Qonaq Kitabı
GÖRÜŞ

Atlı təpədən enib çaya duşdü. Və atın yüyənini buraxdı. At dodaqlarını suya söykədi, amma içmədi. Başını geri atıb suyu ətrafına çiləyib fınxırdı. Atlı özünü yəhərdən yerə atıb çarığlı, patavalı suya girdi, ovuclarını qoşalaşdırıb içmək üçün üzünə qaldırdı. Buz kimi sərin su idi. Axşamdan bəri yol gəlirdi. Heç yerdə bulaq görməmişdi. Yol quruyub, yanmış təpələrin arası ilə keçirdi. Heç yerdə su görməmişdi. Həm özü, həm də atı susuzluqdan od tutub yanırdı. İndi ləzzətlə bu sərin sudan içib ürəyinin yanğısını söndürəcəkdi. Dodaqlarını ovcundakı suya söykəyib sümürdü və ağzında duzlu, acı bir tam duyub içdiyini də qaytardı. Çayda ilan zəhəri kimi, acı, motal şoru kimi duzlu su axırdı. Əl-üzünü yudu. Sonra yəhərə qalxıb tərpəndi. Buradan tez uzaqlaşmaq, bir kəndə, bir insan məskəninə çatmaq üçün tələsmək lazım idi. Yol təpəyə qalxdı. Oradan uzaqlar da görünürdü. Hər tərəf duz dağları idi. Duz kəllə qəndlər kimi ağarırdı. Üfüqdə o, ağac gördü. Ağac varsa demək su da var. Atı tərpətdi. Karvan yolunun torpağı qaysağ bağlamış, qaysağın üstünə isə elə bil narın duz səpilmişdi. Deməli, buradan çoxdan bəri keçən olmamışdı. Yoldan kənarda kola ilişib qalan iri bir ilan qabığı ağarırdı.

Murad iri qayalıqlara çatdı. Qayaların arasında əncir kolları bitmişdi. Meyvələri də saralmış iri yarpaqların arasında quruyub qalmışdı. Onları yığıb kişmiş kimi atı da yedirdə bilərdi, özü də yeyərdi. Çörəyi xurcunda quruyub daşa-kəsəyə dönmüşdü yəqin.

Qayalıqlar hamar deyildi. Elə bil qazanda yanıb qaralmış qənd parçalarını baltayla doğramışdılar. İri daşın üstündə yağış suyu yığılmaq üçün çökək vardı. O çökəyin yanında iri bir kərtənkələ-qayaqanan qaçmağa hazır bir vəziyyətdə dayanmışdı. Boğazının yanlarında tuluqlanmış yaşıl, qotur dəri tez-tez qalxıb enirdi.

O, atı sürdü, yolda-izdə işartı axtarırdı. Qayaların üstündən gözlərinə qovaq ağacı dəydi. Yüngül meh vurduqca ağacın yarpaqlarının arxası gümüş kimi parıldayırdı. Yəqin ki, bulaq o qovağın dibindədir. İri qaya parçalarını hərlənib keçdi. Bir dağ keçisi başını qaldırıb onu gördü və var gücü ilə tullanıb qaçdı. Deməli o da su içməyə gəlib.Amma bulağa yaxın düşmək istəmirdi, qorxurdu. Bu vaxt bulağın başında çoxlu ilan ola bilərdi. Atdan düşdü, ehtiyatla yaxınlaşdı. Arxadan fışıltı eşitdi. Dönüb daşların üstündə quyruqları üstünə qalxıb biri-birinə dolaşan iki qızıl ilan gördü. Daş götürüb onlara tərəf tulladı:

– Çəkilin, ay Allahın heyvanları.

Onların dolaşığı açıldı, quyruqları ucunda ox kimi süzüb bir anda yoxa çıxdılar. O, bulağa yaxınlaşdı. Bulağın yuxarısında iri bir gürzə kürəşkələnmişdi, başını da ala-bəzək kürəşkənin ortasından çıxarmış, zəhmli ilan gözlərini harasa zilləmişdi. Bəlkə də onun qorxusundan dağ keçisi suya yaxın düşməmişdi. Yolçu iri bir daş götürüb bu kürəşkənin üstünə saldı. Daşın altından güclə sürünüb çıxan gürzə haça dilini göstərə-göstərə güclə sürünüb getmək istədi. Amma daş onun belini qırmışdı. Yolçu bir daşla da onun başını əzdi. Ətrafına baxdı. Burada çoxlu ilan qabığı, ilan izləri vardı. Bulağın aşağısında isə dağ keçisi ləpirləri, canavar, dovşan, tülkü izləri gördü. Tez atın yanına qayıtdı, xurcundakı cürdəyi çıxarıb doldurdu, xurcuna qoydu. Camı isə bir neçə dəfə doldurub içdi.

