Qonaq Kitabı
İNSAN

Həm materializm, həm də idealizm nöqsanlıdır. Ancaq idealizmin heyrətli, qanadlı, narahat ruhani qüdrəti yanında materializm çox sönükdür!

İdealizmdə dünya dərk olunduqca böyüyür, yüksəlir, genişlənir, ülviləşir. Materializmdə dünya dərk olunduqca kiçilir, adiləşir, daralır. Son nəticədə, materializm – dünyanı bəsitləşdirir, idealizm isə dünyanı müqəddəsləşdirir.

Ehkamçı nəsə demək istədi, ancaq demədi. Materiyanın tərifini yada saldı, idealizmin mürtəce mahiyyəti haqqında oxuduqlarını xatırladı, amma nədənsə Həqiqətçinin əleyhinə tutarlı dəlil tapa bilmədi, ürəyində həm danışana, həm də özünə şiddətli hiddət yarandı və o, sərt bir ahənglə:

– Müqəddəslik dini cəfəngiyyatdır, – dedi. – Bəşəriyyət onunla əbədilik vidalaşdı.

– Bəşəriyyət Müqəddəsliklə vidalaşsaydı, özüylə vidala- şardı. İnsan heyvandan fərqli olaraq, dünyada, təbiətdə, insanda müqəddəs, yəni misilsiz dərəcədə yüksək, ali, qiymətli mənəvi sərvətlər görür. Torpaq insan üçün sadəcə təbiətin bir hissəsi deyil, pərəstişə, səcdəyə layiq olan bir qüdrətdir. Çünki onun ülvi mənası təbii xüsusiyyətlərindən, xassələrindən çox qiymətlidir.

Göy müqəddəsdir. Çünki o, insanın ruhani həyatında öz təbii keyfiyyətlərindən daha böyük rol oynayır.

Sevdiyin şəxs müqəddəsdir, çünki onda adi məziyyətlərdən kənara çıxan ləyaqətlər kəşf etmisən.

Bir sözlə, müqəddəslik – dünyanın və insanın özünə sığ- mayan mahiyyətinin insan tərəfindən qiymətləndirilməsidir.

Dünya, insan, yer, göy müqəddəsdir deyəndə, insan: – onlar mənim üçün sonsuz əhəmiyyətə malikdir, onlarsız mənim həyatım heçdir, onlara səcdə, pərəstiş etmək gərəkdir – deyir.

Beləliklə də, müqəddəslikdə – dünyaya sığmayan məna insana qayıdır və insan dünyaya həmin mənanın gözüylə baxır. Bu baxımdan ideallaşdırma, ilahiləşdirmə adlandırılan keyfiyyət əslində, ruhani dərketmədən başqa bir şey deyil. Mən kimisə, nəyisə ilahiləşdirirəm, deməli, kimdəsə, nədəsə göründü- yündən, hiss olunduğundan daha böyük məziyyət kəşf edirəm. İnsanın heyvandan əsas fərqi elə bundan ibarətdir. İlahiləşdirməyən, ideallaşdırmayan idrak – əsil insani idrakın zəif kölgəsidir.

İnsan – dünyanı və insanı müqəddəsləşdirmədən yaşaya bilməz.

– Onda Allah ideyasına da bəraət qazandırmaq olar? – deyə Ehkamçı çılğınlıqla dilləndi.

 – Özünü özündən və dünyanı dünyadan böyük görən insan Mütləqə can atır və onu Allah adlandırır. Allah mütləq qüdrətə malikdir – dünyanı və insanı yaradandır, ədalətli, möhtəşəm, ali varlıqdır. Allah vasitəsiylə insan özünün realizə edilməmiş imkanlarını təsdiq edir.

Allah arzuolunanın, istənilənin, Mütləqin təzahürüdür. Allah sonlu, keçici, natam, nisbi hadisələrin, keyfiyyətlərin, idealların üzərində yüksələn Mütləqdir. O, kamilliyin, qeyri-adiliyin, əbədiliyin ülvi təcəssümüdür.

Allaha münasibətdə insanın qarşısıalınmaz daxili tələbi aşkara çıxır; nisbidə, natamda, keçicidə, adidə dayanmamaq, sonsuza, əbədiyə, Mütləqə qovuşmaq.

Heyvanın Allahı yoxdur.

İnsan həyatda tam mənəvi və cismani qüdrətə malik olmur. Ancaq onda mütləq kamilliyə sonsuz ehtiras var. Həmin realizə edilməmiş ehtiras Allah ideyasında reallaşır. İnsan həyatda ən yaxşı halda nisbi ədalət görür. Ona görə də mütləq ədalət həsrətini Allahda təcəssüm etdirir.

Ətrafda yalnız nisbi məziyyətlər görən, ancaq onlarla kifayətlənməyən insan – arzularını Allahda həyata keçirir. O, Allahda özünün ali mahiyyətini tapır və bu mahiyyətə pərəstiş edir. Bu baxımdan allahsız İnsan yoxdur və ola da bilməz! Çünki Mütləqsiz yaşamaq müşküldür! Təbiidir ki, yeri-göyü yaradan, insanı törədən, kainatı idarə edən Allah yoxdur! Bunu indi uşaq da bilir.

Ancaq Allah ideyası insanın ən ilkin, ən dərin, əbədi ruhani tələbindən doğub. Allahı izah etmək – əslində insanı izah etmək deməkdir. Yeri-göyü yaradan Allahdan əl çəkmək asandır. Ancaq Mütləqin rəmzi olan Allahdan insan heç vaxt əl çəkməyib. Hətta əl çəkdiyinə inananda belə. Çünki həmişə Mütləqə can atıb. Göydəki Allahı yerdə axtarıb, sərkərdələri, hökmdarları, şöhrətliləri, səlahiyyətliləri Allahlaşdırıb. Bu səbəbdən də Allah sözündən, Allah anlayışının ifrat tərəflə- rindən əl çəkmək olar, amma Allah tələbindən əl çəkmək olmaz. Mütləqə tələb qurtaran yerdə insanilik də qurtarır.

– Onda bəlkə dini də dirildəsiniz?

– Din müqəddəsliyin təsdiqidir, ancaq əfsanəvi, nağılvari, alleqorik, məcazi təsdiqidir. Dində o dünya, bu dünya ideyası, xurafat, şeytan, cin, çoxçeşidli aldanışlar, dumanlı, xülyavari təsəvvürlər çoxdur. Bu baxımdan – din ehtizazı, Mütləqə qovuşma ehtirasını yanlış istiqamətləndirir. Ona görə din – bir forma kimi ali məzmuna təzyiq göstərir, onun təzahürünə mane olur. Bu səbəbdən də dinə qayıtmaq lazım deyil.

Ancaq din tərəfindən təsdiq, vəsf və təbliğ edilən müqəddəslik ideyasına, Allah ideyasının ülvi mənasına, həmin mənanın yaratdığı vəcdə, heyrətə, səcdə ülviyyətinə qayıtmaq mütləq lazımdır. İnsanlar özlərini özlərindən böyük görəndə özlərinə qayıdacaqlar.

Bunun üçün Allahı öldürmək yox, insaniləşdirmək lazımdır.

– Bu cahanşümul vəzifəni necə yerinə yetirəcəksiniz? – deyə Ehkamçı istehza və hiddətlə soruşdu.

– Bu zəruri ideal – Mənəvi İntibah fəlsəfəsinin qüdrətiylə həyata keçiriləcək. Fəlsəfə müdrikliyə sevgi deməkdir. Ən böyük müdriklik insan ilə dünyanın münasibətini izah etməkdir. Fəlsəfənin əsas məqsədi insan ilə dünyanın əlaqəsini kəşf etməkdir. “İnsan dünyada kimdir, dünya insan üçün nədir?” Fəlsəfənin birinci sualı budur. “İnsanın Mütləqə, ideala münasibəti necədir?” Fəlsəfənin ikinci sualı budur. “İnsanı ideala yaxınlaşdırmaq üçün nə etmək gərəkdir?” Bu üçüncü sualda fəlsəfənin peyğəmbərlik siqləti aşkara çıxır. “İnsanın cəmiyyətdə yeri, vəziyyəti, taleyi necədir? Bu, fəlsəfənin dördüncü sualıdır. “İnsanın öz əsilliyinə qayıtması üçün nə lazımdır?” Bu, fəlsəfənin beşinci sualıdır.

