Qonaq Kitabı
İNSAN

Şəhvətin nitqini Paxıllıq davam etdirdi:

– Mən istəmərəm ki, göydə günəş çıxsın, bağda güllər açılsın, çayda sular çağlasın. Mən istəyirəm ki, günəş göyü tərk etsin, güllər açılmamış solsun, sular qurusun! Mən istəmirəm ki, dünyada gözəl qızlar, xoşbəxt analar, qadir kişilər olsun. Mən istəyirəm ki, dünya çirkinliklərlə dolsun, gözəllik dünyanı tərk etsin, idrakın qanadları qırılsın, duyğular, hisslər qurusun! Sevmirəm ağacların ucasını, kişilərin igidini, qadınların sadiqini, seviləni, seçiləni! İstəmirəm böyüklərin yanında cılız görünəm, ona görə də böyükləri sevmirəm! İstəyirəm dünya bilsin ki, mən də varam. Məni görmək istəməsən də – varam, ucaya, xalisə zərbə vura bilərəm, gözəllikdə eybəcərlik taparam, özümü sənə tanıtdıraram. Təbiətin sevimli balasına qəsd edərəm, təbiətdən intiqamımı alaram. Niyə o məni cılız yaradıb? Niyə başqaları vəcdə, heyrətə səbəb olurlar, mən isə adi hörmət də qazana bilmirəm? Təbiət ədalətsizliyə yol verib, ona görə də mən onun şah əsərlərinə qəsd etməliyəm. Bu mənə hədsiz dərəcədə lazımdır. Çünki əks təqdirdə içimdə alışan hiddət məni yandırıb kül edə bilər, rahatlığım həmişəlik pozular, yuxum ərşə çəkilər.

Bağçada qəşəng bir gülün bitməsi qəlbimi qana döndərir. Üzdə gözəllik nişanəsinin görünməsi ürəyimi ağrıdır. İdrakda yeni fikrin yaranması məni cəhənnəm əzabına salır. Hər bir nailiyyət, qələbə daxilimi nifrət zülmətinə qərq edir. İnsanların sevincini, səadətini sevmirəm, müsibətini, məşəqqətini sevirəm və bu sevgiylə yaşayıram. Bəzən daxilimə gizlənirəm, ancaq içərim yanır, hərarətim ətrafdakıları yandırır. Məni yer üzündən silməyə çalışırlar, fəqət bacarmırlar, çünki məni də təbiət yaradıb, deməli, mən də lazımam! Böyüklüyü, ülviliyi, əsilliyi sevənlə yanaşı, onu inkar edən də gərəkdir! Mən yalnız şərə xidmət etməyi bacarıram; bunun üçün dünyaya gəlmişəm. Mən təmizliyin üzərinə çirkab atmalıyam, çünki bacardığım budur, təbii meylim, həvəsim bunadır. Mən içimi didib-parçalamalıyam, ətrafdakılara hiddətimi, nifrətimi aşkara çıxartmalıyam, “mən də varam” – deyə haray qoparmalıyam, çünki damarlarımda axan qan bunu məndən tələb edir. Çünki xamırım belə yoğurulub, çünki ürəyimi dolduran zülmətli duyğular üzə çıxmalıdır.

Miqyaslı fəaliyyətim də olub, məhdud da. Məbədləri yandırmağı da bacarıram, budaqları sındırmağı da. Ölkələr arasında çaxnaşma salmağı da, ailələri dağıtmağı da. Şər qazanı qaynatmağı da, xeyir ocağına su tökməyi də. Yaxşını pis kimi qələmə verməyi də, şikəsti sağlam kimi təqdim etməyi də.

Məkr və riya əlimdən tutur, əmrimi yerinə yetirirlər. Ancaq rahatlığım yoxdur. Çünki bahar yenə də çiçək açır, analar yenə də məlahətli qızlar və qeyrətli oğullar doğur, dahilər yenə də ali əsərlər yazır, məhəbbətlilər – sevir, sevilir. Mən sarsılıram, hiddətlənirəm, ancaq həyatın gedişatını saxlaya bilmirəm və odum özümü yandırır.

Paxıllıq söhbətini qurtaranda Xudpəsəndlik sözə başladı:

– Dünyada nə edirəmsə, nə eyləyəcəmsə – özüm üçün eləyirəm. Qəhrəmanlığım da özüm üçündür: qoy məni tanısınlar, barmaqla göstərsinlər. Yaradıcılığım da, əməli işim də – hamısı özüm üçündür. Şəhərlər salıram, dövlət yaradıram – ancaq özüm üçün. Adilərə oxşamaq istəmirəm, istəyirəm mənə səcdə qılsınlar, pərəstiş etsinlər. Döyüşüm, davam da özüm üçündür: maddi rifahım üçün, dolanışığım üçün. Başqasına daxilən qovuşa bilmirəm, zahirən, ani qovuşuram. Başa düşürəm ki, adamlar yanaşı addımlayanda belə, bir-birindən yerdən göyə qədər aralıdırlar. Məhəbbətim də – özüm üçündür, öz dünyamı yaratmaq üçün. Bilirəm ki, insanlar hamısı – dostluqdan, sevgidən dəm vursalar da – yalnız özlərini sevirlər. Sənin dost saydığın şəxs öz kiçik mənafeyi naminə meyidinin üstündən sakitcə keçər. Dünya möhtəşəmdir, ancaq mən orada təkəm və ümumən dünyadakılar təkdirlər. Hər addımda rəqabətlə rastla- şıram. İnsani münasibətlər və rəqabət – eyni şeydir. İnsanla qarşılaşmaq – rəqiblə qarşılaşmaq deməkdir. Məndə müsbət nə varsa, arxasında özümlük dayanır. Hakimiyyətə gəlirəm – özümü təsdiq etmək üçün! Gecə-gündüz çalışıram, tər tökürəm, qabıqdan çıxıram – özümü təsdiq etmək üçün! Ölkələr fəth edirəm, sülalələr məhv edirəm – özümü təsdiq etmək üçün! Mənim ikinci adım – Şöhrətdir. Ölümü ölümsüzləşdirmək, nəsillərin xatirində qalmaq, heykəlləşmək – ən şiddətli arzum budur.

