Qonaq Kitabı
DOQQUZUNCU FƏSİL

Fridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:

- Bir qəzəl də oxuyun, - deyirdi.

Nəticədə getdikcə araları açıldı. Günlər keçdikcə qız ona hər dərdini və sevincini bölüşmək mümkün olan bir yoldaş kimi alışdı.     

Cümə günü istirahətindən sonra Fridun Laləzara çıxmışdı. Küçənin adamla dolu vaxtı idi. Uzaqdan Şəmsiyy gözünə dəydi.

- Xanım, salam.

Qız gülab qabı kimi ətir qoxuyurdu. Əla esyensin iyi uzaqdan Fridunu vurdu. Şəmsiyyə ona yaxınlaşaraq, yavaş addımlarla gəzməyə və danışmağa başladı. O, xüsusilə kübar ailələrdə və sarayda adət halına keçmiş olsa da, saxta və süni təsir bağışlayan incə hərəkətlərlə tərpənir, səsinə ahəngdarlıq verməyə çalışırdı. Bütün bunlar yuxarı sinif xanımlarında ürəkbulandırıcı zahiri bir təkəbbür şəkli almış və onları nəinki aşağı təbəqələrdən, hətta bir-birindən belə aralı saxlayan qəribə əxlaqi meyara çevirmişdi. Bu saxta qabığın altından belə Şəmsiyyənin təbiətindəki rayihə, gənclik təravəti və sadəlik özünü göstərir və qıza bir cazibədarlıq verirdi. Lakin Fridunu ona yaxınlaşdıran bu deyildi...

Təbiidir ki, Hikmət İsfahani kimi görkəmli bir ağanın evində böyüyüb yetişmiş xanım Şəmsiyyənin üzünə Tehranda bağlı olan bir qapı təsəvvür etmək çətin idi. Onun bütün vəzir ailələrinə, vəzarətxanalara və dərbara yolu açıq idi. Tehrandakı xarici səfarətxana işçilərindən tutmuş, zabitlər və dövlət qulluqçularına qədər bütün yuxarı təbəqələr içərisində onun tanışları vardı. O, firəngcəni öz ana dilindən daha təmiz danışır, öz hərəkətlərində yuxarı təbəqənin bütün adətlərinin bir rəmzi kimi görünürdü. Bununla belə, onun tərzi-hərəkətində nə isə onu mühitindən ayıran qəribə bir sadəlik vardı ki, bu keyfiyyətin sayəsində, o, məktəb yoldaşları arasında özündən çox-çox aşağılardan çıxmış adamlarla da ünsiyyət yarada bilmişdi. Digər tərəfdən o, aşağı təbəqələr içərisindən çıxmış adamların daha təmiz və sadə olduğunu hiss edir, onların qadına qarşı əlaqələrindəki mehribanlığı xoşlayırdı. O, nə isə qadına olan bu münasibətdə, içərisində dolandığı mühit adamlarında görmədiyi bir alicənablıq, bir ülviyyət duyur və hər bir qadın kimi, bunu yüksək dərəcədə qiymətləndirirdi. Fridunda ilk gündəcə belə bir keyfiyyət tapdığı, onun nəvaziş və hörmətindən zövq aldığı üçün onu gördükdə şad olurdu.

- Xanəvadəniz* necədir? Dərbara** gedib-gəlirsinizmi? Davaya necə baxırlar?

-  Mersi, xanəvadəmiz yaxşıdır. Dərbarın da yolu hələ ki, üzümüzə açıqdır. Dava məsələsi uzundur. Hərə bir cür baxır. Əlahəzrət hələlik bircə möhkəm tapşırıq vermişdir: daxildə şübhə oyadan adamları aradan qaldırmaq. Özünüzü gözləyin, ağayi Fridun, ehtiyatsız söylənmiş bir söz belə fəlakət törədə bilər.

- Bu nə sözdür, xanım. Biz ki, əlahəzrətin sadiq təbəələriyik. Xeyirdən başqa bir fikrimiz yoxdur. Şahpur necədir? Görüşürsünüzmü?

- Hər gün görüşürük. Şimrana bağımıza gəlmədiyi bir gün yoxdur. Sabah da böyük bir ziyafətimiz var. Gəlmək istəyirsinizmi?

