Qonaq Kitabı
SƏKKİZİNCİ FƏSİL

- Tanış olun, ağayi Qəhrəmanidir. Dəmiryol işçisidir. Bir yerdə yaşayacaqsınız.

Fridun:

- Çox şadam, - deyib, əlini Qəhrəmaniyə uzatdı.

Qəhrəmani də vücuduna nisbət xeyli iri görünən əlini uzatdı. Fridunun əlini silkələdi!

- Xoş gəlmisən, əziz dost! Buyur içəri!

Fridun içəri girdi. Bura, küçəyə üç pəncərəsi olan uzunsov bir otaq idi. Qırıq pəncərələrinin hərəsinin yanında bir dəmir çarpayı qoyulmuş, üstü qırmızı kərpici adyallarla örtülmüşdü. Ortada yemək stolu, başda divara söykənmiş yazı stolu vardı. Hər çarpayının yanına bir balaca ayaqaltı salınmışdı. Qalan yerlər açıq olduğundan torpaq döşəmə görünür və otağın bütün yaraşığını pozurdu.

Rza Qəhrəmani çarpayılardan birini Friduna göstərdi:

- Bu sizindir, kasıbın olanından, - dedi və Kürd Əhmədlə ona yumşaq divanda yer göstərdi...

Fridun onun ciddiyyətlə və qızğın bir mehribanlıqla işıldayan gözlərinə baxdı. Bu gözlərdə insanlar arasında dərhal ruhi rabitə yaradan, onları köhnə dostlar kimi bir-birinə yaxınlaşdıran bir məhəbbət və sadəlik vardı.

Sərxangil Fridunun başqa bir yerə köçmək istədiyini öyrəndikdə, təəccüb etdilər, susub durdular. Narazı-narazı bir-birinə baxdılar. Xüsusilə Fəridə heç bir söz demədən, tənəli gözlərlə Fridunu süzürdü. Fridun:

- Arxayın olun, - deyirdi, - qiyamətə qədər mən sizdən ayrılmayacağam. Harada olsam gəlib tapacağam...

Nəhayət, Fəridə səsini çıxartdı, ağır sükutu pozdu, üzünu Sərxana tutdu:

- Barı yerini öyrən, görək harda olacaq, hərdənbir baş çəkərsən.       

Sərxan ağzını açmamış Fridun ünvanını dedi:

- İstambulinin dalındadır. Rza Qəhrəmani adlı bir yoldaşım olacaq. Özü də Sərxan kimi dəmir yolunda işləyir.

Bu sözü eşidən kimi Sərxanın rəngi açıldı:

-  Nə deyirsən, canım? Lap yaxşı tanıyıram. Ustadır. Neçə dəfə maşınımı təmir edib. Canlara dəyən oğlandır. Sözün düzünü deyim, başqa yerə köçsəydin buraxmayacaqdım.

Fridun evdən çıxanda Fəridə əlindəki corabın ipini kəsib bükdü, ona verdi:

- Birinci corabı sənə bağışlayıram, geyərsən...

Ana çini kasanı ləmədən götürüb, su ilə doldurub, dalınca atdı:

- Yaxşı yol, oğlum...

 ***

Kürd Əhməd, xarici ticarətxanalarla əlbir olmuş bir ovuc tacirlərin işlədiyi cinayətləri ətraflı olaraq Friduna danışdı, iqtisadi fəlakətin geniş mənzərəsini onun xəyalında yaratdı:

- Susmaq olmaz! Həqiqəti xalqa demək lazımdır... Vərəqə buraxmaq lazımdır!       

Bu fikir, əməli fəaliyyət yolunda ilk addım olaraq Friduna xoş gəldi.

- Çap etməyə yer varmı?

- Yoxdur. Mətbəələrlə əlaqə yaradana qədər əlyazmalarını yaymaq lazımdır.          

Fridun vərəqənin mətnini bir gecədə düzəltdi. Rza Qəhrəmaniyə oxudu. Onun əsasında iki sinfin mübarizəsi fikri qoyulmuşdu. Əzənlər və əzilənlər!.. Orada bütün fəlakəti törədən birincilərin tüfeyli, soyğunçu təbiəti göstərilirdi. Bu sinif məhv edilsə hər şey düzələcəkdi. Dünyada cənnət yaranacaqdı. Rza Qəhrəmani qulağına yeni dəyən və cəsarətlə yazılmış bu sözləri bəyəndi, hər ikisi, Kürd Əhmədin evinə gedib, vərəqəni ona oxudular. Kürd Əhməd bir də, iki də oxudu. Bu sözlər ona da xoş gəlirdi. Lakin onlarda nə isə bir şey çatmırdı. Sanki onlar bu gündən, həyatdan təcrid olunmuşdular.

