Qonaq Kitabı

 

İnna əzabəş-şədid – “Doğrudan da, ən şiddətli əzab”.

 

İnna fətəhna – “Biz, sənə qələbə qazandırdıq”. İfadə Quranın 48-ci surəsinin 1-ci ayəsindən götürülmüşdür. Quranın şərhçiləri belə yazırlar ki, Məkkə şəhərinin alınması xəbəri bu ayə vasitəsilə qabaqcadan Məhəmmədə verilir. Lakin Nəsiminin fikrincə bu ifadə də 10 hərfdir. 4 nöqtə də ona əlavə etdikdə 14 olur. Eləcə də üz mənasında olan ərəbcə “vəch” sözünün tərkibində olan hərflərin əbcədi-kəbir hesabı ilə miqdarı (v)6+(c)3+(h)5=14 olduğunu nəzərə alaraq, həmin ayənin insan üzünə işarə olduğunu irəli sürür.

 

İnna hədeynahüs-səbilə – “Biz ona yolu göstərdik”. Bu ifadəni Nəsimi Quranın 76-cı surəsinin 34-cü ayəsindən iqtibas edib. Orada yazılır: “Biz nankorlara da, minnətdarlara da yolu göstərdik”. İnna ileyha raciun – “Həqiqətən, biz onun tərəfinə qayıdacağıq”. Bu ifadəni Nəsimi Quranın ikinci surəsinin 161-ci ayəsindən iqtibas etmişdir. Orada yazılır: Səbirli adamlara muştuluq ver, onlara bir fəlakət üz verdikdə deyərlər: “Biz Allahınıq və onun tərəfinə qayıdacağıq”. Ona görə də müsəlmanlar bir nəfərin ölüm xəbərini eşitdikdə adətən bu ifadəni söylərlər. Lakin panteistlər həmin ayəyə istinad edərək deyirlər ki, bütün insanlar mütləq varlığın bir hissəsidir. Onun ilə uzun müddət bir olmuş, sonra müəyyən məqsədlərə görə müvəqqəti olaraq ayrılmış, öldükdən sonra yenə qayıdaraq mütləq varlığa qovuşacaqdır. İnnəhu şey’ün əcibün – “O, doğrudan da maraqlıdır”. İnnəl-həsənat – “Doğrudan da xeyir işlər”. İnnəma – “Doğrudan da, həqiqətən”. İnşəqqəl-qəməru – “Ay parçalandı”. Bu ifadə Quranın 54-cü surəsinin lap başlanğıcında yazılıb: – “Qiyamət yaxınlaşdı və ay iki yerə parçalandı”. İstiva xətti – “Ekvator (göy sferasını iki bərabər hissəyə bölən xəyali dairə)”. Bütün hürufilər, o cümlədən də Nəsimi insan bədəninin boğazından aşağısını yer kürəsi və boğazdan yuxarını göy aləmi hesab edirdilər. İstiva xətti (ekvator) isə insanın çənəsindən başlayaraq dodaqları, burun deşiklərini, iki göz və iki qaşın arasından keçən və onları iki yerə ayıran xəttə deyilir. İyyəkə nə’budu, min cəmalikə nəstə iynu – “Ancaq sənə pərəstiş edirik, sənin gözəlliyinə sığınırıq, kömək istəyirik”. Ifadəni Nəsimi Quranın 1-ci surəsinin 4-cü ayəsindən iqtibas etmişdir.

 

Kəsrənin məcruri – Yiyəlik hal şəkilçisi ilə hallanan isim.

 

Kitabun münzəlun – “Göydən endirilən kitab, Quran”.

 

Köhli-bəsirət – “Görücülük” sürməsi.

 

Küfrü-əzim – “Böyük dinsizlik”.

 

Küfr və şirk – Hər iki söz “kafir” mənasındadır. Külli şey’in halikün la reybə illa vəchühü – “Onun vəchindən başqa hər şey, şübhəsiz ki, ölüb gedəndir”.

 

Kün-fəkanə – “Ol, oldu”. Nəsimi:

Çün əzəldən ta əbəd baqi mənəm,

Kün-fəkanın xəlqi xəllaqı mənəm.

