Qonaq Kitabı
SƏRGÜZƏŞTİ-VƏZİRİ-XANİ-LƏNKƏRAN

 

X a c ə   M ə s u d. Ağa, qəhvə buyurursunuzmu?

V ə z i r (geri dönüb, əlilə qəhvə fincanına vurub xacə Məsudun üstünə dağıdır). İtil cəhənnəmə, məlun! Bu hövsələmin dar vaxtında nə qəhvə içmək yeridir! Mən bu saat xan qulluğuna gedirəm.

 

Xacə Məsud geri dönub dağılan qəhvəni üstündən silə-silə.

 

Vəzir (kəsrəti-pərişanlıqdan). Buyur, tez mənim qırmızı cübbəmi versinlər, kəhər atımı yəhərləsinlər, eşitdinmi?

X a c ə   M ə s u d. Eşitdim, ağa, necə ki, buyurursan əmələ gələr.

 

Ondan sonra vəzir də çölə çıxır.

 

Ş ö l ə   x a n ı m. Allahu əkbər, əcəb işə rast gəldim! Canım qurtuldu, allah, sənə şükür! (Nisə xanım içəri girir) Nisə, qəribə iş ittifaq düşdü; vəzir Ziba xanımı Teymur ağa ilə pərdə dalısında gördü.

N i s ə   x a n ı m. Nə danışırsan? Ziba xanım pərdənin dalısında nə qayırırdı?

Ş ö l ə   x a n ı m. Bilmirəm, evi yıxılmışın qızı haçan gəlib ora girmişdi ki, canım qurtuldu. Amma xan bişək və şübhə Teymur ağanı öldürəcək! Onu qurtarmağa bilmirəm nə çarə edək?

N i s ə   x a n ı m. Qorxma, xan Teymuru öldürə bilməz! Amma gərək idi bu iş olmayaydı; indi mətləb uzanacaqdır. Anam çağırır, gedək onun otağına və xacə Məsudu da göndərək xanlığa, bir xəbər bilsin.

 

Hər ikisi gedirlər.

 

 

ÜÇÜMCÜ MƏCLİS

 

Üçümcü məclis Lənkəran xanının divanxanasında, dərya kənarında vaqe olur. Xan taların sədrində, taxt üstündə oturubdur; hüzurunda durubdur S ə l i m  b ə y  eşik ağası, əlində çomaq və hər iki tərəfdən Lənkəran bəylərindən neçələri səf çəkiblər, qapının ağzında fərraşbaşı S ə m ə d  b ə y  və pişxidmətbaşı Ə z i z   a ğ a  və bir-iki cavan pişxidmət qaimdir və taların altında ərizəçilər, yanlarında naibi-eşik ağası Qədir bəy  müntəzirdirlər. Fərraşlar da taların aşağısında, qapının dalısında

oturublar.

 

X a n. Bu gün çox xoş havadır; divandan sonra istirəm dərya üzündə bir az seyr edəm, könlüm açıla. Əziz ağa, buyur gəmiçilərə ki, dərya kənarında lötgə hazır etsinlər!

Ə z i z   a ğ a. Baş üstə.

Çölə çıxır.

 

X a n. Səlim bəy, denən ərizəçiləri qabağa gətirsinlər.

E ş i k   ağası(talardan). Qədir bəy, ərizəçiləri növbət ilə qabağa gətir.

 

Qədir  bəy iki ərizəçini qabağa gətirir, ərizəçilər ikiqat olurlar.

 

Ə r i z ə ç i l ə r d ə n   b i r i s i. Xan, başına dönüm, ərzim var!

X a n. Kişi, de görüm, ərzin nədir?

Ə v v ə l i m c i   ə r i z ə ç i. Xan, başına dönüm, bu gün atımı çaya suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu,  qaçdı. Bu kişi qabaqdan gəlirdi, çağırdım, a kişi, allah xatiri üçün bu atı qaytar. Əyilib yerdən bir daş götürüb ata sarı tulladı, daş atın sağ gözünə dəyib töküldü. İndi at məsrəfdən çıxıbdır; diyəsini istirəm, vermir; mənim ilə cəngü cədəl edir.

X a n (ikimci ərizəçiyə). A kişi, belədir?

İ k i m c i   ə r i z ə ç i. Başına dönüm, belədir, amma mən qəsdən daş atmamışam.

X a n. Pərpuç danışma; qəsd olmasa necə daşı götürüb atmaq olar. Sənin də atın varmı?

İ k i m c i   ə r i z ə ç i. Vardır, başına dönüm.

X a n (əvvəlimci ərizəçiyə). A kişi, sən də get, vur bunun atın bir gözün çıxart! "Əssinə bissinin, vəl eynə bil-eyni, vəl-cüruhə qisas"[ii]. Bu şübhəli iş deyil. Səməd bəy, fərraşlardan birini qoş getsin, buları haqlaşdırsın!

