Qonaq Kitabı

Orada yazılır: Yaşdan quruya nə varsa Quranda vardır.

 

Rümuzu minlədün – “Lədünni” elminin sirləri. “Minlədün” və ya “lədünni” elmi, dini əfsanələrə görə o elmlərə deyilir ki, onu Allahdan başqa bilən olmamış və olmayacaqdır. Buna bəzən sirriməknun da deyilir.

 

Səb’ül-məsani – “Iki dəfə təkrar yeddi”. Dini rəvayətlərdə “təkrar olan yeddi” dedikdə Quranın birinci surəsi nəzərdə tutulur. Çünki bu surə yeddi cümlədən (ayədən) ibarətdir. Guya bu surə birinci dəfə Məkkə, ikinci dəfə isə Mədinə şəhərində Məhəmmədə nazil olmuşdur. Cümlələrin sayına görə yeddi (səb’) və iki dəfə nazil olduğuna görə də təkrar olan (məsani) deyilir. Lakin Nəsimi “səb’ül-məsani” – iki dəfə yeddi dedikdə, insanın ana bətnindən gətirdiyi yeddi cərgə (kirpiklər, qaşlar, saç) tükü və həmin tüklərin göyərmiş olduğu yeddi yeri nəzərdə tutaraq insan üzünə Qurandakı “səb’ülməsani” surəsi deyir.

 

Sə’di-əkbər – Böyük səadət, xoşbəxtlik.

 

Səqahum rəbbihüm – “Tanrıları onlara içirtmişdir”. İfadəni Nəsimi Quranın 76-cı surəsinin 20-ci ayəsindən iqtibas etmişdir. Orada yazılıbdır ki, tanrıları onlara pak (təmiz) şərab içirtmişdir.

Ey səqahüm rəbbihüm xəmrindən ikrah eyləyən,

Taib ol qəflət meyindən, sındır ol peymanəyi.

Yəni, ey Quranda halal sayılan şərabdan (saf eşqdən) acığı gələn vaiz və tahidlər, siz qəflət badəsi içmişsiniz, tövbə edərək o badəni sındırın, ilahi eşqi, saf məhəbbəti inkar etməyin!

 

Səqarə xalidinə fiha – “Əbədi olaraq cəhənnəmdə”. Bu ifadəni Nəsimi Quranın 72-ci surəsinin 23-cü ayəsindən iqtibas etmişdir.

 

Səqfi mərfu’un əsası – “Yüksəldilən tavanın bünövrəsi, (burada) göyün əsası”.

 

Səllu əla cəmalihi – Onun camalına salavat çevirin.

 

Sibğətullahi və mən əhsənü – “Allahın boyası (rəngi), burada din mənasındadır və kimin boyası yaxşıdır”. Nəsimi bu ifadəni Quranın 2-ci surəsinin 37-ci ayəsindən iqtibas etmişdir. Orada yazılır: “Bu, Allah boyasıdır. Kimin boyası Allahınkından yaxşı olacaqdır. Biz isə ona ibadət edirik”. Quranın şərhçiləri “boya” mənasında olan “sibğə” sözünü məcazi mənada işlətmiş, həmin sözün “din” mənasında olduğunu irəli sürərək ayəni belə şərh edirlər: “Bu, Allahın dinidir, onun dinindən yaxşısı ola bilməz, biz ona ibadət edirik”. Lakin Nəsiminin fikrincə Qurandakı həmin ayə insanın üzünə və gözlərinə işarədir.

 

Sidreyi-ə’la – “Ən yüksək sidrə ağacı”. İfadə Quranın 53-cü surəsininı 13-cü ayəsindən iqtibas olunmuşdur. Dini əfsanələrə görə guya bu ağac göydədir və çox böyük ağacdır. Ancaq Quranda bu ifadə “Sidrətül-müntəha” kimi yazılmış, guya Məhəmməd maraca gedən zaman Allahı ikinci dəfə həmin ağacın yanında görmüşdür. Nəsiminin fikrincə, Quranda göstərilən sidrə ağacı göylərdə deyil, insane üzündən ibarətdir. O deyir:  “Yazdı alnunda xuda “inna-fətəhna” surəsin, Qaf vəl-Quran üzündür, sidreyi-ə’la imiş”. Bu beytdəki “Inna-fətəhna”, “Qaf vəl-Quran” ifadələrinin hər biri Quranda bir surə adıdır.

