Qonaq Kitabı
2

- Süvarisən?

- Yox, mənim atım var ki, süvari də olam. Əldə, ayaqda işləyirəm. Mehtərlik eləyirəm.

Fərarini gətirəndə Murad Mirzəni at tərinin, peyininin iyi vurmuşdu və o eymənmişdi. Bu sözünə inandı.

- Aparın! Sabah onun dedikləri təsdiq olunmasa əzabla öldürərsiniz. Təsdiq olunsa xələt verib mehtər götürərsiniz.

Fərarini apardılar. Sahibxəbər hələ getməyib Murad Mirzənin əmrini gözləyirdi.

- Bəs sənin adamların harda ölüb? Niyə səhih bir xəbər gətirmirlər? Gecənin hansı vaxtı olsa, mənə xəbər çatdırın. Get! Onu da bil ki, sənin başının salamat qalması bu xəbərdən asılıdır.

Murad Mirzə qəti inana bilmirdi ki, Şirvanşah Şah İsmayıla köməyə gələ bilər. Bir məsələ də onu təəccübləndirirdi. Ona - Murad Mirzəyə, Əlvənd Mirzəyə qüdrətli türk sultanı kömək edir, qoşunları da çoxdur, xəzinə də əllərindədir. Şah İsmayılın isə heç kimdən köməyi yoxdur. Heç kimə bel bağlaya bilmir. Amma qalib gəlir. Bunun səbəbi nədir? Ona qüvvə verən doğrudandamı Ərdəbil seyidlərinin cəddidir, onun Sahibi-Zaman olmasıdır.

Murad Mirzə məsələlərə açıq gözlə baxmağı bacarırdı. Başa düşürdü ki, şah İsmayılda ilahi qüvvə yoxdur. Amma nəsə, elə bir qüvvə var ki, insanları onun ətrafına toplayır. Bəs o qüvvə nədir, kimdir? Niyə babam Uzun Həsənə sədaqətlə qulluq eləyən ölkə onun nəvələrindən üz döndərib? Səbəb nədir? Niyə Fateh Mehmetin nəvəsi Əhməd, vergilərı azaltsa da, Təbrizdə möhkəmlənə bilmədi?

Qəribə işdi! İndi hamı “Şah İsmayıl” deyir. Onun tərəfinə qaçır. Hələ bilmirlər ki, bu dərviş nəvəsi onlara heç nə verməyəcək. İnsan belədir də, həmişə təzə bir şey axtarır. Təzə paltar, təzə ev, təzə hökmdar. Elə bilir kı, təzə köhnədən yaxşı olacaq. Yaxşı olacaqmı?

Bu fikirlərlə o, yuxuya getdi. Yuxudan onu təbil səsləri ayıltdı.

Qara Piri bəy Qacarın süvariləri qarşısında, at belində oturmuş cavan bir aşıq sazını sinəsinə basıb çalırdı. Onun belində qılınc, yəhərin qaşından asdığı ox qabı yə qalxanı vardı. Cavan aşıq atını qoşun qabağında cövlan eləyib oxumağa başladı:

 

Könül, nə gəzirsən seyran yerində,

Aləmdə hər şeyin var olmayınca,

Olura-olmaza dost deyib gəzmə,

Bir əhdinə bütün yar olmayınca.

 

Yürü, sufi, yürü, yolundan azma,

Elin qeybətinə quyular qazma.

Yorulma bihudə, boşuna gəzmə,

Yanında mürşidin yar olmayınca.

 

Qalxdı, havalandı könlümün quşu,

Qovğa, qeybət etmək köntünün işi.

Ustadın tanımaz bunda hər kişi,

Onun kim, mürşidi ər olmayınca.

 

Sıralardan “bəh, bəh!” nidaları eşidilirdi. Qara Piri bəy Qacarın qulağı aşıqda olsa da, fikri qarşıdakı təpədə sıralanmış düşmən səflərində idi. O, bir anı belə əldən vermək istəmirdi. “Ürəkli ordu az da olsa, həmişə qalib gəlməlidir”. Bu onun tez-tez işlətdiyi söz idi. Həmişə də hücuma birinci atılmaq, ilk zərbəni özü vurmaq adətinə vərdiş eləmişdi. Deyəsən, düşmən səfi bir dəfə ləngər vurdu, amma yenidən sakitləşdi. Bu Qara Piri bəyin gözündən yayınmadı. Demək, düşmən tərəddüd içindədir. O, əlini qaldırdı, aşıq sazını çiyninə aşırıb qılıncını siyirdi və öz yerinə qayıtdı. Qara Piri bəyin göydəmir atı şahə qalxdı, onun yorğun, gur səsi eşidildi.

