Qonaq Kitabı
BAHADIR VƏ SONA

Övrəti kişinin sözünü təsdiq edib başladı:

- Heç bilirsiniz, oxumağına o qədər səy etməmişik ki, nə qədər musiqiyə və tansa. Bizim bir dostumuz var, famili də yadımdan çıxdı... Kişi: - Aleksandr İvaniç – deyib övrətinin yadına saldı.

- Hə, bax, Aleksandr İvaniçin qonaqlığı var idi, bizi də çağırmışdılar. Beşədək kurs qurtarmış qız var idi. Amma elə ki, bizim qız başlayırdı tansı, hamısının ağızları açıla qalırdı...

Kişi yenə övrətin sözünü ağzında qoyub dedi:

- Bəs onu deyirsən, neçə kərə “Brava! Brava!” dedilər.

Bu sözlərdən sonra qapı açılıb tərifi asimana çıxmış nazənin daxil oldu. Mən ayağa durub baş əydim və sonra bir-birimizə əl verdik. Qız mənə məğrurlruqla baxdı, bununla belə mən dedim:

- Çox şadam ki, müsəlmanda da sizin kimi qızlar var.

Mənim bu sözlərimə “mersi” deyib başladı mənimlə rusca danışmağa.

- Bəs burnunda nə eybi var? – Bahadır soruşub papirosunu yandırdı.

- Burnu bir az ortadan qalxmışdır.

- Yaxşı, sonra.

- Dəxi nə sonra. Bəli,bununla söhbəti başladıq. Mən türkcə sual edirdim, qız mənə rusca cavab verirdi. Qız mənimlə danışdıqcaər-övrət bir-birinə baxıb ləzzət aparırdılar. Mənim: “Elmlərdən hansı xoşunuza gəlir?” sualıma qız “Firəng dili” deyib məndən soruşdu: “Siz firəngcə bilirsinizmi?” Cavab verdim ki, bəli. Qız başladı söhbəti firəngcə. Bir az söhbətdən sonra zarafatca firəng dilində soruşdum ki, ərə getmək istəyirmi və nə mənsəb sahibinə getmək istəyir? Cavab verdi ki, “hamıdan artıq əfsərə...” Bu sözdən sonra başımda od parıldadı. Çünki bunlar ilə dost olmamışdan müqəddəm oxumuş Tiflis qızlarını barəsində çox şey eşitmişdim və qız deyəndən sonra dəxi şəkkim qalmadı. Mənim sözümə:

- Doğrudur, bizim qızlar oxuyurlar, amma gələcək zindəganlığa da gərək hazırlaşsınlar, yəni uşaqlara tərbiyə vermək, ev işlərini görmək gələcək ananın borcudur.

Anası cavb verdi ki, “Xeyr, bizim qız əlini isti sudan soyuq suya vurmaz. Ərə verəndə elə adama verəcəyəm ki, evdə heç şey etməsin. Uşaqlardan ötəri ayrı qulluqçu saxlasın, ev işlərindən ötəri də bir ayrısını”. Qızı da anasının sözlərini təsdiq edəndə doğrusu mən səbir etmədim, hazırlaşırdım getməyə, ancaq gah övrətin və gah ərinin tərifi məni biixtiyar saxlayırdı. Axırda fürsət tapıb dedim: “Siz gərək çalışasınız ki, qeyrilər də qızlarını oxumağa versinlər, ona görə lazımdır ki, onlarla əlaqəniz ola, ta qızınızın tərbiyəsini görüb onlar da qızlarını qoydular oxumağa”. Gör övrət mənə nə cavab verdi: “Biz, - dedi, - doğrusu, hər adamla durub-otura bilmirik. Qızım da buvaxtadək Tiflisdə heç bir qızla dostluq edə bilmir. Ondan ötəri ki, onlar nə oturmaqlarını bilirlər və nə durmaqlarını. Və bir də layiq deyil ki, belə mədəniyyətli qız elə adamlarla durub-otursun...”

Axırda mənim: - “Turkcə yazmaq, oxumaq bilirsinizmi?” sualıma qız cavab verdi ki, “Türk dili nədir ki, ona gözəl vaxtımı çürüdəm və nəyə lazımdır...” Bu sözlər mənim qanımı dəxi də xarab edib davam gətirə bilmədim, xudahafiz deyib çıxdım. Soltan bu sözlərdən sonra Bahadıra baxıb onun bu barədə sözünü gözlədi.

- Bəs belə, - Bahadır fikrə gedib dedi: - Gör bir, sən özün türk qızı olasan öz dilini bəyənməyəsən! Özün türk övrəti olasan, 20 il bundan müqəddəm sadə türk külfətindən çıxasan, indi... Türk qızları ancaq əfsərə getməkdən və firəng dilini bilməkdən ötəri və öz dilini, millətini düşmən tutmaqdan ötəri mədəniyyətin dalınca gedirlərsə, heç getməsələr yaxşıdır... Bahadır fikrə gedib durdu otaqda gəzməyə.

- Belə fikirdə, - Sultan başladı – bir bu qız deyil, Tiflisdə və qeyri yerlərdə oxumuş qızların əksəri məişətə və zindəganlığa bu törv baxırlar. Sultan sözünü qurtarıb Bahadıra nəzər yetirdi. Bahadırı isə Sultanın sözləri dərin-dərin fikrə apardı. Bahadır öz Sonasını yadına salıb: - Afərin, millət! – dedi. Ultan bunun sözlərini yaxşı başa düşməyib dedi:

- Ah! Millətin evi yıxılıbdır! Hər millətin qabağa getməyinə bais əvvəl övrətdir. İndi bu tövr nəzərli qızlardan biz nə gözləyək? Bunlar gələcəkdə ana olacaqlar... Biçarə türk balalarına nə tərbiyə verəcəklər?.. Əlbəttə, uşaqlar təmiz olacaqlar, hər bir ədəbi öyrənəcəklər, biəcəklər, tans öyrənəcəklər, firəngcə donquldanacaqlar, amma öz dillərini nəinki bilməyəcəklər və hətta istəməyəcəklər bilsinlər. Çünki türk “madonnaları” tərbiyəni elə verəcəklər.

