Qonaq Kitabı
1905-1906-Cİ İLLƏRDƏ ERMƏNİ-MÜSƏLMAN DAVASI

Camaat erməni “Listok” qəzetxanasının yanına çatanda qəzetxananın otağından camaatın içərisinə bir bomba atdılar. Bundan başqa, gimnaziya tərəfdən də bir bomba atıldı. Camaat “Sobraniye” binasının yanından keçəndə bir bomba da oradan atdılar.

Bu zaman üç rota rus qoşun dəstələri gəldi və başladı camaatla atışmağa. Bomba atılan evləri gülləbaran etdilər. Nəticədə otuz beş nəfər həlak oldu, on beş nəfər yaralandı.

 

ƏLAVƏ: Bu hadisələr cərəyan edən vaxt Batum tərəfdə neçə körpü partladıldı. Qoridə isə qoşunun toqquşması oldu.

Uzerget uyezdində isə camaat rus kazaklarının üstünə bombalar atdılar. Nəticədə çoxlu kazaklar məhv oldu və yaralandı.

Yuxarıda qeyd etdiyimiz hadisədən sonra Tiflis şəhərində yenidən dalbadal baş vermiş atışmalar zamanı otuz dörd nəfər həlak oldu, səksən bir nəfər yaralandı.

 

  

TİFLİS ŞƏHƏRİNDƏ ERMƏNİ-MÜSƏLMAN DAVASI

 

Dekabr ayında erməni tayfası yenə dinc dura bilməyib, hazırlıq gördükdən sonra qəflətən müsəlmanların üstünə hücum çəkdilər. Müsəlmanların bu hücumdan xəbərləri olmadığından ermənilərə layiqli cavab vermək üçün yanlarında silah və sursat yox idi. Əhvalatdan xəbərdar olan gürcülər tüfəng və patronla müsəlmanlara kömək etdilər. Müsəlmanlar tanınmış bir şəxsin imarətinə girərək evi özləri üçün səngərə çevirdilər və ermənilərlə atışmağa başladılar. Müsəlmanlar iki gün gecə-gündüz ermənilərlə atışdılar.

Tiflisdə baş verən bu əhvalatdan ətraf müsəlman kəndlərinin camaatı xəbərdar olan kimi min atlı cəm olub müsəlmanların köməyinə gəldilər. Namestnik kəndlərdən gələn köməkdən xəbərdar olub əmr verdi ki, atla şəhərə girmək qadağan olunsun. Odur ki, müsəlmanlar şəhərin ətrafından atlarını geri – kəndlərə qaytararaq özləri piyada Tiflis şəhərinə daxil oldular. Onlar salavat və nərə çəkərək ermənilərin üzərinə hücuma başladılar. Bir-gecə-gündüz vuruşmadan sonra çoxlu erməni qırıldı. Qalanları isə qaçıb aradan çıxdılar.

 

 

1905-Cİ İLİN OKTYABR AYINDA BAKIDA BAŞ VERƏN ƏHVALAT

 

Padşahın şadlıq günündə rus və müsəlman camaatı “ura” deyə-deyə küçələrə dolanır və türk dillərində şüarlar oxuya-oxuya küçələri dolanırdılar. Ruslar öz qırmızı bayraqlarını qoyub imperatorun şəkli ilə öz milli bayraqlarını götürüb dolanırdılar. Müsəlmanlar da onlara qarışıq qubernatorla birlikdə Böyük kilsəyə gəlib dualar oxudular. Bundan sonra isə qubernator baş keşişlə birlikdə “Qasım bəy” məscidinə gəldilər. Orada da dualar oxudular. Bu vaxt bərk yağış yağdığından camaat dağıldı. Bir dəstə kilsənin qabağından keçərkən gördülər ki, bir rus əlində qırmızı bayraq hündür bir yerə çıxaraq hökumətə qarşı nitq söyləyir. Camaat tökülüb onu tutdular və sonra döyüb öldürdülər. Divan da buna mane olmadı.

Yenə də 20 oktyabrda dövlətin ziddinə gedən camaat cəm olub istədilər ki, həbsxananı açaraq məhbusları azad etsinlər. Rus qoşunu bunun qarşısını aldı. Toqquşma nəticəsində camaatdan on səkkiz nəfər yaralandı. Həmin gün Bibi-Heybət yolunda qırmızı bayraq qaldıranlarla milli bayraq daşıyanlar arasında bərk vuruşma və atışma oldu. Nəticədə bir adam öldü, iki nəfər isə yaralandı. Həmin hadisə haqqında erməni qəzetləri yazırdı ki, bu toqquşmada yüz nəfər erməni ölüb.

21 oktyabrda bir dəstə rus kazakları öz əziz günləri münasibətilə əllərində padşahın şakli küçə ilə hərəkət edirdilər. Ruslar Mirzəyans adlı varlı və mənsəb sahibi erməninin evinin qabağından keçəndə həmin evdən kazakların üstünə güllə atdılar. Həmin saat kazaklar evi mühasirəyə aldılar və hər tərəfdən neft töküb odladılar. Ev yanıb külə döndü. Kazaklar yanğın söndürən müvəkilləri də evi söndürməyə qoymadılar. Ev alışıb yanarkən yel vurub qonşu erməni evlərinə də od saldı. Bunun nəticəsində də bütün evlər yandı.

Həmin əhvalatdan sonra rus kazak dəstəsi erməninilərin dükanlarına hücum çəkərək talan və tərac etdilər. Sonra isə kazaklar erməni varlıları olan Lalayevin, Kələntərovun dükanlarının əmlakını, eləcə də Tağızadənin dükanlarını icarəyə götürmüş ermənilərin mallarını və əşyalarını talan etdilər. Bu toqquşmada ölənlərin və yaralanların sayı qırx nəfərə çatmışdı. Onun da əksəriyyəti erməni idi. Bu əhvalatdan sonra qubernatorun əmri ilə rus kazakları erməni küçələrindən köçürülərək müsəlman məhəllələrində yerləşdirildi.

Oktyabrın 23-də ruslar qubernatorun iqamətgahında məsləhət toplantısı keçirirdilər. Bu toplantıda ermənilərdən başqa, bütün millətlərin nümayəndələri iştirak edirdilər. Toplantıya ermənilər özləri gəlmişdilər. Məsləhətdən sonra kazaklar gəlib qubernatordan erməniləri cəzalandırmağa icazə verməsini xahiş etdilər. Qubernator onları sakitləşdirdi. Bir az keçdikdən sonra yenə bir dəstə kazak padşahın övrətinin şəklini millət bayrağı ilə birlikdə əllərinə götürüb küçə-bazarı gəzməyə çıxdılar. Onlıar erməni məhəlləsinə gəlib çatanda yenə onların üstünə evlərin birindən güllə atdılar. Güllə atılan ev erməni tərəfindən icarəyə götürülmüş müsəlman evi idi. Dərhal kazaklar həmin evi gülləbaran edərək ermənilərin evlərini yandırmağa başladılar. Bu hadisədə öldürülənlərin və yananların sayı on altı nəfər olmuşdu. Yaralananların miqdarı isə məlum deyildi. Yenə həmin günün gecəsi atışmalar oldu. Bir erməni evi yandırıldı.

