Qonaq Kitabı
GÖRÜŞ

Bu söhbətdən sonra Murad qılıncını qına qoydu. Əbih Sultan da onun kimi. Vaxtilə düşmən olsalar da indi artıq tanış çıxmışdılar. Biri-birilərini tanımışdılar. Ötüb-keçmiş məsələyə görə biri-birlərinə qılınc qaldırmayacaqdılar ki.

– Yaxşı, neynədin bir karvan ipəyi?

– Bir karvan niyə? Bir dəvə yükü. Sənin adamların qorxub qaçdı. Mən də tacirə dedim ki, sənin var-dövlətin bizə lazım deyil. Xarəzmdən yüz qızı satmağa aparırdılar. Onları qurtarmışdıq. Əyin-başları tökülüb, onları geyindirmək lazımdır. Tacir də gördü biz acgöz adam deyilik, dedi ki, almalar zəhərlidi. Bundan sonra karvanı Trabzona qədər yola saldıq.

– Ay köpək oğlu!

Murad yenə əlini qılınca atdı. Amma Əbih Sultan sözünü düzəltdi.

– Taciri deyirəm. Məni aldatdı, haqqımı vermədi. Dedi tamam soyublar. Heç nəyim qalmayıb.

– Deyər də. Onu qaçaqlara verəndən sonra hələ bir haqq da istəyirdin?

Əbih Sultan razılaşdı.

– Düz sözə nə deyəsən? Yaxşı, o yüz kənizi nə elədiniz?

– Onlar uzaq ellərdəniydi, geri qaytarmaq mümkün olan iş deyildi. Hansı qızın hansı igiddən xoşu gəldisə verdik ona. Hamısı da namuslu adamlara ərə getdi.

Əbih Sultan bunların hamısını eşitmişdi. Amma onu təzədən danışdırıb özündə yəqinlik hasil eləmək istəyirdi, görsün doğrudanmı o Muraddır, ya yox.

Murad soruşdu.

– Sən ki, sarayda məşhur adam idin, bu nə gündü düşmüsən?

– Sarayın vəfası bundan artıq olacaq?!

Əbih Sultan başına gələnləri danışdı. Dedi ki, onun kimi Ərdəbilə gedir. Onlar yola düşdülər. Axşama qədər getdilər. Gün əyilənə yaxın Murad geri dönüb narahat-narahat əlini qaşının üstünə qoydu.

– Böyük bir dəstə gəlir.

– Hanı? – Əbih Sultan da baxdı, bir şey görə bilmədi.

– Toz görürəm.

Quru təpələrin üfüqlə birləşdiyi yerdə toz qalxmışdı. Gün əyildiyindən o toz aydın görünmürdü, narıncı rəngə çalırdı.

Əbih Sultan əl-ayağa düşdü.

– Onlar məni axtarır. Mən gizlənim. – O fikrini dəyişdi. Sən də mənimlə bərabər gizlən. – Ağlına gəlmişdi ki, onu tutsalar birdən Əbih Sultanın yerini deyər. Murad dedi:

– Atı sür dalımca – Murad köhlənini boz yovşanlığa vurub, qayalıqlara tərəf uzaqlaşdı, Əbih Sultan da onun dalınca. Qayaların arasında Murad yəhərdən düşüb qayışla atın ağzını bağladı. – Sən də bağla, kişnəməsinlər. Özləri qayalardakı kolların arasından baxırdılar. Bir azdan dəstə göründü. Beş yüzə qədər atlı olardı. Qabaqdakı qara atlını Əbih Sultan tanıdı.

– O qabaqdakı Süleyman Bicanoğludur. Qanımı şüşəyə tutsa ürəyi soyumaz. Murad, onlar atların izini görəcək.

– Görməz. Sənin fikrin özündə deyildi. Mən qaçaq Muradam. Atları yoldan çıxarmışdım. Onlara iz verərəm?

– Mən heç buna fikir verməmişəm.

