Qonaq Kitabı
Hüseyn Ərəblinskinin tərcümeyi-halı

Bu söz onların çox acığına gəldi. Əlacsız qalıb bizim istədiyimizi verərək bizi çağırdılar. “Leyli və Məcnun”u oynadıq. Tamaşadan sonra razılıq əvəzi “Tuti” jurnalı bizi yaxşı bəzəmişdi. Ərəblinski heç Bakıda olmayıb, işdən xəbəri olmaya-olmaya onun adını qoymuşdular – Əhramski, Sarabski olmuşdu Corabski, Ağdamski olmuşdu Ağdivarski. Neçə gündən sonra məni qulluqdan da çıxartdılar, çünki o vaxt şəhər upravası milyonerlərin əlində idi. Mən işsiz, əlacsız qaldım. Aradan bir az keçdi. Dərbəndə getdim. Orada “Leyli və Məcnun”u oynamaq istəyirdim. Yerli həvəskarları başıma yığıb məşq elədiyim zaman Dərbəndin polismeysteri Hacı Başıyev üsulluca məni çağırtdırıb dedi: “Sarabski sizsizmi?” – “Bəli, mənəm” – cavab verdim. O mənə dedi: – “Bakıdan mənə “Nicat” Maarif Cəmiyyəti tərəfindən bir teleqram gəlib ki, sizdən “Leyli və Məcnun” üçün 200 manat alım, sonra tamaşaya icazə verim”.

Mən cavab verdim ki, “Leyli-Məcnun” Üzeyirbəy Hacıbəyovundur, “Nicat”a nə dəxli var?” Dedi: “Çünki teleqram mənə cəmiyyətdən gəlib, ya gərək tamaşanı verməyəsən, ya da 200 manatı verəsən”. Çox danışıqdan sonra polismeyster mənə dedi ki, yaxşı olar tamaşanı veriniz, Dərbənd camaatı gəlib tamaşa eləsin, mən pulu saxlaram, Bakıya gedib məsələni həll edərsən. Kimdən teleqrama gəldi, mən pulu onun üçün göndərərəm.

Bəli, tamaşadan cəm olan puldan 200 manat polismeysterə verib oynadıq, mənə bir elə pul qalmadı. Bakıya qayıdıb gördüm ki, “Kaspi” qəzetində məni oğru adlandırıblar, guya mən “Leyli və Məcnun”u oğurlayıb aparıb Dərbənddə oynamışam. Mən haray eləyirdim ki, “Leyli və Məcnun” Hacıbəyovundur, “Nicata” dəxli yoxdur. Mənə cavab olaraq dedilər ki, o bizim işimizdir. Hər yerə getdim, heç kəs mənim sözümə qulaq asmadı. Ara yerdə zəhmətim getdi. Birisi da məni ələ salaraq belə dedi: “Zurnan əlində, yelin qarında, çala bildikcə çal”. Mən də dinməzcə oturdum yerimdə. Məsəl var deyərlər ki, “Musa tək kişiyə verib bir eşşək, eşşək tək kişiyə verib min köşək”. Artistlər avarə-vətən olub hərəsi bir tərəfə dağıldı, mən də Şəkiyə getdim. Həvəskarları cəm edib bir-iki dram əsəri verib Bakıya qayıtdım. Ərəblinskini görə bilmədi. Dedilər Ərəblinski Həştərxana gedib. Həştərxanda tatar artistlərindən aktrisa İzzəttulina ilə yoldaş olub, orda bir neçə tamaşa verib sonra Bakıya qayıtmışdı.

1912-ci ildə Rus dram Teatrı “Moskva yanğısı, yaxud 1812-ci il” tarixi əsəri müvəffəqiyyətlə mövqeyi-tamaşaya qoymuşdu. Biz o zaman bu fikrə düşdük ki, nə üçün ruslar oynasın, biz oynamayaq. Biz bu fikirdə ikən deməyinən “Nicat”ın fikrindən keçirmiş ki, həmin əsəri tamaşaya qoysun. Həmin bu söhbət arasında, axşam saat 8-də “Nicat”dan dəvətnamə aldıq. Ərəblinski, mən, Vəli getdik bilək-görək bizi nə üçün çağırıblar. Söhbətdən məlum oldu ki, “Moskva yanğısı”nı mövqeyi-tamaşaya qoymaq istəyirlər. Və bizə təklif edirlər ki, gəlin oynayaq, biz fikir elədik, baxdıq gördük ki, “Nicat”da məşq eləyib əsəri hazırlamaq yaxşıdır, çünki tarixi əsər olduğu üçün zəhməti çoxdur, başqa yerdə mümkün olmayacaq. Əlqərəz, razı olub “Moskva yanğısı”nı məşq edib onu gözəlcəsinə hazırlayıb, oynadıq.

