Qonaq Kitabı
ON DOQQUZUNCU FƏSİL

Ərbab da yaxınlaşıb, Ayazın başını oxşadı:

- Çox gözəl uşaqdır, yəqin yazıq yetimdir!..

Arvad, Səriyyə xalagili indicə görürmüş kimn, mehriban bir səslə.

- Bacı, sənin uşağındır? - deyə soruşdu.

- Mənimdir, bacı!

- Allah saxlasın, yaxşı uşaqdır. Bəs burda niyə oturmusan, ay bacı?

- Səriyyə cavab vermədi, daha doğrusu, belə nəzakətli bir xanımın ürəyini sıxmaq istəməyərək susdu. Lakin xanım özü danışdı:

- Yoxsa qalmağa yerin yoxdur, ay bacı?

Xanım yenə cavan oğlana döndü:

- Ərbab, adamın ürəyi yanır. Şəhər beləcə yurdsuz-yuvasız arvad-uşaqla doludur.

Ərbab:

- Nə etmək olar? - deyib irəlilədi.

Lakin xanım iki addım atıb qayıtdı:

- Bacı, sənə yazığım gəlir. Görürəm ki, təmiz adamsan. Bədbəxtlik səni bu hala salıb. Dur, bu küçədə uşaqları da qırarsan, özün də həlak olarsan. Dur gedək bizə, ev saxlamaq, xörək bişirmək bacarırsan ki, mən çoxdan sənin kimi təmiz bir adam axtarıram.

Səriyyənin cavabını gözləmədən ərbabı səslədi:

- Ərbab, yeri, iki fayton tut!

Ərbab Hənəfi küçənin ortasında dayanmış faytonlara yaxınlaşdı. İkisinin üzünü bu tərəfə çevirdi. Xanım ərbab ilə qabaqdakı faytona oturub, daldakı faytonçuya:

- Bunları faytona qoy, şeylərini də yığ, dalımızca sür,  - dedi.

Səriyyə xala və Gülnaz bir yuxu, bir xəyal kimi görünən bu xanımın sözlərinə etiraz edə bilmədilər. Onlara elə gəldi ki, o, göydən enmiş xilaskar bir mələkdir. Çəkdikləri əzab və əziyyətlərə bir mükafat olaraq allah bunu onların imdadına göndərmişdir. Artıq bütün pis günlər, dərd və müsibətlər qurtarır, xoş və ümidlə dolu bir həyat başlayır. Bu gözəl, bu nəcib xanım Tehranın altını üstünə vurub, Musa kişini də, Fridunu da tapıb onlara qaytaracaq, onları birdəfəlik fəlakətdən qurtaracaqdır.

Faytonlar daş döşəməli bir səkinin ağzında durdu. Ərbab düşüb, qapını döydü. Uzunboylu və canlı bir adam qapını açdı. Ərbab ona farsca nə isə dedi, o cəld Səriyyəgilin şeylərini faytondan düşürdü. Ərbab faytonçuların pulunu verdi, qapını açıb nəzakətli xanımı və Səriyyəgili balaca, lakin təmiz bir həyətə saldı və çıxıb getdi. Xanım, Səriyyəgili yuxarı qaldırdı, eyvanlı, fərşlərlə bəzənmiş və gəlin otağını andıran isti bir otağa gətirdi:

- Bura sizin olacaq. Mən də öz oğlumla yuxarıda qalacağam. Mənim adım Səadət xanımdır, - dedi və Səriyyənin, Gülnazın, uşaqların adını soruşdu. Haradan gəldiklərinə, kim olduqlarına dair bir neçə sual verdi. Fridunun yerini soruşdu. Səriyyə, Fridunun hara getdiyini bilmədiyini deyib, dağlı bir ürəklə qalan suallara cavab verərkən Səadət xanımın qulaq asmadığını duydu və təəccub etdi. “Yəqin hara isə tələsir” deyib, sözü müxtəsər elədi. Səadət, Niyazın naxoş olduğunu bildikdə qapını açıb, nökəri çağırdı: Farsca ona bir neçə söz dedi və Səriyyəgilə döndü:

- Bu oğlan hamamı qızdıracaq. Özün də təmizlən, uşaqları da təmiz yuyundur. O sizə dəyişəcək də verər. Bir azdan həkim də çağırar. O ki, qaldı ev işləri, onları sabah deyərəm. İndi gedəcək yerim var. Xudahafiz. Şəbbəxeyr*.