Şəmsiyyə fikrə getdi. Uşaq simasını andıran üzündə ciddiyyət göründü.

- Sabah saat altıda maşını dalınızca göndərəcəyəm. Ünvanınızı verin. Lakin bircə şeyi şərtləşək: sizi bu ad altında təqdim edə bilməyəcəyəm. Əvvəla, kasıb balası olmanızı, ikinci də azərbaycanlılığınızı gizlətməliyik. Hər ikisi sizi ağır vəziyyətə sala bilər. Mən sizə təzə ad verəcəyəm. Cəmşid İsfahani, mənim İsfahandan gəlmiş xalam oğlusunuz...

-  Birdən ağayi Hikmət İsfahani orada olsa, özünüz də, mən də pis vəziyyətə düşmüş olarıq.

- Ehtiyat etməyin. Ağam sabah saat altıdan başlayaraq növbə ilə ingilis, amerikan və sonra da alman səfarətxanalarında olacaqdır. Birində ziyafət, o birində ticarət, üçüncüsündə bilmirəm nə...

Fridun fikir etmədən:

-Yox, xanım, - dedi, - mən başqa ad altında yaşamaq istəmirəm. Bir də elə ziyafətlərə alışmamışam.

- Yaxşı, öz adınızla gəlin, sadəcə təbəəsiniz, vəssalam.

-  Təşəkkür edirəm.

- Gəlin, sizi Tehranın seçilmiş xanımlarına təqdim edəcəyəm. Qorxuram ki, oradakı ulduzlar gözlərinizi qamaşdıra və bizə heç baxmayasınız da.

- Bizdə “hər şeyin təzəsi, dostun köhnəsi” deyərlər.

Qız vidalaşıb, “gözləyəcəyəm” deyərək getdi. Fridun Şəmsiyyənin təsadüfən söylədiyi və xəbərdarlığı andıran sözlərini xatırladı. “Görəsən bu sözlərdə gizli bir işarə və eyham varmıdır?” deyə düşündü. Onun simasını xatirinə gətirdi. “Yox, tamamilə təsadüfi söylənmiş sözlərdir” deyə kəsdirdi.

Axşam gün batdıqdan sonra evdən çıxıb, Aram Simonyangilə getdi. Onların evi Laləzarın başında, ikimərtəbəli bir binada idi. Binanın küçəyə açılan qapısının dalında pillələrin ayağındakı meydançada hər cür qiymətli dəridən tutmuş gümüş, qızıl, büllur qablara qədər cürbəcür şeylər satılan balaca bir dükança vardı. Doktorun evinə getmək üçün buradan keçib, ensiz pilləkənləri yuxarı çıxmaq və sol əldəki qapının zəngini basmaq lazım idi. Qapı üçkünclü balaca bir dəhlizə açılırdı. Burada da sağda, solda birər qapı vardı. Sağdakı qapı orta müstəqim şəkilli otağa açılırdı. Otağın divarlarından bir neçə qədim İran minyaturası asılmış, balaca bir divan və bir neçə yumşaq səndəl qoyulmuşdu, ortada dairəvi bir çay stolu vardı. Bu, doktorun həm qonaq, həm də xəstələri qəbul etdiyi otağı idi. Onun yanında küçəyə üstüaçıq balkonu olan başqa bir otaq vardı. Doktorun bütün tibb cihazları və ləvazimatı burada idi. O xəstələri də burada müalicə edirdi. Üçüncü otağın bir divarında Təbrizdə toxunmuş, ilin dörd fəslini təsvir edən və kənarlarında haşiyələr içində hər fəslə aid bir beyt şeir olan “Dörd fəsil xalçası”, ikinci divarda çarpayıların üstündə yaşıl yağlı rənglə çəkilmiş yarıçılpaq bir qadın şəkli asılmışdı. Doktordan əvvəl burada yaşamış hansı bir tacirinsə çəkdirdiyi bu şəkli gizlətmək üçün üzünə Hindistandan gətirdiyi ipəkdən toxunmuş Tac-mahalı təsvir edən yaraşıqlı bir şal çəkmişdi. Bu da doktorun yataq otağı idi. Aramın ixtiyarında olan iki otağa dəhlizdən sola bir qapı açılırdı. Bu otaqlar müasir stildə döşənmişdi. Onların birində dolu kitab şkafları, yazı stolu, stullar və radio cihazı qoyulmuşdu.