Oktyabr ayında baş vermiş toqquşmalarda əlli yeddi nəfər adam öldürülmüşdür ki, bunlardan əlli biri erməni, biri rus, biri gürcü, biri yəhudi, ikisi isə müsəlman idi. Yaralananların sayı isə 59 nədər idi. Onlardan 38 nəfərierməni, 14-ü rus, biri yəhudi, biri nemes, 4 nəfəri müsəlman və biri nə millət olduğu məlum olmadı. Yandırılmış evlərin miqdarı isə 28 ədəd idi. Onlardan 24-ü erməni, biri rus, biri isə müsəlman idi. Bunlarla yanaşı, iki şəhər budkası da yandırılmışdı. Iğtişaşlar zamanı dəyən zərərin miqdarıməlum olmamışdır. Bu iğtişaşa və xəsarətə erməni tayfası bais olmuşdur.

 

  

RAMAZAN AYINDA (15 NOYABR) ŞUŞA ŞƏHƏRİNDƏ BAŞ VERMİŞ ƏHVALAT

 

Məsumovlardan olan bir erməni öldürülmüşdü. Ermənilər bu ölüm hadisəsinin izini qəsdən gətirib müsəlman bazarına çıxardılar və onu müsəlmanlar öldürdüyünü söylədilər. Odur ki, divan əhli müsəlmanlar arasında axtarış aparmağa başladı. müsəlmanlar bildirdilər ki, biz heç vaxt belə namərdliyə yol vermərik. Bunu ermənilərin özləri edib bizim üstümüzə yıxırlar ki, müsəlmanları müqəssir etsinlər.

Xülasə, çox çəkişmələrdən sonra ermənilərin sakitləşdirilməsindən ötrü divan bir dəstə atlı kazak və bir dəstə piyada götürüb qubernatorla birlikdə müsəlman meydanına gəldilər. Qubernator bir kağız oxuyaraq bildirdi ki, sərdarın hökmünə əsasən gərək ölən erməninin meyidini verəsiniz. Əgər onun meyidi verilməsə, bu Şeytanbazar adlanan dükanlardan gərək bir neçə yüz manat pul toplayıb o ölən erməninin külfətinə verəsiniz.

Bir-iki gündən sonra rus qoşunu yenə gəlib o qərarla müsəlman bazarından keçdi. Qubernator müsəlmanlarla yumşaq rəftar edirdi, cənab qazi və əyanlarla xoş davranırdı.

Ramazan ayının 18-ci günü qubernator belə məsləhət gördü ki, müsəlman əhli dükan-bazarı bağlayıb toy və musiqi çala-çala padşahın fərmanı oxunacaq böyük bir yerə gəlsinlər. Müsəlmanlar cavab verdilər ki, bu günlər bizim əziz və təziyə günlərimizdir. Odur ki, musiqi və toy çalmaq olmaz. Özümüz isə toplaşıb oraya gələ bilərik. Danışığa əsasən müsəlmanlar dükan-bazarı bağlayıb böyük bir izdihamla, şahın iki şəkli və on bayraq əllərində bazardan keçərək divanxananın qabağına gəldilər və əyanlar da gəlib bağda qərar tutdular. Qubernator böyük çinovniklərlə müsəlmanların toplaşdığı yerə gəldilər. Kilsənin ətrafı kiçik olduğundan qubernator alimlər və əyanlarla bilrikdə su anbarının üstünə gəldilər. Bura həm də hündür idi. Camaat isə əllərində bayraqlar və padşahın şəkilləri anbarın qabaq tərəfinə yığışdılar. Hər tərəf camaatla doli idi. Camaatın gurultusundan qulaq tutulurdu. Bir atlı kazak dəstəsi gəlib bir tərəfdə səf çəkib durmuşdu. Bu qədər camaatın içində vur-tut beş nəfər erməni var idi. Onlardan biri qubernatorun yanında, dörd nəfəri isə kilsənin qabağında dayanmışdı. Onların birisinin adı Amrimov Mikit idi. Mən onu yanıma çağırıb dedim:

- Baron Mikit! Bu nə fitnə-fəsad, xəsarət və mərdüməzarlıqdır ki, erməni tayfası dünyaya salıb? Xalqın rahatlığını kəsiblər. Onlar bu qədər tökülən nahaq qanlara, yanan mülklərə və qarət edilən mallara bais oldular.

Mikit cavab verdi ki, Allah-təala belə işlərə bais olan kəslərə və cahil nadanlara qənim olsun. Biz özümüz də mat qalmışıq, bilmirik nə çarə edək. Abrımız töküldü, etibarımız kəsildi, mal və mülkümüz isə yandırıldı və talan edildi.

Qubernator cibindən bir kağız çıxardaraq bildirdi ki, bu, əlahəzrət imperatorun fərmanıdır. Sonra qubernator həmin fərmanı hündür səslə oxumağa başladı. tərcüməni isə camaatı başa saldı ki, padşahımız bir neçə işdə bizə hürriyyət, yəni, azadlıq iltifat edibdir.

  1. Əvvəla, milli və şəri məsələlər üzrə məsləhətləşmələr aparmaq üçün yığıncaqlar azaddır. Bunun üçün icazə lazım deyil.
  2. Söz azadlığı. Yəni, özünə və millətinə əhəmiyyətli və xeyirli hesab etdiyin məsələləri danışmağa, yazmağa və çap etdirməyə icazə verilir.
  3. Vicdan azadlığı. Yəni, istədiyin dinə və məzhəbə qulluq etmək.
  4.  Mal və can təhlükəsizliyi. Yəni, milyonlarca malın və mülkün olsa da, bir kəs heç bir haqla ona toxuna bilməz.

Elə ki, fərman oxunub qurtardı, qubernator əlini yuxarı qaldırdı. Camaat da ona baxaraq əllərini və papaqlarını yuxarı qaldırdılar və sevinclə “Ura” çəkdilər. Ondan sonra cənab uçitel Mirhaşım bəy Vəzirzadə nitq etdikdən sonra cənab axund Hacı molla Hüseyn Qazi hündür səslə bir dua oxudu. Dua başa çatan kimi Ağa Mirhaşım bəy hürriyyət manifestinin elan edilməsi münasibəti ilə şəhərin fağır-füqərasına paylamaq üçün yüz manat pul verdi. Onun ardınca da əlli manat cənab qubernator iltifat etdi. Bir sıra əyanlar da bu xeyriyyə işinə qoşuldular. Bununla da bu təntənəli yığıncaq başa çatdı.

