Qonaq Kitabı
ON İKİNCİ FƏSİL

- Bəs sevənlər necə danışarlar?

- Bilmirəm, xanım, hələ ki, təcrübədən keçirməmişəm. Lakin o qədər zəngin olmayan müşahidələrimə əsasən deyə bilərəm ki, həqiqi sevənlərin dillərindən artıq qəlbləri, gözləri, baxışları və simaları danışar. Onlar məhəbbətin iztirablarını sözlə ifadə edə bilməzlər.

Şəmsiyyə onun sözünü kəsdi:

- Bir-birini gördükdə susur, gözaltı baxışır, ah çəkir, təklikdə ağlayır, xəyala dalırlar, hə?

- Təqribən gərək elə olsun...

- Əsl məhəbbət də budur, eləmi?

- Hər halda məhəbbətin nişanələri var. Burada qəlbin iştirakı görünür.

- O zaman sizi təbrik etməliyəm. Şəhərimizin gözəl xanımlarından birisi sizi, təsvir etdiyiniz məhəbbətlə sevir.

Fridun təəccüb və sual dolu gözlərilə onun üzünə baxdı.

- Bəli, bəli... heç təəccüb etməyin. Amma kim olduğunu da soruşmayın. Deməyəcəyəm. Qoy məhəbbət gizlində qalıb, bir az da odlansın. Sonra özünüz görərsiniz.

- O qədər də maraqlanmıram!

- Yox, maraqlanırsınız! Bir şey boyun olun, deyim. Yoxsa deməyəcəyəm. Hə, nə boyun olursunuz? 

- Kasıb bir tələbə sizin kimi xanıma nə boyun ola bilər? Canım var, o da sizə qurban.

- Yox, canınız sağ olsun, min yaşayın. Vəd edin ki, dostluğumuz əbədi olaraq qalacaqdır, nə olsa, nə hadisə baş versə yenə mən istədiyim zaman sizi görəcəyəm. Başqa şey istəmirəm. Vəd edirsinizmi?

- Bu vədi mən sizdən istəməliyəm, xanım! Çünki kasıbların dostluğu möhkəm olur, etibarlı olur.

- Çox yaxşı, onda qoy deyim. Könüllər sultanlığına layiq gördüyünüz xanım... - Sözünün dalını deməyib üz-gözünü süzdürdü. Sonra isə: - Bir könüldən min könülə - deyib əlavə etdi.

Fridun dərhal xanım Südabəni xatırladı. Təəccüblə:

- Kimə? - deyə soruşdu.

- Kimə olacaq. Mənə. Bəli, bəli, mənə vurulubdur. Qəhqəhə çəkib güldü və sonra ciddi hal aldı.

- Yazıq qız, doğrudan da, qəribə hallar keçirir. Hər gün buraya gəlir. Qapıda səs olan kimi gözlərini dikib durur. Nəhayət, davam gətirə bilməyib, söhbəti açdı. “Müəlliminiz heç görünmür?” - deyə soruşdu. “Oh, onu görmək çətindir. Çox ciddi oğlandır, başı işə, elmə qarışıbdır, - dedim. - Yoxsa xoşunuza gəlib?.. Yaxşı oğlandır, nəcib, nəzakətli, sadə...  - Yaxşı, sizi görüşdürərəm” - dedim. Elə ona görə də bu gün cənabınıza zəhmət vermişəm.

Fridun Şəmsiyyənin bir oyun, bir əyləncə düzəltdiyini güman etdi. Mənliyinə toxunduğunu güman edərək, onu bu oyundan döndərməyi qərara aldı:

- Nə etməli, olsun, - dedi. - Siz məni bir tamaşada oyunçu etmək istəyirsiniz. Mən də oynaram. Elə bu gün xanım Südabəyə tamaşa düzəltdiyinizi açıb deyərəm.

Şəmsiyyə hövlnak əlini onun ağzına qoydu:

- Nə danışırsınız? Biabır olaram, xalq nə deyər?

- Kimin nə deyəcəyi ilə mənim işim yoxdur. Məni maraqlandıran odur ki, bir vəzir qızının bir kəndli balasına nə məhəbbəti?

