Qonaq Kitabı
SƏRGÜZƏŞTİ-VƏZİRİ-XANİ-LƏNKƏRAN

 

N i s ə   x a n ı m. Görəsən nə vaqe oldu? Xacə Məsud gəlmədi ki, bir xəbər gətirə;  ürəyim çox iztirabdadır.

Ş ö l ə   x a n ı m. Niyə iztiraba düşürsən? Sənin sözünlə xan Teymur ağaya bir zad edə bilməyəcəkdir.

N i s ə   x a n ı m. Doğrudur ki, bir zad edə bilməz, amma qorxuram ki, Teymur ağa ilə mənim arama ayrılıq sala ki, ölümdən bədtərdir.

 

Bu halda  Xacə  Məsud  girir.

 

Ş ö l ə   x a n ı m. Xacə Məsud, söylə görək nə oldu!

X a c ə   M ə s u d. Nə olacaq! Vəzir xana ərz elədi, xan Teymur ağanı gətirib istirdi boğdursun, Teymur ağa tapança çəkib fərraşları dağıtdı, aralıqdan çıxdı. Xan dalısınca əlli adam buyurdu ki, hər yerdə tapsalar tutub qolu bağlı gətirsinlər ki, öldürsün. İndi tamam şəhəri və evləri ondan ötrü axtarırlar.

 

Nisə  xanım  qüssədən ah çəkir; bu halda qapı açılır, Teymur  ağa içəri  girir.

 

 

Ş ö l ə   x a n ı m. Vay, dədəm vay, sən bura necə gələ bildin? Məgər aslan ürəyi yemisən? Məgər canından qorxmursan?

T e y m u r   ağa (təbəssümlə). Nə var ki, canımdan qorxam?

Ş ö l ə   x a n ı m.  Necə nə var? Xan səni axtardır ki, tutdursun, öldürsün. Necə sən arxayın bura gəlmisən? Xacə Məsud, çıx çölə, gözətlə! Gələn olmasın!

 

Xacə Məsud çıxır çölə.

 

T e y m u r   a ğ a. Sənin xəyalına gəlir ki, mən ölüm qorxusundan bu gün Nisə xanımı görməyə gəlməyəcəkdim? Bu başı qoymuşam onun uğrunda! Amma mən işsiz də gəlməmişəm. İstirəm, bu gecə Nisə xanımı götürüb qaçam. Dəxi bundan sonra onu burada qoymaq olmaz! Sənin ərin mənim ilə nəməkbəhəramlıq binasını qoyubdur; mən dəxi öz nişanlımı onun əlində  qoyub, ondan sonra bura gəlib-gedə bilmənəm!

Ş ö l ə   x a n ı m. Çox yaxşı, mən də bu əmrə razıyam. Amma gündüz bura gəlmək xilaf idi. Özün bilirsən ki, Ziba xanım yüz yerdən pusquçu qoydurub ki, bir səbəblə səni ölümə verib, bizi bədnam etsin. Yaxşısı budur ki, indi bir tövr ilə buradan uzaqlaşıb gecənin yarısında at və adamla darvaza dalısında hazır olasan. O saatda mən Nisə xanımı çıxarıb sənin əlinə tapşırram, apararsan.

T e y m u r   a ğ a. Nisə xanım, razısanmı?

N i s ə   x a n ı m. Əlbəttə razıyam, dəxi bundan başqa çarə qalmayıb.

 

Bu halda  Xacə  Məsud  qapıdan çığırır.

 

X a c ə   M ə s u d. Ay  aman, vəzir gəlir!

Ş ö l ə   x a n ı m  v ə  N i s ə   x a n ı m (rəngləri təğyir tapmış). Vay, dədəm vay, nənəm vay! Amandır, Teymur ağa, pərdənin dalısında gizlən, görək bu zalımı qaytara billikmi?

Teymur  ağa ( Heç halətinə təğyir verməyib arami-qəlb ilə). Mən hərgiz dəxi o pərdənin dalısına girməyəcəyəm; qoy  gəlsin məni burda görsün!

Ş ö l ə    xanım  v ə  N i s ə   xanım (onun ayağına düşüb dizlərindən qucaqlayırlar, iztirab ilə). Allahı sevirsən, özünü qana çalxama! Baban goru xatiri üçün gizlən pərdənin dalısında!