Bir sözlə, fəlsəfə insan aqibətini şərh, təhlil və təyin edən müdriklikdir.

Bu baxımdan fəlsəfənin zəngin imkanları çox sönük realizə olunub. Fəlsəfəni cəmiyyət haqqında elm səviyyəsinə endiriblər, bu, fəlsəfənin ölümü deməkdir. Fəlsəfəni idealizmin ruhani qüdsiyyətindən, idraki ülviyyətindən məhrum ediblər, qadirsizləşdiriblər. Fəlsəfəni – dinin alleqorik şəkildə ifadə etdiyi müqəddəs əxlaqi ideyalardan, sonsuzluq, əbədilik, mütləq kamillik, müqəddəslik ehtiyacından – təcrid ediblər, müflisləşdiriblər. Fəlsəfənin peyğəmbərlik siqlətini – İnsanın mənə- viyyatında İntibah yaratmaq qüdrətini məhv ediblər.

Bir zamanlar fəlsəfə insanı ardıcıl şəkildə İdeala yaxınlaş- dırırdı. İndi insan cəmiyyətin öhdəsindədir. Ona görə də özünə bənzəmir.

Fəlsəfənin bədiiyyatla, hissiyyatla, ehtizazla əlaqələrini ləğv ediblər, onu elmin kölgəsinə çeviriblər, onun misilsiz idrakiemosional təsirini yox ediblər.

Fəlsəfə – şeiriyyətli, musiqili, vəcdli, əlvan biçimli bir möcüzə idi. İndi o möcüzədən əsər-əlamət qalmayıb. Fəlsəfəni siyasətin xidmətçisinə, özü də kölə, qorxaq, məzlum xidmətçisinə çevirdilər: onun məqsədini – siyasətə bəraət qazandırmaqda, onu hər vəchlə müdafiə etməkdə, təbliğ etməkdə gördülər. Beləliklə də fəlsəfənin və idrakın əsas cəhəti: yeni dünya yaratmaq və gerçək dünyaya tənqidi münasibət bəsləmək qabiliyyəti – aradan qaldırıldı. Fəlsəfi məzmun hədsiz dərəcədə bəsitləşdi: fəlsəfə tarixi haqqında söhbət – idealizmlə materializmin mübarizəsiylə, dünya haqqında söhbət – şüurun, yaxud materiyanın birinci olmasıyla, dialektika – üç qanunun və bir neçə kateqoriyanın şərhiylə, cəmiyyət problemi – istehsal münasibətləriylə, idrak nəzəriyyəsi – inikasla məhdudlaşdı. Məzmun kasadlığı – fəlsəfəyə sırf sosioloji, tarixi, publisist, siyasi məlumatların dolmasıyla – “aradan qaldırıldı” və fəlsəfə görünməmiş dərəcədə bayağılaşdı.

İnsanilik haqqında idrak olan fəlsəfə təbiət elmlərinin heç kəsə lazım olmayan metodologiyası səviyyəsinə endi və gərəksizləşdi.

Bir sözlə, fəlsəfə fəlsəfəliyindən ayrıldı, özünün tam əksinə çevrildi. İndi məqsəd fəlsəfəni özünə qaytarmaqdır. Dövrün yeni fəlsəfəsi – fəlsəfə tarixinin yetirdiyi yüksək ideyaların ölməz mənasını özündə cəmləşdirən, onlara yüksək idraki səviyyədə qayıdan, onların əsasında ucalan fəlsəfə olacaqdır.

Keçmiş fəlsəfələrin çoxu biri digərini inkar etməkdə inkişaf nöqtəsi arayırdılar. Bizim fəlsəfəmiz isə – özündən əvvəlki fəlsəfi fikirdə gözəl, ali, ülvi nə varsa, özündə təcəssüm etdirəcək, ancaq onların heç birinə bənzəməyəcək, tam yeni fəlsəfə olacaq!

Zərdüştdən Platona, Platondan bu günə qədər olan idraki, mənəvi fikir, ideya, hissiyyat, ehtizaz fəlsəfəmizin qəlbində döyünəcək, ancaq qəlb özümüzün, bu günün, XX əsrin, mənəvi İntibahın, Şərqə üz çevirən bəşərin olacaq!

Fəlsəfə tarixi heyrətamiz idrak xəzinəsidir. Lakin onda insan demək olar ki, heç vaxt tam müstəqil varlıq kimi qiymətləndirilməyib. Zərdüştdə insanın taleyini Hürmüzd, Buddada İnsanın özündən təcrid olunması, Platonda ideyalar aləmi, İsada fədakar, özündən keçən Allah oğlu, Məhəmməddə – Allahın özü, Hegeldə mütləq ruh, Marksda – iqtisadi münasibətlər, Freyddə – şəhvani ehtiras həll edir. Yalnız Mənsur Həllacla başlayan və Nəimi-Nəsimi zirvəsiylə tamamlanan Hürufilikdə İnsan – Müstəqildir, Alidir. Allahın özüdür... Ancaq burada onun müstəqilliyi Allaha qovuşmaqla bağlıdır. Yəni insan yalnız Allaha qovuşanda, Allaha çevriləndə Allah (müstəqil) olur. (“Mən Onu sevdim və O oldum”. Mənsur Həllac).

Biz öz fəlsəfəmizdə insanı tam müstəqil, ali varlıq kimi tədqiq edirik, insaniliyin özünəməxsus, heç bir qüvvədən asılı olmayan mahiyyətini təsdiq edirik. Bu mahiyyətin əsası – ruhdur, müqəddəslikdir, Allah ideyasıdır, sığmazlıqdır. Onlar 27 İnsanın dünyayla, təbiətlə, cəmiyyətlə, özüylə, İdealla, Mütləqlə və Ölümlə görüşlərində aşkara çıxır.

...HƏQİQƏTÇİ sözünü qurtardı. Ancaq EHKAMÇINI yerində görmədi. O, qeyb olmuşdu.

 

  1. 2.     Dünyayla Görüş

İnsan ana bətnindən dünyaya uçuruma düşən kimi düşdü. Yadlıq, naməlumluq, məchulluq onun qəlbini qorxuyla, təlaşla doldurdu. Uzaqlığın sehri insanda həm də dərin və gözlənilməz bir heyrət oyatdı.

Dünya insana yad idi, ancaq bu yadlıqda anlaşılmaz bir cazibədarlıq vardı.

Dünyayla ilk görüşdə yadlıq insana dəhşətli göründü. O, dünyaya gəlməsini müdhiş çığırtı ilə bildirdi. Bu çığırtıda acı fəryad da var idi, sonsuz maraq da.

Uçurum qorxunc idi, ancaq həm də cazibədar, əfsunlu, möcüzəli idi. İnsan dünyada yaşadı və böyüdükcə dünyaya münasibəti də böyüdü. İnsanı yalqızlıq fəlakətindən ANA qurtardı. O, balasını bağrına basdı, əzizlədi, sevdi və insan anasını dünya saydı. Uçurumun dəhşəti yox oldu, cazibədarlığı qaldı. Ana bətnindən qopub dünyaya düşmüş insan ana məhəbbətində öz ilkin mənəvi məskənini tapdı və bu məskəni ağlında, təxəyyülündə yenidən yaratmağa başladı.

Dünyayla ilk təmasda qəlbində yaranan maraq, heyrət duyğusu çiçəkləndi. Ana adlanan adi varlıq yerə-göyə sığmayan qüdrətə çevrildi.

Anayla görüşməklə insan dünyayla görüşdü. Ananın üzündə, təbəssümündə, nəvazişində dünya başlanırdı və qurtarırdı.