- Çox maraqlıdır! Elə məni də o maraqlandırır. Şahzadə və kəndli balası! Çox maraqlıdır, çox maraqlıdır...

Fridun Şəmsiyyənin gözlərində bir qısqanclıq, bir intiqam qığılcımı parladığını gördü. Məsələnin nə yerdə olduğunu anladı.

Şəmsiyyə bu vasitə ilə xanım Südabədən Şahpura yaxınlaşdığı üçün çəkdiyi ağrının intiqamını alırdı.

- Xanım, siz heç də yaxşı hərəkət etmirsiniz. Gənc bir qızın hisslərilə oynamaq, balaca bir şeyin intiqamını çəkmək yaxşı deyil. Mən sizin qəlbinizdə bu qədər xırda hisslər olduğuna inanmaq istəmirəm.

Şəmsiyyə qızardı:

- Bəs o mənim həyatımla oynayanda yaxşıdırmı?  - deyə başını yana çevirdi və ağladı.

Fridun onu təskin etməyə çalışdı:

- Ortalıqda qəlbləri bir-birinə bağlayan məhəbbət olduğu zaman bunlar hamısı xırda və mənasız şeylərdir, xanım. Çünki həqiqi məhəbbət xəyanətdən uzaqdır. O  satmağı və satılmağı bacarmaz. İki gəncin ürəyi belə hisslərlə birləşmişsə, qısqanclığın törətdiyi iztirablar nahaqdır.

Fridun Şəmsiyyənin incə damarına toxunmuşdu. Qız təbiətinə xas olmayan, Fridunun birinci dəfə gördüyü bir məyusluq və sakitliklə başını aşağı saldı və öz-özünə söyləndi:

- Elə mətləb də orasındadır, həqiqi məhəbbət varmı? Yoxsa bütün bunlar bir əyləncə, bir oyundur...

Yenə onu ağlamaq tutdu. Fridun onun nə isə təzadlı fikirlərlə çırpındığını görüb susdu. Qız qalxıb salondan çıxdı. Fridun tək qaldı və fikrə getdi. O, pəncərələrdən asılmış ipək pərdələrə, yumşaq səndəllərə, rəngarəng xalıya baxır və bütün bunların arxasında məhəbbətin və insan ürəyinin didilib parçalandığını duşünürdü... Bir anda ona salonun havası kəsif və ağır gəldi. Ürəyi darıxdı. Salon qəfəs kimi onu boğmağa başladı. Durub pəncərəni açmaq və ya çıxıb getmək istədi. Lakin səs eşidib yerində oturdu...  Dəhlizdən səs eşidildi:

- Oh, xanım Südabə, xoş gəlmisiniz!

Bu, Südabə idi...

Südabə gülərək:

- Mən sizin zəhlənizi tökdüyümü düşünürəm, siz isə mənə xoş gəldin edirsiniz, - dedi:

- Bu nə sözdür, xanım, içəri buyurun...

Şəmsiyyə qapını açıb, qabaqca onu içəri saldı, sonra da özü girdi. Fridun ayağa durdu. Südabə Fridunu gördükdə həyəcanını gizləyə bilməyib qızardı. Fridun yeriyib, satam verdi və əlini sıxaraq, əyləşməyə yer göstərdi. Onlar oturdular. Fridun gözaltı Şəmsiyyəyə baxdı. O üz-gözünü yumuş, yenidən ətirlənmişdi. Simasında azca əvvəlki iztirablardan heç bir əlamət qalmamışdı. Adi qaydası üzrə gülümsəyirdi. Lakin Fridun onun hərəkət və baxışlarında Südabəyə qarşı əvvəlki acıqdan da bir əsər görmədi.

Şəmsiyyə üzünü Südabəyə tutdu:  

- Necəsiniz, xanım? Ağanız necədir?

- Şükür, yaxşıyam. Ağam pis deyil. Lakin axır günlər bir qədər halı pozğundur.  

- Niyə, mərizdir?

- Xeyr, məriz deyil. Ruhiyyəsi xarabdır. Bu təzə təşkilatı eşitmisinizmi? Hələ ağam kitabçanı da mənə göstəribdir. Yaman əhvalatdır. Deyir ki, əlahəzrət acığından gecələr də yatmır, əmr edib ki, iki daşın arasında da olsa günahkarları tapsınlar.

