu müşayiət edən və 12 at qoşulmuş divar – dağıdan topu gətirib divanxananın qabağına qoydular. Bu vaxt erməni Kiki Kələntərov da generala yaxınlaşaraq xahiş etdi ki, onun şərəfinə erməni məhəlləsində hazırlanmış gözəl mənzilə buyursun. General acıqla ona cavab verdi ki, siz erməni tayfasına inanmaq olmaz. Gürcü, müsəlman və rus qardaşdırlar. Onların sözləri də, özləri də. Ancaq sizin tayfaya etibar etmək olmaz. Buna görə də mən müsəlman məhəlləsində qalacağam.

 

  

AYRI-AYRI KƏNDLƏRDƏ BAŞ VERMİŞ MÜNAQİŞƏLƏR (1323-cü ilin zilqə`də ayı)

 

Bu tarixdə müsəlmanların Sərv kəndində ermənilərlə bərk toqquşması oldu. Müsəlmanların bir parası bu toqquşmaya hazır olmadığından əvvəlcə müsəlmanlardan iyirmi nəfər şəhid oldu. Bundan qeyzlənən müsəlman silahlıları “Ya Allah” deyərək erməniləri mühasirəyə alıb gülləbaran etdilər. Ermənilərdən 50 nəfərdən çox adam öldürüldü, o qədər də yaralandı. Bundan sonra ermənilər qayıdıb səngərlərə girdilər. Müsəlmanlar da öz yerlərinə qayıtdılar.

Həmin tarixdə Cavanşir müsəlmanları dəstə bağlayıb Çaylı kəndinə hücum etdilər. Bu hücumda on iki nəfər erməni öldürüldükdən və iyirmiyə qədər yaralandıqdan sonra qalanları qaçmağa başladılar. Kənd tamamilə boşaldı və müsəlmanların əlinə keçdi. Qaçan ermənilər bütün kəndlərə səpələnərək baş vermiş hadisə haqqında onları xəbərdar etdilər. Bir neçə kənddən ermənilər toplaşaraq Dəmirli adlı müsəlman kəndinə hücum etdilər. Kəndin əhalisi uzaqgörənlik edib qabaqcadan əşya və azuqələrini başqa yerə aparmışdılar. Odur ki, bu balaca kəndə hücum nəticəsində o qədər də zərər dəyməmişdi. Kəndin əhalisi isə qonşu kəndlərə qaçmışdılar.

Əjvalatdan xəbərdar olan Cavanşir igidləri bir neçə dəstə döyüşçü ilə Canyataq və Gülyataq kəndlərinin üzərinə yerimişlər. Onlar kəndləri hər tərəfdən mühasirə etsələr də iki yerdən qaçmağa fürsət var idi.

Atı və ulağı olanlar öz övrət-uşaqlarını və azuqələrini götürüb həmin yerlərdən çıxıb qaçdılar. Kəndlərdə qalanlardan yüz nəfərə qədəri öldürüldü, yüzdən artığı da yaralandı. Kəndlərdə qalan ermənilərin yaxşı sursat olduğundan səngərlərə girib atışırdılar.

 

 

 

HUMAY BƏY GƏRAY BƏY OĞLUNUN QƏTLİ

 

Şuşa qalasının sakini Gəray bəyin oğlu Humay bəy ermənilərlə vuruşan dəstənin başçısı idi. Humay bəy mahir döyüşçü olduğundan camaata müharibə aparmağın üsullarını təlim edirdi. Bir gün beləcə təlim keçərkən oraya bir kazak gəlib çıxdı. O, əlini yuxarı qaldıraraq Humay bəyə təzim edib irəli gəldi. Kazak Humay bəylə əl tutduqdan sonra rusca ona dedi ki, bu tayfa (erməni) nə üçün bu nahaq davanı salıb xalqın rahatlığını kəsir. Humay bəy ona dedi ki, ermənilər özləri bu davanı başlayıblar, özləri də cəzasını çəkəcəklər. Bu vaxt Humay bəy geri döndü ki, təlim keçdiyi müsəlmanlara nə isə desin, bu zaman həmin namərd, məlun kazak Humay bəyi arxadan güllə ilə vurub şəhid etdi. Kazak Humay bəyi vuran kimi qaçıb ermənilərin içinə girdi. Sonradan məlum oldu ki, həmin kazak erməni imiş.