 Napolyon-Ərəblinski, Barklay de Tolli-Murad Muradov, Kutuzov-Mehdi Hacınski, Balaşov-Sidqi Ruhulla, rus knyazları və fransız generalları rollarında-İmran Qasımov, Əhməd Qəmərlinski, Mirmahmud Kazımovski, Əbülfət Vəliyev oynayırdı. Mən həm rejissor idim, həm də italyan rolunu oynayırdım. Birinci pərdə qurtarıb, ikinci pərdə-Napolyonun divanxana otağı göstəriləcək, hər kəs öz yerində, salon sakit. Hamı diqqətlə Napolyonun çıxışını gözləyir. Rus generalı Napolyonla görüşəcəkdir. Napolyon-Ərəblinski sol əli belində, sağ əli döşündəki düymələrinin arasında, məğruranə səhnəyə gəlir ki, general Balaşov ilə danışsın. Saymazyana gəlib Balaşova əl verib dedi: “Səfalar olsun, general!” Ərəblinskinin bu çıxışına camaat diqqət ilə tamaşa edirdi. Doğrudan da, Ərəblinskinin çıxışı bir sənətkar çıxışı idi, biz alqış gözləyirdik. Amma alqış əvəzinə görün nə oldu. Qəflətən qalyoradan birisi bir şəkgi buraxdı. Camaat özünü saxlaya bilmədi, nizam pozuldu, gülməyə başladılar. Ərəblinski çaşbaş qalıb üzünü tutdu mənə və üsulluca: “Hüseynqulu, bu köpək uşağı nə qayırır, – dedi, – mənə şəkgi bağlayırlar”. Səhnədəki aktyorları da gülmək tutdu. Mən dərhal Ərəblinskiyə dedim: “Max vermə, max vermə, işində ol”. Ərəblinskidə o qədər sənət yüksəkliyi var idi ki, özünü itirməyib dərhal salonu ələ aldı və üzərinə götürdüyü vəzifəni layiqincə yerinə yetirərək öz rolunu axıradək oynayıb başa vurdu.

Bundan başqa 1917-ci ildə Ərəblinskini “Neft və milyonlar səltənətində” adlı kinoda milyoner Lütftibəyin roluna çəkdilər. Onun afişası muzeydədir.

1913-cü ildə Qarabağa getdim. Orada Əbülfət Vəliyevə rast gəldim. Onu nə gündə gördüm?! Ayağında bir nazik məst, əynindəki paltarı köhnəlmiş, cibində bir qəpik pul yox, demək olar ki, çox pis halda. Bunu yazmaqla onu demək istəyirəm ki, o vaxt artislərə baxan yox idi. Nə isə. Əbülfəti Qarabağda özümüzə yoldaş eləyib “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun” tamaşalarını göstərdik. Bir az Əbülfətin halını yaxşılaşdırıb Bakıya qayıtdım. Gördüm ki, Mirzə Cəlal Yusifzadə: “Fərhad və Şirin” adlı təzə bir opera yazıb. Notaya salanı da kamança çalan Oqanezaşvili1. Məni çağırdılar Fərhadın rolunu oynağa, mən getmədim. Bunlar da xanəndələri başlarına yığıb Maqalyan adlı bir rejissoru da dəvət etmişdilər. Haman rejissor quruluşu ilə “Fəhrad və Şirin” operasının iki gün bir günorta hazırlayıb mövqeyi-tamaşaya qoydular. Cabbar Qaryağdı oğlu Fərhad, İzabella Şirin rolunda oynayırdılar. Amma necə oynayırdılar?! Xır-xırda məktəb uşaqları Müslümün balaları kimi səhnəyə gəlib qayıdırdılar. Solistlər də yerlərindən tərpənmirdilər...

