1905-1906-Cİ İLLƏRDƏ ERMƏNİ-MÜSƏLMAN DAVASI
Xülasə, ikinci səngərin cavanları ermənilərə güc gəlib onları geri oturtduqdan sonra gördülər ki, iki erməni övrəti və bir erməni kişisi “Ya Həzrəti Abbas!” deyə-deyə müsəlmanlara tərəf gəlirlər. Kənd yerindən gəlmiş müsəlmanlardan biri onların üstünə bir neçə güllə atdısa da, onların heç biri dəymədi. Buna kimi onlar səngərlərə çatdılar və ağlaya-ağlaya “Ya Həzrəti Abbas, bizə kömək ol!”, deyə müsəlmanlardan aman istədilər. Bu üç erməni əsirini gətirib bizim evə (M.M.Nəvvabın evinə) qoydular. Ermənilərlə müsəlmanlar arasında barışıq olduqdan neçə gün sonra həmin ermənilər öz yerlərinə getdilər. Erməni kişisinin adı Baxış, övrətdən birinin adı Bənövşə, o birinin adı isə Zəri imiş. Müsəlmanlar hər ləhzə “Ya Əli!” nərəsi çəkə-çəkə səngərdən-səngərə irəli gedib hər saat qələbələr əldə edirdilər. Abbas bəyin dəstəsi yürüşünü davam etdirərkən yolunda evləri odlaya-odlaya Manas Muğdusi oğlunun evinə kimi çatdılar. Mir İbrahim və Ağa Şəmilin dəstələri isə litoqrafiya çapxanasına çatmışdılar. Dördüncü və beşinci səngərlərə rəhbərlik edən Əfrasiyab və Məşədi Abış bəy öz dəstələri ilə sudxana istiqamətində hücuma keçərək gəlib oraya çatdılar. Bu dəstələrin igidləri ermənilərin üzərinə yürüş edərkən cənab qubernator durbinlə vuruşa baxırmış. Müsəlmanlar əllərində tüfəng əyilə-əyilə gedib ermənilərin səngərlərinə daxil olaraq onları gülləbaran etdiyini görən qubernator əl-ələ vurub təəccüblə demişdi: - Bu hünər heç yaponda da olmayıb. Heç bir nizam görməyən bir millətin belə bir hünər göstərərək səngərlər tutması çox qəribədir. Kəndistan yerindən gəlmiş igidlər və yerli cəngavərlər bir-birinin ardınca küçələri və səngərləri tutduqca şur və fəğan, “Ya Əli!” sədası, “Ura-ura!” səsləri və tüfəng gurultusu fələyə qalxırdı. Odlanan dükanlar və evlər hər tərəfdə alışıb yanırdı. Xüsusən taxtalarla dolu olan bir neçə dükanın alovu fələyin yanına qalxmışdı. Belə ki, həmin dükanların alovu dörd ağac məsafədən görünürmüş. Kərgicahan kəndinin adamları deyirdi ki, həmin gün yanğın vaxtında saysız-hesabsız yarım yanmış kağızlar dalbadal kəndin üstünə tökülürdü. Müsəlmanlar Manas Muğdusi oğlunun evinə, yuxarı meydanın üstünə və Xublar oğlunun şirəxanasına kim bütün dükan və evlərə od vurub yandırmışdılar. Eləcə də dərədə olan neçə mərtəbəli evlər, dükanlar var karvansara tamam od tutub yanırdı. Üçüncü səngərin adamları da kilsənin qiblə tərəfindən basmaxanaya qədər evlərə və dükanlara od vurmuşdular. Təzə kilsənin ətrafındakı evlər də yandırılmışdı. Dördüncü səngərin əhli Cəmşid bəyin evinin dövrəsində olan imarətlərə vurduqları alovdan Cəmşid bəyin və Şahnəzərovların mülklərinə, üxbəüzdə olan evlərə, o cümlədən Ümrüd bəyin, Xandəmir oğlunun, Cavad bəyin və Ümrüd bəyin oğlanlarının evlərinə də od vurub yandırmışdılar. Bundan əlavə, sudxana və Duma divanxanası, xülasə bu qəbildən böyük evlər və ətrafında da olan imarətlər, dükanlar tamam alışıb yandı. Kilsələr məbədgah olduğuna görə onlara toxunmayıb od vurmadılar. Buna baxmayaraq, bir neçə tərəkəmə darvazaya od qoyub kilsəni yandırmaq istəyərkən şuşalılar onu söndürüb onlara acıqlanaraq demişlər:
ƏLAVƏ: Bunu da bilmək lazımdır ki, ermənilər Xəlfəli qapısının müsəlman evlərini, o cümlədən köçərlilərin, kazakların, Süleymanın, Allahverdinin, Məşədi İsmayılın evlərini, sud də Duma divanxanalarını yandırmışlar. Davadan əvvəl ermənilər sud və Duma divanxanalarını yandırıb günahı müsəlmanların üstünə yıxmaq istəyirdilər. Məhz dava başlanarkən həmin imarətləri yandırdılar ki, müsəlmanlar müqəssir hesab olunsun. Elə ki, bu evlər yanmağa başladı, onların alovları və qığılcımları qərb tərəfə - erməni məhəlləsi tərəfə yönəldi. Vahid Allahın iradəsi ilə od alovun hərə tərəfə yayılmasının nəticəsi olaraq erməni məhəllələrinin əksər evləri, imarətləri və dükanların içində olan əşyaları və malları tamam yanıb, divarlardan başqa bir şey qalmadı.