Gözlənilməyən bu söhbətin düşməsi Fridunu xeyli maraqlandırdı. O həm sarayda nə düşündüklərini, nə tədbirlərə əl atdıqlarını, həm də Şəmsiyyə və Südabənin mühakimələrini öyrənmək istədi. Südabədən:

- Siz o kitabı oxudunuzmu? - deyə soruşdu.

Südabə ona baxaraq, yenə qızardı və özünü düzəldib:

- Bəli, oxudum, - dedi, - etiraf etməliyəm ki, maraqlı və çox cəsarətlə yazılmış bir şeydir. O qədər güclü bir məntiq var ki, bir neçə elə kitab oxusa, adam dönüb bolşevik ola bilər...

Sonra onun gözlərində qəribə bir marağın alovu parladı:

- Hərgah bunu həqiqətən də heç bir xaricinin təhriki olmadan bizim iranlılar etmişsə, mən onları qəhrəman adlandırıram. Belə bir adam xəyalımda o qədər böyük və ruhən qüdrətli görünür ki, onun varlığı mənə bizim qədim əsatiri qəhrəmanları xatırladır. Yəqin ki, belə bir işə iqdam edən adam dar ağacını gözünün qabağına gətirməmiş deyil. Məncə əsl qəhrəman da dar ağacı gözünün qabağında dura-dura dediyindən dönməyənlərdir...

Fridun onu daha dərindən yoxlamaq istədi:

- Xanım, məni bağışlayın, siz vətən xainlərində nə qəhrəmanlıq axtarırsınız?

Südabə cəsarətlə ona baxdı:

- Oh, üzr istəyirəm! Vətən xaini siz kimə deyirsiniz?... Mən onların əcnəbilərə satılmamış olduqlarını şərt qoydum. Hərgah belə isə, onları xain adlandırmağa mənim insafım yol vermir. Hər bir məmləkət müxtəlif yollarla tərəqqiyə gedə bilər. Bütün vətəndaşlar hakimlərin düşündüyü kimi düşünməyə məcbur deyillər. Yox, siz onlara qarşı belə mərhəmətsiz mühakimə yürütməyin. Yoxsa siz də vəzir olmağa hazırlaşırsınız?..

- Eh, xanım, məndən vəzir çıxmaz.

- Niyə?

- Çünki mənim ürəyim yumşaqdır, vəzir olsam sizin qəhrəman saydığınız bütün müqəssirlərə bəraət qazandıraram...

- Oh, mütəşəkkirəm. Deməliyəm ki, o zaman məmləkətdə bir nəfər də müqəssir qalmaz. Çünki mənim ürəyimdə məhkumlara qarşı həmişə bir mərhəmət oyanır.

- Nə olaydı, bu mərhəmətdən bir zərrə də ağanızın qəlbində olaydı.

- Dünən ağamla da bu barədə çox mübahisə etmişəm. O bu işi düzəldənlərin mütləq tapılıb asılacağını söyləyir. Mən isə onları əllərini haqsız qanlara batırmaqda günahlandırırdım. Deyirəm, əvvəla belə iş görən adamları tuta bilməyəcəksiniz. Çünki görünür onlar çox ağıllı və tədbirli adamlardır. Asanlıqla özlərini ələ verməzlər. İkincisi, tutsanız da asmaq nə uçün, çağırın, dediklərinə qulaq asın, yazdıqlarını oxuyun, bəlkə onlar sizi qane edəcəklər, bəlkə siz düz yol getmirsiniz.

- Bəs ağanız bu mühakimələrə necə baxır?

- Eh... heç eşitmək də istəmir. Sən dəli olmusan, deyir. Hətta mənə iki gün vaxt verib ki, bütün bu mühakimələri başımdan çıxardam. Yoxsa “axırın pis olar” deyir.