- Buraya günün rəngini vurmaq lazımdır. Çalışın ki sözlər hər kəsə aydın bir fikri ifadə etsin. Hər kəsi maraqlandırsın. Bir də, demək lazımdır ki, əzənlər dediyimiz təbəqə yalnız əzilənlərin deyil, bütün millətin düşmənidir. İranın milli mənafeyinin düşmənləridir. Sovetlərlə düşmənçilik labüddən onları imperializmin qucağına atır. Vətəni və milləti satırlar..

Fridun da, Rza Qəhrəmani də bu əlavəni bəyəndi, vərəqəni bu ruhda düzəltdilər.

Elə bu gecə bacardıqları qədər onun üzünü çıxaracaqlarını vəd edib, getmək istədikləri zaman sərtib Səliminin onu görmək istədiyini Kürd Əhmədə xəbər verdilər. Ani fikirdən sonra Kürd Əhməd:

- Buraxın gəlsin, çay hazırlayın, - dedi və sərtibi qarşılamaq üçün ayağa durub, həyətə çıxdı.

Sərtib içəri girdikdə Fridun da, Rza Qəhrəmani də hörmətlə ayağa durdular. Kürd Əhməd sərtibə yer göstərdi. Sərtib yumşaq kresloya oturdu:

- Bu ağalar kimdir? - deyə soruşdu.

Kürd Əhməd Fridunu göstərdi:

- Bu ağa mənim azərbaycanlı dostlarımdandır, müəllimdir. Tehrana, danişgahda* oxumaq fikrilə gəlib. Bu ağa da ustadır, istikahda** işləyir. Maşınlardan yaxşı başı çıxır.

Kürd Əhməd onları təqdim etdikdə Fridun və Rza Qəhrəmani xəfifcə qalxıb, baş əydilər. Sərtib Friduna baxdı:

- Oxumağa gəlməkdə çox yaxşı eləmisiniz, - dedi, - hər bir millətin, nəinki hər bir millətin, bəlkə bütün bəşərin xilas yolu danişgahdan keçir... Bir çətinlik olsa, utanma, yanıma gəl...

Fridun təşəkkür etdi, Kürd Əhməd:

- Ağayi sərtib maarifpərvər adamdır, - dedi, - danişgah da oxuyanların çoxuna köməyi dəymişdir.

Fridun:

- Mən sərtibin nəcib bir ürək sahibi olduğunu gözümlə görmüşəm, - dedikdə sərtib maraqlandı:

- Harada, oğlan?

Fridun ona çayxananı xatırlatdı, kəndlilərin arasında yatmış olduğunu dedi.

- Bir azərbaycanlı olaraq, o uca fikirlər üçün sizə təşəkkür edirəm.

Sərtib onun bütün söhbətlərini eşitdiyini güman edərək:

- Həmid Həmidinin axırını bildinmi? - deyə soruşdu. Fridunun sualedici nəzərlərini gördükdə əhvalatı müfəssəl nəql etdi.

- Böyük bir dəstənin tutulması üçün əmr verilmişdir. Deyəsən, Həmidinin aqibəti çox pis olacaq.

Fridun:

- Yenə ümidimizi ədalətə bağlayaq, - dedikdə, sərtib acı-acı güldü:

- Ədalət, ədalət!.. Nə qədər ki, sərhənglər, bu satqın vəzirlər, vəkillər var, ədalət boş bir xəyal olub qalacaq... Yaxşı, hansı danişkədədə* oxumaq fikrindəsən?

- Danişkədeyi hüquqda...

- Bəs nədən dərs verirdin?

- Tarix, ədəbiyyati-iran ixtisasımdır.

Sərtib nə isə düşünər kimi, fikrə getdi. Friduna heç bir sual verməyib, Kürd Əhmədə döndü:

- Yəqin nə üçün gəldiyimə təəccüb edirsən?

- Xoş gəlmisiniz... Qapımız açıqdır.

- Danışmalı bəzi məsələlər var.

Fridun və Rza Qəhrəmani çayı gözləmədən qalxdılar.