- Bəli, - Bahadır cavab verdi. – Bir dilin qədrini millət o vaxt bilər ki, haman dildə yazılan inşalar millətin həm bədəninə və həm ruhuna tərbiyə verə. Və bir dilin o vaxt qiyməti olar ki, o dili təlim verənlərdə qeyrət, insaf ola. Məktəblərimizə baxırsan: yüz ildən qalma qayda-qanunla dərs verirlər... İnşa yazanlarımıza baxırsan: “əlfazlar” o qədər gözlərini kor edib ki, əsil məqsudi yaddan unudublar... Və bir neçəsi dəxi öz hissiyyatını qeyri dildə qələmə gətirir. Bunlardan sual etməli ki, ey ağlını nə yerə sərf etmək bilməyən biçarələr! “Xitayi millət üçün türk dilində yazmağın nə mənfəəti?”, “Həkim azara görə gərək dava versin”. Yoxsa bu meymun əməlini sevənlər fikir edirlər öz biməna, puç yazdıqları inşalar hər iki tərəfdən afərin alsınlar... Naxoşun ruhunu təmizləməkdənsə, qarnını təmizləyirlər. Yazdığınız inşalara bu yazıq millətdən afərin gözləməyin! Çünki millət nə qədər kor olmuş olsa, başına dəyən toppuzu hiss edər...

Bu sözdən sonra Bahadır ah edib fikrə getdi. Sultan Bahadıra yavuq gedib dedi:

- Bu barədə söhbətimiz çox olacaqdır, hələ qulaq as, gör ruhanilərimiz nə edirlər...

- Onlar ilədəmi dost oldun?

- Bəs nə!

- Sən “hüzuri-şəriflərinə” gedib onları tanıyıbsan. Amma mən o “müqəddəs” cənabların üzlərini görməmiş tanımışam. Bahadır bunu deyib qoyun cibindən dəftərçəsini çıxardıb Sultana göstərdi və dedi:

- Yolda yazmışam, pis xətt düşübdür, Inşaallah Peterburqa gedəndə bir neçə yerini düzəldib verərəm oxuyarsan.

- Burada yaxşı oldu ki, bir oğlanla dost oldum – deyib Sultan dəftərçəni Bahadıra qaytardı. – Haman oğlan söz verdi ki, Tiflisdə hər nə əhvalat olsa yazsın. Sözündən belə görükür özü də türkcə yazır və hətta deyirdi, Tiflis müsəlmanlarının barəsində bir əhvalat yazıbdır.

- Hər halda, bir oğlan bizə lazım olacaqdır.

- Əlbəttə, - Bahadır deyib oğlanın adını soruşdu.

- S... – deyib Sultan cavab verdi.

Bu vaxt qapı açıldı, qəstin qulluqçusu samovar gətirdi. Bahadır çaynikə çay salıb qoydu samovarın üstə və sonra Sultana və özünə çay tökə-tökə sual etdi:

- Görükür, vaxtını boş yerə keçirməyibsən.

- Mən haçan vaxtımı boş yerə keçirtmişəm?

- Sultan, öz aramızdır, keçən il millətin söhbətini edəndə qulaqlarını tuturdun. Amma indi görürəm millətə bir növ nisbətləri olan adamları özün axtarıb tapırsan.

- Bahadır! Sən məni başdan tənbəl hesab edib mənə qeyri nəzərlə baxırdın. Sən fikir edirdin mən əsla öz millətimlə əlaqəmi kəsmişəm. Səhvsən!

- Yadından unudubsan: bir gün türkcə yazmaq barəsində söhbət oldu, sən az qaldı mənimlə dalaşasan.

- Doğrudur, o vaxt sən mənə deyirdin, vaxtını əbəs yerə keçirmə, bir şey yaz. Amma mən fikir edirdim ki, bir mənim yazmağımdan nə olacaqdır və mənim inşalarıma kim diqqət edəcəkdir. Fikir edirdim: çox yaxşı yazdım kim oxuyacaqdır? Amma indi fikrini dəyişdirmişəm sən düşən dərdə...

- Necə?

- İndi ancaq anlamışam: millətin fikrini biz çəkməyəndə bəs kim çəkəcəkdir? Biz yazmayanda, kim yazacaqdır?

- Bəs belə! – Bahadır deyib Sultanın boynundan qucaqladı, - indi bildim ki, qeyrət meydanında tək deyiləm. Birfikirli qardaşım! Millətimiz bir haldadır ki, bir balaca nağıl da yazsan böyük iş etmiş kimisən! Ancaq yazan şəxs gərək xalqın diqqətindən qorxmasın... Mərdanə, hər sözü açıq desin, qardaşı olmuş olsa da. O ki, qaldı bir para adamlara ki, əllərindən bir şey gəlməyib arada söz gəzdirən övrətlər kimi həsədlərindən partlayıb zurnalarını bəm edirlər, onlara qulaq asmamalı. Bu tövr şəxslər hər millətdə var. Onlar axırda özlərinə layiq olan mərtəbəni tapırlar... İnandırıram səni, çoxu bu misal adamlardan qorxub öz məlumatlarını gizlədir. Budur, Tiflis! Azmı burada mədəniyyətli müsəlman cavanları var, nə üçün bir iş görmürlər?

Mənim nəzərimə burada mədəniyyətli müsəlman azdır. Mən bir neçəsiylə aşna oldum. Hərgah bunların fikirlərini və zindəganlığa nəzərlərini bilsən, qanın xarab olar. Bunların barəsində vaxtında danışarıq. Ancaq sənə xəbər verim Gəncədən.

-  Həqiqət, kağız yazmışdın Hacıkəndə gedəcəyəm, getdinmi?

- Getdim, bir həftədən çox orada qaldım. Ondan sonra gəlib Gəncədə bir həftə qalıb getdim Şirvana. Gəncədə "Avropa" qəstininə düşüb Ə... bəyin barəsində əhvalpürsan oldum, mənə dedilər ki, şəhərdədir. Bu xəbərə çox şad oldum. Ondan ötəri ki, Gəncədə ondan savayı yavuq dostum yoxdur. Əlimi yumuşdum, qapıçı gəldi ki, sizi xəbər alırlar, buna təəccüb etdim, fikir etdim ki, məni burada Ə. bəydən başqa heç kəs tanımır və o da tezlikdə hardan biləcəkdir. Xülasə, qapıçıya dedim: buyursun. Mən bunu deməkdə qapı açılıb Ə. bəy daxil oldu. Mən, həqiqət, belə rast gəlməyimizə inanmırdım. Ancaq sonradan məlum oldu ki, özgə adam axtarırmış taxtada mənim adımı görüb tapıbdır... Bir az söhbətdən sonra rəfiqim mənə dedi ki, "A. F. şəhərdədir, gərək onun yanına gedək". Bu xəbərə mən şad oldum; çünki eşitmişdim ki, A. F. çox qeyrətli müsəlman hesab olunur. Çayımızı içib qəstindən çıxdıq, fayton götürüb getdik. Zəngi çəkdik, qulluqçu çıxıb dedi ki, "Ağa bu saat gələcəkdir, buyurun əyləşin". Getdik otağa. Otağı hələ nəzərdən keçirməmişdim, rəfiqim dedi: "Arıq gəlir". Mən əvvəl bunun sözlərini anlamadım. Amma sonra elə ki, gözlədiyimiz evin sahibi gəldi, bildim ki, Ə. bəy zarafatla deyirmiş arıq. Bəli, necə arıq? Üç sən köklükdə!

