Qonaq Kitabı
ON DOQQUZUNCU FƏSİL

Çiskin və qaranlıq gecəni aydın bir səhər əvəz etdi. Bir dəqiqə də gözlərini yummamış Səriyyə xala uşaqlarını gotürüb şəhərə çıxdı. İlk yazı andıran günəşin ilıq şüaları insanın canını qızdırır və xoşa gəlirdi. Səriyyə, qoynunda gizlətdiyi iyirmi tüməndən bircə tümən çıxartdı. Beş qranına çörək aldı. Qalanını yenə qoynunda gizlətdi. Çörəyi üç hissəyə böldü. Bir hissəsini uşaqlara verdi, nahar və axşam üçün ayırdığı iki hissəni büküb, xurcuna qoydu. Artıq yavan çörəkdən başqa bir şey fikrindən keçmirdi. Hətta yavan çörək də doyunca yemək mümkün olmayacaqdı. Gündə yarım tüməndən artıq xərcləmək olmazdı. Beləliklə o ancaq qırx gün yaşaya bilərdi. Bu qırx gündə həm Gülnazı tapmalı, həm də qayıdıb özünü Azərbaycana, bir kəndə çatdırmalı idi. Yoxsa şəhər onun baş aça biləcəyi bir xarabaya oxşamırdı. Tanımadığı böyük bir küçəyə çıxdı. Küçə maşınlar, faytonlar, müxtəlif çeşidli adamlarla dolu idi. Uşaqları itirməkdən qorxub əllərindən tutdu. Səkinin qırağında oturub gələnə-gedənə göz yetirməyə, Gülnazı axtarmağa başladı. Beləliklə günlər gəlib keçdi, Gülnazdan bir xəbər çıxmadı. O, hər gün bir pillənin altında, bir dükanın qapısında gecələdi. Hər keçən gün onun səbrini tükəndirir, qəlbinin iqtidarını talan edirdi. Çünki hər gün beş qran azala-azala yeddicə tümən pulu qalmışdı. Uşaqlar cirə ilə yaşamaqdan və soyuqdan sapsarı olmuşdular. Üst-başları da tökülmüşdü: Dilənçiyə oxşayırdılar. Səriyyənin özündən xəbəri yox idi. Nə hala düşdüyünü bilmirdi. Çünki bütün fikri Ayaz və Niyazda idi. Gizli bir vahimə qəlbinə yol açmışdı. Pulu qurtardıqdan sonra nə edəcəkdir. Başına gələn müsibət və sabahın qorxusu bütün iradəsini sarsıtmışdı. Heç bir şeyi axıra qədər düşünərək, bir nəticəyə gətirib çıxara bilmirdn. Sanki gözlərinin, düşüncə və şüurunun qarşısına qalın bir pərdə çəkilmişdi. Bir addım qabağı görəcək halda deyildi. Bu qayda ilə, həyatın təbii axını onu bir kor kimi istədiyi səmtə sürükləyirdi. Bu axın, nəhayət, onu gətirib kərpic zavodları olan və minlərlə ac, yurdsuz ailələrin torpaq altında, ya da açıq havada yaşadığı şəhərin cənub tərəfinə atdı. Yalnız burada, yazın ilk nəfəsi eşidilməyə başladığı bir gündə o bütün bədəninin od kimi yandığını hiss etdi. Yaşamaqdan zinhar, insanların səs-küyündən usanmış, mərhəmətsiz və amansız taledən yorulmuş, öz övladlarını belə ağır bir yük kimi belində daşımaqdan bezmiş halda qızdırma onu yaxaladı. Xırda ticarətin arası kəsilməyən hay-küyü və böyük bir izdihamla qaynaşan xiyabanı gördükdə bir küncə qısılaraq, tərpənmək iqtidarı olmadığı halda yarıbihuş vəziyyətdə axırıncı beş qranı Ayaza uzatdı:

- Get, bala, çörək al, gətir qardaşın da yesin, sən də! -  dedi və Niyazı qucaqlayıb, gözünü yumdu.

Ona elə gəldi ki, isti bir kürsünün altında şirin bir yuxuya getdi. Gözlərini açdıqda Niyazın naləsini eşitdi. Uşaq acmışdı. Çörək istəyirdi. Səriyyə gözlərini ovub ətrafa baxdı. Qaş qaralırdı.

-  Bəs Ayaz hanı, bala?.. Bəs Ayaz çörək gətirmədi?

Uşaq burnunu çəkib, məyus nəzərlərini anasına dikdi:

- Bilmirəm... Ayaz gəlmədi...

Arvad yerində qımıldandı:

-  Necə! Ayaz gəlmədi?! Vay, kül mənim başıma, olmaya bu cəhənnəm bu uşağı da uddu!..

Niyaz bu sözləri eşitmirmiş kimi:

- Ana, acam, çörək, - deyib, onun ətəyindən çəkdi.

O ayağa qalxmaq istədi, bacarmadı. Dizləri əsərək yerə oturdu. Bütün bədəni hərarətdən titrəməyə başladı. Uşaq isə çörək deyib dururdu. Bu zaman qoltuğuna təzə təndirdən çıxmış iki çörək vurub keçən bir ağanın yolu onların yanından düşdü. Səriyyə qeyri-ixtiyari olaraq əlini uzatdı:

- Ağa, allah xatirinə, çörəkdən bir tikə bu uşağa ver!..

Kişi çörəkdən bir tikə qoparıb, etinasız və hətta acıqlı bir hərəkətlə yerə atdı.

Səriyyənin bu zaman xəyalən belə yol vermədiyi dilənçilik həyatı başladı.



* Gecəniz xeyrə qalsın.

 

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info