İnsan anladı ki, ana dünyası möcüzəli dünyadır. Ananın əlləri adi əl deyil, gözləri adi göz deyil, analıqda sonsuz gözəllik var. Deməli, insanın düşdüyü uçurum da adi uçurum deyil və dünya insana yad deyil, dünya ilə insan birdirlər. Ana ilə bala bir olan kimi. Dünyayla insan arasında münasibətin 28 mənasını həssas uşaq qəlbi çox tez duydu. Ana adi qadındırmı? YOX. Deməli, dünya da adi dünya deyil. Ana övladından ayrıdırmı? YOX. Deməli, dünya da insandan ayrı deyil. Ana hamının gördüyü, bildiyi adamdırmı? YOX. Anayla balanın təmasda olduğu otaq hamının gördüyü, bildiyi otaqdırmı? YOX. O, nağıldır, sehrdir, möcüzədir. Dünyanın əsil mənasını bala anasında tapdı.

Sonralar o, böyüdü, yetkinləşdi, dünyada yalan, ədalətsizlik, eybəcərlik, qəddarlıq, məkr, riya gördü, qəmləndi, göz yaşı tökdü, ancaq dünyanın ana ülviyyətindən əl çəkmədi! İnsanlara biganə dünya – dünya deyil! – dedi. Alçaqlara meydan verən dünya – dünya deyil! – dedi. Yalanı taxta mindirən dünya – dünya deyil! – dedi. Hər görünən dünya – dünya deyil! – dedi. Hər yaşayan dünya – dünya deyil! – dedi.

Əgər insanların göz yaşı dənizin sularından çoxdursa, əgər coşğun arzular insana səadət yox, fəlakət gətirirlərsə, əgər dünyanın yaratdığı insanın ürəyi çirkabla doludursa, əgər məzlumlar cəlladlara səcdə qılırsa, əgər naşılıq müdrikliyi üstələyirsə, əgər məkr sədaqəti lağa qoyursa, deməli, dünya – dünya deyil!

Uçurumun dünya olduğunu biləndən sonra insan uçuruma bənzər dünyanı dünya saymadı! Çünki o, dünyanın əsil mənasına qovuşdu. Analıq şəfqəti İnsanı dünyayla aşina etmişdi.

İnsan anladı ki, onu əhatə edən dünya əsil dünyanın özü deyil!

Burada əsil dünyanın yalnız ayrı-ayrı nişanələri var. Ülvi məhəbbət adlanan nişanəsi! Qəhrəmanlıq, fədakarlıq adlanan nişanəsi! Gözəllik adlanan nişanəsi! İdrak eşqi adlanan nişanəsi!

İnsanın gerçəklikdə yeni yadlığı başladı. O, başqasıyla tam mənəvi vəhdətə can atdı, ancaq bacarmadı, mütləq mənəvi vəhdət yaranmadı, yadlıq aradan qalxmadı. İnsan həqiqət yolu tutdu, ancaq həqiqətpərəstlik sevilmədi, yalan həqiqəti əvəz etdi. İnsan sədaqət istədi – ona xəyanət bəxş etdilər, məhəbbət istədi – nifrət verdilər, səmimiyyət istədi – məkrlə öyündülər. Vəhşilik, yırtıcılıq, şəhvanilik, zalımlıq yerə-göyə sığmadı! Ürəklə ürək arasında uçurum yarandı! Dünyadan qorxdular, küsdülər, qaçdılar!

“Bu, dünya deyil!” – deyə İnsan dilləndi! Dünyanı özündə axtar!

Dünya murdardır, sən murdar olma! Dünya naşıdır, sən naşı olma! Dünya çirkindir, sən çirkin olma! Özünü xalisləşdir, ülviləşdir, dünyalaşdır! Naqis dünyanı qanınla təmizlə! Öl – dünyanı diriltmək üçün! Qoy səni çarmıxa çəksinlər, qoy dərini boğazından çıxartsınlar, bədənini tonqallarda yandırsınlar! Bununla sən əsil dünyanı təsdiq edəcəksən! Torpağı, yeri, gö- yü, çəməni, çayı şeirinlə bəzə, ilahiləşdir, musiqinlə əsil dünyanın səsini eşit.

İnsan ətrafındakı dünyanın dünya olduğuna inanmadı, gerçəkliyə sığmadı. Həyatda yalnız o, bircə dəfə dünyaya sığmışdı: Anasının qucağında. Ancaq onda dünya adi dünya deyildi, ondan hədsiz dərəcədə böyük, ali, əsrarəngiz idi!

Bir sözlə, İnsan dünyaya öz dünyasını özüylə, ruhunda gətirmişdi.

İnsan dünyaya atılmışdı. Gerçəklikdə o, heç vaxt yadlıqdan ayrıla bilməmişdi. Ancaq yadlıq onu məhv etməmişdi. Çünki öz dünyası vardı. Gerçəkliklə insan döyüşmüşdü, onun üzərində qələbə çalmışdı, ancaq dünya yadlığından tam ayrıla bilməmişdi.

İnsan bilmişdi ki, bahar onun üçün açılmır, payız onun üçün ağlamır, qış onun üçün torpağı qara qərq etmir, yay onun üçün kainatı isitmir, səma onun üçün qaranlığa bürünmür! Ancaq o, gecədə də, səhərdə də, qışda da, baharda da öz dünyasını görürdü, qəlbi təbiətlə danışırdı. O, gerçək dünyada əsil dünyanın nişanələrinə qovuşurdu. Beləliklə də dünyada iki dünya yaranırdı: İnsana yad və İnsana doğma olan dünya! Səhərin açılması təbiətin insandan asılı olmayan qanunları əsasında baş verirdi. Ancaq insan onda öz daxili tələbinə uyğun olan keyfiyyətlər görürdü: yəni təbii hadisə insan üçün doğma olurdu. Səhər insana yad bir səbəbdən açılırdı, ancaq onun açılması insana son dərəcə zəruri görünürdü. Bahar insana sevinc bəxş etmək üçün açılmırdı. Ancaq sevinc bəxş edirdi.

Beləliklə də insan dərk etdi ki, dünya öz böyük, ali mənasına görə İnsana doğmadır, dünya ilə İnsan arasında qırılmaz vəhdət var. Dünya dağı, çayı – insanı sevindirmək, ilhamlandırmaq, vəcdə gətirmək üçün yaratmamışdır! Ancaq dağsız, çaysız insan həyatı sönük olardı. Dünyayla insanın yaxınlığı insanın yalqızlığını, yadlığını azaldırdı. Ancaq insan dünyaya adi baxımdan yanaşanda yalqızlıq dəhşəti yenidən oyanırdı.

Dağdan, çaydan maddi faydalananda insan təbiət ilə ülvi vəhdətini itirirdi.

Adamların biri-biri ilə əlaqəsində də bu cəhət özünü göstərirdi, sərkərdənin əsgərə, fatehin fəth etdiyi ölkəyə, səlahiyyətlinin rəiyyətə münasibətində yadlıq təsdiq olunurdu. Beləliklə də insan onu əhatə edən dünyada daim yalqızlığa qayıdırdı. Ancaq heç vaxt gerçəkliklə məhdudlaşmır, bu səbəbdən də yadlıq tam qələbə çalmırdı. Bir çox hallarda İnsan süni vəhdətin şahidi olurdu. Camaat qəddar, zalım, qan hərislərini özünə yaxın hesab edib, onların qüdrətiylə öyünürdü. İnsan bu “doğmalığın” ən eybəcər yadlıq olduğunu bilirdi, o dərk etmişdi ki, dünya üzərində hakimiyyət əslində dünyadan uzaq olmaq deməkdir.

Bir zamanlar dünyada saysız-hesabsız heyvanlar var idi. İnsan ağlının gücüylə onlara qalib gəldi, öldürdüyünü öldürdü, saxladığını saxladı, kainatın ağası oldu və bununla da öz yalqızlığını sonsuz dərəcədə artırdı. İndi yer-göy insanın ixtiyarındadır, ancaq dünya insandan uzaqdır. İnsanın dünya üzərində qələbələri ona möhtəşəmlik gətirdi, doğmalıq gətirmədi. İnsanın yalqızlığı, yadlığı daim artdı.