 

Sübhan-əlləzi əsra biəbdihi – “Öz bəndəsini gəzdirən adam müqəddəsdir”.

İfadə Quranın 17-ci surəsinin başlanğıcından iqtibas olunmuşdur. Orada yazılır: “Bir gecənin ərzində öz bəndəsini Kəbədən Beytülmüqəddəsə kimi gəzdirən adam müqəddəsdir”. Quranın bütün şərhçiləri bu ayəni Məhəmmədin meracına işarə olduğunu və həmin hadisədən xəbər verdiyini iddia edirlər. Nəsimi isə yuxarıdakı ayənin insan zülfündən ibarət olduğunu göstərir. Yuxarıdakı ayədə 17 ərəb hərfi (s, b, h, a, n, l, z, ı, i, a, r, a, b, ə, b, d, h) var. Ərəbcə zülfi (“cə’d”) sözündə olan 3 ərəb hərflərinin də əbcədi-səğir (kiçik əbcəd) hesabı ilə (c=3)+(ayn=10)+(d=4)=17 cəmi 17-dir. Elə buna görə də Nəsimi insan saçını Qurandakı sübhanəlləzi əsra biəbdihi ayəsi hesab edir. Fuad Köprülüzadənin yazdığına görə, hürufilər ərəb hərflərini insan üzündə görünməsinə merac deyir, bu hərfləri görə bilmək isə meraca getməkdir. Hürufilərin fikrincə, meracda məqsəd vəchi-insandakı xətləri görməkdən ibarətdir. Ona görə də Nəsimi yuxarıdakı beytdə deyir: Quranda meracı andıran ayə insan yanaqları üzərindəki zülfdür ki, orada müsəlsəl xətt ilə yazılmışdır.

 

Sümmə ənşə’nahu xəlqən axərin – “Sonra isə onu bir ayrı xalq yaratdıq”.

Bu ifadə Quranın bir neçə surəsində, o cümlədən 21-ci surəsinin 11-ci ayəsində yazılmışdır. Orada “xəlqən” sözü əvəzinə “qövmən” işlədilmişdirsə də, hər iki söz xalq mənasındadır. Orada göstərilir ki, “bir çox şəhərlər və kəndlərin əhalisi zülmkar olduqlarına görə onları məhv edərək yerlərində başqa xalq yaratdıq”. Nəsimi bu ifadəni Fəzlullah Nəimi ilə mübahisə etdiyi bir gecənin təsvirində “dün gecə bir dilbər ilə eyşimiz məmur idi” mətləli şeirində işlətmiş və Qurandakı bu ayənin də Fəzlin üzündə yazılmış olduğunu belə tərənnüm edir. Hürufilərin fikrincə hər bir peyğəmbər dünyaya gəlməklə köhnə dünya aradan gedir, yeni bir aləm başlanır və bu dövrün insanları da ruhən başqa, yeni insanlardır. Hürufilərə görə həmin peyğəmbərin gəlməsi ilə qiyamət olur, yeni dövr başlanır. Onların fikrincə, indiyə qədər Ibrahim, Musa, Isa, Məhəmməd peyğəmbərlər dünyaya gəlmişdir. Onların hər birinin gəlişi ilə qiyamət olmuşdur. Bu gəliş onlardan əvvəlki dövrün sonu və yeni dövrün başlanğıcı idi. Ona görə də onların hər biri öz dövrünün adamlarının şüuruna uyğun yeni kitab və yeni din gətirirdi. Fəzlullahın gəlməsi ilə yenə qiyamət oldu, köhnə dövr qurtarıb, yeni dövr başlandı. Fəzlullahın yazdığı “Cavidannamə” bü dövrün Quranıdır. Nəsimi bu beytində həmin Quran ayəsinin Fəzlullahın üzündə yazıldığını söyləyir, onu xubların (peyğəmbərlərin) şahı (ən mükəmməli) adlandırır.