Xülasə, 1914-cü ildə cahan müharibəsi başladı. Vəziyyət bir az da çətinləşdi. Aktyorlar hər on beş gündə, ayda bir dəfə o klubda, bu klubda teatr vermək ilə bir növ güzəran edirdilər. Bakıda hərbçilər üçün bir cəmiyyət var idi. Bu cəmiyyət bir müsamirə təşkil etmişdi. Müsamirəyə erməni aktyorları ilə bərabər bizi də çağırmışdılar. Biz hansı əsərdən oynamağımızı gərək yazıb verə idik. Qət elədik “Qaçaqlar” faciəsindən bir parça oynayaq. Müsamirə Nikitin sirkində verildi. O vaxt Suxadolski Bakıya Ukrayna truppası gətirmişdi, onlarda bir pərdə oynayacaq idi. Ruslar “Hamlet”dən bir pərdə, ermənilər “Məkr və məhəbbət”dən bir pərdə, ukraynalılar “Marusiya Boqaslovka”dan bir pərdə, biz isə “Qaçaqlar” dan Frans özünü boğan pərdəsini oynamalıydıq: Frans-Ərəblinski, Şveytser-Sarabski, Danel-Əlvəndi və qeyriləri iştirak edirdilər. Qrim otağında Ərəblinski mənə dedi ki, “biz gərək ruslardan sonra oynayaq, geciksək, camaat yorular, bizim oynamağımızın təsiri olmaz. Nə qədər tez oynayıb aradan çıxsaq, o qədər də yaxşıdır”. Suxadolski ilə danışıb özümüzü ikinci növbəyə saldıq. Biz oynarkən rus və Ukrayna aktyorları bizə təəccüb edib gülürdülər. Biz səhnə düzəldib başlamaq istərkən Ərəblinski bunu başa düşmüşdü. Mənə dedi ki, “eybi yoxdur, Hüseynqulu, qoy gülsünlər, biz gərək özümüzü bunlara göstərək”. Bu dəmdə Suxadolskinin arvadı aktrisa Boqatko gəlib səhnənin kənarında oturdu və başladı səhnəyə baxmağa. Mən buna yanaşıb dedim, xanım, burda bizə mane olarsınız. O mənə təəccüblə baxıb yerindən tərpənmədi. Sən demə Ərəblinski buna da fikir verirmiş. Bir də gördüm mənə yanaşıb deyir, Hüseynqulu eybi yoxdur, qoy otursun. Görərsən bunların başına nə oyun gətirəcəyəm...

Pərdə qalxdı, camaat oturmuşdu. Ərəblinski bir əlində şamdan, bir əlində siyirməqılınc Frans rolunda səhnəyə hücum etdi. “Xəyanət, xəyanət” – deyə qıyya çəkib əlindəki şamdanı tulladı səhnə arxasına (Ərəblinski hər Frans oynayanda bir şamdan sındırırdı). Şamdan gedib dəydi Boqatkanın döşünə, ondan qışqırıq çıxıb qaçdı səhnə arxasına...

 Ərəblinski buna baxmayıb öz işində idi. Elə oynayırdı ki, Danel özünü itirib sözlərini belə deyə bilmirdi. O, özünü asmazdı: Həmişə belindəki kəməri açıb mizin qıçına bağlayıb özünü boğardı. Mən Şveytser rolunda səhnəyə gəlib gördüm Ərəblinski naqolay yıxılıb, belə ki, bunun bel sümüyü, düşüb kürsünün üstünə, yarısı kürsünün o tərəfində, yarısı bu tərəfində, gördüm belə qalsa Ərəblinskinin beli sınacaq. Qəflətən ağlıma gəldi ki, ona bir təpik vurum kürsüdən yerə düşsün. Mən onu ayağımla vurdum. Ərəblinski elə məharətlə yıxıldı ki, mən onu qələm ilə yaza bilmərəm... Pərdə düşdü. Gurultulu alqışlar altında dəfələrlə “Ərəblinski, Ərəblinski” deyə onu səhnəyə çağırdılar. Səhnədə olan aktyorlar öz aralarında belə söhbət edirdilər: “Bunlar nə yaxşı aktyorlardır. Müsəlmanlarda da belə aktyorlar varmış”. Bakı milyonerlərindən bir neçəsi Ərəblinskinin qrim odasına gəldilər. Onu təbrik elədilər və yalandan qızıl dağlar vəd etdilər.