Ancaq insan sarsılmadı. O, doğmalığı, həmahəngliyi, birliyi gerçəklikdə yox, öz dünyasında aradı və tapdı. O, ətrafdakı 31 dünyaya sığmadı. İnsan özünü öyrəndi, özünü bəyənmədi, özüylə tam doğmalaşmadı, özündən aralandı...

O gördü ki, daxilində ülviyyətlə yanaşı, qəbahət də yaşayır. Hissiyyat aləmi vəhşi, yırtıcı instinktlərlə doludur.

Daxili dünyaya endikcə insan özünü lənətlədi, döydü, ancaq özünə və dünyaya inamını itirmədi. “Sən əsil İnsan deyilsən, ona görə naqissən!” – dedi. Əsil olmaq üçün özünü təzədən yaratmalısan! Özünü öldürməlisən və təzədən diriltməlisən! Əsil dünyanın tələbləri əsasında yaşamalısan.

İnsan gördü ki, dünyada sonsuz bəlalar, qocalıq dəhşəti, ölüm sonluğu var. İnsan gördü ki, bu gün eybəcər qocadır, sabah isə məzara gömülən cəsəd! Arzular, niyyətlər əlçatmazlıq zirvəsində ülvi görünürlər, həyata keçdikdə kiçilir, adiləşir, bayağılaşırlar, insan çox axtarıb az tapır, yaşadıqca ölümə yaxınlaşır, həyat bağçasında zəhərli güllər də bitir, səadətin ömrü qısa, fəlakətinki uzun olur. Dünyadakılar çalışır, çabalayır, nəsə yaradır, sonra yaratdığını öz əliylə uçurub yox edir, sonra təzəsini yaradır, ancaq onu da dağıdır, daim təzədən başlayırlar.

İnsan bunları gördü, kədərləndi, ağladı, ancaq iradəsini topladı, göz yaşını sildi və gerçək dünyaya üz tutub dedi: “Bil və agah ol ki, sən – bu möhtəşəm, böyük, intəhasız dünya – mən İNSAN üçün məhdud, kiçik, natam və naqissən. Mən buraya özüm gəlmədim. Məni buraya gətirdilər və dedilər: yaşa! Ancaq bu mənim, İnsanın dünyası deyil! Mənim dünyam özümdə, ruhumda, təxəyyülümdə, arzularımdadır. Mənim dünyam səndən sonsuz dərəcədə gözəldir, kamildir, ülvidir, mənalıdır. Sən olsa-olsa onun çox zəif və sönük bir təzahü- rüsən! Əsl dünya – olacaq, olmalı, əlçatmaz, mütləq dünyadır. İnsanın məkanı odur.

Əsl dünya, mənim dünyam – əbədi sabahdır, heç vaxt bu gün olmayan, bugünə tam çevrilməyən, bugünlə məhdudlaş- mayan, bugünə sığmayan, sonsuz, hədsiz, mütləq SABAH!”

İnsan bugünlə heç vaxt kifayətlənməyib! İnsanı bugündə saxlayan, bugündə dayandıran, bugünlə barışdıran güc yoxdur. İnsanın dünyası sonu görünməyən uzaqlıqdır. İnsan yaxınlıqda mövcud olur, uzaqlıqda yaşayır. O, ana bətnindən dünyaya öz dünyasını axtarmaq üçün gəlib. O, ana bətninə sığmadı, dünyadan kənara çıxdı, heç yerdə dayanmadı, məchulluğa, kamilliyə, əsilliyə doğru daim addımlayır.

İnsan sözünü qurtardı və yola düzəldi.

Göy yerə səpilən yağışıyla İnsana uğurlar dilədi.

 

  1. 3.     Təbiətə Etiraf

– Sən məni başqa canlılar kimi yaratmışdın. Ancaq mən sənin istəyinə sığmadım, görünməmiş, bilinməmiş, nəzərdə tutulmamış bir varlıq kimi həyata gəldim. Öz gəlişimlə səni təəccübləndirdim. Anam təbiətin ahəngini pozdum. Sağ qalmaq, yaşamaq, yaşatmaq üçün mən bütün canlıların, təbiətin üzərində hakim olmalıydım, yeri-göyü, heyvanatı, bitki dünyasını özümə tabe etməliydim, ya da məhv olmalıydım!

Başqa canlıların heç birinin aqibətində belə kəskin təzad olmamışdı. Şir maralı parçalayırdı. Ancaq bütün heyvanları qırıb-tökmürdü. Qurd quzuyla yemlənirdi. Ancaq canlıların hamısını özünə tabe etməyə cəhd göstərmirdi. Böyük balıqlar kiçik balıqları udurdular. Ancaq bütün su heyvanlarını öldürmürdülər. Dünyada insandan başqa heç bir canlı bütöv təbiətə hakim olmağa səy etmirdi. İnsan səy edirdi, çünki başqa cür sağ qala bilməzdi. O, şirləri, pələngləri, canavarları məhv etməliydi, çaylara, meşələrə, torpağa sahib olmalıydı!

Elə bil sən – təbiət mən – insanı özünün üzərində hakim olmaq üçün dünyaya gətirdin. Təbiətin elə bir guşəsi olmadı ki, mən ora müdaxilə etməyim, elə bir canlısı olmadı ki, onu özümə ram etməyim. Yer üzərində nə var idisə, mənim hökmümə tabe oldu. DÜNYANIN AĞASI OLDUM.

Təbiətin çaylarında, dənizlərində çimdim, meşələrindən, çəmənlərindən bəhrələndim, təbiəti öz xidmətçimə çevirdim. Bunun üçün sən mənə imkan yaratmışdın – ağıl bəxş etmişdin.

Ağıl vasitəsiylə əmək alətləri hazırladım, özümü qorudum, təbiəti zəbt etdim. ANCAQ HAKİM ÖLÇÜSÜNƏ SIĞMADIM.

Təbiət üzərində ağalığın ən müdhiş məqamında belə, təbiətə vuruldum, təbiəti döydüm, həm də vəsf etdim, ilahiləşdirdim. Canavarı öldürdüm, həm də özümə rəmzi rəhbər seçdim! Şiri tələyə saldım, ancaq övladlarımın adını Şir qoydum. Atı özümə ram etdim, həm də dost etdim. Dağa, çaya, çölə-çəmənə, günə- şə mahnılar qoşdum. Təbiətlə itirilmiş vəhdət həsrətini qəmimdə, nisgilimdə tapdım. Sevdiyim qadını Gül deyə çağırdım.

Təəssüf ki, təbiət məni başqa canlılar kimi vəhşi yaratmış- dır. Üstəlik vəhşilikdən qurtarmaq üçün imkan heç cür yox idi. Mən ətrafdakıları vəhşicəsinə qırmalıydım. Təbii vəziyyətim bunu məndən tələb edirdi. Mən tüfəng icad etməliydim, çünki qollarım çox güclü deyildi, fiziki qüdrətim məhdud idi; mənə pələng pəncəsi, canavar dişi verilməmişdi. Mən vəhşiləri məhv etməsəm, onlar məni məhv edəcəkdilər! Mən çox qan axıtdım, təbiətə çox yaralar vurdum, təbiətdən çox aralandım.

Ancaq bu yadlıq ürəyimdə kədərlə səsləndi. İlk qəmli nəğmələrim təbiət həsrətinin ifadəsiydi! Mən öz hakimiyyə- timlə nəinki qürrələnmədim, əksinə, fatehliyim mənə qüssə gətirdi və mən təzədən təbiətin əsil ülvi mənasına qayıtdım. Bunu məndən ruh tələb etdi. Ən vəhşi məqamda belə İnsanı tərk etməyən ali qüdrət!

