Qonaq Kitabı
BAHADIR VƏ SONA

Sona atasından bu sözləri eşidib Bahadırın üzünə baxdı və söhbət nə barədə olmağını sual etdi.

- Bizim qəzetələrə diqqət tuturlar, - Bahadır başını aşağı salıb cavab verdi.

- Bahadır bəy! Həqiqət, diqqət tutulasıdır. Amma biçarə mühərrirlər nə etsinlər ki, müsəlman millətində həmiyyət yoxdur. – Sona bu sözləri deyib Alekseyə baxdı:

- Necə yəni həmiyyət yoxdur? – Yusif təəccüblə Sonaya baxdı. Sona atasının cavabında dedi:

- Məsələn, millətin nəzəri qəzetəyə nəhayətdə həqirdir. Qəzetə onlar üçün artıq və lazımsız bir şeydir. Bir şey ki, lazımsız ola ona pul verərlərmi? Və camaat qəzetəni almayanda biçarə mühərrir nə ilə dolansın və kimin üçün yazsın. Hərgah müsəlman milləti bunu anlaya ki, qəzetə göz açar, insanı qaranlıqdan işıqlığa salar və bilmədiyini bildirər, əlbəttə, onda qəzetəni alan da, kömək edən də çox olar. Və nəinki qəzetə, özgə işlər də bunun kimi. Müsəlman cavanlarından hazırda yazanlar az deyil, mən hətta bir neçəsini bilirəm ki, biçarələr gözəl-gözəl kitabçalar yazıblar: lakin pulları olmadığına səbəb basdıra bilmirlər. Millətdə hümmət olsa, belə olmaz... Siz elə bilirsiniz ki, bu qədər erməni millətinin arasında ki, kitab var, inşa edənlər özləri basdırırlar?

- Bizim işimiz başqa – Yusif təbəssüm edib dedi. – Biz evlənəndə hərgah uşağımız, qızımız da olmuş olsa yenə millətin işini unutmuruq: həmişə bir qədər pul, ya kitab basdırmağa, ya məktəblərə və ya kəlisalara bağışlayırıq.

- Bəs, bunu müsəlmanlar edə bilməzlərmi? – Sona atasına baxıb dedi: - Məgər müsəlmandan azmı dövlətli var? Bu biçarələrin hətta cəmiyyəti-xeyriyyələri də yoxdur. Xülasə, işləri çox çətindir, sözlə bunlara qandırmaq mümkün deyil, gərəkdir ki, bu millət arasında mədəniyyət yayıla, onda özləri anlayarlar, millət nədir, hümmət nədir.

Bu minval çay qurtaranadək aralıqda çox söhbət oldu və Sona dəxi verilən suallara layiqincə cavab verirdi.

Aleksey Sonanın sözlərinə diqqətlə qulaq verib öz ürəyində deyirdi: “Xoş olsun bizim millətin halına ki, bu qanacaqda övrətləri də vardır!”

Bir az söhbətdən sonra Aleksey mürəxxəs olub öz evinə getdi və Bahadır dəxi öz otağına...

Bir azdan Sona Bahadırın yanına gəlib adətə görə akoşkanın qabağında oturdular. Dərsdən sonra Bahadır bu şeiri avazla oxudu:

 

“Morğe-səyyade-toəm, oftadeəm bər dame-to,

Ya bekoş, ya dane deh, ya əz qəfəs azad kon”[ii].

 

Sona bu sözləri anlayıb ürəkdən bir ah çəkib yanaqları od kimi parıldadı. Akoşkadan dışarı baxıb dedi:

- Bahadır, bir bax o biçarə bülbülə, gül üçün necə yanıqlı cəhcəhlər vurur. Bir nəzər et gülə, necə qönçəsini açıb guya bülbülə deyir: “Bu can sənindir, əzizim!..”