KƏRBƏLAYI ƏSGƏNDƏRİN ƏHVALATI
Kərbəlayı İsgəndər adlı bir şəxs mənə danışdı ki, dava günü biz üç nəfər yuxarı erməni bazarına çıxmışdıq. Bir də gördük ki, ermənilər bir-birinə qarışaraq dükanları bağlayır, əllərində tüfəng və tapança küçələrə çıxır, harada müsəlman görürdülərsə gülləyə tuturdular. Heç nədən xəbərləri olmayan silahsız müsəlmanlar isə bu hücumun qarşısında hərəsi bir tərəfə qaçırdı. Bəzisi qaçıb qurtarır, bəzisi yaralı canını qurtarmağa cəhd göstərir, bir qismi isə yaralı yıxılıb qalırdı. Biz üç nəfər də bu vəziyyəti görüb dəhşətə gəldik və qaçmaq istədik. Lakin gördük ki, bütün dükanların qarşısında silahlı ermənilər dayanıbdır. Əgər qaçsaydıq, bizi hər tərəfdən gülləbaran edəcəkdilər. Əlacsız qalıb orada olan bir müsəlman papaqçı dükanına girdik. Dükanın sahibi Aslay adlı bir nəfər idi. Aslan durub tez dükanın qapısını çəkib içəridən bağladı və arxasına böyük şeylər qoydu ki, açılmasın. Bunu görən ermənilər tez qaçıb dükanı gülləyə tutdular. Güllələr qapını deşib içəri keçirdi. Biz isə içəridə hərəmiz bir divar dibinə qısılıb qalmışdıq. Mən birthəər qalxaraq dükanın arxasındakı taxtanı çıxartıqdan sonra ona bitişik olan ikinci dükana keçdik. Həmin dükanın sahibi də dükanı bağlayıb getmişdi. Gördük ki, dükanda bir dəstə lavaş və yanında da dolu bir qab su var. Sudan bir az içdik. Sonra fikirləşdik ki, nə edək. axşam düşəndən sonra lavaşdan bir qədər yeyib sudan içdikdən sonra həmin dükanda gecələməli olduq. Lakin yata bilmədik. Sübh olan kimi mən qalxıb o dükanın bir tərəfinin divarının üstünü açdım. Mənimlə orada olanlardan birisi dəmirçi Süleyman, o birisi isə Cəmil adlı bir şəxs idi. Mən divarın üstündən aşdığım yerdən gördüm ki, bazar-dükan, ev-eşik tamam od-tutub yanır. Alov artıq biz olan dükana yetişirdi. Amma bazarda bir nəfər də olsun erməni görünmürdü. Onların hamısı böyük meydana yığılıbmış. Müsəlmanların da “Ya Əli” sədası eşidilirdi. Mən alovun yaxınlaşdığını görüb özümü birtəhər açdığım yerdən bayıra atdım. Yoldaşlarıma da xəbər verdim ki, tez bayıra çıxsınlar, od-alov artıq dükana çatır. Onlar hərəkət edib divara çıxana kimi od-alov dükanı bürüdü. Onlar karıxaraq ikisi də divarın üstündən dükanən içəri tərəfinə yıxıldılar. Mən böyük çətinliklə divarların dalı ilə gəlib evimizə çatdım. Gördüm külfətim hamısı ağlaşırlar. Bir qızım özünü saçından asıb Allaha duva edirdi. Elə ki, məni gördülər, hamısı ayağıma düşdülər.
ŞÜKÜR BAQQALIN ƏHVALATI
Yuxarıda deyilənlərdən daha qəribə bir əhvalat qalalı Şükür Kərbəlayi Allahverdi oğlunun başına gəlmişdi. Bu haqda o belə danışır: - Mən və qardaşım Həsənin yuxarı erməni meydanında baqqal dükanımız var idi. Dükanlarımız quru meyvə ilə dolu idi. Alış-verişimiz də yaxşı gedirdi. Günlərin bir günündə (yəni dava başlanan günü) bir də gördük ki, nə qədər dükanlarda alış-veriş edən erməni vardısa, hamısı bir-birinə qarışıb hay-küy yarandı. Sonra isə dəstə-dəstə olub müxtəlif səmtlərə getdilər. Ermənilərdən sual etdik ki, nə hadisə baş verib? Onların heç biri cavab vermədi. Bu vaxt mən gördüm ki, atlı qımdatlardan birisi tələsik gəlib erməni dükan sahiblərinə nə dedisə, onlar o dəqiqə dükanları şaraqqaşaraqla bağlayıb, dəstə-dəstə olub əllərində tüfəng və tapanca hər tərəfə yayıldılar. Gənclər meydanına və bazara doluşan əli silahlı ermənilər harada müsəlmanlara rast gəlirdilərsə, gülləyə tuturdular. Burada dükanı olan Əli Molla Məcid oğlu adlı bir cavan vəziyyəti belə görüb qaçıb mənim dükanıma gəldi. Mən isə dükanı bağlamağa fürsət tapmayıb Əli ilə birlikdə dükanın arxasında yerləşən zirzəmiyə girdik. Bizim buraya girməyimizi görən ermənilər zirzəmini mühasirəyə alıb atəşə tutdular. Mənim də içəridə bir tapançam və on beş gülləm var idi. Mən də başladım onlara cavab atəşi açmağa. Çartaz əhlindən bir erməni cəsarətlə istəyirdi ki, zirzəmiyə tərəf gəlsin. Həmin dəm tapança ilə onun sinəsindən vurdum. Erməni çığırıb yıxıldı. Cavab atəşinin və çartazlının öldürülməsini görən ermənilər qorxudan geri çəkilib uzaqdan atəş açmağa başladılar. Mənim yanımda çoxlu tüfəng gilizləri var idi. Hər dəfə tapançadan atəş açarkən həmin gilizlərdən birini dərhal bayıra atırdım. Onlar tüfəng gilizlərini görüb xəyal edirdilər ki, məndə tüfəng var. O gecə oğlanla birlikdə bu qərar ilə zirzəmidə qaldıq. Zirzəminin bir tərəfində dəmirdən bir pəncərə var idi. Həmin pəncərəni çox böyük zəhmətlə sökərək çixartdıq. Həmin pəncərə ilə üzbəüz bir anbar var idi. Həmin pəncərədən anbarın taxtapuşuna çıxaraq oradan içəri endik. Böyük həcmli olan anbarın içərisi müxtəlif əşyalarla dolu idi. Dəmir sac və aftafalar daha çox idi. Oğlan yalvardı ki, mən bir küncdə gizlənim, sən isə dəmir sacları mənim ətrafıma düz ki, güllə dəyməsin. Sonra oğlan bir bucağa qısıldı, mən isə sacları onun ətrafına düzdüm. Başqa səmtə gələrək gördüm ki, bir zirzəmi var. Onun qapısına böyük bir qıfıl vurulmuşdu. Yerdən daş parçası götürüb onunla qıfıla bir neçə zərbə endirərək sındırdıqdan sonra zirzəmiyə girdim. Zirzəmidə çoxlu və böyük parça tayları var idi. Həmin parça taylarından bir neçəsinin götürüb qapını örtüb onun arxasına qoydum. Bundan sonra vir az sakitləşdim. Zirzəmidə o yan-bu yana baxaraq içərini axtardıqdan sonra gördüm ki, ağzı örtülü bir küpə var. Küpəni açanda onun içərisində qatıq olduğunu gördüm. Şükr edib