Qonaq Kitabı
DOQQUZUNCU FƏSİL

- Xanım Şəmsiyyəyə dərs deyirsənmi?

- Hər gün iki saat məşğul oluruq. Lakin mənə elə gəlir ki, bütün dediklərimdən o heç nə anlamır. Maraqla, həvəslə oturub dinləyir. Hətta vaxtın çox tez keçməsindən şikayət edir. Amma nədənsə mən onun heç şey anlamadığını hiss edirəm.

- Sən bu naz-nemət içində böyüyənlərdən nə gözləyirsən? Min sənin kimi müəllim onlara bir şey verə bilməz. Çünki əsl müəllimin, yəni həyatın nəfəsi onlara dəyməmişdir.

- Bəlkə də sən haqlısan.

- Bəlkə yox, doğrudan da, mən haqlıyam. Yaxşıdır ki, hələ səndən iyrənmir.

- Yox, onun çox sadə bir təbiəti vardır. Hətta sabah məni ziyafətə də çağırmışdır:

- Mən sənin yerinə olsam getmərəm. Onların şərbəti yoxsulların qanından hazırlanmış, çörəkləri məzlumların göz yaşından yoğrulmuşdur.

Fridun varlılara qarşı qəlbində bütün acların və ehtiyac içində çapalayanların nifrətini gəzdirən dostu ilə mübahisəyə girişmək istəmədi:

- Düşünərik, hələ vaxt çoxdur, - dedi - gecənin xeyrindən gündüzün şəri yaxşıdır.

 ***

Zaman keçdikcə onlar, başladıqları işə daha artıq aludə olurdular. Hər kəs bacardığı qədər çalışır, gecə-gündüz bilmirdi. Duşüncə və duyğuları böyük və saf bir idealdan ilham alan bu bir neçə adam nə zaman bir dəstə, bir özək halında birləşdiyinin fərqinə varmamışdı. Sanki təbii bir axın, həyatın adi və gündəlik cərəyanı onları bir yerə yığmış, bir məcraya salaraq birləşdirmişdi. Əbədi olaraq həqiqi qəhrəmanlar doğuran ideal saflığı və hər hansı qərəzdən xeyli yüksək arzular onları fədakarlığa sövq edir, ürək və duyğularını bir-birinə bağlayır, təqdirəlayiq bir dostluğun yaranmasına səbəb olurdu.

Fridun bu dəstənin içinə düşdükdən sonra həyatının nə isə başqa, dərin bir məna kəsb etdiyini duyurdu: Ona elə gəlirdi ki, insana layiq, vətəndaşa layiq həyat yoluna yalnız indi qədəm qoymuşdur. Bu vaxta qədər olan ömrü ona insandan xali bir yerdə sakit yanan şam kimi görünürdü. Bu şam kimin üçün yanırdı, kim onun işığından faydalanırdı? Məlum deyildi. Bəlkə də elə beləcə, heç bir yolçunun yolunu işıqlandırmadan o yanıb qurtaracaqdı, ya da naxəhani bir küləkdən sönüb qaralacaqdı. İndi isə bu şamı bir yol üstünə çıxarmış, bir dağ başına qaldırmışdılar. O, əbədi hərəkət edən arasıkəsilmədən gəlib keçən insanların gözünə işıq verir, onlara yol göstərirdi. Bəlkə də bir gün onun zəif alovundan böyük bir atəş doğacaq, çürük və mütəmadiyən üfunət törədən kötükləri yandıracaqdı. O zaman kənd və onun milyonlarca əliqabarlı, tunc rəngli zəhmətkeşləri zülm və ehtiyacın ağır zəncirlərindən birdəfəlik xilas olacaqdır. O zaman körpələrinin qarnını doydurmaq dərdindən ikiqat olmuş Musa kişinin beli düzələcək. Səriyyə xalanın üzündəki kədər silinəcək. Gülnazın gözlərindəki həyat və idrak işığı məşəl kimi parlayacaqdı. Yoldaşları onun kimi, beləcə şirin ümidlərlə yaşayırdı. Bəzən onlar öz gələcək arzularını bir-birinə açır, xəyalata dalaraq, fikrin azad qanad çalmasına yol verirdilər. Belə dəqiqələr onları daha artıq bir-birinə bağlayırdı.