 

Tis’ə ayat – Doqquz möcüzə. Bu ifadəni Nəsimi Quranın 17-ci surəsinin 103-cü ayəsindən iqtibas etmişdir. Orada deyilir: Həqiqətən biz Musaya doqquz aşkar möcüzə verdik. Bəni-İsrail tayfasından soruş, Musa onların yanına gəldikdə Firon ona dedi ki, ey Musa, zənnimcə sənə sehr və cadu etmişlər. Quranın şərhçilərinin yazdığına görə Musaya verilən doqquz möcüzə bunlar idi:

1. Musanın əlindəki əsa, istədiyi zaman əjdahaya çevrilə bilərmiş.

2. Yədi-beyza – “Işıqlı əl”, Musa əlini qoltuğu altına salıb çıxartdıqda göz qamaşdıran nur saçırmış.

3. Nil çayı. Bu çay da Musanın əmrinə müti imiş. Ax desə axar, dayan desə dayanarmış

4. Külək – guya Musanın əmri ilə tufan qoparmış.

5. Uçan çəyirtkələr. Guya bunlar da Musanın əmri ilə o istədiyi yerə hücuma keçər, oranın bitkisini məhv edərmiş.

6. Piyada çəyirtkələr.

7. Aclıq. Guya Musa istədiyi vaxt istədiyi adamları aclığa düçar edə bilərmiş.

8. Qurbağalar.

9. Qan.

Nəsimi bir beytində deyir:

Tis’ə ayət, atəşü Musavü lövhün sirrini,

Istər isən, gəl təvaf et məscidi-əqsamızı.

Nəsimi bu beytdə yuxarıdakı 9 möcüzə, Musanın odu və lövhün sirrinin adını çəkərək deyir: bunları bilmək istəyirsənsə, gəl bizim xanəgahımızı ziyarət et. Turi-sina – “Sina dağı”, ərəblər “Zübeyr dağı” da deyirlər. Dini əfsanələrə görə Musa peyğəmbər bu dağın üzərində Allah ilə danışırmış. Ona görə də dini ədəbiyyatda bu peyğəmbərin adına “Kəlim” və yaxud “Kəlimüllah” deyilir. Nəsimi Qurandakı “Turi-Sina” ifadəsinin insan yanağından ibarət odluğunu aşağıdakı beytdə söyləyir:

Ey yanağın Turi-Sina, vey xətin həyyi-qədim,

Ey təcəllidən çü buldu haqqa yol Musa kəlim.

Nəsimi bu beytində insan yanağının dini nöqteyi-nəzərdən müqəddəs hesab edilən “Turi-Sina” olduğunu tərənnüm etməklə bərabər, insan üzündəki cizgiləri də “həyyi-qədim” (qədim Allah) hesab edir. Bunu da qeyd etmək lazımdır ki, Nəsiminin şeirlərində “Tur” sözü iki şəkildə yazılmışdır. Artiklsız Tur yazıldıqda (Tur) dağ, artikl ilə (əttur) yazılanda isə Quranın 52-ci surəsinə işarədir.

 

Ülaikə – (“Onlar”).

Ifadəni Nəsimi Quranın 7-ci surəsinin 178-ci ayəsindən iqtibas etmişdir. Orada yazılır: “Ins və cindən bir çoxlarını cəhənnəm üçün yaratdıq ki, onların könülləri vardır, lakin onunla bir şey anlaya bilmirlər, gözləri vardırsa da görmürlər. Qulaqları vardır, amma eşidə bilmirlər. Onlar heyvan kimi bir şeydirlər. Bəlkə heyvandan da azğındırlar”. Nəsimi riyakar və yalançı fəqihləri də həmin azğınlardan hesab edərək deyir:

Aydır mənə ki, nəqdini ver nisyəyə fəqih,

Heyvandan ol ülaikə kəmtər degilmidir?