O, həyət qapısını bərk örtərək çıxıb getdi. Gülnaz və Səriyyə xala gecəyarısı ay yarımlıq dözülməz əzab və işgəncədən sonra ilk dəfə rahat uzanaraq yuxuya getdiyi zaman xanım hələ gəlməmişdi. Səhər onlar çox gec ayıldılar. Havadan günün günorta yerinə gəldiyi bilinirdi. Səadət xanım və ərbab onlardan da gec durub, aşağı endilər. Nökər ərbaba çay verdi. O, bir stəkan çay içib, çıxıb getdi. Səadət xanım, Səriyyə xala və Gülnaza bəzi işlər tapşırdı.

- Hər gün dördadamlıq nahar hazırlayacaqsan, - dedi, - mən və oğlumdan başqa qonağımız da olacaq. Qonaqsız hələ süfrə açmamışıq.

Sonra yenə Səriyyə xalaya, cavablarına qulaq asmadan dünənki sualları verdi. Səriyyə xala yenə yanıqlı-yanıqlı dərdini danışdı:

Səadət xanım:

- Soraqlaşaram, ərini də, bibisi nəvəsini də soraqlaşaram, - dedikdə, Səriyyə qulaq asmaya-asmaya onun mətləbi elə dürüst dərk etməsindən təəccübləndi və bunu gözüaçıq arvad olması ilə izah etdi...

 * * *

Gün gəlib keçirdi. Səriyyə və Gülnaz hər səhər və axşam həyəti, bütün otaqları ayna kimi təmizləyir, xörək hazırlayır, qab-qacağı yuyur. Səadət xanım və ərbaba qulluq edirdilər. Qarnı doymuş və rəngi özünə gəlmiş uşaqlar həyətdə oynayır, getdikcə şadlanıb açılışırdılar. Gülnazın da rəngi özünə qayıtmışdı. Səadət xanımın hədiyyə etdiyi şəhərli paltarında misilsiz bir gözəllik kəsb etmişdi. Artıq onların Fridun və Musa kişini tapmaqdan başqa bir dərdləri yox idi. Səadət xanım da, oğlu ərbab da onlarla son dərəcə nəzakətlə, hətta bir ailənin üzvü kimi rəftar edirdilər, Buna baxmayaraq, Səriyyə xala şəhərə alışa bilmir, Musa kişini tapan kimi kəndə, daxmalarına qayıtmaq ümidi ilə yaşayırdı. Lakin nagahani bir xəbər bu ümidi əbədi olaraq məhv etdi. Bir gün Səadət xanım sonsuz bir kədərlə onların yanına enib, ağlamağa başladı. Musa kişinin bir ay əvvəl Tehranda sətəlcəmdən öldüyünü, Fridunun isə əmniyyədən qaçmaq üstündə tutulub, dara çəkildiyini xəbər verdi. Sonra əsl bir matəmə qapılaraq, üz-gözünü cıran Səriyyə və Gülnazı özbaşına, göz yaşları içərisində buraxıb getdi. Bundan beş gün keçməmiş o, Səriyyə xalanı yuxarı, öz otağına çağırdı:

- Səriyyə xala, - dedi, - sən də qiyamət günü mənim bacımsan. Səni öz bacım bilib, dərdimi sənə açıram. Mənim bütün həyatım sənin əlindədir.

Səriyyə təəccüb etdi:

- Nə olub. Səadət xanım?

- Oğlum bir könüldən min könülə Gülnaza aşiq olub. Gecəsi, gündüzü yoxdur. Gədənin yuxusu qaçıb. Deyir ya gərək onu alam, ya da özümü öldürəcəyəm. Bacı, səndən xahiş edirəm, razı olma ki, mənim evim dağılsın. Bir oğlum əlimdən getsin. Qızı razı sal, o da xoşbəxt olsun, oğlan da.

Səriyyə birdən-birə ona cavab verə bilmədi. Fikir içində aşağı endi. Xəyalında ölçüb-biçdi. Gülnaza bundan yaxşı bir tay tapa bilməyəcəyini düşündü və yavaş-yavaş məsələni ona açdı. Fridun və atasının ölüm xəbərindən sonra tam bir ümidsizlik içində yaşayan qız anasının razı olduğuiu görüb:

- Özün bilərsən, ana, Fridundan sonra, mən ki ərə getmək istəməzdim... Özün bilərsən, - dedi və ağladı.