- Sərtib, bizi bağışlayın, - deyib əl uzatdılar. Sərtib ayağa durdu, Fridunla görüşəndə:

- Oğlan, bir nəfəri ədəbiyyatdan hazırlaya bilərsənmi? - dedi. Axı danişgahda bir köməksiz ki, oxumaq mümkün deyil.

Fridun cavab verməmiş Kürd Əhməd sözə qarışdı.

- Çox yaxşı olar, sərtib, ağanın elə bir işə ehtiyacı var...

- İki gündən sonra xahiş edirəm məni görün...

Fridun “baş üstə” deyib çıxdı. Onlar getdikdən sonra Kürd Əhməd iki stəkan ətirli və rəngli çay gətirdi. Birini sərtibin qabağına qoyub oturdu. Sərtib çaya qənd salıb, qarışdıra-qarışdıra:

- Bilirsinizmi, - dedi, - mən daha vəzarəti-kişvərdə işləmirəm. İki gün əvvəl vəzir çağırmışdı. Danışığından anladım ki, istefaya getmək lazımdır. Əslən özüm də çox şadam. Sizin yanınıza gəlməkdə isə başqa məqsədim var.

Kürd Əhməd mövcud adət üzrə azca qalxıb oturdu:

- Buyurun, qulluğunuzda hazıram.

Sərtib məmləkətdə yaranmaqda olan pis vəziyyətdən danışdı. Kəndlinin halının ağır olduğunu ərbabla kəndli arasındakı ixtilafların qurtarmaq bilmədiyini söylədi:

- İslahatlara ehtiyac var, fikirlərimi əlahəzrətə yazacağam. Vətən əldən gedir. Azərbaycan və Kürdüstanın vəziyyən və bazarın şəraiti sizə məndən yaxşı məlumdur. Bəzi məsələləri aydınlaşdırmaq üçün yanınıza gəldim.

Kürd Əhməd öz məramını bildirmədən sərtibə qulaq asdı. Bildiyi məlumatı ona verdi. Sərtib gedərkən:

- Elə bil ki, bir aylıq ruhi istirahət etdim, - deyib onun əlini sıxdı...

***

Fridun və Rza Qəhrəmani yorulmadan vərəqənin surətini çıxarırdılar. Fridun hərfləri xüsusi aydınlıqla yazırdı. Ona elə gəlirdi ki, cəmiyyətin yeni həyat və əxlaq qanunlarını yazmaqdadır. Rza Qəhrəmani də eyni ilhamla işləyirdi. Hərəsi otuza qədər yazmışdı. Artıq hər ikisi bütün vərəqənin məzmununu əzbərdən bilirdi. Nəhayət, gecə saat üçdə yüz nüsxə hazır olduqda, bellərini dikəldib oturdular. Termosdan adama bir stəkan çay töküb, qabaqlarına qoydular. Ürəklərindən olan zəhmət onları yormamış, əksinə, daha artıq ruh yüksəkliyinə səbəb olmuşdu. Odur ki, heç birinin yuxusu gəlmirdi. Qabaq-qabağa oturub, söhbət edirdilər. Fridun Azərbaycandan, kənddən, Musa kişi və Gülnazdan danışdı... Köksünü ötürüb:

- Ah, biləsən, necə gözəl və təmizürəkli bir qızdır! -  dedi, - yaşayışları isə ağırdır.

Rza Qəhrəmani ona təsəlli verirdi:

- Eybi yoxdur, əzizim, səbr elə. Onlar bir işığa çıxarlar. Dövran həmişə belə getməyəcək ki...

Fridun fikrini dağıtmaq üçünmü, yoxsa maraqdanmı:

- Rza, - dedi, - bir az sən öz həyatından danış, de görək Mazəndəran necədir?..

- Hər yerdə həyat birdir, - deyib sözə başlayan Rza, sakit-sakit, bütün uşaqlıq xatirələri ilə həyatını nağıl etdi:

- O, iyirmi altı illik ömrünün iyirmi ilini zəhmətdə keçirmişdi. Hələ altı yaşında ikən xırda alverçi olan atası onun qolundan tutaraq, dükanına aparmış və özünə şagird etmişdi. O, atası ilə birlikdə səhər alaqaranlıqdan dükana gedər, axşam gün batandan sonra evə qayıdardı, atası ona xırda tapşırıqlar verərdi:

- Rza, oğlum, qaç məşədi Abbasa de, müştəriyə bir stəkan çay gətirsin...