Bu yığıncaqdan iki gün sonra müsəlmanlarla erməniləri barışdırmaq üçün qubernator müşavirə çağırdı. Müşavirədə hər iki tərəfdən nümzyəndələr çıxış edərək öz fikirlərini söylədilər və barışıq elan etdilər. Həmin günün səhərisi qubernator Gəncə şəhərinə getməyə hazırlaşırdı. Yüz nəfərəcən müsəlman cavanlarından atlılar silahlanmış halda qubernatorun faytonunu evdən müşayiət edərək qərargaha gəlidlər. Bu zaman bir neçə erməni qərargaha gəlib müsəlmanlardan şikayət etdilər. Qubernator qəzəblə onlara baxıb acıqlı dedi:

- Artıq mənə məlum olubdur ki, siz erməni tayfasının müsəlmanlar haqqında mənə dedikləriniz bütün hamısı yalan və böhtandır. Bu şikayətlər bütünlükdə qərəzçilik və düşmənçilik məqsədi güdür.

Qubernator ermənilərin cavabını verdikdən sonra müsəlman atlılarının müşayiəti ilə yola düşdü. Xan bağından bir az o tərəfə getdikdən sonra faytonu saxlatdırıb müsəlman atlılarına artıq dərəcədə iltifatla razılıq edib, onların geri dönməsini məsləhət bildi. Atlılar qubernatorla xudahafizləşib geri döndülər. Atlılar gurultu ilə şəhərə daxil olarkən ermənilər vəhşətə düşdülər. Onlar belə xəyal etdilər ki, bu atlı müsəlmanlar erməni-müsəlman davasını təzələmək üçün kəndlərdən cəm olub davaya gəliblər. Mətləb aydın olandan sonra ermənilər sakitləşdilər.

Fitrə bayramı günü bütün alimlər, seyidlər və əyanlar məscidə toplaşıb ermənilərlə davada məzlum və şəhid olanlar üçün təziyə tutub Quran oxuyurdular. Bu zaman erməni xəlifəsi bir neçə keşiş və camaatın nümayəndələri ilə məscidə gəlib müsəlmanların bay ramını təbrik etdilər. Sülh və əmin-amanlıq yaratmaq üçün camaatla görüşüb qayıtdılar.

 

ƏLAVƏ: Şəvval ayının səkkizinci günü belə bir xəbər yayıldı ki, dilicanda yol gələrkən Qərvənd tərəfdə dörd erməni öldürülüb. Odur ki, təhqiqat aparmaq üçün bir neçə müsəlmanı yoldan geri qaytarmışdılar. Bu deyilən əhvalat baş verən gün ermənilər Yel dəyirmanı deyilən qayanın üstündən, aşağiyolla odun gətirən Xəlfəli bir müsəlmanı güllə ilə vurub, ölümcül yaralamışdılar. Müsəlmanlar onu gətirib Qalada öz xəstəxanalarına qoyduqdan sonra divana hadisə ilə bağlı məlumat vermişdilər.

 

ƏLAVƏ: Kərbəlayı Məhəmməd adlı bir yaxşı papaqçı var idi. O, tikdiyi papaqların bir qismini aparıb erməni bazarında satardı. Ermənilərin namərdliklərindən yaxşı hali olan adamlar Kərbəlayı Məhəmmədi erməni bazarına getməkdən çəkindirməyə çalışırdılar. Mən özüm (M.M.Nəvvab) iki dəfə onun erməni bazarına papaq apardığını görüb, məzəmmət etmiş və erməni bazarından əl çəkməsini ona təkrar-təkrar demişdim. Bu məsləhətləri qulaqardına  vuran Kərbəlayı Məhəmməd həmin günün axşamı, yəni şəvval ayının 8-ci günü bir neçə papaq götürüb satmaq üçün yenə erməni bazarına gedir. Ermənilər onu bir hiylə ilə daldaya çəkib öldürmüş, cəsədini isə gizlətmişdilər.

 

ƏLAVƏ: Yenə həmin gün ermənilərə xəbər gəldi ki, Turşsuyun yolunda müsəlmanlar iki erməni öldürüb, başlarını kəsiblər. Bu xəbəri eşidən kimi, bir dəstə erməni cavanları silahlanaraq fəryad çəkə-çəkə ermənilər öldürülən tərəfə yollandılar. Bazarda alış-verişlə məşğul olan ermənilər bu fəryadı eşidən kimi həyəcanlı şəkildə dükanlarını bağlayıb, meydana yığıldılar. Hər tərəfdən müxtəlif çağırış və haray səsləri gəlirdi. Rus tayfasından olan bir nəfər bu vəziyyəti görən kimi qaçıb divanxananın qabağına gəldi. Burada o, müsəlmanlara xəbər verdi ki, nə durmusunuz, ermənilər davaya hazırlaşırlar, bu saat sizin üzərinizə hücuma başlayacaqlar. Bu xəbəri müsəlmanlara çatdırdıqdan sonra həmin rus qoşun hazır olmaq üçün zəng çaldı.

Bu xəbəri eşidən müsəlmanlar dükanlarını bağlayıb silahlandıqdan sonra, səngərlərə qaçdılar və davaya hazır vəziyyət aldılar.

Ermənilər də kilsələrin damında, evlərdə və küçələrdə hazırladıqları səngərlərə doluşmuşdular.

Divan əhli əhvalatdan xəbərdar olan kmi bir dəstə əsgər götürüb, musiqi çala-çala erməni məhəllələrindən keçərək müsəlman məhəlləsindən bazara gəldilər. Camaat əhvalatdan xəbərdar olan kimi sakitləşərək hərə öz yerinə qayıtdı.

 

 

GƏNCƏ ŞƏHƏRİNDƏ MÜSƏLMANLARLA ERMƏNİLƏR ARASINDA BAŞ VERMİŞ ƏHVALAT

“8 şəvval 1323-cü il (miladi 1905-ci il)

 

Şəvvalın 8-də xəbər gəldi ki, Gəncə şəhərində müsəlmanlarla ermənilər arasında olan toqquşma nəticəsində dava başlamışdır. Teleqrafla xəbər verdilər ki, iki gecədir ki, Gəncədə böyük od-alov görünür. Ancaq təfsilatı məlum deyildir. Sonrakı təhqiqatla məlum oldu ki, erməni tayfası müsəlmanları arxayın edərək onlara qarşı yeni xəyanət hazırlamaq üçün tədarük görərək yana yazıb özləri üçün köməklər gətirmişlər.

Müsəlmanlar isə hər şeydən xəbərsiz sakit və samit öz işlərində və alış-verişlərində idilər.

