Qonaq Kitabı
OVÇU MƏSTAN

At oynatdı, açdı meydan.

Aldı süngü, qılınc, qalxan.

Bomba, qurşun yerdən-göydən

Dolu kimi yağdı birdən.

Cəmdək söykəndi cəmdəyə,

Fəryad, şivən qalxdı göyə.

Başladı bir qanlı savaş, -

Daş üstündə qalmadı daş.

Yerdən, göydən vəzni ağır

Güllə, qurşun, bomba yağır.

Sönmüşdü hər yerdə həyat.

Açılmışdı qanlı büsat.

Məstan xan göstərdi hünər,

Əldən düşüb kəsəyənlər

Əsdi yarpaq tək qorxudan.

Bunu duyub ovçu Məstan,

Atı sürdü tez irəli,

Ürəkləndirdi əsgəri.

Bir nərə çəkdi meydanda,

Can qalmadı siçan xanda.

Düşmən geri çəkilərkən,

Əlli ovçu, Məstan birdən

Düşdü dərin bir xəndəyə.

Kəsəyən xan: - Zəfər! – deyə

Çaldırdı şənlik borusu.

Ürəkləndi xan ordusu.

Tutdu dərhal sağı, solu,

Bağlandı düşmənin yolu.

Siçanların üzü güldü,

Muncuq kimi gözü güldü.

Məstan xan tez çəkdi nərə,

Hay vurdu dərhal əsgərə:

- Yerinizdə möhkəm durun!

Hər yandan düşməni vurun!

Qalmasın onlardan əsər.

Gərək bizim olsun zəfər.

 

Yenidən başlandı savaş,

Bədənlərdə qalmadı baş.

Cəmdək söykəndi cəmdəyə,

Fəryad, şivən qalxdı göyə.

Uzun sürdü həmin savaş,

Dilə gəldi dağ, dərə, daş.

Göy çəmənlər batdı qana.

Ölüm çökdü hər bir yana.

Meşə, tarla alovlanır,

Ətrafı yandırır, yanır.

Yanğın keçir bağ-bostana,

Ordan yayılır hər yana.

Ancaq şəndi boz qarğalar,

Göy üzündə hey qırıldar, -

“Yeməyə leş vardır” deyə,

Qonurlar qanlı cəmdəyə.

Bu qan aşiqləri ancaq

Qırıldaşır, atılaraq

Qonurdular leşdən-leşə,

Şad idilər qanlı işə.

Kəsəyən xan ağayana

Əmr etdi ovçu Məstana

Qılınc, süngü, daş vurdular,

Əldən salıb lap yordular.

Qollarını kəndir ilə

Bağlayıb atdılar çölə.

Güldü ona bir kəsəyən:

- Qurtulmazsan əlimizdən.

Çırpınma, dartınma əbəs,

Yerindir bu möhkəm qəfəs!

 

Öz ipəkli çadırından

Çıxdı səhər Kəsəyən xan,

Fərman verdi başçılara:

- Düşmənimiz düşmüş tora.

Qurban verdik bax nə qədər.

Üstün gəldi bizim əsgər.

Bir qonaqlıq verin çöldə,

Dərd qalmasın bu könüldə.

 

Bəzəndi çöl, çəmən, dərə...

Açıldı bir geniş süfrə.

Bu süfrədə nələr yoxdur! –

Kəsəyən xandan buyruqdur.

Elə ki, məclis quruldu,

Süfrə yeməklərlə doldu,

Səs ucaldı: - Çəkil, çəkil!..

Çalındı tez şeypur, təbil.

Başında bir çox pəhləvan

Başa keçdi Kəsəyən xan,

Siçanların üzü güldü,

Qara muncuq gözü güldü.

Ləzzətlə başlandı yemək,

Xan bağırdı: - Düşmən gərək

Asılsın dar ağacından!

Səsinə səs verdi hər yan,

Çıxsın deyə bu gün canı,

Gətirməyə o Məstanı

Yüyürdü bir dəstə siçan,

Əllərində qılınc, qalxan.

Məstan dərdli, qəlbi dağlı

Gəldi süfrə ayağına.

Ürəyinin çırağına

Od düşmüşdü, hey yanırdı,

Zor-güc ilə dayanırdı.

Xan içmişdi, sərxoş idi,

Bir az da başı boş idi.

Baxdı ona gülə-gülə,

Sonra lovğa bir tövr ilə:

- Qollarını açın! – dedi, -

Siz yanından qaçın! – dedi.

Açıldı Məstanın qolu,

Tutuldu hər yandan yolu.

Xan əlində qılınc, qalxan

Məstana çatdığı zaman,

Qılıncı vurmaq istərkən

Ovçu Məstan qalxdı yerdən.

Ov görmüş bir aslan kimi,

Gözü qızmış qaplan kimi,

Myoldayıb çəkdi nərə,

Atıldı o, birdən-birə.

Bir pəncədə boğdu xanı,

Kəsəyənin çıxdı canı.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info