– Haradan fikir verəcəkdin. Həmişə hökmlü olmusan, yollar səninki olub. Mən də qaçaq düşüb atımı həmişə dağ-daşla sürmüşəm.

– Bu yana döndüyümüz yerə çatdılar. – Murad da baxdı. Amma dəstə ötüb keçdi. İzə fikir vermədilər. Dönüb Əbih Sultana baxdı. Onun ağarmış rəngi qara saqqalına görə daha da ağarmışdı. Alnında iri tər damlaları göründü. Elə bil onu sıxıb bu tər damcılarını zorla çıxarmışdılar.

– Heç ölməyə adam göndərmisən?

– Necə?

– Onların da anaları, bacıları var. Onların da ürəyində səndəki kimi qorxu olur, bunu bilirsən?

Əbih Sultan dinmədi. Murad ilgəyini biləyinə keçirdiyi toppuz yırğalana-yırğalana qayalıqda gəzişirdi.

– Bu tezlikdə yola çıxmaq qorxuludu. Qoy qaranlıq düşsün.

– Qaranlıq düşsün?

– Hə.

Bu “qaranlıq düşsün” kəlməsi Əbih Sultanın ürəyinə qaranlıq, qara bir şübhə saldı. “Məni öldürmək istəyir. Əynimdəki libasa, monqol atına, dəstəyi qaş-daşlı qılınca, xəncərə görə. Axı quldurun biridi. Bəlkə mən ondan qabaq tərpənim”.

– Qaranlıq düşəndə niyə?

Murad onun qorxusunu başa düşdü.

– Yaxşı, mənə inanmırsansa, mən çıxıb gedirəm.

– Yox, heç yerə getmə.

Əbih Sultan fikirləşdi ki, o e’tibarlı olsa ona arxalanmaq lazımdı. İndi o belə igid, qorxu bilməz adamları tapmalıdır. Getsə bəlkə də elə. Süleyman Bicanoğluya onun yerini deyər. Qaçaq-quldurdan əl çəkibsə, üzə çıxmaq istəyəcək, üzə çıxmaq üçün də belə bir iş görməlidir.

Əbih Sultan cibindən pul kisəsini çıxartdı, mamırlı daşın üstünə qoydu, xəncərini da onun yanına.

– Varım, dövlətim çoxdu, amma yanımda olan budur. Götür. Özümdə qalır qılıncımın üstündəki daş-qaş, bir də bu at. Atın əvəzində sənə bir ilxı bağışlayaram. O daş-qaşın yerinə xəzinəmin yarısını bağışlayaram.

Murad yoğun barmaqları ilə bığlarını sığalladı. Onun qara bığları ağzının yanlarından qoç buynuzu kimi əyilmiş, çənəsinin bərabərində isə yuxarı qatlanmışdı. Ucları da xəncər kimi iti idi.

– Çörəyin var?

– Atın tərkində var – Əbih Sultan gedib xurcunu gətirdi. Çörək çıxartdı. Nəyi vardısa daşın üstünə düzmək istəyirdi. Murad onu saxladı.

– Gəl bir yerdə çörək kəsək, bu da olsun bizim biri-birimizə e’tibarımız.

Onlar adama bir tikə çörək kəsib duza batırdılar. Murad bu tikəni çeynəyə-çeynəyə dedi:

– Bu çörəyə and olsun ki, məndən sənə heç bir xətər toxunmayacaq.

– Mən də and içirəm. Səni həmişə özümə dost bilərəm. Mənə Əbih Sultan deyərlər, elə bir iş eləyəcəyəm ki, yaxın vaxtda yenə o saraya qayıdacağam. Onda məni tanıyarsan. Əgər arxamda dayanıb mənə bu işdə kömək eləsən sənə əmir rütbəsi verdirərəm. Bir el bağışlayaram, gedib yaşayarsan. Hələlik bunları götür.

Murad ona düşmən kimi baxdı.