Aram dostları ilə, pəncərələri dal dəhlizə açılan bu otaqda görüşərdi. İkinci otağa, taxta çarpayı qoyulmuş, baş tərəfdəki divarda Simonyanların müxtəlif illərdə çəkilmiş ailə şəkilləri asılmışdı. Bu, Aramın yataq otağı idi.

Aram Simonyan doktor Simon Simonyanın oğlu idi. Doktor Simonyan hələ çar zamanı Rusiyadan Təbrizə və oradan da Tehrana mühacirət etmiş azadfikirli həkim idi. O, öz sənətində çox mahir olduğundan tezliklə Tehranda ad qazanmış və böyük nüfuza malik olmuşdu. Hərəkətlərində sərbəstlik sevər və özünü heç kəsdən asılı tutmazdı. Tehranın erməni ziyalı və əsnaflarından, tacir və ərbablarından başqa azərbaycanlı və farslar da doktora xüsusi hörmət bəsləyirdilər.

Doktorun oğlu darülfünunun son kursunda oxuyurdu. O, zəkalı, açıq fikirli və cəsarətli bir adam idi. Mütaliə etməyi çox sevərdi. Fars, ingilis və firəng dillərindən əlavə, Azərbaycan və erməni dillərini də mükəmməl bilirdi. Azərbaycan dilini atasının səyilə xüsusi məşğələlər sayəsində öyrənmiş, hətta qədim erməni kitablarını da mütaliə etmişdi.

Fridunu onlarla Kürd Əhməd tanış etmişdi. Orada söhbətə yığışan bir neçə başqa adama da rast gəlmiş, tanış olmuşdu.

Zaman keçdikcə Simonyanın evi Kürd Əhməd və Fridunun çox görüşdüyü bir yerə çevrilirdi. Çünki bura bir həkim evi idi... hər gün onlarca müxtəlif millət və siniflərə mənsub insanların buraya gəlib-getməsi təbii idi. Bu da onların görüşü üçün əlverişli şərait yaradırdı.

Fridun qapının zəngini basdıqda Aram özü hay verdi. Bu, evin boş olmadığını bildirirdi. Adi hallarda qapı zənginə yalnız qulluqçu gələrdi. Aram Fridunu görən kimi içəri buraxıb, qapını örtdü və dərhal qolundan tutub, öz otağına tərəf apardı.

- Yaxşı oldu ki, gəldin, yoldaşlar da buradadır, indicə səni arzu edirdik, - dedi.

Fridun içəri girdikdə altı gənc ayağa durub, ona əl verdi. Fridun oturduqdan sonra otaqdakılara bir də gözaltı nəzər saldı. Kürd Əhməd və Rza Qəhrəmani ilə göz-gözə sataşdıqda gülümsədi. Başını əyib, onlarla bir də salamlaşdı. Bir anlıq sükutdan sonra Kürd Əhməd üzünü yoldaşlara tutdu:

- Ağayi Fridun şimaldan gəlmişdir. O, uzun müddət kənddə işləmiş, kəndlinin ruhiyyəsini yaxşıca öyrənmişdir. Azərbaycanın və kəndlinin dərdinə aşinadır, başına gələnləri nağıl etsə, nə bəlalardan qurtardığına heyran edərsiniz!

Kürd Əhmədin yanında oturmuş, Fridunun ilk dəfə gördüyü qarayanız adam:

- İgidin başı qalda gərək, - dedi, - yarpaq yarpaqlığı ilə yenə küləyin zərbəsinə, toza-torpağa dözür. Mən insan o adama deyərəm ki, ömrü fırtınalar qucağında keçsin.

Kürd Əhməd Fridunun danışana diqqətlə fikir verdiyini gördükdə tanış etdi.

- Ağayi Kərimxan Azadidir. Tütün fabrikində işləyir.

