Qonaq Kitabı
1905-1906-Cİ İLLƏRDƏ ERMƏNİ-MÜSƏLMAN DAVASI

 

QANLI-QADALI İLLƏRİN DƏYƏRLİ ABİDƏSİ

 

Artıq altıncı ildir ki, ortaya atılmış süni Dağlıq Qarabağ probleminin tarixi köklərinin öyrənilməsi, onu ortaya atmış erməni millətçiləri və onların havadarlarının niyyətlərini ifşa etmək baxımından Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvabın (1833-1918) indiyədək elm aləminə məlum olmayan “Təvarixi-rəzm və şurişi tayifeyi-əraməniyeyi – Qafqaz ba firqeyi müsəlmanan” (“Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri”) əsəri son dərəcə əhəmiyyətlidir. M.M.Nəvvab yaşadığı dövrdə baş verən hadisələrdən kənarda qalmamış, tariximizin ən faciəli, qanlı səhifələrindən birini təşkil edən 1905-1906-cı illərdə rus imperiyasının fitnə-fəsadı və onun qəsbkar ordusunun köməyi ilə erməni millətçilərinin xalqımızın üzərinə qaldırılması nəticəsində baş vermiş qırğınları qələmə almışdır.

Əsərdə 1903-1904-cü illərdə Şuşada və Qarabağın başqa kəndlərində erməni millətçilərinin Azərbaycan türklərinə qarşı törətdikləri cinayətlər haqqında ayrı-ayrı epizodlarda geniş məlumat verilir. Müəllifin yazdıqlarından aydın olur ki, o vaxt da mərkəzdən bu iki millətə münasibət fərqli olmuşdur. M.M.Nəvvab qeyd edir ki, çarın əmrilə silah gəzdirmək Azərbaycan türklərinə qəti qadağan edilmişdi. Bundan istifadə edən silahlı erməni dəstələri silahsız azərtürkləri asanlıqla tutmağa və min cür əzabla öldürməyə müyəssər olurdular. Onlar fürsət düşən kimi istər azərtürk, istərsə də Osmanlı türklərinə hər cür maddi, mənəvi və fiziki zərbələr endirməyə çalışmışlar. Əsərdə deyildiyi kimi, hətta 1877-ci il Rusiya-Türkiyə müharibəsi zamanı rus ordusunun tərkibində Qars şəhərinə daxil olan ermənilər orda əllərinə keçən əlyazma kitablarını və Qurani-Şərifi amansızcasına yandırmışlar.

M.M.Nəvvab yazır ki, erməni millətçiləri əvvəl Osmanlı dövlətində, sonra isə Rusiya şəhərlərində xüsusi qımdatxanalar (müasir saqqallı erməni quldurlarının əcdadlarını türklərə qarşı birləşdirmiş mərkəzlər) yaratmışdılar. Ora ziyalılar, cavanlar, sənətkarlar və erməni icmasının başqa nümayəndələri cəlb olunurmuş. Osmanlı və Azərbaycan türklərinə qarşı təbliğatda, təxribatda, sui-qəsddə, eləcə də, silahlı toqquşmalarda istifadə etmək üçün lazımi hərbi sursatın, çar məmur və zabitlərinin rüşvətlə ələ keçirilməsi məqsədilə varlı erməni təbəqələrindən pul toplamaq qımdatları əsas vəzifələrindən biri idi.

Istər qımdatlara, istərsə də başqa erməni millətçi dəstələrinə xeyir-dua verən, onların xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin, qırğınların əsas təşkilatçısı yerlərdə fəaliyyət göstərən kilsələr və kilsə xadimləri olmuşlar. Onlara isə ümumi rəhbərliyi Eçmiədzin (Üç müəzzin) etmişdir.

Kilsənin toxunulmaz Tanrı məbədi olduğunu nəzərə alaraq keşişlər onu 1905-1906-cı illərdə xalqımıza qarşı erməni quldur dəstələrini silahlandıran hərbi sursat cəbbəxanasına çevirmişdilər. 1906-cı ildə Şuşada ardı-arası kəsilməyən bu qırğınlardan cana doymuş bir neçə erməni Şuşa kilsələrinin yeraltı qatlarında məxfi hərbi sursat anbarları olması haqqında gizlicə şəhər üsul-idarəsinin başçısı olan rus generalına xəbər verərək həmin anbarların ləğv edilməsini tələb edirlər. Yoxlanış zamanı iki kilsənin yeraltı qatından çoxlu miqdarda tüfəng, güllə, top, bomba, dinamit, evlərin yandırılmasında istifadə etmək üçün müxtəlif maddələrlə doldurulmuş silah anbarları aşkar edilmişdi. Kilsənin əsas fəaliyyəti ilə daban-dabana zidd olan bu əməllərinə görə Ter-Ovanesyan, Ter-Arsen Vartapetov, Ter-Karapet Vartapetov, Mirzabekov, Asatur Vartapetov kimi keşişlər sadəcə olaraq Şuşadan uzaqlaşdırılmışdılar.

Bəzilərinə təəccüblü görünər ki, insanlığı mənəvi paklığa çağıran, onlara pislikdən, ədavətdən, zalımlıqdan əl çəkməyi tövsiyyə edən, adamları ədalətə, xeyirxahlığa, haqq yoluna dəvət edən Tanrı məbədinə ölüm, qan qoxusu verən və kilsə qanunlarına tamamilə daban-dabana zidd olan silahların orda toplaşması, saxlanması və quldur dəstələrini silahlandırılıb, başqa bir xalqa və onun torpağına qarşı təcavüzə yönəltmək mümkün olan şeydirmi?!