– Lə’nət yezidə, – deyib camı da cürdəyin yanından xurcuna qoydu. Atını da bulağın yanına çəkdi. At da başını əyib sısqa bulağın gölməçəsini qurutdu. Sonra yəhərə qalxıb rahatca yoluna davam elədi.

Qaçaq Murad kimi tanınan bu adam neçə illər idi ki, Çuxur Səddə, Diyarbəkrə, Şərura, İstanbula gedən karvan yolu üstündə qaçaqçılıq eləyirdi. Özünün də ən çox soyduğu divan mə’murları idi. Vergiləri yığıb qayıdanda yolda hamısını əllərindən alır, qaytarıb bir də həmin kəndlərdə paylayırdı. Karvanlardan isə bə’zisinin yükünü alıb buraxır, bə’zisindən isə pul alıb yola verirdi.

Bir gün ona demişdilər ki, Urmiyyətli bir tacirin evində bir mücrü qiymətli daş-qaş, lə’l cəvahirat var. Muradın dəstəsi neçə gün şəhərə girməyə imkan gözləmişdilər, hamıdan gizlənmişdilər. Axşam şəhərə girmiş, tacirin evinə ayaq qoyanda görmüşdülər ki, ziyafətdi. Süfrədə hər cür naz-ne’mət var. Kuzələrdən piyalələrə şərab süzüblər. Məclisin başında bardaş qurub oturan söz demək istəyirdi ki, Murad onun sözünü kəsdi.

– Qaçaq Murad sənin sözünü şəkərnən kəsir. Dediyini yadından çıxartma, biz işimizi qurtarıb gedəndən sonra danışarsan.

Qılıncın üzü soyuq olur. Qaçaqların əllərindəki yalın qılınclar elə bil hamının üstünə soyuq su çiləmişdi. Həm də qaçaq Muradın adını eşitmişdilər.

O yetirib yük yerindən, farmaşdan ipəyə bükülü mücrünü götürmüşdü. Gəlib tacirə demişdi:

– İndi sözünü deyə bilərsən.

Tacirin dili söz tutardı?! Murad qapıya qədər getmiş və dönüb:

– Halal elə, hörmətli tacirbaşı. Bundan sonra karvan yolları daha sənin üzünə açıqdı. Neçə dəfədi xərac verməmiş ötürdün, elə bilirdin Murad bunları yaddan çıxardır? – Amma birdən-birə o fikrini dəyişmiş, mücrünü qaytarıb yerinə qoymuşdu. Tacir bunu görüb ürək döyüntüləri azalmış, dili topuq vura-vura ondan soruşmuşdu:

– O mücrüyə görə gəlmişdinsə, niyə aparmadın?

– Mən sənin çörəyini yemişəm, çörəyə isə bizdə xəyanət olmaz.

– Mən sənnən nə vaxt duz-çörək kəsmişəm? O mücrünü apar, ancaq bu sözü demə. Bilərlər ki, mən qaçaq Muradla duz-çörək kəsirəm, hamı mənə düşmən olar. Elə biləcəklər onların karvanının qabağını kəsdirən mənəm. Mən tacir, sən qaçaq. Biz harda görüşmüşük ki, duz-çörək kəsək. De, qoy oturanlar da eşitsin.

Murad qapının ağzında oturub süfrədən plov dolu nimçəni qabağına çəkib şapalaqlayıb aşıran yoldaşını göstərmişdi.

– Budur, baxın. Mən olmayım, yoldaşım olsun. Nə fərqi. Qaçaq Murad hələ kəsdiyi duz-çörəyə xəyanət eləməyib. Bu bir tikə çörək məndən ötrü o mücrüdən qat-qat qiymətlidi. İndi halal elə, mən də sənin çörəyindən kəsim.

