DANABAŞ KƏNDİNİN MƏKTƏBİ
Ş a g i r d l ə r i n b i r n e ç ə s i (yerindən). Qulağı.
U ç i t e l. Hər kəs bilir, barmağını qalxızsın.
Şagirdlər barmağını qalxızır.
Tarqulu, sən de.
T a r q u l u. Qulağı.
U ç i t e l Yox.
Kişilər təəccüblü baxırlar bir-birinin üzünə.
Qulamhüseyn, sən de.
Q u l a m h ü s e y n. Qulağıdı.
U ç i t e l. Yox, Cəfər, sən de.
C ə f ə r. Atın qulağıdı.
U ç i t e l. Yox.
C ə f ə r. Qulaqlarıdı.
U ç i t e l. Yox.
Q a s ı m k i ş i (uçitelə). Yaxşı, sən de görək qulağı deyil, bəs nəyidi?
U ç i t e l (Qasım kişiyə). Qasım kişi, danışsanız, mən gərək sizdən xahiş edəm çıxıb gedəsiniz.
Q a s ı m k i ş i. Baş üstə.
Kişilər yavaş-yavaş dururlar ayağa.
S ü l e y m a n. Uçitel, bizim də atımız var.
U ç i t e l (Süleymana). Mən səndən soruşmadım atınız var, ya yox. Zeynal, soruşdum?
Z e y n a l. Yox, soruşmadın.
U ç i t e l. Tarqulu, soruşdum?
T a r q u l u. Yox, soruşmadın.
U ç i t e l. Hamınız bir yerdə deyin: yox, soruşmadın.
Ş a g i r d l ə r c ə m ə n. Yox, soruşmadın.
Ə s ə d. Uçitel, bizim də atımız var.
Q a s ı m k i ş i (Əsədə). Ədə, Əsəd, bala, bu uçitel yəqin at-zad görməyib. Gəl gedək, atını min, gəti baxsın; həmi başını görsün, həmi də qulaqlarını görsün.
U ç i t e l (acıqlı Qasım kişiyə). Qasım kişi, allah xatırına, çıx qoy get, dərsimizə məşğul olaq.
Q a s ı m k i ş i. Vallah, yaxşı deyirəm. Özü də minməli atdı, yorğadı; kefin gələndə minərsən, gəzərsən; başını da görərsən, qulaqlarını da görərsən. Əsəd, bala, gəl gedək
Əsəd durur ayağa, baxır uçitelin üzünə.
U ç i t e l. Dərs qurtarmayınca, uşqoladan çıxıb getmək olmaz.
Kişilər bir qədər də gəlib dayanırlar qapıda.
U ç i t e l (şagirdlərə). Durun! (Şagirdlər dururlar). Oturun! (Otururlar). Durun (Dururlar). Oturun! (Otururlar).
H ə s ə n q u l u. Uçitel, bizim atımız qaradı.
U ç i t e l (Həsənquluya). Mən səndən soruşmuram. (Şagirdlərə) Soruşuram?
Ş a g i r d l ə r d ə n b i r n e ç ə s i. Soruşmursan.
U ç i t e l (Həsənquluya). Get bucağa.
Həsənqulu çıxıb gedir durur bucaqda, üzü divara, kişilər təəccüb ilə ona baxırlar.
Q a s ı m k i ş i (uçitelə). Ay uçitel, bu uşağı niyə üzü qibləyə qoydun?
Uçitel dinmir, şagirdlərin bəzisi gülür.
U ç i t e l (şagirdlərə). Mənim neçə qulağım var?
Qasım əmi, Kərbalayı Heydər və Kərbəlayı Qulamalı qah-qah çəkib gülüşüb çıxırlar; şagirdlərdən də gülən var.
U ç i t e l (kişilərin dalınca acıqlı baxa-[baxa]). Vot nevejestvennıy narod!
[Tərcüməsi: Gör necə cahil camaatdır!]
(Uçitel əlini qoyur atın boynuna) Bu atın nəyidi? (Şagirdlər barmaqlarını qalxızır). Qulamhüseyn, sən de.
Q u l a m h ü s e y n. Boynudu.
U ç i t e l. Dolu cavab ver!
Q u l a m h ü s e y n. Bu atın boynudu.
U ç i t e l. Xorom.
Ş a g i r d l ə r c ə m ə n. Bu atın boynudu.
U ç i t e l. Bir də.
Ş a g i r d l ə r c ə m ə n. Bu atın boynudu.
U ç i t e l (bir qədər əlindəki kitaba baxandan sonra). Atın bədəni nə ilə örtülübdür? (Şagirdlər dinmir). Qulaq asın. Bədəni atın örtülübdür tük ilə.
Q u l a m h ü s e y n (yerindən). Atın bədəni tüklüdü.
U ç i t e l. Yox, olmadı.
Q u l a m h ü s e y n. Atın tükü var.
U ç i t e l. Yox, belə deyil. Kim deyə bilər? Zeynal, sən de.
Z e y n a l. Uşqol, at tüklüdür.
Bu heyndə Əsəd heybəsini götürüb istəyir getsin.
U ç i t e l (Əsədə). Əsəd, hara gedirsən?
|