– Sən elə bilirsən mən qulduram, soyğunçuyam. Andımızı içib, əhd-peymanımızı bağlamışıq. – Murad gəzinib gecələmək üçün münasib yer axtarırdı. Birdən gözü qayaya sataşdı. Orada nə vaxtsa mağara varmış. Amma mağaranın ağzını hörüb üstünü suvamışdılar. O, Əbih Sultanı çağırdı. O gəldi. – Ora bax, ağzını hörüblər.

Onlar qayanın dibinə gəldilər. Bu hörgü qədim hörgü idi. Üstünə elə suvaq çəkmişdilər ki qayadan heç seçilmirdi. Amma suvaq bir neçə yerdən uçub tökülmüş, hörgü üzə çıxmışdı.

– Bu xəzinəyə oxşayır, Murad. Özü də çox böyük xəzinəyə. Ya İsgəndər Zülqərneyinin Azərbaycanda basdırıb getdiyi xəzinədi, ya da Çingizxan nəvələrinin işidi. Əgər bu xəzinə rastımıza çıxıbsa, onda səltənətin yolu üzümüzə açıldı. Bəysunqurun xəzinəsində siçanlar oynayır, xəzinə boşdursa, qoşun da yoxdur. Murad, gəl and içək ki, bu xəzinə də bizim əhd-peymanımızı pozmayacaq.

Murad yenə tərs-tərs ona baxdı.

– Deyəsən sən sözübütöv adama oxşamırsan. Əhd-peyman belə ucuz şeydi ki, onu bir xəzinə poza bilsin?

Murad işə başladı. Suvağın qalanını da qılıncı ilə qoparıb tökdü. Daşları söküb çıxarmağa başladı. Əbih Sultan da ona kömək eləyirdi. Onlar mağaranın yolunu açdılar. İçəri girdilər və girdikləri yerdə donub qaldılar. Mağaranın yuxarısından düşən işıq içərini aydınlaşdırmışdı. Mağaranın hər tərəfindən onlara quru kəllələr baxırdı. İçəridə insan sümükləri üst-üstə qalaqlanmışdı. Divara söykənən skeletin əynindəki paltarın cır-cındırı da qalmışdı. Amma rəngi də bilinmirdi.

Mağaradan çıxdılar. Onlar çox ölümlər, ölüm vaxtı insan iztirabları görmüşdülər. Amma beləsinə rast gəlməmişdilər. Bəlkə də bir şəhərin əhalisini bura yığıb mağaranın ağzını hörmüş, acından öldürmüşdülər. Bu Çingizxan övladlarının dəst-xətlərinə oxşayırdı...

Bu dünyada bir mavi dəniz vardı. O dəniz üfüqdə mavi göylə qaynayıb qarışırdı. Sakit dənizin üstündə ağ qağayılar uçurdu. Həmin dənizin sahilindəki qara qayalar başında diş-diş qala hasarları olan bir şəhər o maviliyə qarışmışdı. Hər səhər bu şəhəri qızıl qübbəli mə’bədlərdə çalınan zəng səsləri oyadırdı.

O mavi dünyanı Aləmşahbəyim körpə vaxtı görmüşdü. Hə, yadında da o uzaq, sanki bu dünyadan köçmüş, yox olmuş şəhər mavi və qızılı rənglər şəklində qalmışdı. Özünün saçları və gözləri kimi.

Anası Dəspinə xatun həmişə o şəhərdən danışardı.

Bizans imperiyasının son qəlpəsi, ana yurdu Trabzondan söhbət açardı. Bir də o şəhərdə mavi və qızılı bir saray vardı. Deyərdilər ki, həmən sarayda İsgəndər Zülqərneynin ruhu yaşayır. Süstləşən, qocalan, ağ dərisi altında göy damarları görünən imperator Dördüncü İohann bir gün qızı Feodaranı yanına çağırıb demişdi:

– Mən qocalmışam. Qoşunlarımız, bürclərimiz Osmanlı sultanı Fateh Məhəmmədin topları qabağında dayana bilməyəcək. İstanbul da əldən çıxdı. Avropa ilə əlaqə saxladığımız boğazlar əldən çıxdı. Daha arxanı-köməyi günbatanda yox, gündoğanda axtarmalıyıq. Yoxsa öz xidmətimiz də bata bilər. Ağqoyunluları özümə arxa bilirəm. Onlarla qohumluğumuzun tarixi çoxdan başlayır. Həmin qohumluğu təzələməyi lazım bilirəm. Osmanlı Sultanı üzünü Avropaya tutub Serbiyanı, Macarıstanı, Əflakı tutsa da, bir gün qayıdıb Azərbaycanı, Ərəmniyyəni, İraqı, Xorasanı almağa çalışacaqdır. Onların qabağında dayansa, tək Uzun Həsən dayana biləcək. Sənin xeyir-duanı verirəm. Get və Uzun Həsəni bizim imperator nəslimizə dost elə.

– Mən atamın əleyhinə getmirəm. Amma Uzun Həsən bu vilayətin bəyidir, mən isə imperator qızıyam.

– Elədi, amma yaddan çıxartma ki, onun torpaqları bizim imperiyamızdan dəfələrlə böyükdür.

Feodara ilə Uzun Həsənin toyundan sonra onun adını dəyişib Dəspinə xatun qoymuşdular.

Ər evində, Uzun Həsənin məmləkətində Trabzonun imperator sarayındakı süstlük, bədbinlik yox idi. Dəspinə xatun hiss eləmişdi ki, atası kimi onun imperiyası da qocalıb. Bu günlük, sabahlıqdır. Uzun Həsənin Amid bəyliyi isə bığ yeri tərləyən gəncə oxşayır, başdan ayağa əzələdir, sinirdir, hərəkətdir, qala divarlarını dağıdan mancanaq yayı kimidir.

Elə bil onun ayağı düşdü. Uzun Həsənin qılıncının kəsəri daha da artdı, gündən-günə şöhrətləndi, gündən-günə yurdunun hüdudları böyüdü. Elə bil Dəspinə xatunun getməyi ilə Trabzon imperatorluğunun taleyi, baxtı, xoşbəxtliyi də harayasa uçub getdi. Sarı şam kimi əridi. Osmanlı Sultanı Fateh Məhəmmədin qoşunları şəhərin divarları ilə üz-üzə ordugah saldı. Qüdrətli sərkərdənin qarşısında qoşun əvəzinə Uzun Həsənin anası Sara xatunun başçılıq etdiyi səfərətxanadan başqa heç nə dayana bilmədi. Düzdü, Fateh Məhəmməd Sara xatuna “ana”, Sara xatun ona “oğul” dedi. “Ana” – “oğul” birləşib mavi dəniz imperiyasını bərpa eləyə bilmədilər. Sara xatun gəlini Dəspinə xatunun imperiya taxtına varisliyini irəli sürdü, Məhəmməd də qəbul elədi. Ancaq nə Dəspinə xatun taxta çıxdı, nə də imperiya qaldı. Təkcə imperiyanın xəzinəsini onlarla yarı böldülər. Beləliklə də Dəspinə xatunun vətəni yoxa çıxdı, yuxuya, mavi və qızılı rəngli xəyala çevrildi.

Aləmşahbəyim dar barmaqlı pəncərənin qabağında oturmuşdu və bütün bunlar onun xəyalından gəlib keçirdi. Anası kiçik vətəndən böyük vətənə düşmüşdü, amma o özü atasının sarayından ərinin kiçik evinə, oradan da zindana gəlib çıxmışdı. Bu qala da o yuxuya bənzər mavi şəhərə bənzəyirdi. Sonuna az qalmışdı. İndi bu daş qəfəsdə oturub qızılı saplarla qara ipək üstündə o mavi ölkənin yadda qalan cizgilərini tikirdi. Dəniz idi, qayalıqlar üstündə qalalar idi, qalanın içindən qalxan qızıl qübbəli şiş binalar idi. Səkinə də oturub onun işinə baxırdı.

İsmayıl sevinə-sevinə gəldi.