İnsan dünyada əslində heç kəsi və heç nəyi görmür, özünə meyil edir, özüylə yaşayır, özünü sevir, yüksəldir.

Xudpəsəndlik sözünü bitirdi. Hərisliyin gur səsi ətrafa yayıldı:

– Yerə, göyə, çəmənlərə, bitkilərə, canlılara, cansızlara sahib olmaq istəyirəm. Zəmilər, biyabanlar, göyün ulduzu, ayı, günəşi mənim olmalıdır! Ən nadir daş-qaşlar, üzlərdəki ilahi məlahət, gözlərdəki səmavi cazibədarlıq mənə qismət olmalı- dır. Bulaq suyunun şirinliyi, okean dalğalarının əzəməti mənə xidmət etməlidir. Xoşbəxtliklərin, nailiyyətlərin, qələbələrin, sevinclərin hamısı mənə bəxş edilməlidir. Mən onları başqalarının ömründən qoparmalıyam, əlindən yerə salmalıyam. Gö- zəlliklərin əvəzsiz fərəhi, hakimiyyətin möhtəşəm vüqarı, nəşələrin bütün çeşidləri, təbiətin bütün rəngləri mənim olmalıdır. Şöhrətlərin cəmi, gül-çiçəklərin hamısı, yazın mehi, qışın qarı, çayın axarı mənə məxsus olmalıdır. Ehtiraslarımın, eşqimin hüdudu yoxdur. Göydə uçan quş – mənim olacaqsan! Dağın başına qonan qartal – mənim olacaqsan! Göyün bağrından qopan şimşək – mənim olacaqsan! Çöllərə, çəmənlərə yağan yağış – mənim olacaqsan! Dünyaya sahib olmaq haqqını mənə kim verib, bilmirəm. Ancaq duyğum daxilimi yandırır. Ceyran görürəm, maral görürəm – mənimkisən deyib, öldürü- rəm. Uca, gözəl ağac görürəm – mənimkisən deyib, baltalayıram.

İncə qamət görürəm, parlaq qadınlıq görürəm – mənimkisən deyib mənimsəyirəm. Arının balını, inəyin südünü əlindən alıram. Bəzən zülmətə də deyirəm mənimkisən, tufana, çovğuna da deyirəm mənimkisən. Ətrafımda nə varsa, mənimsəyirəm, əxz edirəm. Ancaq doymuram, usanmıram, rahatlanmıram! Axtarıram, arayıram, tapıram, sevincim aləmə sığmır. Ancaq daxilimdəki dəhşətli ehtiras – sahib olmaq həsrəti – bir an da azalmır və mən onun arxasınca gedirəm. Kiminin çörəyini əlindən alıram, kiminin məhəbbətini, kimini hakimiyyətdən məhrum edirəm, kimini ümiddən. Bəzən kədərə də, göz yaşına da, əzaba da demək istəyirəm ki, mənimsən! Gecə, mənsiz niyə çıxırsan? Səhər, mənsiz niyə açılırsan? Axşam, mənsiz niyə düşürsən? Düşünürəm, daşınıram, dünyanı mənimsəmək həvəsim aşıb-daşır. Bağçada gül açdı – hamısını dərməliyəm. Ağacda meyvə bitdi hamısını yeməliyəm. Qadınlığın mehri, kişiliyin əzəməti, evlərin işığı – mənimdir. Biri xoşbəxtliyə çatanda hiddətimin hüdudu olmur: elə bil mənim səadətimi ona veriblər. Biri şöhrətlənəndə, varlananda, hiddə- tim coşur: sanki mənim şöhrətimi, dövlətimi əlimdən alıblar. Biri seviləndə, hörmətlənəndə, fərqlənəndə sevgini, hörməti, fərqlənməni ondan almaq istəyirəm. Daxilimdəki ehtiras mənə deyir ki, dünyada nə varsa, sənindir.

Dövlətlər yaradılır – mənimkidir, binalar tikilir – mənimkidir, adi çay daşlarından başlamış, səyyarələrə kimi dünyada nə varsa, hamısına sahib olmaq istəyirəm.

İstəyirəm ki, yaz günəşi təkcə məni isitsin, torpağın üzərində təkcə mən yeriyim, təbiət təkcə mənim məskənim olsun, ölkələr yalnız məni sinəsində gəzdirsinlər. Gül üstünə şeh düşdümü – mənimdir! Üzlərdə günəş şüaları oynadımı – mənimdir! Dağların başına dolanan yollar – mənimdir! Yaylaqların qoyunları, quzuları, bulaqları, quzeyləri, güneyləri mənimdir! Zərifliklər, məlahətlər, gözəlliklər, səslər, ahənglər mənimdir! Hər şeyə sahib olmayınca rahat olmayacağam. Ya hər şeyə sahib olacağam, ya da məhv olacağam...

Hərisliyin səsi yeri-göyü tutmuşdu. İnsan ətrafına baxdı, özünü dəhşətli cəhənnəmdə hiss elədi və onun qəlbində kədərli bir nida səsləndi: – “MƏN BUYAMMI?”

Qayğı İnsanı məşəqqətli hisslərdən ayırdı:

– Dünyada nə varsa – hamısını bəsləmək, böyütmək, yüksəltmək istəyirəm! Dünyada nə varsa – hamısına dayaq olmaq istəyirəm. İstəyirəm mehrimlə dünya bəzənsin, gözəlləş- sin, cilvələnsin. İstəyirəm dünyada nə varsa – duyğularımın oduna isinsin! İstəyirəm ülfət bulağından hamı içsin! İstəyirəm günəş olub yayılam dünyaya, yağış olub səpələnəm çöllərə! Körpələrə ana olam, böyüklərə ata! Ağacların vüqarında yaşamaq istəyirəm, xoşbəxtlərin gülüşündə, kişilərin qüdrətində, qadınların ismətində, göylərin aydınlığında, gözlərin işığında, cavanların arzularında, qocaların izzətində! İstəyirəm hicran vüsala dönsün, həsrət səadətə, istək gerçəkliyə!