Xülasə, bununla görüşdük. Sözündən belə görünür ki, mənim Gəncəyə gəlməyimə çox şad olubdur.

A. F.-nın sözündən belə məlum oldu ki, Gəncənin mərifətli müsəlmanları hələ qəflət yuxusundadırlar. Amma camaatı tərbiyədən qaçaq deyil və mərifətli cavanların yatmaqları və ruhanilərin bir neçəsinin millət işinə qarışmaqları ümumi işləri ləngidir. Sonra bildim ki, keçən il orada böyük məscidin yanında müsəlmanlar bir məktəb binasını qoymuşlar, üsuli-cədidlə həm türkcə və həm də rusca dərs deyirmişlər. Ancaq sonradan bir neçə avamın korluğuna görə və qeyri məktəbdarların həsədi ilə məktəb pozulur, əsil səbəb bu olubdur ki, türk müəllimi sünni imiş... Sonra bir məclisdə həqiqət türk müəlliminin müəllimlikdə mahir olduğunu eşitdim. Görünür, çox zəhmət çəkirmiş, hətta iki-üç ay məvacibsiz dərs deyirmiş; çünki məktəb adına yığılan pulu udurmuşlar... Xülasə, A. F. türk müəllimindən çox razılıq etdi. A. F. dedi: "Nə etmək, avamla hələ çətindir dava etmək. Allah insaf versin bizim ruhanilərə, onlar da avamlarla bir olublar. Beş, ya altı qanacaqlı adam bunların qabağında nə edəcəkdir. Yenə qəzetəmiz olsa, bunlarla dava mümkündür, amma nə fayda... "Doğrusu, A. F.-nın bu sözləri mənim xoşuma gəldi, çünki bu sözləri ürəkdən deyirdi. Sözlərindən və üzündən məlum olurdu ki, qeyrət təzə rəfiqimi boğur. Axırda mənə söz verdi ki, hərgah qışda Gəncədə qalmalı olsa, Gəncə müsəlmanlarının barəsində bir neçə əhvalat yazsın. Söhbətimiz çox çəkdi. Axırda A. F. vədəmizi nahara alıb mənə məsləhət gördü ki, böyük axundun yanına gedim. Mən razı oldum. Naharadəkxahiş etdim ki, axundu ziyarət edim. Ə. bəy axundun hücrəsini göstərib dedi ki, axundla söhbət edəndə qiraətxananın da barəsində danışın. Yolda bildim ki, iki ildir istəyirlər qiraətxana açmağa, ancaq axundun iltifat nəzəri olmadığına görə iş düz gətirmir. Bəli-bəli, getdim cənabi-axundun hüzuri-şərifinə, çəkmələrimi çıxartdım və salam verib ədəblə, "dəvə kimi" qapının ağzında dizi üstə çökdüm. Əmmaməli üç nəfər adam oturmuşdu. Ona görə əvvəl bilmədim onların hansı "cənab axund"dur. İsmini sual edib əmmaməsi balaca olan böyük, ağ əmmaməliyə işarə etdi. Bəli, cənab axund xoş üzlü, qırmızısaqqal, unutmuşam sarısaqqal yainki qırmızı... Axund əlində kağız yazırdı və çünki əlindən yerə qoymaq istəmirdi, ona görə bildim ki, çox lazımlı kağız yazır. Mən başladım ki, Peterburqdan gəlmişəm, özümə vacib bildim ki, cənabınızın hüzuri-şərifinə gələm."Zəhmət çəkibsiniz", – deyib axund gözünün biri ilə mənə nəzər etdi və sonra yenə başladı yazmağa. Qeyri mollalar da əllərində hərə bir kağız yazırdı, söhbəti mən başladım məktəbdən. Hər mətləbdən sonra cənab axundun tənbəlliyi tutmayıb "bəli" deyirdi. Görünür biçarə o qədər ərəb sözlərini məxrəcdən işlədir ki, yazıq "bəli" kəlməsini də ərəb sözü edib boğazına əbəs yerə zəhmət verirdi. Məktəb barəsində mənə cavab vermədi, ancaq "bəli" və "xeyr"lə mənim suallarımı rədd edirdi. Doğrusu, axundun bu tövr hərəkəti mənə xoş gəlmədi, çünki fikir etdim ki, ya cənab axund mənim sözlərimi anlamır, yainki istəyir ki, mən başından tez rədd olam. Həqiqət, dizlərim də ağrıyırdı. Xülasə, kor-peşiman axunda ədəblə "xudahafiz" deyib çıxdım. Dizlərimin ağrısından bir neçə addım axsadım.

- Bəs, axunda bir şey demədin? Mən olsaydım, axunda balaca nəsihət edərdim. – Bahadır deyib durdu hirsli gəzməyə.

- Nə deyəydim? Xülasə, gəldim qəstinə, gördüm Ə. bəy oturub məni gözləyir, macəranı ona nəql etdim. O, az qaldı gülməkdənqəşş etsin və sonra fikrə gedib dedi: "Bunlarda nəinki millət qeyrəti yoxdur, hətta din qeyrəti də. Nəzərinizə çatdımı məscidin minarələri, neçə ildir dağılıb tökülübdür, amma bu vaxtadək qayırmayırlar... Məscidin azmı pulu var? Nəyəməsrəf olunur? Ancaq özləri bilirlər... " Bir az söhbətdən sonra Ə. bəy dedi ki, nahara getməyin vaxtıdır.

Bəli, gəldik A. F.-gilə. Əhvalatı ona nəql etdim. Sözlərim, görükür, ona çox əsər etdi.