- Qurban olduğum, sadağa olduğum, pirim-mürşüdüm!

Minlərlə səs ona hay verdi. Amma bir gəlmə belə qarışmadı. Uzaqda, çadırının yanında dayanıb baxan Murad Mirzənin qulaqlarında bu gəlmələr aydınca səsləndi. O, indi başa düşdü ki, onun qoşununun belə bir hücum nidası, nərəsi yoxdur.

Murad Mirzənin tükləri ürpərdi, hiss elədi ki, bu nida qarşısında onun qoşunu dayana bilməyəcək.

O, Sultan Yaqubun oğlu idi. Atası, Şah İsmayılı, öz bacısı Aləmşahbəyimi illərlə həbsdə saxlamışdı, kürəkəni Şeyx Heydər nəslinin kökünü kəsməyə çalışmışdı. Bacarmamışdı. Amma budur, həmin nəsil bütün heyfləri onlardan çıxıb. Hakimiyyəti alıb taxt-taca yiyələnib. Nəslin son hökmdarı indi də Murad Mirzənin üstünə qılınc çəkib. Hiddət, nifrət budur. Həmin nifrət qarşısında nə dayana bilər?

Murad Mirzə əmr verdi ki, qoşun hücuma keçsin. Ozü də hiss elədi ki, gecikib. Artıq hər tərəfdən qoşunlar onu mühasirəyə alıb. Qoşunlarının meydanı daralıb.

Döyüş başladı. Qılıncların cingiltisi, insan bağırtısı, atların kişnərtisi bir-birinə qarışmışdı.

Murad açıq-aşkar görürdü ki, onun qoşunlarının səfi pozulur. Qara Piri bəyin süvariləri iraqlı döyüşçüləri şil-küt eləmək üzrədir. Mirzə əmr verdi ki, Qasım bəy Pərnakın pusquda dayanan qoşunu köməyə gəlsin. Çapar gedib tez də qayıtdı.

- Böyük hökmdar, mən dil günahkarıyam. Qasım bəy xain çıxıb, düşmən tərəfinə keçib.

Bu artıq məğlubiyyət demək idi.

Hərəmxananı, öz canını qurtarmaq qayğısına qalmaq vaxtı yetişmişdi. Artıq başqa bir çaparın:

- Məhəmməd boy Ustaclının qoşunu mosulluları araya alıb, qılıncdan keçirir! - Kəlmələrini eşitmədi. Bəlkə də eşidib əhəmiyyət vermədi. Onun mosullulara kömək etməyə heç bir imkanı yox idi.

O, candarların başçısına göstərişlərini verdi, atını minib qılıncını siyirdi. Bu, fərarilik etmək ərəfəsində olan döyüşçülərinin gözü qabağında açıq-aşkar qaçdığını bildirməmək üçün bir fənd idi. Yaxşı ki, Bağdad yolu hələ bağlanmamışdı və burada min nəfərə qədər şəxsi qulamı onu gözləyirdi.

Murad Mirzənin qılınc siyirdiyini görən döyüşçülər ümidlərini itirməyib təzədən döyüşə atıldılar. Bu vaxt Murad Mirzənin gözünə bir atlı sataşdı. Atlı yəhərə yatıb ildırım sürəti ilə çadırların yanından keçib dərəyə endi. O, açıq-aşkar Şah İsmayılın aydın görünən ağ çadırı qurulan təpəyə tərəf çapırdı.

- Kimdir o?

- Tanıya bilmədim.

- İsmayıla qəsd eləməyə adam göndərməmisiniz?

Göndərmişdik, hamısını qırıblar.

- O, qəsd eləməyə gedənə oxşamırmı?

- Bəlkə də!

- Bəs onda niyə təkdir?

- Bilmirəm.

Murad Mirzə tərəddüd edirdi. Onu ən yaxın bir adama oxşatmışdı. Özü də qoşunların seyrəldiyi yolla ildırım sürəti ilə çapırdı. Qabağına bir atlı çıxdı, özünü itirmədən qılıncını elə çaldı ki, at sağa sıçradı və ayağı üzəngiyə ilişən sahibini sürüyüb apardı.

Atlı artıq təpəni dırmaşmaqda idi. Şah İsmayılın candarları onun qabağına çıxdı. Bu vaxt Murad Mirzənin candarlarından biri yaxınlaşıb nəsə dedi və o qılıncını həmin candarın başına endirdi. O, ikiyə parçalanan insan başının eybəcərliyinə nifrətlə baxıb atını hökmdar çadırına tərəf sürdü.

Atlı Şah İsmayılın çadırı yanında qızılbaş müridlərinin onu tikə-tikə doğrayacağını görüb atını saxladı, qılıncını tulladı.