Saat altı tamam olduğunu gördükdə pəncərədən küçəyə boylandı. “Byuk” sistemli bir maşın gəlib, qapıda durmuşdu. Azca keçməmiş qapının zəngi çalındı və uzunboylu bir adam içəri girdi. Fridun uzadılan məktubu alıb açdı:

“Hörmətli Fridun! Vədələşdiyimiz kimi, maşını dalınızca göndərdim. Şofer hər şeyi bilir. Gecikməməyə çalışın. Hörmətlə və ehtiramla, 

Şəmsiyyə”.

Fridun məktubu oxuyub şoferə:

- Xob, iki dəqiqəyə düşürəm, - dedi.

Şofer çıxdıqdan sonra o bir də məktuba baxıb gülümsədi.

Qəzet oxuyan və hələ də fikirli görünən Rza Qəhrəmani gözaltı ona baxdı, o bir də məktubu ucadan oxudu:

- Qəribədir, elə bil ki, bunlar hamısı bir yuxudur, -  Rza Qəhrəmani qəzeti bir yana atıb, üzünü ona tutdu.

- Deməli, ziyafət məsələsi ciddiləşdi?!

Fridun qalstukunu bağlaya-bağlaya:

- Əzizim, tələsirəm. Məni söhbətə tutma, - dedi, - vəzir-vüzəra məni gözləyir. Şair demişkən, “elə bir gədayəm ki, soltanlar saqim olmuşdur”.

- Get, dadaş, lakin tez qayıt. Qorxuram ki, o günəşin işığından faydalanmayasan, amma odu əl-ayağını yandırsın.

Fridun:

- Narahat olma, əzizim, çalışarıq salamat qayıdaq, - deyə otaqdan çıxdı və aşağı endi:

Azca sonra maşın hərəkət edib, Şimran yoluna düşdü. Fridun ancaq indi nədənsə verdiyi sözün peşmançılığını çəkməyə başladı. Lakin artıq gec idi. Geri qayıtmaq olmazdı. “Hərçi badə bad, yanlış da bir naxışdır” deyib, özünü ziyafətdə necə aparmaq haqqında düşünməyə başladı. Şəmsiyyə xanımın kübarlar məclisində, doğulduqları gündən dünyaya ağa gəlmişlərin arasında özünü sərbəst aparmalı, sıxılmamalı, çəkinməməli idi.

O, fikirdə ikən maşın artıq Zərgəndəyə girmişdi. Bura Tehranın on-on beş kilometr şimal-şərqində, dağların ətəyində düşmüş, sərin sulu və bağlı-bağatlı bir yaylaqdır, Zərgəndə Şimranın ətəyidir. Hər iki yaylaq yay zamanları Tehran kübarları və ağalarının istirahət və eyş-işrət yeridir. Buralarda ayrı-ayrı ərbabların on hektarlarla sahəni tutan bağları vardır. Bu bağların içində saraylar, imarətlər tikilmişdir, ağaların və xanımların zövqünü oxşayacaq hər cür dəbdəbə yaradılmışdır.

Fridun tələbə yoldaşları ilə birlikdə, dəfələrlə Zərgəndə və Şimrana gəlmiş, onun gözəl, təbii mənzərələrinə tamaşa etmişdi. Lakin o, haqqında yüzlərcə hekayətlər, nağıllar, əhvalatlar eşitdiyini, hər cürə romanlar və faciələr meydanı olan bu xüsusi malikanələrin içərisinə girməmiş, onların uca və qalın hasarlarından başqa bir şey görməmişdi. Buna görə Fridun bir maraqla bugünkü ziyafətə gedirdi.

Maşın, küçələri axşamüstü gəzintisinə çıxmış adamlarla dolu olan Şimranı üzüyuxarı qalxırdı. O, “Dərbənd” mehmanxanasına çatmamış, sola burularaq, azca gedib, böyük bir darvazanın qabağında fit verdi. Ağ saqqallı, yaşı əllidən artıq olan bir qoca qapını açıb, maşını içəri buraxdı, Fridun maşından düşüb, göz işlədikcə uzanan bağa, güllüklərə və imarətlərə baxdıqda məhbut olub qaldı. Sərxanların, Musa kişilərin əlinin zəhməti gör haralara gedirmiş! Başdan-başa səfil və ac İranın hündür və qalın hasarları arasında gör necə bir həyat gizlənirmiş! Yumşaq çay qumu döşənmiş və hündür ağacların arası ilə uzanıb gedən balaca yol ilə irəlilədi. Qabaqda, geniş bir meydançaya çıxan yerdə qırmızı rəngli ipək paltar geyib, ətirlənmiş və özünə xüsusi bir bəzək vurmuş Şəmsiyyə qonaqları qəbul edirdi. Fridun adəti üzrə xəfif bir baş əyərək, salam verdi və meydançaya keçdi.