İstəyirəm evlərdən toy səsi gəlsin, könüllərdən fərəh sədası; meşədəki ağaclar çoxalsın, çəməndəki otlar ucalsın, xəstələr sağalsın. Məlhəm olmaq istəyirəm yaralara, işıq olmaq istəyirəm zülmətdə qalanlara, əlindən tutmaq istəyirəm əlilin, su olmaq istəyirəm yanan dodaqlarda. Qovmaq istəyirəm qüssəni ömürdən, həsrəti taledən, ürək olmaq istəyirəm ürəksizə, cürət olmaq istəyirəm cürətsizə! İstəmirəm ağacların ən kiçik budağı belə, qırılsın!

İstəmirəm adi bir qarışqa belə, ayaqlar altında tapdansın. İstəmirəm dünyadan zəriflik, həzinlik azalsın. İstəmirəm dünyanın başından bir tük də əskik olsun! Bir binanın uçmasını, bir budağın qırılmasını, bir bulağın qurumasını, bir ürəyin ağrı- masını belə, istəmirəm. İstəyirəm bahar mehi çiçəkləri titrətsin, məhəbbət seli ürəkləri bürüsün, dostluq şəfqəti ömürlərə çilənsin! Sevilməyənlərə sevgili olmaq istəyirəm, sevinməyənlərə sevinc! Təhqir olunanlara, döyülənlərə, söyülənlərə, insan sayılmayanlara doğmayam! Gözü yaşlıların göz yaşlarını silirəm, nisgilli qəlbləri isidirəm! Birinin əli qanayanda ürəyim qanayır! Dünyada nə varsa – yaşamağa layiqdir! Uca səma da, bir qarış torpaq da dünyaya gərəkdirlər. Çünki bir qarış torpaqsız dünya dünya olmazdı. Çünki bir qarış torpağın da asimanlı dünyada özünəməxsus yeri var. Çünki bir qarış torpaqsız dünya öz ahəngini itirərdi. Dünyada böyüklərə yer olduğu kimi, kiçiklərə də yer var. Dünyada böyüklər zəruri olduğu kimi, kiçiklər də zəruridir. Balaca kəpənək də dünyanın zinətidir! Körpənin ilk addımı – ülvidir! Məqam əsr qədər əzəmətli ola bilər! Okean bulağı əvəz edə bilmir! Dünyaya tufan da gərəkdir, meh də! Təbəssüm, ani ümid, beşik mahnısı, ismət qızartısı, ürək həssaslığı, zərif xatirələr – əzəmətli gözəllikdir! Dünyada bir ürək sınanda – dünya əksilir! Ağacdan bir budaq qırılanda – dünya əksilir! Bir insan ləyaqəti tapdananda – dünya əksilir! Bir ümid şüşəsi çilik-çilik olanda – dünya əksilir! Bir ədalət piyaləsi yerə çırpılanda – dünya əksilir! Bir çıraq sönəndə – dünya əksilir! Bir kiçik xalq yer üzündən silinəndə – dünya əksilir! Bir insan itəndə – dünya əksilir! Bir səs, bir rəng azalanda – dünya əksilir! Buna görə də dünyanın ən cüzi hissəsini belə qoruyuram. Əllərim körpə saçlarını sığallamasa, ağlayanı kiritməsəm, niskillini murada çatdırmasam, xəstəni sağaltmasam, qaranlıqda çıraq yandırmasam, mən mən olmaram. Harada başı bəlalı, müsibətli, əzablı varsa – orada mən də varam! Mən varamsa – güllər açır, dünya işığa qərq olur, sevinc aşıb-daşır, bulaqlar qaynayır, mərhəmət qəlblərə hakim olur, əllər əllərə, gözlər gözlərə gərək olur. Mən daim məni çağıran səs eşidirəm. Uzaq səmalardan, ölkələrdən, yaxın ellərdən, diyarlardan, sonu görünməyən yollardan, arzulardan, niyyətlərdən! Bu səs əfsunlu, möcüzəli, sirli, sehirlidir! O məni çağırır və mən onun ardınca qarşısı alınmaz, şiddətli bir ehtirasla, həvəslə gedirəm: başa düşürəm ki, təbiət məni bu ilahi səsin arxasınca getmək üçün həyata gətirib və bu əvəzsiz saədətimlə qanadlanıram!

Dostluq sözə başladı:

– Özümü başqasında tapmaq istəyirəm. Başqasından ayrı özümü parçalanmış, şaqqalanmış sanıram. Başqasına qovuşmadan – özüm ola bilmirəm. Çünki başqası mənim ömrümə əvəzsiz ahəng gətirir. Çünki tək özümdə qala bilmirəm. Özümdən kənara çıxıram, özümdən kənardakına can atıram. Çünki sevincim, kədərim, həsrətim, ümidim təkliyi sevmir. Çünki başqasında özümə qayıdıram. Çünki başqasıyla birləşəndə dünyayla birləşirəm. Mahiyyətimdə, taleyimdə başqası olmaq, başqasına çevrilmək ehtirası yaşayır. Hisslərim, həyəcanlarım, düşüncələrim başqasının dünyasına yön alır. Həm də başqasının arzuları, duyğuları ürəyimdə səslənir. Mən başqasına can atıram, başqası mənə. İki aləm bir-birinə qovuşur və yeni dünya yaranır. Birinin ağrısı o birinin cismində səslənir. Birinin sevinci o birisinin qəlbinə axır. Gözlərin işığı, üzlərin nuru bir olur. Başqalaşırsan, ancaq özündən ayrılmırsan. Çünki başqasını özündə, özünü başqasında görürsən, öz əvəzsizliyini daha aydın dərk edirsən. Çünki başqasında özünü hərtərəfli ifadə eləyə bilirsən. Daxili vəhdət sənə deyir ki, dünyada sənin ikinci mənin də varmış və sən bu ikinci mənsiz sən ola bilməzdin! Sən mütləq öz cismani sərhədini aşmalıydın. Sən ən çox başqası üçün yaşayanda – özün üçün yaşayırsan! Əvəzsiz vəhdət yaranır! Başqasıyla bir olursan, həm də tam özün olursan! Başqasına mənən qovuşduğun üçün, onunla sənin aranda yadlıq aradan qalxdığı üçün özünəməxsus duyursan, düşünürsən, həyat sürürsən! Sünilik, riya, yalan ömrünü tərk edir. Yad dünyada sən özün ola bilməzdin. Mənəvi qovuşma məqamında sən özünlə görüşürsən... Sənə məlum olur ki, qan qohumluğundan başqa dünyada ruhani qohumlar da varmış. Duyğu duyğunun qardaşı ola bilərmiş. Qəlbin sevinc şərikliyinə ehtiyacı sonsuzmuş! Başqasının sevincinə çevrilməyən sevinc – sevinc deyilmiş! Başqasıyla birgə duyulmayan kədər daxili yandırıb kül edə bilər, qəm başqasının qəmində sönməlidir. İnsan anlayır ki, dünyaya tək gəlsə də, təkliklə vidalaşmalıdır. Təkliklə vidalaşmağın yolu – mənəvi qovuşmadır. Mənəvi qovuşma zamanı insan mənən zənginləşir, bu məqamda insan ilə insanın əsil münasibəti yaranır. İnsan anlayır ki, insanın insana ləyaqətli münasibəti hakimlik yox, daxili birlikdir. Çünki yalnız bu vaxt İnsan özünəlayiq qiymətləndirilir. Məlum olur ki, birinin ömrü başqasının ömründən asılıdır. İnsanın insandan ali asılılığı yaranır.

Mən sənin ağlından, arzularından, mənəviyyatından, idrakından asılıyam, çünki onlarsız yaşaya bilmərəm. Mənəvi asılılıq hakimiyyət asılılığından yerdən göyə qədər fərqlidir. Hakimiyyət asılılığı birinin digəri üzərində yüksəlməsi, birinin digərini rədd etməsi, birinin digərinin ləyaqətini əlindən alması deməkdir. Mənəvi asılılıqda biri digərini böyüdür, ucaldır, təsdiq edir. Hakimanə asılılıqda zor təsdiq olunur. Mənəvi qovuşmada ürək ürəyi tələb edir, ürək ürəyin yükünü çəkir. Hakimiyyətdə biri özünü başqasından fərqləndirir. Mənəvi qovuşmada fərq birliyə çevrilir. Hakimiyyətdə biri digərinin mənliyini əlindən alır və həmin vasitəylə möhtəşəm mən yaranır. Mənəvi vəhdətdə – bir mən başqa mənlə birləşir, vahid, böyük MƏN əmələ gəlir. Hakimiyyətdə biri digərinə sahib olur. Mənəvi asılılıqda biri digərində yaşayır. Hakimiyyətdə “mənimkisən” sözü “məndən aşağısan”, “mənim hökmümə tabesən”, “mənə baş əyməlisən” – kimi səslənir! Mənəvi qovuşmada o, “mənim üçün əzizsən”, “əvəzsizsən” – kimi səslənir! Çay məcrasına necə qovuşursa, sən başqasına o cür qovuşursan! Dalğa dalğalara necə bağlanırsa, sən də başqasına o cür bağlanırsan! Özünə başqasının güzgüsündə baxırsan, başqalaşırsan, həm də öz əsilliyinə qayıdırsan. Dərk edirsən ki, sən özündən böyüksən, özünə sığmırsan. Bu səbəbdən də başqasına çevrilirsən, başqasında yaşayırsan.

Cəmiyyətdə hökm sürən birlik və məndə bərqərar olan birlik – düşməndirlər. Birincidə insanlar bir-birinə əşyavari bənzəyirlər. İkincidə onlar bir-birinə ruhani cəhətdən oxşayırlar, bu bənzəyişdə insanlar mənən dirilirlər. Cəmiyyətdəki birlikdə insan öz daxili dünyasını itirir, məndə həmin dünyanı tapır. Cəmiyyətdəki birlikdə insanlar biri digərini tanımır, mənəvi qovuşmada onlar bir-birini tanıyırlar. Cəmiyyətin yaratdığı birlikdə insan tənhadır, yalqızdır, mənim yaratdığım birlikdə o, tənhalığı dəf edir. Cəmiyyətdə bərqərar olmuş birlikdə insan şəxsiyyət kimi yox olur, mənəvi qovuşmada o, öz şəxsiyyətini təsdiq edir. Cəmiyyətin yaratdığı birlikdə ürək iştirak etmir, mənəvi qovuşmanı ürək yaradır. Cəmiyyətin təsdiq etdiyi birlikdə – eybəcərlik, nasiranəlik, mənəvi qovuş- mada isə gözəllik, şeiriyyət hökm sürür. Cəmiyyətdə insan alətə çevrilir, mənəvi qovuşmada sərvətə. İnsan məndə özünü tanıyır!

Dostluq söhbətini qurtardı. Qeyrət danışmağa başladı:

– Şöhrəti, qızğın, coşğun, heyvani ehtirasları ram etməyi bacarıram. Nəşə həvəsinin mütləq qadirliyi haqqında söhbətlər yalandır! Şəhvət selinin insanı öz dalğalarında itirməsi haqqında iddia yalandır. İnsanın şəhvət qarşısında labüd titrəməsi, ona əsir olması haqqında deyilənlər yalandır. İnsan mənəviyyatını heyvani ehtiraslar məskəni saymaq yalandır. Ali duyğuları cinsi meylin təzahürü hesab etmək yalandır. Şəhvəti insanı sarsıdan vulkan saymaq – yalandır! Cinsi instinkti insan taleyini müəyyən edən güc saymaq yalandır. İnsanın şəhvət qarşı- sında acizliyi – eybəcərlikdir... Vəhşiləşmək, ruhu itirmək, şəhvət sacında qovrulmaq – zəlillikdir. Şəhvətin ürəklərdən məhəbbəti, mərhəməti, hörməti qovması – miskinliyin qələbə- sidir! Kişinin erkəyə, qadının dişiyə çevrilməsi – ölümdür! Bədənin ruha qarşı üsyanı murdarlıqdır! Mənəvi əlillərin nəşə köləliyi – səfalətdir!