Bahadır Sonanın işarəsini başa düşdü və cavab verməyə imkan olmayıb əyləşir, iki əli ilə başını tutub dərin-dərin fikrə getdi. Sona dəxi Bahadırın əlindən tutub dedi:

- Bahadır, o nə sirdir ki, insan bir-birindən təfriqə düşübdür?..

Bahadır Sonanın sualına cavab verməyib ancaq dedi:

- Sona! Vaxt olar indi mənə verdiyin sualın barəsində söhbət edərik.

Bu sözlərdən sonra ikisi də ixtiyarsız bir-birinin əlini tutdular. Sona yerə baxırdı, Bahadırsa onun üzünə. Bu halda bir neçə dəqiqə sözsüz qaldılar. Lakin əllərinin titrəməyini hər biri hiss edirdi...

Bu vaxt qapıdan qulluqçu Sonanı atasının yanına çağırdı. Sona Bahadırın otağından çıxıb getdi. Bahadır dəxi Sonanın axırıncı sualını təkrar edib qəm dəryasına mübtəla oldu. “Həqiqət, səbəb nədir ki, insan bir-birindən təfriqə düşübdür”, sözləri Bahadırı tövrlü-tövrlü fikirlərə saldı...

Avqust ayı aralığa gəldi, hava soyuqlaşdı. Məngilisə gələn qonaqlar gündən-günə azaldı. Və Bahadır dəxi yavaş-yavaş hazırlaşırdı gözəl Məngilis ilə ayrılsın. Sona bunu hiss edirdi və öz-özünə deyirdi: “Kaş hər günümüz bir il olaydı!” Hərçənd Bahadır üçün Sona ilə ayrılmaq nəhayətdə çətin gəlirdi, fəqət nə etməli? Lazım idi ki, elmini tez tamam edib azad olsun.

Avqust ayının 15-i idi. Bahadır Tiflisdəki yoldaşı Sultandan kağız aldı. Kağızı oxuyub gördü ki, yoldaşları Tiflisdə bunu gözləyirlər, tainki Rusiyətə bir yerdə getsinlər. Otaqda heç kəs yox idi. Kağızı oxuyandan sonra Bahadır bir saat fikrə gedib bilmirdi ki, nə etsin. Axırda fikrini dağıdıb başladı yavaş-yavaş şeylərini yığışdırmağa.

Sona qapının arasından bunu yığışdırılan görüb tez içəri daxil oldu.

- Bu nədir? Nə edirsiniz? – deyib Bahadırın əlindən tutdu, Bahadır kağızı göstərdi. Sona bir az sakit oldu və ürəkdən bir ah çəkib dedi:

- Görəsən bizim ayrılığımız həmişəlikdir, ya ruzigar bir-birimizlə görüşdürəcəkdir?..

- Ümidvaram ki, gələn yay yenə bir-birimizin vüsalına yetişək!

Sona dışarı çaxab Bahadırın yığışmağını atasına və anasına söylədi. Maşo və Yusif bu əhvalatdan nəhayətdə qəmgin oldular. Bahadır üçün yola lazım olan şeyləri hazır etdilər.

Sabahı günü troyka qapıda hazır oldu. Bahadırın şeylərini lazımınca yığışdırıb hazır etdilər. Hamı balkona, Bahadırı ötürməyə çıxdı. Bəli, vaxt oldu ki, Bahadır hamısı ilə xudahafiz edib sevgili Sonası ilə ayrıldı... Və Sona “kağızınızı gözləyirik” deyib atasını balkonda qoyub Bahadırın otağına tez gəldi və gözlərindən qanlı yaşlar töküb uşaq kimi ağladı.

 

 

İKİNCİ HİSSƏ

 

Bahadır Sonadan ayrılandan sonra troyka çaparaq əyri-üyrü yollarla qalın meşəli dağın başında bulundu. Bahadır qeyri bir halətdə idi. Bahadır üç verst bihuş gedib ancaq troykaçı dağın başında atın cilovunu düzəltmək istərkən ayıldı. Gördü ki, Sonadan xeyli iraq düşübdür. Onun fikrindən quş olmaq keçirdi ki, axırıncı dəfə uçub həməfkarlı, ruhuna və ağlına ləzzət verən Sonaya baxsın, amma nə fayda!..

