Qonaq Kitabı
PAMBIQ DASTANI

Uca dağlar, bellər aşıb,

Seyhuna çıxdım.

Sonra ötdüm Buxaraya,

Bir nəfəs aldım;

Orda büründüm xaraya,

Qəznədə qaldım.

 

Hər ölkədə bir adım var:

Özbəkcə “paxta”.

Sonra qırğızlar, qazaxlar,

Çağırdı “maxta”.

 

Qədim zaman dolaşarkən,

Maçin elində.

Adlandım “Hoamien”,

Çinli dilində.

 

Türküstanı addım-addım,

Tutdum bəyaza;

Xarəzmə get, orda alım,

“Amerikan qoza”.

 

Bilməm, kimlər nə söyləmiş;

Tarixdə alman

Görüb məni bəhs eləmiş,

“Ağac yunu”ndan.1

 

Camalınmı divanəsi,

Yaponlar hətta?!

Məst edərəm hər bir kəsi,

Adım da “vatta”.

 

Bir sorunuz ingilisdən,

Nə sözdür “Kotton”?

Bir səs gəlir hər dənizdən,

Min bir çeşid ton.

 

Burda mənim gözəllərdən,

Bir rəqibim yox.

Yanlış olmaz əgər desək,

Rusca “xlopok”.

***

Bir sasani şahı məndən,

Bilməm nə gördü?

 

Sözlərimi eşitmədən,

Qafqaza sürdü.

 

Qarşıladı Araz məni,

Söhbətlə, sazla;

Mən Muğanda ondan bəri,

Sallandım nazla.

 

Kürün ilıq qucağında,

Yaslandım yerə.

Bu yurdun hər bucağında,

Çəkildim dövrə.

 

Bəlkə əslim amerikalı,

Əndamım süddən;

Yaxud nəslim afrikalı,

Gəlmişəm Hinddən.

 

Hər zaman əməkçilər,

Çəkdi cəfamı;

Qədimlərdə veyil gəzənlər,

Sürdü səfamı.

 

Lakin əsl yurdum mənim,

Muğanla, Mildir;

Muğansız ki, mənim günüm,

Bir gün deyildir.

 

İndi artıq bu çöllərə,

Həvəslə girdim.

Qədir bilən bu ellərə,

Varımı, verdim...

* * *

Oylağımdır Qarabağın çölləri,

Yaylağımdır Qarayazı elləri,

Qaraoğlanda ağca günlər görmüşəm,

Mil çölündə çox səfalar sürmüşəm;

Sərin göllər, dərin çaylar keçmişəm,

Bulaqların gur suyundan içmişəm.

Mənim üçün Kür baş vurur hər yerə,

Araz Məcnun olub, düşüb çöllərə.

 

Dağlardakı coşğun sellər mənimdir,

Aranlarda çaylar, göllər mənimdir;

Günəş mənim, bahar mənim, yaz mənim,

Məclis mənim, söhbət mənim, saz mənim;

Dərman mənəm, dərd mənəm,

Şəhər mənəm, kənd mənəm.

Gəlinlərin adı var,

Toylarda şərbət mənəm.

 

Yoxsulun yoldaşıyam,

Rəncbərin sirdaşıyam;

Əməkçi xalq üçün mən,

Bəzəklərin başıyam.

 

Mən bəzərəm yazları,

Çoxaldaram azları;

Aşıqlara ruh verib,

Çaldıraram sazları.

 

Gəzən mən, gəzəyən mən,

Bəzəyib düzəyən mən;

Şura bayramlarında,

Elləri bəzəyən mən.

 

Əkinçilər yarıyam,

İgidlər sərdarıyam;

Qızılın adı çıxmış,

Mən ondan yuxarıyam.

 

Naz satıram gümüşə,

O çaşmışdır bu işə;

Bir deyən yox, zavallı,

Nə düşürsən təşvişə.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info