Bütün bağda tanıdığı bir adam yox idi. Sanki bu mərmər sütunlu, bəzəkli, zəngin imarətlərin divarından, daşından bir soyuqluq süzülür, bədəninə gizilti salırdı. Şux geyimli xanımlar və ağalar da, onların mürəkkəb müaşirət qaydaları da ona beləcə yabançı idi.

Qonaqları qəbul etdikdən sonra Şəmsiyyə bir dəstə oğlan və qızla ona tərəf gəlirdi. Bir neçə addımlıqda dəstədən ayrılaraq, gülə-gülə qabağa yeridi:

- Xahiş edirəm tanış olun.

Fridun daxili bir sıxıntı ilə əlini uzunboylu bir ağaya uzatdı. Lakin əli havada qaldı. Ağa gülümsəyib çəkildi.

- Bəadəti fəransəvi* əvvəl xanımlarla, - dedi.

Fridunu bir anda tər basdı. Xanımlar və ağalar baxışdılar. Onların dodaqlarında və gözlərində istehzalı bir təbəssum və maraq göründü. Lakin bir anda bu maraq sanki ona qarşı bnr etinasızlığa çevrildi. Fridun dönmək istədikdə hansı bir xanımınsa ayağına toxundu. Uzunboylu ağa:  

- Yavaş, ağa, yıxılarsan, - deyib onun qolundan tutduqda bəziləri ucadan güldü. Fridun birdən-birə içərisində güclü bir səs eşitdi. Bu səs “zahiri rövnəqinə baxma, bunlar heçdir” deyirdi. Dərindən gələn bu səsi eşitməklə də gənc özünü bu ağalardan yüksək və qüdrətli hiss etdi. Qolunu uzunboylu ağanın əlindən çəkdi:

- Narahat olmayın, ağa, yıxılsam da sınmaram, şüşədən deyiləm, - dedi və sonra da ayağına toxunduğu xanıma tərəf döndü:

- Üzr istəyirəm, xanım.

Gözlərdə yenidən bir maraq oyandı. Ciddiyyət əmələ gəldi. Fridunun simasındakı qızartıların bir cəsarətə çevrildiyini görən, səsində bir səmimiyyət və qüvvət hiss edən xanım mehriban bir nəzərlə onu süzdü və əlini uzatdı. Bundan istifadə edərək, Şəmsiyyə təqdim etdi:

- Xanım Südabə, vəziri-dərbarın qızıdır.

Fridun maraqla ona baxdı. Qızın, iri qara gözlərindəki mehribanlıq xoşuna gəldi.

Fridun əlvan ipəklər və şallar içində parlayan, qiymətli daş-qaşlarla bəzənmiş, hərəsi bir ətir qoxuyan xanımların əlini sıxıb, tanış olduqdan sonra, kişilərə tərəf döndü. Burada Tehranın bütün kübar ailələrindən cavan kişi və qadınlara, oğlan və qızlara rast gəlmək mümkün idi. Adamlar dəstə-dəstə - üçbir, beşbir bağda gəzir, söhbət edirdilər. Axşam sərini ürəkləri oxşayır, batmaqda olan günəşin son işıqları çinar ağaclarının başında oynaşırdı. Hər on-on beş addımda bir xidmətçi əl-əl üstə duraraq, əmr gözləyir, gözlərini qonaqlardan çəkmirdi. Onlar balaca padnoslarda çay, şərbət, qəhvə, müxtəlif şirniyyat, siqar və papiros gəzdirir, xanımlar və ağaların kiçik bir işarəsilə quş kimi hərəkət edirdilər ki, bu da yerlərini itirmək qorxusundandı. Ehtiyac onları müti və aciz etmişdi.

Mərmər sütunlu binanın qabağındakı meydançada orkestr vals çalırdı. Qonaqlardan oynayanlar da vardı. Lakin hələ məclis o qədər qızışmamışdı. Buna görə də qonaqların çoxu ya cüt-cüt, oynayır, ya da durub oynayanlara tamaşa edirdi.