Əgər biz XX yüzilliyin lap əvvəllərindən başlayaraq bu günümüzədək erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən aşkar və gizli qırğınlara, torpağımıza şərik və sahib olmaq məqsədilə aparılan təbliğatlara və silahlı vuruşmalara dair Çar Rusiyasında və keçmiş SSRİ-də, eləcə də xarici ölkələrdə yazılmış onlarla məxəzi izləmiş olsaq, görərik ki, elə bu iki millət arasında ədavəti qızışdıran və təşkil edən başlıca qüvvə kilsə və onun ətrafına toplanmış erməni “ziyalıları” olmuşlar.

Iki millət arasında davam edən iğtişaş və qırğınlar zamanı kilsənin fəaliyyətini dərindən öyrənmiş rus diplomatı, general Mayevski öz qeydlərində yazır: “Erməni din xadimləri haqqında bir neçə söz demək istəyirəm. Onların dini fəaliyyəti olduqca cüzidir. Erməni din xadimlərinin fəaliyyəti “Allah kəlamını” çatdırmaqdan çox, müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir”.

Vaxtilə Eçmiədzinə səfər etdikdən və onun fəaliyyətilə yaxından tanış olduqdan sonra fransız alimi Baron de-Bay belə yazmışdı: “Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur... Mənim bütün minnətdarlıqlarıma baxmayaraq, mən səmimi olmalıyam. Bu monastır məndə dini mərkəzdən çox siyasi mərkəz təəssürtı yaratdı”.

Erməni kilsəsinin belə qeyri-insani fəaliyyətini işıqlandıran ayrı-ayrı məxəzlərdən çoxlu nümunələr gətirmək olar. Son dövrlərdə də istər xaricdə, istərsə də daxildə olan erməni mafiyasının ən qüdrətli dayaqlarından biri, terror və təbliğat şəbəkələrinin təşkilatçısı, onu maddi cəhətdən təmin edən kilsə olmuşdur.

Mir Möhsün Nəvvabın haqqında danışdığımız əsəri hal-hazırda istər Dağlıq Qarabağda, istərsə də digər bölgələrdə gedən müharibənin səbəblərinin, onun tarixi köklərinin və erməniləri dəstəkləyən qüvvə və tərəflərin öyrənilməsində və xarici qüvvələrin bu bölgədə apardıqları siyasətin aşkarlanmasında dyəərli məlumatlar verəcək.

 

Kamandar Şərifli.

 

 

GİRİŞ

 

İzzətli və mehriban qardaşlarım, hüzuruna böyük ehtiramla, Nəvvab Mir Möhsün mərhum Hacı Seyid Əhməd Ağamirzadə Qarabaği oğlu ərzi-əhval edir ki, bu vaxtlar, yəni hicri 1323-cü (miladi 1905) ildə Qafqaz vilayətində və bir para xarici ölkələrdə ermənilərlə müsəlmanlar arasında baş vermiş iğtişaşların və qırğınların bir parasını müxtəsər şəkildə yadigar qalmaq üçün Azərbaycan türkisində qələmə aldım.

Əvvəla, bunu bilmək lazımdır ki, Qafqaz vilayətləri müsəlman padşahlarına, ələlxüsus, İran şahlarına tabe olub. Elə ki, Qafqaz vilayətlərində, o cümlədən, Azərbaycanda ayrı-ayrı xanlıqlar yaranaraq İran tabeliyindən çıxdılar, bu zaman, yəni hicri 1161-ci (miladi 1748) ildə Pənah xan Bayatda bir qala tikdirdi. Bir az müddətdən sonra həmin qalanı tərk edib hicri 1165-ci (miladi 1751) ildə Tərnəkütdə başqa bir qala bina etdi. Beş il istər-istəməz o qalada qaldı. Əyanlar Pənah xanın bu qalaya meylsiz olduğunu hiss edib ona müraciət etdilər ki, əgər məsləhət bilsəniz, gözəl havası olan səfalı, hündür bir yer var ki, orda yeni bir qala tikdirərdin. Ora müdafiə baxımdan da münasib bir mövqedə yerləşir. Pənah xan öz əyanları ilə gəlib həmin yerə baxarkən gördü ki, ora hündür bir yerdir, dörd ətrafı uca qayalar və dağlarla əhatə olunmuşdur. Uçan quşlardan başqa insan və heyvan həmin qayalarla qalxıb-enməyə qadir deyil. Bura yalnız iki tərəfdən – şərqdən və qərbdən gediş-gəliş yolları var. Pənah xan həmin yeri bəyənib bildirdi ki, çox yaxşı möhkəm şəhər yeridi. Lakin nə fayda ki, kifayət qədər axar suyu və çayları yoxdu. Sonra xanın əmri ilə kənkanlar gəlib orda bir neçə yerdə quyular qazdıılar. Quyulardan yaxşı su çıxdı. Lakin şor idi.

Hicri 1170-ci (miladi 1756) ildə Pənah xanın əmrinə əsasən həmin yerdə bir qala tikildi və həmin qala Pənahabad qalası adlandırıldı. Indi həmin qalaya Şuşa qalası deyirlər. Get-gedə həmin qala abadlaşdırılaraq şəhərə çevrildi. Burda zərbxana tikdirilərək pul kəsilməyə başladı. Burda sikkələr kəsilirdi. Qarabağda Pənah xanın hakimiyyəti İran padşahının onu İrana aparana qədər davam etmişdi (Xan İrana aparılanda orada vəfat etmişdi[i]).

Pənah xandan sonra İbrahim Xəlil xan öz atasının yerində oturub hökmranlıq etmişdi. İbrahim Xəlil xan Qalanın (xalq arasında Pənahabad şəhəri Qala adı ilə də məşhur idi) abadlığına böyük əhəmiyyət verərək onun ətrafında çoxlu kəndlər salmışdı. Bununla da get-gedə onun xanlığı qüvvətlənmiş və özü böyük şöhrət tapmışdı.