Tacirin rəngi-ruhu üstünə gəlmişdi.

– Ana südü kimi halal xoşun olsun. O, qalxıb mücrünü gətirib onun qabağında açdı.

– Sən ki, belə mərd adamsan, bunun hamısını sənə bağışlayıram.

– Yox, mən sözü bir dəfə deyirəm.

Murad süfrədən çörək, qızardılmış quzu budu götürüb çıxmışdı.

Yerdə oturub plovu şapalaqlayıb ötürən qaçaq Xalıq Muradın qabağında dil uzadıb demişdi ki, bir tikə çörək nədi ki, ondan ötəri sən bir mücrü cəvahirdən keçdin. Sən istəmirsən, onda mən gedib gətirərəm, sən payını götürmə.

– Sən bu işi tutsan, onda gərək düşmən olaq.

– Olaq da.

– Bir mücrü daş-qaşa görə?

– Azdı? İndiyə kimi yol kəsirik, özümüzü oda atırıq, ələ keçirdiyimizin hamısını da aparıb paylayırsan kasıb-kusuba. Bizimki də olub aldım qoz, satdım qoz, mənə qaldı şax-şaxı. Daha bəsdi. Özümüzə də bir gün ağlamaq vaxtı çatıb.

Murad yoldaşlarına baxmışdı.

– Kim Xalıq kimi fikirləşirsə, ayrılıb getsin.

Görmüşdü ki, elə hamısı onun kimi fikirləşirmiş.

Atını minib demişdi.            

– Salamat qalın. Mən getdim.

Ona çox yalvarmışdılar, qalıb onlara yenə də başçılıq eləsin, qalmamışdı. Atını sürüb getmişdi. Ərdəbilə tərəf üz tutmuşdu. Çünki bu illər ərzində yollarda onun rast gəldiyi adamların çoxu müridlər idi, həqiqət axtarmaq ümidilə getdiklərini deyirdilər. O da baxtını sınamağı qərar vermişdi.

Əlincə qalasının qaranlıq, nəm zindanlarında bir məhbus vardı. Daş qəfəsə yerləşməyən bu cavan səbrsizlikdən daş divarları uçurub dağıtmağa can atırdı. Amma biləklərinə bilərzik kimi bərkidilmiş zəncirlər divara mıxlanmışdı. Ayağındakı paslı kündələr onun hərəkətlərini ağırlaşdırırdı. Onunla üz-üzə divara zəncirlənən qocanın bədəni tük gətirmişdi, ağ, nurani saqqalını his basmışdı. Qaşları uzanıb çuxurdakı gözlərini örtmüş, kipriklərinə qarışmışdı. Zəncirlərə də, kündələrə də sakit, mə’lul-mə’lul baxırdı. Onlara əyinə geyilən paltar kimi öyrəşmişdi.

– Dözümlü ol, ey cavan.

– Səbr elə, səbr elə. Mən buradan çıxacam, çıxandan sonra düşmənlərimin hamısını belə zəncirə vurub illərlə işıq üzünə həsrət qoyacağam.

Qocanın səsində də bu zindana ahəngli bir qəribəlik vardı. Elə bil o elə burada əlləri zəncirdə, ayaqları kündədə doğulmuşdu, buraya öyrəşmişdi.

– Cavanlıqda mən də sənin kimi deyirdim. İndi məni buraxsalar da getmərəm.

– Neçə ildi buradasan, qoca?

– Sayını itirmişəm. – Qolunu qaldırıb divardakı hansı yazınınsa üstünü təmizləyib oxumaq istədi. Qolu qalxmadı. Qolu əzələ qaldırar. Onda isə əzələ qalmamışdı. Cır-cındır arasından bir dəri, bir sümük, çöp kimi nazik qolu görünürdü. Onun zənciri qaldırmağa gücü qalmamışdı.

– İndi hansı padşahın vaxtıdı?

– Ağqoyunluların.

– Onlar kimnən sonra gəlib?

– Qaraqoyunlulardan.

– Əmir Teymurun oğlu Miranşah necə oldu?

– Əmir Teymura, Miranşaha bax ha! Onlar çoxdan o dünyadadır. Səni bura kim salıb?

– Çoxdan burdayam, lap çoxdan. Məni buraya Miranşah saldırıb, ömürlük.