Fridun, bəzək-düzək altında itmiş, gözləri ehtirasla yanan bu qızın qəribə mühakimələrinə qulaq asır və heyrət edirdi. Həyatını eşitdikdə qəlbində ona qarşı oyanmış hörmət hissinə gözlənilməz bir maraq da qarışmaqda idi. Bu mühakimələr, doğrudan da, saf bir qəlbin hissiyyatından və ya məntiqi bir düşüncədən doğmuşsa, onunla dostluq çox mənalı və xeyirli ola bilərdi. O bu fikirlərə dalmışkən Südabənin səsini eşitdi:

- İnsan düşündükcə o kitabda yazılanların həqiqət olduğu qərarına gəlir. Doğrudan da, məgər bizim məmləkətdə insan həyatı varmı? Mən kəndləri və fabrik-zavodları görməmişəm. Fəhlə və yoxsulların güzəranından xəbərsizəm. Lakin bir neçə gün küçəyə çıxdıqda evə qayıdıb, çörək yeyərkən elə bilirəm ki, zəhər yeyirəm. Aclar, dilənçilər və çılpaqlar gəlib gözümün qabağında durur...

- Oh, xanım, siz çox həssas bir ürək sahibisiniz. Lakin deməliyəm ki, həyatı korlayan biz özümüzük.

- Mən ki, özümü belə bir işdə qüsurlu bilmirəm. 

- Hər kəsin öz mövqeyi və öz yerinə görə qüsuru vardır. Birininki az, birininki çox. Lakin hər kəsin qüsuru vardır və bütün bunları doğuran da bircə səbəbdir: hərə özünə bir don, bir qəlib tikib, onun içində başını gizlədir. Buna görə də heç kəs olduğu kimi görünmür...

- Məndəmi? Məsələn, siz mənə nə cür baxırsınız?

- Açıq deyim ki, sizin haqqınızda qəti bir qərara gələ bilmərəm. Sözləriniz və vəziyyətiniz arasındakı uçurum çox dərindir.

- Bu ittihamınızla heç razılaşa bilməyəcəyəm. Hələ ömrümdə mən olmadığım kimi görünməmişəm və görünməyəcəyəm də.

Qız birdən-birə başına girmiş bir fikrin təsirilə tutqunlaşdı və tənəli nəzərlərlə Frnduna baxdı: - Bəlkə siz mənim həqiqi vəzir qızı olmadığıma işarə edirsiniz?.. Mən buna heç təəssüf də etmirəm...

Fridun istəmədən onun qəlbinə toxunduğuna peşman oldu. Mehriban bir səslə:

- Mən bunu sizə qüsur deyil, bir məziyyət sayıram.

Qız gülümsədi:

- Eləmi?.. Bəs siz necə, deyin görək, necə varsınız elə də görünürsünüzmü?..

- Zəhmət adamlarının rəngi bir olur, xanım. Onlar bəzənməyə vaxt tapa bilmirlər...

Südabə məhəbbətlə Fridunu süzdü:

- O gün ziyafətdə sizə diqqət etdim. Hərəkət və rəftarınıza baxdım. Onlar heç də bizim adət etdiklərimizə oxşamır. Sizdəki düzlük və cəsarət mənə xoş gəlir.

- Mütəşəkkirəm, xanım. Sizin də səmimi bir ürək sahibi olmanız və qəribə mühakimələriniz mənə xoş gəlir.

- Güman edirəm ki, bu son görüşümüz olmayacaq, sizinlə hələ çox müsahibələr edəcəyik.

- Mən də elə güman edirəm.

- Lütfən cib dəftərinizi mənə verin!

Fridun cib dəftərini çıxarıb, ona uzatdı. Qız nə isə yazıb qaytardı:

-          Hər gün səhər saat onla on iki arasında zəng edə bilərsiniz. Nə vaxt könlünüz istəsə.

Fridun yenə təşəkkür etdi. Şəmsiyyə kiçik bir podnosda üç stəkan çay, şokolad və başqa şirniyyat gətirdi. Onları balaca stolun üstünə düzüb oturdu: 

- Hə, darıxmırsınız ki?

Fridun, yenə sınayıcı nəzərlərlə Südabəyə baxdı. Qız dərhal, bayaqdan bəri danışdığı bir sərbəstliklə:

- Ah, Şəmsiyyə xanım, darıxmaq nədir? Belə bir tanışlıq üçün təşəkkür edirəm!