Iran padşahı Ağa Məhəmməd şah Qacar saysız qoşunla Qarabağa hücum etdikdən sonra Qalaya daxil olarkən İbrahim Xəlil xan Dağıstan tərəfə qaçmışdı. Ağa Məhəmməd şah Qacar isə xanın oğlu Məhəmməd Həsən ağanın evini özünə iqamətgah seçmişdi.

Ağa Məhəmməd şah Qacar bir gün Səfərəli adlı bir nökərini cinayət etdiyinə görə hədələyib, buyurur ki, sabah müqəssirlərin hamısının başını kəsdirib bir minarə tikdirəcək və Səfərəlinin başını lap yuxarıda qoyduracaq. Həmin Səfərəli şahın qapısında keşikçi durardı. O gecə bir yoldaşı ilə birlikdə gecədən xeyli keçdikdən sonra şahın yatdığı evə daxil olub, xəncər ilə şahın qarnını yırtıb öldürürlər.

Bu hadisə hicri 1211-ci (miladi 1796) ildə baş vermişdi. Şah öldürüldükdən sonra qoşun dağılıb İrana qayıtdı və İbrahim Xəlil xan gəlib öz yerində qərar tutdu. Ağa Məhəmməd şahın vəliəhdi Fətəli şah hadisədən xəbərdar olduqdan sonra oğlu Abbas Mirzənin sərkərdəliyi ilə yenidən Qarabağa qoşun yeritdi. Bu əhvalatdan xəbər tutan İbrahim xan qorxuya düşdü. Dərhal öz oğlu Məhəmməd Həsən ağanı Gəncəyə rus sərdarlarının yanına göndərib ondan kömək istədi. Rus sərdarı on min qoşun götürüb Məhəmməd Həsən ağa ilə birlikdə Qarabağa gəldi. Ibrahim Xəlil xan əmirlilərdən və cəbrayıllılardan bir qədər atlı götürüb rus sərdarının qabağına gəldi. Görüşdən sonra onlar Araz çayı tərəfə İran qoşununun qarşısına hərəkət etdilər. Aslandüz deyilən yerdə İran qoşunu ilə qarşı-qarşıya gəlib, bir az döyüşəndən sonra azsaylı İran qoşunu geri çəkilib İrana qayıtdı. Vuruşdan sonra İbrahimxəlil xan öz atlıları və rus qoşunu ilə birlikdə geri dönüb qalaya tərəf üz qoydular. Gəncə - Qarabağ yol ayrıcına çatarkən rus sərdarı irəli çıxıb xanla əl tutduqdan sonra dedi ki, cənabımızın Qalasını çox tərifləyirlər. Amma təəssüflər olsun ki, mən sizin Qalaya tamaşa edə bilmədim. Yazıq xan safürəkliyindən rus sərdarının bu hiyləsini anlamayıb buyurdu ki, nə eybi var, Gəncəyə bir neçə gün gec gedərsiniz. Buyurun, gedək bir-iki gün bizə qonaq olun. Qalaya tamaşa edin. Sərdar bir az fikirləşdikdən sonra dedi ki, bir gecə-gündüz hüzurunuzda qonaq olmaq asandır. Bu söhbətdən sonra onlar qoşunla Qalaya tərəf üz qoydular. Xan bağı deyilən yerə çatarkən sərdar qoşuna əmr etdi ki, bu qədər adamın şəhərə girməyinə ehtiyac yoxdur. Bir neçə yüz nəfər mənimlə Qalaya gəlsin, qalan qoşun biz geri qayıdanacan burda gözləsin. Rus sərdarı neçə yüz əsgər götürüb, Qalaya xanın hüzuruna gəldi. Qalaya daxil olan kimi sərdar dönüb rusca öz əsgərlərinə əmr edərək sıraya düzdü. Xan soruşdu ki, nə üçün əsgərləri sıraya düzdünüz. Sərdar buyurdu ki, əsgərləri sizin şərəfinizə sıraya düzdüm. Bundan sonra sərdar rusca əsgərlərə nə dedisə, onlar tələsik yüyürüb bürc və barı üstünə çıxaraq şeypur çalmağa başladılar. Həmin saat Xan bağı tərəfdən Kəhrab deyilən yerdən də şeypur çalındı. Xanı təəccüb götürdü. Çox keçmədi arxada qalan əsgərlər də gəlib Qalaya daxil oldular.

Sərdar xanın qabağına gəlib dedi ki, biz artıq bu Qalanı zəbt etdik. Əgər sən rus padşahına bu qala və bütün dövlətinlə tabe olursansa, hakimiyyət sənin əlində olacaq. Yox əgər tabe olmaq fikrində deyilsənsə, sənə üç saat möhlət veririk, imarətindən nə ehtiyac duyursan, götürüb istədiyin yerə gedə bilərsən.

Xan bu xəyanətdən çox təsirlənib rus sərdarına təhqiramiz sözlər dedi. Rus sərdarı buyurdu ki, artıq danışmaq lazım deyil. Bu şəhəri biz tutmuşuq və sənə üç saat möhlət vermişik. Istədiyini edə bilərsən.

Yazıq xan əlacsız qalıb öz imarətinə gəldi. Bacardığı qədər lazım olan əşyaları, övrət-uşağı götürüb bütün atlı-piyada nökər və qoşunları ilə Qaladan çıxdılar. Qalanın yaxınlığında üstü hamar olan qayalıq yerdə çadırlar qurub məskən saldılar. Çadırlarda və alaçıqlarda yaşayan xanın və onun adamlarının əmin-amanlığına təmin etmək üçün ətrafda səngərlər qazdılar. Dərhal xanın əmrilə münşilər İran şahı Fətəli şaha bir ərizə yazdılar. Ərizədə xan yazırdı ki, rus sərdarı hiylə ilə mənim başıma belə işlər gətirdi. Mən indi bütün adamlarımla çıxıb Qaladan kənar bir dağın üstündə məskən salmışam. Sədaqətlə bu ərizəni hüzurunuza göndərirəm ki, mənə kömək əlinizi uzadasınız. Bundan sonra cənabınıza tabe oluram. Xan həmin ərizəni bir Qurani-Şərifin arasına qoyub, onu da möhürləyib, şaha göndərdi. Bunun da mənası o idi ki, and olsun bu Qurani-Şərifə ki, cənabınıza tabe olacağam.