Troykaçı atları sürmək istəyəndə Bahadır “Yavaş bir az” – deyib troykanı saxlatdı. Bahadırın nəzəri Sona olan evə sataşıb bir neçə rüb gözlərini bir nöqtədən çəkmədi və sonra çarəsiz qalıb troykanı sürdürdü.

Bahadırın başında min-min fikirlər, tövrbətövr xəyalat olarkən “Piryut” adlanan qalığa yetişdilər. Burada Novruz troykaçı atlara iki saat yorunuq vermək istədi: Novruz otuz yaşında, gödəkboy, canlı oğlan idi. Üzündə gözə sataşan bir eybi yox idi. Ancaq üzünün çopuru, gözlərinin pişik gözünə bənzəməyi, burnunun nəhayətdə böyük deşikləri, qulaqlarının qoz yarpağıtək sallanmağı insanın nəzərini bir az məşğul edirdi. Bahadır üzünü Məngilis olan tərəfə tutub ürəkdən bir ah çəkdi. Gördü Sona ilə bunun arasında uca dağlar, qalın meşələr vardır. Əlləri qoynunda iki saat qoz ağacının altında dərin fikirdə gah gəzirdi, gah otururdu. Qalıqda bunlardan və qalıq yiyəsindən başqa heç kəs yox idi. Gün yavaş-yavaş batmaqda idi və nazik yel əsirdi. Quşlar yuvalarında oturub dimdiklərini təmizləyirdilər, səs-səmir yox idi, ancaq hərdənbir zorba həyət iti hürürdü. Troykaçının: “Ağa, əyləşin, vaxtdır” səsi Bahadırın fikrini dağıtdı. Bahadır troykaya oturdu və troykaçı atlara “fişt” edib istəyirdi ki, sürsün, birdən qabaqlarına çapar çıxıb soruşdu:

- Hara gedirsiniz?

- Tiflisə. – Bahadır başını qaldırıb cavab verdi.

- Bu vaxt mən sizə məsləhət görmürəm gedəsiniz.

- Nə səbəbə? – Uca səslə Novruz xəbər aldı.

- Ondan ötəri ki, dünən axşam “Piryut”dan üç verst o yana qaçaqlar on nəfər adam soyublar.

- Bizə dəyməzlər. İstər-istəməz Novruz cavab verdi.

- Özünüz bilərsiniz, ancaq bu axşam vaxtı sizə məsləhət görmürəm.

Novruz istəyirdi atları sürsün. Bahadır bir az fikirdən sonra dedi ki, səbir etməli, bəlkə bir xəbər çıxa.

- Ağa, qorxma, hərgah qaçaqlar dünən adamları soyublar, bu gün bu yolda olmazlar. İndi görəsən qorxularından hansı cəhənnəmə itiblər. – Novruz deyib Bahadırdan cavab gözlədi.

- Yox, hər işdə səbir lazımdır. – Deyib Bahadır troykadan düşdü. – Bu gecə burada qalmağımız məsləhətdir. Səhərdən yola düşərik. Atları aç!

Bu vaxt qalıq yiyəsi İvan bunların darvazada dayanmaqlarını görüb sual etdi:

- Niyə getmirsiniz?

İvan səbəbini bilib Bahadıra dedi:

- Ağa, mən də məsləhət görmürəm ki, bu vaxt gedəsiniz. Yaxşı olar bu gecə qalasınız, sabah gecədən gedərsiniz. Bəlkə səhərədək bir xəbər çıxa. Novruz çarəsiz qalıb atları açdı. Bahadır yatmaq üçün İvandan yer istədi. İvan göygöz, saqqalı ağarmış, üzü çil, ucaboy, arıq, pula görə çox qonaqsevən qoca rus idi.