Sultan sözlərini qurtarmamışdı, qəstin qulluqçusu içəri daxil olub Bahadırdan başburt istədi. Bahadır çamadanını açıb başburt verdi. Sonra Bahadırın fikrinə düşdü ki, Sonaya kağız yazsın. Tez açıq kart gətirtdirib yazdı.

- Kimə yazırsan? – deyib Sultan Bahadırdan soruşdu. Bahadır kağızı yazıb qurtarandan sonra dedi:

- Bu kağızı bir qıza yazıram ki, yayda mənim ruhuma ləzzət veribdir, bədənimə yox, ruhuma! "Ruh" sözünü diqqətlə deməkdə məqsudim odur ki, özgə fikirlərə düşməyəsən.

- Kim ola? – təəccüblə Sultan soruşdu.

- Kim ola! Məgər dillə vəsf etmək mümkündürmü? Ala, dəftərçəni oxu, gör necə qızdır! Gör heç yarım saat bundan müqəddəm söylədiyin oxumuş qızlara oxşayışı varmı? Gör bunun bir dırnağını bayaq söylədiyin qızlara dəyişərsənmi? Millət qeyrəti istəyirsən onda, əsl-kamal istəyirsən onda, bizimkilər?! Necə ki, dedin, yeddi-səkkiz il zəhmət çəkib elm oxuyurlar, ondan ötəri ki, tans öyrənsinlər, öz dillərini unutsunlar və ərə də gedəndə ancaq əfsərə... "Tfu!" – deyib Bahadır papirosunu yandırdı və sonra Sultandan sual etdi:

- Bəs Badkubəyə gedə bilmədin?

- Nə qədər çalışdımsa, mümkün olmadı. Amma, Allah qoysa, gələn il nə tövr olsa gedəcəyəm. Çünki yaxşı xəbərlər gərək orada olsun.

- Bəli, hər bir barədə Badkubənin əhvalatı qeyri şəhərlərdən artıqdır. Amma ümidim var ki, yayadək orada xəbər olsun. Çünki bayaq dediyim qız qışda oraya gedəcəkdir və öz hissiyyatını söz veribdir ki, yazsın.

- Tiflisdə Sarı paşanın barəsində bir neçə əhvalat eşitdim, görükür, özünü Badkubədə yaxşı düzəldibdir.

-  Hə, Sarı paşa bir özgə "paşa" deyirlər olubdur, mən də çox şey eşitmişəm, amma inandırıram səni, eşidilən əhvalatlara inanmıram. Çünki 14 il bundan müqəddəm Peterburqa gələndə eşitdin ki, nələr söyləyirdi? Mümkündürmü bu tövr mədəniyyətli şəxs dünya mənfəətindən ötrü məişətə və zindəganlığa olan təmiz nəzərini pula satsın, amma deyirlər...

Bahadır sözünü qurtarmamışdı, qulluqçu poçtxanadan gəlib xəbər gətirdi ki, poçt vardır. Bahadır və Sultan tez geyinib poçtxanaya getdilər, Sultan o gün getdiklərini qeyri yoldaşlarına məlum etdi. Axşam saat 8-də, o biri günü ikisi də poçtxanada hazır oldular. Saat doqquzda Tiflisdən Qafqaz yolu ilə Peterburqa üz qoydular...

Bahadır gedəndən sonra Sona heç yerə çıxmırdı. Atası, anası bir yerə qonaq gedən vaxt Sonanı da istəyirdilər aparsınlar. Lakin Sona "kefim yoxdur" deyib həmişə evdə yalqız qalırdı. Sona Bahadırdan sonra yalqızlığı çox sevirdi. Vaxtını kitablar arxasında keçirirdi. İki saat oxumağa məşğul olurdusa, bir saat da oxuduğu şeyi öz-özünə təhlil edirdi: "Bu məsələdə Bahadırın fikri nə ola? Bu əqidə Bahadırın əqidəsinə müvafiqmi, ya yox?". Bu tövr sualları verib Bahadırın əvəzinə özü cavab verirdi. Hər bir işində Bahadırın əksinə baxıb onun fikrini soruşardı. Axırda Bahadırın əksindən bir balaca əks çəkdirib örtülü medalyonun içində döşündən asdı, fəqət medalyonun içində nə olduğunu evdə heç kim bilmirdi.

Sonanın atası və anası Bahadır ilə Sonanın arasında olan məhəbbətə qeyri bir nəzərlə baxırdılar. Bunlar fikir edirdilər: Bahadır Sonanı sevir, çünki Sonanın əxlaq-ətvarı, əqli, əqidəsi Bahadıra xoş gəlir. Sona Bahadırı sevir,çünki Bahadır nəhayətdə mülayim, ağıllı, qeyrətli, insaflı, ürəyi təmiz bir cavandır. Bahadırın müsəlman, Sonanın xristian olmağı Yusifi və Maşonu təşvişə salmırdı. Ata və ana qeyri bir şey fikirlərinə gətirməzdilər... Və qeyri bir fikirdə olmağa da bir bəhanə yox idi. İki novcavan həməvaxt bir-biri ilə qardaş-bacı kimi rəftar edirdilər.

Əcəba! Qardaş və bacı arasında olan təmiz məhəbbət iki novcavanın arasında ola bilməzdimi? İnsan insanı sevmək, bir-birinə məhəbbət bağlamaq təbiidir. Bir qızın bir oğlana olan "ruhani məhəbbətinə" təəccüb etməlimi?

Həqiqət, axır vaxtadək Bahadırın Sonaya və Sonanın Bahadıra olan ruhani məhəbbətlərində şəkk yox idi. Hətta ikisi də çoxluca romanlar oxuyurkən öz-özlərinə deyirdilər: bizim məhəbbətimiz qeyri bir məhəbbətdir! Haman romanlarda özlərini görmürdülər, bir növ sevinirdilər, şadlanırdılar...

"Yox, belə bir təmiz, saf məhəbbət heç kimdə görünmür!" fikrində olarkən hər ikisi öz aləmində qeyrilərinə məğrurluqla baxardılar və hər adama elə bir ali məhəbbətin barəsində nəql etmək istəyirdilər... Fəqət belə bir fikirdə olarkən təklikdə hər biri və aləmində bir "sual"dan xilas ola bilmirdilər.

Bahadır fikir edirdi: Mən Sona kimi bir vücuda ehtiyacım olmağını düşünürəm. Mən həmişə istərdim məni bir adam təmiz məhəbbətlə, var qüvvətlə sevsin, məni anlasın. Mənim əqidəmdə mənə yoldaş olsun. Sözsüz, felsiz mənim ruhum nə hiss etməyini düşünsün; belə bir vücudu mən tapdım. Sona haman aradığım vücud. Mən artıq dərəcədə xoşbəxtəm, deyilmi?"