Bu zaman yenə qapının zəngi səsləndi. Aram tez çıxdı. Bir neçə dəqiqə keçməmiş Sərxan və Fəridə ilə geri döndü. Onları görən kimi hamı ayağa qalxdı. Fridun sevinclə Fəridəni göstərdi:

- Tanış olun, bizimlə bir yola qədəm qoyan ilk İran qadınıdır.

Kürd Əhməd gülərək:

- Yox, əzizim, biri də var, - dedi. - Kərimxanın zövcəsi Xavər xanım. Bu gün bir az kefsiz olduğundan gələ bilməyib.

Fridun Sərxanla Fəridəyə yanında yer verdi. Fəridə elə halda idi ki, harada olduğunu təsəvvür edə bilmirdi. Nə otağı, nə adamları aydın görürdü. Hətta sözləri belə yaxşı ayırd edə bilmirdi.

Hamı oturduqdan sonra Kərimxan Azadi Fridundan kəndlərdəki vəziyyəti soruşdu:

- Yaşayış necədir?

Fridun birinci dəfə görüşdüyü bu adamlarla nə dildə danışmağı düşündü. Necə başlamalı idi ki, gördüklərini, düşündüklərini onlara çatdıra bilsin. O, əvvəlcə danışanda sanki sözlər bir-birinə bağlanmaq istəmirdi. Lakin getdikcə, həyat və gördüklərindən danışdıqca sözlər mum kimi yumşalırdı.

O, danışıqlarına belə yekun vurdu.

- Kəndlinin həyatını insan həyatı ilə müqayisə etmək mümkün deyil. Yoxsulluq, ehtiyac və zülm onun nəsibi olmuşdur. Heç bir insaf və vicdan sahibi razı olmaz ki, hər yerindən duran nanəcib, nə bilim əmniyyə, nə bilim nəzmiyyə, nə bilim malik, nə bilim nümayəndeyi dövlət adı ilə kəndlinin var-yoxunu əlindən alıb, onu ac və lüt qoysun.

Kürd Əhməd onun sözünə qüvvət verib, öz gördüklərindən danışdı. Ərbabla rəiyyət arasında arasıkəsilməyən mübarizə getdiyini söylədi:

- Kəndlilər cana gəlmişlər, - dedi. - Yəni əslinə baxsan, narazı olan bir kəndli deyil. Hansı təbəqəyə yaxınlaşdım, narazı gördüm. Hamı bir fürsət, balaca bir fürsət gözləyir. Başdan-başa məmləkət istibdadi rejimin ağırlığı altında əzilir, nəfəsini çəkə bilmir. Hər idarədə bir deyil, bir neçə müstəbid, bir neçə padşah oturmuşdur desəm, mübaliğə etmiş olmaram. Rüşvət, qanunsuzluq, fisqu-ficur həddini aşıb. Camaatın irzü-namusu əldən gedir. Hamı balaca bir səsə bənddir.

Rza Qəhrəmani:

- Əlbəttə, bunlar hamısı səhih və təmamən həqiqətdir, - dedi. - Lakin mən belə fikir edirəm ki, indi biz İranı, yalnız kəndlinin ayağı ilə ölçə bilmərik. İndi İranda qüdrətli ictimai qüvvəyə çevrilən bir sinif də yaranmaqdadır. O da kargərlər sinfidir. İranın gələcəyi bu iki qüvvənin fəaliyyətindən asılıdır.

Kərimxan Azadi:

- Elədir, düzdür, - deyə təsdiq etdi.

Fridun onun, nə isə, daimi bir gərginlik və yorğunluğu ifadə edən simasına baxdı. O, söhbət əsnasında gözlərini danışanın simasına dikib durur və gərgin bir diqqətlə dinləyirdi. Bütün gözlərin ona baxdığını gördükdə yüngülcə yerində qımıldandı, hər sözü aydın eşidilər bir ifadə ilə danışmağa başladı:

- Qüvvət kargərin çəkici və zindanındadır. Onu yadından çıxardan firqə heç bir iş görə bilməz. Onsuz indiki cəmiyyətdə mütərəqqi bir addım atmaq mümkün deyil.

