DANABAŞ KƏNDİNİN MƏKTƏBİ
Gərək deyəsiniz: bu məktəb taxtasıdır.
K ə r b ə l a y ı Q u l a m a l ı. Qoy bizim Mustafa da desin. Ədə, Mustafa, sən də de ki, yadından çıxmasın.
U ç i t e l (Kərbəlayı Qulamalıya). Mən sizdən xahiş edirəm ki, uşaqları danışığa tutmayasınız.
Qasım əmi çubuğunu çıxardıb doldurur.
U ç i t e l (şagirdlərə). Hamınız bir yerdə: bu məktəb taxtasıdır.
Ş a g i r d l ə r c ə m ə n. Bu məktəb taxtasıdır.
U ç i t e l. Kim dünənki dərsi deyər? Süleyman!
S ü l e y m a n (durur ayağa). Qoyun, it, pişik, at, keçi, camuş, inək.
C ə f ə r. Uçitel, birini demədi.
U ç i t e l. Hansını?
C ə f ə r. Dana.
Qasım kişi çaxmağı daşa vurub qovu basır çubuğa.
U ç i t e l (Qasım kişiyə). Qasım kişi, klas otağında çubuq çəkmək olmaz; heç olmaz.
Qasım kişi bir söz demir və çubuğu əlində saxlayıb çəkmir.
U ç i t e l (şagirdlərə). Çox əcəb, gözünüz məndə olsun; bu nədi? (Atın şəklini göstərir, şagirdlər hamısı barmaqlarını qalxızır).
U ç i t e l. Zülfəli, sən de.
Z ü l f ə l i. Bu atdı.
U ç i t e l. Yox, dürüst fikir elə.
Q a s ı m k i ş i. Dəxi nə fikir eləsin? Doğru deyir, atdı da!
U ç i t e l (Qasım kişiyə baxıb bir söz demir). Səbzalı, sən de.
S ə b z a l ı. Bu at şəklidi.
U ç i t e l. Yox, elə deyil.
Kişlər başlarını bulayır.
Elə deyil. Kim düzəldər?
Şagirdlər fikirləşir və bir kəs barmağını qalxızır.
Qulaq asın: bu atın şəklidi.
Ş a g i r d l ə r d ə n b i r n e ç ə s i. Bu atın şəklidi.
U ç i t e l. Xorom: bu atın şəklidi.
Ş a g i r d l ə r c ə m ə n. Bu atın şəklidi.
U ç i t e l. Bir də!
Ş a g i r d l ə r c ə m’ ə n. Bu atın şəklidi.
U ç i t e l. Həsənqulu, sən de.
H ə s ə n q u l u. Bu atın şəklidi.
U ç i t e l. Novruz, get atın şəklini göstər.
Novruz gedib atın şəklini göstərir.
U ç i t e l. De!
N o v r u z. Bu at şəklidi.
U ç i t el. Yox, belə deyil. Mustafa, düzəlt.
M u s t a f a. Bu atın şəklidi.
U ç i t e l. Novruz, otur yerinə. (Novruz gedib oturur, uçitel atın başını göstərir). Bu atın nəyidi? Həsən, de.
H ə s ə n. Bu atın şəklidi.
U ç i t e l. Yox. (Öz başını göstərir) Bax, bu mənim nəyimdi?
H ə s ə n. Başındı.
U ç i t e l. Yox, belə deyil.
Kişilər təəccüb eləyirlər.
Bu mənim başımdı.
Ş a g i r d l ə r d ə n b i r n e ç ə s i. Bu mənim başımdı.
U ç i t e l (Əlini qoyub atın başına). Bu atın nəyidi?
H ə s ə n. Bu atın başıdı.
U ç i t e l. Bir də.
H ə s ə n. Bu atın başıdı.
U ç i t e l. Xorom.
Ş a g i r d l ə r c ə m ə n. Bu atın başıdı.
U ç i t e l. Əsəd, sən de?
Ə s ə d. Bu atın başıdı.
U ç i t e l. Malades. Bu atın başıdı. Bir də de.
Ə s ə d. Bu atın başıdı.
U ç i t e l. Xorom.
Ş a g i r d l ə r c ə m ə n. Bu atın başıdı.
U ç i t e l. Çox əcəb. (Əlini qoyur atın qulağına) Bu atın nəyidi?
|