- Durma, ağanın kisəsinə kömür doldur.

Səhərdən axşama qədər balaca dükanda Rzaya iş tapılar, oturmağa vaxt olmazdı. Buna görə də evə çatan kimi anası şamını verər və yatırardı. Başını yastığa qoyduğu ilə daş kimi yatdığı bir olardı. Çox zaman yuxuda da atasının əmrlərini eşidər, o tərəf-bu tərəfə qaçardı. Buna baxmayaraq, o da, ailədə xoşbəxt idi. Çünki özlərinin görməyə bir işi, yeməyə bir tikə çörəkləri vardı. Lakin bazarın dönük üzü və amansız qanunları tezliklə onların bu balaca səadətini məhv etdi. Rzanın atası qazanc həvəsilə, orta bir tacirin hiyləsinə aldanıb, xatalı bir parça alverinə əl atdı və iki ayın içində iflas edib var-yoxdan çıxdı. Dükanı bağlamalı oldu. O gündən kişinin işi bir daha düzəlmədi. Yavaş-yavaş ev şeylərini satmağa başladılar. Lakin heç şey onların əvvəlki vəziyyətlərini qaytarmadı. Atası onun əlindən tutub apardı. Bazarda iki yüz minnətdən sonra bir dəmirçiyə şagird verdi. Dəmirçi dükanında Rza bütün günü bilaaram gah körük basar, gah dəmir döyərdi. Aldığı da gündə iki qran idi.

Fikir-xəyaldan naxoşlayıb yatağa düşmüş atası ona bircə söz deyərdi:

- Hər şeyə döz, oğlum, - bir sənət öyrən, əlindən bir iş gəlməsə bu məmləkətdə baş saxlamaq çətindir.

Rza iki il dəmirçi şagirdi oldu. On iki yaşı tamam olar-olmaz atası vəfat etdi. Evlərində də bir yırtıq kilim, bir də mitil yorğan qoyub getdi. Dəmirçi onun halına acıyıb və səyini qiymətləndirərək, maaşını bir qran artırdı. Bu üç qran onu və anasını ancaq acından ölməkdən saxlayırdı. Lakin onlar dözürdülər. Çünki bundan daha dəhşətli bir həyat ağzını açıb minlərlə onlar kimisini udmuşdu. Orada nəinki üç qran, heç üç şahı da tapmaq mümkün deyildi, işsizlik, hər yanda amansız işsızlik hökm sürürdü. Buna görə də on səkkiz yaşına qədər o, dəmirçiyə nəinki şagird, hətta bir nökər kimi qulluq etdi. Heç bir zəhmətdən və ağır işdən boyun qaçırtmadı, lakin atasının da vəsiyyətini yadından çıxartmayıb, dəmirçidən bildiyini öyrəndi, bacarıqlı bir sənətkar oldu. On səkkiz yaşı tamam olanda dəmirçi onu çağırıb:

- Oğul, - dedi, - daha sən böyük kişisən, özünün də yaxşı əlin var, ya get bir dükan aç, ya da başqa yerdə iş tap. Çünki səni üç qrana işlətməyə insafım yol vermir, artığa da gücüm çatmaz, şagirdliyə özümə bir uşaq taparam, həm o bir tikə çörək yeyər, həm də mənim işim aşar. Sənə də bildiyimi əsirgəməmişəm, yaxşı deyərsən, allah atana rəhmət eləsin, pis deyərsən, yenə allah atana rəhmət eləsin.

Rza ustaya təşəkkür etdi:

- Sağ ol, usta, mənə atalıq etmisən, səndən heç bir pislik görməmişəm. Qiyamətə qədər yaxşılığını unutmaram.