- Belə ki yaşamaq olmaz, qızım. Belə qalmaq günahdır. Bunlar da pis adam deyillər. Bir anadır, bir oğul. Bizi də ölümdən qurtarıblar.

- Özün bilərsən, ana!

Beləliklə Gülnaz, hiss və duyğuların keyləşdiyi, ilk məhəbbətin açılmadan solduğu ümidsizlik içərisində daşa dönmüş qəlbini ərbab Hənəfiyə verdi. Lakin o gecə yalançı səadət pərdəsilə örtülmüş əsl fəlakətlərinin üstünü açan uçurumun bütün dərinliyini göz qabağına gətirən bir gecə oldu. Sabahısı, günorta yeməyindən sonra Səadət xanım “Gəlinimi bir şəhərə çıxarım, əyninə bir gəlinlik paltarı alım” deyib, Gülnazı geyindirdi və faytona qoyub, özü ilə apardı. Səriyyə xala qaş qaralana qədər gözlədi. Nə ərbab, nə Gülnaz, nə də Səadət xanımdan bir xəbər gəldi. Şəhərin işıqları yananda o dayana bilməyib həyətə çıxdı. Nökəri səslədi. Cavab verən olmadı. Bu zaman iki nəfər yad adam qapını açıb, içəri girdi. Təəccüblə Səriyyə xalaya baxıb, kim olduğunu soruşdular. O, cavab yerinə sual verdi:

- Siz kimsiniz?

- Biz mülkün sahibiyik. Sən kimsən?

Səriyyəni vahimə basdı, dəhşətli bir fikir varlığını sarsıtdı:

- Bəs bu ev ərbabın, Səadət xanımın deyilmi?

- Nə ərbab, nə Səadət xanım, arvad? Sayıqlamırsan ki? Çıx çölə, evi boşalt! Biz bir aylığa bunu kirayə vermişdik!..

Onlar Səriyyə xalanın şeylərini küçəyə qtdılar. Ayaz və Niyazın qolundan tutub dalınca itələdilər. Səriyyənin şikayət naləsinə qulaq asmayıb:

- Əbləh arvad, nə oyun çıxartmısan, özün get ayırd elə, bizə nə var! - deyib qapını onun üzünə örtdülər.

Səadət xanım Gülnazı İstambuli küçəsinə, oradan Laləvara apardı. Parça mağazalarını, ətriyyat və daş-qaş dükanlarını gəzdirdi. Hətta almaz qaşlı bir üzük də alıb barmağına taxdı. Ona şəhərin həyatından, dəb-dəbə və təntənə ilə dolu bazarlardan, dükanlardan danışdı. Gülnaz, ayaqdan düşüb yorulduğuna baxmayaraq, maraqla, birinci gün ona bu qədər dəhşətli və qorxunc görünmüş şəhərin füsunkar və şirin bir asrar pərdəsi ilə örtülmüş həyatını seyr edirdi. Nəhayət, Səadət xanım onu balaca, lakin səliqəli bir çayxanaya apardı. İçəri girdikləri zaman ucadan danışıb-gülən iki gənc Səadət xanıma salam verdi. Gülnaza qəribə görünən bir nəzərlə bir-birinə baxıb göz vurdular. Keçib oturarkən, onların Səadət xanıma:

- Yeni göyərçin pərvaz etdirirsiniz? - dediklərini eşitdi və ehtiras dolu baxışlarla bütün vücudunu süzdüklərini hiss etdi. Səadət xanım gülümsədi:

- Axşam qonağım ola bilərsiniz...

- Mersi!.. Məmnuniyyətlə, Qəmərbanu xanım...

Bununla da söhbət kəsildi. Lakin Gülnaz, xanımın başqa bir adla çağırılmasına heyran qaldı. Bunu duyan xanım: - Mənim əsil adım Səadət xanımdır. Qəmərbanu da deyirlər, ləqəbimdir. Hələ sənə də ləqəb verəcəyəm, - deyib güldü.

Bu gülüş və hərəkətlər Gülnazın qəlbində baş qaldıran gizli vahiməni artırsa da bir söz deyə bilmədi. Bir stəkan qəhvə içib çıxdılar. Artıq qaş qaralmağa başlayırdı, Gülnaz, daxilində baş qaldıran narahatlıq və anlaşılmaz bir əndişənin təsirilə:

- Xanım, evə gedək, anam nigaran qalar, - dedi.