 

Səməd  bəy  baş vurub aşağı enir, bir fərraş qoşub ərizəçiləri yola salır, qayıdır.

 

 

X a n. Səlim bəy,  de ki, o biri ərizəçilər irəli gəlsinlər, tez olun, bu gün seyrə çıxacağam!

S ə l i m   b ə y. Qədir bəy, o birilərini irəli gətir!

 

Qədir  bəy  genə iki nəfər ərizəçini irəli gətirir.

 

X a n. Ax, xanlıq, səndən əzab dünyada nə var! Hər kəs ancaq öz əhli-əyalının qəmin çəkir, mən gərək min-min adamın qəmin çəkəm, dərdinə yetişəm. Əvvəl xanlığımdan bu günə qədər heç bir gün qapımdan ərizəçiləri rədd etməmişəm!

S ə l i m   b ə y. Bu qədər xalqın duası sizin əcrinizdir. Həqiqətdə bu qədər xalq sizə əyal hesab olunur. Bu Lənkəran vilayətinin abadlığı sizin ədalətinizin bərəkətindədir.

 

Ərizəçilər baş əyir.

 

Ə v v ə l i m c i    ə r i z ə ç i. Xan, başına dönüm, mənim qardaşım naxoş idi. Dedilər ki, bu kişi həkimdir. Getdim, üç tümən pul buna verib qardaşımın üstünə gətirdim. Bu ümid, ilə ki, qardaşımı sağaldacaqdır. Gələn kimi qardaşımdan qan aldı, qanı  kəsilən kimi qardaşım canın tapşırdı. İndi deyirəm, kişi, barı pulumu özümə qaytar. Pulumu vermədiyi yetməz, hələ deyir ki, qan almasaydı dəxi pis olacaqdı; hələ genə məndən iddiası var. Dadıma yetiş, başına dönüm!

X a n (ikimci ərizəçiyə). Cənab həkim, necə qan almasaydın dəxi pis olacaqdı?

İ k i m c i   ə r i z ə ç i. Xan, başına dönüm, bunun qardaşı möhlik istisqa mərəzinə mübtəla idi. Əgər qan almasaydım, altı aydan sonra bişək və şübhə öləcək idi; qan almaqla bu kişini altı ay ona bica xərc və zəhmət çəkməkdən xilas etmişəm.

X a n. Cənab həkim, bəs sənin hesabına görə gərək bu kişi genə sənə artıq zad bağışlasın?

İ k i m c i   ə r i z ə ç i. Bəli, başına dönüm, belədir, əgər insaf eləsə!

X a n (bəylərə üzün tutub). Vallah, bilmirəm ki, buların divanını necə kəsim? Heç belə çətin davaya rast gəlməmişdim!

B ə y l ə r d ə n   b i r i s i. Başına dönüm, həkim taifəsinin ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. Buyur bu kişiyə, ona bir xələt versin, onu razı etsin. Xüsusən, bu həkimi mən tanıyıram, çox həziq həkimdir.

X a n. Əgər o sənin aşnandır, qoy sən deyən kimi olsun. (Üzün ərizəçiyə çevirir). A kişi, get həkimə bir çuxa da ver, onu razı elə. Səməd bəy, bir fərraş qoş, getsin çuxanı alsın, versin həkimə.

 

Səməd  bəy  aşağı enir. Bu halda  vəzir töyşüyə-töyşüyə içəri girir, qələmdanın aparır qoyur xanın qabağına.

 

V ə z i r. Qurbanın olum, bəsdir dəxi mənim vəzarət etməyim. Mənim qulluqlarımın əvəzi mənə yetişdi, indi vəzarəti  hər kəsə ki, layiq görürsən, ona ver; mən başımı götürüb bu vilayətdən dərbədər olacağam!

X a n (təəccüblə). Cənab vəzir, nə var, sənə nə olubdur? Bu nə halətdir?

V ə z i r. Başına dönüm, cəmi ölkələrdə bu zamanadək sənin ədalətin dillərdə söylənir, sənin qorxundan heç bir kimsənə bəndələrindən bir fəqirin malına və əyalına dəstdirazlıq edə bilməz. Amma sənin qardaşın oğlu Teymur ağa gör necə səndən bivahimədir ki, günün günortasında mənim kimi kişinin evinə giribdir ki, övrətinə əl uzatsın.

X a n (qeyzə gəlib). Vəzir, nə söyləyirsən? Teymur bu cürəti edə bilərmi?

V ə z i r. Sənin çörəyin mənə qənim olsun əgər xilaf ərz edirəm! Özüm gözüm ilə gördüm; tutdum ki, əyliyib qulluğuna gətirəm, əlimdən dartınıb çıxıb getdi.