qatıqdan bir az içdikdən sonra özümə gəldim. Üç gün idi ki, ermənilər hər tərəfdə müsəlman axtara-axtara gəlib həmin anbara doluşdular. Anbarın hər tərəfini yoxladıqdan sonra oğlanın orada olduğunu hiss etdilər. Sonra sacları o tərəf-bu tərəfə atıb Əlinin orada gizləndiyini gördülər. O dəmdə hər tərəfdən atəş açıb onu öldürdülər. Ermənilər tüfəngin səsinə anbara gəlirdilər. Ermənilər oğlanı öldürdükdən sonra oradakı aftafalardan bir neçəsini götürüb onun başına vuraraq əzdilər və bütün bədən üzvlərini kəsdilər. Ermənilər oğlanın cəsədinə olmazın işgəncələr verdikdən sonra mən gizləndiyim yerə tərəf gəldilər. Qıfılın sındırıldığını görüb içəridə adam olduğunu bildilər. Onlar zirzəminin qapısını açmaq istəyərkən mən pəncərədən bir güllə atdım. Güllə bir erməninin dodağına dəyib dişlərini tökdü. Həmin erməni çığırıb qaçdı. O biriləri də tez qapədan uzaqlaşdılar. Ondan sonra Mesrop adlı tanıdığım bir erməni gəlib divarın dalından məni dilə tutaraq dedi ki, ağa Şükür, sən çölə çıx, mən səni ermənilərdən qoruyaram, qoymaram ki, sənə əl vursunlar. Mən müsəlmanların çörəyini yemişəm. Mən sənə xəyanət etmərəm. Mən ona cavab verdim: - Siz erməni tayfasına inanmaq olmaz. Sən deyirsən ki, artıq müsəlmanlarla barışıq etmişik. Əgər doğru deyirsənsə, get qazini və ya Xosrov bəyi gətir, ondan sonra mən buradan çıxaram. Bunu eşitcək Mesrop acıqlanıb qazi və Xosrov bəyin ünvanına söyüşlər yağdırdı. Mən də cavab olaraq Mesropun özünü və keşişlərini söydüm. Bu minvalla qatıqdan az-az içib vaxtımı keçirirdim. Beşinci gün bir də gördüm ki, qardaşımın səsi gəlir, musiqi səsi də eşidilirdi. Eşiyə çıxıb qardaşımla evə gəldim. O insafsız erməni tayfası dükanda olan nəqd pulu və malları, o cümlədən çuval-çüval quru meyvələri və digər satış mallarının hamısını talan və qarət etmişdilər. ... Xülasə, sözümüz həmin yerdə qaldı ki, müsəlman igidləri irəliləyərək ermənilərin evlərinə od qoyurdular. Od-alov yuxarı qalxdıqca ermənilər geri qaçırdı, səngərləri isə boş qalırdı. Müsəlmanlar isə onların səngərlərini ələ keçirib, darmadağın edir və yandırırdılar. Müsəlmanlar hər tərəfdən irəliləyərək ermənilərin mövqeyini ələ keçirirdilər. Onlar Böyük kilsəni, Aşağı meydanı və Qpanı dda tutdular. Ermənilərin kişi, övrət və uşaqları üz qoydular qaçmağa. Onların bir parası Üçmıxdan Daşaltı tərəfə qaçdılar. Bir qismi isə əlacsız qalıb övrət – uşağını götürüb rus qazarmasına qaçıb doluşdular. Qazarma dolduğundan rusların böyüyü əsgərlərə əmr etdi ki, daha oraya heç kimi buraxmasınlar. Bu halda qımdatlardan biri olan Baxış bəyin oğlu Kolya, bir neçə övrət-uşaqla əlində tüfəng, üstündə patrondaşlar dolu halda qazarmaya gəldi. Ermənilərin dediyinə görə, Kolya dünyaya gələndən ondan mərdüməzarlıqdan başqa yaxşı iş görməyiblər. O, rəngi qaçmış, titrəyə-titrəyə qazarmaya gizləndi. Davanın dördüncü günü bütün səngərlərin igidləri söz bir olub tədbir etdilər ki, birdən “Ya Əli” nərəsi çəkib hər tərəfdən ermənilərin üzərinə hücuma keçib, onların axırıncı qüvvəsini darmadağın edib, bütün mülklərini yandırıb qələbə bayrağını kilsənin üstünə və Xəlifəli qapısına sancsınlar. Həmin gün isə erməni məhəlləsinin sakinləri həyəcanlı kədər və məlal içərisində teleqraf vurub rus dövlətindən xahiş edirlər ki, bu fəsadı söndürmək üçün cənabi – müstətab, sərkaribaiqtidar şəriətmədar Şeyxülislam cənablarını oraya (Qalaya) göndərsinlər.
ERMƏNİ XƏLİFƏSİNİN BÜTÜN KEŞİŞLƏRİLƏ BARIŞ ÜÇÜN MƏSCİDƏ GƏLMƏSİ
Xəlifə belə ki, gördü ermənilərin arvad-uşağı ağlaşa-ağlaşa töküldülər onun qapısına, tez durub kilsə paltarını geyib böyük xaçı, kilsələrin böyük keşişləri hər biri bir İncili əlinə alıb, kilsə paltarları əyinlərində, keşişlərin əllərində qiymətli bayraq, neçə ruslar qabaqda papaqları ağacın başında, naçalnik onların dalında və ermənilərin nümayəndələri bunların dalınca musiqi çala-çala gəldilər meydana doldular. Xəlifə qabaqca, keşişlər əllərində xaç və İncil və bayraqlar bir parası ağlaya-ağlaya məscid həyətinə daxil oldular ki, bizi əfv edin, bağışlayın. Həmin gün müsəlmanların əyan-əşrəfləri və böyük alimləri müəyyən bir işlə bağlı məscidə gəlmişdilər. Mən də (Mir Möhsün Nəvvab) bir vacib işlə əlaqədar oraya gəlmişdim. Məscidin həyətinə çatanda qonşuluqdakı qapı açıldı. Əvvəl ordan naçalnik çıxdı və mənə yaxınlaşıb əlimdən tutaraq “izvinite” sözünü deyib daxil oldu. Onun arxasınca gələn erməni xəlifəsi də mənim əlimi sıxaraq “bağışlayın” deyib içəri daxil oldulıar. Bu zaman cənab Hacı Molla Hüseyn qazi təşrif gətirdi. Onlarınardınca müsəlmanlar da məscidə daxil olub xəlifə və keşişlərlə görüşdülər. Bundan sonra xəlifə barışıq nitqinə başladı. Bir qədər sonra məsciddən çıxdılar. Cənab qazi və müsəlmanların əyanları da onlarla erməni meydanına tərəf yollandılar. Yenə qabaqda naçalnik və ruslar musiqi sədası altında erməni məhəlləsinə doğru hrəəkət edirdilər. Aman (sülh) bayraqlarından birini mən (Nəvvab) alıb iki ay məsciddə saxladım. Sonra keşişlər gəlib həmin bayrağı geri istədilər. Cənab Nəcəfqulu ağanın vasityəsilə həmin keşişlərdən bir qəbz almaqla bərabər, həm də bayraqla birlikdə məscidin qarşısında Əfrasiyab şəklini çəkdirdim. Bunu mən ermənilərin üstümüzə böhtan atmaması üçün əyani dəlil kimi çəkdirdim. Ermənilərin bu növ siyasətinə və hiyləsinə inanmaq, eləcə də sülh məramına bel