Şahənşah ərizəni alan kimi dərhal 12 minlik qoşun toplayıb, topxanası ilə birlikdə İbrahimxəlil xanın oğlu Əbülfət ağanın sərkərdəliyi ilə xanın köməyinə göndərdi.

Bu tərəfdən rus sərdarını bu əhvalatdan xəbərdar etdilər. Sərdarın əmri ilə həmin saat gecə vaxtı bir neçə yüz əsgər toplanıb, xəbər gətirən adamın sərəncamına verildi.

Qoşun aşağı bürcün altında yerləşən lağımdan keçərək Şuşakəndə gəldi.

Qoşunun başçısı Şuşakənddən bir neçə erməni bələdçisi götürüb dağların ətəkləri ilə gizlincə İbrahimxəlil xanın məskən saldığı yerə tərəf hərəkət etdilər. Qoşun xanın səngərlərinə çatarkən İbrahimxəlil xan çadırında öz dövlət əyanlarının əhatəsində əyləşib, söhbət edə-edə qızıl qəlyan çəkirdi. Bu məclisdə mənim, yəni, bəndeyi-həqir Nəvvab Mir Möhsünün ana babası mərhum Əmiraslan bəy də iştirak edirdi. Birdən xana xəbər verdilər ki, rus qoşunu sənin üstünə gəlir. xan qalxıb neçə dəfə təkrarən dedi:

- Ey kafir, ey kafir!..

Dərhal əmirli atlılarından birisi bir güllə atıb əsgərin birini öldürdü. Bu zaman rus əsgərləri dərhal birlikdə onların üzərinə atəş açdılar. Güllələrin bir neçəsi İbrahim xana dəydi və kürsüdən yıxıldı. Xanın övrət-uşağı tökülüb onun bədənini qucaqlayıb ağlaşmağa başladılar. Atılan güllələrdən neçəsi onlara, əyanlara və nökərlərə dəydi. Qalanlar isə hərə bir şey götürüb, müxtəlif tərəflərə qaçdılar. Əmiraslan bəy dərhal mərhumə Gövhər ağanı və qızıl qəlyanı götürüb qaçdı. Məzlum xanın ev əhli və uşaqlarından salamat qalanlarını onun adamları götürüb qırğından xilas etdilər. Əmiraslan bəy isə Gövhər ağanı möhkəm və təhlükəsiz bir yerdə gizlədi. Sonra isə gəlib bir az yemək əldə edib, Gövhər ağaya gətirdi. Gövhər ağa gözü yaşlı istər-istəməz bir neçə loxma yedi. Əmiraslan bəy Gövhər ağanı birtəhər sakitləşdirib, sonra öz evinə gətirdi.

Digər tərəfdən İbrahim xan öldürüldükdən sonra onun atlı dəstələri də dağılıb hərəsi bir tərəfə getdi. Hadisə yerindən uzaqlaşan xan atlıları Nabatxan deyilən yerdə Əbülfət ağanın qoşununa rast gəldilər. Əbülfət ağa gördü ki, bir neçə atlı sürətlə hərəkət edirlər. O, nökərlərinə buyurdu ki, o atlıları qaytarıb, onun hüzuruna gətirsinlər. Atlılar İbrahim xanın başına gələn əhvalatı eşitcək hönkür-hönkür ağladıqdan sonra qoşunla ordan geri, İrana qayıtdı ki, şahdan yeni fərman sadir ola.

Xülasə, bu əhvalat ətraflı şəkildə “Tarixi-Qacariyyə”də və “Qaraba tarixi”ndə şərh edilir. Oxumaq istəyənlər həmin tarix kitablarına müraciət edə bilərlər. Bizim məqsədimiz isə bu illərdə erməni tayfası ilə müsəlmanlar arasında baş vermiş əhvalatları (iğtişaş və qırğınları) bəyan etməkdir.

Elə ki rus dövləti Qafqaz məmləkətinə hakim oldu, hər yerdə sakitlik yarandı. Heç bir millətin bir-biri ilə işi yox idi. Hər kəs öz işi ilə məşğul idivə hər millət öz qanunu ilə məbədlərində ibadət edirdilər. Heç bir millət bir-birinə hücum etmirdi. Xüsusən, ermənilərlə müsəlmanlar arasında çox vaxt məhəbbət və dostluq olub, bir-biri ilə alış-veriş edirdilər. Xanlıqlar zamanında ermənilər və müsəlmanlar arasında belə mehribançılıq var idi. Hətta İbrahim xan erməni məliklərindən Məlik Şahnəzərin qızı Hurizad xanımı özünə kəbinli arvad etmişdi. Həmin Hurizad xanımın Böyük məcsidin həyətində hal-hazırda vaqviyyatı var.

Əfsuslar olsun ki, erməni tayfasının indi təbiəti dəyişib. Zahirləri batinləri ilə bir deyil. zahirən özlərini dost kimi göstərsələr də, batinləri ədavətlidir. Özləri də görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər.