Ermənilər silah tədarüklərini məramlarınca yığdıqdan sonra hər yana yazıb qüvvə tələb etdilər. Bu tələb əsnasında hər yandan silahlı ermənilər gəlirdi. Gəncə ermənilərinə Qarabağdan da kömək gəlmişdi. Qarabağdan gələn dəstənin başında dülgər Barseğin oğlu Sancan dururmuş. Ermənilər müsəlmanlarla davanı başlamaq üçün nahaq yerə üç müsəlmanı öldürürlər. Müsəlmanlar bu əhvalatı eşidən kimi bazar-dükanı bağlayıb silahlanır və “Ya Allah!” deyib ermənilərin üstünə hücum çəkərək atışmağa başlayırlar. Bu xəbər ətrafa yayılan kimi kənar yerlərdən köməklər gəlsi. Bu gələn köməklərin arasında Əli adlı mütəəssib və qeyrətli bir cavan var idi. Qaçaq olan bu oğlan başına bir xeyli atlı toplayıb Gəncəyə müsəlmanların köməyinə gəlmişdi. Ermənilərin qaçmasına imkan verməmək üçün qabaqcadan körpünü kəsdilər. Bundan sonra ermənilərin üstünə güllə yağdırmağa başladılar. Ermənilərdən qırılan çox oldu. Ermənilərin mövqeyi tutulduqca onların evlərinə, dükanlarına və mağazalarına od vurub yandırırdılar. Amma bir işdə çox səhv etdilər ki, müsəlman məhəlləsində yerləşən və məscid dükanına bitişik olan erməni dükanına od vurdular. Çünki erməni dükanı yanarkən küləyin təsiri ilə od-alov məscid dükanına da keçdi. Söndürülməsi mümkün olmadığından erməni dükanı ilə məscidin mağazası da yandı.

Bu dava nəticəsində ermənilərdən xeyli adam qətlə yetirildi. Dedilər ki, Qarabağdan gəlmiş Barseğin oğlu Sancan da öldürülmüşdür. Amma sonra məlum oldu ki, diridir. Müsəlmanlardan da bir neçə nəfər şəhid olmuşdu.

Neçə vaxtdan sonra xəbər çıxdı ki, Məhəmmədhəsən adlı bir milla iki nəfərlə nəyəsə baxmağa gediblərmiş. Hiyləgər erməni tayfası onları şirin dilə tutaraq harasa aparıb yox etmişdilər. Sonra onların taleyindən bir xəbər çıxmadı.

 

 QALA ƏHVALATI

 

Şəvval ayının 9-cu günündə ermənilər yenə Yel dəyirmanı adlanan qayanın üstündən aşağı enib, aşağıda qayaların arxasında gizlənirlər. Bu zaman üç nəfər müsəlman qabaqlarında da odun yüklənmiş ulaqları danışa-danışa oradan keçərkən həmin qayaların arxasında gizlənən ermənilər daşların daşların arxasından çıxıb onları gülləyə tutdular. Məmiş adlı qalalıya güllə dəyən kimi həlak oldu. O birisi isə qolundan yaralandı. Üçüncü odunçu isə salamat, erməniləri söyə-söyə qaçıb Qalaya xəbər gətirdi. Xalq gedib həmin yaralını gətirib xəstəxanaya qoydular. Həlak olanı osə dəfn etdilər. Bundan sonra baş vermiş əhvalat haqqında divana xəbər verdilər. Həmin günü müsəlmanlar da enib yolda dörd nəfər erməni öldürdülər. Onlardan biri daşaltılı, üçü isə Şuşakənddən idi.

Bu vaxt xəbər gətirdilər ki, aşağı bağlarda səkkiz yüz müsəlman atlısı cəm olmuşdur. Lakin onların məqsədləri heç kəsə məlum deyildi. Heç kəs bimirdi ki, onlar Qalaya gələcəklər, yoxsa erməni kəndlərinə hücum edəcəklər.

Qaladakı erməni tayfası bu xəbəri eşidən kimi təşvişə düşdülər və vəhşətlə divan böyüklərini görüb xahiş etdilər ki, gərək biz müsəlmanlarla yenidən sülh bağlayaq. Bundan sonra divan böyükləri bir dəstə rus əsgəri götürüb musiqi çala-çala erməni nümayəndələri və keşişləri ilə müsəlman bazarına gəldilər. Cənab qazi və cənab Əbdürrəhman ağa da xeyli müsəlmanlarla onların yanına gəldilər. Həsənəli bəy orada iki xalq arasında əmin-amanlığın qorunub-saxlanması naminə bir nitq söylədi. Erməni keşişi də çıxış etdikdən sonra hər iki xalqın nümayəndələri divan böyükləri ilə birlikdə erməni bazarına gəldilər. Erməni bazarındakı toplantıda isə keşiş və Haşım bəy nitq söylədilər. Haşım bəy ermənilərə xitab edərək dedi:

- Ey camaat, bu nə fitnə-fəsaddır, salmısınız iki millətin arasında? Bu qədər məxluqatın dincliyini kəsmişsiniz. Əgər bu işlərdə məqsədiniz sosialistlikdirsə, onların qaydaları belə deyil. bir məqsəd və səbəb olmaya-olmaya nə üçün bu qədər nahaq qanlara bais olub, uşaqları yetim, övrətləri dul, gözü yaşlı qoyursunuz. Onların ahu-naləsinin göyə yüksəlməsinə razı olursunuz? Əgər könlünüz dava istəyirsə və özünüzü igid hesab edirsinizsə, onda gərək övrətlər kimi daşların dalında və evlərdə gizlənib qəflətən yolla gəlib-gedəni namərdcəsinə vurmayasınız və sinənizə döyüb özünüzü qəhrəman kimi aparmayasınız. Davanın qaydası belədir ki, siz də, müsəlmanlar da çıxalar bir düz yerə, üzbəüz tüfənglə, yaxud qılıncla, yaxud xəncərlə mərdi-mərdanə bir-birinizlə vuruşasınız. Ya siz müsəlmanlara qalib gələrsiz, ya da müsəlmanlar sizin nəslinizi bu şəhərdən yox edər. Bununla da bütün məxluqatın canı dincələr. Məgər xudavəndi-aləmdən qorxmursunuz, adlarını qımdat qoymuş bir neçə erməni quldurlarının həftədə bir çaxırın kefi başlarına vurarkən iki millət arasına fitnə-fəsad salıb, nahaq qanlara bais olurlar. Sizlər də onların sözlərinə baxıb, özünüzü təhlükəyə salırsınız. Bunun nəticəsində də nə qədər adamlarınız və mallarınız tələf olur, mülkləriniz yandırılıb xarabalığa çevrilir. Özünüz görürsünüz ki, dava vaxtı 10 nəfər müsəlmandan öləndə min nəfər sizdən tələf olur. Quldurların sözünə qulaq asmayın. Allah-təalanın yoluna qayıdın.

Haşım bəydən sonra cənab Əbdürrəhman ağa və cənab qazi xütbələrdə fatihə oxudular.

Bu barışıq günü yuxarıda haqqında danışdığımız əhvalat zamanı öldürülmüş müsəlmanların qatilini gətirib divana təhvil verdilər. Onlar iki nəfər idilər. Onlardan biri Qaybalı kəndlisi erməni dəmirçi Mirzə idi. Divan hər ikisini həbsxanaya göndərdi.