bağlamaq olmazdı. Çünki neçə dəfə bu qərar ilə məsciddə, kilsədə və qazinin evində bütün keşişlər, xəlifənin özü və erməni əyanları toplaşaraq çoxlu nitqlər söyləmiş, xütbələr oxumuş və dostluqdan danışmışlar. Amma axırı yenə mənasız olub. Belə ki, onlar, yəni ermənilər öz fitnə-fəsadlarından əl çəkməyərək xalqın rahatlığını kəsib onları qırğına düçar etmişlər. Üç gün bundan sonra cənab Şeyxülislam Şuşa şəhərinə təşrif gətirdi. Şəhər əhalisi onu böyük ehtiramla qarşıladı. Şeyxülislamı üç yüz atlı, hörmətli şəxslər, alimlər, erməni keşişləri və xəlifəsi, eləcə də erməni böyükləri faytonlarda, otuz nəfər atlı kazaklar sursatları ilə birlikdə müşayiət edirdilər. Onlar şəhərə daxil olaraq cənab qazinin evində qərar tutdular. Elə ki, sabah oldu, yenə alimlər, seyidlər, əyan-əşrəflər, ermənilərin xəlifəsi, keşişləri və əyanları cənab Şeyxülislamın hüzuruna gələrək xoş gəlsin etdilər. Bundan sonra Şeyxülislam buyurdu ki, ey erməni və müsəlman camaatı! Bir para başqa vilayətlərdə fitnə-fəsad işləri vəba xəstəliyi kimi yayılarkən məclislrdə və yığıncaqlarda mərifət əhli Şuşa qalasının erməni və müsəlman əhlinin mehriban dolanmağını misal gətirərək iğtişaş salanları məzəmmət edirdilər. Onlar Avropanın Paris şəhərində olan xoş davranışı Qafqaz şəhərləri içərisində Şuşa əhalisinin mehriban münasibətləri ilə müqayisə edirdilər. Mənə məlumdur ki, siz iki tayfa, yəni erməni və müsəlmanlar keçmiş zamanlarda qardaş kimi dolanmısınız. Hətta Məlik Şahnəzərin qızı Hurizad xanımı mərhum İbrahim xan özünə halal övrət edib, qohum olublar. Indi sizdən sual edirəm: bu fitnə-fəsada nə bais olur? Aranızda din-məzhəb davası, namus məsələsi yoxdur. Bəs nə üçün bir neçə şeytan cildinə girmiş insanların fitnə-fəsadına uyaraq bu qədər qanların tökülməsinə, malların tələf olub, mülklərin dağılmasına və yanmasına bais olursunuz? Qiyamət günü Allah-təalanın qarşısında bu bəd əməlləriniz üçün cavab verəcəyinizi unudursunuz? O, tezliklə zalım ilə məzlum arasında ədalətlə divan edəndir. Tövbə edib Allah yoluna qayıdın. Bir də belə fitnə-fəsadlar törətməyin. Fitnə-fəsad törətməyə çalışan bir para adamların sözünə qulaq asmayın. Onlar öz cahillikləri ilə sizin rahatlığınızı əlinizdən alıb, öz fitnələri ilə sizi qırğına verirlər. Bununla bir məqsədə və ali mərtəbəyə nail olmaq qeyri-mümkündür. Xülasə, o biri günm səhər tezdən cənabi-Şeyxülislam məscidə təşrif gətirdi. Yenə də erməni və müsəlmanlar məscidin ətrafına toplaşdılar. Şeyx həzrətləri burda da çıxış edərək onların bütün fitnə-fəsadlara son qoymalarını və mehriban dolanmalarını nəsihət etdi. Hərbi qubernator da camaata elan etdi ki, sizin aranızda gedən vuruşlara son qoymaq və hər iki tayfa arasında (erməni və müsəlman) sülhü bərqərar etmək üçün dövlət məni buraya qubernator təyin etmişdir. Hər hansı bir fitnə-fəsadda mən məzlumun tərəfində olub zalımı tənbeh edəcəyəm. Buna mənim səlahiyyətim var. Burdakı çıxışlardan sonra onların hamısı erməni kilsəsinin yanına gəldilər. Burda da erməni xəlifəsi və qubernator çıxış edib, hamını fitnə-fəsadlardan əl çəkib əmin-amanlığı təmin etməyə çağırdılar. Din xadimləri və qubernator bu iki tayfa arasında sülh yaratmağa çalışdıqları vaxt xəbər gəldi ki, Vəng tərəfdə ermənilər toplaşıb müsəlman köçərilərinin yolunu kəsiblər. Belə ki, min nəfərəcən əlsiz-ayaqsız övrət-uşaq, qoca kişilər və onların heyvanları yığılıb o tərəfdə meşədə qalıblar. Bu xəbər şhəərə çatan kimi, dərhal Ağdama və Bağlar əhlinə müxtəlif kağızlar yazıb göndərdilər. Dərhal altı yüzə qədər silahlı atlılar cəm oldular və üz qoydular Vəng tərəfə. Ermənilərin səngərlərinə bir güllə atımlıq məsafədə düşüb dəstələr təşkil etdilər. Ermənilər xəbərdar olan kimi qorxuya düşdülər və bir neçə ermənini onların hüzuruna göndərdilər ki, müsəlmanların gəlişlərinin səbəbini öyrənsinlər. Atlılar həmin ermənilərə bildirdilər ki, gəlmişik köçərilərin yollarını kəsənlərə layiqli cəza verək ki, bundan sonra bir də belə iş görməsinlər. Ermənilər dedilər ki, biz onların yolunu kəsməmişik. Ola bilsin ki, köç tayfası bizim ermənilərlə dava ediblər və bunun nəticəsində bir-iki adam ölübdür. Xülasə, atlılar köçərilərin yolunu açdılar, onlar sərbəst gəlib oradan keçərək öz oymaqlarına tərəf yollandılar. Həmin günün sabahı xəbər gətirdilər ki, erməni tayfası Əsgəran səngərlərinə girərək yolla gəlib-gedəni qəflətən güllə ilə vurub öldürür, yaxud yaralayırdılar. Həmin saat, yəni xəbər gələn kimi qubernatorun əmri ilə bir dəstə kazak Abbas bəy Talıb bəy oğlunu götürüb Əsgərana tərəf yollandılar. Kazaklar Abbas bəy Talıb bəy oğlu ilə bərabər, erməniləri həmin səngərlərdən çıxarıb dağıtdılar. Ermənilər isə Əsgəran səngərlərindən çıxarıldıqdan sonra onlar Xanabad kəndinə hücum edirlər. Onlar kənddə Həsənağa Süleyman xan oğlunun mülkünü, böyük və gözəl imarətlərini darmadağın edərək, mal-dövlətini talan etmişlər. Bundan sonra ermənilər Badara kəndinə hücum çəkirlər. Onlar həkim Mirzə Alahqulu oğlunun evini hər tərəfdən mühasirəyə alaraq od vururlar. Bu zaman Mirzə Alahqulu oğlu öz övladları Cahangir bəy və Kərim bəylə bu əhvalatdan xəbərsiz içəridə işlə məşğul idilər. Ermənilərin bir qismi isə içəri doluşaraq Mirzə Alahqulu oğlunu və övladlarını, eləcə də nökərlərini övrət-uşaqları ilə birlikdə qətlə yetirib mal-dövlətlərini talan etdilər.