 

 

QACAR KƏNDİNİN ƏHVALATI

(1323-cü il zilhiccə ayı)

 

Erməni tayfası kəndlərdən bir neçə dəstələr yaradaraq Qacar kəndinin üstünə hərəkət etdilər. Qacar kəndinin bir tərəfdən yerləşdiyi ərazi təhlükəli idi. Çünki Qacar kəndi erməni kəndləri ilə əhatə olunmuşdur. Bu rayonda müsəlmanlar az idi. Ermənilər əvvəlcə kəndin kənarında yerləşən üç evə hücum edərək həmin evlərdən birinə və həyətlərdə yığılmış ot tayalarına od vurub yandırdılar. Iki nəfər müsəlmanı şəhid etdilər, birini isə yaraladılar. Əhvalatdan xəbərdar olan kimi Qacar kəndinin əhalisi yaxşı tədarük etdikləri silahlarla silahlanaraq ermənilərin qarşısına çıxdılar və onları hər tərəfdən gülləyə tutdular. Atışma bir neçə saat davam etdi.

Ermənilərin Qacar kəndinə hücum etmələri haqqında xəbər tutan kimi ətraf müsəlman kəndlərindən çoxlu atlılar və piyadalar Qacar əhalisinin köməyinə gəldi. Köməyə gələn qüvvələrlə Qacar kəndinin döyüşən igidləri erməniləri mühasirəyə alaraq nərələr çəkib “A gədə, dur gəldim” deyir və onları gülləyə tuturdular. Qacar əhalisi kəndin içindən, köməyə gələn qüvvələr isə arxadan erməniləri qırmağa başladılar. Müsəlmanlar “Ya Əli!” nərəsi çəkə-çəkə onları təqib edib qırırdılar. Beləliklə, onları Tağ və Tuğ kəndinə kimi qovdular. Hər tərəf erməni meyidləri ilə dolu idi. Çoxunun tüfəng, tapançası, patron və patrondaşları yanlarında düşüb qalmışdı. Qacar kəndinin ətrafında 135 nəfər yollarda və 265 nəfər isə çöllərdə erməni öldürülmüşdü. Beləliklə də, ermənilərin Qacar kəndinə hücumu onlardan 400 nəfərin ölümü ilə nəticələndi.

Müsəlman dəstələri Qacar kəndinə hücum emiş erməniləri məğlub etdikdən sonra sərsər küləyi kimi Dirəxtin kəndinin üstünə gəldilər. Burada olan ermənilərin bir qismi qaçıb canını qurtardı, ələ düşənlər isə qətlə yetirildi. Dirəxtin kəndindən sonra müsəlman dəstələri Əfşar kəndinə hücum etdilər. Burada olan ermənilərə lazımi zərbələr endirdikdən sonra Təcavirt binalarını və üç erməni dəyirmanını da dağıtdılar.

Bu əhvalatdan bir neçə gün sonra bir erməni gizlincə gəlib, Qacar müsəlmanlarına xəbər verdi ki, bizim ermənilərdən bir neçəsi geyimini dəyişərək kazak çinovniki paltarında gəlib sizin silahlarınızı yığmağa cəhd edəcəkdir. Onların məqsədləri budur ki, silahları yığdıqdan sonra tökülüb sizi qırsınlar. Amma Allah xatirinə, mənim adımı çəkməyin, çünki mənim buraya gəldiyimi qımdatlar bilsələr, nəslimi yer üzündən silərlər.

Müsəlmanlar onu arxayın etdilər. Bir neçə gündən sonra Qacar kəndinə bir general və yanında da neçə atlı kazak gəldi. General kəndin böyüklərini çağırıb əmr etdi ki, kənddə nə qədər tüfənginiz var, hamısını gətirib təhvil verin, əks təqdirdə kəndiniz top atəşilə viran ediləcək. Müsəlmanlar dörd tüfəng gətirib verdikdən sonra generala dedilər ki, bütün silahları toplayanadək buyurun içəridə əyləşin. General çinində olan və kazaklar atdan düşüb içəri girdilər. General təşəxxüslə bir hündür yerdə əyləşdi, kazaklar isə onu yanında ayaq üstə dayandılar. Müsəlmanlar isə bərkdən bir-birini səsləyərək deyirdilər:

- Ey kənd əhli, tüfənglərinizi yığın tez gətirin ki, general məəttəl olmasın.