İndi mən təbiətdə özümün əsil mahiyyətimə qovuşdum! Anladım ki, təbiət ona hakim olmaq üçün yaranmayıb, onun qeyri-adi mənası var və bu məna insaniliyə çox doğmadır. Dərk etdim ki, döyülən, əzilən, tapdanan, insanın sərəncamına verilən təbiət öz əzəli gözəlliyindən, şeiriyyətindən uzaqlaşır. Duydum ki, bu ucu-bucağı görünməyən dağların başına dolanan yollar, yamaclar, dəniz əzəməti, gecə qüssəsi, qürub sükutu, ulduz ülviyyəti – insanın ali mənasını ifadə edir! Sən bu geniş səmanın, gülün, çiçəyin, baharın, səhərin, ceyranlı, pələngli dünyanın bir hissəsisən! Bu ruhani hikmətə yüksəldim və mənimlə Təbiət arasında yadlıq aradan götürüldü. Ancaq ruhani həyat ilə adi həyat arasındakı təzad aradan götürülmədi. Adi həyatda mən yenə də təbiəti döydüm, ruhani həyatda isə ona mahnılar qoşdum. Beləliklə də mən – ikiləşdim... Adi adam kimi təbiət üzərində hökmümü artırdım, ruhani İNSAN kimi təbiətlə özüm arasında həmahənglik gördüm, təbiəti insaniləşdirdim, insanı təbiətləşdirdim. Öz əsil üstünlüyümü də təbiətlə ruhani qovuşma məqamında hiss etdim.

Ağalıq məqamında üstünlük bilinmir, çünki insanilik yox olur. Təbiətlə qovuşanda mənim təbiətlə yarışım başlayırdı. Sənə qarşı münasibətimdə mürəkkəblik meydana gəlirdi. Sənə xas olan müdriklik, ahəngdarlıq, rəvanlıq məni valeh edirdi. Ancaq sənin bütün canlılarına xas olan çılpaq, yırtıcı zorakılığı ruhum qəbul etmirdi. Ona görə də ruh səni təqlid etmir, səni tamamlayır, sənin üzərində yüksəlirdi.

Səslərindən musiqi, rənglərindən rəsm əsərləri, daşlarından heykəllər yaratdım. Özümü də diqqətlə öyrəndim. Gördüm ki, təbiiliyimdə iki cəhət var: vəhşilik və ülvilik. Vəhşiliyimlə – yırtıcılığımla, şəhvaniliyimlə, hərisliyimlə, qəddarlığımla, xudpəsəndliyimlə döyüşdüm. Həm təbiiliyimə yaxınlaşdım, həm də ondan uzaqlaşdım! Sənin gözəlliyinlə öz gözəlliyim arasında uyğunluğu da gördüm, fərqi də. Mənim üzümdə təbii gözəllik var. Ancaq o, ruhani gözəlliyin ifadəsi kimi daha gözəldir! Mənim üzümdə sənin bəxş etdiyindən daha çox ruhun bəxş etdiyi var! Ruhu mənə sən verdin.

Ancaq o, səndən ayrılandan sonra daim artdı, böyüdü və məni böyütdü. Və mən dünyanı öz yaratdığım gözəlliklərlə bəzədim. Sənin gözəlliyini də kəşf edən mən oldum. Sənin ən amansız düşmənin də mən oldum, ən alovlu pərəstişkarın da! Nə tam düşmənin ola bildim, nə də tam dostun! Bir əlimlə düşmənlik elədim, bir əlimlə dostluq! Bəlkə də həyatda mənim ən böyük faciəm elə budur! Yaşamaq üçün, məhv olmamaq üçün mən şəhərlər salmalıyam, evlər tikməliyəm, taxıl becərməliyəm, buna görə də sənə zülm etməliyəm. Ancaq səni həm də özüm qədər sevirəm, səninlə yarışıram, səni ötürəm, səni əvəz edəcək maşın icad etmək iddiasındayam. Ancaq ruh mənə deyir ki, sən təbiətin hissəsisən! Bunu bilirəm. Fəqət səndə qala bilmirəm. Sənə sığmıram. Böyüklüyünlə, aliliyinlə, şeiriyyətinlə, kamilliyinlə, möhtəşəmliyinlə, müdrikliyinlə – mənim üçün azsan! Səndə dayana bilmirəm! Bağışla məni, ANAM!

 

  1. 4.     Cəmiyyətlə Görüş

İnsan başqaları ilə birgə yaşamağa can atdı: o, kiminsə əlindən tutmalıydı, kiməsə həmdəm olmalıydı, həm də öz gücünü artırmalıydı. İnsan belə hesab edirdi ki, cəmiyyətdə onun ruhani qüdrəti daha parlaq şəkildə meydana çıxacaq. Bir sözlə, insan cəmə qovuşdu, cəmin içindən özünə başçı seçdi, onu fərqləndirdi, yüksəltdi. Ona inandı.

Hamılıqla təbiət üzərində qələbə çaldılar, dünyaya sahib oldular. Ancaq insan özünü cəmiyyətdə tapmadı, itirdi və indi də itirmiş sayır. Fərqləndirdiyi, özündən ayırdığı, ucaltdığı başçı özünü insana qarşı qoydu, özü ilə insan arasında uçurum yaratdı və İnsanı həmin uçuruma atdı. Öz möhtəşəmliyini təsdiq edən başçı insaniliyi unutdu və insanı öz xidmətçisinə çevirdi. İnsan öz fəaliyyətinin kölgəsinə döndü, əkinçi oldu, ovçu oldu, ancaq insan olmadı, cəmiyyətdə insan kimi görünmədi.

Başçı insanın insani mahiyyətini mənimsədi. Sonralar dövlət yarandı, başçını hökmdar əvəz etdi, insan hakiminin köləsinə döndü, minlər bir nəfərin sərəncamına verildi. Cəmiyyət ilə insan arasında barışmaz ziddiyyət törədi. Hökmdarlar əzəmətli imperiyalar yaratdılar və minlərlə insanı bu niyyətə qurban verdilər. Onları insan saymadılar, əsgər saydılar.

Cəmiyyətdə insan olmaq və əsgər olmaq başqa-başqa şeylər idi. Hökmdarın ölümü cəmiyyət üçün misilsiz faciə idi. Ancaq minlərlə adilərin ölümü ölüm deyildi! İnsan sözünün mənası dəyişilmişdi. Bu söz böyüklüyünü itirmişdi. Onun yerini başqa anlayışlar tutmuşdu: hakim, zadəgan, rəiyyət!

Artıq insana insan deyə müraciət etmirdilər. Çünki əsil bütöv İnsan cəmiyyətdən xaric edilmişdi. Cəmiyyətdə isə insan yox idi. Hökmdar da insan deyildi, qorxunc, yad, heybətli qüvvə idi! Zadəganda insanı axtarmırdılar, var-dövlət axtarırdı- lar. Rəiyyət heç cür insan deyildi. Cəmiyyət onu insan hesab etmirdi. Ona qarşı qəddar və amansız idi. Rəiyyətin aqibətində insanilik itmişdi. Beləliklə də cəmiyyəti yaradan insan cəmiyyətdə məhv olmuşdu. Onun daxili aləmindən cəmiyyətin xəbəri yox idi. Çünki o, cəmiyyətə gərəkli deyildi. Cəmiyyətə insan yox, alət lazımdı. Cəmiyyətə insanın arzuları, niyyətləri gərəksiz idi. Çünki cəmiyyətdə insan özü istədiyi kimi yaşamırdı, istənilən kimi yaşayırdı. Cəmiyyət öz arzularını həyata keçirməklə məşğul idi və insan səadətini nəzərə almırdı. Qeyriadi qüdrət, möhtəşəm dövlət yaradırdı və insanı görünməmiş müsibətlərə düçar edirdi. Ancaq bu, müsibət sayılmırdı, qabiliyyət sayılırdı. Neçə-neçə sinələrə dağ çəkilirdi, şəhərlər, ölkələr yerlə-yeksan edilirdi, insan kəllələrindən binalar ucaldılırdı, ancaq səlahiyyətli cəlladlar lənət əvəzinə, pərəstiş qazanırdılar.