Beytdə özünü həm “Kün-fəkan” ifadəsini yaradan, həm də o ifadə vasitəsilə yaranan hesab edərək deyir: “Çün əzəli və əbədi olaraq mən varam, ona görə də mən həm kainatın yaradıcısı, həm də yaranmışıyam”. Nəsimi bu ifadəni dünya mənasında da işlətmişdir.

Ey verən yarın vüsalın kün-fəkanın varına,

Gör ki, bey’ində necə külli-xəsarətdir bu gün.

Bu beytdəki “kün-fəkan” ifadəsi dünya və “bey’in” sözü isə alver, ticarət mənasındadır.

 

Küntü kənzə – “Mən bir xəzinə idim”.

Bu ifadəni Nəsimi Hədisi-Qüdsidəki cümlədən iqtibas etmişdir. Orada yazılıb:

“Mən bir gizli xəzinə idim. Özümün tanınmağımı istədim və xalqı ona görə yaratdım ki, mən tanınam”. İslam ilahiyyatçıları ancaq Allahın gizli xəzinə

olduğunu iddia edir. Nəsimi isə bütün insan ruhunun dünya yaranmazdan əvvəl “gizli xəzinə” olduğu fikrindədir.

 

Küntü qədimən – “Mən əzəli idim, qədim idim”.

 

Qabü qövseyni – “İki qövs (kaman) məsafəsi”. Nəsimi yazır:

Qabə qövseynin rümuzun sanma kim, fəhm eyləyə,

Kim ki, zahir görmədi şol mahi-bədrin qaşını.

Bu ifadəni Nəsimi Quranın “Ənnəcm” (ulduz) surəsinin 9-cu ayəsindən iqtibas etmişdir. Orada Məhəmmədin göylərə səyahəti barədə danışılır və deyilir ki, Məhəmməd ilə Allahın arasında iki qövs uzunluğundan da az məsafə var idi. Lakin Nəsimi Quranın şərhçilərinin əksinə olaraq həmin ifadənin insan qaşlarına (qövsə – yaya oxşadığına görə) işarə olduğunu düşünür, çünki insan qaşları həm yaya oxşayır, həm də bir-birindən azacıq aralıdır. Beləliklə, yuxarıdakı beytdə Nəsimi deyir: “O, on dörd gecəlik ayın qaşını görməyən adam “qabü qövseyn” ifadəsinin sirrini başa düşə bilməz”. Qeyd etmək lazımdır ki, Nəsimi on dörd gecəlik ay dedikdə kamil insanı nəzərdə tuturdu. “Qabü qövseyn” ifadəsini Nəsimi öz şeirlərində tez-tez işlədir. Qadirin məqduri – Qüdrətli (Allahın) qabaqcadan hazırladığı (nə isə). Nəsimi yazır:

Həm ənasir, həm təbaye, həm mürəkkəb, həm bəsit,

Cümlənin əslivü fər’i, qadirin məqduruyam.

Yəni həm 4 ünsür, həm bu ünsürlərdə olan xassələr, həm sadə, həm də mürəkkəb şeylər mənəm. Mən bütün mövcudatın kökü (mənşəyi) və budaqlarıyam, özüm də Allahın əvvəlcədən hazırladığı varlığam.

 

Qaf vəl-Qur’ani – “And olsun Qaf və Qurana”. Bu ifadə Quranın “Qaf” surəsinin başlanğıcında yazılmışdır. Qaf vəl Quran yanağından bilindi kim bu gün, Yeddi xət səb’ülməsani oldu üzündən nişan. Quranın şərhçiləri “Qaf” dağına işarə olduğunu iddia edərək deyirlər ki, güya bu dağ bütün yer kürəsini əhatə etmişdir və özü də tamamilə qiymətli daşlardan ibarətdir. Lakin Nəsimi insana xitabən deyir: “Bu gün Qurandakı “Qaf” surəsi yanağından bəlli oldu. Habelə üzündəki 7 xətt, 7 ayədən ibarət olan “Fatihə” surəsi sənin üzündən nişanədir”.