Sonra Ərəblinski yenə ac və pulsuz qaldı. Çünki “Nicat” cəmiyyəti sözünün üstündə durmadı və bu tövr qüvvətli truppanın qədrini bilməyib tökdü çölə. Yenə mən, Əbülfət, Ərəblinski artistləri bir yerə yığıb təzədən truppa təşkil elədik. O zamankı truppa üzvləri bunlardan ibarət: idi: Ərəblinski, Əbülfət Vəliyev, Cəlil Bağdadbəyov, Kazımovski, Bağır Cabbarzadə, Ələkbər Hüseynzadə, Nurməmməd Məmmədov, Ağahüseyn Rzayev, Əlihüseyn Rzayev, Rüstəm Kazımov, Əlabbas Rzayev, aktrisalardan Lizina (Nataşa), Yeva Olenskaya, Məğfura Yermakova, Nina Yermakova, Qəmərxanım. Biz truppanı düzəldib tamaşalar verməyə hazırlaşırdıq. Bu vaxt eşitdik ki, Mehdi Hacıbababəyov “Yezid ibn Müaviyə” adlı bir əsər yazıb. Gedib ondan o əsəri aldıq. Qət elədik ki, bu əsəri hazırlayıb oynayaq.

“Yezid ibn Müaviyə” tamaşasından sonra Bakıda teatr barəsində çox sözlər eşidirdik. O illərdə Ərəblinski ilə Sidqi Ruhulla bir dəstə düzəldib qastrola getdilər. Sidqi Azərbaycan səhnəsində çox zəhmət çəkib, Azərbaycan qəzalarının hər bir yerinə gedib, çox vaxt səhnə olmayan yerlərdə çiynində taxta-şalban səhnə düzəldib tamaşa verib. Sidqi Ruhullanın Azərbaycan səhnəsində haqqı vardır. Bunların bu qastrolu yaxşı keçməyib, Sidqi naxoşlayıb, dübarə Bakıya qayıdıblar. Ondan sonra Ərəblinskinin nəfinə bir tamaşa verdik. Mən biletləri satmaq üçün dövlətlilərin kantoruna, evlərinə gedirdim. Məni görcək bir çox varlılar qaçıb gizlənirdilər, bir çoxusu biletlərin pulunu verirdi, amma biletləri almayırdı. “A kişi, teatra gedən kimdir” sözlərilə bilet almaqdan boyun qaçırırdılar.

Qərəz, çox zəhmətdən sonra Ərəblinski üçün bir teatr oynadıq. Xərcimiz çox olduğuna görə Ərəblinskiyə cüzi pul qaldı.

Get-gedə vəziyyət ağırlaşırdı. Şəhərin içi neçə cəbhəyə bölünmüşdü. Hər məhəllədə bir qoçu dəstəsi vardı. Gündüzün günorta vaxtı xalq öz işində, gücündə, bir də gördün lapdan atışma başlanırdı. Bəli, dükan-bazar bağlanırdı. Əhali bir-birinə qarışıb qorxudan o evə-bu evə soxulurdu. Atışma əsnasında əlsiz-ayaqsızlara güllə dəyib küçələrə yıxılırdı. Nə olub, nə olub, iki qoçu dəstəsi bir-birinə rast gəlib atışırmışlar. O qarışıqlıqda bir tamaşa verirdik, kassamız açılıb biletlər satılmağa başlanırdı... yoldaşlardan birisi rəngi saralmış mənə yanaşıb dedi: “Özünü tez kassanın qabağına ver, orda şuluxluq var”. Kassaya yaxınlaşıb nə gördüm? Bir neçə şişpapaq əllərində tapança, kassanın qabağını kəsdiriblər. Əhvalatdan xəbər tutub bildim ki, kassir bunlardan bilet pulu istəyib, bunların acığı tutub, kassirin üstünə tapança çəkiblər (Bu barədə “Molla Nəsrəddin” jurnalında bir yaxşı şəkil çəkmişdilər). Mən bunlara çatıb gah hərbə-zorba ilə, gah acıqlanmaqla, gah nəsihət ilə sakit edib getdim işimə. Bu birinci dəfə deyildi, belə işlər çox təkrar olurdu. Məni çox hədələyirdilər, neçə yol mənim üstümə tapança çəkmişdilər. Naəlac qalıb onların qorxusundan mən də bir tapança bağlamışdım. Məsəl var deyərlər ki, “yumruq çəkənin qabağına toxmaq ilə çıxmasan deyər ki, məndən qorxdu”. Xülasə, bu vəziyyət çox çəkdi. İşsizlikdən biz evdən avadanlıq satmağa başladıq. 1917-ci ildə aktyorların bir çoxu özləri üçün ittifaq düzəldib Bakıda qaldılar. Ərəblinski tək qaldı.