 

 

 SEYİDİN  ƏHVALATI

 

Həmin gün ermənilərlə müsəlmanların barışığı elan edilərək hər iki millət arasında sülh yaradıldıqdan sonra kəndistan yerindən olan və orada alverlə məşğul olan bir seyid evlərinə tərəf gedirdi. Seyid erməni küçəsi ilə bulvarın yanından gəlib keçəndə onunla tanış olan bir erməni qabağına çıxdı. Hal-əhval etdikdən sonra erməni dedi ki, bu evdə satılmalı bir palaz var. Gedək onu sənə alım. Bu şərtlə ki, əgər ucuz alsam, mənə dəllallıq pulu verməlisən. Seyid onunla razılaşdı. Onlar bir az getdikdən sonra qabaqlarına iki yapıncılı qımdat çıxdı. Onlar ermənicə bir-birindən soruşdular ki, seyidi harada aparıb öldürsünlər. Birisi dedi ki, əvvəl gərək Kiki Kələntərova deyək, ondan sonra öldürək. Seyid erməni dilini bildiyindən bu danışıqların hamısını başa düşürdü. Əhvalatın nə yerdə olduğunu dərk edən seyid daxilən həyəcanlansa da, öz həyəcanını büruzə vermədi. Əvvəl istədi ki, qaçsın, lakin buna heç bir fürsət olmadığını görüb vəziyyətdən çıxış yolu axtarmağa başladı. Ermənilərdən biri digərinə dedi ki, siz onu söhbətə tutub saxlayın, mən gedim Kikiyə məlumat verim. Bir azdan erməni geri dönərək öz yoldaşlarına buyurdu ki, seyidi Kikinin əmri ilə öldürüb onu da papaqçını basdırdığınız yerdə basdırın. Bundan sonra onların hər üçü üzərinə hücum çəkib qollarını tutdular və toqqanı açıb boynuna bağlayıb çəkə-çəkə bir həyətə gətirdilər. Evdən bir övrət çıxıb dad-fəryad elədi ki, bunu burda öldürməyin. O gün papaqçını öldürərkən uşağım qorxaraq naxoşlayıb. Övrətin etirazından sonra onlar seyidi evdən çıxartdılar. Övrət isə darvazanı onların arxasınca bərk-bərk bağladı. Ermənilər seyidi evdən çıxardıqdan sonra fikirləşdilər ki, onu harada öldürsünlər. Bu zaman birdən yolun o biri tərəfindən hay-küy qalxdı. Bir müsəlman çığırırdı ki, tut məni görüm necə tutursan. Kəndistan yerindən olan bu müsəlman atın üstündə getdiyi yerdə iki erməni onun üstünə hücum çəkərək tutub öldürmək istəsələr də, gücləri çatmır. Bu seyidin yanında olan  ermənilərdən biri onunla qaldı, ikisi isə o biri ermənilərə köməyə getdilər. O biri erməni seyidi orada olan çuxura salmaq istəyərkən, seyid toqqadan tutub erməniyə müqavimət göstərir. Yer yaş olduğundan seyidin göstərdiyi müqavimət nəticəsində erməninin ayağı sürüşüb yıxılır və toqqa əlindən çıxır. Seyid fürsəti əldən verməyib erməni qalxanacan müsəlman məhəlləsinə tərəf xeyli qaçdı. Qaçarkən yolda seyid bir neçə dəfə yıxılsa da, qalxıb yenə də, öz yoluna davam edirdi. Nəhayət, müsəlman məhəlləsinə çatdıqdan sonra sakitləşdi.

 

ƏLAVƏ: O günün sabahısı erməni qəbristanlığında bir erməni öldürdülər. Ermənilər əhvalatdan xəbərdar olan kimi gedib divana şikayət etdilər. Divan isə cənab qazinin yanına gələrək ona bildirdi ki, ermənilər qatili tələb edirlər. Qazi ərz etdi ki, sizinlə gəldiyimiz razılaşmaya əsasən biz ancaq şəhərdə baş verən hadisələrə cavabdeh olacağıq. Şəhərdən kənarda baş verən hadisələrə isə biz müdaxilə etməyəcəyik. Çünki bu ölüm hadisələrinin əksəriyyətini ermənilər özləri eləyib, müsəlmanların üstünə böhtan atırlar. Odur ki, bunların heç birinin müsəlmanlara dəxli yoxdur.

 

ƏLAVƏ: Şəvval ayının 12-də Qalaya vətənpərvər şəxslərdən bir məktub gəldi. Məktubda qeyd edilirdi ki, yollar çox qorxulu olduğuna görə müsəlmanlar bu tərəfə səfər etməsinlər. Həmin gün Bağlar tərəfdən gələn cənab Haşım Vəzirzadə nəslindən olan Cəfər bəyin sərkərdəliyi ilə bir neçə yüz atlı və piyada gəlib erməni kəndlərini mühasirəyə aldılar. Digər tərəfdən isə Piçənis və başqa kəndlərin kürdlərindən də yüzə yaxın atlı və piyada gəlib erməni kəndlərini mühasirəyə aldılar. Xəlifəli tayfasından olan müsəlmanlar kürdlərlə danışıq apararaq bu nəticəyə gəldilər ki, onların hərəsi bir tərəfdən erməni kəndlərinin üzərinə hücuma keçsinlər. Kürdlərin sərgərdəsi İbrahim bəy idi. Onlar, yəni İbrahim Bəyin dəstəsi əvvəlcə Kiki Kələntərovun yaşadığı Cəmilli kəndinin üstünə yeridilər. Bu kənddə Kiki Kələntərovun yaxşı imarətləri var idi. Onun evində olan bəzi şeyləri qarət etdikdən sonra qalanını od vurubyandırdılar. Cəmilli kəndindən bu hücum nəticəsində qaçanlar qaçmışdı. Qalanları isə qayaların arxasından, evlərin pəncərələrindən İbrahim bəyin dəstəsinə atəş açırdılar. Müsəlmanlar isə çöldən onları gülləbaran edirdilər. Bu hücum nəticəsində bütün kənd yandırıldı və 11 nəfər erməni öldürüldü.

Həmin vaxt xəlifəlilər Xənəzək kəndinin üzərinə hücum çəkərək kəndin yarıdan çoxunu yandırdılar və əllərinə keçən erməniləri qətlə yetirdilər.

Xəlfəlilərin arasında Qasım adlı çox qeyrətli və işgüzar bir cavan vardı. O, bu hücumda ermənilərlə çox böyük cəsarət və qəhrəmanlıqla vuruşurdu. Qasım dörd erməni öldürmüşdü. Birdən ona bir güllə dəyib onu yerə sərdi. Kosalar kəndindən olan bu cavan döyüş meydanında qəhrəmancasına həlak oldu. Onun cənazəsini Kosalar kəndinə gətirdilər. Molla Qalada olduğundan bir neçə nəfəri at və qatırla mollanı gətirmək üçün oraya göndərdilər. Yolda onları ermənilər Yel dəyirmanı qayasından və Qaybalı kəndindən atəşə tutdular. Onlar at və qatırlarını buraxıb böyük çətinliklərlə daşların arxasıyla gəlib Qalaya çatdılar. Gələn kişilərdən birisi Qalaya çatan kimi çığıra-çığıra camaata xəbər verdi ki, ermənilər davaya gəlirlər. Camaat dükan-bazarı bağlayıb, cavanlar silahlanıb səngərlərə doluşurlar. Əhvalatı belə görən vilayət hakimi müsəlmanları sakitləşdirərək deyilənlərin hamısının yalan olduğunu söyləyir.