Fridun az danışır, diqqətlə adamları, onların rəftar və hərəkətlərini izləyirdi. İlk tanış olduğu bəzi ağa və xanımlar ara-sıra maraqlı, lakin ehtiyatlı nəzərlə onu süzsələr də, özlərini ondan gen saxlayırdılar.

Bu adamlar içərisində yalnız Südabə ona yaxınlaşır, danışırdı. Xüsusilə qız Fridunun Azərbaycandan gəldiyini bildikdə artıq maraq göstərirdi. Südabə ünsiyyət sevən bir adama oxşayırdı. Lakin nədənsə yoldaşları və rəfiqələrinin onu sevmədiyi görünürdü. Onunla rəftarları soyuq, danışıqları boğazdan yuxarı, baxışları dumanlı idi. Sonralar Fridun bunun ciddi səbəbləri olduğunu öyrəndi.

Ona qarşı belə bir rəftarın səbəbi Südabənin Azərbaycanda, yoxsul bir kəndli ailəsində doğulduğu idi. Dərbar vəziri Həkimülmülkün onun anasını zorla çəkib gətirdiyi də Tehrana məlum idi. Əvvəllər kübar ailələrində ona da, anasına da “hərbi qənimət” deyərdilər: 1920-ci ildə Südabənin atası Təbrizdə Şeyx Məhəmməd Xiyabani üsyanında iştirak edərkən şah qoşunlarının başında Azərbaycana gəlmiş Həkimülmülkü tutaraq, bığlarını və qulağının birini kəsib buraxmışdı. “Get, ağalarına de, bizdən əl çəksinlər...”. Təbriz qiyamı boğulduqda həkimülmülk onu boğazdan asdırmış və gözəlliyi ilə məşhur olan arvadı Məryəmi çəkib gətirmişdi: O zaman Südabə üçaylıq idi. Südabənin anası Həkimülmülkün üçüncü arvadı sayılırdı. O biri arvadların hərəsindən üç uşağı vardı.

Həkimülmülk, günülər arasındakı qovaqdan başı ağrımasın deyə Məhəmməd peyğəmbərin yolu ilə gedərək, hər arvada şəhərin bir yerində ayrıca ev düzəltmişdi. Südabənin anası da balaca bir həyətə salınmış və düşmən mühitdə ürəyində kin, günlərini saya-saya Südabəni böyütmüşdü. Qız böyüdükcə bu yabançı mühitin özünə alçaq nəzərlə baxdığını görürdü. Anası məsələni ona nəql etdikdə illərlə ürəyində yığılmış kin, həmin mühitə qarşı, onun tənəli rəftarına qarşı qızın ürəyində soyuq bir saymazlıq törətmişdi. Odur ki, Südabə Şəmsiyyədən başqa qalan xanımlara meyl göstərmirdi. Tutqun üzlərini, tənəli baxışlarını görməkdən yorulmuşdu.

Birdən ağalar və xanımlar içərisində bir hərəkət əmələ gəldi. Hamı darvazaya tərəf döndü. Musiqi dayandı. Şəmsiyyə Fridunun təəccüb etdiyini gördükdə:

- Şahpur gəlir, dedi,  -  qabağa gedək.

Fridun bir neçə hərbi paltarlı adamla yavaş-yavaş gəlməkdə olan Şahpuru gördü. Onun üzündə açıq bir xudbinlik və təkəbbür vardı. Qonaqların hərəkətində, pıçıldaşmasında, açıq bir yaltaqlıq və gizli bir vahimə hiss edən Fridunun ürəyi bulandı, üzünü yana çevirib, yerindən tərpənmədi. Südabə təəccüblə:

- Şahpura baxmaq istəyirsinizsə gəlin, - dedikdə, Fridun soyuqqanlılıqla cavab verdi:

- Şahpur oyuncaq deyil ki, bizim kimi adamdır...

Südabə dayanıb Friduna baxdı:

- Mən cəsarətli adamları sevirəm. Baxın, sərtib də sizin kimi sərbəst dayanıb, - dedi və qonaqlara qarışdı.

Doğrudan da, sərtib əyilmədən, təməllüq göstərmədən kənarda durmuşdu. Yolun hər iki tərəfinə cərgə ilə düzülmüş adamlara salam verib keçən Şahpur hərdən ayaq saxlayır, bəzilərinin əlini sıxıb, hal soruşur və yenə keçirdi. Nəhayət, o yaxınlaşaraq, gözucu sərtibə tərəf baxdı. Sərtib vəziyyətini pozmadan xəfifcə baş əyib, salam verdi. Şahpuru kölgə kimi təqib edən hərbilərdən biri:

- Sərtib, yoxsa məclis vəkili olmaq istəyirsiniz, - dedi,  - qarayaxa geyinmişsiniz.