Mən peyda oluram və duyğular nizamlanır, gözəlləşir, ülvilik ürəklərə axır, paklıq çiçək açır. Mən peyda oluram və daxili aləmdə məhəbbət, heyrət, hörmət oyanır, insan insanın gözündə yüksəlir, müqəddəslik işığı mənəviyyata yayılır. Mən peyda oluram və aşiqliyin ruhani mənası təsdiq olunur, vəfanın, sədaqətin qüdrəti aşkara çıxır, ömürlər ömürlərə calanır. Mən peyda oluram və insani ləyaqət bərpa olunur, insan ali varlıq, ülviyyət, mənəviyyat və idrak təcəssümünə çevrilir. O, dərk edir ki, dünyaya şəhvani ehtiraslarını ödəmək üçün gəlməyib, müqəddəsliyə qovuşmaq üçün gəlib və onun insaniliyi – hərcayi ehtirasların üzərində qələbə çalmaqda meydana çıxır. İnsan ona görə qüdrətlidir ki, kiçik duyğularını böyük duyğularına qurban verə bilir. Mən peyda oluram – kişilik və qadınlıq öz əsil qiymətini tapır.

KİŞİLİK – özü üzərində qələbə çalmaq, ehtiraslarını cilovlamaq, onları Amala tabe etmək, qadın ləyaqətini təsdiq etmək; əzaba, iztiraba, işgəncəyə tab gətirmək, özünü təzədən yaratmaq deməkdir.

QADINLIQ – mənəvi incəlik, mehr, nəvaziş təcəssümü, analıq ülviyyəti, şəfqət, həssaslıq, sədaqət, vəfa, ruhani ahəngdarlıq və zahiri cazibədarlıq deməkdir.

KİŞİLİK – qadına verilən səadətlə, qadın uğrunda çəkilən əzab-əziyyətlə, heyrət sabitliyi və iradə əzəmətiylə ölçülür.

QADINLIQ – məlahətin, mərhəmətin, məhəbbətin gücüylə, mehrin sonsuzluğuyla, sədaqətin ülviyyətiylə, duyğuların qüdsiyyətiylə ölçülür. Kişini kişi eləyən əzm və mətanət, qadını qadın eləyən həya və ismətdir.

İSMƏT – qadınlığın özünü təsdiqidir, daxili zərifliyin daxili güc ilə birləşməsidir. İSMƏT – qadınlığın vüqar taxtına çıxmasıdır.

İSMƏT – ehtirasların məcraya salınması, bir səmtə axmasıdır.

İSMƏT – analıq müqəddəsliyinin hifz edilməsidir.

İSMƏT – “nəşəsevərlik bəxtiyarlığının” əxlaq kamilliyinə qurban verilməsidir.

İSMƏT – ruhun bədən üzərində qələbəsidir... İsmətlə bərabər həya yaranır.

HƏYA – daxili aləmin eybəcər hisslərdən ayrılmasıdır.

HƏYA – duyğu kamilliyidir!

HƏYA – ruhani şeiriyyətdir!

HƏYA – heyvaniliyin inkarıdır.

HƏYA – ləyaqət gözəlliyidir.

HƏYA – ehtirasların cilalanması, təmizlənməsi, insaniləş- məsidir.

HƏYA – hissiyyatın mənəviyyata tabe olmasıdır.

HƏYA – insanın öz insani mahiyyətini anlamasıdır.

HƏYA – başqasını düzgün qiymətləndirmək, onu hörmətə mindirmək, ucaltmaqdır.

HƏYA – insanın öz naqisliyi üzərində yüksəlməsidir.

HƏYA – insanın müqəddəslik duyğusundan asılılığıdır.

HƏYA – vəhşiliyin mənəviyyatdan qovulmasıdır.

HƏYA – ali mövcudluğa qovuşmaqdır.

Mən gəlirəm və insanlar dərk edirlər ki, ləyaqəti keçici həzzlərə qurban verməzlər. Ləyaqət naminə lazım olarsa – ölərlər. Mən gəlirəm və insan bilir ki, insani ömür sürmək – özünün üzərində yüksəlmək deməkdir.

İnsanpərəstlik sözə başladı:

– Gözəl üz görürəm – sevinirəm” – bəşər övladı nə gözəldir!” – deyirəm!

Parlaq idrak görürəm – sevinirəm – “bəşər övladı nə idraklıdır!” – deyirəm!

Ali qəhrəmanlıq görürəm – sevinirəm – “bəşər övladı nə hünərlidir!” – deyirəm!

Sonsuz fədakarlıq görürəm – sevinirəm – “bəşər övladı nə fədakardır!” – deyirəm!”

Ülvi ruhanilik görürəm – sevinirəm – “bəşər övladı nə ruhludur!” – deyirəm!

Bəşəri özümdə görürəm, özümü bəşər sayıram, duyğularımla, düşüncələrimlə, fəaliyyətimlə bəşərə qovuşuram.

Xoşbəxt insan görürəm – özümü xoşbəxt sayıram.

Qalib şəxsiyyət görü- rəm – özümü qalib sayıram.

Aşiqlik görürəm – Aşiqə çevrilirəm.

Dahilik görürəm – dahiləşirəm.

Müqəddəslik görürəm – müqəddəsləşirəm.

Sehirli gözəlliklər görürəm – sehirlənirəm!

Səmaya ucalan qəlb sədası eşidirəm – səmaya ucalıram!

Özünü özündən böyük görənlə rastlaşıram – özümü özümdən böyük görürəm.

Evlərdə işıq yanır – mənimkidir!

Gözlrədə ümid parlayır – mənimkidir!

Fikir biçimə, duyğu ifadəyə, söz ahəngə yaraşır – fərəhlə- nirəm!

Zahiri gözəllik daxili gözəlliyə yaraşır – fərəhlənirəm!

