Qonaq Kitabı
SƏRGÜZƏŞTİ-VƏZİRİ-XANİ-LƏNKƏRAN

 

Fərraşlar  naziri  yıxırlar,  ayağın  fələqqəyə salırlar,  ikisi  fələqqəni tutur, ikisi çubuq götürür.

 

V ə z i r. Vurun!

Fərraşlar vururlar.

 

N a z i r. Ağa, başına dönüm, mənim təqsirim nədir?

V ə z i r (qeyz ilə əlin xəlbirə sarı  uzadır).   Bu   xəlbir mənim otağımda nə qayırır?

N a z i r. Necə xəlbir, ağa?

V ə z i r. Çubuq dəyəndə bilərsən necə xəlbir!

Fərraşlar vururlar.

N a z i r. Ay haray, ay  dad! A başına dönüm, axır mənim təqsirim nədir? A qurbanın olum, bir təqsirimi buyur, sonra öldürürsən öldür!

V ə z i r (fərraşlara). Dayanın! Ağa Bəşir, sənin təqsirin budur ki, bu qapıda qulluq edənlərin vəzifəsini olara tanıtmayıbsan! Bu qapıda qulluq edənlər hamı sənin ixtiyarındadır. Gərək sən hər kəsin yerini, işini ona bildirəsən. Mehtər gərək tövlədən başqa özgə yerə ayaq basmasın; xəlbir gərək heç vaxt mənim otağıma düşməsin. Bu gün mehtər Kərim əlində xəlbir mənim otağıma girib, xəlbiri burda qoyub gedibdir. Qəflətən onun sağanağının bir tərəfini basdıqda, o biri tərəfi qalxıb dizimə belə toxunubdur ki, indi ağrıdan qıçımı qaldıra bilmirəm. Mən bir böyük vilayətə vəzarət edib dolandırıram; sən gövdən bir mənim evimi, mənim nökərlərimi dolandıra bilmirsən!

N a z i r. Ağa, sənin başını və ağlını allah bəyük yaradıbdır; mən necə sənə tay ola bilərəm?

V ə z i r (fərraşlara). Vurun!

N a z i r. Ağa, başına dönüm, bu səfər məni bağışla, dəxi bundan sonra heç vaxt belə iş olmaz.

V ə z i r (fərraşlara). Qoyun əldən! Ağa Bəşir, bu səfər səni bağışladım, əgər bundan sonra bir də mənim otağımda xəlbir görünsə, özünü ölmüş bil!

N a z i r (durub ayağa). Bəli, ağa, xatircəm ol.

V ə z i r. Di get!  

M e h t ə r (yavaş). Allah, sənə şükür!

 

Hamıdan irəli xəlbiri qaldırıb özün qapıya salır, dalınca da o birilər, sonra da vəzir çıxır.

 

Pərdə salınır.

 

İKİMCİ MƏCLİS

 

İkimci məclis Şölə xanımın otağında vaqe olur. Teymur  ağa və Nisə x a n ı m qabaq-qabağa ayaq üstə danışırlar.

 

T e y m u r   a ğ a. De görüm, bu işin çarəsi nədir? Bu nə xəyaldır ki, vəzir düşübdür? Məgər mən ölmüşəm ki, səni vəzir özgəsinə verə bilər? Axır bu qərabətdən onun mənzuru nədir?

N i s ə   x a n ı m. Mənzuru nədir? Məgər özün bilmirsən? Əlbəttə, mənzuru ixtiyar axtarmaq və izzətdə olmaqdır!

T e y m u r   a ğ a. Məgər xan ona verdiyi ixtiyar və izzət bəs deyil?

N i s ə   x a n ı m. Bəs olsa da, amma bietibardır: istir ki, qərabət səbəbi ilə bu ixtiyar və izzət payidar olsun.

T e y m u r   a ğ a. Qəribə axmaqdır. Məgər xan öz yaxın əqrəbalarına etdiyi işləri gözü ilə görmür? Bəhər surət işə çarə tapmaq gərəkdir. Sən əbəs yerə bu vaxtadək məni qoymadın ki, onu xəbərdar edim; indi mən istirəm ki, sabah onun yanına adam göndərib məlum edəm ki, bu niyyətdən düşsün, yoxsa xeyir götürməz.