Bağlardan olan atlılar və piyadalar isə dalbadal erməni kəndlərini yandıra-yandıra gəlib Xoramord kəndinə çatdılar. O kənddə də xeyli erməni öldürüb evlərini yandırdılar, mallarını isə qənimət kimi ələ keçirdilər.

 

ƏLAVƏ: Bir neçə gün bu əhvalatdan qabaq dörd nəfər müsəlman Süleymanlı kəndi yaxınlığında yerləşən müşahidə məntəqəsinə yaxınlaşırlar. Həmin müşahidə məntəqəsində ermənilərin səngərləri var imiş. Hər gecə həmin səngərlərdə neçə nəfər erməni keşik çəkərmiş. Dörd nəfər müsəlman yavaş-yavaş həmin səngərlərə yaxınlaşaraq gördülər ki, dörd nəfər erməni yemək süfrəsi açıblar. Biri ağacda kabab bişirir, o biriləri isə süfrəni düzəldir və şərab şüşələrinin ağzını açırlar. Dörd ədəd tüfəngi isə kənarda baş-başa çatmışdılar. Müsəlman cavanları qəflətən sıçrayıb ermənilərin tüfənglərini ələ keçirdilər və yenə də cəld səngərlərə girib tüfəngləri ermənilərə tərəf tuşladılar. Ermənilər baş verən hadisədən dəhşətə gələrək müsəlmanlara yalvarmağa başladılar ki, bizi öldürməyin, patrondaşları da sizə verəcəyik. Ermənilər patrondaşları çıxarıb atdılar. Müsəlmanlar patrondaşları götürdükdən sonra ermənilərin dördünü də güllələyib kəndlərinə qayıtdılar.

 

 

 MALIBƏYLİ ƏHVALATI

 

Şəvval ayının 17-si, cümə axşamı Şuşakənddən, Daşkənddən, Muxətərdən, Keşişkənddən və Daşaltıdan neçə yüz erməni yığılaraq qımdatlarlaməsləhətləşib belə qərara gəldilər ki, müsəlmanların qüvvələrini zəiflətmək məqsədilə kəndlərdən onları qovub təmizləsinlər. Bundan sonra Qalaya hücum çəkib müsəlmanların müqavimətini sındırmaq asan olacağını söylədilər. Ermənilər tökdükləri tədbirlərə əsasən birinci Məlıbəylinin üstünə hücum çəkib oranı tar-mar etmək, ev-eşiklərini yandırıb mallarını qarət etmək fikrində idilər.

Ermənilər bu məqsədlərini həyata keçirmək üçün səhər tezdən Malıbəylinin üzərinə hərəkət etdilər. Bu hücumda neçə yüz adam və kəl arabaları iştirak edirdi. Onlar kəl arabalarını müsəlmanların mallarını qarət edib aparmaq üçün gətirirdilər. Ermənilər Məlıbəylini qiblə və qərb tərəfdən mühasirəyəaldılar. Hücum səhər tezdən olduğuna görə səngərdə olanlar yatmışdılar. Kəndin səhər tezdən oyananları hücumdan xəbərdar olub başqalarına da məlumat verdilər. Səngərdə dayanmış müsəlmanlar bu qədər ermənini görən kimi bir-iki güllə atdılar. Ermənilər isə hər səngərə yüzə qədər tüfəngdən atəş açdılar. Odur ki, səngərdəkilər atəşin belə çoxluğundan vəhşətə gəlib səngərlərdən kəndin içərisinə qaçırdılar. Ermənilər isə səngərləri tutaraq kəndə daxil oldular. Onlar Hacı Təhmurəzin evini ələ keçirərək hər tərəfdən ona od vurdular. Qımdatlardan ikisi sevincindən evin balkonunda şadlıq edirdilər. Belə ki, biri əl açıb, o birisi oynayırdı. Bu zaman Məlıbəylininin igidləri və tüfəngdarları əhvalatı belə görən kimi nərə çəkib hər tərəfdən ermənilərin üzərinə hücum çəkdilər. Bir cavan müsəlman Hacı Təhmirəzin evinin balkonunda oynayan ermənini sinəsindən nişan alaraq elə vurdu ki, erməni bircə dəfə çığırıb yerə yıxıldı. Həmin cavan bir güllə də çəpik çalan qımdata vurdu. O da bərk qışqırıb o biri erməninin yanına yıxıldı.

Müsəlmanlardan bir atlı Xankəndinə, o birisi isə Qalaya xəbər gətirib onlardan kömək tələb etdilər. Dərhal Qalada cavan müsəlman döyüşçüləri toplaşaraq Ağa Şamil və Bəşir bəyin rəhbərliyi altında Məlıbəyliyə tərəf yollandılar. Xankəndindən isə bir dəstə müsəlmanlar kazaklarla birlikdə Məlıbəyliyə gəldilər. Qaladan və Xankəndindən kömək gələnə kimi Məlıbəyli cavanları hər tərəfdən ermənilərin üzərinə hücuma keçmişdilər. Hər iki tərəfdən güllə yağış kimi yağırdı. Hacı Təhmirəzin evinin balkonunda iki qımdat öldürüldükdən sonra ermənilər qaçmağa başladılar. Müsəlmanlar onları təqib edərək gülləyə tuturdular. Bu təqib zamanı daha doqquz erməni öldürüldü, neçəsi isə yaralandı.

Ermənilərin Məlıbəyliyə hücumunun başlanğıcında Hacı Təhmirəzin evinin yanında vuruşma gedərkən müsəlmanlar evi hər tərəfdən gülləyə tuturdular ki, ermənilər oraya daxil olmasın. Bu zaman ermənilərin əlinə düşməsin deyə evin bəzi qiymətli əşyalarını yığıb özləri ilə aparmaq istəyən iki övrətin erməni olduğunu güman edən müsəlman cavanları səhvən onları da vurub öldürmüşdülər.

Ermənilər Məlıbəylidən çıxarıldıqdan sonra Xan kəndindən və Qaladan gələn dəstələr gurultu ilə Məlıbəyliyə daxil oldular və onlar Məlıbəyli müdafiəçilərinə qoşularaq salavat və “Ya Əli!” nərələri çəkib cəsarətlə ermənilərin üzərinə hücum çəkdilər. Ermənilərin gülləbaran edilməsi nəticəsində daha on beş erməni öldürüldü. Ermənilər vəziyyəti belə görən kimi pərən-pərən olub qaçmağa başladılar. Həmin həlak olan 15 nəfərin meyidini də götürüb kənarda saxladılmış və qənimət üçün gətirilmiş arabalara qoyub apardılar. Hacı Təhmirəzin evində öldürülmüş 9 erməni meyidi isə oradaca evlə birlikdə yanmışdı. Qaçan erməniləri müsəlman döyüşçüləri gülləbaran edə-edə təqib edirdilər. Sonra daşların dibində, çökək və çuxur yerlərdə ölən ermənilərin meyidlərini saydılar. Onların miqdarı 80 nəfərə çatmışdı. Müsəlmanlar tərəfdən isə bu davada ölənlər Hacı Məhəmmədin bir cavan oğlu və Hacı Təhmirəzin evindəki iki övrət olmuşdur.