– Bəs səni niyə buraxmırlar? – Cavan oğlan təəccüblə soruşdu.              

– Mən hürufiyəm. Fəzlüllah Nəiminin cavan müridlərindən idim. O vaxt mənim on səkkiz, on doqquz yaşım vardı: Dedilər kamilliyin, hürufiliyin yeri zindandı.

– Hürufi. Qaraqoyunlular ki, onları tə’qib eləmirdi.

– Nə bilim. Bu altmış ildə neçə zindanban dəyişib?

– Mən səni azad edərəm.

Onlar divarda üz-üzə zəncirlənmişdilər. Özləri də samanın üstündə oturmuşdular. Qocanın əynindəki cır-cındırı saymasaq lüt-üryan idi. Cavanın əynində isə bahalı parçadan təzə libas vardı. Bir neçə yerindən cırılmışdı. Tutulanda, əlbəyaxa olmuşdu. O, Uzun Həsənin qardaşı oğlu Rüstəm Mirzə idi. Əmisi oğlu Sultan Yaqubun oğlu Bəysunqurun taxtını təcavüzdən qorumaq üçün Süleyman Bican oğlu ilə Əbih Sultan onu Əlincədə zəncirləməyi ən təhlükəsiz yol bilmişdilər.

– Məni azad eləyərsən? Özün məndən də qara gündəsən, ay cavan. Məni azad eləyəcək bir məxluq var. Günlərin bir günü, elə bu yaxınlarda gələcək və azad eləyəcək –  deyən qocanın dodağında xəfif bir təbəssüm gəzdi.       

– Xəbər göndərib?

– Bəli.

– Doğrudan?

 Rüstəm Mirzənin qocaya paxıllığı tutdu. Onu yox, gərək Rüstəm Mirzəni azad eləyələr.

– Buradan çıxmaq istəyirsən?

– Yox, istəmirəm.

– Əgər istəmirsənsə, onda qoy məni xilas eləsin. Sən qoca kişisən, heç bir iş görə bilməyəcəksən. Amma mən çıxan kimi taxt-tacı ələ keçirəcəm, səni çıxardıb sarayda pambıq içində saxlayaram. Nədi, razısan?

– Yox, cavan şahzadə. Mənim xilaskarım sənə kömək eləyə bilməz.

– Nə üçün eləmir? Onu dünya malından qəni eləyərəm. Özü ağırlığında qızıl verərəm. Mahal bağışlayaram.

Rüstəm Mirzə odlu-odlu danışır, qollarını atıb-tutmaq istəyir, amma zəncirlər o hərəkətləri yarımçıq saxlayırdı. Bundan da az qalırdı ürəyi partlasın. Bağlı olmasa qocanın saqqalını əlinə keçirib başını divara vurar, onu bu işə razı salardı. Amma indi ən kəskin silahı onun dili idi.             

– O, hədiyyə götürmür. Ona qızıl-cəvahir lazım deyil.

– Bu dünyada elə adam olar ki, qızıla-cəvahirə e’tinasız baxsın? Əmir Teymur bütün ölkələrin xəzinəsini əlinə toplamışdı, yenə doymurdu. Gedirdi Çinin də var-dövlətini alsın.

– Öləndə neylədi o var-dövləti? Özüylə apardı?

– Yox. Aparıb neyləyəcəydi. Övladlarına qaldı.

– Görürəm, sən də hökmran olmaq istəyirsən. Amma nə üçün? Nəyə lazımdır o taxt-tac ki, hamı ona nifrət eləyir. Qan tökməyə, adamları öldürməyə, şəhərləri talamağa gedirsən?

– Onu gələcək göstərər. Sən mənə qurtuluş yolu göstər. Qoy sənin xilaskarın məni aparsın. – Rüstəm Mirzənin sözlərində hökm olsa da, danışığının ahəngində yalvarış vardı.   

– Mən ona hökm edə bilmərəm.

– Kimdi axı səni xilas edəcək məxluq.

– Əzrayıl.

Rüstəm Mirzənin qolları boşaldı. Başını aşağı saldı. Yanağına milçəkmi, arımı, hansı böcəksəmi qonmuşdu, onu dalayırdı. Amma bayaqdan onu qovmağı da ağlına gətirmirdi. İndi onu qovmaq üçün sifətini qoluna sürtdü. Xeyli fikrə getdi. Amma darıxdı. Danışmayanda taleyi, dərdi tez yadına düşürdü.