İvan Bahadırın təvəqqesinə görə bir balaca otaq açdı. Otaqcığın bir tərəfində su qabi, bir tərəfində balaca taxt, üstündə samandan döşəkçə, illərlə üzü yuyulmamış balış. Taxtın qabağında üçayaqlı miz, üstü bıçaq ilə cızmaqara çəkilmiş, mizin yanında bir ayağı sınmış kürsü, taxtın üstündə yarım arşın hündürlüyü, bir qarış eni pəncərə. İki şüşəli, qurum və toz basmış pəncərədə bir neçə hörümçək və milçək ölüsü və balaca çıraq, şüşəsini qara his basmış və piltəsi neçə günlərlə kəsilməmiş. İvan otağı göstərib getdi. Bahadır taxtın üstə yıxılıb fikrə getdi. Qaçaqların xəbəri, təzə otaqçanın təhər-tövrü Sonanın fikrini çəkməyə mane oldu. Bundan savayı Bahadırı incidən o oldu ki, vaxtında gedib Tiflisə çatmayacaqdır. Bahadır bu fikirdə ikən İvan qapını açıb əlində samovar, üstündə mis çaynik, iki fincan, bir neçə qənd qırığı içəri daxil oldu və dedi:

- Ağa, yoldan gəlibsiniz, yorulubsunuz, durun bir çay için. Bu sözlər Bahadırın fikirlərini dağıtdı:

- Çox razıyam, - deyib Bahadır başını balışdan qaldırdı. Hərçənd yemək və içmək Bahadırın fikrindən keçmirdi. Amma hazır samovara şad olub bir fincan çay içməyə razılıq verdi. İvan iki fincanı da çayla doldurdu: birisini Bahadırın qabağına, o birisini öz qabağına qoyub dedi:

- Ağa, buyurun için. Görürəm yorulubsunuz, çay yornuğunuzu aparar.

Bu sözlərdən sonra İvan başladı hortuldatmağa. Bahadır bir fincan içənədək İvan beş fincan hortuldatdı. Bahadırsa iki fincan güclə içib İvana razılıq etdi. Bu vaxt İvan on birinci fincanı içirdi və tər üzündən yağış tək tökürdü. İvan Bahadıra dillə cavab verə bilməyib baş əydi və başını əyən vaxt, çünki gözləri Bahadırda idi, fincanın yarısı dizinə töküldü. İvan fincanın sanını unutdu. Samovardan su damcı-damcı gəlirdi ki, İvan çaydan əl çəkdi. Sonra cibindən trubkasını çıxardıb tüstülətdi və Bahadıra nəzər yetirib sual etdi:

- Siz nə millətsiniz?

- Mən müsəlmanam, - deyib Bahadır da papirosunu yandırdı. Bu vaxtadək İvan Bahadırla rusca danışırdı. İvan Bahadırın müsəlman olmağını bilib başladı türkcə söyləməyə. İvan türkcə çox yaxşı danışırdı. Bahadır bunun danışmağına təəccüb edib sordu:

- Siz türkcə harda öyrənibsiniz?

- Bu yavuqda çox müsəlman kəndi var. Onlarla bizim işimiz çox olmağına görə türkcə öyrənmişəm. – İvan bunu deyib trubkasını boşaltdı və başını aşağı dikib dedi:

- Sizin müsəlmanlar yaxşı dolanmırlar.

- Necə? – Bahadır soruşub başını əli ilə tutdu.

- Dəxi necə olacaqdır: peşələri oğurluq, quldurluq olub, nə Allahdan qorxuları var, nə padşahdan.

- Bəli, gərəkdir bunlara tərbiyə verilə.