Hacı Təhmirəzin evində öldürülmüş 9 nəfər ermənidən beşi kazak çinovniki paltarları geyiniblərmiş ki, müsəlmanlar onları kazak bilib atəş açmasınlar.

 

  

QAYBALI KƏNDİNİN ƏHVALATI

 

Xəlfəlilər belə bir tədbir görmüşdülər ki, şəvval ayının 18-də gecə qəflətən Qaybalı kəndinin üzərinə hücum edərək oranı darmadağın etsinlər. Bir naxələf, zatı qəliz müsəlman gedib Qaybalı ermənilərini xəlifələrini tədbirindən xəbərdar edir. Ermənilər tədbirdən xəbərdar olan kimi Qalaya və kəndlərə adamlar göndərib tezliklə kömək göndərmələrini tələb edirlər. Hər yerdən ermənilər cəm olub Qaybalıya gəlirlər. Köməyə gələn ermənilər iki yerə bölünərək bir qismi kəndi mühafizə etmək üçün orada qalır, digər qismi isə silahlarını götürüb başqa bir yerdə gizlənirlər. Gecədən 4 saat keçdikdən sonra 30-40 nəfər xəlfəli və neçə nəfər kürd tayfasından hamısı silahlı Qaybalının üzərinə hücuma keçdilər. Onlar əvvəlcə iki dənə mərəyə od vurdular. Ondan sonra kəndi gülləyə tutdular. Kənd əhli hücumdan qabaqcadan xəbərdar olmasına baxmayaraq, nalə və fəryadları göyə ucaldı. Onların bir parası tüfəng atmağa, qışqırıq salmağa və bir parası isə yalvarıb Həzrəti Abbası köməyə çağırmağa başladılar. Xülasə, bunları gülləbaran edib atışırdılar. Ermənilərdən 11 nəfər qətlə yetirilmişdi ki, bu vaxt pusquda durmuş ermənilər Qaybalı yaxınlığında yerləşən bir neçə müsəlman evlərinin üzərinə hücum çəkdilər. Bu evlərdə yaşayan müsəlmanların babası laçınlı Məhəmməd ləğəbi daşımış məşhur aşpaz olmuşdu. Ermənilər həmin laçınlıların evlərini gülləbaran etməyə başladılar. Onların aş qazanlarına da od vurub yandırdılar. Əhvalatdan xəbərdar olan kimi müsəlmanlar Qaybalıdan qayıdıb laçınlılara köməyə gəldilər. Onlar erməniləri gülləbaran edərək oradan qovdular. Nəhayət, atışma dayandı və sakitlik yarandı.

 

  

20 ŞƏVVAL 1323 (1905)-Cİ İLDƏ PİRƏMƏKİDƏ BAŞ VERƏN ƏHVALAT

 

Bu günlərdə Qala igidlərindən və gözətçilərindən ibarət müsəlmanlar atlanıb Məlıbəyliyə gəldilər. Oradan da bir neçə gənc bələdçilər bunlara qoşulub atlarını birbaşa Pirəməki deyilən yerə sürdülər. Pirəməki Şuşakənd ermənilərinin ot-ələf və əkinçilik yerləri idi. Həmin yerdə böyük-böyük ot tayaları var idi. Ermənilərin biçib yığdıqları 150 tayaya və neçə mərəklərə, talvarlara od vurub yandırdılar. Ot tayalarının alovları Qaladan görünürdü. Tayalar yandırıldıqdan sonra müsəlmanlar rus kazakları ilə sözü bir yerə qoyub Pirəməkidəki bütün məxzənlərdə və quyularda olan arpa və buğdanı çıxarıb arabalara yükləyib özlərinə mal etdilər.

Həmin günün sabahı divan əhli Pirəməkiyə gəldi. Ətrafı, dağları və meşələri təftiş etməyə başladılar. Təftiş zamanı Məlıbəylidə baş vermiş erməni-müsəlman davası nəticəsində həlak olmuş iyirmi nəfər erməninin meyidini tapdılar. Onların hamısının patrondaşları əyinlərində, tüfəngləri isə yanında düşüb qalmışdı. Bunların əksəriyyəti yaralı olduğundan qaçıb özlərini xilas etmək istəyiblərsə də mümkün olmayıb. Hərəsi bir yanda yıxılıb ölüblər. Ermənilərin divana verdiyi məlumata görə,107 nəfər erməni ölmüşdü.

Təəccüb və təəssüf doğuran budur ki, erməni milləti bu qədər can və mal xəsarətinə düçar olsalar da, tuduqları əməldən bir nəticə çıxarmayıb nə peşiman olurlar, nəı də qəflət yuxusundan ayılırlar. Hər şəhərin və hər kəndin içində, ömrü boyu öz əməyi ilə iki qara pul qazanmayan və həmişə fitnə-fəsadlar törədərək milləti min cürə bəlalara düçar edən qımdatlar yazıq sadə erməniləri hədələyərək onların zəhmətlə qazandıqları pullarını min bəhanə ilə əllərindən alıb ciblərini doldurur və kefləri də istəyəndə min cür hiylələr işlədib həm onları, həm də başqalarını öldürürdülər. Övrət və uşaqlarını isə ac və yalavac, gözləri yaşlı qoyurlar.

 

 

İRƏVANLI  ERMƏNİ  HƏMZATIN ƏHVALATI

(24 şəvval 1323-cü il)

 