Sona da təklikdə həmin bu fikirləri başından keçirərkən "Mən artıq dərəcədə xoşbəxtəm, deyilmi?" sualını öz-özünə verərdi. Fəqət hər ikisi "xoşbəxtəm, deyilmi?" sözlərini deyib də bir az fikrə gedirdilər... Başlarına ixtiyarsız qeyri bir fikir də gəlirdi... "Mən artıq dərəcədə xoşbəxtəm" sözlərindən sonra: "Daha bizə bir şey də gərəkmi?" sualı bunları rahat qoymurdu.

Bu "sualı" hər ikisi özündən kənar etmək istəyirdi, var qüvvətləri ilə "daha bizə bir şey də gərəkmi?" sözlərini özlərindən qovurdular. Lakin ixtiyarsız bu sözlər yenə də fikirlərinə gəlirdi... Hətta bir gün Bahadır "bu sözləri" bilmərrə özündən rədd etmək üçün istədi bir bəhanə ilə mənzilini dəyişsin, ancaq gündə gəlib dərslərini versin, getsin. Sonra öz-özünə dedi: "Əcəba! Məndə o qədər qüvvəti-qəlb olmadımı ki, belə fikirləri özümdən kənar edəm?!"

Sona isə "belə bu sözləri" meydana gətirən romanları daha oxumurdu, roman əvəzinə filosofiya kitabları oxuyurdu.

Bu minval Bahadır və Sona öz nəfslərini boğmağa çalışardılar. Hərdənbir yenə belə fikirlərə düşüb gah qızarardılar, gah bir-birini görəndə yerə baxardılar...

Heç bir şeyi biri-birindən pünhan saxlaya bilmirdilər. Fəqət nə isə bu "məsələni" aça bilmirdilər, bununla belə təklikdə bu "fikirlər" bunları rahat qoymurdu. Bahadırın ixtiyarsız dilinə gələn məzkur şeri, Sonanın ixtiyarsız dediyi "nə sirdir insanlar bir-birindən təfriqə düşüblər" sözləri bunların pünhan fikirlərini bir-birinə aşkar etdi...

"Daha bizə bir şey də gərəkmi?" sözləri ayrılandan sonra daha artıq bunları narahat edirdi. Bahadır Sonanın əksini həmişə qoynunda gəzdirib onunla təsəlli taparkən, Sona da Bahadırın əksini ufacıq çəkdirib medalyonda döşündən asardı. Bir gecə Sona Bahadırın barəsində çox fikirdə ikən yerində uzandığı yerdə medalyonu açıb əksə baxırdı. Başınadürlü-dürlü fikirlər gəlib sonra yuxuya getdi. Medalyon isə açıq qaldı.

Anası Maşo adətə görə Sonanın otağına gecədə neçə dəfə gələrdi baxardı. Sonanı üstüaçıq yatmış görsə idi, üstünü örtərdi. Bu gecə də Maşo Sonanın yatacaq otağına gəlib onu döşü açıq yatmış gördü. Döşündə isə medalyonu açıq görüb içindəki əks kimin olmağını istədi bilsin. Lampanı yavuq gətirib Bahadırın əksi olmağını gördü... Maşo tez Sonanın otağından çıxıb pərişan halda, iki əlləri üzündə Yusif olan otağa getdi və Yusifin taxtında əyləşib ixtiyarsız ağladı...

- "Nə oldu sənə?" – Yusif taxtından sıçrayıb Maşonun əlindən tutdu. Maşo gözlərini silə-silə gördüyünü nəql etdi. Bir az sükutdan sonra Yusif dedi:

- Cavanlıqdır, zərər yoxdur. Onlar bir-birini çox sevirlər. Mən onların barəsində heç vaxt bədgüman olmaram, ikisi də ağıllı, kamallı cavandırlar...

- Mən də bədgüman olmuram, fəqət işin aqibəti məni təşvişə salıbdır, – Maşo deyib fikrə getdi.

- Qorxma! – Yusif deyib uzandı – hər halda sabah açıq-açığına Sona ilə söhbət etmək olar.

Maşo bu sözlərdən sonra bir az rahat oldu, uzandı və bir az fikirdən sonra yuxuya getdi.

Səhər Sona yuxudan ayılıb medalyonu açıq gördü. Tez bağladı. "Anam gördümü, ya yox" fikri bunu narahat edirdi. Bununla belə özünə söz verdi ki, hərgah bu barədə söz açılsa, Bahadıra olan məhəbbətini açıq-açığına söyləsin. Səhər Sona çay vaxtıadəti üzrə anasını öpdü. Ancaq anası tərəfdən bir növ soyuqluq hiss etdi. Bu soyuqluq Sonanı şübhəyə saldı. Fəqət bir söz söyləməyib çayını içdi və sonra öz otağına getdi. Anası isə onun dalınca gedib bilməyirdi nə tövr söhbət açsın. Sona bunun halətini görüb soruşdu:

- Anacığım, sənin ürəyində bir söz olmağını düşünürəm. Nə istəyirsən soruş, deyərəm. Maşo Sonanın boynundan qucaqlayıb dedi: – Sevgili qızım! Sən bilirsən ki, mən və atan səni nəhayət dərəcədə sevirik. Sən ali oxumuş bir qız, əlbəttə, çox şeyi bizdən yaxşı bilirsən, biz sənin uğrunda can verməyə hazır olduğumuz halda, sənin ürəyində olan dərdi, başındakı fikirləri bilmək istəyirik. İxtiyarın var: deyə də bilərsən, deməyə də.

- Anacığım, açıq söylə. Mən hamı suallarına cavab verərəm. Yoxsa, gecə medalyonun içindəki əksi gördün, hə?

- Doğrudur, qızım, gördüm və bu əhvalat məni bir az təşvişə salıbdır...

Sona bu sözləri eşitcək ucadan ağladı və anasının boynunu qucaqlayıb dedi:

- Nə edim, sevirəm... Mən Bahadırı sevirəm. Anacığım, bu yolda mənim elmim, qanacağım iş görmür, məhəbbətin müqabilində ağlım çaşır. Ah, sevgili anacığım! Bir yol göstər... Mən bu vaxtadək məhəbbətimi pünhanda bəsləyirdim. Fəqət indi söz açıldı. Mən şadam!... Ürəyimdəki sözləri deməyə yol açıldı... Bahadır isə bu vaxtadək ona nə dərəcədə məhəbbət bağladığımı bilmir. Burada ikən bu hissiyyatımı ondan gizlədirdim. İndi bu ayrılıq məhəbbətimi birə on artırıbdır. Ah, sevgili anacığım, bağışla məni! Nə edim?