– Ana, gör necə oxuyuram. Bax, bu əlifdi, bu beydi, bu nundu, bu zeydi, bu da teydi.

Anası oğlunun yazısına baxıb fərəhləndi.

– Elə bircə gündə öyrəndin?

– Bəs necə ana. Burada nə var ki?!

Səkinə sözə qarışdı.

– Çox qədim bir dastan var. Orda deyillər ki, xanın bir oğlu oldu. O qədər gözəl idi ki, ay onun sifətindən utanırdı. O bircə dəfə süd əmdi, qırx gündən sonra ova getdi, at mindi, ox atdı... Böyüyüb igid, bahadır oldu.

– Onda mən hələ gecikmişəm.

Onlar güldülər. İsmayıl anasının rəngli saplarla işlədiyi şəklə baxdı.

– Nə gözəldi. Ana, bura haradı?

– Bura? Bura nağıllarda bir ölkə vardı, oradı.

– Sən şəkli necə çəkirsən, mənə də öyrət. – İsmayıl yazdığı vərəqi bir tərəfə qoyub anasının dizinə söykəndi.

– Öyrədərsən?        

– Öyrədərəm, oğul! İndi gör sənə nə göstərəcəyəm. O, bərbəzəkli, sədəf düzülmüş sandığına tərəf getdi. Dayanıb oğluna tərəf döndü.

– Yeddi dəniz arxasında bir şəhər var, oğlum. Dənizin içində evləri, sarayları dirəklər üstündə tikilib. Deyirlər o şəhər gözəlliyində dünyada ikinci şəhər yoxdur. Adına Venedikt deyirlər. Orada dünyanın ən məşhur rəssamı və nəqqaşları yaşayır.

– Evləri suyun içində tikilibsə küçələri necədi?

– Küçələri də sudu. Evdən-evə qayıqla üzürlər.

– Bunları sən hardan bilirsən, ana?

– Baban Uzun Həsənin sarayında bu şəhərin səfiri yaşayırdı, Cənabi Zenon. Həm də bizə qohum idi. Şəkil çəkməyi də mənə o öyrətmişdi. Onun Venediktdən gətirdiyi bir şəkli neçə illərdir ki, saxlayıram.

O, sandığın qapağını qaldırdı, oradan ipəyə bükülmüş bir şey çıxardı. Açdı, qızıl çərçivədə kiçik bir şəkil idi. İsmayıl heyran-heyran o şəklə baxmağa başladı. Şəkildə danışdığı şəhər təsvir edilmişdi. O yerlərin binaları bu yerlərdəkilərə bənzəmirdi. Küçələr, dəniz, eyvanlar nəfis şəbəkəli... Uzun, qara qayıqda isə qırmızı məxmər paltarlı adamlar oturmuşdu.

Qızıl çərçivəli kiçik şəkildə hər şey canlı idi. İsmayıl heç vaxt görmədiyi dənizin sanki səsini eşidirdi. Adamların hənirtisini duyurdu. Günəşin istisini hiss eləyirdi.

– Gör necə gözəldi.

– Bəli, gözəldi. İnsan əlindən hər iş gəlir.

Sultanəli hücrəyə girdi. Amma özündə deyildi. Körpə pələng kimi gəzişirdi. İsmayıl onu görüb sevinclə qışqırdı:

– Hələ bir bura bax!

Sultanəli baxdı, amma üzünü tez də çevirdi.

– Xoşuna gəlmədi?

– Yox. Bizim dinimiz insan şəkli çəkməyi qadağan eləyir.

– Nə üçün? – deyə İsmayıl soruşdu.

– Ona görə ki, insanın əksini çəkən şəxs, sonradan ona can, nəfəs vermək iddiasına düşə bilər. Bunun isə necə küfr olduğunu sən bilməlisən. Bütpərəstlər ağacdan, palçıqdan, daşdan insan düzəltdilər və ona sitayiş elədilər.

İsmayıl qardaşı ilə ürəyində razılaşmadı.

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info