N i s ə   x a n ı m. Amandır, Teymur ağa! Bu fikirdən düş ki, bu işi hərgiz vəzirə bildirmək olmaz; ondan ötrü ki, o həmişə deyir: xan səni öldürməyə bəhanə axtarır və mən bilirəm ki, bu xüsusda vəzirlə mükərrər məşvərət edibdir; əgər vəzir bizim məhəbbətimizi anlasa, öz xeyri və səlahı üçün haman saat gedib xana bildirəcəkdir ki, sən, guya onun namizədinə göz dikirsən; xüsusən ki, vəzir səndən çox incikdir!

T e y m u r   ağa. Xan mənim atamdan qalan ölkəni və xanlığı zəbt etdiyi yetişməz, indi məni öldürmək fikrinə də düşür? Onun xam xəyalıdır!

N i s ə   x a n ı m. Əlbəttə, çünki ehtiyat edir ki, sən atan məmləkətini ondan iddia edəsən, səni özünə müxill görür. Mən eşitmişəm ki, ancaq el üzünə sənə hörmət edir; əgər fürsət tapsa, bir gün səni sağ qoymayacaqdır.

T e y m u r   a ğ a. Heç vaxtda onun kimi xanlar məni öldürə bilməz! Bəylər və xalqın çoxusu mənim atamın yaxşılıqları səbəbinə mənə ixlaskeşdir. Mən o quşlardan deyiləm ki, ətim yeyilə. Xub, mən vəzirə nə eyləmişəm ki, məndən incik olubdur?

N i s ə   x a n ı m. Sən köhnə vəzirin oğlu Mirzə Səlimi gətirib özünə mirzə eləmisəm. Vəzir belə bilir ki, əgər sənin əlinə bir ixtiyar düşsə, Mirzə Səlim bişək qabağa çıxacaq, atasın yerin tutacaq; indi bu fikirdədir ki, xana desin, onu bu vilayətdən qovdursun.

T e y m u r   a ğ a. Onun ağzı deyil, mənim mirzəmi qovdura! Mənim atamın mərhəmətləri ona haram olsun ki, mənim haqqımda bu tövr bədniyyət olubdur! İnşallah taala onun tədbirlərinin hamısını pozub öz mətləbimə çataram. Amma doğru deyirsən;  hələ   gərək   vəzir   bizim   məhəbbətimizi   anlamaya. Şölə xanım hardadır? Mənim ona bir para deyəsi sözüm var.

N i s ə   x a n ı m. Anamın otağındadır.

T e y m u r   a ğ a.  Olmazmı gedib onu buraya çağırasan?

N i s ə    x a n ı m.  Anam evdə yoxdur, ikimiz də gedək ora.

T e y m u r   a ğ a. Yaxşı.

 

Hər  ikisi  çıxıb  gedirlər,  sonra  Ziba   xanım  otağa  daxil  olur.

 

Z i b a   x a n ı m. Ay  ləçər, axır işi o yerə yetiribsən ki, mənim qaravaşımı söyüb mənim üstümə göndəribsən? Vəzir səni belə qudurdubdur? (Görür ki, otaqda heç kim yoxdur. O yana-bu yana baxıb söyləyir). Ax, hardadır bu dilaram çəngi? Evi yıxılsın Mirzə Həbib vəzirin ki, bizim axırımızı bu günə çıxartdı. (İstir geri dönsün, kişi sədası eşidir, səksənir, əylənir). Vay, yad kişinin səsi gəlir! Vay, indicə qapıdan girəcəkdir, qapıdan çıxa bilmənəm, necə edim?

 

(O yana-bu yana vurnuxub girir pərdə dalısında gizlənir, sonra Teymur  ağa ilə Şölə xanım içəri girir).

 

T e y m u r   a ğ a. Anan nə tez hamamdan qayıtdı, qoymadı ki, otaqda danışaq, burda münasib deyildi, çünki mənim danışası sözüm çoxdur, olur ki, vəzir  bura gəlsin.