Ana qucağında balasını tutur və bu şeiriyyət dünyaya yaraşır – fərəhlənirəm!

Baharın gəlişi arzu təravətinə qarışır – fərəhlənirəm!

Musiqi ecazkarlığı təbiət sehrinə yaraşır – fərəhlənirəm!

Niyyət paklığı qar saflığına yaraşır – fərəhlənirəm!

İnsan qorxusunu daxildən qovur – fərəhlənirəm!

İnsan özünü naqis ehtiraslardan təmizləyir – fərəhlənirəm!

Hər tikilən bina – mənimdir, yazılan əsər – mənimdir, hər ürəyi riqqətə gətirən musiqi – mənimdir, hər vəcd yaradan gözəllik mənimdir, hər dürlü kəlam – mənimdir, hər əsil vüqar, böyüklük, möhtəşəmlik, zəriflik, cazibədarlıq – mənimdir!

Bəşər övladını sevirəm!

O kədərlənəndə – qəmə qərq oluram, məğlubiyyətə düçar olanda – müsibətə düçar oluram, əzab çəkəndə – sinəmə dağ çəkilir.

Bəşər övladına, insaniyyətə məhəbbətim sonsuzdur.

O, dünyada peyda oldu və dünya özünü tanıdı.

O, dünyada peyda oldu və Yer səmaviləşdi, səma – müqəddəsləşdi.

O, dünyada peyda oldu və Mütləqə qovuşma həsrətində Mütləqin sonsuz böyüklüyü dərk olundu.

O, dünyada peyda oldu və gözəllik öz gözəlliyini anladı.

O, dünyada peyda oldu və ruhani, sehirli səslər dünyanı bürüdü, söz ahəngi təbiət ahəngiylə yarışdı.

O, dünyada peyda oldu və ulduzlar, aylar könül evinə daxil oldular.

O, dünyada peyda oldu və məhəbbət bulağı qaynadı, dünya müqəddəsləşdi, kainat ülviləşdi.

O, peyda oldu və analıq mehri, dostluq əzəməti, qeyrət, kişilik təsdiq olundu. O, peyda oldu və fədakarlıq, özündənkeçmə böyüklüyü yarandı.

O, peyda oldu və insanın öz heyvaniliyiylə döyüş tarixi başlandı.

O, peyda oldu və ölüm sarsıldı.

O, peyda oldu və ülvi mənalar, şeiriyyətli duyğular, heyrətli kəlamlar yarandı.

O, peyda oldu və göz yaşının, təbəssümün, sevincin, kədərin ali mənası aşkara çıxdı.

O, peyda oldu və bədəndə ruhanilik zühur etdi.

O, peyda oldu və göydəki quşların, yerdəki bitkilərin yeni mənası, torpağın, suyun müqəddəsliyi təsdiq olundu.

O, peyda oldu və dünya ruhla birləşdi, ruhaniləşdi.

Bəşər olmasaydı, dünya dünyalığını büruzə verə bilməzdi.

İnsaniyyəti sevirəm, onu özüm sayıram və onun özündən aralanmasına, özünü inkar etməsinə hədsiz dərəcədə acıyıram.

Alçaqlıq, heyvanlıq, eybəcərlik, yırtıcılıq görürəm – qüssələnirəm – “insan insanlığını itirdi” – deyirəm, qəlbim qanla dolur. Naşılıq, lovğalıq, bədxahlıq görürəm – kədərlənirəm – “insan insanlığını itirdi” – deyirəm, qəlbim qanla dolur. Köləlik, mütilik, miskinlik görürəm – qüssəm yerə-göyə sığmır – “insan özündən uzaqlaşır” – deyirəm, qəlbim qanla dolur. Duyğu kasadlığı, məhəbbət qıtlığı görürəm – kədər dəryasına qərq oluram – “insan özünü rədd edir” – deyib, haray qoparıram. Müqəddəslik, ruhanilik azalır – kədər burulğanına düşürəm.

Amansızlıq, qəddarlıq artır – “insan insaniyyətindən əl çəkir” – deyə fəryad edirəm. İnsan əşyalaşır, cansızlaşır – qəm məni sarsıdır, “insan məhv olur” – deyə bağırıram. Bəşərin gözəlliyi də, eybəcərliyi də, səadəti də, əzabı da, qüdrəti də, zilləti də mənimdir. Mən bəşərin bir hissəsiyəm, həm də özüyəm. Çünki onu həmişə özümdə görürəm. Ona görə də sonsuz dərəcədə vüqarlıyam! Kədərliyəm, ancaq dünyalar qədər xoşbəxtəm. Çünki kədəri sevincə çevirə bilirəm.

Dünyapərəstliyin coşğun etirafı səsləndi:

– Özümü dünyadan ayrı təsəvvür etmirəm! Elə bilirəm Yerəm, Göyəm, dağam, meşəyəm, çəmənəm! Baharam, qışam, payızam, yayam! Dünənəm, Bugünəm, Sabaham, Tarixəm, Gələcəyəm! Dənizəm, Okeanam, Qitəyəm, xalqam, ölkəyəm! Şəhərəm, kəndəm, meşəyəm, çiçəyəm! Uşağam, cavanam, yaşlıyam, qocayam! Səhərəm, axşamam, gecəyəm, Günəşəm, ulduzam, Ayam! Dan yeriyəm, qürub çağıyam! Atalarla, analarla, körpələrlə, sevənlərlə, sevilənlərlə – birgəyəm! Qəmlilərlə, gözüyaşlılarla, sinəsi dağlılarla – birgəyəm! Ümidsizlərlə, niskillilərlə – birgəyəm! Fədakarla, qəhrəmanla, zəiflərlə, zəriflərlə – birgəyəm! Şimşəyəm, yağışam, bulağam! Şəhərlə- rin gur işığıyam, maşınların, qatarların, təyyarələrin sürətiyəm, yolların intəhasızlığı, üfüqlərin genişliyiyəm! Tonqallarda yanan bədənlər, döyüşlərdə axan qanlar, amala qurban verilən ömürlər – mənəm!