 

 

 BAĞIRQAN DAĞI

 

Bu halda bir neçə kəlmə erməni tayfasının törətdiyi əhvalatlardan yazmaq lazımdır. Əvvəla, mərhum İbrahim xanın hökmranlığı zamanında Pənahabad, yəni Şuşa qalasının şərq tərəfində Bağırğan dağı deyilən yerdə bir uca qaya vardı. Həmin dağda öz təbəələri ilə Avan Koxa adlı bir erməni yaşayırdı. Avan Koxa öz təbəələrinə buyurmuşdu ki, harda əllərinə müsəlman düşsə, tutub onun hüzuruna gətirsinlər. Avan Koxanın əmrilə tutulmuş müsəlmanı çılpaqlayıb üzü üstə yerə yıxardılar. Sonra onun arxasının dərisindən dörd barmaq enində bıçaqla boynundan qom ətinəcən iki tərəfdən xətt çəkdirər və dərinin ucunu aşağı əydirilmiş ağacın qüvvətli bir budağına bənd edib budağı buraxırdılar. Ağacın budağı qüvvətlə yuxarı qalxanda o yazıq müsəlmanın dərisi boynuna qədər soyulardı və onun bağırtısı o dağa düşərdi. Bu əhvalatı görənin və eşidənin də bağrı qan olardı. Buna görə də həmin qayaya “Bağrıqan dağı” adı vermişdilər.

 

 

 QƏDİMDƏ ERMƏNİ-MÜSƏLMAN DAVASI

 

1260-cı (miladi 1844) il tarixdə qundaqsaz İsaballı bir erməni başqa ermənilərlə birlikdə müsəlmanların şəbeh gətirməyini təqlid edərək istehza edərlərmiş. Müsəlmanlar hadisədən xəbərdar olan saat dükan-bazarı bağlayıb Xan bağına getdilər və şəhərin hakimi Cəfərqulu xanı Qalaya gətirdilər. Şəhərdə böyük bir qovğa üz verdi. Böyük-kiçik hamı hakim tərəfə üz qoydular. Bu haldan çox qorxuya düşmüş hakim nə qədər istədi ki, müsəlmanları sakitləşdirsin, mümkün olmadı. Axır, bir bəhanə ilə aradan çıxıb evinə getdi. Iğtişaş get-gedə şiddətlənirdi. Onun qarşısını almaq üçün Şuşakənddə olan digər şəhər hakimi Ala bəyi gətirdilər. Ala bəy atlı meydana daxil olan kimi xalq onu araya aldı. Mirhadi adlı bir seyid irəli gəlib Ala bəyi çəkib atdan yerə saldı və vurub baş-gözünü yardı. Xalq üz qoydu ermənilərin üstünə. Ermənilər tamam dükandan çıxıb qaçdılar. Kimisi dükanı bağladı, kimisi bir qapısını örtdü, kimisi də buna fürsət tapmayıb ayaqyalın üz qoydular qaçmağa. Bir para uzaqgörən müsəlmanlar qaçan ermənilərin bir parasını evlərinə gətirib, mühafizə edib sakitləşdirdilər. Cahil müsəlmanlar isə ermənilərin vurub baş-gözlərini yardılar. Xülasə, şəhərin hakimi birtəhər müsəlmanları sakit edib erməniləri böyük fəlakətdən qurtardı.

 

 

*        *        *

Hicri 1294-cü (miladi 1877) ildə rus-osmanlı müharibəsində rus dövlətinin ordu başçılarından bir neçəsi erməni tayfasından idi. Həmin ermənilər Qars şəhərini tutarkən düşmənçiliklə nə qədər müsəlman kitabları və Quranı-Şərif əllərinə keçirdisə, yandırırdılar.

 

 *        *        *

Həmin tarixdə ermənilərin böyük sənətkarları İrəvan şəhərində Üçkilsədə (Eçmiədzin) maşın tərtib edib, 9 milyon qəlp eskinas pul kəsdilər. Dövlət xəbərdar olub, qəflətən tökülüb həmin pulu və maşını müsadirə edib, pulkəsənləri və kəsdirənləri tutub cəzalandırdı.

 

 *        *        *

Hicri 1321-ci (miladi 1903) il tarixində müsəlman kəndindən olan Məhəmməd və Salman adlı iki qardaş öz yüzbaşlarına etiraz əlaməti olaraq qaçıb meşənin içində kömür yandıran Aleksan adlı dağlı bir erməninin yanına gəldilər. Həmin iki qardaş ermənilə hal-əhval etdikdən sonra əyləşdilər. Hava soyuq olduğuna görə bir az quyunun kənarında oturub qızındıqdan sonra xurcunlarında olan yeməyin hamısını çıxarıb, yarısını erməniyə verdilər, qalanını isə özləri yedilər.

Əhvalatdan xəbər tutan bu iki cavanın ata-anası hər gün yemək və çörək gətirib həmin kömürxanada onlara verirdilər. Bu əhvalat bir neçə gün belə davam etdi. Yenə bir gün onlara dadlı yeməklər gətirdilər. Cavanlar yeməyi yarıya bölüb, yarısını erməniyə verib, yarısını özləri yeyib, isti vura-vura yuxuya getdilər. O məlun erməni özündən savayı, qabaqcadan daha iki erməni gətirib orda gizlətmişdi. Elə ki cavanlar yatdı, ermənilərin hər üçü durub əllərində balta yavaş-yavaş gəlib, o biçarələrin başlarını iki parə etdilər. Cavanlar bircə dəfə çığırıb canlarını tapşırdılar. Sonra o məlun ermənilər o biçarələri üryan edib, paltarlarını və ciblərini soyub, bədənlərini kömür quyusuna atıb yandırdılar.

Yenə bu günlərdə Əfətli kəndinin müsəlmanlarından iki nəfər şəxsi Ballıca kəndinin erməniləri hiylə ilə tutub öldürmüş və meyidlərini yandırmışlar.

 

*        *        *

Hicri 1321-ci il (miladi 1903) tarixdə rus-yapon müharibəsi zamanı bir qarabağlı erməni yapon dövlətinə dəyəri bir milyon yarım manat olan bir gəmi peşkəş elədi.

Bu zaman rus dövlətinin başı müharibəyə qarışdığına görə ermənilərdən çağırılmış əsgərlər dövlətə xəyanət edərək dəstə-dəstə silahları ilə bərabər, Osmanlı və İran dövlətlərinə qaçdılar. Qərəz, öz məzhəblərinin qaydası ilə andlarına yalan çıxıb müxtəlif xəyanətlər edirdilər.

