Qonaq Kitabı
ON İKİNCİ FƏSİL

- Gələcəkdə zəhərli meyvələr bitirəcək toxumlar əkilməkdədir. Lakin hələ gərdişin bizi haraya sürüklədiyini demək çətindir. Dövlətlər, ölkələr arasındakı münasibət elə cərəyana düşür ki, hadisələrin aqibətini görmək mümkün deyil. Sanki hər şey taleyin, fələyin, gərdişin ixtiyarına buraxılmışdır. Fridun güldü:

- Tale, fələk, gərdiş!.. Bağışlayın, sərtib, bu sözlər heç sizin kimi açıqfikirli bir adama yaraşmır...

- Düz deyirsən, oğlan, heç mən özüm də bu sözləri, inandığım və ya xoşuma gəldiyi üçün demirəm. Acizlikdən çıxış yolu tapmadığımdan deyirəm. Bilirsənmi, mövhumat xurafat nədir? Cahil və qorxaq insanın yeganə təsəllisi.

Fridun: “siz ki nə cahil, nə də qorxaq deyilsiniz!” - demək istədi, ancaq sərtibə hörməti ucundan bu sözləri ağzına almadı. Lakin sərtib onu hiss etmiş kimi:

- Mən də həyatın yaramazlığını görən, lakin onu dəyişməkdən qorxan adamlardanam, -  dedi. - Necə dəyişməyi də bilmirəm, bu da cəhalətdir.

- Doğrudan, sərtib, İranda sizin kimi bir-iki yüz adam yoxdurmu, yığışa və vətənin yaralarını sağaltmaq üçün bir tədbir tökə?..

- Niyə yoxdur, oğlan, var!.. Nəinki iki yüz, hətta iki yüz min də var. Lakin onların qabağını qalın bir divar kəsmişdir. Səsləri əlahəzrətə gedib çıxmır.

- Görəsən bu divarı uçurmaq olmazmı?.. heç belə bir təşəbbüs etdinizmi?

- Yox, etmədik, lakin mən o divarı uçuracağam.

O, Rza şahın yanına gedəcəyini, “satqın vəzir və ərbabların onu necə aldatdıqlarını, məmləkəti kor qoyduqlarını başa salacağını həvəslə Friduna nağıl etdi. Fridun bu namuslu adamı dəhşətli bir xatadan qorumaq istədi:

- Sərtib, siz elə bilirsiniz ki, o bu hasardan xəbərsizdir və siz deyən kimi onu uçuracaq?!

- Siz şübhə edirsiniz?!

- Yox, mən şübhə ilə yaşamağı sevmirəm. Mənim qəti etiqadım var ki, bütün bu  fəlakətləri yaradan istibdad rejimidir. Şahlıq dövru keçmişdir. O məmləkət ki, öz ixtiyarını bir müstəbidə tapşırmağı rəva görür, onun doğrudan da taledən, gərdişdən, fələkdən başqa bir ümidi qalmır!..

Açıq danışmağı sevən sərtib açıq danışan adamları da sevirdi. Bu adamlar, səmimi bir ürəklə onun etiqad və fikirlərinin əleyhinə çıxsalar belə, yenə acıqlanmazdı. Odur ki, Fridunun cəsarətlə və ürəkdən seylənmiş sözlərini özünə qarşı böyük bir etiqad və sədaqətin ifadəsi sandı.

- Sənin cəsarətini təqdir edirəm. Sözlərinin mənasını isə yox.

Fridun:

- Mən də sizin kimi bir adamın xülya ilə yaşamasına təəssüf edirəm,  - dedi və sözü dəyişmək istədi:

- Neft məsələsi düzdürmü? Yeni peymanlar bağlanacaqmı?

- Hamısı düzdür. İngilis və amerikanlar şimalda dəmir istehkamlar düzəltmək fikrindədir. Sovetlər əleyhinə ruznamələrin hay-küylərinə də səbəb budur. Yenə zindanların, məhbəslərin sayı artacaqdır! Artıq bunun ilk əlamətləri  görünməkdədir. Dünən Təbrizdən bir dəstə məhbus gətirilmişdir. Ərdəbildə də böyük həbslər gözlənilir.

Fridun həyəcanlı bir səslə soruşdu:

- Orada niyə?

- Sərhəng mövqeyini möhkəmlətmək üçün bütün Ərdəbil əhalisini qırmağa hazırdır. Hikmət İsfahaninin kəndində baş verən hadisələr hələ də yaddan çıxmamışdır və bu da sərhəngin boynunda bir töhmət olaraq qalır. Sərhəng Səfailər öz canlarının dərdindən bütün məmləkəti qılıncdan keçirtməkdən çəkinmirlər. Musa kişi adlı birisinin bütün əmlakının müsadirə edilməsi və ailəsinin kənddən sürgün olunması haqqında əmr verilmişdir.

Bu xəbərdən Fridun sarsıldı. Musa kişini, onun körpələrini, Gülnazı düşündü. Onları bir müsibət gözlədiyini hiss etdi. Daxilində onlara kömək etməyi tələb edən hakim bir səs eşitdi. Dayanmaq olmazdı. Kəndə, onların köməyinə qaçmaq lazım idi.

Böyük bir gərginliklə şaşqınlığını, həyəcanını və iztirablarını boğaraq, sərtiblə vidalaşdı. Artıq bütün varlığı “kənd, kənd” deyib dururdu. Heç bir təhlükə, heç bir qorxu onu qərarından döndərə bilməzdi.



*  - Bu müddənlər nə tələb etdiklərindən özləri də xəbərsizdirlər. Xəbər tutanlardan isə bir daha xəbər gəlmədi.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info