Bu, vəzarəti-kişvərdə siyasi şöbə müdiri sərhəng Səfai idi. O, adəti üzrə sözü deyən kimi qəhqəhə çəkib güldü və birdən də bu gülüşü kəsib, tez-tez gah bunun, gah onun üzünə baxdı.

Orta boyu, səliqə ilə yuxarı daranmış və yağlanmış qara saçları, mülayim siması və yumşaq səsi onu xəfiyyə rəisindən artıq şah təlxəyinə oxşadırdı. Sərtib onun hər kəs tərəfindən anlaşılan istehzalı sözünü cavabsız qoymadı: 

- Namuslu vətəndaş olmaq da bir şərəfdir! - dedi.

“Bravo, bravo!” deyən seyrək səslər eşidildi. Sərhəng sərtibin bu sözlərini yan buraxmağa çalışdı və özünün adi ifadəsini pozmadı. Şahpur:

- Sərtib sülh dövründə hərbi libas geyir, hərb iyi gələndə diplomat paltarı, - deyib güldü. Sərhəng və başqaları əl çaldılar. Sərtib bir qılınc döyüşünü andıran bu söz meydanında basılmaq istəmədi.

- Qeyrətli bir diplomat da vətəni üçün eyni sərbazdır! – dedi.

Araya ağır bir gərginlik çökdü. Nə sərhəng, nə də Şahpur bir söz demədi. Sərtib isə məğrur baxışlarla onları süzdü. Şahpur etinasız və mütəkəbbir bir hərəkətlə onun yanından keçdikdə:  

- Əlbəttə, - dedi, - lakin diplomatın siyasəti düz olsa...

- Ürəyində vətən məhəbbəti olanlar əyrilik bacarmazlar.

Vəziyyətin gərginləşməsini istəməyən Şəmsiyyə qabağa keçdi:

- Ağalar, buyurun, rəqs edin...

Onlar musiqi çalınan tərəfə getdilər. Yenə adamlar bir-birinə qarışıb, gəzməyə, oynamağa, söhbət etməyə başladılar. Şəmsiyyə bərk-bərk sərtibin qoluna qısılaraq:

- Sərtib, - dedi, - dikbaşlığını bu dərəcəyə qaldırmasan yaxşıdır.

- Mən hələ heç bir dikbaşlıq etməmişəm.

- Etdiklərin də kifayətdir. Sən bu nəsli tanımırsan. Hər kəsi qarşılarında ikiqat əyilən görməyi adət etmişlər. Onlar heç bir şeyi yadlarından çıxartmırlar. Heç bir şeyi bağışlamırlar. Xüsusilə cəsarət və sərbəstliyi! Bunu yadında saxla, sərtib!

- Yadımda saxlaram! Amma əməl etmək çətindir!..

Şəmsiyyə:

- Həyatda hər şeyi bacarmaq lazımdır, - deyib sərtiblə Fridunu qol-qola verdi və çəkilib getdi.

 Onlar tək qaldıqda bir-birinə baxdılar.

Fridun yenə sərtibin baxışlarında gizlənilməz bir qayğı ilə kədər gördü:

- Sərtib, məni bağışlayın, rəftarınız çox sərt olsa da  mənə ləzzət verdi.

- Başqa cür hərəkət etməyi bacarmıram. Ürəyim dilimdədir.

- Amma sərhəng nə yumşaq adama oxşayır. Deyir ki, igidin adın eşit, üzünü görmə.

- İnanma, oğlan. Onun gülüşü də zəhərlidir. Bunlardan hər şey gözləmək olar. Evinə çağırıb, plov içində zəhər vermək, insanı doğma qardaşının əli ilə öldürtmək, məhbəsdə boğub sonra təziyə saxlamaq İran hakimləri və kübarlarının qədim adətidir. Ənuşirəvan Adilin məzdəkilərə işlətdiyi hiyləni xatırlayın!..

Fridun sərtibin üzündə hər şeydən yorulmuş, hər şeyə nifrət edən dəruni bir narazılığın ifadəsini gördü. Eyni zamanda onun mütərəddid və təzadlı bir halda olduğu bilinirdi.