ŞUŞA ŞƏHƏRİNİN ƏTRAFINDAKI KƏNDLƏRDƏ BAŞ VERƏN ƏHVALATLAR
Ermənilərin yuxarıda deyilən vəhşiliklərindən xəbər tutan kürdlər silahlanaraq bir neçə yüz atlı ilə üz qoydular Minkənd, Xınzirək və başqa kəndlərin üstünə. Onlar bu kəndləri darmadağın etdilər. Ermənilərdən bir qismi öldü, bir qismi qaçıb canını qurtardı, başqa bir qismi isə tüfənglərini atıb təslim oldular. O günün sabahısı mənim (Mir Möhsün Nəvvabın) yanıma bir cavan kürd oğlanı gəlib xəbər verdi ki, biz müsəlmanlar cəm olub birdən yüz evdən ibarət olan hərrad kəndinin üstünə hücum çəkdik. Bizim hücumun qarşısında tab gətirməyən ermənilər əlacsız qalıb tüfəng və patrondaşlarını atdılar və acizanə şəkildə təslim oldular. Oğlan dedi ki, indi Qaladərəsinin üstünə hücum çəkmək məqsədi ilə hazırlıq görürk. Həmin oğlan bacardığı qədər boş gilizlər alıb apardı və dedi ki, orada yaxşı patron qayıran var. Verəcəyəm bu gilizləri doldursun, çünki lazım olacaq. Həmin günlər cənab Şeyxülislam buyurdu ki, erməni tayfasından bir neçə mötəbər adam onun hüzuruna gəlsinlər. Həmin gün müsəlmanlar da oraya toplaşmışdı. Onlar gəldikdən sonra Şeyxülislam buyurdu ki, inşaallah, sabah mən getməliyəm. Yenə də hər iki tayfaya nəsihət edirəm ki, burada əmin-amanlığı pozmayaraq, əvvəlki kimi yenə də biri-birinizə ehtiram ilə yanaşaraq qardaş kimi dolanasınız. Ermənilərdən biri ayağa durub ərz elədi ki, bu böyüklükdə alovun üstünü pərdə ilə necə örtmək olar? Ermənilərin vaveylası aləmi bürümüşdü. Çox böyük hörmətlə cənablarınızdan xahiş eləyirik ki, getməyəsiniz. Bir-iki gün də burda qalasınız. Bəlkə, bu tayfa arasında sülhü bərqərar eləyəsiniz. Erməninin bu müraciətindən sonra müsəlman camaatı da cənab şeyxdən xahiş etdilər ki, Qalada bir neçə gün də qalsın. Bu müraciətlərdən sonra şeyx onların xahişini qəbul edərək bir neçə gün yenə şəhərdə qalmalı oldu. Həmin günün sabahı hər iki tayfanın xahişinə əsasən sülhü bərpa etmək məqsədilə hər tərəfdən iyirmi-otuz adamın iştirakı ilə əvvəl erməni kilsəsinə getdilər. Burada alimlər, xəlifə və keşişlər öz dini qanun-qaydaları ilə and içdilər ki, iki millət arasındakı ədavəti qızışdıranların fitvası ilə fitnə-fəsada qoşulmayacaqlar və hər iki tayfa arasında yaradılmış sülhü pozmayacaqlar. Bundan sonra hər iki firqə birlikdə məscidə gəldilər. Burada xütbələr oxunduqdan sonra cənab qazi müsəlmanları Qurani-Şərifə and içdirdi ki, heç kəs bu iki xalq arasındakı əmin-amanlığı pozmayacaq və heç bir fitnə-fəsada bais olmayacaqlar. Bu andiçmə mərasimindən sonra çox inadkar, nəhəq qanlara və fitnə-fəsadlara bais İrəvan əhlindən olan Həmzad adlı bir erməni öz ətrafına onun kimi cəlladları toplayaraq qəfil zəif müsəlman kəndlərinə basqın edirlər. Onlar əvvəlcə kəndin ətrafında olan bir para ot tayalarına od vurub yandırmışdılar. Kənd camaatı bu hücumdan xəbərdar olan kimi kəndin müdafiəsinə qalxaraq düşmənlə vuruş meydanına atılırlar. Ermənilər isə onlardan qorxaraq geri qaçmışlar. Onlar başqa müsəlman kəndlərinə də belə basqınlar edərək xalqın rahatlığına haram qatmışlar. Gah da həmin dəstə Əsgəran bürclərinə girərək gizlicə yoldan gəlib-gedən müsəlmanları namərdliklə vurub öldürürdülər. Öldürdükdən sonra isə qaçıb onun üstündə olan paltarını, pulunu və apardığı malını qarət edib, meyidini yandırırdılar ki, ondan əsər-əlamət qalmasın. Bundan əvvəl də bu iki tayfa arasında din-məzhəb üstə, yaxud böyük melklərdən ötrü münaqişə olurdu. Lakin bu cür insafsızlıq və namərdliklər olmurdu. Bu namərd dəstə isə harada əlsiz-ayaqsız adamlar görürdülər, gendən vurub öldürürdülər. Xaspolad adlı bir müsəlman Qalanın ətrafında yerləşən bir dəyirmanı icarəyə götürmüş və onu bir kişi ilə övrətinə tapşırmışdı. Qarət və qan tökməklə məşğul olan erməni dəstələrinin biri həmin dəyirmana gələrək böyük bir faciə törətmişdilər. Onlar kişini güllə ilə öldürdükdən sonra qucağında dörd aylıq olan qadına yaxınlaşdılar. Erməni cəlladları onları da öldürmək istəyəndə övrət dedi ki, Allah xatirinə məni öldürün, ancaq uşağa əl vurmayın. Ermənilərdən ikisi irəli çıxıb dedilər ki, qorxma, uşağı öldürməyəcəyik. Onlar uşağı qadından alıb bələyini açdılar. Ermənilərin jərəsi uşağın bir ayağından tutub qüvvətlə bir tərəfə çəkdilər.uşaq iki para oldu. Iki yerə bölünmüş uşağın parçalarını ananın üstünə atdılar. Ana bu vəhşiliyə dözə bilməyib huşunu itirdi. Cəlladlar bu qadını da bir neçə güllə ilə qətlə yetirdikdən sonra dəyirmanda olan taxılı və unu, eləcə də malı qarət edib apardılar.
ƏLAVƏ: Ermənilərin bu qaniçən dəstələri öldürdükləri müsəlmanlara əvvəlcə olmazın işgəncəsini verərək onların diri-diri burnunu, qulağını, ayağını və kişiliyini kəsdikdən sonra öldürür, cəsədini zibillikdə yandırırdılar. Yuxarıda qeyd olunan 18 nəfər İran fəhlələrini və erməni məhəllələrində 20-yə qədər alver edən müsəlmanları bu cür vəhşiliklərlə qətlə yetirmişdilər.