Ümmül-kitab – “Kitabın anası”. Quranın birinci surəsi olan “Fatihə” surəsinə deyilir. Dini ehkamlara görə hər gün icrası vacib olan beş vaxt namazın hər birində iki dəfə bu surə oxunmalıdır və bunsuz namaz qəbul olmaz. Nəsimi nəzərdə tutduğu “Ümmül-kitab” Quranın başlanğıcında yazılan və 7 cümlədən ibarət olan surə deyil, insanın üzündə olan (iki qaş, dörd kirpik, bir saç) 7 xətdir.

Kirpiyin, qaşınla zülfündür mənə ümmül-kitab,

Kim, qəbul ansız səlat olmaz, buyurdu Mustafa.

 

Ünzüruna bisurəti-rəhman – “Bizi Allah surətində görün!”

Hürufilər insan üzündə Quranın bütün ayələrinin yazıldığını iddia edirdilər. Ona görə də Nəsimi deyir:

Həq-kitabı üzün bəyanidir, ünzüruni bisurəti-rəhman.

Ey insan, Quran sənin üzünün şərhidir. Bizə Allah kimi baxın.

 

Ürvətül-vüsqa – “Etibarlı, möhkəm əlaqə teli”.

Bu ifadəni Nəsimi Quranın 2-ci surəsinin 157-ci ayəsindən iqtibas etmişdir. Orada yazılır: “Şeytanın sözünə baxmayıb Allaha inananlar elə bir möhkəm əlaqəyə (ipə) əl atmışlar ki, o, qırılmazdır”. Nəsimi Quranda göstərilən qırlımaz və möhkəm teli (əlaqəni) insan saçına işarə hesab edir.

 

Vacibün və mümkinun – “Zəruri və mümkün; zərurət və imkan” deməkdir.

 

İslam ilahiyyatçıları Allahın varlığını zəruri hesab edərək ona vacibül vücud (zəruri varlıq), qalan varlıqları isə mümkünül-vücud (zəruri olmayan varlıq) adlandırırlar.

 

Vadiyi-müqəddəs – “Müqəddəs çöl”, “Müqəddəs vadi”.

Dini kitablarda müqəddəs vadi Musanın Allah ilə söhbət etdiyi yerə deyilir. Nəsimidə:

Həm mənəm Vadiyi-müqəddəs, həm mənəm narü şəcər,

Həm mənəm nurü təcəlli, həm Kəlimin Turiyəm.

Yəni müqəddəs vadi, oradakı ağac, bu ağacda Musanın gözünə görünən od, həm Musanın Tur dağı və bu dağda təcəlli edən nur bunların hamısı mənəm.

 

Vahibi-surət. “Surəti, şəkli bəxş edən (Allah)” deməkdir.

Və’budu iyyahu, vəscud, vəqtərib – “Ona ibadət et, səcdə qıl və yaxınlaş”. Nəsimi bu cümlədəki “vəscud, vəqtərib” ifadələrini Quranın 96-cı surəsinin sonuncu ayəsindən, “və’budu iyyahu” ifadəsini isə Quranın başqa surələrindən iqtibas etmişdir. Bu cümlədəki “iyyahu” sözü ərəbcə üçüncü şəxs əvəzliyidir. Ruhanilər həmin şəxs əvəzliyiynin Allaha aid olduğunu hesab edirlər. Nəsimi, ayənin yuxarıda dediyimiz qrammatik qruluşundan istfadə edərək ibadət və səcdənin insalara aid olduğunu tərənnüm edərək yazır:

Ey Nəsimi, səcdə qıl ol-Maha kim, həqdən sənə

Və’budu iyyahu, vəscud, vəqtərib gəldi-xitab.

Yəni, ey Nəsimi, o gözələ (insana) səcdə et ki, onun haqqında Quranda “ona səcdə və ibadət edin, ona yaxınlaşın” əmri gəlmişdir.

 

Vəchu hu fiha kabədrin fil ğəmami – “Onun üzü bulud altında olan on dörd gecəlik ay kimidir”.

 

Və’deyi-küllü mən əleyhi fanin – “Torpaq üzərində (və ya dünyada) olanların hamısı öləcək” vədəsi. Bu ifadəni Nəsimi Quranın “Ərrəhman” surəsinin 22-ci ayəsindən götürmüşdür. Orada deyilir ki, Allahdan başqa dünyada olanların hamısı aradan gedəcəkdir.