Mən bir neçə yoldaşım ilə bərabər İrana getdik. Bakıya qayıtdıqda gördüm Əzizbəyov adına Dram teatrı (sabiq Tağıyev teatrı) yanıb, “Molla Nəsrəddin” jurnalında Ərəblinskinin şəkli çıxıb. Şəkil belə çəkilmişdi – teatr yanır, Ərəblinski də əlində dəsmal ağlayır. Şəklin altında belə yazılmışdı: “Vay mənim halıma, mən indi harada oynayacağam”. Teatr yanandan sonra Bakıda incəsənət işi demək olar ki, tamamilə yatdı. Bakıda bahalıq gün-gündən şiddətlənirdi. Dolanmaq çətin olmuşdu.

Ərəblinskidən bir vizit kartoçkası aldım. Gətirən də 12 yaşlı öz bacısı oğlu idi. Yazmışdı ki, yoldaşım, mən üç gündür ki, naxoşam. Səhərdən papiros çəkməmişəm, təvəqqe edirəm mənə üç manat pul göndərəsən.

Mən o uşağa dedim ki, get dayına deyinən ki, mən bu saat onun yanına gələcəyəm. Uşağı yola saldım, qayıdıb fikrə getdim nə edim... Məndə bir büllur vaza var idi. Aparıb onu satdım. Ərəblinskinin yanına ros çəkməmişəm, təvəqqe edirəm mənə üç manat pul göndərdiyi həmin vizit kartoçkası muzeydədir).

Bəli, bu qayda ilə 1918-ci ilə çatdıq. İnqilab gücləndi, Nikolay yıxıldı. Əbülfət Vəliyevi yadım da deyil hansı rayonasa komissar göndərdilər. Əbülfət Vəliyev qolunda qırmızı lent gəlib bizimlə xudahafizləşib getdi. Sonra bilmədik ki, Əbülfətin başına nə gəldi, hələ indiyə qədər öldü-qaldısından bir xəbər yoxdur..

O şuluxluqda Üzeyirbəy, Zülfüqar Hacıbəyov və mən bir neçə artist götürüb ikinci dəfə İrana getdik. Bir neçə tamaşalar verdikdən sonra Bakıya qayıtdıq. Bakıda dost-tanışla hal-əhval tutduq, dedilər ki, Hacı Hacınski ölüb. Çox təəssüf etdik, çünki o bir gənc, talantlı aktyor idi. O, bir dəfə “Türkiyə inqilabı” adlı əsərdə Soltan Əbdülhəmidin rolunu, doğrudan da bir sənətkar kimi oynadı. Ərəblinski onu başqa rollarda görüb qucaqlayıb öpərdi. Deyərdi, sən gələcəkdə yaxşı aktyor olacaqsan. Amma o çiçək kimi açılıb tez də soldu.

Yerdə qalan aktyorları bir yerə yığıb opera və dram truppası təşkil etdik. Bir neçə vaxt bu tövr oynadıq. O vaxt Ərəblinski bizim truppanın rejissoru idi. Belə ki, Ərəblinskinin halını bir qədər yaxşılaşdırdıq. 1919-cu ilin əvvəllərində müsavat hökuməti quruldu. Biz aktyorlar tərəfindən müsavat hökumətinin maarif nazirinə bir ərizə verdik. Ərizədə göstərmişdik ki, möhtərəm nazir, artistlər başsız qalıb, bunları bir yerə yığmaq lazımdır. İki həftə süründürmədən sonra Kaplanov bizi qəbul etməyib, ərizəmizi qaytardı.