ƏLAVƏ: Erməni tayfasının müsəlmanlara qarşı olan namərdliklərinə dair çox misallar göstərmək olar. Hacı Bəylərin başına gələn müsibət buna bir misal ola bilər. Belə ki, Hacı Bəylər adlı bir müsəlman sövdəgəri Nikolay adlı bir erməni tacir ilə yaxın dostluq edərlərmiş. Onlar yaxın dost olduqlarından bir-birinə deyərlərmiş ki, Hərgah ermənilərlə müsəlmanlar arasında dava olarsa, biri-birimizi onlardan qoruyaq. Bir dəfə ermənilərlə müsəlmanlar arasında dava başlayarkən Nikolay Hacının dükanında olub. Erməninin davadan bərk qorxuya düşdüyünü görən Hacı ona ürək-dirək verərək onu gizlin bir yerə aparır. Nikolayı əmin edir ki, orada onu heç kəs tapa bilməz. Dava qurtardıqdan və hər tərəf sakitləşdikdən sonra Hacı Nikolayı hörmətlə öz evinə yola saldı. Nikolay Hacıya 93 manat pul vermişdi. Bir gün Hacı bu pulları götürüb Nikolaya qaytarmaq üçün onun dükanına gedir. Hacı pulları sayıb erməniyə verdikdən və bir qədər söhbət etdikdən sonra birdən gurhagur düşdü. Hər tərəfdə böyük iğtişaşlar başlandı. Tüfəng və tapança səsləri bazarı bürüdü. Hacı həyəcanlanaraq iğtişaşın səbəbini Nikolaydan soruşarkən o dedi ki, erməni-müsəlman davası düşdü. Hacı ondan soruşur: - Bəs mən nə edim? Hacı fikirləşirdi ki, o, erməni Nikolayı gizlədərək qoruduğu kimi yəqin ki, onu da Nikolay ermənilərdən mühafizə edəcəkdi. Lakin təəssüflər olsun ki, belə olmadı. Birdən Nikolay stolun siyirməsindən bir tapança çıxardıb dabanını çəkdi və tapançanı Hacıya tərəf tuşladı. Tapançanın gülləsi Hacının sinəsinə dəyib bir azca yaraladı. Hacı qanı tökülə-tökülə üz qoydu qaçmağa. Nikolay və onunla başqa ermənilər Hacının arxasınca tüfəngdən və tapançadan iyirmiyə qədər güllə atdılar. Amma xoşbəxtlikdən güllələrin heç biri Hacıya dəymədi. Bu əhvalatı Hacı özü mənə danışmışdır. Ermənilərin belə namərdliklərindən və qəddarlığından yazmaqla qurtaran deyil.
ƏLAVƏ: Cavad ağa Paşa ağa oğlu adlı bir nəfər müsəlman həmişə ermənilərə hörmət edir, onlara rəhmlə yanaşırdı. Çalışırdı ki, ermənilərlə müsəlmanlar arasında həmişə sülh olsun. Buna baxmayaraq, yuxarıda adı çəkilən Həmzad adlı erməni cəlladı öz dəstəsilə Cavad ağanın kəndinə vasqın etmişdir. Onlar Cavad ağanın və onun rəiyyətinin evlərinə və gözəl atlar saxlanılan tövlələrinə od vurub yandırmış, mal-dövlətini qarət etmişlər.
ƏLAVƏ: Erməni quldur dəstələri Xənəzək kəndinə də basqın etmişdilər. Məmmədağa Ataxan oğlunun bu kənddə gözəl imarətləri və bağları var idi. Erməni quldurları vəhşicəsinə bu imarətləri dağıtmış, bağların ağaclarını doğramış, evdə olan mal-dövləti qarət etmiş və üç yüz qoyununu aparmışlar. Onun nökərləri qaçıb canlarını xilas etmişlərsə də, çoban onlardan qurtara bilməmişdir. Quldurlar onu vəhşicəsinə öldürmüşlər.
ƏLAVƏ: Bu zaman Qalaya bir adam gəlib xəbər gətirdi ki, erməni quldurlarının bu vəhşiliklərinə son qoymaq üçün hər tərəfdən müsəlman atlıları tökülüb ermənilər yaşayan Sissi kəndinə hücum etmişlər. Kənddə müsəlman atlıları erməni quldurlarının bir neçəsini öldürmüş, bəziləri isə qaçıb canını qurtarmışdı. Müsəlman kəndlərindən qarət edilmiş mal-dövlət geri qaytarılmışdır. Kəndə basqın zamanı müsəlman atlıları övrət-uşağa toxunmamışdılar.
Bundan sonra atlılar Məşhər adlı əksəriyyəti erməni olan kəndə tərəf yönəldilər. Ermənilər müsəlman atlılarına müqavimət göstərə bilməyib hərəsi bir tərəfə qaçdı. Onlar bu kənddə olan heyvanları və bəzi əşyaları özləri ilə qənimət götürüb öz iqamətgahlarına göndərdilər. Bir para quldur evlərinə və onların ot tayalarına od vurduqdan sonra atlılar Saru kəndinə tərəf yollandılar. Bu kənddə də müsəlmanlar istədiklərini etdikdən sonra Qarabulaq kəndinə üz qoydular. Oradan isə Xəlifə kəndinə getdilər. Bu kəndlərdə də övrət-uşaqlara əl vurmadan quldurlara divan tutaraq aparılan malların hamısını qaytardılar.
ƏLAVƏ: Yuxarıda haqqında danışdığımız həmzad adlı erməni qulduru öz dəstəsi ilə yenə gəlib Əsgəran bürclərinə doldular. Onlar bu səngərlərdən namərdcəsinə yolla gəlib-gedən müsəlmanları qəflətən güllə ilə vurub öldürürdülər. Meyidini isə odlayıb yandırırdılar. Həmin gün Mustafa bəy adlı bir nəfər müsəlmanı eləcə öldürdükdən sonra yandırmışdılar. Bu əhvalatdan bir neçə gün sonra, yəni ramazan ayının üçüncü günündə İsa bulağının yaxınlığında meşədə müsəlmanlar üç erməni ilə dalaşırlar. Müsəlmanlar erməninin ikisini öldürür, üçüncüsü isə qaçır. Arxadan atılan güllələrdən ancaq biri qaçan erməniyə dəyib yaralayır. Yaralanmasına baxmayaraq, qaçıb aradan çıxır və özünü şəhərə yetirir. O, şəhərdə fəryad qoparır ki, nə durmusunuz müsəlman atlıları dörd tərəfdən tərəfdən üstümüzə gəlir, yolda da iki ermənini öldürüblər. Mən isə yaralanıb qaçmışam. Ermənilər onun bu fəryadını eşidən kimi dükan-bazarı şaraqqa-şuruqla bağlayıb qorxu içərisində Qalaya müvəkkil olan qoşun böyüyünün yanına gəldilər və dedilər ki, müsəlmanlar dörd tərəfdən üstümüzə gəlirlər. Iki adamımızı öldürüb, birini isə yaralayıblar. Qoşun böyüyünün əmri ilə əsgərlər dərhal şeypur çaldılar. Qalada nə qədər ki rus qoşunu var idi, hamısı silahlanıb musiqi çala-çala müsəlman bazarına gəldilər. Gördülər ki, bazarda dükanlar açıq, hər kəs də öz işi ilə, alış-verişi ilə məşğuldur. Davadan heç bir sər-əlamət yoxdur. Rus əsgərləri yenə musiqi çala-çala erməni məhəlləsinə qayıtdılar və ermənilərə bildirdilər ki, onlar öz-özlərindən nahaq yerə belə qorxuya düşüblər.
