Qonaq Kitabı
OVÇU MƏSTAN

Qaldırıb qoydu başına.

Bu ləzzətli xonçalarla

Yeddi siçan düşdü yola.

Az getdilər, düz getdilər

Dərə-təpə, düz getdilər.

Yetişdilər: - Salam! – deyə,

Baş əydilər Məstan bəyə.

Məstan bəyi heyrət aldı,

Bu işlərə o, mat qaldı.

Dedi: - Neçə gündür acdım,

Bir parça ətə möhtacdım.

Ovum ayağıyla gəlmiş,

Hardandır bu xeyirli iş?!

Məstan atdı pəncəsini,

Iri, zorba gövdəsini,

Beş siçanı tutdu birdən,

Ötürdü tez, oldu çox şən.

Qaçdı ancaq iki siçan

Gözü yaşlı, ürəyi qan...

 

Əhvalatı o elçilər,

Siçanlara verdi xəbər,

Hamı batdı qəmli yasa,

Qan uddular kasa-kasa.

Ağlaşdılar üç gün tamam,

Yas tutdular səhər, axşam.

Ürəkləri yana-yana

Gəldilər xan sarayına.

Öz taxtında Kəsəyən xan,

Ətrafında bütün əyan,

Əyləşib söhbət edərkən

Bir dəstə siçan, kəsəyən

Gəlib ona baş endirdi,

Ağlaya-ağlaya dedi:

- Sənə qurban, Kəsəyən xan,

Bizi qırır ovçu Məstan.

Bu xəbəri eşitcək xan,

Kəlləsinə sıçradı qan.

Əmr elədi: - Hər ölkədən

Gəlsin siçan və kəsəyən.

Tülkü və qurd padşahından

Aldı qılınc, süngü, qalxan,

Toplandı bir böyük ordu,

Xan çölündə alay vurdu.

Əmr verdi tez yürüşə,

Məstan xan ilə döyüşə.

Məstan xana çatdı xəbər,

Tez topladı üç yüz əsgər.

Hər əsgərə yaraq verdi,

Iti yeldən ayaq verdi.

Göyə qalxdı tozlu torpaq,

Dumanlandı yaxın-uzaq.

Kəsəyən xan durbin taxdı,

O, tozlu yollara baxdı.

Gördü hücum edir Məstan,

Nərə çəkir acığından.

Bildi işdən tutmuş xəbər,

Toplamışdı çoxlu əsgər.

Gəlir onunla döyüşə,

Kəsəyən düşdü təşvişə.

Xəndək qazdırdı hər yerdə,

Üstünə çəkdirdi pərdə.

Qoşun ilə tutdu yolu

Möhkəmlətdi sağı, solu.

Gəmini çəkdi körfəzə,

Özü çəkildi mərkəzə.

Təyyarələr göy üzündə

Uçur, geniş çöl düzündə

Piyada girdi səngərə,

Əmr etdi atlı əsgərə -

Düzülsünlər iki yandan.

Yanında bir çox pəhləvan,

Ortalıqda özü durdu,

İgidlərlə meydan qurdu.

Ordusuyla çatdı Məstan.

Təbil çalındı hər yandan.

Əmr verildi əsgərə,

Atəş açsın birdən-birə.

Guruldadı ağır toplar,

Səs-küy saldı pulemyotlar.

Hər yandan yaylım atəşi,

Tüstü qaraltdı günəşi.

Gəmilər ağzını açır,

Dənizdən od-alov saçır.

Ordular gəldi üz-üzə,

Tökülən qan çıxdı dizə.

Tutulurdu səsdən qulaq,

Inləyirdi yaxın-uzaq.

Uzun sürdü qanlı savaş,

Dilə gəldi dağ, dərə, daş.

Günəş batdı, axşam oldu,

Vuruşanlar lap yoruldu.

Tələfatı bilmək üçün,

Bir az da dincəlmək üçün

Hər iki düşmən əsgəri

Xeyli çəkildilər geri.

 

Pişiklər: - Biz acıq! – deyə

Dağıldılar çöl, meşəyə.

Quşlara tutdular divan,

Qoymadılar onlarda can.

Quşlar düşərək təşvişə

Qan ağlayırdı bu işə.

Ac siçanlar, kəsəyənlər

Tarlalara vurdu zərər.

Sünbülləri dişləriylə

Qırıb tökdü şələ-şələ.

Kor qoydular tarlaları,

Çəltik, arpa, buğda, darı

Səpələnirdi torpağa.

Ziyançılar tıxa-tıxa

Qoymadı bir dənli sünbül.

Qana döndü görən könül.

Onlar doyub çəkildilər,

Yatmaq üçün əkildilər.

 

Dan ağardı, güldü səhər.

Güldü çaylar, çöl, çəmənlər.

Hər bir yorğun-arğın yatan

Baş qaldırdı tez yuxudan.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info