Ş ö l ə   x a n ı m. Xatircəm ol, bu gün vəzir bura gələ bilməz.

T e y m u r   a ğ a. Necə gələ bilməz?

Ş ö l ə   x a n ı m. Ondan ötrü ki, bu gün növbəti Ziba xanımın otağındadır. Onun qalmaqalının qorxusundan hərgiz cürət edib bura ayaq basa bilməz.

T e y m u r   a ğ a. Bu hesabi sözdür, amma yalqız bu ehtimal ilə xatircəm olmaq olmaz; genə gərək ehtiyatı əldən qoymamaq, bəlkə bir ittifaq ilə bura gəlmək istədi.

Ş ö l ə   x a n ı m. Fikir eləmə, Nisə xanıma tapşırmışam ki, dəhlizdən dişqarı bir yerdə oturub gözətləsin; əgər vəzir görünsə, tez bizi xəbərdar etsin. Yoxsa qorxursan?

T e y m u r   a ğ a. Mən qorxan adam deyiləm, bir para səbəblərə görə mən istəmirəm ki, vəzir məni burda görə, gedib xana xəbər verə. Bir neçə fikrim var; gərəkdir əvvəl onları itmamə yetirəm.

Ş ö l ə   x a n ı m. Əlbəttə, gərəkdir vəzir bu işləri bilməyə, yoxsa xana bildirər, iş bilkülliyyə pozular.

 

Bu halda Nisə xanım başın içəri uzadıb.

 

 N i s ə   x a n ı m. Ay  aman, vəzir gəlir!

 

Şölə  xanım iztirab halətində qapıdan dişarı baxır.

 

Ş ö l ə   x a n ı m. Ay  aman, vəzir düzbədüz qapıya sarı gəlir. Taymur ağa, sən qapıdan çıxa bilməzsən!

T e y m u r   a ğ a. Bəs mən necə gərək edim! Olur ki, mənim  burda  olmağımı bir adam ona xəbər veribdir. Vallah, hər kəs  mənim bura gəlməyimi açmış ola, bu xəncəri dəstəsinədək ürəyindən çaxacağam (əlini xəncərinə uzadır).

Ş ö l ə   x a n ı m. A kişi, söyləmək vaxtı deyil, hələ gir  bu pərdənin dalısına, görüm bir tövr ilə vəziri geri qaytara  billəmmi?

 

Teymur  ağa  girir pərdənin dalısına, sonra vəzir əlində ağac axsaya-axsaya otağa daxil olur.

 

V ə z i r. Şölə xanım, nə işdəsən, kefin yaxşıdırmı?

Ş ö l ə   x a n ı m. Allaha şükür, sənin dövlətindən kefim həmişə yaxşıdır, sənin kefin yaxşı olsun. Niyə qaşını əyibsən, nə əcəb axsıyırsan?

V ə z i r. A kişi, bu gün başıma bir qəziyyə gəlibdir ki, heç fikrimdən keçməzdi. Ovqatım lap təlx olubdur. Xacə Məsud, get mənə bir qəhvə bişir gətir.

 

Xacə Məsud baş vurub gedir.

 

Ş ö l ə   x a n ı m. De görüm, başına nə qəziyyə gəlibdir? Amma olur ki, söyləməyi uzun çəkə, nə lazım zəhmət vermək!

V ə z i r. Xeyr, uzun çəkməz. İş budur ki, mən bir neçə bəylər ilə xanın hüzurunda oturmuşduq. Teymur  ağanın  güclülüyündən söz düşdü. Hamı bəylər dedi ki, tamam Lənkəranda Teymur ağadan güclü bir kimsənə tapılmaz; xan da təsdiq elədi. Mən inkar etdim ki, Teymur ağada heç güc yoxdur; əgərçi oruc  bayramında bir neçə uşaq basdı; amma olar tamam çolma-çocuq idilər. Teymur ağa da hüzurda durmuşdu. Xan mənim sözümü qəbul etməyib dedi: "Sən nə dəlillə bunu isbat edirsən?". Mən cavab verdim ki, əgər manə yaraşaydı, bu əlli yaşımda Teymur  ağa ilə güləşib onun arxasın yerə qoyardım. Xan ki, həmişə belə işlərə həvəsi var, hökmən buyurdu, gərək Teymur ağa ilə güləşəsən. Çarəm kəsilib, ayağa durub tutuşduq, qeyrət mənə əl verib, bir dəqiqə çəkməyib Teymur  ağanı çəkdim pişləngə, dəxi bilmirəm necə yerə vurmuşam ki, biçarə uşaq bihiss yerdə nəqş  bağladı, ancaq yarım saatdan sonra özünə gəldi; zordan mənim də ombam bərk ağrıyıb, indi axsayıram.