Gənclərdən kim isə yavaşca əl vurdu:

- De, de gözünə dönüm. Gecə-gündüz bir danasının quyruğundan tutan kəndli hara, kargər hara...

Bu söz məclisə bir hay-küy saldı. Fəridə, bu adamların nə üçünsə bərk qızışdığını gördü və heyrətlə gah buna, gah ona baxdı. Hər kəs bir söz deyirdi.

- Yaman əydin, əzizi-mən...

Kərimxanın sözlərindən istənilməyən nəticələr çıxaran gənc:

- İran elə bir ölkədir ki, burada kəndliyə sizin dedikləriniz kimi baxmaq olmaz, - dedi.

Fridun Kürd Əhmədin qulağına tərəf əyildi. Bu gəncin kim olduğunu soruşdu. Kürd Əhməd yavaşca:

- Sabun zavodunda texnikdir, odlu cavandır, - deyib ayağa durdu.

- Ağalar, xahiş edirəm, bir az sakit. Qoyun, Ağayi Kərimxan Azadi sözünü qurtarsın, sonra bir-bir danışaq.

Ara sakitləşdi, Kərimxan davam etdi:

- Mənim əzizlərim, dediyim odur ki, İranda da kargərlər sinfi əmələ gəlmişdir. Onun parlaq ictimai amalı və idealı var. Onsuz İranın həyatı cansız olar, ruhsuz olar. Bizi zülmdən qurtarsa bu sinif qurtaracaq. O sinif, cəmiyyətin çürük bünövrəsini elə dağıdacaq, necə sel palçıq səddi dağıdar.

Rizvan yenə özünü saxlaya bilmədi:

- Elə mən də onu deyirəm ki, bu bünövrəni danası üçün tir-tir əsən kəndli dağıtmayacaq!

- Kəndli də dağıda bilər, o da böyük qüvvədir.

- Eləsəydi bu vaxta qədər edərdi, min ildir, dünya var, kəndli var, niyə bəs eləmədi?

Yenə qarışıqlıq düşdü. Yenə Kürd Əhməd oturanları sakit edib, Kərimxana döndü:

- Buyurun...

Lakin Rizvan Kərimxana danışmağa imkan vermədi.

- Bundan sonra İranda inqilabın məzmununu kargər verəcək, - dedi, - nəinki fikri də işi kimi dolaşıq olan baqqallar ya fikri-zikri bir inəyini iki eləmək olan kəndli.

- Baqqal başqa, kəndli başqa  - deyə Kərimxan bir Kürd Əhmədə, bir də Rizvana baxdı. Rizvan bərk ilişmiş kimi, buna etiraz edə bilmədi. Yerində qurcandı. Kərimxan davam etdi:

- Mən deyirəm ki, biz hərgah cəmiyyətimizi çürüdən əsasları dağıtmaq istəyiriksə kargərə əsaslanmalıyıq, yoxsa kəndlini bilmərrə atmalıyıq demirəm.

Rizvan:

- Səhv edirsən, - dedi, - biz bütün işimizi kargərin arzusuna görə qurmalıyıq. O, böyük qüvvədir. Lakin bu böyük qüvvə dağınıq haldadır. Onun təşkilatı yoxdur. Onu bir mərkəzə yığmaq bizim borcumuzdur.

Son sözlər hamının xoşuna gəldi.

- Ona söz yox...

- Orası elədir... - kimi səslər eşidildi.

Son sözlərinin təsirindən ruhlanan Rizvan cəsarətləndi:

- Mənim fikrim belədir. Qüvvəmizi parçalamağın faydası yoxdur. Elə bu başdan hədəfimizi bilək və ona görə də hərəkət edək. Fikrimizi azdırıb, özümüzü dağa-daşa salmaq axmaqlıqdır. O məqsəd ki, qabağımıza qoyuruq, onu kəndlinin əli ilə eləmək olmaz. O ancaq kargərin işidir. Odur ki, bütün diqqətimizi ona verməliyik. Kargərin vəziyyəti elədir ki, ölümə də gedər.     

