Qonaq Kitabı
ZƏHMƏT VƏ ZİNƏT

 

Boylandı,əl göz üstündə,

Hər tərəfə saldı nəzər.

Qəlbi yandı göz üstündə,

Zəhmətdən görmədi əsər.

 

Bir də baxdı uzaqlara,

Gördü Zəhmət sürür kotan.

Toz-torpağı yara-yara

Hey çalışır yorulmadan.

 

Şumladığı yerin, gerçək,

Nə ucu var, nə bucağı.

Doğru imiş, dedi əmək

Şənləndirir hər torpağı.

 

Alış dayı endi dağdan,

Iri-iri addım atdı.

Qəlbində odlu həyəcan

Gəldi o, Zəhmətə çatdı.

 

Salam verib hörmət ilə,

Dedi: - Zəhmət, bu nə işdir!

Məndən neçin küsdün, söylə?

Aman, bu nə tərpənişdir?

 

Ellər tənə vurur bizə,

Dostu atmaq nəyə gərək!

Gəl, qayıdaq evimizə,

At kotanı, durma, gedək!

 

Zəhmət dedi: - Alış dayı,

Get, səninlə barışmaram.

Bilməyirsən haqqı-sayı,

Köksümdə sızlayır yaram.

 

Məndən əl çək sən bir kərə,

Unut artıq, at daşımı...

Yox, dözmərəm o təhqirə,

Alçaltdın yüksək başımı.

 

Mənəm səni şənləndirən,

Mənəm sənə həyat verən,

Sərvət verən, zinət verən,

Uçmağa qol-qanad verən.

 

Yanında heç hörmətim yox,

Sən eylədin tapdaq məni.

Indi ki bir qiymətim yox,

Zinəti sev, burax məni.

 

Onu yağla, qoy sandığa,

Səninçin artıq mən nəyəm!

Get, hörmət et o çarığa,

O doğmadır, mən ögeyəm.

 

Alış dayı: - Sən haqlısan,

Ey canım, vicdanım Zəhmət!

Barışaq, keç günahımdan,

Məndən sənə min-min hörmət!

 

Başım dəydi daşdan-daşa,

Bildim daha qiymətini.

Düzdür, Zinət gəlir xoşa,

Mən tutaram hörmətin!

 

Zəhmət sevimli həyatdır,

Sənsən mənim qəlbim, canım.

Zinət bizə qol-qanaddır,

Ey istəkli mehribanım!

 

O gündən ki bu torpağa

Babalarım qoymuş ayaq,

Bu ölkədə hər ocağa

Şənlik saçan sənsən ancaq!

 

Bunu deyib o, Zəhməti

Birdən-birə qucaqladı,

Zinətin coşdu şəfqəti,

Onu gül kimi qoxladı.

 

Dedi: - Qardaş, bir bax, sənsiz

Heyva kimi saralmışıq.

Səhvimizi anladıq biz,

Bu işdən ibrət almışıq,

 

Zəhmət uydu şirin dilə,

Dostlarımız barışdılar.

Yenə verdilər əl-ələ.

Təbiətlə yarışdılar.

 

Hər bir işə sevgi gərək,

Hey çalışır Zəhmət, Alış.

Yerin bağrını sökərək

Əkir, biçir, qarış-qarış.

 

Tarla geyib qızıl ətləs,

Dəniz kimi dalğalanır.

Geniş-geniş alır nəfəs,

Beşik kimi yırğalanır.

 

Budaqlarda ötür bülbül,

Ətir saçır çəmən-çayır.

Ağır başlı sarı sünbül

Boynun bükmüş, parıldayır.

 

Ona baxdıqca hər könül

Doymaz, alar nəşə, sevinc.

Dənə dolmuş sarı sünbül

Deyir: “Zəhmət, gəl bizi biç!”

 

Zəhmət girdi o tarlaya,

Biçdi qızıl sünbülləri.

Hər tərəfdə vurdu taya.

Şənləndirdi könülləri.

 

Göydə parlayan ay, ulduz,

Yerə saçırdı aydınlıq,

Gecə olmuşdu bir gündüz,

Hər yana hakimdi işıq.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info