İvan görükür, Bahadırın mətləbini anamadı və ikinci dəfə trubkasını doldurmaq istərkən çöldə qilü-qal düşdü. İvan tez dışarı çıxıb gördü ki, bir neçə çapar öz böyükləri ilə həyətdə danışırlar. Bahadır səbir etməyib otaqdan çıxdı. Bu vaxt çaparın böyüyü gülə-gülə İvana deyirdi:

- Qaçaqları qovduq sarvan mahalına tərəf, sonra gözdən itdilər. Bahadırın:

- Yol qorxulu deyil ki? – sualına çaparbaçı cavab verdi:

- Xeyr, hərgah istəyirsiniz bu aydınlıq gecədə gedə bilərsiniz və bir çapar sizə verə bilərəm.

Bahadır “çox sağ ol” deyib Novruzu səslədi. Novruz səs vermədi. Bahadır atlar bağlanan yerə gedib gördü ki, Novruz xoruldayır. Bahadır və İvan Novruzu çətinlik ilə yuxudan oyatdılar. Novruz gözlərini ovuşdura-ovuşdura açıb:

- Nə var? Nə istəyirsiniz? – deyib sual etdi.

Bahadırın:

- Dur troykanı qoş, - sözünə Novruz göyə baxıb dedi:

- Ağa, hələ tezdir. Səhərə çox qaıbdır.

İvanın: ”Novruz! Novruz!” səsi Novruzu yuxudan ayıltdı və əhvalatdan xəbərdar olub getdi atların yanına. Bahadır İvanın qulluğuna layiq ona pul bağışlayıb çox razılıq etdi. Yarım saatdan sonra troyka hazır oldu. Novruz:

- Ağa, buyurun, hazıram, - deyib Bahadıra səsləndi.

Bahadır İvanla və çaparbaşı ilə salamatlaşıb troykaya əyləşdi. Novruz çaparı troykanın yanında görüb ürəkləndi və atlara bərkdən, öz qaydası ilə “fişt” edib yola düşdülər. Yolun iki tərəfində meşə, aydınlıq gecə! Təkərlərin səsi, atların ayaqlarının tappıltısı meşələrə səs salırdı. Bahadır dərin-dərin fikirdə ikən Novruz dodağının altında oxuyurdu. Çünki yol başı yuxarıydı, ona görə Novruz atları yavaş-yavaş sürüb özünə xoş gələn nəğmələrdən oxuyurdu. Bunun bayatıları Bahadırın dərdini dəxi də artırırdı. Novruz Bahadırı qəmgin görüb dedi:

- Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? Qorxma, indi bu yolda olmazlar və bir də qalığa yaxınlaşmışıq.

- Qaçaqlardan qorxmuram. Ancaq fikir edirəm ki, bu evi yıxılmışlar nə peşədir ki, özlərinə qəbul ediblər.

- Ay ağa, elə demə. Mən bunları heç qınamıram, bunların qaçaq olmaqlarına çox səbəb var...

- Görükür, çoxusu aclığından qaçaqçılıq edir.

- Xeyr, ağa, hamısının evində bir parça çörəyi var. Ancaq bunları bu yola qoyan bizim böyüklərimizdir[iii]. Və hamıdan baş səbəb arvaddır, arvad!

- Necə arvad?

- Belə ki, bu evləri yıxılmışlar bir-birinin nişanlısını qaçırdırlar. Bu bir adətdir düşüb bizim aramıza, yenə qızın kəbini kəsilməmiş olsa bir şeydir. Amma bu evləri yıxılmışlar kəbinli-kəbinli qızları qaçırdırlar... Əlbəttə, bu tövr işlərdən sonra əvvəlki nişanlısı dəli olub dağa-daşa düşür və başlayır düşmənindən əvəz almağa. Bu yazığa yemək lazımdır, ona görə görürsən sənin-mənim kimi adamları soyub onunla dolanacaq edir.

- A kişi, nə deyirsən? Kəbinli qızı da qaçırtmaq olarmı? Nə üçün şikayət etmirlər? Bəs qazı və qeyri-mollalal nədən ötrü təyin olunublar?