T e y m u r   a ğ a. Heç vaxt!

X a c ə    M ə s u d (genə başın içəri uzadıb). Ay  aman, vəzir yetişdi!

Ş ö l ə   x a n ı m  v ə  N i s ə   x a n ı m. Ay  başına dönüm, bizə rəhm elə, bizə yazığın gəlsin! Vəzir bu səfər səni burda görsə, biz bişək ölümə gödərik!

T e y m u r   a ğ a. Hə, ancaq sizdən ötrü. (Girir pərdənin dalısına, bir saniyə keçmiş vəzir içəri daxil olur).

V ə z i r. Yaxşı oldu ki, siz hər ikiniz burdasınız. Mənə vacib idi ki, siz ilə danışıq edim. Qulaq asın. Şölə xanım, heç bilirsənmi ki, sənin bacını xana vermək ilə nə qədər mənim dərəcəm və sənin rütbən artıq olacaqdır? Belə olan surətdə, aya sənə lazım deyilmi öz təmiz adını itirməyəsən və deməsinlər ki, xan bu övrətin bacısını alır ki, naməhrəmlər ilə həmişə aşnalığı var.

Ş ö l ə   x a n ı m (arami-qəlb ilə). Buyur, görək, mən hansı  naməhrəmlərlə aşnalıq edirəm?

V ə z i r. Məsələn, Teymur ağa ki, sənin otağında gördüm.

Ş ö l ə   x a n ı m . Arvadın Ziba xanımla bu pərdənin dalısında?

V ə z i r. Doğrudur, mən sənin haqqında gümani-bəd edə bilmənəm; olur ki, bu təqsir Ziba xanımın ola; amma bu sözləri ondan ötrü sənə deyirəm ki, elə durub-oturmayasan ki, sənin xüsusunda xana bir yaman söz deyələr və Nisə xanımdan da könlü çıxa; çünki bu saatda Nisə xanımdan ötrü biixtiyardır və mənə buyurdu ki, bir həftəyədək onun köçmək tədarükünü gör! Budur, ona bir üzük də peşkəş göndəribdir. Al, Nisə xanım, tax barmağına! (Üzüyü Nisə xanımın əlinə qoyur).

N i s ə   x a n ı m. Bir qız ki, onun bacısının haqqında bədgüman olalar, xana layiq olmaz. Bu üzüyü apar, xana layiq bir qız tap, onun barmağına tax. (Üzüyü vəzirin qabağında yerə qoyur, çölə çıxır).

Vəzir (dalısınca). Qızım, mən məgər sənin bacın haqqında bədgüman oluram? Mən bu sözləri nəsihət yolunca ona danışdım.

Ş ö l ə   x a n ı m. Olmazmı bu nəsihətləri arvadın Ziba xanıma verəsən?

V ə z i r. Əlbəttə, sabah ona bundan qaim sözlər deyəcəyəm.

Ş ö l ə    x a n ı m. Dəxi sabah niyə, elə bu saatda gedə bilməzmisən?

V ə z i r. Dəxi bu saatda çəndan lüzumu yoxdur. Ondan ötrü ki, Teymur ağa fərzən onun sevgilisi də olmuş ola, öz cəzasına yetişdi; ya tapılıb ölümə gedəcək, ya da bu vilayətdən dərbədər düşəcəkdir. Bundan sonra bu xüsusda heç zad danışmaq lazım deyil. Nisə xanımın köçmək tədarükünə gərək məşğul olmaq.

Ş ö l ə    x a n ı m. Get anamın otağına, bu sözləri ona danış; bu mənim işim deyil.

V ə z i r. Get ananı bura çağır, burda danışaq.

 

Bu halda qapı açılır, Pəri  xanım  və  Nisə  xanım içəri girirlər.

 

V ə z i r. Əcəb oldu gəldin. Buyur otur!

P ə r i   x a n ı m. A qadan alım, oturmaq vaxtı deyil, genə əlimdən çıxıb gedərsən. Sözümə qulaq as. O qədər şüğlün var ki, səni görmək olmur.