 

*        *        *

Bunlar hər şəhərdə bir qımdatxana təşkil edirdilər. Ilk dəfə Osmanlı şəhərlərində, sonra isə Rusiyanın ayrı-ayrı şəhərlərində belə qımdatxanalar yaratmağa başladılar. Bu qımdatxanalara bütün siniflərdən şəxs cəlb olunurdu: oxumuş cavanlar, sövdəgərlər, sənətkar və başqaları.

Bu qımdatların icmasının müşavirəsində bir qərar qəbul olundu ki, hər bir iş sahibi qımdatxanalara pul verməlidir. Qımdatxanadan həmin qərara əsasən erməni iş sahiblərinə məktublar göndərib onların qımdatxanaya göstərilən məbləğdə pul göndərməsini tələb edirdilə. Erməni iş sahibi məktubun tələbinə əməl etmədikdə ona qımdatxanadan ikinci dəfə elannamə yazılırdı. Əgər yenə həmin şəxs pul verməkdən imtina edərdisə, üçüncü dəfə onu hədələyirdilər. Bu dəfə də tələbə əməl etmədikdə qımdatlar həmin şəxsin öldürülməsi üçün bir və ya iki nəfər təyin edirdilər. Həmin şəxslər isə nəzərdə tutulmuş adamı öldürüb gizlənirdilər. Heç kəs bilmirdi ki, bu cinayəti kim etdi və hara getdi. Əgər caniləri bilən və taniyan olsa da, cürət edib heç kəsə deyə bilməzdi. Çünki kimsə canini ifşa etməyə cəhd göstərsəydi, onun özü də qımdatxana quldurlarının sui-qəsdinə məruz qalardı.

Atası nalbənd olmuş Camqarov familiyalı bir erməni Allah təbarək və təalanın iradəsilə tez bir zamanda milyonçu olur. Qımdatlar başqa varlı ermənilər kimi ona da kağızla müraciət edib qımdatxanaya 30 min manat verməsini tələb edirdilər. O isə qımdatların, tələbinə məhəl qoymayıb Moskvaya gedir. Bu zaman qımdatlar Moskvada yerləşən qımdatxanaya yazırlar ki, o bizim tələbimizə əməl etmədiyinə görə cəzasına çatdırılaraq qətlə yetirilsin.

Moskva qımdatxanasının başçıları özlərinin muzdlu qatillərinin arasında püşk ataraq Camqarovun öldürülməsi tapşırığını onlardan birinə həvalət etdilər. Həmin qatil Camqarovu Moskvada kilsənin qapısı yaxınlığında qətlə yetirdi.

Beləliklə də, qımdatxanaların muzdlu qatilləri neçə-neçə günahsız ermənilərin və rusların ölümünə də bais olurdular.

 

Əlavə[ii]: Hicri 1321-ci (miladi 1903) ildə rus dövləti Qafqaz vilayətindəki kilsələrin əmlakını zəbt etmək istəyirdi. O vaxt bütün Qafqaz şəhərlərində olan erməni icmalarının başçıları toplaşıb rus dövlətinin niyyətinə qarşı durmaq və onun həyata keçirilməsinə mane olmaq qərarına gəldilər. Bunun nəticəsində dövlət tərəfindən erməni milliyyətindən olan xeyli adamlar qətlə yetirildi. Bununla bərabər, bir çox erməni icmalarının tanınmış başçıları tutularaq Sibirə göndərildi. Kilsələrin əmlakı isə zəbt olunub dövlət sərəncamına verildi.

 

ƏLAVƏ: Həmin göstərilən bu ildə şəhərlərdə çox nahaq qanlar töküldü, xalqlar bir-birinə çox zülmlər etdilər. Bunun xoşagəlməz təsiri hər tərəfi bürüdükcə insanları xoş və rahat həyatdan məhrum edirdi.

Xüsusən, Mancuriya torpağında rus tayfasından nə qədər insanların nahaq qanları töküldü, gəmiləri dənizlərdə batırılıb məhv oldular, neçə-neçə şəhərlər və kəndlər xarabalıqlara çevrildi.

Bu tarixdə İran vilayətinə xəstəlik düşüb, sayı həddi-hesaba gəlməyən insanlar tələf oldular.

Bu günlərdə bəndeyi-aciz Nəvvab Mir Möhsün qardaşı Hacı Mirzə Abutalıb xanı Tehranda Amas adlı öz nökəri yatdığı yerdə öldürüb, bacardığı qədər cəvahiratdan və nəqd puldan götürüb qaçıb. Amma bu cinayətdən qaça bilməyib, rus divanxanasının əlinə keçib.

 

ƏLAVƏ: Hicri 1322-ci (miladi 1904) il tarixdə iyunun 16-da Moskva şəhərinə bir dolu yağdı ki, dolunun hər bir dənəsinin ağırlığı təxminən bir girvəngəyə yaxın idi.

 

ƏLAVƏ: 1904-cü il iyulun 3-də rus padşahının oğlu oldu. Onun adını Aleksey qoydular.

 

 

 

 1904-cü İLDƏ BAKIDA ERMƏNİLƏRLƏ MÜSƏLMANLAR ARASINDA BAŞ VERMİŞ MÜNAQİŞƏ

 

Əvvəla bunu bilmək lazımdır ki, İrəvan şəhərinin erməniləri çox kinli, ədavətli, təkəbbürlü, xudpəsənd və xəmirləri fitnə-fəsad ilə yoğrulmuş adamlardır. Hansı vilayətdə ki bunlar tapılır, mütləq orda bir ədavət və iğtişaş olacaq. Qafqaz vilayətlərində nə qədər iğtişaş və münaqişələr baş verirdisə, onların birinci səbəkarı İrəvan erməniləri olurdu.