Sona bu sözləri deyib anasının qucağına yıxıldı və uca səslə ağladı.

- Sevgili qızım! Rahat ol, ağlama! Mən səni anlayıram... Mən özüm məhəbbətin oduna yanmışam, fəqət mənim atana olan məhəbbətimin çarəsi tapıldı. Mən atana getdim... Sizin məhəbbətinizin çarəsini görməyirəm. Qızım! Sən ağıllı-kamallı, millətini, dinini sevən bir qız... Bahadır isə millətini nəhayət dərəcədə sevən bir oğlan... Nə tövr etməli? Mən özüm də çaşıram.

- Məni də çaşdıran bu məsələdir, – deyib Sona gözlərini sildi. – Bəs nə tövr etmək! Ah, sevgili anacığım, bu məsələdə analığı unut, mənimlə yoldaş ol, mənə yol göstər, məni başımdakı qara fikirlərdən xilas et...

Maşo: "Odur, atan gəlir", deyib dişqarı çıxdı və Sona iki əlləri ilə üzünü tutub taxtın üstə yıxıldı.

Yusif Maşodan hamı əhvalatı bilib dərin fikirlərə düşərkən öz cavanlığını yadına saldı. Sonanın bu hərəkətinə heç təəccüb etmədi, fəqət bunu da çaşdıran Bahadırın müsəlman və Sonanın xristian olmaq məsələsi idi. Yusif əvvəllər hətta fikir edərdi: "Nə yaxşı olardı ki, Sonanın gələcək yoldaşı Bahadır kimi ağıllı, təmiz, saf ürəkli bir cavan olaydı". Həqiqət, ər və övrət Bahadırda nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər. Ancaq Bahadırın müsəlman olmağı bunlarla Bahadırın arasında uçurum dərə kimi bir şey meydana gətirirdi. Ata və ana gecə-gündüz fikir edib müəyyən bir nöqtəyə gələ bilmirdilər. Ona görə də Sonaya bir yol göstərə bilmirdilər.

Bununla belə, Bahadırın Peterburqdan bir kağızı Sonaya gəldi. Bahadır kağızında yazmışdı:

"Əzizim Sona xanım! Başımdakı min-min fikirlərin hansından başlamaq? Bu günədək gördüyüm adamlardanmı? Ya gəzdiyim yerlərdənmi? Və ya xeyr, ancaq öz hissiyyatımı söyləyim? Əvət, xanım əfəndi! Ancaq öz hissiyyatımı söyləyim... Qəribə bir halətdir! Mən sizinlə bir yerdə, bir otaqda zindəganlıq edərkən başımda olan min-min fikirlərimi, bütün vücudumu iztiraba salan hisslərimi əcəba nə üçün söyləyə bilmirdim. Yox, xanım əfəndi! Səhv etdim, söyləyirdim, fəqət dilsiz, hər bir hərəkətimlə sizə olan məhəbbətimi bildirirdim. Əlinizi əlimə alıb fikir edirdim. Qolumdakı minlərcə hiss damarları mənim məhəbbətimdən sizə xəbər verirdilər, deyilmi? Mən sizin əlinizi tutanda bu halətdə olurdum. Yəni, sizin qollarınızdakı hiss damarları sizin hissiyyatınızı mənə həzin-həzin söyləyirdi.

Əliniz əlimdə ikən tam fikirlərinizi, hisslərinizi oxuyurdum. Siz də mənim kimi, deyilmi? Biz biri-birimizin əlini gah sıxırdıq, gah tumar edirdik... Hər birinin ayrı bir mənası olmağını sözsüz düşünürdük... Ah, nə gözəl halət! Nə gözəl hissiyyat! Dilə ehtiyacımız yox idi, qələmə də həmçinin. İndi isə dilə və qələmə böyük ehtiyacımız olmağını hiss edirəm. Başımdakı min-min fikirləri nə vasitə ilə sizə bildirmək?

Əliniz əlimdə olsa idi, əlinizi bir sıxmaqla hamı fikirlərimi, hissiyyatımı bildirərdim. Gözləriniz gözlərimə baxsa idi, hazır yazdığım sözləri oxuyardınız. İndi isə heç biri müyəssər deyil. Hazır bu kağızdan, mürəkkəbdən və qələmdən başqa bir əlacım yoxdur. Bunlar da gözlərimin və əllərimin əvəzini verməyəcəyini düşünürəm. O bir ayrı aləm, bu, bir qeyri aləm! Nə isə, ayrılığa tab gətirə bilmədiyimi hiss edirəm. Bir dəqiqə sizi fəramuş edə bilməyirəm. Hər gün, hər saat sizinlə söhbət edirəm. Bir iş edirəm, dərhal sizi gözümün qabağında görürəm, görüb də guya soruşuram: bu iş sizcə, nə tövr gərəkdir ola? Hər bir felim, qövlüm, hissiyyatım sizə bağlıdır. Mən tam vücudumla sizə təəllüq tapmağımı düşünürəm, bununla belə "Nə sirdir insanlar bir-birindən təfriqə düşüblər?..." sözlərinizin mənə dəhşətli bir kölgə olmağını da hiss edirəm... Bu kölgədən mən qorxuram. Harada olsam, nə söyləsəm, bu sözlər fikrimə gəlirsə, əhvalımı büsbütün dəyişir, başımdan od parlayır, ürəyim iztirabda döyünərkən istəyirəm tam vücudumla bu kölgəni özümdən rədd edəm. İstəyirəm açıq-açığına bağıram: bəsdir! Məni rahat qoy!... Mən bağırmaq istərkən haman dəhşətli kölgə daha artıq qüvvətlə mənə yavuqlaşır: məni hər tərəfdən qara bulud alan kimi bürüyür, nəfəsimi təngləşdirir, ildırım çaxan kimi çaxır... "Nə sirdir insanlar bir-birindən təfriqə düşüblər?" sözləri bir arşın boyunda qara taxtanın üstə təbaşirlə yazılmış nəzərimə gəlir. Mən hirsli haman yazıları o taxtanın üzündən silirəm, mən sildikcə, daha zorba, daha aşkar xətlə yazılmış görünür. Mən taxtanı var qüvvətimlə yox etməyə çalışıram, sındırıram... "Nə sirdir insanlar bir-birindən təfriqə düşüblər" sözləri havada yazılmış görünür... Nə üçün bu sözləri siz meydana gətirdiniz? Nə üçün bu sözləri əllərimiz bir-birini tutan vaxt dediniz? Qeyri bir vaxtda, qeyri bir halətdə bu sözləri desə idiniz, ola bilsin ki, belə təsiri olmaya idi... Fəqət indi... İndi sözlər deyilibdir. İndi bu sözlər məndən, mən sözlərdən ayrıla bilmirəm. Nə üçün bu sözləri deyəndə əlimi sıxdınız və gözləriniziyumdunuz?... Sizin sözləriniz hərəkətinizə müvafiq olub, mənə, guya dediniz mən tam vücudumla sevirəm... Mən tam vücudumla sizinki olmaq istəyirəm... Fəqət bizi bir şey uzaqlaşdırır... Bizi biri-birimizdən təfriqə salır... Müsəlman-xristianlıq bizim aramızda uçurum bir dərə ixtira edir...