Bir az keçdikdən sonra bir neçə nəfər əllərində tüfəng içəriyə girərək generalı və kazakları güllələyib öldürdülər. Onların silah və atlarına da sahib oldular.

 

 

İRAN VƏ QARABAĞ ATLILARININ HÜCUMU

(1323-cü il zilhiccə ayı)

 

İran təbəələrindən ibarət top və tüfənglə silahlanmış dəstə Ağdama gəldi. Ağdamda olan qalalılardan 100 nəfəri Şuşaya gələrək xəbər verdilər ki, iranlı qardaşları onlara sursat gətirmiş və qış günündə müsəlmanlara kömək etmək üçün zəhmət çəkib Ağdama gəlmişlər.

Ağdamda iranlı qardaşları əyanlar və camaat böyük ehtiramla rahat mənzillərdə yerləşdirdilər. Bir neçə gün yaxşı istirahətdən sonra iranlı qardaşlar bildirdilər ki, biz buraya aş-plov yeməyə gəlməmişik. Bizim məqsədimiz müsəlman qardaşlarımızı erməni quldurlarından müdafiə etməkdir. Bu minvalla 15 gün kemdikdən sonra İrandan gələn atlılarla birlikdə Qarabağ igidləri Aranzəmin və Pircamal kəndlərinin üzərinə hücum etdilər. Onlar güllələri qənaətlə işlədərək çox erməniləri xəncər və qılıncla öldürürdülər. Bu minval ilə hər iki kənddən 213 nəfər erməni öldürdülər. Ermənilərin çoxu meşələrə və dağlara qaçaraq açacların arasında, qayalıqlarda gizləndilər. Hücum başa çatdıqdan sonra iranlılar öz ölkələrinə qayıtdılar.

 

 

HACI ABBASIN ƏHVALATI

 

Hacı Abbas belə deyir ki, dava sakitləşdikdən sonra ermənilərin əksəriyyəti ayrı-ayrı vilayətlərə getməyə başladılar. Bir gün mən yolla gedərkən Muğdusi oğlu Minas adlı bir sövdəgər qarşıma çıxdı. O, külfəti ilə birlikdə arabada Tiflisə gedirdi. Məni görçək dedi ki, Hacı, Allah sizi saxlasın, görürsən sizin müsəlmanlar məni nə günə saldılar? Din haqqı, mənim o qədər dövlətimdən çiynimə saldığım bircə bu şal qalıb. Bu mənim həm paltarım, həm də qorğan-döşəyimdir.

Minasın oğlu atasına dedi ki, zərər yoxdur, bu günün sabahı var. Əlbəttə, biz də əvəzini çıxarıq. Sonra mən Minasın oğluna dedim: - Ey oğlan, yadında varmı ki, davadan irəli mən sizin evin qabağından gedirdim. Gördüm ki, sən evin balkonunda durubsan. Bu zaman sizin balkonun altından bir qoca müsəlman keçirdi. Sən onu görən kimi daş ilə vurdun. Kişi səbəbini soruşanda sən o kişiyə acıqlanıb dedin ki, mən qəsdən səni vurdum. O kişi də sənə dedi ki, mənə etdiyin bu zülmə görə Allah-təala sizin evinizi xarabaya döndərib, sizi də zəlil etsin. Indi həmin kişinin bəd duasıdır ki, sizi tutdu. Eviniz-malınız tamam yanıb, özünüz də belə zəlil günə qalmısınız. Allah-təala adildir, haqqı nahaqqa verməz. Bir də ki, davanı və mərdü-mazarlığı ermənilər saldı, müsəlmanların sizə heç bir iddiası yoxdur.