Bir gün Bakıda olan İrəvan erməniləri şəhərdə iğtişaş salmağa cəhd göstərirlər. Belə ki, özünü hamıdan qoçaq və igid hesab edən həmin ermənilərdən biri bir müsəlman öldürür. Ondan sonra lovğalanaraq hər yerdə özünü tərifləyir və gördüyü cinayətlə fəxr edirdi. Bir gün o, küçədə getdiyi yerdə 18 yaşlı Bakı camaatından gənc bir oğlan onun qarşısına çıxıb deyir:

- O erməni qoçağı sənsən?

Erməni cavab verir:

- Qoduq, mənəm!

Oğlan bu cavabı eşidən kimi tapancanı çıxarıb, erməninin bədəninə üç güllə yeridərək öldürür. Ermənilər həmin müsəlman oğlanı tutub, döyə-döyə gətirib divanxanaya verirlər. Divanxanada oğlanın üstünü yoxladıqdan və dəfələrlə danışdırdıqdan sonra zindana göndərirlər. Ermənilər divanxanada həmin oğlanı danışdıran məmura rüşvət verib, razı saldıqdan sonra onu bir də divanxanaya gətirilib sorğu-sual edilməsini tələb etdilər. Onlar məmurun qarşısında belə şərt qoydular ki, oğlanı məmurun yanına erməni əsgərləri gətirsin. Elə ki oğlanı məmurun yanına gətirdilər, dedi ki, mən bütün həqiqətləri açıb danışmışam. Sən isə bunların hamısını yazdın. Ikinci dəfə buraya məni gətirməyə nə ehtiyac vardı? Məmur hirslənərək oğlanın boynuna yumruq vurub əmr etdi ki, onu həbsxanaya aparsınlar. Oğlan məmura yalvarıb xahiş etdi ki, onu erməni əsgərləri ilə göndərməsin. Çünki onlar yolda məni öldürəcəklər. Məmur ona qulaq asmayıb, zindana aparmağı əmr etdi. Həmin İrəvandan olan erməni əsgərlər isə oğlanı çəkə-çəkə aparıb, bir dar küçədə yerə yıxdılar və süngü ilə dəlik-deşik edib öldürdülər. Sonra isə məmura bildirdilər ki, qaçmaq istəyirdi, biz də öldürdük.

 

ƏLAVƏ: Karxana sahibi olan sabunçu Ağa Rəzi adlı böyük bir şəxs faytonda küçə ilə gedərkən ermənilərin hücumuna məruz qalaraq öldürülmüşdü. Əhvalatdan xəbərdar olan Bakı əhli bundan çox təsirləndilər. Bundan əvvəl də ermənilər tərəfindən bir sıra cinayətlər törəndiyinə görə xalq arasında böyük iğtişaş baş verdi. Ermənilərin bu düşmənçiliyinə artıq dözməyən camaat bazar-dükanları bağlayaraq cavanlar tüfəng-tapanca ilə silahlanıb, üz qoydular erməni camaatının üstünə. Dükanda ələ düşəni dükanda, bazardakını bazarda, küçədəkini küçədə öldürüb, leş-leş üstünə tökdülər.

 

 

 

LALAYEVİN BAKI ŞƏHƏRİNDƏ TÖRƏTDİYİ ƏHVALAT

 

Bakı şəhərində erməni milliyyətinə mənsub olan Lalayev soyadlı bir nəfər vardı, karxana sahibi idi. Bu erməni var-dövlətinin çoxluğundan özünü hədsiz dərəcədə qudurğan aparırdı. Belə ki, ermənilərin məclisində və ya yığıncaqlarında müsəlman tayfasının adı çəkiləndə o, ermənilərə müraciətlə deyirdi ki, “sizə ar olsun, müsəlmanın adı gələndə titrəyirsiniz, müsəlmanlar kimdir ki, onlardan belə qorxursunuz? Mən müsəlmanları bir milçək və qarışqa hesab edirəm. Onlar od olsalar da özlərini yandıra bilməzlər”.

Sabunçulu Ağa Rəzi öldürüldükdən sonra Bakıda baş verən iğtişaş zamanı hər tərəfi tüfəng və tapanca gurultusu və müsəlman igidlərinin nərəsi və “ya Əli” sədası bürüyərkən həmin Lalayev qabaqcadan evində topladığı döyüş silahlarını işə saldı. Onun yaratmış olduğu 20-30 nəfərdən ibarət erməni quldur dəstəsini silahlandıraraq müsəlmanları qırmaq üçün onlara tərəf yönəltdi. Lalayevin əmri ilə evinin ətrafında olan bütün qapı-darvazalar bağlandıqdan sonra həmin quldur dəstəsinin üzvləri evin pəncərə, qapı və bacaları arxasında mövqe tutaraq, küçədən gəlib-keçən müsəlmanları atəşə tutdular. Bunun nəticəsində gəliş-gediş dayandı. Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən atəşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerindən ağır yaralanmışdı. Bu vaxt Bakı əhalisi arasında böyük şöhrət tapmış Ağakərim adlı bir nəfər mərd və igid oğlan öz silahlı dəstəsi ilə Bakının küçələrində cövlan edərək azərtürklərin həyatına qəsd edən erməni quldurlarını cəhənnəmə vasil edirdi. Nəhayət, onlar gəlib Lalayevin evi yerləşən küçəyə çatdılar. Ağakərim öz dəstəsini iki yerə bölüb birinə divarlar arxasından Lalayevin evini gülləyə tutmasını əmr edir, digər hissəsinə isə külüng-balta və lomla evin darvazasını açmaq əmrini verdi. Üçüncü dəstə güllə yağışının altında divarların dibi ilə Lalayevin evinin darvazasına yaxınlaşıb, lom və külünglə darvazanı dağıtmağa başladılar. Onlar əllərindəki alətlərlə darvazanı parça-parça edib yerə saldılar. Ağakərim və onun dəstəsi qəzəblənmiş aslan kimi “ya Əli!” sədası altında hücum çəkib içəri doldular. Camaat tüfənglərin gurultusundan və igidlərin nərəsindən dəhşətə gəldi. Lalayevin evində olan quldurlar karıxıb mat qaldılar. Onlar tüfənglərini atıb qaçmaq istəyərkən Ağakərimin dəstəsi onları bir-bir qətlə yetirdi və evdə gizlənənləri də çıxarıb, cəzalarına çatdırdılar. Bundan sonra Ağakərim bir neçə nəfərlə Lalayevin otağına daxil oldu. Ağakərim irəli gəlib dedi:

- Allah saxlasın, keyfin necədir? O müsəlmanları ki, sən milçək və qarışqa hesab edirdin, indi onların hər biri şiri-nərə dönüb qulluğuna gəliblər.