Bir ay o yana-bu yana vurnuxduqdan sonra illərin ərzində anasının qəpik-qəpik boğazlarından kəsərək “qara gün üçün” yığdığı iyirmi tüməni rüşvət verib, dəmiryol stansiyası deposunda adi fəhlə kimi işə qəbul edildi. Burada gecə-gündüz səy göstərdi, tezliklə usta müavini oldu. Nəhayət, ən gözəl bir təmir ustası kimi tanındı. Böyük, kiçik bütün dəmiryol işçiləri ondan razı idilər. Xoşəxlaq, ünsiyyət sevən, zəhmətə dözən olduğundan heç kəs ondan pis bir söz danışmazdı. Həyat vəziyyətinin düzəlhadüzəl zamanında anası mədə yarasından vəfat etdi. O, tək qaldı, soyuq və kimsəsiz evə gəldikdə ürəyi sıxılmağa başladı. Buna görə də sutkanın 16-18 saatını depoda keçirir, tamam əldən düşənə qədər işləyirdi. Bir gün onu stansiya rəisinin yanına çağırdılar. Rəis onu uzunboylu, təqribən səkkiz pud ağırlığında dolğun vücudlu və çeşməkli bir ağaya təqdim etdi və sonra üzünü ona tutdu:

- Ağa Tehrandan gəliblər, sənin yaxşı usta olduğunu eşidib, Tehran istigahına keçirtmək istəyirlər. Nə deyirsən?

Bu fikir ona qəribə və maraqlı göründü:

- Məsləhət sizindir, - dedi.

Bu cavabdan xoşlanmış rəis və Tehran nümayəndəsi bir-birinə baxıb gülümsədilər. Bir ay sonra o, Tehran dəmiryol stansiyası deposunda təmir ustası vəzifəsində işləməyə başladı. Əvvəllər Tehranda, yad bir mühitdə darıxacağından, tək və tənha bir həyat içində boğulacağından qorxurdu. Lakin işə başladıqdan sonra dostlar, yoldaşlar tapdı. Onun həyatı Friduna öz həyatını xatırlatdı. Sanki onları eyni fırtına, eyni kökdən qopararaq, dağlara-daşlara salmışdı. “Ana” yadına düşdü, hər yerdə fəhlənin həyatı birdir! Nə böyük həqiqət!..

- Rza, bizim hamımızı məhv edən mühit eyni deyilmi? Hindistan yoxsulunun da, Çindəkinin də, Firəngistandakının da, hamımızın həyatımız birdir, düşmənimiz də birdir. Fikir eləyəndə görürsən ki, bu çox sadə bir həqiqətdir. Amma zahirdə, elə bil ki, Hindistanda bir cür yaşayırlar, bizdə bir cür, Firəngistanda başqa cür... Kökünə baxanda görürsən ki, hər yerdə zəhmətkeşin həyatına eyni zəhəri qatırlar, hər yerdə onun yaşayışı bir-birinin eynidir. Ona görə də gərək o birləşsin. Nə dinə baxsın, nə millətə. Sərtib mənim nə üçün xoşuma gəlir? Çünki onun nəzərində azərbaycanlı da, fars da, kürd də qardaşdır. Əməkçiləri bir-birindən ayıran böyük bir səddi o fikrində uçurmuşdur. Siz də mənim xoşuma gəlirsiniz. Kürd Əhməd kürddür, sən farssan, indi mən də gəldim. Biz bir qardaş deyilikmi?

- Hələ hardasan, Simonyangili görəndə, deyəcəksən ki, bu əsil beynəlmiləldir.

- Yox, müqəddəs bir birlikdir! - deyib Fridun, Rza Qəhrəmanini qucaqladı.

Fridun Laləzarın İstambuli ilə birləşdiyi tində durub fikirləşirdi: evəmi getsin, yoxsa Sərxangilə gedib, Fəridənin öhdəsinə götürdüyü vərəqələri necə yaydığını öyrənsin. Başına gələn üçüncü fikir də sərtibin yanına getmək oldu. Axı o, sərtibə iki gün sonra gələcəyinə söz vermişdi. Getdikcə Süheylilərin onu daha dərin işlərə çəkmək fikrində olduqlarını da xatırladı. Kiçik qardaşla tütün tədarükü üçün Azərbaycana və Kürdüstana getmək təklifləri yadına düşdü. Yox, oradan qaçmaq, başqa bir iş tapmaq lazım idi. B məsələdə ona sərtibin köməyi dəyə bilərdi. Bu fikirlə faytona oturub, sərtibgilə getdi. Üstündə “Şiri Xurşid” nişanı olan qapını nökər açdı. Fridunu həyətə buraxıb, sərtibə xəbər verməyə getdi. Sərtibin uzunu beş yüz, eni üç yüz metr olan bir həyəti vardı. Həyətdə hündür çinar ağacları əkilmişdi. Ortalıqda, çarhovuzun yanında balaca bir güllük qızarırdı. Həyət qapısından ikimərtəbəli evə gedən kərpic döşəməli yolun ustünü üzüm talvarı örtmüş, salxım-salxım üzümlər üzüaşağı sallanırdı.