X a n. Səməd bəy, bu saatda get Teymuru bura çağır! Amma bu xüsusda ona bir söz demə! (Səməd bəy baş vurub gedir). Vəzir, aram tut, indi bu saatda ona bir divan edərəm ki, məcmui-aləmə ibrət olar!

V ə z i r. Başına dönüm, keçən padşahlar ədalətin icrasında övlad və əqrabalarına tərəhhüm etməyiblər. Xüləfayi-əzimüşşən[iii] öz övladlarına xalqın əyalına kəc baxmaqdan ötrü bazxasti-şədid etmişlər. Sultan Mahmud Qəznəvi bu günə cürm üçün müqərrəblərindən birisinin boynunu öz əlilə vurdu. Odur ki, müruri-dühur ədalətlərinin vəsfi aləmdə məzkurdur.

X a n. Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan və Sultan Mahmud Qəznəvidən əskik deyil.

 

Bu halda  Səməd  bəy  Teymur  ağa  ilə içəri girir,  hər  ikisi baş əyirlər.

 

X a n (Teymur ağaya). Mən sənə buyurmamışam ki, heç vaxt xəncər ilə mənim hüzuruma daxil olma?!

T e y m u r   a ğ a. Mən xəncər qurşamamışam!

X a n. Mənə belə göründü. Xub, sənin vəzirin hərəmxanasında işin nə idi? (Teymur ağa başın aşağı salır). Sənin qərəzin budur ki, sənin kimi nadürüst qardaş oğlundan ötrü mən vilayətlər içində bədnam olam? Mən sənin kimi qardaş oğlunu istəmirəm! Tənab! (Haman saat bir neçə fərraş əllərində tirmə şal hazır olurlar). Salın şalı bunun boynuna, sürüyün aşağı!

 

Fərraşlar şalı salmağa hazırlanırlar, tamam  bəylərin gözü dolur yaş ilə.

 

 

E ş i k   ağası və  tamam b ə y l ə r. Xan, qurbanın olaq, cavandır, bu səfər bağışlayın, bunun təqsirini!

X a n. Babam ərvahına, hərgiz bağışlamanam. (Üzün çevirib). Salın şalı! (Fərraşlar bir cüzvi hərəkət edirlər; tamam bəylər ağlamaqdan özlərini saxlaya bilməyib biixtiyar ökküldəməyə şüruh edib torpağa düşürlər, yalvarırlar).

B ə y l ə r. Amandır, xan, başına çevir, anasının bircəsidir. (Ökküldəyirlər).

X a n. Olmaz, olmaz! (Qeyzlə fərraşlara üzün tutub). Salın demirəm, köpək uşağı!

 

Fərraşlar əllərində şal, yavıqlaşdıqda Teymur ağa cəld əlin uzadıb dalısında sancılmış tapançanı çıxardıb çevirir fərraşlara sarı; fərraşlar qorxudan hər tərəfə səpələnirlər; Teymur ağa aralıqdan çıxıb gedir.

 

X a n (dalısınca). Ay  tutun, ay  qoymuyun  getsin!

 

Hamı hərəkət edir, amma dalısınca düşən olmur.

 

X a n (acıqlanmış, bəylərə üzün tutub). Sizin heç biriniz mənim mərhəmətlərimə layiq deyil! Bu cüvəllağını niyə qoydunuz getdi?! (Heç kəs cavab vermir). Səməd bəy!

 

Səməd  bəy  qabağa yeriyir.

 

X a n. Bu saatda əlli nəfər cəzairçi[iv] özünlə götür, Teymuru hər yerdə olsa, axtarıb tapıb tutun, qolu bağlı bura gətirin; ta mən onu öldürməsəm, ölkə dincəlməz!

 

S ə m ə d   b ə y. Baş üstə. (Qapıdan çıxır).

 X a n (bəylərə). Dağılın!

 

Bəylər dağılırlar.

 

X a n. Əziz ağa! (Əziz ağa qabağa gəlir). Lötgə hazırdırmı?

Ə z i z   a ğ a. Hazırdır!

X a n (ayağa durub). Vəzir, sən get, aram tut, qəm eləmə, sənin qisasın yerdə qalmaz. Al, bu üzüyü də Nisə xanıma ver, bu gün məxsus onun üçün zərgərdən gətirtmişəm. Və onu köçürmək tədarükünə məşğul ol; bir həftədən sonra gərəkdir toy başlansın!

V ə z i r. Bəli, fərmanınıza əməl edəcəyəm.

 

Baş vurub çıxır. Sonra da xan Əziz ağa ilə lötgəyə minib dərya seyrinə

çıxır.

 

Pərdə salınır.

 

 

DÖRDÜMCÜ MƏCLİS

 

Dördümcü məclis Şölə xanımın otağında vaqe olur. Şölə xanım və Nisə xanım qayət nigaranlıqda oturublar.



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info