- Ah, ağa, kim kimədir? Mollalarımızın da xarabı çıxıbdır... Odur, bir ay bundan qabaq bizim kənddən biri kəbinli qızı qaçırdıb apardı özgə kəndə, orada mollaya pul basıb kəbinini kəsdirtdi. Sonra molla eşidəndə dedi ki, mən bilmirdim qız özgəyə kəbinliydi, ya yox... Deyir qız özü razılıq verdi. Sonra iş getdi Tiflisə, oğlanın atası Tiflisə gedib-gəlməkdən həlak oldu:

- Nə üçün?

- Nə bilim, deyir gedirsən qazının yanına, deyir: “Sabah”, sabah gedirsən, deyir: “Yazmışam yuxarı”. Yuxarı gedirsən deyir: “Nə ki lazımdır edirik”. Axırda yazıq bizar olub gəldi kəndə. Sənin canın üçün, yazığı Tiflisdə necə incitmişdilərsə, hamı mollalara – böyük axunddan başlamış kiçiyinədək ağzından gələni deyirdi...

- Heç şey edə bilməzlər. Onların borcudur şəriətlə iş görələr.

- Axı onlar yazı-pozu edənədək iş-işdən keçir. Odur, keçən yaz mənim başıma da bu iş gəldi. Ancaq mən tək olduğuma görə və bir də dava sevməyən oduğuma, düz getdim Tiflisə, böyük axundun yanına.

Ağzımı açıb dərdimi demək istəyirdim, qəymadı söyləməyə, dedi ki: “O, qazının işidir. Əvvəl qoy oradan yazsınlar. Getdim yerinə də məlum etdim. İndi bir ildən çoxdur arvadımı əlimdən alıblar, bu vaxtadək bir xəbər yoxdur. Mən də sonra gördüm ki, düşmənimlə bacarmayacağam, arvadın kəbinini geri edib işdən əl çəkdim. Amma düşmənim dörd ay Tiflisə getdi-gəldi. Özü də pullu adamın oğlu idi... Mən də işi duydum, bilmərrə əl çəkdim... Ah, ağa, azmı belə iş olur? Azmı belə dərdlərə yanan var? Hərgah mənim də arxam olsaydı, indi mən də bir fəstay[iv] çıxartmışdım. İndi o tərəfdən də, bu tərəfdən də bir neçəsi qızıl gülləyə qurban olmuşdu...

Novruz bu sözləri deyib ürəkdən ah çəkdi və atları sürdü. Novruzun “ah” sözü Bahadırın qəlbində dərin-dərin yer etdi. Bu “ah” sözü biçarə Novruzun gücsüz, pulsuz olmağına və qeyrilərinin biinsaf, bimürvət, biqeyrət və bihəya olmaqlarına, öz mənsəblərinə layiq olmayan, dünya mənfəətindən ötəri şəriəti satanalra işarə idi... Bahadır bu fikirləri başından keçirərkən “Biliduxan” adlanan qalığa yetişdilər.

Bahadırın təvəqqesinə görə Novruz bu qalıqda atları açmadı. Saat 6-da “Qocur” adlanan qalığa çatdılar. Qocurda bir saat yorunuq almaq üçün düşdülər. Çapar bunları Qocurda qoyub geri qayıtdı. Bahadır salamat gəlməklərinə və qaçarların üzünü görmədiyinə nəhayətdə şad oldu. Qocurdan Tiflisi görəndə Bahadırın ürəyi qısıldı; çünki getdikcə sevgili dostundan iraq düşürdü. Novruz troykanı hazırlayıb yola düşdülər; saat 10-da Tiflisə varid oldular. Bahadır “bakı” adlanan qəstinə düşdü. Novruz öz haqqını alıb bir çox razılıq edib Bahadırdan ayrıldı. Bahadır paltarını dəyişib qəstindən çıxdı ki, yoldaşlarını axtarsın. Tiflisdə gəzdiyin adamı tapmaq istəsən gərək “Qolovinski prospekt” adlanan küçəyə çıxasan. Bahadır bu fikirlə oraya üz qoydu. Bir az Qolovinskidə dolanarkən yoldaşı student Sultana rast gəldi. İki yoldaş üç ay bir-birini görmüyüb indi rast gəlməklərinə çox şad oldular. Bunlar bir-birinin əhvalından xəbərdar olandan sonra hər ikisi “Bakı” qəstininə gəldilər. Bahadır papiros yandırıb Sultandan soruşdu:

- Rəfiqim, de görüm bu yayı necə keçirtdin?