ƏLAVƏ: Həmin günün sabahı ermənilərdən on dörd nəfər atlanıb şəhərdən kənarda yerləşən Yarma adlı yerə gəlir və müsəlmanların yolunu kəsir və onların gediş-gəlişinə mane olurlar. Müsəlmanlar əhvalatdan xəbərdar olan kimi bir neçə igid döyüşçü həmin yerə gələrək ermənilərin üstünə hücum edirlər. Ermənilər karıxıb hərəsi bir tərəfi qaçarkən onlardan üçünü öldürüb birin isə yaraladılar. Qaçanlar Qalaya gəlib erməniləri əhvalatdan xəbərdar etdilər. Dərhal qımdatların rəhbərliyi altında bir dəstə erməni Yel dəyirmanı adlanan qayanın üstünə gəldilər. Qayanın üstünə çıxıb durbinlə çay tərəfdən gələn müsəlmanları müşahidə etməyə başladılar. Axşama bir saat qalanda gördülər ki, bir fağır qoca müsəlman kişisi odun yüklənmiş atla gedir. Kişi oruc olduğuna görə atın quyruğundan tutub yavaş-yavaş addımlayırdı. Erməni quldurları qocanı güllə ilə vurub öldürdülər. Ay isə qaçıb yüklü halda evinə gəlir. Kişinin külfəti vəziyyəti belə gördükdə qorxuya düşüb tanış-bilişi köməyə çağırdı. Onlar kişini axtarsalar da, artıq gecə düşdüyündən qaranlıqda onu tapa bilmədilər. Səhərisi gün gedib onun meyidini tapdılar və bu haqda divana məlumat verdilər. Sonra isə kəfənə tutub dəfn etdilər. Həmin kişi Səfərəlinin oğlu Qulu dəllək idi. Mərhumun qardaşı hamıya bildirdi ki, ermənilər o biçarəni öldürəndən sonra qarnını yırtıb, başını daşla əzib, qulağını kəsib aparmışdılar. Vay olsun bu növ tayfanın əhvalına ki, Allah-təalanın məxluquna nahaq belə zülmlər edib, dünyanı rahatsız qoyub özlərini də zəlil ediblər.
ERMƏNİ TAYFASINA NƏSİHƏTLƏR
Əvvəla, bu tayfadan (erməni) sual edirəm ki, bu qədər mərdüməzarlıq və nahaq qanlar tökməkdə, mülklərin və malların talan və tarac edilməsində və yanıb xarabazarlığa çevrilməsində səbəb və mətləbiniz nədən ibarətdir? Əgər məqsədiniz padşahlıq və kral olmaqdırsa, sizin bu təbiətinizlə və insafsızlığınızla heyhat ağla sığan şey deyil. ağıllı və kamallı insanın sizin haqqınızda düşüncəsi belədir ki, belə səfeh hərəkətlərlə sizin tayfaya nəinki padşahlıq, heç koxalıq və kəndxudalıq da yaraşmır. Bu, dəfələrlə mötəbər dəlillərlə sübut olunmuşdur. Birincisi budur ki, Allah-təala zalıma iqtidar və ixtiyar verməz. Əgər pişiyə qanad versəydi, quşların toxumunu yer üzündən kəsərdi. Hərgah dəvəyə və filə qanad versəydi, tamam damlar dağılardı. Ikincisi, özünüzə məlumdur ki, bundan əvvəl erməni tayfası çox idi. Ilan kimi çölü yumşaq, içi zəhri-həlahilolduğundan, basdığını kəsdiyindən, mürüvvətsizlikdə həddini keçdiyindən və başqa xalqlara rəhm etmədiyindən, o qədər belə insafsızlıq və zülmkarlıqlarla məşğul olduqlarından hansı millətin əlinə düşürdülərsə, əməllərinizə görə onlara layiqli cəza verirdilər.
ƏLAVƏ: Bir mötəbər ziyalı mənə danışdı ki, Almaniyanın dövlət xadimi və alimi mənə dedi ki, ermənilər ki, bu cür yol tutub, çox tezliklə dünyanın üzündən yox olub, onlardan bir əsər-əlamət qalmayacaqdır. Siz (ermənilər) Allah-təalaya dua edin ki, sizlərə rəhmli və insaflı ürək, xoş niyyət, fitnə-fəsadlardan uzaq, gözəl əməllər qismət edərək, xasiyyətinizi dəyişdirsin və pis əməllərdən çəkindirsin. Bəlkə, bu zaman insanlığa layiq sifətlər əldə edəsiz. Yoxsa siz bu vəhşi təbiət və qəddarlıqla, beş-altı şahı banklara toplamaqla, fəqir-füqəranı aldadıb zorla onlardan beş-üç şahı qopardıb cibinizi doldurmaqla, bağınızı burub başınıza papaq qoymaqla və çiyninizə yapıncı salmaqla padşah olmaq mümkün deyil. nahaq qanlar töküb namərdliklə qəflətən insan məxluqunu öldürüb, burun-qulağını kəsib, başına nal çalmaqla və başqa növ vəhşiliklə böyük olmaq mümkün deyildir. Belə qəddar və vəhşi adamlar nəinki böyük olmaz, əksinə, o həmişə zəlil və bütün məxluqatın ayaqaltısı olar. Siz xalqınız içərisində əkdiyiniz qəddarlıq toxumununun tezliklə barını görəcəksiniz. Bununla siz başqaları üçün qazdığınız quyuya, yəqin edin ki, özünüz düşəcəksiniz. Bir ağacın ki, meyvəsi zülm ola. Bir gün onun gövdəsinə balta çalacaqlar. TƏMSİL: Bir dəvəyə sahibi həmişə duz yükləyib gətirib şəhərdə satarmış. Dəvə duz yükü daşımaqdan çox zəifləyirmiş. Bir gün bir tülkü ona deyir ki, əgər yükünün yüngül olmağını istəyirsənsə, sudan gedəndə bir bəhanə ilə çayın içində yat. Gör onda necə olacaqdır. Sabahısı gün dəvənin sahibi yenə ona duz yükləyib şəhərə tərəf yola düşdü. Çaydan keçəndə dəvə bəhanə ilə suyun içində yatdı. Duza su dəydiyindən şəhərə gedənə kimi ayrı oldu. Yəni, su ilə əriyib yerə töküldü. Sahibi bunu görcək sabahısı gün dəvəyə geçə və yun yüklədi. Dəvə öz hiyləsindən şadlanırdı. Elə ki, gəldilər çayın kənarına, oradan keçərkən dəvə yenə suda yatdı. Keçə və yun islandıqdan sonra ağırlaşdı. Keçə və yunun ağırlığı on batman idisə, su dəydikdən sonra iyirmi batman oldu. Dəvə yükü apara bilmədiyindən yıxıldı. Sahibi dəvəni o qədər vurdu ki, dəvə axırda