– Düzdü, Əzrayıl səni xilas eləyə bilər, məni yox. Mən hələ buradan çıxacam. Əzrayıla o qədər iş tapacağam ki. Birinci onun cənginə sarayın ən sadiq köpəyi Əbih Sultanı verəcəm. Məni o gətirib bu zindana salıb. Yoxsa mənim bir tükümə toxunmağa da heç kimin ixtiyarı və gücü çatmazdı. Çıxan kimi yox, heç Əzrayıla da ümid olmayacağam. Əzrayıl xəbər tutana qədər onu öz qılıncımla özüm doğrayacam.

– Sənin əqidən odur ki, çıxan kimi kimisə öldürəsən, elə deyilmi, cavan şahzadə?

– Bəli! Bəs sənin əqidən nə olub? Bu qədər ki, onun yolunda əziyyətlər çəkmisən, yəqin ki, taleyinə lə’nət oxuyursan.

– Yox, cavan oğlan. Biz bütün insanları kamilliyə çatdırmaq istəyirdik– Mürşidimizin buna görə diri-diri dərisini soydular. O, uf demədi. Öz əqidəsinə qurban getmək kamillikdir. Mən də həmçinin. Amma sən heç nəyə qurban getmədən hökmdar taxtına çıxmaq, çıxan kimi də kimlərisə qurban vermək üçün indidən fikirləşib tədbir tökürsən.

Qoca başını divara söykəyib gözlərini yumdu. Titrək, quru dodaqları vird eləməyə başladı. Rüstəm Mirzə onun dediklərinə qulaq asırdı.

– Axır ki, mənə ən ağır cəzanı verdilər. Bu altmış ildə gördüklərim toy-bayram imiş. Nə böyük əzablar verirsən mənə, ulu tanrı. Əcəl, gəl çıx, Əzrayıl, gözümü yollarına dikmişəm.

Rüstəm Mirzə elə bildi ki, qoca onun halına acıyır. Ona görə özünə ölüm arzulayır ki, kənc şahzadənin əzablarını görməsin.

– Qoca, – deyə dilləndi. – Özünə ölüm arzulama, həyat şirindi. Bir dəfə gün işığına çıxsan, dünyanı görsən, axar sulara, dərin göylərə baxsan, ölüm fikrini özündən uzağa qovarsan. İnandırıram səni, tezliklə mənim zəncirlərim qırılacaq, onların yerinə hökmdar bazubəndi taxılacaq. Bax o vaxt səni azad eləyib saraya apararam. Mənə vəzirlik eləyərsən. Görürəm ki, savadlı, müdrik adamsan. Özün da adam görməmisən, fitnələrdən, fəsadlardan uzaqsan. Düz yol göstərərsən.

Qoca gözlərini açıb qarşısındakı qartalbaxışlı, daralınlı, yoğunbiləkli gənc şahzadəyə baxmaq istəmirdi. Onun əqidəsinə görə insan kamilləşdikcə qan-qadadan, dava-qırğından uzaq olmalıdır. Bu qan-qan deyən şahzadəni onunla üz-üzə qoymaq onun üçün ən böyük cəza idi.

– Sən məni xilas edə bilməzsən.

– Hökmdar istədiyini eləyə bilər.

– Yox, hökmdarlar belə zindanlar tikmək, insan zəkasını buxovlamaq üçün gəlir. Sən də elə buna çalışırsan. Onsuz da mən azadam. Cismani olaraq zindandayam, ruhən isə buludlar kimiyəm. Biz “ənəlhəq” demişik.

Rüstəm Mirzə istehza ilə güldü.

– Ənəlhəq! Haq, məndədi, əstəğfürullah, Allah mənəm. Bu xam xəyaldı. O şöhrətə, yə’ni Allah olmaq niyyətinə hələ heç kim çatmayıb və heç vaxt da çatmayacaq. Çingiz Xaqan da belə bir xəyala düşmüşdü. Nə oldu sonu? Fi’ron da özünü Allah sayırdı. Siçan kimi suda boğulub öldü. Əstəğfürullah, onların allahlığa qalxmaq iqtidarı daha çox idi. Çünki yer üzünün allahı idilər. Amma gücsüz, yaşının hamısını zindanda keçirmiş qocanın allahlıq iddiası gülünc deyilmi? Bax, bizi üz-üzə zəncirləyiblər. Birimiz allahlıq, o birimiz hökmdarlıq arzusundayıq. Görək kimin arzusu, niyyəti həqiqətdir? Sənin, ya mənim!

