Qonaq Kitabı
ZƏHMƏT VƏ ZİNƏT

 

Yorğun-arğın döndü evə,

Unutdu artıq Zəhməti.

Oxşayaraq sevə-sevə

Yağladı nazlı Zinəti.

 

Könül quşu oldu Zinət,

Səhər-axşam kefə daldı.

Yedi, içdi bir az müddət

Təknələrə təpik çaldı.

 

Işsizlik tez yordu onu,

Daha gül açmadı murad.

Əyyaşlığın yoxdur sonu,

Dadsızdır zəhmətsiz həyat.

 

Artıq darıxırdı Alış,

Sanma hər kef ömürlükdür.

Könlündəki nəşə qaçmış,

Həyat ona ağır yükdür.

 

Azuqəsi çıxmış əldən,

Kənddə ac və çaşqın gəzir.

Hər gün töhmət alır eldən,

Ürəyini tənə əzir.

 

Zinətin də rəngi qaçmış,

Gündən-günə saralırdı.

Dərdi-qəmi başdan aşmış,

Xəstə kimi suzalırdı.

 

Inlədi: - A, keçən günlər,

Zəhmət ilə qəlbim şəndi.

Bu tarlalar, çöl-çəmənlər

Mənim üçün bir gülşəndi.

 

- Alış, səndə oldu təqsir,

Küsdürdün dostun Zəhməti.

Bizdən ancaq gördü təhqir,

Etmədik lazım hörməti.

 

Inləyərək dedi Alış:

- Zəhmət imiş bizə kömək!

Bu çölləri qarış-qarış

Gəzib onu tapam gərək!

 

Hər ikisi qalxdı birdən.

Ulduz göz qırpırdı aya.

Gəzə-gəzə o çölləri

Çatdılar köhnə tarlaya.

 

Bir qayanın ətəyində

Bardaş qurdu Zinət ilə.

Keçmişləri ürəyində

Xatırladı həsrət ilə.

 

Döndü cansız bir qayaya,

Gözlərinə çökdü duman.

Baxdı işıq saçan aya.

Qəlbində qopdu həyəcan.

 

Dedi: - Zinət, bir baxsana.

Tayalardan yoxdur əsər.

Nəzər saldıqca hər yana,

Ürəyimi yeyir kədər.

 

Ahım ucalar göylərə,

Qəlbim yanıb külə dönür.

Kədər verir bu mənzərə,

Gözlərimin odu sönür.

 

Zəhmət bir dağ çəkdi mənə.

Söylə, Zinət, biz neyləyək?

- Dərdimi artırma yenə,

Çox inləmə, tez dur, gedək!

 

Alış döndü boz qayaya,

Gözlərinə çökdü duman.

Bu ağrını duya-duya

Yol ilə getdi zaman.

 

Qarşısına bir qab çıxdı.

Alış götürüb tez açdı;

Içindən bir kitab çıxdı.

Oxuyunca rəngi qaçdı.

 

“Bu dünyada sev zəhməti,

Odur həyatın zinəti!”

Daldı dərin düşüncəyə,

Bir ah qopdu dodağından:

 

“Ey sevimli Zəhmət!” – deyə

Yaş töküldü yanağından.

Dedi: - Səni gözəl əmək,

Harda olsan, tapam gərək!

 

Baş götürüb düşdü yola,

Xəbər tutdu hər yetəndən.

Yollarda çatıb hər elə

Soruşurdu hər ötəndən.

 

Zinət ilə dağı-daşı,

Dəli kimi dolaşırdı.

Dincəlib hər keçid başı,

Başqa dərə, dağ aşırdı.

 

Çox axtardı, çox dolaşdı,

Gecələri etdi səhər,

Çöllər gəzdi, dağlar aşdı.

Zəhmətdən yox verən xəbər.

 

Çıxdı uca dik bir dağa,

Hər tərəfə etdi diqqət.

Göz gəzdirdi sola-sağa,

Yenə görünmədi Zəhmət.

 

Gördü döşündə iynə var.

Onu sancdı dağ qaşına.

Iynə oldu böyük çinar,

Çıxdı çinarın başına.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info