Ş ö l ə   x a n ı m (təbəssüm ilə). A kişi, bu nə işdir sən edibsən? Bəlkə kişinin oğlu öləydi, anasının günü qara olaydı?

V ə z i r. Bəs özüm də çox peşman oldum, amma çifayda, belə ittifaq düşdü.

Ş ö l ə   x a n ı m. A kişi, bəs biçarə elə yerdə qaldı? Sən çıxdın gəldin mənə hünərini söyləməyə?

V ə z i r. Xeyr, fərraşlar onu dala götürüb apardılar anasının yanına.

 

Bu halda Teymur ağa pərdənin dalısında gülməyin saxlaya bilməyib pıqqıldayır. Vəzir tez yeriyib pərdəni qaldırır. Teymur ağanı və Ziba xanımı pərdənin dalısında görüb mat qalır və habelə Şölə xanım.

 

V ə z i r. Sübhanallah, bu nə işdir? (Sonra üzün Teymur ağaya tutub acıqlı, qaim sövt ilə). Ağa, sən burda nə qayrırsan? (Teymur ağa başın aşağı salır). De görüm, axır sən burda nə qayrırsan? (Teymur ağa cavab vermir, pərdədən çıxıb başı aşağı istir getsin. Vəzir onun qolundan tutub). Qoymanam  gedəsən, ağa, de görüm sən burda nə qayrırsan?

Teymur  ağa (qolun çəkir). Əldən qoy !

V ə z i r (ona bərk-bərk suvanıb). Qoymanam gedəsən, mənə cavab ver!

 

Teymur   ağa  təngə  gəlib, bir  əlilə  yapışır  onun boynunun   ardından, bir əlilə paçasından qaldırıb tullayır. Vəzir  otağın  ortasında palaz

kimi sərilir. Teymur ağa tez qapıdan çıxıb gedir.

 

V ə z i r (bir dəqiqədən sonra hala gəlib, üzün tutur Ziba xanıma). Ay  ləçər, bu necə məkrdir mənim başıma gətirirsən?

Ziba  x a n ı m. Mən sənin başına məkr gətirirəm? Vay  sənin halına! Vay sənin halına ki, qəflət gözünü örtübdür!

V ə z i r. Kəs səsini, ay ləçər! Məni dilə basdırma, dəxi səni tanıdım; bu qədər fitnə və fel tamam sənin işin imiş,  allah qoysa sənin axırına çıxaram!

Z i b a    x a n ı m. Ay  biçarə, bir de görüm nə səbəbə MƏNIM  axırıma çıxacaqsan?

V ə z i r. Səlitə, dəxi bundan artıq səbəb olar ki, yad adam ilə pərdə dalısına girib gizlənibsən?!

Z i b a    x a n ı m. Ay  biçarə, bir arvadın Şölə xanımdan soruşsana ki, yad adam onun otağında nə qayırır?

V ə z i r. Ay  ləçər, hələ sən bir özün mənə cavab ver ki, sən naməhrəm ilə bir pərdənin dalısında nə qayrırsan?

Z i b a   x a n ı m. Yaxşı, mən deyim. Arvadın Şölə xanım mənim qaravaşıma söymüşdü, mən gəlmişdim onun ilə dalaşam ki, niyə həddindən çıxır; ittifaqən onu otaqda görmədim. İstəyirdim geri qayıdam, gördüm ki, qapı tərəfdən bir yad adam Şölə xanım ilə danışa-danışa gəlir. Girdim bu pərdənin dalısına, gizləndim; görüm olar nə qayracaqlar ki, sonra səni xəbərdar edim. Xüsusən ki, üzü açıq yad adama görükə bilməzdim. İttifaqən sən bura gələndə o adam da girdi pərdənin dalısına gizləndi.

