Qonaq Kitabı
BAHADIR VƏ SONA

Bahadır kağızına cavab gözləyirdi. "Sona bunun sözlərinə şərik olacaqmı? Bunun əqidəsinə rəy verəcəkmi? Yoxsa "uçurum dərələr" ortalığa gələcəkdir? Bu fikirləri başından keçirərkən Bahadır hərdənbir belə bir atəşli kağız göndərməyindən peşiman olardı. "Sona millətini nəhayətdə sevən bir cavan, Sona ata və anasına artıq dərəcədə məhəbbət bağlamış bir qız... Bu "uçurum dərələri" keçə biləcəkmi? Keçərsə atasına, anasına əziyyət olmazmı? Bunlar məni öz övladları kimi sevirdilər, mənə hər dürlü yaxşılıqlar ediblər. Məni təmiz, saf ürəkli, əmin adam bilib qızlarını mənə tapşırmışdılar... Öz hissiyyatımı, məhəbbətimi açıq-açığına Sonaya yazmaq, Sonanı rahatsız edəcəkdir, qeyri bir fikirlərə salacaqdır... Mənim bir kimsəm yox. Atam-anam qəbirdə, mənim halıma yanan, mənim dərdimə qalan yox. Mənə nə olursa-olsun heç kimə əziyyət olmayacaqdır... Sona isə atasının, anasının əziz pərvəriş edilmiş qızı. Sona belə bir yaxşı gözəl külfətin işığı... Sonanın qəmi, ümumi külfət qəmi, Sonanın bədbəxtliyi, ata-anasının bədbəxtliyi ... yəqin ki, Sona məhəbbətini pünhan saxlaya bilməyəcəkdir. Bu məhəbbətin aşkar olmağı atasının və anasının rahatsız olmağına şəksiz səbəb olacaqdır.

Ah, nə üçün mən belə bir atəşli kağız yazdım? Nə üçün belə bir ali təbiətli validələrin ruhlarına əziyyət verməli oldum? Nə üçün?

Bu fikirləri Bahadır başından keçirərkən halı büsbütün təğyir tapırdı. Ürəyi tez-tez döyünürdü, qayibanə Yusifdən və Maşodan xəcalət çəkirdi.

Bir gün yenə başından belə fikirlər keçirərkən artıq dərəcədə qəmgin oldu. Gözləri mizin üstdəki tapançaya sataşıb əlinə götürdü. Bir az əlində tutub: "Ah, bu nə halətdir!" dedi və əlindən tapançanı buraxıb taxtın üstə yıxıldı və üzünü əlləri ilə tutub uca səslə dedi: "Ah, Sona! Ah, mənim məhəbbətim!" Bu vaxt qapını döydülər, "giriniz" deyib Bahadır cavab verdi. Qapı açılıb Yusifi və yanında Sonanı gördü, əvvəl özünü itirib bilmirdi nə etsin. Sonra ixtiyarsız Yusifi qucaqladı və sonra Sonanın əllərini tutub kərratla öpdü.

- Bizi gözləməyirdiniz, deyilmi? – deyib Sona pəncərənin qabağında oturdu.

- Xeyr, xanım əfəndi, heç fikrimə gəlməzdi.

Bir-birinin əhvalından xəbərdar olandan sonra Bahadır çay tədarük etdi.

- Çay hazır olanadək mən özümə əlcəklər alım, – deyib Sona otaqdan çıxdı.

Yusiflə Bahadır keçmiş günlərdən söhbət etdilər və Maşonun əhvalını xəbər alıb Bahadır dedi:

- Əcəba! Maşo xanımı nə üçün gətirmədiniz?

Yusif başını aşağı salıb bir az fikirdən sonra cavab verdi.

- Bahadır bəy! Bizim gəlməyimizə səbəb mühüm bir məsələ olubdur...

Bahadır təəccüblə Yusifə baxıb soruşdu:

- Əcəba! Nə üz veribdir?

- Sizin Sonaya və Sonanın sizə olan məhəbbəti məni və Maşonu böyük təşvişə salıbdır. Siz özünüz bilirsiniz: dünyanın işığına Sonanın gözləri ilə baxırıq. Biz Sonanın uğrunda can verməyə hazırıq. İndi bu təmiz, saf ürəkli qız sizə aşiq olub, gecə-gündüz aramı yoxdur. İndi ikimiz də gəlmişik üçlükdə bu işə sərəncam verək. Sonanın öz millətinə olan məhəbbəti sizə məlum. Bizim və yainki sizin millətin belə işlərdə qeyri bir nəzərdə olmağı da sizdən gizlin deyil... Özünüz, əlbəttə, düşünürsünüz...

Sizin kağızınızı mən oxudum. Fikirləriniz düz, əqidəniz təmiz, müqəddəs bir əqidə, fəqət camaat... Millət...

- Bəli, bəli – Bahadır deyib fikrə getdi. – Düz buyurursunuz... Mən... Səhv etmişəm ... Mənim məhəbbətim sizə əziyyət veribdir... Bağışlayınız... Bağışlayınız... Əfv ediniz məni... Mən... Mən...

Bahadır özünü saxlaya bilməyib uşaq kimi ağladı. Yusif də buna baxıb ağladı... Bu vaxt qapı açılıb Sona tələsmiş içəri daxil oldu. Bunları bu halda görüb heyran qaldı və sonra bir söz də söyləməyib oturdu və üzünü əlləri ilə tutub bir nöqtəyə baxdı. Yusif və Bahadır gözlərini silib xeyli vaxt səssiz oturdular, bir azdan sonra Bahadır: "Çay içiniz", deyib Sonaya yavuq oturdu.

- Mən sizdən təvəqqe edirəm nahara bizə buyurasınız. Bir yerdə söyləşib məsləhət edərik... Ümidvaram hamı düyünlər açılsın...

Yusif və Sona söz verdilər ki, nahara Bahadırın mənzilinə gəlsinlər. Bir neçə dost adamları görmək qəsdi ilə Yusif və Sona Bahadırla salamatlaşıb getdilər.

Bahadır Sonanın dalınca diqqətlə baxdı. Sonra xeyli vaxt otaqda gəzinib birdən oturdu və bu kağızı yazdı:

"Təvəqqe edirəm mənim ölməyimdə heç kimi müqəssir etməyəsiniz. Mən özüm öz əlimlə özümü öldürdüm...Ah, insanları bir-birindən ayıran "uçurum dərələr"! Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz... Fəqət əmin olunuz, siz axırda məhv olunacaqsınız... Bahadır".

Bu sözləri yazandan sonra tapançanı gicgahına sıxdı... Bir dəqiqə bundan müqəddəm döyünən ürək, bir dəqiqə bundan müqəddəm hamı insanları birləşdirmək istəyən beyin həmişəlik rahat oldu... Yusif və Sona nahar vaxtı Bahadırın mənzilinə gəldilər. Bu dəhşətli xəbəri eşidib Sona qəşş etdi və sonra özünə gəlib yaman bir halətdə bulundu... Yusif Maşoya teleqram göndərdi ki, tez gəlsin.

Maşo gəlib qızını dəlilər azarxanasında gördü.



[i] Məntiq.

[ii]   Sənin övladlığın quşam toruna düşməsəm,

       Ya öldür, ya dən ver, ya qəfəsdən xilas et.

[iii] Din xadimlərinə işarədir.

[iv] Pəstah.

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info