Həmin il məni Mərkəzi Fəhlə Klubuna rejissor çağırdılar. Gedib orda işləməyə başladım. Mən orada işləyən zaman müsavat hökuməti aktyorların hamısını çağırdı. Bir məndən başqa, çünki onda mən fəhlə klubunda işləyirdim. Sonra “Əsli-Kərəm”, “Leyli-Məcnun” əsərlərinin oynanılması məsələsi ortalığa gəldikdə bir qədər işləri çətinləşdi. Məni çağırıb dedilər ki, səni biz truppaya qəbul edirik. Bu şərt ilə ki, sən fəhlə klubunda işləməyəsən.

Mən dedim: “Nə üçün? Oradakı camaat hamısı zəhmətkeşdir. Mənim üçün ora-bura, heç təfavütü yoxdur. Onlara söz vermişəm, mən ordan çıxa bilmərəm”.

Mənə sual verdilər: “Sən ora nə üçün gedirsən?”

Mən dedim ki, heç özüm də bilmirəm. Bir vədə baxıb gördüm ki, fəhlə klubundayam.

Çox danışıqdan sonra məni hökumət truppasına qəbul etdilər (Nə isə mənə çox soyuq baxırdılar).

Özüm də Mərkəzi Fəhlə Klubuna üzv oldum. Üzv olduğumu bilib Abasqulu Kazımzadə və Məhəmmədəmin Rəsulzadə başladılar məni hədələməyə. Mən bunlara fikir verməyib həm teatrda, həm də fəhlə klubunda işləyirdim. Hökumət üzvləri ki ibarət idi ministrlərdən, hər kəs öz yaxın adamını yanına çəkib gündüz alış-veriş ilə, axşam ta səhərəcən şantanlarda kef çəkməkdə idilər. Camaat qalmışdı başlı-başına, hər kəs özündənbəy idi. Şəhər əhalisinin yeni yetişən cavanlarının bir parası əynində hərbi köynək, başında qazağı papaq, ayağında çəkmə, belində xəncər, əlində də bir tatarı; məlum olmurdu ki, bu adam hökumət qulluqçusudur, ya nədir, kimin xatırı nə istəyirdi elə də eyləyirdi. Hökumət tərəfindən buna mane olan yox idi. Şəhərin içərisində dərəbəylik hökm sürürdü. Adam öldürmək, adam bıçaqlamaq, xuliqanlıq başlamışdı. Çox vaxt teatrlarda da dava salıb şuluqluq edirdilər. Hətta iş o yerə çıxmışdı ki, adam da oğurlayırdılar. Eşitdiyimə görə milyonerlərdən Musa Nağıyevi oğurlayıb aparıb bir həftə saxladıqdan sonra küllü pul alıb buraxmışdılar... Əhali də qorxusundan bir söz deyə bilmirdi.

Bir gün səhər saat on idi. Evdən çıxıb teatra gedirdim. Yolda Əbülhəsən Anaplı və Rza Darablı mənə rast gəldilər. Məni görcək başladılar ağlamağa. Mən təəccüblə xəbər aldım: – “Nə var? – Əbüləsən: – “Xəbərin yoxdur?” Mən: – “Yox”. Darablı: – “Hüseyni öldürüblər”.

Mən – “Necə?! Nə dedin?! Bir də de! Kim? Harada? Başınıza zarafat qəhətdir?”

Bunlar mənə cavab verməyib ağlamağa başladılar. Onların sözünə mən inanırdım da, inanmırdım da. İki dizlərim kəsildi, gözlərim qaranlıq gətirdi. Bilmədim hardayam, söykəndim divara, bu tövr ilə özümü ələ alıb soruşdum: “İndi siz hara gedirsiniz? O hardadır?” Əbülhəsən cavab verdi: “Evlərində – və əlavə etdi ki, – artistlər hamısı ordadır”. Bunlar ilə bərabər getdik Hüseyngilə. Xülasə, içəri girib gördüm Ərəblinskinin cənazəsi taxtın üstündə, rəngi ağarıb, gözü qapanmış, saçı üzünə dağılmış halda uyumuşdur. Mən özümü itirdim. Sonra dinməz yoldaşlarımı gözdən keçirtdim. “Bu nədir mən görürəm? Bu Hüseyndir?!” Mənə cavab verməyib ağlamağa başladılar. Onun başının üstündə bir qoca qadın gördüm. O qadın ona tərbiyə verən Mariya İvanovna idi. Başıaçıq, ağ saçları üzünə tökülmüş, rəngi saralmış...