Kərimxan Rizvanın üzünə baxdı və nəsihətyana bir halda:

- Doğrudur, kargərin ruzigarı - itin ruzigarı, - dedi. - Bunu görmək üçün heç uzağa yox, bax elə bu tərəfə çıxın. (O əli ilə Tehranın karxanalar olan cənub tərəfinə işarə etdi) Burada yaşayanların nə üçün bu vaxta qədər şəhərə dolub, hər şeyi talan etmədiklərinə heyran qalmaq olar. Çünki insan üçün onların vəziyyətindən də rəzil bir vəziyyət təsəvvür etmək çətindir. Cənub neft mədənlərində vəziyyət ondan da pis... “Behər kuca ki, rəvi aseman haman rəngəst”*. Lakin kəndlinin vəziyyəti məgər ondan yaxşıdır? Yox! O daha pis. Mən kəndlidən naümid deyiləm.

Rizvan yerində durub oturdu və yoldaşları qızışdıran bir səslə danışdı:

- Əlac lazımdır, əlac... Xalq gözləyir. İngilisin noxtası, Pəhləvinin zənciri bu yazıq xalqın, bu bədbəxt məmləkətin boynundan açılmalıdır. Ab-hava ictimai mühit dəryasının təlatümə gələcəyini xəbər verir. Biz o günlər üçün xalqı hazır etməliyik!

Onun bu sözləri məclisdəkilərə təsir etmişdi. Onlar özlərini, böyük bir əməl naminə ölümün qucağına atmağa hazır olan qəhrəmanlar kimi hiss edərək bir ağızdan: “düzdür, düzdür”, “bravo!” deyə səsləndilər. Kürd Əhməd danışanlara qulaq asdıqca, onların sözlərindəki həqiqəti təsdiq etməklə bərabər yaranan əhvali-ruhiyyənin zamanın şəraiti ilə düz gəlmədiyini, uyğunsuzluq təşkil etdiyini də düşünür və fikrində, oturanları bu uca nöqtədən necə aşağı endirmək yollarını axtarırdı. 

- Ağalar, - dedi, - atalar məsəli var ki, “halva, halva deməynən ağız şirin olmaz. Yağnan un gərək, balnan odun gərək”. Əlbəttə, Pəhləvinin rejimi pisdir. Lakin onu söyməklə ki, taxt-tacdan əl çəkməyəcək. Onu yıxan xalq olacaq. Xalq da ibarətdir nə yalnız təkcə kargərdən, nə yalnız təkcə kəndlidən. Xalq ibarətdir həm kargərdən, həm kəndlidən, həm də əlinin rəncilə yaşayan bütün şəhər və kənd əhlindən: müəllimdən, həkimdən, qulluqçudan, xırda-iri dükançıdan. Bunların hamısının başı bir yerə yığılmasa istibdadı yıxmaq olmayacaq. Müxtəsər, fikrim budur ki, gərək hamı təbəqələrin içində işləyək.

Rizvan onun sözünü kəsdi:

- Kimə isə əsaslanmaq lazımdır!

Kürd Əhməd:

- Xalqa, kargərə, kəndliyə və bütün ravşən fikirlərə** - dedi və təsirli bir fasilə verdi.

Kərimxan bu fasilədən istifadə etdi:

- Bəşər tarixində biz ki, bu işi birinci başlamırıq, Gəlin bizdən qabaqkıların təcrübəsinə baxaq, bizə də dərsi-ibrət olsun. Mən sizi uzağa, Fransa inqilabları dövrünə aparmaq istəmirəm. Rusiyanı götürün. Məkər Leninin bütün çalışdıqları kargərlə kəndlini birləşdirmək deyildi, məgər bolşeviklərin qalib gəlməyinin mühüm bir səbəbi də bu deyildi?..        