V ə z i r. Bəli, ələlxüsus bu günlərdə heç macalım yox idi. De görüm, ana, mətləbin nədir?

P ə r i   x a n ı m. A qadan alım, bir cüzvi mətləbdir. Getmişdim falçı Qurbana dua yazdırmağa ki, allah sənə qızım  Şölə xanımdan bir oğlan kəramət eləsin. Falçı duanı yazıb buyurdu ki, gərək vəzirin başının üç ağırı buğda səməni qoyub füqəraya paylayasan. İndi gərək sənin başının üç ağırını tutam, səməni vaxtı keçir.

V ə z i r. Əcəb təklif edirsən, ana! Mənim başımı necə çəkib ağırını tutacaqsan, madam ki, başım bədənimdədir.

P ə r i   x a n ı m. A qadan alım, çox asan zaddır. Falçı tövrünü öyrədibdir. Bir dərin qab qoyarıq başına, əgər başın tamam ona sığsa, onun dolusu buğda o başın ağırıdır. Nisə xanım, o badyanı bura gətir!

 

Nisə xanım gedib qapının dalısında Xacə Məsud hazır eləmiş bir kiçik badyanı gətirir. Pəri xanım tez arami-qəlb ilə vəzirin papağın qaldırır.

 

V ə z i r. Əgərçi namünasib təklifdir, amma müzayiqə yoxdur; necə ki, deyiblər əməl elə, taki allah Şölə xanımın arzusun bitirsin.

P ə r i   x a n ı m. Bəli, qadan alım. Nisə xanım, badyanı qoy  başına!

 

Nisə  xanım  badyanı  geydirir.  Badya  vəzirin qaşına  qədər  girib  aşağı getmir. Nisə xanım zor edir.

 

V ə z i r. Ay  aman, burnum əzildi! Nə qayırırsan, yavaş! (İki əlli badyanı qaldırır).

P ə r i   x a n ı m (tez). A qız, o böyük badyanı gətir.

 

Nisə xanım yüyürüb tez böyük badyanı gətirir.

 

V ə z i r. Ay ana, allahı sevirsən, olmazmı bu iş özgə vaxta qala? İndi səninlə vacibi danışası mətləbim var.

P ə r i   x a n ı m. Olmaz, vaxtı keçər, a qadan alım! İncimə, bir dəqiqəlik işdir. Biz də səndən ötrü çalışırıq! (Ağlamaq halında). Bəs bu axır ömrümdə sən rəva görürsən ki, mən Şölə xanımın qucağında oğul görməyim, ölüm? (Gözün yaşla doldurur, Nisə xanıma üzün tutur). Ay  qız, qoy  badyanı, əvvəldən gərək bunu gətirəydin.

 

Nisə xanım  badyanı qoyur, badya vəzirin lap boğazına keçdikdə, Pəri xanım tez Şölə xanıma pərdə sarı işarə edir. Şölə xanım ahəstə pərdəni qalxızıb, Teymur ağanı çıxarıb qapıya sarı ötürür. Teymur ağa qapıdan rədd olduqda Nisə xanım badyanı qaldırır.

 

V ə z i r. Ana, indi otur səninlə söz danışacağam.

         P ə r i   x a n ı m. Baş üstə, oğul!

 

İstir otursun, bu halda həyətdə çox qalmaqal səsi gəlir. Bir dəqiqə çəkməmiş  Teymur   ağa  əlində tapança otağa daxil olur.  Vəzir onu görən kimi başlayır titrəməyə.

 

 

Teymur  a ğ a. Mənim atamın yaxşılıqları sənə haram olsun! Axır heç nahaq yerə məni ölümə vermək istirsən? Mən əvvəl səni öldürməmiş özüm ölmənəm.

 

Tapançanı qalxızır  vəzir tərəfinə. Şölə  xanım  düşür  onun  ayağına, yalvarır.

 

 

Ş ö l ə   x a n ı m. Amandır, Teymur ağa, təəmmül et, əl saxla!

 

Teymur ağa  əl saxlayır. Bu halda Səməd bəy  bir neçə cəzairçi ilə otağa daxil olur, qapı ağzında durur.

 

T e y m u r   a ğ a. Səməd bəy, qərəzin nədir?