Mən orada Hüseynin cənazəsinə yaxınlaşıb dedim: “Dur, qardaşım, dur! Biz belə danışmamışdıq. Axı biz əl-ələ verib işləyəcəkdik. Bax, uşaqlar hamısı burdadır. Səni gözləyirlər, dur, Hüseyn, dur məşqə başlayaq! Həmişə səhərlər mən səni gəlib oyadardım. Bəs bu gün nə üçün durmursan?! Qardaşlar... bu, Hüseyndir, yatıb, mənim sözüm ilə oyanmır. Gəlin siz bunu oyadın. Yox, bu əbədi yatmaqdır. Bütün dünya gəlib onu oyatsa, oyanmayacaqdır”.

 Mən yoldaşlardan qanlını xəbər aldım. Dedilər ki, onu dayısı oğlu Əbdülxalıq vurmuşdur. Ərəblinskinin bacısından hadisənin təfsilatını öyrəndim. O dedi:

– Keçən gün axşam saat 4-də Əbdülxalıq igidölmüş Hüseyni evlərinə nahara çağırdı. Hüseyn heç getmək istəmirdi. Çox söhbətdən sonra Hüseyn paltosunu geyib getdi onlara. Stolun qırağında oturub çörək yeməyə başlayırlar. Əbdülxalıq tapançasını çıxarıb Hüseynin boğazından vurub yıxır yerə. Özü isə qaçıb. Güllənin səsindən evdəkilər xəbər tutub, gəlib görüblər ki, Hüseyn yerə yıxılıb, ağzından qan axır. Xəbər etdilər, gedib Hüseyni ölmüş gördüm.

...Ərəblinskinin barəsində qəzetələr çox yazdılar. Cənazənin üstündə çox sözlər dedilər. Şəhərin əhalisinə böyükdən kiçiyə kimi Ərəblinskinin ölümü təsir etdi. Küçə dolusu izdiham qatilə nifrət edirdi. Erməni, rus qadınları Ərəblinskinin cənazəsinin qabağında gedən əksinə baxıb ağlayırdılar. Amma müsavat hökuməti qatildən ötrü bir ölçü götürmədi. Hətta cənazənin üstündə bir nəfər də olsun müsavat hökuməti adamlarından görünmürdü. İş o dərəcəyə çıxdı ki, qatili tutub bir həftədən sonra buraxdılar.

Ərəblinskinin cəiazəsi üzərinə Sabunçudan, Balaxanıdan, Bibiheybətdən çox fəhlələr gəlmişdi. Şəhərin bir neçə yerində cənazəni saxlayıb danışdılar. Üzeyirbəy Hacıbəyov onun cənazəsi üstündə nitq söylədi...

Onun dəfni günü Bakı milyonerlərindən Musa Nağıyevi də dəfn edirdilər. Musa Nağıyevin cənazəsi üstündə kimsə yox idi. Amma Ərəblinskinin cənazəsi üstündə küçə dolusu camaat var idi. Bunu yazmaq ilə onu demək istəyirəm ki, Bakı zəhmətkeşləri Ərəblinskini sevirdi. 1919-cu ildə mart ayının 4-də o böyük sənətkarı amansız əcəl bizdən ayırıb torpağa apardı, onun qəbir daşında şairlərimizdən Məmməd Səid Ordubadi belə yazıb:

Hər qəbzə xaki sənət ikən qəlb-zarimin,

Hər səmti qəmli bir görünüşdür məzarimin.

Ruhum həmişə səhnədə, cismim məzaridə.

Hər qədr səhnə varsa, varam ruzigarida

O gün olmadı ki, tamaşadan sonra arxayın teatrdan çıxıb evə gedək. Daima qorxa-qorxa gedərdik. Deyirdik indi bizi vuracaqlar, yaxud təhqir edəcəklər, döyüb-söyəcəklər. O zaman bizim daima arzumuz bu idi ki, pulsuzluğa, yorğunluğa bir tövr ilə dözərik, amma heç olmasa bizi adam yerində qoyub, biz ilə insancasına danışsınlar. Bu Hüseyn Ərəblinskinin də arzusu idi. Deyərdi, Hüseynqulu, haçan səhnəmiz qaydaya düşəcək, bizə qiymət qoyulacaq və biz də insan kimi yaşayacağıq. Ərəblinskinin ən yüksək arzularından birisi də o idi ki, görəsən haçan azərbaycanlı qızlarından aktrisalarımız olacaq? Görəsən o günləri biz görəcəyikmi? Biz ona deyərdik, Hüseyn, naümid olma. Biz sən deyənləri görməsək də bizdən sonra gələnlər görəcəklər. Biz ancaq özül qoyuruq. Bizdən sonra gələnlər onu tikib tamam edərlər. Eybi yoxdur, darıxma, məsəl var deyərlər: “öküzün qaşqasına döyərlər”. Biz bu işi boynumuza almışıq, axıracan aparmalıyıq. Öldü var, döndü yoxdur. Bəlkə də yaxşı günləri gördük, özün daima deyirsən ki, səhnəmiz belə qalmayacaq. Hüseyn, mən buna inanıram.