- Nə tələsirsən, ay qız? Hələ səni qonaqlığa aparacağam! Qohumlarımız ərbabın evlənməsi münasibətilə qonaqlıq düzəldiblər. Ərbab da yəqin indi orada bizi gözləyir...

Gülnaz bir söz demək istədi, lakin bacarmadı. Nə desin? Etiraz edəcək halda deyildi. Belə nəcib və gözəl bir xanımın, öz qayınanasının haqqında bədgüman olmağa nə əsas vardı?.. Müti bir halda onun dediklərinə əməl etdi. Faytona oturub, yenə dolaşıq, yenə qurtarmaq bilməyən küçələrin birindən o birisinə keçdilər. Nəhayət, Qəmərbanu xanım onu böyük həyəti, yaxşı bağı və çarhovuzu olan bir mülkə gətirdi. Doğrudan da, burada ərbab özü onu qarşıladı. Qolundan tutub, böyük və gözqamaşdırıcı bir salona keçirtdi.

- Ağalar, tanış olun, bağçamıza yeni bülbül gəlmişdir.

Salonun ortasında geniş açılmış yemək masasının ətrafında oturmuş geyimli-kecimli xanımlar və ağalar ayağa durub əl çaldılar:       

- Yaşasın yeni bülbül! Yaşasın bülbüli-eşq!

- Xanım, bura, bura buyur, xanım!

Bir neçə gənc qız və oğlan bir-birinə macal vermədən Gülnazı öz yanına dəvət etdi. Gülnaz heç şey görmürdü, bütün üzlər və gözlər, dumanlı bir pərdənin dalında bir-birinə qarışmış kimi, gözlərində dolanırdı. Xanımlardan birinin nə vaxt onu öz yanında oturtduğunu bilmədi. Dönüb, ərbab zənn etdiyi sağındakı oğlana baxdı, diksinib başını geri çəkdi. Bu, gündüz çayxanada rast gəldiyi şəxslərdən biri idi. Gözü ilə ərbabı axtardı. O, masanın başında qapagözlü bir xanımın yaxası ilə oynayır, nə isə ona gülməli sözlər deyirdi. Tanış bir səs nagahani bir zərbə kimi onu sarsıtdı.

- Xanımlar, ağalar, qaldırın bu badələri xanım Gülnazın sağlığına içək!

Gülnaz ona baxdıqda vücudu titrədi. Bu mübaşir Məmməd idi. O, Gülnazı tərifləyib deyirdi:

- İçin, ağalar, belə xanımın sağlığına zəhər də içmək şirindir. Qarşınızda oturan adi bir qız deyil, dağ göyərçini, səhra çiçəyidir!.. İçin!..

Kim isə:

- Həm də Azərbaycan dağlarının bəslədiyi göyərçin, Azərbaycan səhralarının yetirdiyi çiçəkdir!.. İçin! – dedi.

Yanında oturan kök və əndamlı bir xanım iki qədəh götürdü. birini Gülnaza verdi. Gülnaz yavaşca:

- Mən bacarmaram, bacı, mənim işim deyil, - deyə pıçıldadı.

Əndamlı xanım qəhqəhə çəkib güldü:

- Bura ki gəldin, hər şeyi bacarmalısan... Bax bunu da,  - dedi və Gülnazın çiyni üstündən əyilib, sol tərəfindəki oğlanla öpüşdü. Məclisdəkilər gülüşdülər. Bundan sonra nəhayətsiz bir şadlıq başlandı. Əxlaqsızlığın dəhşətamiz və çılpaq səhnələri açıldı. Gülnaz dayana bilməyib ayağa durdu və ərbaba yaxınlaşdı:

- Mən gedirəm, başım ağrayır.

Artıq sərxoş olan ərbab onun qolundan tutdu:

- Gedək, gedək, mənim mələyim, - dedi və onu dəhlizə, oradan da balaca bir otağa keçirtdi:

- Burada uzan, dincəl, bu saat gəlirəm.

Ərbab çıxdı. Gülnaz qapıda onun mübaşir Məmmədlə danışdığını eşitdi. O, mübaşir Məmmədin üzünə vurub:

- Sağ ol, ay mübaşir Məmməd, - deyirdi, - keçən kecəni bir ömrə dəyişmərəm. Onun da savabı sənə çatır. İndi buyur içəri, mən getdim.