 

Qalə ixsə’u fiha – “Itilin, çıxın gedin” Onlar ki, nar əshabıdır çıxmaz tamudan ta əbəd; Qalə ixsə’u fiha cavab anlar netəkim yalına. Bu ifadəni Nəsimi Quranın “Mö’minun” surəsindəki 108-ci ayədən iqtibas etmişdir və beytin izahı belədir: – Od əhli olan adamlar (vəhdəti-vücuda inanmayanlar, Allahı kainatdan ayrı bir varlıq hesab edənlər nəzərdə tutulur) əbədi olaraq cəhənnəmdən çıxa bilməzlər. Onlar üçün “itilib gedin” deyə cavab veriləcəkdir.

 

Qalu-bəla – “Bəli, dedilər”.

 

Qasiridrak – ağlı, şüuru çatışmayan, kütbeyin adama deyilir.

 

Qasiratüt tərfi ləm yətmis – “Həmişə gözlərini aşağı dikən və saraylarda yaşayan bakirə qızlar”. “Ər-Rəhman” surəsindəki 58 və 72-ci ayələrdən iqtibas edilmişdir. Quranın şərhçiləri iddia edirlr ki, güya behiştdə elə gözəl qızlar vardır ki, onları ancaq mömünlər üçün saxlamışlar, qiyamətdə gələcək ərlərini gözləyirlər. Nəsimi Qurandakı bu ifadələrin maddi aləmdəki insan gözəlliyinə işarə olunduğunu yazır.

 

Qul kəfa billah – “De ki, Allah kifayət edər” deməkdir. İfadəni Nəsimi Quranın 29-cu surəsinin 52-ci ayəsindən iqtibas etmişdir. Orada yazılır: “De ki, sizinlə mənim aramda Allahın şahid olması bəs edər, Allah göyləri və yerdəkiləri bilir. Allahı inkar edənlər və boş şeylərə inananlar ziyana düşənlərdir”. Nəsiminin fikrincə bu ayədəki “şəhid” sözü şahid mənasında deyil, müşahidə olunan, göz ilə görünən mənasındadır. Boş şeylərə inanan və nəticədə isə zərərə düşən fəqihlər və zahidlər özləridir. Ona görə də Nəsimi deyir:

Surətin əsrarını zahid nə bilsin, ya fəqih,

Qul Kəfa billaha məhrəm qanda hər heyvan olur?

Ey insan, sənin üzünün sirlərini zahid ilə fəqih nə bilsin? Çünki bu əsrarı bilmək, ona məhrəm olmaq hər heyvanın işi deyildir.

 

Qul hüvəllahu əhəd – “De ki, Allah birdir”.

Ey camalın qul hüvəllahu əhəd

Surətin nəqşidir Allahüs-səməd.

Bir ucu zülfün əzəl, biri əbəd,

Hüsnünə şeytan imiş mən la səcəd.

Bu rübaidə (qul hüvəllahu əhəd və Allahüs-səməd) “de ki, Allah yeganə və biehtiyacdır” ifadəsi Quranın 112-ci surəsinin başlanğıcında yazılmışdır. Quranın şərhçilərinin fikrincə burada Allahın təbiətdən kənar yeganə bir varlıq olması göstərilir. Lakin Nəsiminin fikrincə yeganə və biehtiyac adlanan mütləq varlıq – Allah insan camalında təcəlli etmişdir. Əfsanəyə görə, Allah bütün məlaikələrə əmr etmişdi ki, Adəmə, yəni insana səcdə edələr. İblis adlı mələk insana səcdə etmədiyinə görə adı şeytan olaraq Allah dərgahından qovulmuşdur. Ona görə də Nəsimi yuxarıdakı rübaidə deyir: “Ey insan, sənin camalın Qurandakı qul hüvəllahu əhəd (de ki, o, yeganə Allahdır) ifadəsi, üzün isə Allahüs-səməd (Allah biehtiyacdır) ifadəsidir. Əbədiyyət və əzəliyyət sənin saçının uclarıdır. Sənin gözəlliyin qarşısında baş əyməyən ancaq şeytan olmuşdur”.