Təbiidir ki, belə cəmiyyət insanı özünə pərçimləyə bilirdi. Ən dəhşətlisi o idi ki, İnsan öz taleyini özündə yox, cəmiyyətdə aramağa başladı. Bu, qətlə məhkum olunanın öz səadətini qatildə axtarmağına bərabər idi. İnsan artıq bilirdi ki, hökmdar öz fəaliyyətində, niyyətində onun mənafeyini heç vaxt nəzərə almayacaq, ona görə də nəinki dünyanın taleyi, hətta özünün – insanın taleyi də öz əlində deyil! Bu onun qəlbini təlaş hissiylə doldururdu! İnsan bir şəxsiyyət kimi parçalanır, paralanırdı.

Cəmiyyət İNSANI siniflərə, silklərə bölmüşdü. Bu, insanlar arasında doğmalığı öldürmüşdü. Insanlar bir-birinə qohum olduqlarını unutmuşdular. Varlı – yoxsulu, səlahiyyətli – əmək- çini, hökmdar – rəiyyəti insan saymırdı. Ülvi duyğular tükənirdi. Kin, nifrət, hiddət ürəklərə sığmırdı, oda çevrilib ətrafı yandırırdı; köhnə cəmiyyəti dağıdıb yenisini qurdular, ümid seli dünyanı tutdu, ancaq tezliklə köhnə fəlakətlər təkrar olundu, insan yenidən cəmiyyətin köləsinə, kölgəsinə çevrildi. Şəhərlər salındı, mədəniyyət çiçəkləndi, ancaq insanilik artmadı – azaldı. İnsan insan axtardı. Cəmiyyət ona rəis–icraçı, varlı–yoxsul təqdim etdi... Qəribə vəziyyət yarandı. İnsan yalqızlığından, yadlığından xilas olmaq üçün cəmiyyətə qovuşdu, əvəzində isə misilsiz yalqızlıq, yadlıq əldə etdi. İnsan cəmiyyəti öz insaniliyini təsdiq etmək üçün yaratmışdı, ancaq cəmiyyətdə o öz insaniliyini itirdi. İnsan cəmiyyətdə heç vaxt özü olmadı, həqiqəti söyləyə bilmədi, daxili dünyasını qıfıllamalı oldu. Cəmiyyətdə insanın yalnız cəmiyyət tərəfindən qə- bul olunan, təqdir edilən fəaliyyəti gərək idi. Cəmiyyət insana cansız əşyaya baxan kimi baxırdı. İstəyəndə başa çəkirdi, istəməyəndə aşağıda saxlayırdı; istəyəndə sığallayırdı, istə- məyəndə başını kəsirdi.

O, İnsan ömrünün istiqamətini əvvəldən müəyyən etmişdi... Həmin istiqamətdə bütün insani keyfiyyətlər tədricən yoxa çıxırdı. İnsan tamamilə kölələşmişdi. Ona deyirdilər “qalx” – qalxırdı, “otur” – otururdu!

Cəmiyyət insanı daim eyni dairədə saxlayırdı. Insanın öz daxili dünyasına enməyə imkanı olmurdu. İnsana bəzən elə gəlirdi ki, o, daxili dünyasını haradasa itirib.

Dəhşətli ruhsuzluq bəlası peyda olmuşdu. İnsanın özünəməxsusluğu, fərdiyyəti heç kəsə və heç nəyə lazım olmurdu. Onu heç görmürdülər də!

Orduda insan əsgər, yaxud zabit idi; idarədə rəis, yaxud icraçı idi.

Daxili böyüklük, əsillik, ləyaqət nəzərə alınmırdı... İnsan cəmiyyət adlanan dəyirmanı fırladan sulardan fərqli deyildi! Ona görə də cəmiyyətə daxil olmaq özünü tərk etmək demək idi. Özünü tərk edən məqamda insan məcmuu – sürüyə çevrilirdi. Sənin özünəməxsusluğun itirdi, sən çox asanlıqla hamılaşırdın və bu eybəcər məqamda şiddətli bir kəskinliklə hiss edirdin ki, sənin mənliyini əlindən alıb səlahiyyətlilərə veriblər. Səlahiyyətlinin hər adi xüsusiyyəti misilsiz sərvət sayılır, onun paltarının rəngindən başlamış, bayağı vərdişlərinə qədər nə varsa – səmaviləşir. Sən anlayırsan ki, səlahiyyətli əslində oğrudur. O, sənin mənliyini oğurlayıb. Bu, həm də sənin ona könüllü bəxşişindir. Sən özündən kəsib ona calamı- san. Ancaq indi o, sənin kimi minləri yer üzündən silə bilər.

Onun zalım, əxlaqsız, kinli, qəddar, mənəviyyatsız olmağa haqqı var. O, insaniliyi hər addımda tapdalayır, ancaq bunu hamı onun alçaqlığı yox, üstünlüyü sayır.

İki bir-birinə zidd baxış yarandı: dövlət baxışı və insan baxışı. Dövlət baxışına görə, insani ləyaqəti qurban vermək – qəbahət sayılmır. Çünki dövlətin mənafeyi İnsanın mənafeyindən yüksəkdir. Dövlət mənafeyi xatirinə hər cür vasitəyə, hətta ən alçaq cinayətə belə əl atmaq məqbuldur. Məlum olur ki, dövlət insan üçün, onun səadəti, ləyaqəti, mənəvi təsdiqi üçün deyilmiş. Deməli, mən – İnsan dövlət yaratmaqla özümü dəhşətli quyuya salmışam.

Deməli, mən – İnsan möhtəşəm səltənətdə qul vəziyyətində yaşasam da, hər addımda mənliyim təhqir olunsa da, sevincimdən, iftixarımdan yerə-göyə sığmamalıyam, çünki qüdərtli ölkənin vətəndaşıyam... Faciəvi bir vəziyyət yarandı. İnsan – insan kimi yaşamaq üçün tər tökdü, qan axıtdı, əzəmətli dövlət yaratdı və dövlət onu heç etdi. Bunu anlayan İnsan hiddətləndi: dövlətə qarşı vuruşdu, dövləti yıxdı, yeni dövlət yaratdı, ancaq həmin dövlət də İnsanı heç saydı.

İnsan cəmiyyəti insaniləşdirməyin yeni yollarını aradı, monarxiyanı (hökmdarın hakimiyyətini) demokratiyayla (xalqın hakimiyyətiylə) əvəz etdi. Ancaq xalqın hakimiyyəti bərqərar olmadı və demokratiya monarxiya şəklinə düşdü; hakimiyyətə sahib olmuş demokrat monarxlaşdı, İnsan üzərində ağalıq etməyə başladı. Dövlət baxışı ilə İnsan baxışı arasındakı ziddiyyət daim artdı.

İnsani baxışa əsasən – yalan danışmaq günahdır. Dövlət baxışına əsasən – ali məqsəd naminə yalan danışmaq müdriklikdir. İnsani baxışa əsasən – bir şəxsin məhvi belə faciədir. Dövlət baxışına əsasən – böyük bir ordunun – tarixi nailiyyət naminə – məhvi faciə deyil, zəruri hadisədir. İnsani məntiqə əsasən – məhəbbəti zorla qazanmaq olmaz, dövlət baxımına görə – zorla sevdirmək mümkündür. İnsani baxışa görə – insanın sözü ilə işi arasında təzad olmamalıdır, dövlət baxışına görə – bu, zəruridir. İnsani baxışa görə – vicdana xəyanət etmək olmaz, dövlət baxışında vicdana yer yoxdur. İnsani baxışa görə – bir şəxs bəşərin gözü qabağında və bəşərin hesabına özünü dəbdəbəli şəkildə təsdiq eləyə bilməz, dövlət baxışında – bu mümkündür, qılınc sahibləri ad-san qazanmaq üçün milyonları qurban verirdilər...