Muxtəlif danışıqlar arasında söz Şəmsiyyə və Şahpurdan düşdü. Fridun sərtibin əsəbiləşdiyini hiss etdi. O deyirdi.

- Burada iki gəncin ürəyindən artıq alçaq bir siyasətin tədbirləri hökm sürməkdədir. Ağayi Hikmət İsfahani çoxdan İran taxt-tacına göz dikmişdi. Özü də şah ola bilməsə, gələcək hökmdarı əlində oyuncaq etməyə çalışmaqdadır. Saraylarda min hiylə işlədən bu siyasət oyunbazları tükənməz bir qüvvəyə malikdirlər. Onlar öz oyunlarında yorulmaq və usanmaq nə olduğunu bilməzlər. Hər vasitəyə və hər şeyə əl atarlar. Xüsusən Hikmət İsfahani!

- Sizin ona qarşı sözlərinizdə mən bir ehtiras duyuram.

- Bilirəm nəyə işarə edirsiniz. Atamın qanını unutmaq üçün mən gərək bişərəf və binamus bir adam olam. Lakin dediklərim də bir həqiqətdir.

- Sizin atanızı öldürən məncə, yalnız Hikmət İsfahani deyildir.

- Mənim atamı öldürən, İranı fəlakət və bədbəxtliyə aparan qanlı bir siyasətdir. Bu siyasəti əlahəzrətin də arzusuna rəğmən yeridənlər var. İngilis, alman, amerikan pul kisəsinin gücünə yaşayan bu satqınların nə qədər ömür edəcəyini demək çətindir. Lakin zaman hər zəhərə qarşı bir padzəhr hazırlayan amansız bir təbibdir.

- Lakin bu təbibin səbri bəzən bir insan nəslinin ömründən artıq olur. Biz öləndən sonra çəkilən intiqamlar, bivaris ölənlərə oxunan yasin kimi bir şeydir, sərtib...

- Mən zamana qarşı o qədər də naümnd deyiləm. Artıq onların söykəndiyi ingilis ağalığının dağılacağını bildirən zəlzələnin əlamətləri hiss edilməkdədir.

- O hansı əlamətlərdir?

- O mərkəzlər ki, satqın vəzirlər və vəkillər öz siyasətinin tellərini ora bağlamışdır, onlar titrəməkdədir.

Musiqinin ahəngdar səsləri ətrafa yayılırdı. Şəmsiyyənin onlara doğru gəldiyini gördükdə susdular. Qonaqlar artıq ayaq üstə yeməyə və içməyə başlamışdılar. Oynayanların sayı getdikcə artırdı. Onlar da yemək stoluna yaxınlaşarkən azca əsəbi görünən Şəmsiyyə ilə qarşılaşdılar. Qız süni bir gülüş və şadlıqla:

- Artıq sizi bir-birinizdən ayıracağam, - deyə sərtib Səlimiyə müraciət etdi. - Bir qədər də mənimlə gəzin.

Bu sözlərdən sonra sərtibin qolundan tutub apardı. Sərtib onun ətir qoxuyan yarıçılpaq qollarının əsdiyini hiss etdi.

- Sizə nə olmuşdur, Şəmsiyyə?—deyə, üzünə baxdı və gülümsədi.

- Sizə nə var, gülərsiniz! Amma mənim ürəyim dərdlə doludur. Rica edirəm, mənimlə bir az mehriban dolanasınız. Oynaya bilərsinizmi?

Nə isə bir qısqanclıq səhnəsi oynadığını hiss edən sərtib:

- Bir azca bacarıram, - dedi.

Şəmsiyyə heç bir söz demədi, daha artıq ona qısılaraq, adamların arasından keçib, rəqs meydanına çıxdı. Orkestr vals çalırdı. Sərtib musiqinin oynaq ahəngi altında, onsuz da bir yerdə dura bilməyən Şəmsiyyəni havada atıb-tutur, xüsusi bir gözəlliklə oynayırdı. Lakin o, Şəmsiyyənin kimə isə acıq verdiyini, çiyninin üstündən hara isə oğrun-oğrun baxdığını hiss etdi. Onu havada hərləyib, dairə vurduqda ətrafa göz gəzdirdi. Azca qabaqda Südabə xanım Şahpurun qolları arasında hərlənir, başını onun çiyninə qoyub, kədər dolu gözlərilə baxırdı. Birdən Şahpurun da onlara tərəf baxdığını və ani bir heyrətə daldığını gördü. Sərtib bu baxışlara əhəmiyyət verməyib, Şəmsiyyəni daha qızğın bir hərəkətlə dolandırdı. İstədiyi adamları sancdığını hiss edən Şəmsiyyə onun qulağına:

- Bu yaxşılığını heç bir zaman unutmaram! - dedikdə sərtibin ona yazığı gəldi, belə xırdalandığı üçün təəssüf etdi. Bu zaman Şahpur Südabəni hərləyib onlara yaxınlaşdı və birdən onu buraxıb, Şəmsiyyəni tutdu. Şəmsiyyə yüngül bir hərəkətlə sərtibdən ayrıldı. Sərtib dərhal kənara çəkildi və bir daha musiqi çalınan yerdə görünmədi.

Qızarmış Südabənin ortada qaldığını görən Fridun onu bu vəziyyətdən çıxarmaq üçün tez meydana girib qolundan tutdu və hərəkətlərini musiqiyə uyğunlaşdırmağa çalışaraq qulağına pıçıldadı:

- Tez çıxaq, mən rəqs edə bilmirəm.

Qız yenə mehriban nəzərlərini ona dikdi:

- Çox sağ ol, oğlan, - dedi, - nə yaxşı ürəyin var.

* * *

Gecə saat onda cənub göyləri sayrışan parlaq ulduzlarla örtüldüyü zaman Fridun Zərgəndədən çıxdı. Şəmsiyyə ona öz maşınını təklif etdi. Lakin sərtib:

- İcazə versəniz mənimlə gedər, - deyib yanına oturtdu.

Onlar hərəkət etdikdə sərtib xeyli müddət danışmadı. Ziyafət onu əyləndirməkdən çox yormuşdu. Maşın Tehran yoluna çıxdıqda:

- Ziyafəti necə gördün? - deyə soruşdu.

Fridun təəssüratını ondan gizlətmədi. Belə sarayları və dəbdəbəli həyatı indiyə qədər təsəvvür etmədiyini söylədi. “Lakin insanların rəftarındakı soyuqluq və quruluq xoşuma gəlmədi – dedi. - Sanki hər kəs öz böyüklüyünü, üstünlüyünü göstərmək istəyir. Onların içərisində bircə vəziri-dərbarın qızı az-çox adama oxşayır, çox sadədir”.

Sərtib:

- Yaxşı tanımısan, bu tamam başqa bir məxluqdur, - deyib, bir təəssüf hissilə onun tarixini danışdı:

- Şor su sabun götürməyən kimi, bu mühit də onu öz içinə ala bilmir. Ta körpəlikdən hər addımda onu sancırlar. Əslini, nəslini yadına salırlar. Lakin bu istehzaların, bu tikanlı sözlərin bircə yaxşı cəhəti olub ki, qız gözüaçıq  və ağıllı böyütmüşdür.

Fridun, öz varlı atasını atıb, inqilabçılar dəstəsinə qoşulan Nataşanı xatırladı. Südabənin bu dəbdəbəli və təntənəli həyatda nəyi vardı? Sərtib ürəyində dolanan mürəkkəb hisslərin təsirilə:

- Fəlakətdir, - dedi, - insanlardan ayrılmaq mümkün deyil. Onlara yaxınlaşanda da ürək dərdlə dolur. Nə etməli, dərviş kimi bir guşəyə çəkilmək olmur. Hər şeyə dözməli olursan. Hərdən urəyim darıxır, deyirəm ki, elə bir vaxt gələcəkmi ki, cəmiyyət bu yalançı və çürük təsəvvürlərdən, adətlərdən yaxasını qurtarsın. Hər kəs üçün doğma və mehriban bir ailə olsun!..  

Fridun sərtibin yaxşı insanların varlığı haqqında təsəvvürü olmadığına qəlbən acıdı.

- Sərtib, - dedi, - yaxşı insanlar aşağılardadır. Mehriban, təmizürəkli, qərəzsiz. Siz də ki, oradan uzaqsınız.

- Düzdür, oralarda adamların ürəyi daha açıqdır. Lakin onlar da əvamdır, kobuddur, cahildir.

- Getdikcə onların da gözü açılır, onlarla birlikdə dünya da yaxşılaşmaqdadır.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info