Lalayev söyüd ağacının yarpağı kimi tir-tir titrəyərək dedi:

- Qələt eləmişəm, məni bağışlayın. Bu gün bəxşiş günüdür, öz zəhmətinizin əvəzində nə qədər pul lazımdır, götürün. Sandıqda kupon kağızları var. Götürün, aparın, xəzinə və bankdan pul alın. Uşaqların arasında bökün.

Ağakərim dedi ki, biz buraya puldan ötrü gəlməmişik. Bu millət davasıdır. Milləti müdafiə etməkdən ötrü biz can qoymuşuq və bu məqsədlə də buraya gəlmişik. Millət yolunda biz pula satılanlardan deyilik.

Bu vaxt Lalayevin övrəti gəlib özünü ərinin üstünə saldı və ağlaya-ağlaya Ağakərimə minnət elədi ki, siz gəlin bunu öldürməyin. Sizə nə qədər pul lazımdır, durum gətirim. Ağakərim övrətə dedi ki, bizə pul lazım deyil. Sənin bu kişin gərək öldürülə. Sənin kişin çox qürrələnib erməni məclislərində deyirmiş ki, müsəlmanlar mənim yanımda bir milçəkdir. Yarım milyon pul qoyub, onların hamısını məhv edərəm.

 

ƏLAVƏ: Belə deyirlər ki, bu halətdə Lalayev Hacı Zeynalabdin Tağıyevin yanına bir adam göndərib, özününxilas edilməsini xahiş eləyir. Hacı buyurur ki, bu, mənə dəxli olmayan işdir. Baş verən hadisə isə millət məsələsidir, mən nə deyə bilərəm?

Xülasə, Ağakərim nə qədər çalışdı ki, övrət Lalayevdən aralansın, mümkün olmadı. Qəflətən camaatın içərisindən naməlum bir şəxs övrəti güllə ilə vurub öldürdü. Ağakərim onu məzəmmət etdi. Sonra isə Lalayevə bir neçə güllə vurub öldürdü.

Lalayev qətlə yetirildikdən sonra hamı evdən bayıra çıxdı. Evin hər yanından üstünə neft çiləyib, od vurdular. Ev böyük partlayışlarla yanmağa başladı. bu da onu göstərdi ki, Lalayevin evinin zirzəmiləri yeşik-yeşik hərbi sursat və partlayıcı maddələrlə dolu imiş. Evdən qalxan gurultunun və partlayışın səsindən yaxında olan adamlar qulaqlarını tutaraq hərə bir tərəfə qaçırdı. Ev sursatlarla birlikdə yanıb külə döndü. Deyilənə görə, bir ay sərasər evdən tüstü kəsilmədi.

Belə deyirlər ki, Lalayevin xoşsifət gözəl bir qızı varmış. Həmin qıza heç kəs toxunmayıb, mehribanlıq göstərib və gətirib Hacı Zeynalabdinin qızlar məktəbində yaxşı əmin adamlara tapşırıblar.

 

ƏLAVƏ: Bakıda qırğın daha da şiddətlənərkən erməni tayfasından silahlı bir dəstə şəhərin küçələrində dolaşaraq hambalları və əlsiz-ayaqsız qocaları tutub öldürürdü. Həmin vaxt Bakının din xadimlərindən birisi öz qonşularında olan övrət və uşaqları, eləcə də qocaları öz evinə cəm edib, darvazanı bağlamışdı. Bundan xəbər tutan erməni dəstəsi mollanın evinin yanına çatarkən belə qərara gəldilər ki, Lalayevin əvəzini çıxmaq üçün bu mollanın evindəki övrət və uşaqları öldürüb, evinə od vurub yandırsınlar. Bu əzm ilə evin darvazasını sındırıb içəri girmək istəyərkən, o biri tərəfdən ləzgi tayfasından bir dəstə onların üstünə gəldi. Onlar erməniləri öldürüb, mollanın evində olan övrət-uşaqları erməni şərindən xilas etdilər. Ondan sonra ləzgilər xəncərlərini erməni qanından pak edib üz tutdular göy səmtinə və ərz elədilər ki, “Ya Məhəmməd, atamız-anamız sənə fəda olsun, sənin dininin düşmənlərini məhv edib, cəhənnəmə vasil etdik. Bizdən razı oldunmu?” Xülasə, həmin müdafiə günündə ləzgi tayfasının Bakı müsəlmanlarına köməyi çox oldu. Həmin gün onlardan beş nəfər şəhid oldu.

 

 

 ERMƏNİLƏRİN BAKI QUBERNATORUNU ÖLDÜRMƏSİ

 

Bakıda baş verən bu qırğından bir az sonra şəhər qubernatoru faytonda küçə ilə gedərkən bir neçə nəfər erməni faytonun üzərinə hücuma keçərək bomba atıb partlatmışlar. Bombalar faytonun yanında yerə dəyib partlayaraq faytonu darmadağın etmişdir. Partlayəşdan ağır yaralar alan qubernator və atlar ordaca ölmüşdür.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info