İnsan dövlətə baxırdı, bu yad qüvvənin öz məhsulu olduğuna inanmırdı, hiddətlənirdi, qeyzlənirdi, ancaq cəmiyyətə tabe olurdu. Çünki cəmiyyət İnsanın üzərinə topla-tüfənglə gəlirdi. Silahı insan vəhşi heyvanlarla vuruşmaq üçün icad etmişdi. Sonralar onu insanlara qarşı çevirdilər. Silahlar ordulara tapşı- rıldı, ordular fatehlərə tabe oldu, fatehlər bəşərin bir hissəsini qırıb tökdülər. Dövlət insandan ayrılandan sonra ordu İnsana qarşı çevrildi. O, İnsana dedi: “Sən istədiyin, bacardığın, öz mahiyyətinə uyğun hesab etdiyin kimi yaşamayacaqsan, dövlət deyən kimi yaşayacaqsan”. Beləliklə də həyat iki hissəyə bölündü: CƏMİYYƏT və İNSAN. Cəmiyyətdə İnsan rol oynadı, yaşamadı, öz əsil dünyasını dostluqda, məhəbbətdə, sənətdə, idrakda və xüsusilə Peyğəmbərlərin kəlamlarında tapdı.

Peyğəmbərlər dedilər ki, dünyanın, həyatın, dövlətin mənası İnsandır. İnsanilikdən ali möhtəşəmlik yoxdur. Əgər dövlət İnsanın əleyhinədirsə, İnsaniliyi itirirsə – o, məhv olmalıdır. Min dövlət bir insan səadətinə bərabər deyil – yüz ordunun qələbəsi bir insanın fəlakətini əvəz edə bilmir. Teymurləng 40 bəzən bir döyüşdə minlərlə insanı divara basdırırdı, Nəimi isə insanı Allah sayırdı. Peyğəmbərlər hökmdarları inkar edirdilər. Hölmdarlar insanı alçaldırdılar və bununla da özlərini təsdiq edirdilər. Peyğəmbərlər insanı yüksəldir və bununla da insanlara məhəbbətlərini bəyan edirdilər. Napoleonlar milyonların fəlakətini yaradırdılar və bununla da özlərinin insanlardan fərqini təsdiq edirdilər. İsalar insanlardan ötrü ölümə gedirdilər və bununla da İnsanı ali sərvət kimi qiymətləndirirdilər. Ancaq cəmiyyət İsanı çarmıxa çəkirdi, Napoleona isə heykəl qoyurdu. Çünki Napoleon imperiya və yeni Avropa yaradırdı, İsa isə əsil İnsan.

İnsan peyğəmbərləri eşitdi, ancaq hökmdarlara yenə də tabe oldu. Hökmdarlar peyğəmbərlərlə döyüşdülər, ancaq döyüşdə məğlub oldular, peyğəmbərləri özlərinə uyğunlaşdırdılar, onların təlimini öyrəndilər və özlərini həmin təlimlərin ardıcılları kimi qələmə verdilər. Qəddarlığın, zorakılığın məhəbbətlə, mərhəmətlə bir olduğunu sübuta çalışdılar, insanları öz gücünə tabe etdilər. Cəmiyyətə cəmiyyətin gözüylə baxan İnsan təxəyyülündə hökmdarı böyütdü, fədakar, qəhrəman saydı. Ona elə gəldi ki, hökmdarlar İnsana xidmət edirlər.

Beləliklə də İnsan sonsuz yanlışlıqlar içərisində itib-batdı, cəmiyyətə pərçimləndi, cəmiyyət adamına döndü. Ancaq daxilində yaşayan ruh onu özü haqqında gərgin düşünməyə vadar etdi.

Necə olur ki, sən özünlə, dostunla, sevgilinlə olanda bir adam olursan, cəmiyyətdə isə başqa adam? Niyə sən öz kiçik aləmində düşünən, daşınan, canlı, fəal şəxs, cəmiyyətdə isə məzlum, cansız əşya olursan?! Niyə sən burada həqiqətə, orada isə yalana pənah gətirirsən? Niyə sən öz ruhani aləmində şairanə xilqət, cəmiyyətdə isə itaətkar alət olursan? Dünyanın, təbiətin hissəsi olduğunu niyə unutmusan, öz yaşayışını niyə cəmiyyətlə məhdudlaşdırırsan?

Ruh insanı öz daxilinə qaytardı və insan həqiqəti tapdı. Onun qəlbində həyəcanlı kəlmələr səsləndi:

– Mənim özüm qeyri-kamil, natamam, nöqsanlı olduğum üçün yaratdığım cəmiyyət də naqis oldu. Mən özümü yaxşı tanımamışam. Mən elə bilmişəm ki, ali mahiyyətim – insaniliyim döyüşsüz, davasız, ziddiyyətsiz aşkara çıxacaq! Bu mənim səhvim imiş! Mən özümü dəyişdirməli, təmizləməli, ülviləşdirməliyəm. Kamil cəmiyyət qurmaq üçün mən özüm kamil İnsan olmalıydım, qəlbimdən çirkin duyğuları silib atmalıydım. Onda mən ali cəmiyyət qura bilərdim. Mən isə olanla kifayətləndim, özümü Mütləqə yaxınlaşdırmadım və mənim qüsurlarım cəmiyyətimdə aşkara çıxdı. Cəmiyyət adlanan güzgü mənim eybəcərliyimi gözəl göstərdi. Mən özümü yenidən yaratmalıyam, onda insaniliyim tam aşkara çıxacaq, ruhum instinktlərimin üzərində tam qələbə çalacaq; yalnız onda mən öz əsil cəmiyyətimi yaradacam. İndiki cəmiyyətlərin heç biri mənim cəmiyyətim ola bilməzdi. Əsil cəmiyyətimi mən indən sonra yaradacağam. Öz üzərimdə çaldığım qələbələrdə kamil cəmiyyətimin nişanələri görünəcək. Mən bu ali həqiqəti hədsiz qurbanlar, iztirablar, faciələr bahasına qazandım!

 

  1. 5.     Özüylə Görüş

Hissiyyat

İnsan öz daxili aləminə endi və ŞƏR ehtiraslarla qarşılaşdı. Onun rastlaşdığı ilk duyğu – yırtıcılıq idi. İnsan, içərisində yaşayan bu dəhşətli hissin zəhmindən sarsıldı. Ancaq iradəsinin qüdrətiylə özünü ələ aldı və yırtıcının yerə-göyə meydan oxuyan sözlərini dinlədi:

– Mənim nəşəm, səadətim – parçalamaq, yıxmaq, məhv etmək, yerlə yeksan etməkdir. Ətrafımda nə varsa, pəncəmin əzəmətini bilməlidir. Mən dünyaya dünyanı dağıtmaq üçün gəlmişəm. Mənim xoşbəxtliyim – yıxılanın, heçliyə yuvarlananın, parçalananın fəlakətindən törəyir. Mən bu fəlakətlə yaşayı- ram, onunla nəfəs alıram. Zəifi, zərifi, məzlumu ayaqlar altında tapdamaq sonsuz sevincdir. Yeri-göyü lərzəyə salan, adamların başı üzərində şimşək tək çaxan, amansız gücün təsdiqi – gözəldir! Sonsuz cazibədarlıq var – parçalamaq həvəsinin sel kimi daşmasında! Bunun heybətli şeiriyyətini sözlə ifadə etmək çətindir. O, insanı bihuş edir. Nifrət mənim ürəyimdir. Kinküdurət anında o, canavar əzəmətinə malik olur. Qurdun quzunu parçalamasında cazibədarlıq heyrətlidir! Qurd quzunu məhv etməsə, özü olmaz! Canavar qəddarlığında vəhşi bir ardıcıllıq var. Bu ardıcıllığın qorxunc, inadkar gözəlliyi yanında digər gözəlliklər sönükdür.