Cavanşir eli tərəfdən dalbadal kağızlar gəldi ki, neçə yüz müsəlman atlısı yekdil olub erməni kəndlərinə basqınlar edirlər. Onlar hansı kəndə girirlərsə, ermənilərə səngərlərə girməyə fürsət vermirdilər. Onlar əvvəlcə Sərab adlı kəndə daxil olaraq “Ya Əli!” nərəsi çəkə-çəkə ermənilərin üzərinə hücum çəkdilər. Ermənilər bu hücumdan vəhşətə gələrək elə karıxdılar ki, müqavimət göstərməyə qüdrətləri çatmadı. Ermənilər pərən-pərən olaraq əllərinə nə keçdisə götürüb hərə bir tərəfə qaçdı. Bir qismi isə məxfi yerlərdə gizləndilər. Sərab kəndindən sonra müsəlman atlıları Başkəndə, sonra Marağa kəndinə, oradan isə Çaylı kəndinə hücum etdilər və ermənilərə böyük zərbə endirdilər. Müsəlmanlar birdən gördülər ki, onların qarşısına bir-iki erməni qımdatının rəhbərlik etdiyi bir zor dəstə çıxdı. Onlara rəhbərlik edənlərdən biri İrəvan əhlindəın olan erməni Həmzat idi. Bu Həmzat neçə-neçə fitnə-fəsadlara və nahaq qanların tökülməsinə bais olmuşdu. Belə ki, İrəvan tərəfdə və Osmanlı dövlətində bir çox iğtişaşların yaradılmasına o rəhbərlik etmişdi. O, Şuşa şəhərinə üç il əvvəl gəlibmiş. Həmzat əvvəlcə özünü qabiliyyətli bir zərgər kimi qələmə verərək müsəlman bazarında zərgərlik dükanı açır. Buna görə də Qarabağın əyanlarının çoxu özləri və qadınları üçün hazırlatmaq istədikləri zinət şeylərini Həmzata sifariş verirdilər. Həmzat isə gizlincə müsəlmanlara qarşı iş aparırdı. O, şəhərdə və kənddə yaşayan ermənilərin birliyinə nail olmaq üçün böyük qımdatların köməyi ilə Osmanlı ermənilərindən gətirdiyi vərəqələr və qəzetlər vasitəsi ilə təbliğat işi apararaq onlarda müsəlmanlara qarşı nifrət yaratmağa çalışırdı. Həmzat müsəlmanların və dövlətin ziddinə iş aparmaqla bərabər, ayrı-ayrı siniflərdən qımdat dəstələrinin yaradılmasına nail olduqdan sonra erməni tayfasının dövlətlilərindən böyük miqdarda pullar toplamağa başladı. O, müəyyənləşdirmişdi ki, filan erməni dövlətlisi qımdat divanxanasına bu qədər məbləğdə pul verməlidir. Əgər o şəxs sözsüz-danışıqsız müəyyən edilmiş pulu verirdisə, canını qurtarırdı. Əks halda, yəni pulu vermədikdə həmin şəxs qımdatlar tərəfindən qətlə yetirilirdi. Beləliklə də, onlar çoxlu miqdarda pul topladılar. Həmzat və onun silahdaşları pul toplamaq məqsədilə oğurluqdan da çəkinmirdilər. Belə ki, bir gün iki-üç nəfər dövlət poçtundan xəzinəyə 43 manat pul və nə qədər veksel apardıqları zaman qımdatlardan bir neçəsi hücum çəkərək onları öldürmüş və pulları isə aparmışlar. Qımdatlar 43 min pulu apardıqdan sonra daha da tamahlanaraq bir neçə rus böyüklərini öldürdülər. Divan adamları Həmzatın bu əməllərindən və neçə gizli məktublarından xəbərdar olduqdan sonra onu həbs etdilər. O, həbs olunduqdan sonra müsəlman əyanlarından o günədək aldığı qızılların hamısını mənimsəyərək heç kəsə bir qram belə qızıl qaytarmadı. Bir neçə aydan sonra o, həbsxanadan buraxıldı. Həmzat özünə bir at alıb bir neçə qımdatla birlikdə kəndistan yerlərinə gedərək erməni dəstələri yaradıb, əhalini dövlətin ziddinə əməllər törətməyə təhrik edirdi. Bir qədər qüvvətləndikdən sonra isə müsəlmanlarla dava etməyə başladılar. Dövlət onun tutulması üçün neçə dəfə kazaklar göndərsə də, müsəlmanlar ona qarşı mübarizəyə qalxanacan nail olmadı. Müsəlmanlar Həmzatın dəstələri ilə uzun atışmadan və onların sıralarına böyük zərbələr endirdikdən sonra məğlubiyyətə düçar oldular. Bu döyüşdə böyük bir erməni qımdatı da öldürüldü. Ermənilər dərhal həmin qımdatın başını kəsib torbaya qoyaraq onun atı və sursatını özləri ilə birlikdə apardılar. Müsəlmanlar güman etdilər ki, ermənilərin başını apardıqları böyük qımdat Həmzat olmuşdur. Lakin sonra məlum oldu ki, o deyilmiş.

 

 

 

PAPRAVƏND KƏNDİNİN ƏHVALATI

 

Müsəlmanların yaşadığı Papravənd kəndi erməni kəndləri ilə əhatə olunmuşdu. Ermənilər burda özlərinin çoxluğuna arxalanaraq ətrafdakı erməni kəndlərindən böyük bir dəstə yaradaraq Mirzə bəy adlı erməni qımdatının rəhbərliyi altında qəflətən hücum edərək Papravənd kəndini mühasirəyə aldılar. Hücum sübh tezdən olduğuna görə kənd əhlinin əksəriyyəti tamam yuxuda, bəziləri isə sübh namazında idilər. Ermənilər kəndi mühasirəyə alarkən bir çoban hündür bir yerdə qoyun otarırdı. Ermənilərin Papravəndə hücumunu görən çoban qoyunları orada buraxıb müsəlman kəndlərinə qaçaraq xəbər verdi ki, ermənilər Papravəndə hücum ediblər, onlara kömək etmək lazımdır... Müsəlmanlar xəbəri eşidən kimi silahlanıb, atlarına minərək Papravəndə tərəf çapdılar. Onlar kəndə çatan kimi salavat nərəsi çəkərək erməniləri arxadan mühasirəyə aldılar. Arxadan və qabaqdan ermənilərə endirilən şiddətli zərbə nəticəsində onların arasında böyük tələfat oldu. Erməni dəstəsinin qarşısında durub atışan və ermənilərə göstəriş verən qımdat Mirzə bəyə birdən dörd güllə vurdular. O, çığırıb yerə sərildi. Onun öldürüldüyünü görən ermənilər qaçmağa başladeılar. Müsəlmanlar onları təqib edərək bir qismini öldürürdü, bir qismini isə yaraladılar. Ermənilərin sağ qalanları dağlarda və meşələrdə gizləndilər. Müsəlmanlar ermənilərin qarət üçün gətirdikləri kəl arabalarını qənimət kimi ələ keçirdilər.

 

 

ƏSGƏRAN  ƏHVALATI

 

Ermənilər Papravənddə böyük məğlubiyyətə düçar olduqdan sonra qımdatlar belə qərara gəldilər ki, hücum etmək onlar üçün əlverişli deyil. yaxşısı budur ki, yolları kəsib müsəlmanların gediş-gəlişinə mane olaraq, şəhəri bir növ mühasirədə saxlasınlar. Bu məqsədlə onlar ayrı-ayrı dəstələr düzəldib Əsgəran qalası ətrafında gizli mövqelərdə yerləşdirdilər. Bu dəstələr yol ilə gəlib-gedənlərə güllə atmağa başladılar. Buna görə də yollardan gediş-gəliş kəsildi, kirəkeşlər və arabaçılar üçün hərəkət mümkün olmadı.

Digər tərəfdən isə Rusiya vilayətində və Tiflisdə iğtişaş və tətillərin olması üzündən teleqraf və poçt işləmirdi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info