2
Şah İsmayıl taxtın yanında ayaq üstə dayanıb əllərini belinə vurmuşdu. - Sən öz mülkünə görə mənim tərəfimə keçmisən. Muradın məğlub olduğunu görəndən sonra bildin ki, işin bizdən aşır. İndi mənə de görüm mal-mülk şirindi, ya can. - Zamanın sahibi sağ olsun, can da şirindi, mal-mülk də. Şah İsmayıl güldü. - Get yaşa, oğul-uşağına de ki, ağılları başlarında olsun. - Qurban olum, sadağa olum, pirim-mürşüdüm, - Qasım bəy bu sözləri döyüş başlayanda əzbərləmişdi və onun canına qorxu düşmüşdü. Görmüşdü ki, Şah İsmayılın qoşunlarının hamısının sözü bir, dili birdi. Onlara batmaq qeyri-mümkündü. Qasım bəy qalxmaq istəyəndə Şah İsmayıl soruşdu: - Sünnisən, ya şiə? - Sünniydim, şiə oldum, ya pirim-mürşüdüm. - Görək də necə şiə olacaqsan. Qasım bəyi buraxdılar. - Bundan sonra namurad Şiraza qaçdı və Şah İsmayılın qalibiyyət bayraqları onu izlədi. Bu səfərdə Kirman da azad edilib ocaqlıq kimi Xan Məhəmməd Ustaclıya verildi. O da 600 nəfər atlı ilə ora yollandı. Bunu eşidən Məhəmməd bəy Türkmən iki min döyüşçüsü olsa da, bu yerlərı qoyub Xorasana qaçdı. Novruz bayramını (siçan ilində) İsmayıl Fars vilayətində keçirtdi. (Zeynalabdin Əlinin “Təkmilat əl-əxbar” kitabından)
|