 

Qul hüvər-rəhman – “De ki, o, Allahdır”. Bu ifadəni Nəsimi Quranın 67-ci surəsinin 28-ci ayəsindən iqtibas etmişdir. Orada deyilir:

“De ki, o, mehriban Allahdır, biz ona inanır və arxalanırıq. Siz biləcəksiniz ki, yolunu kim azmışdır”. İnsan üzünə ərəbcə vəch deyilir. Bu sözün tərkibində olan üç ərəb hərfinin əbcəd hesabı ilə miqdarı (V=6)+(C=3)+(H=5)=14-dür. Qul hüvər-rəhman ifadəsinin də tərkibində ərəbcə 11 hərf və 3 nöqtə vardır ki, 11+3= cəmi edir 14. “Vəch” sözündəki hərflərin miqdarı “qul hüvər-rəhman” ifadəsi tərkibində olan hərf və nöqtələr ilə bərabər olduğu üçün Nəsimi həmin ifadəni insanın üzünə şamil edərək yazır:

Üzündür qul hüvər-rəhman saçındır əlləməl-Qur’an,

Əcəb, şol canların canı nə kanın göhərindəndir.

Əlləməl-Qur’an ifadəsində də (ə.l.l.m.ə.l.q.u.r.a.n.) on bir hərf və 3 nöqtə vardır ki, (11+3) onun cəmi 14 olur. “Zülf” sözü isə səyyarat hesabı ilə, yəni hərflərin əbcədi-kəbir hesabı ilə 12 olur. Ərəb hərfləri ilə yazılan “zülf” sözündə iki nöqtə vardır ki, bu da 14 olur. Ona görə də yuxarıdakı beytdə Nəsimi insan saçını əlləməl-Quran ifadəsi hesab etmişdir.

 

Qul, təbarək ya müsəvvir leysə fiha min fütur – “De ki, uğurlu ol, ey rəssam, onda heç bir nöqsan yoxdur”.

 

La, ila, illa – lailahə illa əllah – “Allahdan başqa mə’bud yoxdur”.

 

Leysə kəmislihi – “Ona bənzər şey yoxdur”. Nəsimi bu ifadəni Quranın 42-ci surəsinin 9-cu ayəsindən iqtibas etmişdir. Nəsiminin fikrincə, Quranda Allah haqqında söylənmiş bu ayə gözəlin qaşları, ağzı və çənəsi haqqında deyilmişdir.

 

Lövhün məhfuzun – “Qorunub saxlanılan lövhə”. Dini əfsanələrə görə guya göydə elə bir lövhə vardır ki, dünyanın əvvəlindən axırına kimi bütün baş verəcək hadisələr orada yazılmış və bu yazıları gözəgörünməz Allahdan başqa bilən yoxdur. Lakin Nəsimi adı çəkilən lövhənin insandan ibarət olmasını irəli sürür.

 

Lovlakə, ləma xələqtul əflakə – “Sən olmasaydın göyləri yaratmazdım”.

 

Ma yəsturun – “Davat və qələmin yazdığı şeylər”. Dində, ilk davat və qələm ilə Allah Quranı və ya dünyada baş verəcək bütün hadisələri yazmışdır. Ona görə də həmin davat, qələm və onların yazdıqları müqəddəs hesab edilir ki, Quranda onlara and içilmişdir. (And olsun nuna, qələmə və onların yazdıqlarına).

 

Min əhlis-süruri – “Sevinc əhlindən” olmaq. Nəsimi deyir:

On səkiz min aləmin ayinəsidir surətin,

Kim ki, ol mir’atı buldu, oldu min əhlis-sürur.

Bütün kainatın insan vücudunda göründüyünə inanan hürufilər onun surətini güzgüyə bənzədirdilər və deyirdilər ki, bu həqiqəti ancaq onlar dərk edə bilmişlər. Ona görə də Nəsimi yuxarıdakı beytdə deyir: “Ey insan, sənin surətin 18 min aləmin güzgüsüdür. Hər bir cisim güzgüdə göründüyü kimi, səndə də görünür. Bu güzgünü bilənlər sevinc əhli oldular”.