 

 

SİSYAN KƏNDİNİN ƏHVALATI

 

Ermənilər böyük və qüvvətli dəstə yaradaraq müsəlmanların yaşadıqları Sisyan kəndinə hücum etdilər. Kənd sakinlərinin silahları və patronları az olduğuna görə döyüş onlar üçün ağır keçdi. Erməni quldurları kənd əhalisindən 20 nəfərini öldürdü, xeyli insan isə yaralandı. Müsəlmanlar az olsa da, bu şəhidlərin əvəzini çıxdılar. Bir neçə saat atışmadan sonra ermənilər geri qayıtdılar. Həmin günün səhərisi Sisyan kəndinin əhalisindən bir neçə nəfər Qalaya gələrək imkanları daxilində tüfəng və patronlar alıb kəndə gətirdilər. Bununla yanaşı, onlar Sisyan kəndinin ətrafında yerləşən müsəlman kəndlərinə, o cümlədən kürd tayfasına müraciət edib kömək istədilər. Sisyana ətraf kəndlərdən kömək gəldikdən sonra ermənilər yaşayan Darabas kəndinə hücum etdilər. Onlar kəndi hər tərəfdən mühasirəyə alaraq kəndin içinə doldular. Kənd əhalisindən olan kişiləri qətlə yetirdilər. Müsəlmanlar kənddə olan övrət-uşalqrla işləri olmayıb onları döyüş meydanından kənara çıxarırdılar. Müsəlman igidləri Darabas kəndində öz əməliyyatlarını başa çatdırdıqdan sonra geri qayıtdılar. Səhərisi isə Lori kəndinin üstünə yeridilər. Bu kənddə də ermənilərə qüvvətli zərbələr endirərək böyük qənimətlə Sisyana qayıtdılar.

 

  

VAĞADÜ DAVASI (1323-cü il zilhiccə ayı)

 

Yuxarıda zikr olunan əhvalatdan bir neçə gün sonra erməni tayfası yenə də toplaşaraq müsəlman kəndlərinə hücum etmək üçün bir dəstə yaradır. Yaxşı silahlanmış bu erməni dəstəsi Stepan Stepanyans adlı bir qımdatın rəhbərliyi altında atlanaraq Vağadü müsəlman kəndinə hücum etdilər. Vağadü kəndi Sisyan mahalında yerləşirdi. Orada yaşayanların hamısı müsəlman idi. Erməni dəstəsi kəndi mühasirəyə alırlar. Qabaqcadan hazırlıq görərək silah və patron tədarük etmiş və gizli yerlərdə səngərlər düzəltmiş Vağadü kəndinin əhalisi bir zamanda silahlanaraq səngərlərə, damların, daşların dibində müdafiə üçün hazırlanmış mövqelərə girərək erməniləri hər tərəfdən atəşə tutmağa başladılar. Birinci atışmada müsəlman igidləri əlli nəfərdən çox erməni vurub yıxdılar. Ikinci atışmada isə ölən ermənilərin sayı yetmişdən çox idi. Üçüncü dəfə onlar “Ya Allah”, “Ya Əli, səndən mədəd” deyib daha şiddətli atəş açmağa başladılar və yüz nəfərəcən erməni öldürdülər. Ermənilərə rəhbərlik edən Stepan Stepanyans adlı qımdat karıxıb bilmirdi ki, nə etsin. Bu zaman müsəlmanların atəşindən üç güllə ona yerə sərdi. Ermənilər öz başçılarının yerə yıxılaraq çabaladığını görən kimi qaçmağa başladılar. Müsəlmanların təqib etdiyi ermənilərin bir hissəsi Stepanyans vurulan yerə gəldilər. Gördülər ki, hələ ölməyib. O, əlindəki tüfəngi götürüb daşa çırpdı ki, müsəlmnalara qismət olmasın. Tüfəngin qundağı sınsa da, özü salamat qaldı. Sonra da əli titrəyə-titrəyə qoynundan bir dəstə əskinas çıxarıb dişi ilə parça-parça etdikdən sonra yıxılıb öldü. Irəli gəlib gördülər ki, həmin əskinaslar yüz manatlıq pullar imiş. Təxmin etdilər ki, onun üstündə bir neçə min manat pul var imiş. Belində də bir onaçılan qəribə tapança var idi. Deyilənə görə, onun qoltuğundan bir kağız da çıxıb. O kağızda bu sözlər yazılıbmış: “Qafqaz ermənilərinin qubernatoru Stepanyans”.

Xülasə, ermənilər özyaralılarını da götürüb getdilər. Bu vuruşmada ermənilər tərəfdən 400 nəfərin öldürüldüyü təxmin edildi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info