Sözlərinizə belə məna verməkdə səhv etməmişəm, zənn edirəm. Səhv edə də bilmərəm, çünki həmin dəqiqə mən də bu fikirdəidim. Mən istəyirdim deyəm, siz məndən cürətli olub məni qabaqladınız, qabaqlayıb da məni daha artıq məhəbbətə mübtəla etdiniz... Mənim bütün vücudum, bədənim, ağlım, ruhum hamısı sizə təəllüq tapır: həyatım həyatınıza bağlıdır.

Xanım əfəndi! Mən ancaq camalınıza aşiq olsa idim, mənim üçün şübhə yeri qalardı. Yox! Camalınızı sevirəm də ruhunuzu, ağlınızı daha artıq dərəcədə sevirəm. Mən özümü sizin bir hissəniz bilirəm. Əcəba! Necə ola bilər ki, bizi "uçurum dərələr" ayıra? Əcəba! Bu "uçurum dərələri" biz insanlar düzəldibsə, onları məhv etmək bizim ixtiyarımızda deyilmi?... Nə üçün mən müsəlman, siz xristian, qeyrisi yəhudi və ya bütpərəst adlansınlar? Nə üçün bu insanlar sonradan düzəlmiş dürlü-dürlü qanunlara sitayiş etsinlər? Təbiimi? Yox! Təbii, qanun hamı insanlar üçün bir gərəkdir ola. Hamı insanlar bir nöqtəyə gərəkdir yeriş etsinlər. Bu nöqtə isə hürriyyət, məhəbbət aləmidir. Mən sizi sevirəm, siz də məni. "Yox, sevmək olmaz!" qanunu varsa, mən tam vücudumla bu qanunu məhv etməyə çalışıram. Müsəlman, xristian, yəhudi və bütpərəst nə olmağını anlamıram və istəmirəm də anlamaq! Ah, sevgili Sona xanım!

Mən millətimi sevirəm; çünki anamı sevirəm. Mən hamı dinləri və din gətirənləri sevirəm; çünki hamısının əsil məqsudi insanları qaranlıqdan işıqlığa çıxarmaq olubdur. Hamı dinlər vaxtında insanları zəmanəyə müvafiq yaxşı yola dəvət ediblər, yəni ümumi bir nöqtəyə yeriş etmək üçün hazırlayıblar. Peyğəmbərlər gəliblər, heç vaxt deməyiblər: "Biz islam, xristianlıq düzəltmək üçün gəlmişik". Hamısı: "Biz insanları düz yola dəvət edirik" deyiblər...

Məqsəd bir, yol bir, əcəba! Nə üçün insanlar bir-birindən təfriqə düşüblər? Səbəb? Səbəb, ağlımızın naqisliyi. Biz əsil mətləbi əldən buraxıb cüzi qanunlara sitayiş etmişik. Bir allahı buraxıb min allaha səcdə edirik. Fəqət əsil mətləbi anlayanlar birləşirlər, qonuşurlar və məhəbbət nə olmağını düşünürlər. İştə biz də bu dərəcədə bulunuruqsa, məhəbbətimiz tələb edən qanunlara sitayiş etməliyik, deyilmi?...Bahadır".

Sona bu kağızın Bahadırdan olmağını dərhal bildi. Tez otağına gedib qapını örtdü və əlləri titrəyə-titrəyə kağızı açdı oxudu. Hər bir sözə, mətləbə diqqət edib yenə də oxudu. Bir az fikrə gedib üçüncü dəfə kağızı oxudu. Sonra "Ah, rəbbim!" deyib taxtın üstə yıxıldı. Bu vaxt Maşo içəri daxil oldu. Sona kağızı mizin üstə qoymuşdu. Maşo Sonanın bu halını görüb bir az təşvişə düşdü. Sona tez ayağa durub mizə tərəf getmək istədi ki, kağızı götürsün. Kağız isə Maşonun əlində idi.

- Bu kağız Bahadırdandırmı? – Maşo sual etdi.

- Bəli, Bahadırdandır, – deyib Sona başını aşağı saldı və bir az fikirdən sonra dedi. - Anacığım, sən də və atam da bu kağızı oxuyunuz... Məni bu vaxtadək rahatsız edən suallara mən bu kağızda cavab tapıram... Bəlkə siz də tapasınız. Mən sizdən heç bir şey gizlətmək istəmirəm; çünki sizi çox sevirəm, sizin ruhunuza əziyyət vermək istəmirəm. Fəqət nə edim, sevirəm... Mən Bahadırı sevirəm... Bu kağız mənim tamam şübhələrimi dağıtdı, gizlin nöqtələri aşkar etdi. Açılmayan düyünləri açdı... Bundan əvvəl ikimizin arasında görükən "uçurum dərələr" indi mənim üçün görünmürlər. Mən insan, o insan. Bizi ölümdən savayı hansı bir qüvvə ayıra bilər?

- Qızım! Nə söyləyirsən? Mən düşünmürəm.

- Ah, anacığım! Oxuyunuz kağızı, duşünərsiniz. Bəlkə mən səhv edirəm. Atamla bir yerdə oxuyunuz, məsləhət ediniz. Mən sizin razılığınızla iş görmək istəyirəm. Mən sizi çox istəyirəm, siz də məni. Siz hazır ağlınıza tabesiniz, mənsə ürəyimə. Ağlım ürəyimlə bir çox zaman müharibədə bulundular: ürəyim ağlıma güc gətirdi. Hazır bu işdə ağlım iş görməyir.