Təbiətin zənginlikləri, sərvəti – mənəm! Bəşərin dünyada ilk addımları, özüylə və təbiətlə döyüşü, ümidləri, tələbləri, qələbəsi, məğlubiyyəti, dahiliyi, naqisliyi, aliliyi, adiliyi – mənəm! Qışın yaza, yazın yaya keçidi – mənəm! Külək səsi, tufan qasırğası, şimşək nərəsi – mənəm! İllərin illərə calanması, əsrlərin əsrlərə qovuşması, dünənlə bugünün, bugünlə sabahın əlaqəsi – mənəm! Günəşin Göylə, dalğanın dənizlə ahəngdarlığı – mənəm! Ədalət, həqiqət, məhəbbət ehtirasının ürəklərə hakim olması – mənəm!

Ən cılız ağacın qırılmasını – istəmirəm! Ən adi böcəyin ayaqlar altında qalmasını – istəmirəm! Ən kiçik çayın qurumasını – istəmirəm! Ən balaca otun ayaqlar altında qalmasını – istəmirəm! Dünyada bir şey itəndə, mən də itirəm! Dünyada bir nəqş pozulursa, bir gözəllik azalırsa – mən məğlub oluram! Dünya – mənəm! Gecəsiz, axşamsız, səhərsiz, ulduzsuz, aysız, dağsız, çaysız, bəşərsiz, tarixsiz rənglər, səslər, lisanlar, arzular, xalqlar, talelər çeşidindən kənarda – mən yoxam! Dünyanı sevmişəm. Dünyalaşmışam. Dünyaya çevrilmişəm. Dünyanı özümləşdirmişəm, Özümü Dünyalaşdırmışam!

Məhəbbətin ehtizazlı səsi ətrafa yayıldı:

– Özümü Özümdən Alidə tapıram. Özümdən alini ilahiləş- dirirəm, özümü kiçildirəm, ancaq bu kiçilmədə böyüyürəm, çünki ülvi dünyaya qovuşuram. Başqasıyla bir oluram, özümlə başqası arasında sonsuz vəhdət görürəm. Öz Mənliyim ilə Başqasının Mənliyi arasında fərq yox olur.

Sevgilimi qəlbimdə təzədən yaradıram, onu aşiqliyim yaradır. Mənəvi aləmə heyrətlə daxil oluram, bir anda İnsan möcüzəyə, sehrə qərq olur. Sifət, təbəssüm, daxili dünya, ümumən sevgilimin mövcudluğu müqəddəs sərvətə çevrilir. Sözün, səsin mənası, məqamların, günlərin, ayların gözəlliyi səmaviləşir, ürək kainatla həmdəmləşir. Duyğu seli daxilə sığmır, söhbətin ahəngi qeyri-adiləşir.

Mən gəlirəm və ömrə kədər gəlir. Bu kədərin hikməti yanında başqa hikmətlər sönükdür. Onun söylədiyi həqiqət dərin və şairanədir! Sevgilim mənim üçün həyatın özüdür; odur ki, onsuz keçən məqamlarım fəlakətlidir. Məndə insan insanın qədir-qiymətini bilir. Anlayır ki, onsuz dünyada sevinc, gözəllik yoxdur. Məndə şər duyğular: xudpəsəndlik, yırtıcılıq, şöhrətpərəstlik, hakimiyyətsevərlik, şəhvanilik – ölür. Mənəvi aləm büllurlaşır, bəsitlik, eybəcərlik qovulur. Mənim insana gətirdiyim müdrik kədər hərcayi sevincdən üstündür. Dünyaya məhəbbət kədərinin gözüylə baxan şəxs – həssaslığın dərin qatlarına enir. Kədərlənmək – İnsanı yüksək qiymətləndirməkdir. Mənim kədərim deyir ki, dünyada əvəzsiz xilqət var, ondan ayrı düşmək – dəhşətdir! Mən gəlirəm və çiyinə ağır, dözülməz əzab, əziyyət yükü düşür və Aşiqliyin qəhrəmanlıq, fədakarlıq, özündənkeçmə siqləti üzə çıxır. Məlum olur ki, məhəbbət yükünü hər kəs çiynində gəzdirə bilməz, aşiqlik – ürək ağrısı, göz yaşı, dözüm, maneələr üzərində qələbə deməkdir.

Məhəbbəti gözlərin bəbəyində, iradənin qaya xislətində, sinəyə çəkilən dağlarda yaşadırlar. Ancaq Aşiq öz müsibətli, məşəqqətli ömründə bənzərsiz bəxtiyarlıq, sevinc qazanır. Mən aşiqlərin həyatına ağır xəstəlik kimi daxil oluram. Ancaq həmin xəstəlik Aşiqə dərmanların hamısından şəfalı gəlir. Aşiq həmin xəstəliyin ömrə hakim olmasını istəyir. Çünki bu xəstəlik özü ən böyük nicatdır, çünki nicat eşqdən aşağıdır. Eşq xəstələri məhəbbət xoşbəxtliyinə düçar olurlar. Onlar vəcdin qanadında əlçatmaz yüksəkliyə qalxırlar. Hər kəsin duymadığını, duya bilmədiyini duyurlar və bu duyğuyla pərvazlanırlar! Eşq xəstələri – kamal əhlinə dönürlər, dünyanın, insanın nə olduğunu anlayır, naşılıq bəlasından xilas olurlar. Əslində müdrikliyin zirvəsi – Aşiqlikdir! Aşiqlik Aliyə məhəbbət vasitəsiylə bəşərə məhəbbət səviyyəsinə yüksəlir... Aşiq məhəbbət Qəmi vasitəsiylə dünya qəminə qovuşur! Aşiq məhəbbət əzabı vasitəsiylə dünya əzabına qatlaşır. Məhəbbətə qəhrəmananə – fədakar xidmətlə o, fədakarlığın, qəhrəmanlığın böyüklüyünü təsdiq edir. Başqasıyla Mənəvi vəhdət yaratmaq vasitəsiylə Aşiq Mənəvi vəhdətin zəruriliyini göstərir. Bir sözlə, Aşiq sevgidə əsil insani mövcudluğa yüksəlir.