Mənim arzum odur ki, qan su yerinə axsın, ehtirasımın möhtəşəmliyindən yer-göy titrəsin, vüqarlı görünən – meyid görünsün. Ətrafdakıları ölü, yaralı, parçalanmış görəndə özü- mün böyüklüyümdən vəcdə gəlirəm. Bir az bundan əvvəl meyidə çevrilmiş bu xilqət sağ idi, indisə ölüdür. Bir az bundan qabaq o, mənim mövcudluğumu hiss etmirdi, mənim gücümdən kənarda yaşayırdı. Mən onu öldürməklə özümü ona təqdim etdim. Mənim içərimdəki nifrət mənə deyir ki, ətrafdakılar sənə yaddırlar, onların səninlə birgə yaşamaları eybəcərlikdir. Həmin duyğu onu da deyir ki, var olanı heçə çevirmədən sən özünü hər şey saya bilməzsən. Sənin böyüklüyün üçün gözəlliklər tapdanmalı, əzəmətlər heçə çevrilməlidir. Özümdən kənardakını məhv etmək – əvəzsiz, ardıcıl, tufanlı, daxili ehtiyacımdır. Qoy hər yerdə pəncəmin izi qalsın, qoy iradəm qan dənizləri törətsin, qoy təbiətlə öcəşim, onun yaratdıqlarını vaxtından qabaq məzara göndərim! Qoy fəlakətlərdən düzəldilmiş meyi iri piyalələrdə nuş edim! Qoy yer, göy, insan, bütün varlıq dəhşətimdən titrəsin! Qoy məni yandıran – dünyanı yandırsın!

Yırtıcının söhbətinə Hakimiyyət ehtirası qoşuldu:

– Mən istəyirəm canlıları cansızlaşdırım, ota, daşa, ağaca çevirim. Mən insanlarla birləşməyi, onlardan biri olmağı dünyada ən dəhşətli fəlakət sayıram. Sənin iradənlə, səlahiyyətinlə, əmrinlə hamı oyuncağa çevrilir – budur səadətin ali nöqtəsi! Hamının biri olmaq və hamı üçün yeganə Qüdrət sayılmaq! Bu iki söz arasında Dünya qədər məsafə var! Hakimlikdə – minlərin məqsədi Sənə – Aliyə, Böyüyə xidmət etmək olur. Sən onları öldürə də bilərsən, dirildə də. Onlarınn nəyi varsa – sənindir. Ancaq onlar hamısı bir yerdə – SƏN deyilsən! Sən onların cəmindən yüksəksən! Müstəqilliyin, fərqlənməyin, möhtəşəmliyin ən gözəli – hakimiyyətdir. Onun verdiyi fərəhin tayı-bərabəri yoxdur. Allahın hakimiyyəti gözlə görünməyən hakimiyyətdir, mənimki isə görünən, duyulan, vəcdə gətirən, qibtə yaradan! Biçimdə sənə oxşayan minlər sənin əsirinə, quluna, kölənə dönürlər, sanki sən onları tilsimə salırsan! Onların sənin şəninə söylədikləri mədhlər, göyləri sarsıdan alqış nidaları ürəyi cuşa gətirir, ömrü təzələyir. Sən özün öz gözündə Allaha çevrilirsən və ətrafdakılara qarşı ürəyində məhəbbət yox, qəribə bir ikrah yaranır. Görürsən ki, onlar köləliklərini köləlik saymır və bu da səndə onlara qarşı ikrah duyğusu oyadır. Bu duyğunun verdiyi nəşə ölçüyə gəlməz! Gör bir nə güc sahibisən ki, İnsanı heç eləmisən! Dünyanın ali sevinci – başqalarını özündən asılı etməkdir, başqasını özündə əritməkdir. Bu məqamda sənin mənliyin başqalarının mənliyini əlindən alır və bu, sənə sonsuz sevinclər gətirir. Adi adamlar həyatda istədiklərinin cüzi hissəsini həyata keçirirlər. Hakimiyyətdə İnsan ehtiyaclarının hamısını, o cümlədən qeyri-əxlaqi tələblərini də ödəyir. Daxildə hansı ehtiyac varsa, hamısı ödənilir.

Bu cəhətdən hakimiyyət insanı xeyir və şər ölçüsündən uzaqlaşdırır, ona intəhasızlıq bəxş edir. Dünyada hakimin istəklərinə, niyyətlərinə qarşı duran qüvvə yoxdur. Hakimiyyət həvəsi möhtəşəm həvəsdir. Bütün dünya həmin ehtirasa baş əyir. Səmanın bağrında parlayan şimşək göyün yer üzərində hakimiyyət cəhdidir. Qışda çaylar buzun hakimiyyətinə tabe olurlar. Hökmsüz olmaq – tapdanmaq, alçalmaq, enmək, kiçilmək, hamılaşmaq, heç olmaqdır. İnsanı yüksəldən, irəli aparan mənəm. Sərkərdə, şair, hökmdar, alim – insanların üzərində hakim olmaq üçün çalışır, çabalayır, qan tökür, mətanət göstərir. Mənim gücüm ölçülməzdir. Hansı qəlbə daxil oldummu, onu bütünlüklə zəbt edirəm, mənəvi aləmə tam hakim olur, onu istədiyim istiqamətə yönəldirəm. Hakim qəlbində adi insani hisslərə yer qalmır, ən mərhəmətli şəxs bir an içində qəddar müstəbidə çevrilir. Mənim qarşıma çıxan qüdrət tanımıram. Çünki hakimiyyətdən doymaq olmur, məni başqa duyğularla əvəz etmək müşkül işdir, çünki hakimiyyət və səadət əkiz qardaşdırlar.

Hakimiyyət ehtirası susanda Şəhvət hissi dilləndi:

– Dünyada bütün canlıların, o cümlədən, İnsanların ən alisinin, misilsizinin üzərində əsil hökmran mənəm! Mən ürəklərə daxil olanda mənəviyyat sönür, iradə sarsılır, insan oyuncağa çevrilir. Vicdan, həqiqət, ülviyyət mənimlə bacara bilmirlər, mən onları insana yaxın qoymuram. Alini, böyüyü, xalisi, əsili tələyə salıram. Məğlub etdiyimi heyvan səviyyəsinə endirirəm və bundan əvəzsiz həzz alıram. Gözəlliyin ülvi mənasını rədd edirəm, qadını əşyaya çevirirəm. Həya, ismət məndən oddan qaçan kimi qaçır. Nəfəsim şiddətli külək kimi incəlikləri, zəriflikləri qırıb tökür. Mən peyda oldummu, insan insanda insanı görmür, ani nəşə mənbəyini görür. Mən peyda oldummu, insanın üzərinə agır yük düşür, çiyin yükə tab gətirmir və mən qalib gəlirəm. İnsan ruhuyla, müqəddəsliyiylə, Allah ideyasıyla yox olur, onun əvəzinə miskin, iradəsiz, ehtiras odunda qovrulan, onunla bir olan, onda itən, onun son nöqtəsinə çatan və onunla ikrah hissiylə vidalaşan məxluq yaranır.

Mən peyda oldumsa, gözlərdə heyvani qığılcım parlayır, çılğın qovuşma seli daxili aləmi bürüyür, həmin seldə ruhanilik itir, həya, ismət telləri qırılır, vəhşiliyin çılğın gücü insanı insanilikdən məhrum edir. Mən peyda oldumsa, insanın heyvana yaxınlığı dəhşətli bir aydınlıqla aşkara çıxır. Çünki mən insanları bir-birinə heyvan kimi münasibət bəsləməyə vadar edirəm. Mən insanı heyvan səviyyəsinə endirirəm və əvəzində ona nəşə bəxş edirəm. Mən onu itaətkar qula çevirirəm; o, qarşımda titrəyir, əmrimə müntəzir vəziyyətdə dayanır və dediklərimə əməl edir. Mən qadınlığın ülvi mənasını dəyişdirib onu şəhvanilik təcəssümünə çevirirəm. Bununla mən qadınlığı məhv edirəm. Onu bəsit nəşə mənbəyinə çevirirəm. Bəsit nəşə mənbəyi kimi o, alçaldı, kişilərə xoş gəlmək üçün ruhani zərifliyindən əl çəkdi, şəhvaniliyi qabartdı. Məhəbbət daşlara çırpılıb çilik-çilik oldu.

Qadını məhəbbətə yox, şəhvətə hazırladılar. Bütün bu oyunu adamların başına gətirən mən oldum. İnsanın haqqında əsil həqiqəti mən dedim: o, Allahın bəndəsi yox, mənim bəndəmdir. İnsan mənəm, onun ikinci adı – Şəhvətdir.



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info