Onun qocanı ələ salmaq, gülünc vəziyyətdə qoymaq niyyəti öz tə’sirini göstərdi.

– Adi şeyləri qarışdırırsan. Allahlıq, kamillik insanın daxilindədir. Əgər o özünü hazırlayıb ruhən bu yüksəklikdə dayana bilirsə, yer üzündəki xeyir əməllər onun iradəsindən asılıdırsa, o haqdır!

Rüstəm Mirzə deyəsən onu yavaş-yavaş başa düşməyə çalışırdı. Amma qəbul edə bilmirdi.          

– Tutaq ki, kamilsən, haqqa çatmısan. Biləklərin zəncirdə olarkən, onda sənin xeyirxah əməllərin kimə lazımdır? Səsin ki, heç yerə çatmır. Bu isə allahlıqdan çox uzaqdır. Sən acizsən. Bizim dövrümüzdə aciz insan nə qədər kamil olsa da güclülərin ayağı altında qalıb məhv olacaq.

– Söhbət tək məndən getmir. Dünyadakı insanların hamısını kamil görmək istəyirik. Hökmdardan tutmuş qula qədər.

Rüstəm Mirzə ürəkdən qaqqa çəkib güldü.

– Bax, bu əsl allahlıq iddiasıdır. Onların hamısını kamil eləmək ya Allahın ağlına gəlməyib, ya da ağlına gəlsə də bacarmayıb. Yox, mən hürufi olmaq istəməzdim. Bir şey mə’lumdur ki, hamı Allah ola bilməz. Hamı qul, yaxud hökmdar olmağa qadir deyildir. Yox, sizin əqidəniz bu dünya üçün deyil. O dünyada, orada da kamillərlə nadanları ayırıblar. Kamillər cənnətdə, cahillər cəhənnəmdə.

– Yox, kamillər cəhənnəmdə, cahillər cənnətdə.           

Hava qaralmışdı. Qapının kilidi şaqqıldadı. Zindanban içəri girib hərəsinin yanına bir saxsı parçda su, onun da üstündə bir əl boyda arpa çörəyi qoydu. Heç bir söz demədən çıxdı və qapını bağladı. Qapı açılıb-örtüləndən sonra elə bil içəri qatı zülmət çökdü.

Sultan Yaqub öləndən sonra onun yerinə keçə biləcək övladı Şirvanşah Fərrux Yasarın bacısından olan oğlu Bəysunqur idi. Süleyman Bicanoğlunun qızından hələ dünyaya övlad gəlməmişdi. Lap bələkdə qızı da olsa onu Sultan taxtına çıxarardı. Çünki sarayın ən hörmətli, ən qüdrətli adamı Süleyman Bicanoğlu olmuşdu. O, Şeyx Heydəri öldürəndən sonra Şirvanşahın da yaxın, e’tibarlı adamı olmuşdu. Sarayın ikinci məşhur şəxsiyyəti Əbih Sultan sayılırdı. O, Uzun Həsənin vaxtından hökmdarlarla qohum olmaq niyyətində olsa da baş tutmamışdı. Amma Diyarbəkrdəki qohum-əqrabalarının çoxluğu, onun qoşun toplamaq, sərkərdəlik bacarığı yüksək qiymətləndirilirdi. Rüstəm Mirzənin də qəsdinin üstünü o açmış, tərəfdarlarını qılıncdan keçirib özünü Əlincə qalasına saldırmışdı. Bundan sonra yerini daha isti, daha möhkəm hesab eləyirdi.