- Məni şahın yanına aparın! Ona çox vacib bir xəbər verməliyəm! - dedi. Onlar dəbilqənin çöhrələdiyi bu gözəl simanı görüb özlərini itirdilər, əlləri boşaldı. Dədə bəy yaxınlaşdı.

- Sən kimsən?

- Mənim kimliyimi yalnız şah bilməlidir. Başqa heç kim.

Onun sifətində, səsində elə bir məlahət vardı ki, Dədə bəy gördü ki, bu adi adam deyil!

- Onda atdan düşün.

O, atdan düşdü.

- Başqa silahın varmı?

- Yox.

Dədə bəy onu çadıra apardı.

Şah İsmayıl taxtda oturmuşdu və tək idi. Döyüşün gedişini tez-tez ona xəbər verirdilər və qələbənin çox yaxın olduğunu hiss elədiyindən kefi kökəlmişdi.

- Qibleyi-aləm, bu gənc çox vacib söz demək üçün o tərəfdən gəlib.

- Elçidirsə, lazım deyil. Murad Mirzənin elçisini qəbul etmirik.

- Yox, mən elçi deyiləm, hökmdar. Gəlmişəm bibim oğlunu təbrik edəm.

Şah İsmayıl da bu səsdə qəribə bir məlahət, çöhrədə isə gözəllik və məhrəmlik hiss elədi.

- Sən kimsən?

Mən yalnız ikilikdə deyə bilərəm.

- Yaxşı, Dədə bəy, bizi tək buraxın.

Dədə bəy çıxıb çadınn qabağında sayğılı dayandı kı, işdir, bir iş olsa özünü çatdırsın. İkilikdə qalanda gənc dəbilqəsini çıxartdı, şabalıdı saçları onun dəmir köynəyinin çiyinlərinə töküldü.

- Mən hökmdarımızın dayısı qızı Taclıbəyiməm.

Taca layiq bu gözəl onun dayısı qızı, Murad Mirzənin doğma bacısı idi. Şah İsmayıl ona yer göstərdi. Taclıbəyim oturandan sonra özü də oturdu, amma taxtda yox, onunla qarşı-qarşıya qoyulmuş kürsüdə. Xeyli baxdı, Taclıbəyim isə tutaş kirpiklərini aşağı endirdi. Onun yumru, şehdə yuyulmuş ağ alma kimi təravətli yanağında qızartı göründü. Bu anı heç bir söz ifadə edə bilməzdi və ona görə də heç biri danışmırdı. Hər şey məlumdur. Murad Mirzə məğlub olub. O qaçıb İstanbula gedəcək, orada paşa ləqəbi alıb sancaqların birinə sancaqbəyi göndəriləcək. Taclıbəyim də artıq yetişib, onu Osmanlı paşalarından birinə ərə verəcəklər. Bununla da əlvida Təbriz, əlvida ana torpaq. O, isə qalıb bibisi oğluna sığınmışdı. Bu gözəl, igid qızın hərəkəti Şah İsmayılın ürəyini sözlə doldurmuşdu.

 

Gəl, könül, kiçimə bizdən,

Qalsın, könül, yol qalmasın!

Əvvəl-axır yol qədimdir,

Qalsın, könül, yol qalmasın!

 

Ərənlər bizi busudır,

Yalan söyləyən asidir.

Bu gerçəklər nəfəsidir,

Qalsın, könül, yol qalmasın!

 

Başındadır altun tacı,

Budur ərənlər meracı,

Kəskindir yolun qılıncı,

Qalsın, könül, yol qalmasın!

 

Ey divanə, ey divanə,

Aşiq olan qıyar canə.

Xətai der, Taclı xanə

Qalsın, könül, yol qalmasın!

 

Yox, Şah İsmayıl şeiri bərkdən oxumurdu. Ürəyində, xəfif bir səs, bir duyğu ilə pıçıldayırdı. Bərkdən desə Taclıbəyimin xətrinə dəyə bilərdi. Yəqin ki, yaxın vaxtlarda onun özünə oxuyacaq.

Bu uzun sürən, amma gərginlikdən çox lətafət, səmimiyyət, şirin yuxu timsallı sükutu Taclıbəyim pozdu.

- Şahım, sizin çadırınıza çaparkən yolda müridlərindən biri qabağımı kəsdi, o məni öldürə bilərdi. Mən cəld tərpəndim. Rica edirəm onun ailəsinə qanpulu verilsin.

- Neçə?! Mənim belə zəriflik timsalı dayım qızı müridlə vuruşmada onu üstələyib?

- Bəxt mənim tərəfimdə idi. Siz necə istəyərdiniz, şahim?