öldü. Qərəz, ermənilərin belə nahaq qanlara bais olmaları, qəddarlığa və mürüvvətsizliyə yol vermələri axırda onların özlərini məhv edəcəkdir. Məgər bunların içərisində idraklı, gələcəyi görən və Allahdan qorxanları yoxmudur ki, uzaqgörənlik edib bu fitnə-fəsadlara bais olan və özlərinin xeyrindən ötrü aləmi xəsarətə düçar edənlərə öyüd-nəsihət verib onları düzgün yola qaytaralar. Bircə bunlardan sual edən yoxdur ki, ay ermənilər, vilayətdə alış-verişlə məşğul olduğunuz, zavod və karxanalar işlətdiyiniz, pul və malınız əlinizdə, çoxunuz milyonçu olduğunuz halda və bir kimsənin sizə gözünüz üstündə qaşın var demədiyi bir vaxtda Qafqaz vilayətinə saldığınız bu fitnə-fəsadlar nə üçündür? Padşah və böyüklər yanında hörmətinizolduğu, sözünüz eşidildiyi və xadimlərlə birlikdə gözəl-gözəl imarətləriniz olduğu və fəhlələr qabağınızda səf-səf durduğu halda, bu nə tüğyan idi ki, bu vilayətə saldınız? Bir para cibkəsənlərin sözü ilə özünüzü və əhli-əyallarınızı min dürlü bərabər dünya edərək əli qoynunda zar və giryan qoyub, özünüzlə bərabər dünya əhlini də tamam narahat edib, dərdü qəm dəryasına qərq eləmisiniz. Ayrı-ayrı şəhərlərdə və kəndlərdə ermənilərin bais olduğu fitnə-fəsadlar nəticəsində nahaq qanlar tökülmüş, hesabsız dərəcədə mallar talan və qarət edilmiş, hesabsız sayda imarətlər, dükanlar, karxanalar yandırılaraq viran edilmiş, minlərlə kişilər və övrət-uşaqlar öldürülmüş və yandırılmışdır. Bununla da onlar (ermənilər) hesabsız sayda övrətlərin dul və sahibsiz, uşaqların isə yetim, kimsəsiz qalmasına səbəb olmuşdular. Qu quşu tükündə tikilən mütəkkələrə baş qoyub söykənməyə naz edənlər, şal və tirmə yorğan-döşəklərdə yatmaq istəməyən şəxslər indi bir köhnə paltonun içində üryan və zaru giryan qalıb. Övrət-uşaqlar, tanınmış adamlar yuvası dağılmış, evləri və imarətləri tar-mar edilərək yandırıldığından tərki-vətən olub, külfətli və külfətsiz başqa vilayətlərə getməyə məcbur olmuş və onlardan bir çoxu səfil həyat keçirməyə məcbur olmuşdur. Mən bilmirəm fitnə-fəsad törədib xalqı qırğına verən bu erməni quldurları o dünyada sorğu-sual zamanı adil Allaha nə cavab verəcəklər. Bu qədər zülm, sitəmkarlıq, insafsızlıq və özbaşınalıqla bu əyalətdə bayrağınızı qaldırmaq istəyirsiniz. Lakin ona nail olmayacaqsınız. Bəli, o padşahlıq bayrağı ucalarsa, əvvəl onun altına başı-gözü mismarlanmış, burnu-qulağı kəsilmiş, başları daş və çəkiclə əzilmiş, bədənləri zülm odu ilə odlandırılmış şəxslərin övladları gəlib sizdən sorğu-sual edəcəkdir. Bunu yəqin bilin ki, bu zülmlərin əvəzi çox tezliklə onu törədənlərdən çıxılacaq. Allah-təala da bu zülmləri törədənlərə rəhm etməyəcəkdir. Əlbəttə, bu zülmləri edən quldurlardan tezliklə bu dünyada qisas alınacaq və axirətdə də onun cəzasını çəkəcəklər.
İBRƏTAMİZ ƏHVALAT
Bir gün mən (M.M.Nəvvab) bazardan keçərkən gördüm ki, xalq yığışıb nəyəsə tamaşa edirlər. Yaxınlaşıb baxanda gördüm ki, Əbdül adlı bir kişi tələ ilə üç-dörd siçan tutub, yanına da bir şüşə neft qoyub, siçanların üstünə neft tökərək bir-bir yandırıb buraxırdı. Siçan od tutan kimi bərk qaçmağa başlayır və o daha da alovlanırdı. Bir az o yan-bu yana qaçdıqdan sonra yıxılıb yanırdı. Mən bunu görəndə əsəbiləşib o kişiyə dedim ki, ay kişi, bu nə insafsız işdir ki, sən tutursan? Allahın məxluquna zülm edərək od vurub yandırırsan. Belə iş etmə ki, Allah-təalaya xoş gəlməz. Və bu zülmlərin cəzasını tezliklə verər. Siçanları yandıran kişi mənə dedi ki, onlar mənim torbamı deşib zərər vurublar. Mən də gərək əvəzində bunları yandıram. Bundan sonra mən gərək əvəzində bunları yandıram. Bundan sonra mən Əbdül kişidən ayrılıb evimə getdim. Bu əhvalatdan bir neçə gün keçdikdən sonra siçanları yandıran Əbdül kişi bir şəxsə barıt satdığı zaman manqaldan bir qığılcım barıt torbasına düşür. Bir batmana qədər barıta od düşən kimi gurultu ilə böyük partlayış olub, dükandakı bütün malların hamısını havaya sovurub. Bu partlayışdan Əbdülün özü də od tutaraq siçanlar qaça-qaça yandığı kimi, o da qaça-qaça yanıb həlak oldu. Onunla bərabər iki nəfər də yanmışdı. Lakin onları ölümdən xilas etmək mümkün oldu. Əbdül kişinin həm özü öldü, həm də dükanı ilə bütün malları yanıb məhv oldu. Qərəz, bu nəsihətamiz sözlərdən məqsəd odur ki, bəlkə, erməni tayfasının bir-iki nəfərinin qəlbinə insaf nuru yol tapa, şüytan əməllərinə qulluq edən kəslərə nəsihət verib, onları tutduqları qeyri-bəşəri əməllərdən çəkindirə. Bəlkə, bundan sonra gördükləri bu əməllərin peşmançılığını çəkməyələr.
HİCRİ 1323-CÜ (MİLADİ 1905-Cİ İL) TARİXDƏ TİFLİSDƏ BAŞ VERƏN ƏHVALATLAR HAQQINDA
Oktyabr ayında Tiflis şəhərində bayram münasibəti ilə camaat küçələrə gəzintiyə çıxmışdı. Camaat kilsənin yanına çatanda birdən evlərin pəncərələrindən güllələr yağmağa başladı. neçə adam bunun nəticəsində öldü və yaralandı.
|