Bəysunqura atasının Bağdaddan gətirib oğluna xoca təyin etdiyi alim Müzəffərəddin yenə də dərs keçir, din tarixini, siyasət əsaslarını, riyaziyyatı, poeziyanı, coğrafiyanı və başqa elmləri tədris eləyirdi. Atasının ölümünə qədər müəlliminin yanına şagirdi gedirdisə, Sultan taxtına oturandan sonra müəllim onun yanına gəlir, baş əyir, əlini öpürdü. Bəysunqur müəlliminin onun qarşısında torpağı öpməyinə icazə vermirdi. Bu gün xoş bir hava idi və “Səkkiz behişt” sarayının Yaqut otağında Bəysunqur müəllimi ilə məsləhətləşirdi.

– Ayrı ölkələrdən Sultan sarayına gələn elçiləri nə ilə heyrətə salmaq olar, xoca Müzəffərəddin?

– Taxtın, tacın qiyməti, onların üstündəki daş-qaş. Sonra hökmdar sarayının taxtını qoruyan daş-qaşla bəzənmiş silah qurşayan qırx nəfər həbəş qul. Saray ə’yanlarının geyimləri, sarayın bəzək-düzəyi... Böyük vəzir Nizamül-mülk dövlətin qüdrətinin təcəssümünü bunda gerürdü. Bundan əlavə zəmanənin böyük şairi bu sarayda olarsa, onun hörməti daha da arta bilər, sultanım.

– Xoca Müzəffərəddin, hərəmxana da hökmdarın qüdrətini, zövqünü tə’yin edər. Ölkəmizdə millətlər də çoxdur. Onların qızları barəsində o ağıllı kitablarda nə yazılıb?

Sifətinə hələ tük gəlməmiş, taxta oturandan hələ heç bir iş görməyən bu on yaşlı uşaq dəbdəbə və hərəmxana rahatlığı barəsində düşünürdü. Xoca Müzəffərəddin onun bu fikrini uşaq marağı, erkən şöhrətpərəstlik, ya da böyük gələcəyi olan qüdrətli bir fatehin onun qəlbindəki ilk qığılcımları hesab etdi. Amma bu təzahürün hansına aid olduğunu dərk edə bilmədi. O, şagirdinin sualına mükəmməl cavab verməli idi.

– Böyük hökmdar, hind qızlarının beli incə, şəvə saçları uzun, əqlləri isə bir o qədər gödək olur. Məkkə qızlarının şəkər dili, zə’rif dəriləri, naz-qəmzələri və ağılları çox məşhurdur. Onlar qısqanclığın, bədxahlığın nə olduğunu bilməzlər.

– Türk qızları necə?

– Türk qızları gözəllik, zəriflik mücəssəməsidir. Onların gözlərindəki məlahət heç bir gözəldə tapılmaz. Onlar uşaq doğmaqda də fərasət əhlidilər. Uşaqları da özləri kimi gözəl olur.

– Yalnız tə’rif?!

– Bəli. Onların bir qüsuru var ki, bu qüsur hökmdar hərəmxanasında qəbahət sayılmaz.

– Nədir o qüsur?

– Bədxərclik.

– Bu qüsur deyil.

– Rum qızları sizə mə’lumdurmu, sultanım?

Bəysunqurun gözləri qabağında bir neçə dəfə gördüyü bibisi Aləmşahbəyim dayandı.

– Bəli. Danış.

– Onların saçları qızılı rəngə çalır. Həm də ipək kimi yumşaq olur. Onların dəniz kimi göy gözləri olur, ərinin bir sözündən çıxmır. Bədxərc deyillər və sədaqətdə əvəzsizdilər.

Bəysunqur son sözləri eşitmədi. Onun gözləri qarşısında qızıl saçlı, mavi gözlü bibisi Aləmşahbəyim dayanmışdı. Üç-dörd yaşında görmüşdü. Sonradan anası, Fərrux Yasarın bacısı onun ərini nə qədər pisləsə də, ilk təəssürat onun qəlbindən silinib getməmişdi. İndi o üç oğlu ilə bərabər zindandadır.

O, müəlliminin getməyinə icazə verdi. Süleyman Bicanoğlunu çağırtdırdı.

Beli azacıq donqarlaşan, ağ saçları çalmasının altından çıxan qaraşın, tökmə Süleyman Bicanoğlu gəldi. Çalmanı lap qaşlarının üstünə qədər endirmişdi. Alnındakı çapığı gizlətmək istəyirdi. Amma çapığın ucu onun qaşını da yarıb keçirdi. Sol qaşı ağ bir zolaqla iki yerə ayrılmışdı.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info