 

Və’deyi-mən-fil-qübur – “Qəbirdəkilərə verilən vədə” (Qiyamət gününə işarədir).

 

Vədud – “Dost, dost olan” deməkdir.

 

Vəhdəhü laşərikə ləh – “O təkdir, şəriki yoxdur”.

Nəsimi Qur’andan götürülmüş bu ifadələrin hər ikisinin insan gözəlliyinə aid olduğunu tərənnüm edərək deyir: “Quranda tək və şəriksizliyi xəbər verilən şey gözəlin camalı və misilsiz hesab edilən şey isə onun saçı, qaşları və çənəsidir”.

 

Vəla əcibə minəl ətri ən yəfuhə şəmim – “Ətirdən xoş qoxunun gəlməsi heç də təəccüblü deyildir”.

 

Vəllahü ə’ləm bissəvab – Allah yaxşı bilər.

 

Vərdi-cinan – Cənnət gülü.

 

Vərdi-əhmər – Qızılgül.

 

Vərtə – Burulğan (suda). Vərtədən zövrəqi çəkmək – burulğandan gəmini xilas etmək.

 

Vəssəmai zatil-büruci – “Bürcləri olan göyə and içirəm”.

Vəssəmai zatil-büruc saçü qaşü kirpiyin,

Kim cə’əlnahu tibaqən yeddi əflakındürür.

Bu beytdəki ifadələrin hər ikisini Nəsimi Qurandan götürmüşdür. Onlardan birincisi Quranın 85-ci surəsinin başlanğıcında yazılmış və “and olsun bürcü olan göylərə” mənasını verir. Ikinci ifadə isə Quranın 71-ci surəsinin 15-ci ayəsindən iqtibas edilmişdir. Orada yazılır: “Görmürsünüzmü Allah yeddi göyü necə də təbəqə-təbəqə yaratmışdır?” Nəsimi yuxardıakı beytdə göstərir ki, Quranda müqəddəs bir varlıq hesab edilərək onlara and içilən, eyni zamanda yeddi təbəqədən ibarət olan bürclü göy insan üzündə sıra ilə biri digərinin üstündən düzülən yeddi cərgə tükə (2 qaş, 4 kirpik, 1 saç) işarədir.

 

Vəssəmai vəma fiha – “Göyə və göydə olanlara and olsun”.

 

Vəssaffati səffən vəzzacirati zəcrən – “Sıra ilə, cərgə ilə düzülənlər və əzab verənlərə and içirəm”. Bu ifadə Quranın 37-ci surəsinin başlanğıcında yazılmışdır. Orada Quranın şərhçiləri “cərgəyə düzülənlər” dedikdə mələkləri və ya namaza düzülənləri nəzərdə tuturlar, “əzab verənlər” dedikdə isə bəziləri cəhənnəm mələklərini (günahkarlara əzab verdiklərinə görə), bəziləri isə namaz qılanları (özlərinə əzab verdiklərinə görə) nəzərdə tuturlar. Lakin Nəsimiyə görə Quranda müqəddəs sayılan və onlara and içilən “cərgəyə düzülənlər” şairin əsərinin qəhrəmanı olan insanın kirpikləri və əzabvericilər dedikdə hicran qəminə işarədir.

 

Vəttur – Quranda 52-ci surənin adıdır. “And olsun Tur dağına” mənasındadır.

Guya Musa həmin dağda Allah ilə danışırmış.

 

Vəzzüha, vəlleyl – “And olsun gunduzə və gecəyə”.

Camalın vəzzüha, vəlleyl zülfün,

Sənin vəsfindədir ayat mütləq.

Yəni ey insan, Quranda and içilən günəş sənin camalın, gecə (qara olduğuna görə) sənin saçındır. Qurandakı ayələr isə mütləq sənin şənində deyilmişdir.

 

Vüsləti sübhü şam – “Səhər-axşamın (sübh ilə şamın) bir-birinə qovuşması”.

Nəsimi bu haqda yazır:

Kimsə cahanda görmədi sübh ilə şamı müctəme’,



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info