- Pis keçmədi! İyun ayını burada keçirtdim, - deyib Sultan divanın üstünə uzandı.

- Yəqin çox isti idi?

- Mən bir elə isti hiss etmədim. Ondan ötəri ki, səhərdən axşamadək evdə otururdum, ancaq axşamlar çıxıb bağlara gedirdim və hərdənbir təzə aşnalarım çay içməyə aparırdılar.

- Təzə dostlardan kimdir? Toxsa... Elə dost oldun? Hə?

- Bəs necə! Bir dəfə evlərində nahar dəxi etmişəm.

- Qızını gördünmü?

- Əsil məqsudum o deyildimi?

- Nə tövrdür? Yaxşıdırmı?

- Zahirdə burnundan savayı bir eybi yoxdur, amma...

- Hə, necə amma, de görüm sən mənim canım.

- Doğrusu, Bahadır, mən qızdan bir şey anlamadım. Heyif o yeddi ilə ki, institutda zəhmət çəkib dərs oxuyubdur.

Sultanın söhbəti Bahadıra xoş gəldi. Və yavuğa gəlib əlini Sultanın çiyninə qoydu və dedi:

- Söylə, söylə gprüm, səndə xəbər çoxdur.

- Sən Məngilisə gedəndə dedimmi, o qızı mən gərək görəm.

- Hə.

- De qulaq ver:

Bir az söhbətdən sonra mən ona dedim: - Mən çox şadam ki, siz nəinki bu fikirdəsiniz və hətta eşitmişəm qızınıza da lazım olan tərbiyəni veribsiniz. Bunu deyəndə dostumun ağzı açıldı. Başladı qızını tərif etməyə. Xülasə, xırda ürəyindən bu keçdi ki, qızımı görməsən onun tərbiyəsini nəzərə gətirə bilməzsən. Bu fikrini mənə bildirib məni öz evinə çay içməyə dəvət etdi. Mən buna çox şad olub söz verdim ki, sabah qulluğunda hazır olam. O biri gün dostumgilə getdim.

- Evləri hardadır?

- A kişi, nəyinə lazımdır?

- Sən mənim canım de.

- Aşağa “Ortaçala”dan bu tərəfə.

- Hə, yaxşı, söylə.

- Dəxi nə? O biri günü getdim. Kişi qabağıma çıxıb məni zala apardı. Bir az söhbət edəndən sonra məni nahar otağına dəvət etdi. Bir övrət qabağımıza çıxdı. – Bu mənim övrətimdir, - dedi, aşna oldum. Evinin səliqəsinə söz yoxdur. Hər şey Avropa qaydası ilə... Bəli, bir az söhbətdən sonra çay ortalığa gəldi. Mən başladım dostumun övrətini tərif etməyə ki, bizim müsəlman övrətlərindən belə övrət az tapılar ki, qızına lazım olan tərbiyəni verə. Bunu demişdim, övrətin ağzı köpüklənmiş açıldı, nə açıldı. Başladı: mən belə, atam belə, qızım belə!

- Doğrudur, - dedi. – Tiflisdə bir neçə adamın qızları oxuyub qurtarıbdır, amma mənim qızım kimi hələ qurtaran olmayıbdır, - bunu deyib əli ilə divarda asılmış kağızı göstərdi və dedi: - bunu yaxşı qurtarmağına görə veriblər və bir də...

Burada kişi övrətin sözünü kəsib dedi:

- Xeyr, bu şəhadətnaməni hamıdan yaxşı qurtarmağına görə veriblər.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info