Mən gəlirəm və aşiqanə sərməstlik yaranır. Bu sərməstlikdə dünyanın eybəcər, bəsit, bayağı tərəfləri unudulur, insan ali hisslər, düşüncələr dünyasına qapılır. Bu sərməstlikdə həyat – birtərəfləşir, məhəbbət aləmində məhdudlaşır. Ancaq bu “məhdud dünyada” sonsuz gözəlliklər, şeiriyyətlər, qəhrəmanlıqlar, musiqilər əmələ gəlir. Məhəbbətlə bağlı nə varsa – görüş dəqiqələrinin ecazkarlığı, hicranın dəhşəti, adi sözlərin qeyriadi mənası, günlər arasında yaranan məlahətli ahəng, duyğuların duyğulara calanması və bir səmtə axması, gözlərin gözlərlə pünhan söhbəti – ilahilik kəsb edir. Sərməstlik məqamında daxili göz çox iti görür. O, Yerdən, Göydən, zamandan, mə- kandan aralanır və qeyri-adiliyin mənasına tam qovuşur. Sərməstlik insanı kamillik libası geymiş naşılıqdan, gözəllik libasına bürünmüş eybəcərlikdən, parlaq görünən bəsitlikdən, yalandan, saxtakarlıqdan ayırır. Sərməstlik onu da deyir ki, dünyada məhəbbət dəliliyi adlanan dahi müdriklik var. Bu “dəliliyin” dərk etdiyi həqiqətlər adi şüura sığmır. Məhəbbət dəliliyi deyir ki, sevilən – adilikdən, hamılıqdan, keçicilikdən, ölümə məhkumluqdan təcrid olunur, onun yeni ülviliyi peyda olur ki, ona səcdə qılmaq, özünü həmin səcdədə itirmək gərəkdir. Əgər sevirsənsə – deməli, özündən daha böyük üçün yaşayırsan, ondan kənarda yoxsan, onda yoxa çıxmısan və bu yoxa çıxmaqla sözlə ifadəsi mümkün olmayan səadət əldə etmisən! Həmin dəliliyin, məcnunluğun ali mənası deyir ki, başqasında itmək – bəxtiyarlıqdır, yüksəlməkdir, çünki burada sənin keçiciliyin, bəsitliyin itir, ölməzliyin, sonsuzluğun, qeyriadiliyin, sığmazlığın təsdiq olunur.

Həmin müdriklik sənə deyir ki, məhəbbət vəcdinin verdiyi nəşə əvəzsizdir, vəcdə layiq olmayan dünya, naqis ehtirasları öldürə bilməyən dünya – dünya deyil!

Məndə insan özünə və dünyaya sığmır, onlardan kənara çıxır, özünü özündən yüksəkdə tapır. Mən insanı ilahiləş- dirirəm, onun özündən böyük mənasını özünə göstərirəm.

Məhəbbətin ruhani kəlamları İnsanın qəlbini nurla doldurdu.

 

Mənəviyyat

İnsan anladı ki, özüylə, daxilindəki şər ehtiraslarla döyüş- mək lazımdır. Bu döyüş İmtina zəruriliyini yaratdı. İnsan Şərin vəd etdiyi səadətlərdən əl çəkdi, onları heç saydı. Onda hərcayi hisslərlə vidalaşmaq əzmi yarandı və o, daxili aləmini eybəcərliklərdən təmizlədi. İmtina insana dedi ki, sənin daxilində hər şey sayılan, lakin heç nə olan duyğular da yaşayır. Onlar heçliklə səciyyələnən hadisələr törədirlər. Sən dəbdəbəli möhtəşəmliyin, Yerə-Göyə sığmayan qüdrətin heçliyini dərk etməlisən. Yırtıcılığı sarsılmaz, ölməz qüdrət sayanlar var. Ancaq əsil insan onun heçliyini anlamalıdır, ondan əl çəkmə- lidir. Yırtıcılıq – qorxudur, məhv edir, öldürür, zəbt edir, ancaq bütün bununla bərabər, o, heçlikdir. Ümumən dünyada hər şey kimi təqdim olunan, şərh olunan, təbliğ olunan, əslində heç şey olan hadisələr var.

Onların heçliyini gözlə və ağılla görmək olmur, ruhla görmək olur.

GÖZ – zahiri tərəfləri görür, mahiyyətə enmir, görünənlə kifayətlənir.

AĞIL – zahirdəkini daxili məzmunla eyniləşdirir. Yalnız RUH heçliyi dərk edir, çünki daxili məzmuna sirayət edir, mahiyyəti aşkara çıxarır.

RUH deyir ki, gözün və ağlın heyrət etdikləri əzəmət əslində heçə bərabərdir və ondan İmtina etmək gərəkdir. Heçliyi kəşf etməklə Mənəviyyat Müdriklik qüdrəti qazanır. Hakimiyyət əzəməti – idraki nailiyyət və ilahi qüdrət sayıla bilər. Ancaq RUH insana deyir ki, bu zabitəli ehtişam əslində heçlikdir və dağ kimi görünən heç daş da deyil.

İnsanların ağlını söndürən, duyğularını bulandıran, iradəsini sarsıdan hakimiyyət ehtirası – bir heçdir.

Şəhvətin mütləq hökmü haqqında təsəvvürlər bəsit ağıllarda kök salsa da, cinsi ehtirasın köləyə çevirdiyi iradələr, yıxdığı evlər hədsiz olsa da – şəhvət heçdir!

Ruhun söylədiyi bu həqiqət İmtina zəruriliyini tələb edir. Ruh deyir ki, gözə görünən çox vaxt hadisənin məzmununu ifadə etmir, cılız mahiyyətini hər şey kimi qələmə verən hadisələrin əsil mənası heçə bərabərdir.

Şöhrətpərəstliyin, xudpəsəndliyin, hərisliyin azğın hökmü səni aldatmasın. Bu hökm ona görə sonsuz görünür ki, onun heç olmasını insanlar bilmir.



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info