S ə m ə d   b ə y. Ağa, biz sənin atan və özün nökəriyik. Bizim həddimiz nədir ki, sənə tərki-ədəblik edək? Amma özün bilirsən ki, xanın buyruğudur, gərək səni onun yanına aparaq.

T e y m u r   a ğ a. Məni diri onun yanına apara bilməzsiniz! Məgər mənim başımı apararsınız. Başım da asanlıqla ələ gəlməz! Bismillah, əgər hünəriniz var, ayaq irəli, qoyun. (Tapançanı yuxarı qalxızır).

S ə m ə d   a ğ a. Ağa, fərz elə ki, onun ilə öldürdün bir adamı; mənim ilə əlli cəzairçi var, buları ki, qırıb qurtara bilməzsən? Bu hərəkətlər nə lazımdır? İnanın ki, xan əhd edibdir sizə bir zad etməsin.

T e y m u r   a ğ a. Mənim hərgiz onun əhdinə etibarım yoxdur. O hansı əhdin üstündə durubdur ki, ona inanmaq olar? Söz odur ki, dedim.

 

Bu halda həyətdə dübarə qalmaqal qopur. Səlim  bəy  eşik ağası, Teymur  ağanın süd qardaşı Riza  ilə içəri girir.

 

S ə l i m   bəy.Səməd bəy, geri çəkil! Teymur ağa, başın sağ olsun! Əmin xan dərya üzündə seyrə çıxmışdı, qəflətən bərk külək əsib, lötgə çevrilib, xan dəryaya qərq olubdur. İndi xalq xanlıq imarətinin ətrafına cəm olub səni özlərinə xan istirlər. Təşrif gətirin!

Teymur a ğ a. Riza, belədirmi?

R i z a. Bəli, başına dönüm, belədir! Buyurun gedək! (Bu halda vəzir və Səməd bəy  yeriyib torpağa düşürlər, yalvarırlar). Ağa, bizi başına çevir!

Teymur   a ğ a. Səməd bəy, sən dur geri çəkil! (Səməd bəy: qalxıb geri çəkilir. Teymur ağa vəzirə). İndi sənə məlum olsun ki, mənim sənin evinə gəlməyim ondan ötrü idi ki, mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib allahın əmrilə onu almağa talib idim. Amma çünki sən bir para arzuların xatiri üçün onu xana vermək fikrinə düşmüşdün, ona görə bu əmri sənə bildirmək mümkün olmurdu və o cəhətdən sən bir para gümani-bəd mənim haqqımda edib mənim ölümümə çalışırdın! Amma canəbi-əqsədi-ilahi doğruya yar olub, sənin muradın əksi üz verdi. İndi mən təqsirindən keçib səni bilkülliyyə bağışlayıram və əgərçi səni öz sifətlərinə görə dəxi şüğli-vəzarətdə baqi qoya bilmənəm. Lakin bundan sonra müdamül-həyat məndən vəzifəxar olub, kamali-asayişdə güzəran  edəcəksən. Nisə xanımı köçürmək tədarükünə məşğul ol ki, bir həftədən sonra gərəkdir ki, toy  başlansın. Anam Pəri xanım, bacım Şölə xanım, xudahafiz!

P ə r i    x a n ı m   v ə   Ş ö l ə    x a n ı m. Ağa,  allah  sənin ömür və dövlətini ziyad eləsin, yüz il xanlıq edəsən!

 

Teymur ağa bəylər ilə otaqdan çıxır, vəzir heyrətlə baxmaqda qalır.

 

C ə z a i r ç i l ə r (qışqırır). Teymur xan sağ olsun!

 

Pərdə salınır.

 

 

 

Tamam olur.



[i] İstinad: ( Şer görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifindir   (1717- 1797).

[ii] İstinad: ( "Diş  əvəzinə diş,  göz əvəzinə  göz,  yara  əvəzinə yara".)

[iii] İstinad:( Xüləfayi-əzimüşşən - yüksək, böyük rütbəli xəlifələr. Məhəmməddən sonra ərəb xəlifələri olan Əbubəkr, Ömər, Osman və Əli nəzərdə tutulur.)

[iv] İstinad: ( Cəzairçi - piyada ordu əsgəri)



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info