- Əlbəttə, sizin üstün gəlməyinizi. Mən heyrət içindəyəm!

- Heyrətlənməyin, şahım! Nəslimizin başına gələn müsibətlər mənə lap gənc yaşlarından at minib qılınc çalmağı öyrədib. Kişilərimiz çox tez-tez sıradan çıxıblar. Qızlarımız və qadınlarımız özlərini qorumağı bacarmalıdı ya yox?!

- Əhsən, Taclıbəyim. Mən göstəriş verərəm, müridin ailəsinə həmişə kömək edərlər.

Qapının ağzında Dədə bəyin səsi eşidildi.

- Hökmdar, qələbə! Təbrik eləyirəm.

Şah İsmayıl çadırın ağzına çıxdı. Bayaq qoşun səfləri dayanan dərə-təpələrdə insan və at meyitləri qalaqlanmışdı. Murad Mirzənin ordugahdakı çadırların tərəflərini kəsib yıxırdılar.

- Murad Mirzənin özü hanı?

- Özü hərəmxanasını da götürüb qaçıb. Qoşuna göstəriş vermişəm, təqib eləsinlər. Harda tutsalar, ya ölüsünü, ya dirisini gətirsinlər.

- Dədə bəy, hökmdar adından fərman verməyə nə vaxtdan sizi vəkil eləyiblər?

Söz Dədə bəyə toxundu, amma özünü o yerə qoymadı. Hələ özünü günahlandırdı da. Doğrudan da hökmdara nə qədər yaxın olsan da, gərək onun yaxınlığından sui-istifadə etməyəsən, onun adından danışmayasan. Adətən belə vaxtlarda düşməni təqib edirlər, ya ölüsünü, ya da dirisini gətirirlər.

Şah İsmayıl ötkəmliklə dedi:

- Adam göndər, təqibçilər qayıtsın. Onsuz da Murad namurad qaldı. Qoy o, sağ-salamat qalıb, kənardan bizim hökmranlığımızı görüb xiffət çəksin.

Qardaşı bacıdan çox istəyən heç kim olmaz. Qardaşı qardaşından çox bacısı istəyir. Muradın taxtı elə dönüb ki, doğma bacısı da ondan üz döndərib.

Şah İsmayılın əmri ilə Murad Mirzənin yanından onun tərəfinə keçən Qasim bəy Pərnakı çadıra gətirdilər. Bu həmin Qasım bəy idi ki, dananın irtməyindən yapışanda dartıb çıxarırdı. Bu həmin Qasım bəy idi ki, Biyəpişdə Mirzə Əliyə Qurana and içdirmişdi. Körpə İsmayılı axtarırdı. O vaxt əlinə keçsə idi, tikə-tikə eləyəcəkdi. İndi onun yanına qaçır.

Qasım bəy yayxana-yayxana çadıra girib üzündə rübənd olan Şah İsmayılı görən kimi üzü-üstə düşüb iməkləyə-iməkləyə dedi:

- Qurbanın olum, itin olub qapıda dayanım, məni al qanadının altına. Səni deyib gəlmişəm.

O boyda adamın bu şəklə düşməyi, iməkləməyi, yalvarmağı Şah İsmayıla qəribə gəldi. Axı onu belə görməmişdilər.

- Qasım bəy, yadındamı, məni axtarırdın. Rüstəm Mirzəyə verib ənam, rütbə, torpaq alacaqdın. O qoca Mirzə Əlini Qurani-şərifə and içməyə məcbur elədin. Elə bilirdin allah belə işi bağışlayır? Bağışlamır! Nə qədər Əbih Sultana qoşuldunsa, namurad Mirzəyə bel bağladınsa, mümkün olmadı. Zamanın sahibindən qaçıb qurtarmaq mümkün deyil.

- Eşşəklik eləmişəm. İnanmamışam. Gönü qalınam. Neynim. Burnumun ucundan o yanı görə bilmirəm. Mən bədbəxt başıma haranın daşını salım? Öldürsən, qanım halaldı. Günahkaram. İndi gəlməkdə fikrim budu, günahımı yuyum.

- Yox, Qasım bəy, sənin günahını yumaq olmaz.

Onun iri sifəti qalxdı, xalçanın üstü ilə sürünən iri bığları bir az da elə bil uzandı, sir-sifəti əyildi, zülüm-zülüm ağlamağa başladı.

- Öldürmə məni, Sahibi-Zaman. Balalarım var. Axı mən heç bir pislik eləməmişəm. Göndərmişdilər sənin dalınca, Mirzə Əli Qurana and içdi, mən də inandım qayıdıb gəldım. Axtarmadım axı... 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info