Gülnaz özünü onun dalınca dəhlizə atmaq istərkən içəri girən mübaşir Məmmədlə qarşılaşdı və dal-dalı geri çəkildi.           

- Yol ver, yol ver mənə!..

- Hara, xanım?.. Buradan heç yerə yol yoxdur! Artıq dəliliyi burax və səadətini ayaq altına atma.

- Çəkil, bişərəf! Mənə yaxın gəlmə!.. Mən gedirəm. Anamın yanına gedirəm...

- Zəhmət çəkmə, xanım, sənin ananı Tehranın küçələri uddu. Onu sən heç yerdən tapa bilməzsən. Bura sənin axırıncı yerindir. Bax, sən buradasan!

O, əlini atıb salona açılan nəncərənin pərdəsini qaldırdı və hər küncdə bir şəhvət səhnəsi oynayan salonu göstərdi.

- Buyur, yol açıqdır!

Gülnaz əli ilə üzünü tutub ağladı və səndələyərək çarpayıya oturdu. Mübaşir Məmməd ona yaxınlaşdı, əlini əlinə almağa çalışdı.

- Mənə də razı olmasan başqaları gələcək. Gülnaz, yalvarıram, razı ol!..

Gülnaz yerindən sıçrayıb durdu, mübaşir Məmmədi şillələdi:

- Bişərəf, binamus! İtə razı olacağam, səni yaxına qoymayacağam! - dedi və özünü dəhlizə atdı.

Gülnaz dəhlizdə yarısərxoş halda salondan çıxan ərbabla üz-üzə gəldi:

- Məni hara gətirmisən? Gedək, tez buradan çıxıb gedək.

Onun həyəcan və qəzəbinə əhəmiyyət verməyən ərbab sərxoş-sərxoş güldü:

- Gedəcək yerimiz yoxdur, Gülnaz! Bura axır məkanımızdır!

Hələ də heç şey anlamayan Gülnaz təəccüblə:

- Necə gedəcək yerimiz yoxdur? - Bəs evimiz? Bəs anam?

Ərbab səndələyərək qapıya tərəf yollandı və daha ucadan gülərək:

- Evimiz! Ha, ha, ha! Evimiz!.. Hanı bizim evimiz, Bu gündən mənim yatmağa yerim də yoxdur. O da bir xoşbəxtlik idi mənə üz vermişdi. Keçdi qurtardı. Sənin anan! Bax, budur sənin anan! - deyib, salonun qapısında görünən Qəmərbanunun qolundan tutdu, Gülnaza tərəf itələdi və özü həyətə çıxdı.

Gülnaz Qəmərbanu ilə üz-üzə dayandı:

- Xanım, çox çirkin iş gördünüz!..

Qəmərbanu pörtmüş halda dəhlizin başında durmuş mübaşir Məmmədə baxdıqda məsələni anladı və ildırım vurmuş kimi, qapqara qaraldı. Gülnazın saçlarından tutub, mübaşir Məmmədə tərəf sürüdü:

- Axmağın qızı, axmaq! Elə bilir ki, bu naz-nemət havadan tökülüb, ya da ata-babasından qalıb!.. Bir ayda beş yüz tümən xərc çəkmişəm. Onu sənin dərindən çıxaracağam! Gəl! Bundan yaxşı kişi olmayacaqdı ki, gəl!..

Qəmərbanu onu sürüdükcə söyür, söydükcə sürüyürdü. Nəhayət, Gülnaz dartınıb, onun əlindən çıxdı. Qəmərbanunun boğazından yapışıb divara çırpdı.

- Ətimi tikə-tikə kəssən də mən sən deyən yola getməyəcəyəm!

Qəmərbanu bir anlığa başı gicəlmiş halda divara söykənib qaldı. Lakin tez özünü düzəldib, başını pəncərədən həyətə çıxartdı:

- A gədə, ay Vəli, - deyib qışqırdı. - Gəl bu nankoru apar aşağı! Səhərdən axşama qədər lap nəfəsi kəsilənə kimi rahatlıq vermə, qoy qızların paltarını yusun, ev-eşiyi təmizləsin, kartof soysun. Gərək əlli il işləyə ki, qoyduğum xərcin bahası çıxa!..