V ə z i r. Niyə çıxıb o saat məni xəbərdar etmədin, əgər doğru deyirsən?

Z i b a   x a n ı m. Necə çıxıb xəbərdar edəydim ki, xəncəri dəstəsinədək ürəyimə çaxacaq idi?!

V ə z i r (bir az təəmmül edib, üzün Şölə xanıma tutub). Şölə, doğrusunu de: bu adam sənin yanına gəlmişdi?

Ş ö l ə   x a n ı m. Sənin arvadın tutuquşu cinsidir; dil-dil ötmək, yalan danışmaq peşəsidir. O adamı mən ömrümdə görməmişəm və heç tanımanam.

V ə z i r. Necə tanımazsan? Teymur ağanı sən tanımırsan?

Ş ö l ə   x a n ı m. Teymur ağa burda nə qayırır? Məgər sən Teymur ağanı yıxıb anasının üstünə göndərməmisən?

V ə z i r. Ay  ləçər, sən mənim sözümə cavab ver, Teymur ağa səninmi yanına gəlmişdi?

Ş ö l ə   x a n ı m. Teymur ağa mənim yanıma gəlsəydi, onu mənim ilə bir yerdə görərdin, Ziba xanım bilirdi ki, mən bu gün hamama getdim; belə xəyal edib ki, mənim otağım xalidir, öz sevgilisini bura çağırıb istirmiş eyş-işrətə məşğul ol-sun; çünki bu gün sənin növbətin onun yanında olmaq səbəbilə sevgilisini öz otağına gətirə bilməzdi. İttifaqən hamam suyu kəsilmək səbəbilə biz qəflətən geri qayıtdıq. Ona binaən qaça bilməyib, hər ikisi giriblər bu pərdənin dalısına ki, bəlkə mən çölə-bayıra çıxan zamanda fürsət tapıb qaçsınlar. Doğru  söz budur, əqlini başına yığ, bu bihəyanın məkrinə uyub, mənim haqqımda nahaq bədgüman olma!

Ziba  x a n ı m (Şölə xanıma çığıra-çığıra). Ay  ləktə, bu necə sözdür ki, özündən qayrırsan? Öz işini mənim üstümə qoyursan? Vay, vay, mən özümü öldürrəm!..

Ş ö l ə   x a n ı m. Ləktəsən də, ləçərsən də, kovulsan da! İstər özün öldür, istər qoy, sənin məkrü felin tamam Lənkəran xalqına məlumdur. Çığırmaq ilə özünü təmizə çıxara bilməzsən! Ərin gözü var, görür ki, bu iş sənin işindir, ya mənim işimdir?

Z i b a   x a n ı m. Ay  aman, mən özümü öldürrəm! A kişi, bu ləçərin ağzına niyə vurmursan ki, mənə belə böhtan deyir?..

Ş ö l ə   x a n ı m. A ləktə, o mənim ağzıma niyə vurur? Əgər o kişidir, gərək səni tikə-tikə doğraya ki, yad oğlan ilə bir yerdə tutubdur.

Vəzir (Ziba xanıma). Əlbəttə, səni gərək tikə-tikə doğramaq! Hələ mənə bir möhlət ver ki, özümü xanın yanına yetirib sənin ciyərguşən axırına çıxım, sonra sənin haqqında fikir çəkərəm. Sən ömrünü yalançılığa sərf edibsən!

Ziba  x a n ı m (acıqlı). Mən yalançıyam? Doğru danışan sənsən? Necə ki, söylədiyin nağıldan məlum oldu...

V ə z i r. İtil gözümün önündən, ləçər! (Ziba xanım otaqdan çıxır). Şölə doğru de, bu işdən xəbərin varmı?

Ş ö l ə   x a n ı m.  Mən hərgiz bu xüsusda təqsirli deyiləm!

 

Bu halda Xacə Məsud əlində qəhvə fincanı daxil olub vəzirin dal tərəfindən ərz edir.



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info