Hüseyn, indi mən o günləri xatırlayıram. Sənin sevdiyin və bütün həyatını qoyduğun səhnəmiz əqlimizə gəlməz dərəcədə yüksəlib. Keçmişdə döyülən, söyülən, adam sayılmayan aktyorların həyatı təmin olunub. Onlara böyük adlar, ordenlər verilir. Partiya və hökumət onlara qayğı göstərir. Yeni həyat, yeni yaşayış, yeni camaat keçmişdə təhqir olunan aktyorlara indi hörmət və ehtiram bəslənir. Onlar şən və fərəhli yaşayırlar.

 İndi o zaman sənə qiymət qoymayan adamların balaları, gənc nəsil sənin şəklini böyüdüb muzeylərdə saxlayır. Sənin sənətkarlığını, aktyorluğunu və adını tarixlərə yazır. Qəbrinin üstündə heykəl qoyur. Lenin milli siyasəti həyatımızı və incəsənətimizi yüksəklərə qaldırmışdır. Səhnəmizdə onlarca aktrisalarımız, aktyorlarımız, rejissorlarımız, rəssamlarımız və milli teatrlarımız vardır. Sən daima şikayət edərdin ki, əsərimiz azdır, yazan yoxdur, tamaşaya gələn camaatımız da azdır. İndisə, əziz yoldaşım, hesabsız gənc yazıçılarımız, hesabsız əsərlərimiz və hesabsız kommunist tərbiyəsi görmüş sağlam fikirli tamaşaçılarımız vardır. Azərbaycanın bərbad olan musiqisi və mahnıları toplanıb milyonlarla pul sərf olunaraq musiqi məktəblərində nota salınır. Azərbaycan operaları xalqın malı olmuşdur. “Koroğlu”, “Nərgiz”, “Şahsənəm” kimi opera əsərləri meydana çıxıb.

1938-ci ildə Moskvada keçirilən incəsənət dekadası Azərbaycan mədəniyyətinin böyük bayramına çevrildi. Mədəniyyət işçilərimizin böyük müvəffəqiyyətini eşitdikcə tez-tez səni xatırlayırdım. Sən cismən ölsən də ruhən daima bizimləsən. Sənin sənətin gün-gündən inkişaf edib qabağa gedəcək. Keçmişdə döyülən, söyülən xalq aşıqları bu gün öz telli sazları bağırlarına basaraq şən həyat haqqında mahnılar qoşaraq oxuyurlar. [...]

 

2 oktyabr 1939-cu il.



1 H.Hacıbababəyov “Əlmənsur” əsərinin müəllifi deyil, tərcüməçisidir. Əsərin müəllifi H.Heynedir

[1] “Azərbaycan teatr salnaməsi”nin birinci kitabında və Ə.Haqverdiyevin “Seçilmiş əsərləri”nin 1971-ci il nəşrinə yazılmış “Ön söz”də “Yəhudilər”əsərinin tərcüməçisi Ə.Haqverdiyev olduğu göstərilmişdir

2 Qeyd: H.Sarabski yanılır. “Soltan Osman” faciəsinin müəllifi F.M.Volter, əsəri Azərbaycan dilinə çevirən isə Ə.Haqverdiyevdir

1 Müəllif Henrix Heynenin “Əlmənsur” əsərini nəzərdə tutur

1 Görkəmli aktyor Sidqi Ruhulla

2 Görkəmli aktrisa Mərziyə Davudova

1“Fərhad və Şirin” operasının musiqisini S.Oqanezaşvili yazmışdır – red.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info