 

Min həbibin indəhu elmül-kitabi – “Quranı (elmini) mənimsəmiş dostdan”.

 

Möhtəcibun nuruhu təhtəzzülami – “Onun işığı zülmət pərdəsi altında gizlənibdir”.

 

Mö’minin mir’atu mö’mini – Möminlər möminin güzgüsüdür.

 

Münəzzəh – Burada maddi cisimdən azad mənasındadır.

 

Münkirin eyni ə’madır – “Münkiri inkar edənin gözü kordur”.

 

Rəbbəna, ətmim ləna nurəna yuqalu filcina – Behiştdə deyilir: “ilahi, bizim nurumuzu təkmilləşdir”. Nəsimi bu ifadəni Quranın 67-ci surəsinin 8-ci ayəsindən iqtibas etmişdir.

 

Rəbbi ənzilni – “Ilahi, məni endir (harasa)”.

 

Rəbbi ərini – “Ilahi, mənim gözümə görün”. Bu ifadəni Nəsimi Quranın 7-ci surəsinin 133-cü ayəsindən iqtibas etmişdir. Orada yazılır: Musa peyğəmbər dedi: “Ilahi, özünü mənə göstər. Ta ki, mən sənə baxım”. Allah ona dedi ki, məni görə bilməzsən. Qarşıdakı dağa bax. Əgər dağ mənim görüşümə taqət gətirsə, sən də məni görə bilərsən. Allah dağa təcəlli etdikdə dağ parça-parça olur və Musa da taqət gətirməyib, huşunu itirmiş halda yıxıldı. Musa ayıldıqdan sonra tövbə edib dedi: “Ilahi, sən gözə görünməzsən, mən birinci möminlərdənəm”.

Bu əfsanəyə əsasən Nəsimi deyir:

Rəbbi-ərininin cavabı ləntərani çün gəlir,

Səndə gör didarın anın, özgə didar istəmə.

Yəni “ilahi, mənim gözümə görün!” deyən adamlara “məni görə bilməzsən!” cavabı gələr. “Allah, mənə görün” deməyə ehtiyac da yoxdur. O sən özünsən, onu özündə gör, başqa yerlərdə axtarma.

 

Rəəytü-rəbbi – Tanrımı gördüm. Dini əfsanələrə görə, Məhəmməd göylərə səfər etmiş və səfərdən qayıtdıqdan sonra demişdir ki, mən Allahı gözəl bir gənc oğlan simasında gördüm. Nəsimi öz müəllimi Fəzlullah haqqında söylədiyi şerində deyir:

Həm rəəytü-rəbbi dedi leylətül-me’racdə,

Sənsən, ol fisurətin-əhsən ki, verdi həq liqa.

Yəni, ey Fəzl, Məhəmməd merac gecəsi tanrını gözəl bir gənc surətində görməsini demişdir. Allahın təcəssüm etdiyi o gənc surət sən idin! Lakin başqa beytlərində şair göstərir ki, Allah təkcə Fəzlullahın deyil, bütün gənclərin surətində təcəlli etmişdir. Məs:

Gər həqi görmək dilərsən biğələt

Bəllidir “fisurətin şabbin təqət.

Yəni Allahı şübhəsiz görmək istəsən, o ancaq gənclərin simasında aydındır.

 

Rəhmətün lil aləmin seyyidi kövneyni – “Hər iki dünyanın canıyananı, mərhəmətlisi və hər iki dünyanın ağası”.

 

Rəqq – Qədimlərdə kağız yerinə istifadə olunan dəri növü.

 

Rəqqi-mənşur – “Yazılı dəftər”. Ifadə Quranın 52-ci surəsinin 2-ci ayəsindəndir. Dini əfsanələrə görə güya dəridən hazırlanmış dəftərə dünyanın əvvəlindən axırına qədər baş verəcək bütün hadisələr yazılmışdır.

 

Rətbü-yabis – “Yaş və quru”. Ifadə Quranın 6-cı surəsinin 69-cu ayəsindəndir.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info