* * *

Payızdan xeyli keçdiyinə baxmayaraq, cənub günəşi günorta zamanları yenə isti və cansıxıcı olurdu. Günəş yalnız üfüqlərə yatdığı, evlərin və ağacların kölgəsi bütün küçələri örtdüyü zaman sərin düşürdü. Günün bu vaxtlarında bütün Şərq şəhərlərində olduğu kimi, Tehranda da küçə və bazarlar qaynar bir qazanı andırır, başaçılmaz bir həyat canlanırdı. Bu zamanlar, demək olar ki, bütün əhali küçələrdə olurdu.

Laləzarda yenə böyük izdiham vardı. Kinoların qabağına nümayiş etdirilən filmlərin şəkilləri vurulmuşdu. Bunların əksəriyyəti Amerika filmləri idi. Bir az qabaqda gözünə tanış bir qız dəydi. O yaşlı bir arvadla maşına minmək istəyirdi. Arvadın qolundan tutub, maşına oturtdu və özü də qalxmaq istəyəndə üzü onlara tərəf düşdü. Fridun onu tanıdı. Bu Südabə idi.

Südabə də Fridunu gördü. Fridun onun maşına oturub gedəcəyini zənn etdi. Lakin o dayandı. Yaşlı arvada nə isə deyib, Friduna tərəf gəlməyə başladı.

- Salam, Südabə, nə xoş təsadüf!

Qızın qapqara gözləri yenə şam kimi şölələndi:

- Siz vədə xilaf çıxdınız, zəng etmədiniz. Mən isə gözlədim.

Südabə ona ağzını açmaq üçün macal vermədi, əlavə etdi:

- Bəlkə dəftəri itirmisiniz, bir də yaza bilərəm.

- Yox, itirməmişəm, cibimdədir. Lakin sizə əziyyət vermək istəmədim.

Qız onun qolundan tutaraq:

- Gəlin, gəlin, sizi anamla tanış edim!  - dedi, - Belə ana dünyada tapa bilməzsiniz. Bir qüdsiyyət ilahəsidir. Məhəbbət və mehribanlıq heykəlidir.

Fridun qıza “bütün qızlar anaları haqqında bu fikirdədirlər” demək istədi. Lakin Şəmsiyyənin sözlərini xatırlayaraq, anasının onun üçün yeganə təsəlli olduğunu düşundü və susdu. Qız onu anasına təqdim etdi:

- Ana can ağayi Fridunla tanış ol, həmyerliniz budur.

Arvad yerindən tərpənmək istədi. Fridun tez maşının içinə əyilib, ona salam verdi. Arvad ona bir vəzir xanımından çox azca şəklini dəyişmiş xalis bir kəndli qadını təsirini bağışladı. Arvad heyrətlə soruşdu:

- Necə yəni həmyerlimiz?..

Südabə gülümsədi:

- O da sizin Azərşəhərin güllü-çiçəkli bağlarının ab-havası ilə böyümüşdür. Mənə oranın gözəlliklərindən çoxlu hekayətlər, nağıllar danışmışdır. İndi mən elə bilirəm ki, əsl cənnət oradır.

- Ana səhv etmir, Azərşəhr doğrudan da Azərbaycanın dilbər bir guşəsidir.

Südabə gözlərini süzdürərək ona baxdı:  

- Qismət olsa görərik.

Fridun bu baxışlardakı mənanı başa düşmədi.

Ana Südabəyə yavaşca:

- Qızım, Fridunu qonaq çağırsana, - dedi.

Südabə ona döndü:  

- Anam sizi qonaq çağırır.  

- Çox sağ olun. Mütləq gələrəm. 

- Xudahafiz!

Onlar maşına oturdular. Fridun qapını örtdü, maşın hərəkət edib uzaqlaşdıqda geri döndü. Laqeyd və laübalı nəzərlərlə sağına-soluna baxınaraq, İstambul küçəsinə çıxdığı yerdə, sərtib Səlimi ilə qarşılaşdı. Sərtib onu görüncə hərbi qiyafəli müsahiblərilə vidalaşıb, yanına gəldi. Siyasi vəziyyətin getdikcə gərginləşdiyini, ingilis və Amerikanın dövlətə öz təzyiqlərini artırdıqlarını ona söylədi:



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info