 * * *

Şəhərin işıqları gecənin qaranlıq pərdəsini yırtır və sanki narın-narın tökülən yağışa yol açırdı. Qeyri-adi bir çiskin hər tərəfi bürümüşdü. Sısqa yağış, gözlənilmədən çölə atıldıqdan sonra dizlərini quçaqlayıb səkinin qırağında oturmuş Səriyyə xalanın başına tökülür, alnından, boğazından süzülüb, canına keçirdi. Lakin o, heç bir şey hiss etmirdi. Nəhayətsiz və çıxılmaz bir uçuruma düşdüyünü anladıqca dərd ürəyini sıxırdı. Bağırmaq, ağlamaq istəyir, bacarmırdı. Sanki gözlərinin yaşı qurumuşdu. Məyusluq və ümidsizlik bütün varlığına hakim kəsilmişdi. O, mübarizə etmək, amansız taleyi ilə üz-üzə durmaq iqtidarında deyildi. Bütün başına gələnlərin allahdan belə yazıldığına inanır, özlüyündə “olacağa çarə yoxdur” deyib düşünürdü. Ayazla Niyaz da bu fəlakəti duymuş kimi, səslərini çıxarmadan ona qısılıb durmuşdular. Yağış onları islatsa da dözür və danışmırdılar. Yalnız balaca Niyaz soyuqdan dişi-dişinə dəydikdə qeyri-ixtiyari olaraq anasının qolundan yapışdı:

- Üşüyürəm, ana, gedək!

Səriyyə xala onun başını qucaqlayıb, üzündən öpdü. Ora-bura sürünməkdən artıq mitili çıxmağa başlayan yorğanı uşaqların çiyninə saldı.

- Gözləyin, balalarım, Gülnaz gəlsin, gedərik!...

Sadəliyindən, avamlığından o hələ də başına gələn müsibəti tamamilə dərk edə bilmirdi. Ona elə gəlirdi ki, Gülnaz qayıdacaq və başlarını götürüb, şəhərdən qaçacaqlar. İlk axşamdan xeyli keçib, küçədən ayaq səsləri kəsilənə qədər bu minval ilə oturub gözlədi, uzaqdan gələn hər qaraltını “Gülnazdır” deyib izlədi. Lakin Gülnaz gəlmədi.

Dərdini bir adama deməyə ehtiyac duydu. Bəlkə kömək edən, yol göstərən olardı. Təsadüfən gəlib-keçən iki nəfərə yaxınlaşdı. Yalvarıb sızıldadı:

- Ay qardaş, bir ayaq saxla, mənə kömək elə!

Onu dilənçi zənn edərək, etinasız bir nəzərlə baxıb ötdülər. Yüyürüb qabaqlarını kəsdi:

- Ay qardaş, mənə bir yer göstərin, dərdimi deməyə bir divanxana haradadır?

Onlar, hərəkətlərindən onun pul istəmədiyini görüb ayaq saxladılar.

- Xanım, türki nəmidanəm... - deyib getmək istədilər.

O, bir də onların qabağına keçdi. Bir də tələsik dərdini deməyə bir yer soruşdu. Onlar başlarını tərpətdilər. Bu zaman üçüncü bir adam ona yaxınlaşdı:

- Bacı, nə istəyirsən?

O, dərdini danışdı. Başına gələn müsibəti nağıl edib dedi:

- Bircə qızımı tapmaqda mənə kömək elə, qardaş, heç şey istəmirəm.

- Ay bacı, yaman lotulara rast gəlmisən, Kim bilir, əsl adlarını da bəlkə səndən gizlədiblər. Haradan tapacaqsan. Get başına çarə elə, uşaqları yağışın altında saxlama. Bu küçə ilə düz get, sonra sola dön, əlli addım qabaqda mehmanxanadır. Gecəni orada qalarsan. Dur get! Mən özüm də bir qohumun dükanında qalıram. Yoxsa səni küçədə qoymazdım.

- Sağ ol, qardaş. Yaxşı adamların hamısını belə gördüm, dərd, ehtiyac içində. Sağ ol!

Səriyyə ayaqları əsə-əsə Ayaz və Niyazı yanına saldı. Mitil yorğanı dalına atıb, mehmanxanaya tərəf yollandı. Orada təhər-tövürünə baxıb, yer olmadığını dedilər. O ağladı, yalvardı, bir gecəlik yer istədi. Nəhayət, qulluqçulardan biri pillənin altında gecələməsinə icazə verdi.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info