Oturanlar diqqətlə qulaq asırdı. Kərimxan, fikirlərdə bir aydınlıq törədən bu sözləri xüsusi inamla dedi. Rizvan başını aşağı salıb fikrə getdi. Fəridə mübahisə qızışanda qorxmağa və təəssüf etməyə başlamışdı ki, hökumətlə davaya çıxmaq istəyən bu adamların niyə sözləri bir gəlmir. Kəndli və fəhlə söhbətini isə o heç cür başa düşə bilmirdi. Fəhlə deyəndə Sərxana baxırdı, kəndli deyəndə - indi də, kənddə olan öz ata-anasını xatırlayırdı. Sərxanla onların arasında heç bir düşmənçilik və ayrılıq görmürdü. Kürd Əhməd və Kərimxanın sözləri deyəsən, aranı soyutmuşdu, ortalığa bir anlaşma və barışıq gətirmişdi. Bu adamların can bir qəlbdə olmasını istəyən Fəridə qeyri-ixtiyari olaraq:

- Kəndliynən kargər bir ailədir, - dedi və qızarıb, səsini kəsdi. Onu alqışladılar. Hamının üzündən fikirlilik çəkildi, bir sevinc əmələ gəldi. Bir-birilə danışdılar. Əvvəlki gərginlik aradan çıxdı. Kürd Əhməd fikirləri daha yaxın məsələlərə çəkmək məqsədilə:

- Ağalar, - dedi, - bütün deyilənlərin həqiqət olduğunu heç bir əqli-səlim inkar etməz. Ancaq mən istərdim ki, biz uzaq gələcəyin məqsədlərindən danışmaqla bərabər, bu günün, bu saatın dərdini də çəkəydik. Deyirlər ki, gələcək ancaq zamanın nəbzini düz tutanların, bu günü yaxşı anlayanlarındır. Gəlin bir zamanı təhlil edək, görək nə şəraitdəyik!

Yoldaşlara nəzər salarkən gözləri Aramın gözlərinə sataşdı. Aram dərin fikir içində idi. Kürd Əhmədin mənalı və təsirli baxışlarından cəsarətlənərək:

- Kargərin də, kəndlinin də azadlıq yolunda vəzifəsi birdir. Bu vəzifəni ancaq zamanın şəraitini düz ölçməklə yerinə yetirmək olar. Mən həm daxili, həm də xarici vəziyyəti nəzərdə tuturam. Alman öz qoşunlarını Avropanın üstünə tökmüş, bir çox Avropa dövlətlərinə hərb elan etmişdir. Çemberlen Münxendə uduzduqlarını Moskvada udmaq və ruslarla almanları üz-üzə gətirmək istədi. Baş tutmadı. İndi o İranda, Türkiyədə və bütün Şərqdə Rusiyaya qarşı cəbhə hazırlayır. İran kəndlisi və kargərinin borcu bu təşəbbüsü pozmaqdır.

Aramın sözləri Fridunun fikrində geniş mübarizə üfüqləri açdı, o başladıqları balaca işin nə dərin köklərə toxunduğunu hiss etdi:

- Elə almanlar da çalışır ki, özlərini Şərqə soxsunlar - dedi, - bizim dövlət isə onların hamısına satılmağa hazırdır. Bircə şərtlə: ancaq şimaldakı qüdrətli qonşumuza qarşı çıxsınlar, vəssalam.

Rizvan:

- Çünki şimal qonşun kargər dövlətidir, əliqabarlıların dövlətidir, - dedi. - Səninki isə havayı yeyənlər. Əlbəttə bunların ruhuna Qərb daha yaxındır.

- Buna görə də kargərin də, kəndlinin də indiki şəraitdə bir şüarı olmalıdır: İstibdad əleyhinə! İmperializm əleyhinə! Vətənin istiqlaliyyəti yolunda. Bu yolda biz xalqın gözünü açmalıyıq. Ona həqiqəti deməliyik.

Yoldaşların fikrini yaxın zamanın məsələlərinə çəkə bildiyi üçün Kürd Əhməd daxili bir sevinc duydu:

- Dostlar, möhtərəm dostlar, - dedi, - biz hamımız xalqımızın övladıyıq. Hamımız onun dərdlərini, yaralarını duyur, halına ürəkdən ağlayırıq. Hamımız İranın əsarətdən xilas olmasını, istiqlaliyyətin, azadlığın dadlı meyvələrini dadmasını istəyirik. Lakin nə göz yaşı, nə də xəyali arzularla azadlıq alınmır. İranın əsrimizdəki bədbəxtliyi ondadır ki, Pəhləvi xanədanı onun cənub qapılarını taybatay imperialist dövlətlərin üzünə açmış, şimalında isə dəmirdən hasarlar tikmişdir. İran bu hasarları yıxmayınca, özünü xarici sərmayədarların əlindən qurtarmayınca istiqlaliyyət və azadlıq görməyəcəkdir. Hazırda vəzifəmiz ən sadiq adamlarla birləşmək, xalqı başa salmaq, onu əlamətləri görünən gələcək ağır döyüşlərə hazırlamaqdan ibarətdir. Bu işdə kargər də, kəndli də, ziyalı da, hətta istəsəniz baqqal da bir cəbhədə olmalıdır. Çörək, iş və azadlıq istəyən xalqa biz sözümüzü çatdırmalıyıq.

Fridun bu sözlərdə yenilməz bir həqiqət duyaraq:

- Mən gizli bir ruznamə* buraxmağı təklif edirəm, - deyə səsləndi.

Kərimxan Azadi etiraz etdi:

- Birdən-birə ruznamənin vəsaitini düzəltmək çətindir, gəlin kiçik bir kitab buraxaq. Adını da elə Fridun yaxşı dedi: “İş, çörək, azadlıq istəyirik!”.

Hamı bu təklifə razılaşdı. Kitabın hazırlanması Fridun, Kərimxan Azadi və Arama, yayılması isə Rza Qəhrəmani, Sərxan, Fəridə və Rizvana tapşırıldı.

Gecədən xeyli keçmiş dostlar dağılışmaq istədikləri zaman Fridun, xanım Şəmsiyyədən eşitdiyini onlara bildirdi:

- Qardaşlarım, ağır zaman başlayır, ehtiyatlı olun, -  dedi. - Əlahəzrət vəzarəti-kişvərə şübhə oyadan hər kəsi zindana salmağı tapşırmışdır!..

Kərimxan Azadi bütün bu müddətdə ilk dəfə olaraq gülümsədi:

- Kefini pozma, - dedi, onsuz da məmləkət başdan-başa bir zindandır. Bu zindanın divarlarını biz içindən qaza-qaza uçuracağıq. Qoy ağalar nə qədər qəzəblənir qəzəblənsinlər. Sirkə tünd olduqca öz qabını çatladar!..

Simonyangildən Fridun Rza Qəhrəmani ilə birlikdə çıxdı. Onlar artıq çoxdan boşalmış və sakitləşmiş Tehran küçələrində susaraq gedirdilər. Xəyalən hər ikisi gələcəyi, başladıqları işin aqibətini düşünürdu. Bu düşüncələr arasında Fridun Kərimxan Azadini də xatırlayırdı. Nədənsə bu adam ona çox dərin təsir bağışlamışdı. Həyat hikmətini və daxili bir gərginliyi ifadə edən üzü və gözləri yadından çıxmırdı. Təəssüratını Rza Qəhrəmaniyə bildirdi.

- Mənə elə gəlir ki, o, həyatda nə isə bizim hamımızdan artıq bir şey görmüşdur. Artıq anlat və təsəvvürə malikdir.

Rza Qəhrəmani təsdiq etdi:

- O həyat girdabında çalxalanmış və salamat çıxmışdır. O, qanlı dava meydanında vuruşdan qayıtmış, biz isə hələ indi əlimizə silah götürürük. Döyüşdən necə çıxacağını bilməyən bir əsgərlə döyüşün bütün ağır və təhlükəli yollarını keçmiş bir müharib arasındakı fərqi təsəvvür edirsənmi?

- Elədir, yalnız həyat təcrübəsi insanın baxışlarında və üzündə o sabit və gərgin ifadələri yarada bilər.

Onlar susaraq ajanın* yanından ötüb, o biri küçəyə keçdilər. Bu küçə birbaş yaşadıqları evə gedirdi. Yarıbuludlu bir hava idi. Uzaqda, buludların arasında, mavi göylərdə ulduzlar parlayırdı. Onlar Friduna kəndi, Gülnazı, Musa dayını xatırlatdı. O, danışmaq, başına gələnləri açıb, Rza Qəhrəmaniyə nağıl etmək istədi. Lakin Rza Qəhrəmaninin sualı buna imkan vermədi.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info