Nökər qayıdıb: “Buyurun” deməmiş talvarın başında Fridun sərtibin səsini eşitdi:

- Buyurun, ağayi Fridun, xoş gəlmisiniz.

Fridun sərtibi qabaqlamaq üçün addımlarını itiləşdirdi. Sərtib mehriban və sadə bir hərəkətlə onun qolundan tutdu. Kefi çox saz, rəngi açıq idi.

Ağzını Fridunun qulağına tutub yavaşca:

- Eşitmisənmi, şəhərimizdə vərəqələr tapılıb, - dedi, - elə bilirdilər ki, millət qoyun sürüsüdür. Halbuki, onun içində qəhrəman var!..

Fridun ilk zəhmətinin səmərəsini belə gördü. O, sevinclə “Sərtib, o işi biz görmüşük!” deyib qışqırmaq istədi, lakin dodağından:

- Nə vərəqələr? - sualı çıxdı...

Sərtib nə isə demək istərkən:

- Ağayi sərtib, evdə bizi istidən boğdunuz, - deyib ətir saçan şux səsli bir xanım ona mane oldu. Fridun pillələrdən aşağı enən üç kişi və iki qadına baxdı. Sərtib Fridundan ayrılıb, qabaqda gələn yaşlı kişi ilə şux səsli xanımın qolundan tutub, Friduna tərəf gətirdi. Əvvəlcə onu yaşına və mövqeyinə görə sərtibin çox hörmət etdiyi bilinən əli əsalı qocaya təqdim etdi.

- Ağayi Hafiz Biluri, rica edirəm, ağayi Fridunla tanış olun. Sizin arzunuza müvafiq danişgaha gəlmişdir. Həm də sizin danişgədədə oxumaq istəyir.

Qoca ani bir diqqətlə Friduna baxıb, əlini sıxdı.

- Çox gözəl, çox gözəl, qurtuluş ancaq elmdədir.

Bu zaman evdən çıxmış digər iki kişi və qadın gəzə-gəzə çarhovuzun yanına gedib, güllərə baxırdılar. Onlardan biri Hafiz Bilurini səslədikdə o, demək istədiyini yarımçıq qoydu:

- Bağışlayın, ağayi Fridun, siz sərtiblə, xanım Şəmsiyyə ilə söhbət edin, mən görüm ağalar nə deyir, güman edirəm ki, yenə görüşərik.

Fridun Şəmsiyyə adını eşidən kimi, diqqətlə xanımı süzdü. Onun uşaq üzünə oxşar üzündə bir sadəlik və munislik vardı. İngilis malından sarı şal paltar, qırmızı və göy zolaqlı üstü açıq tufli geymiş, başına şlyapa qoymuşdu. Zərif şal paltar onun incə belinə müvafiq tikilmişdi. Əllərində paltarı ilə həmrəng nazik əlcək vardı. Sərtibin sağlam vücudu yanında o bəzəkli, lakin əl vursan dağılacaq bir kuklaya oxşayırdı. O, yüngül bir hərəkətlə səkiyə çıxdıqda, sərtib:

- Mənim dostumla tanış olun, rica edirəm, - dedi.

Şəmsiyyə gülümsəyib, əlini ona uzatdı. Fridun onun əlini tutdu. Hansı bir hissin təsirindənsə Gülnazı, Fəridəni xatırladı, onlarla Şəmsiyyə arasında nə böyük fərq vardı; onların xırmanda şana və qəlbir tuqmaqdan, evdə odun yarmaqdan, kartof soymaqdan, qazan və qab-qacaq silməkdən bərkimiş əlləri yanında Şəmsiyyənin əli sanki daima pambıq içində saxlanmış və gün görməmişdi. Fridunun əli hələ bu yumşaqlıqda ələ dəyməmişdi. Odur ki, diksinər kimi olub, tez əlini çəkdi. Bunu hiss edən qız yenə eyni sadəliklə gülümsədi, bir mara qla gözlərini süzdürdü.

- Ağanın şuğli nədir?..

Səlimi:

- Müəllimdir, - dedi, - İran ədəbiyyatı tarixini yaxşı bilir. Məsləhət görürəm.

Şəmsiyyə Fridunu başdan-ayağa bir də süzdü:



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info