- Yaxşı, qızım! Rahat ol. Atanla bu barədə söhbət edərəm, – deyib Maşo otaqdan çıxdı.

Sona yenə taxta yıxılıb Bahadırın kağızını əzbər oxuyurdu. Yusif evə gəlib Maşonun halını xeyli pərişan gördü. Maşo kağızı Yusifə göstərib dedi:

- Daha yatmaq vaxtı deyil. Gərəkdir bir əncam çəkmək, yoxsa qız özünü həlak edər.

Yusif kağızı diqqətlə oxuyub dedi:

- Mən hərçi fikir edirəm, bir şey çıxmayır. Sonanı çağır buraya özü ilə söhbət edim. Bizim özümüz Bahadırı çox sevirik, nə eybi var. Bahadır ağıllı-kamallı bir oğlandır, onun üçün hansı bir məzhəbdə olmağın təfavütü yoxdur. Bu əqidədə olmaq kağızından məlum edir. Ona görə hərgah xristianlığı qəbul edərsə, biz böyük şadlıqla onu qəbul edərik.

- Ah, sevgili atacığım! Mən təvəqqe edirəm belə məsələni heç ortaya gətirməmək. Mən heç vaxt elə sözləri demərəm və razı da olmaram Bahadıra deyilsin. Nə üçün Bahadır xristian olsun və yainki nə səbəbə mən müsəlman olam? Bizi xristianlıqmı və ya müsəlmanlıqmı bir-birimizə yavuq etdi? Yainki özgə bir şey?

- Yox, qızım, elə deyil. Hər halda, biz bir millətin hissəsi hesab olunuruq. Bu millətə dair müəyyən bir yol və ya bir adət var. Biz haman adətlərə bərəks hərəkət edəriksə, bizə ayrı bir nəzərlə baxarlar. Bizi camaatımız özündən hesab etməz. Sən millətini sevirsən, onun uğrunda can qoymağa hazırsan, razı olarsanmı haman millət səni özündən kənar etsin?

- Bəs Bahadırın millətdən kənar olmağına necə razı olmaq?.

- Qızım! Mənim sənə olan məhəbbətim hər şeyi qəbul etməyə vadar edərdi. Mən sizin məhəbbətinizə mane olmazdım, ixtiyarım da yoxdur və genə də olmuram. Fəqət bunu demək istəyirəm: Bahadırın və sənin fəlsəfənizdən millətin xəbəri yoxdur. Təklikdə fəlsəfəniz gözəl də olmuş olsa, camaat haman fəlsəfənizə nifrətlə baxacaqdır. Camaatın fəlsəfəsi müəyyən qanunlar və ata-babalarımızın adətləridir, qızım!

- Atacığım, sözləriniz haqdır. Millət, camaat ümumiyyətliklə bizim fəlsəfəyə nifrət nəzəri ilə baxacaqdır. Bunu yaxşı düşünürəm... Bəs nə etməli? Mən çaşıram... Millətimdən uzaq düşmək istəmirəm. Mən ömrümü millət yolunda sərfetməyə hazıram, onu sevirəm... Bahadırı da sevirəm. Bahadır burada ikən belə şeylər fikrimdən keçməyirdi... Bəlkə bu ayrılıq səmərəsidir. Bəlkə bir yerdə olsaq və yainki birlikdə məsləhət etsək, özgə bir nöqtəyə gələrik, bilmirəm... Başım işləməyir, fikrim dağınıqdır... Əhvalım pərişandır... Bahadırın sözləri və əqidəsi haqdır. Camaata, millətə dair dediyiniz sözləri də diqqətsiz qoymaq olmaz... Özgə bir yol, qeyri bir çarə yoxmu, sevgili atacığım?

Yusif xeyli fikirdən sonra dedi:

- Qızım! Mənim başıma bir fikir gəlir: səninlə bir yerdə Peterburqa gedək, Bahadırla bir yerdə söyləşək, bəlkə birlikdə bir çarə tapdıq.

Bu sözləri Yusif hələ qurtarmamışdı, Sonanın qara buluda bənzər üzü açıldı. Ucadan güldü və atasının boynunu qucaqlayıb öpdü.

- Ah, sevgili atacığım! Nə yaxşı və gözəl fikirdir! Mən razıyam!"–Bu sözlərdən sonra "sevgili anacığım", deyib Maşonun qucağına düşdü: – Siz də atamın fikrinə şəriksinizmi?

- Bu fikir mənim başımda var idi. Mən Bahadırın nəcibliyinə, kamalına ümid bağlayıb, yəqin edirdim birlikdə çarə tapılar...

- Yaxşı, hazırlaşaq, iki gündən sonra gedərik. – Yusif deyib yerindən durdu.

Sona şadlığından gah atasını, gah anasını öpürdü. Balaca uşaqlar kimi atılıb-düşürdü. Peterburqa getmək məsələsi Sonanın əhvalını büsbütün dəyişdi. Sevindiyindən bilməyirdi nə etsin. Gah anası ilə zarafat edirdi, gah qulluqçularla, gah şaq-şaq gülürdü, gah güldüyü zaman gözlərindən şadlıq yaşı gəlirdi. İşin aqibəti nə olmağını fikir etməzdi... Bir Bahadırı görmək, onunla söhbət etmək, onunla bir yerdə oturub dərin-dərin fikrə getmək, yoldaşlı mühüm məsələləri müzakirə etmək, – ancaq belə fikirlər Sonanı məşğul edirdi.Yusif isə ancaq bu görüşməyin barəsində fikir edirdi. Nə tövr iş görmək? Bahadıra nə demək? Nə məsləhət etmək? Bahadır filan söz deyərsə nə cavab vermək?

Maşonun müəyyən bir fikri yox idi. Ümidini allaha bağlayıb ürəkdən hər iki novcavanın halına yanardı... Getmək vaxtı araya gəldi. Sona və Yusif yola lazım olan şeyləri hazır edib troykaya mindilər. Maşo bunlar ilə öpüşüb ağladı.

- Anacığım, ağlama! – Sona deyib anasının boynundan qucaqladı. Tez əhvalatı yazaram.

Troyka yola düşdü. Fəqət troykanın zınqrovu qəmgin bir səs verirdi...



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info