Qonaq Kitabı
Hüseyn Ərəblinskinin tərcümeyi-halı

Ərəblinski: – Kəbləyi, biz elə güman edirdik, sən gəlib bizimlə işləməzsən. Hərgah, doğrudan da, belə arzun varsa, buyur, həmişə gözümüz üstündə yerin var.

Cahangir: – Sağ ol, ay Hüseyn, dil-ağız üçün var olasan.

Əbülfət: – Biz bu yaxında bir yerə yığılacayıq, Kəbləyi, sizə də xəbər edərik.

Ayrıldıqdan sonra mən, Əbülfət və Ərəblinski belə məsləhət gördük ki, Kəblə Cahangir bizə və səhnəmizə yararlı adamdır. “Ağa Məhəmməd şah Qacar” əsərinə paltar lazımdır. Onun pulu çoxdur. Onu yoldaşlığa qəbul edib xəzinədarlığı onun boynuna qoyarıq. O bizə lazım olan paltarları alar.

Bir neçə gündən sonra uşaqları bizə yığıb iclas etdik və Kəblə Cahangiri dəstəmizə qəbul etməklə bərabər, xəzinədarlığı da onun boynuna qoyduq. Və yavaş-yavaş “Ağa Məhəmməd şah Qacar” əsərinin məşqinə başladıq. 1906-cı il teatr mövsümü açıldı. Səhnələri bəzəyib tamaşalar göstərməyə başladılar. Biz də qəzetdə “Ağa Məhəmməd şah Qacar” əsərinin hazırlanmasını elan etdik.

“Nicat”cəmiyyəti də truppa təşkil etmək fikrində idi. “Nicat”ın gecə-gündüz fikri o idi ki, bizim truppamızı dağıdıb artistləri bir-bir aparsın “Nicat”a. Mən, Əbülfət və Ərəblinski bunu yaxşı bilirdik. Mehdibəy Hacıbababəyov və İmran Qasımov “Nicat”ın fəal üzvlərindən idilər. Bunlar da gəldilər, bizim truppaya daxil oldular. Eşitdik ki, Süleymanbəy Axundov (Sani) “Gaveyi-ahəngər” adlı əsəri dilimizə tərcümə edir. Mehdibəy Hacıbababəyov və İmran Qasımovun yanında belə qərara gəldik ki, gedək Süleymanbəyin yanına, “Gavə”ni ondan istəyək. Bunlar bizdən qabaq gedib “Nicat”da deyiblər, nə durmusunuz, gedək Süleymanbəydən əsəri alaq, yoxsa bunlar bizdən qabaq alıb oynarlar”. Biz isə Vəlini truppa tərəfindən vəkil elədik ki, gedib Süleymanbəydən “Gavə” əsərinin bizə verilməsini xahiş etsin. Vəli Süleymanbəydən əsəri istədikdə Süleymanbəy: – Siz “Nicat”da işləmirsinizmi? – deyə soruşub.

Vəli: – Xeyr – cavabını verir. Süleymanbəy: – Çox təəssüf, “Nicat”dan əsər üçün gəlmişdilər. Soruşdum oynayanlar kim olacaq? Mənə cavab verdilər ki, sizin truppa oynayacaq.

Vəli: – Siz də əsəri verdiniz?

Süleymanbəy: – Verməmişəm, ancaq bilmək istəyirdim kimlər oynayacaq.

Vəli: – İndi məni sizin yanınıza əsər üçün göndəriblər, nə deyirsiniz?

Süleymanbəy: – Nə deyəcəyəm. Truppa harda, – əsər də orada. Al bu kitabı apar, məşq zamanı mənə də xəbər elərsiniz gələrəm.

Vəli gəlib əhvalatı bizə nəql elədi. Biz də heç dinmədən “Ağa Məhəmməd şah Qacarı” hazırlayırdıq. Biz Kəblə Cahangirdən 600 manat borc eləyib Ağa Məhəmməd şahaa paltar tikdirdik. Vaxt çatdı, teatr tutduq, dörd cümə günü, hər gecəsi 150 manatdan. “Nicat” da bizdən xəbərsiz ikinci ayın cümə günlərini doqovor bağlayıb götürərlər, məqsədləri də odur ki, daha bizim tamaşa göstərmyə yerimiz olmasın. Əlqərəz, “Ağa Məhəmməd şah”ı oynadıq. Amma quruluşu cəhətdən nə qədər çətinlik çəkdiyimizi yazmıram. Yeri gəlmişkən deyim ki, keçmişdə teatrlarda şərq dekorları və əlbəsələri yox idi. Əli papağını Vəli başına, Vəli papağını Əli başına qoyurduq. Evlərdən xalça-palaz, paltar, qılınc-qalxan yığıb bir tövr ilə səhnəni şərq üsuluna sala bilmişdik. Məktəb uşaqlarından qoşun hazır eləmişdik. Biçarə Ərəblinski bir yandan özü qrim edir, səhnəni nizama salır, bir yandan da aktyorların qrimini edirdi. Əbülfətlə mənim başım qarışmışdı aktyorları geyindirməyə, səhnənin mizanını onlara göstərməyə, aldığımız və tikdirdiyimiz paltarların qaravulunu çəkməyə. Aktyorların biri deyirdi papağım yoxdur, biri deyirdi əbam... Bütün truppanın zəhməti biz üç nəfərin boynunda idi. Nə isə, iştirak edənləri yerbəyer edəndən sonra özümüz qrim edib, tamaşanı başladıq.

Mən Hacı İbrahim xanın, Əbülfət Mürtəzaqulu xanın, Cahangir Mirzə Cəfər xanın, Ərəblinski Ağa Məhəmməd şahın rolunu ifa edirdi. Yorğunluq və çətin şəraitə baxmayaraq Ərəblinski səhnəyə çıxdıqda öz rolunu o qədər məharətlə ifa edirdi ki, camaat Ərəblinskini yaddan çıxardıb Ağa Məhəmməd şah Qacarın özünə baxdıqlarını güman edirdilər. O günkü tamaşamızda satılmamış bir bilet də qalmamışdı. Birinci tamaşanın mədaxili teatr tamaşası üçün aldığımız paltarların borcuna getdi. İkinci tamaşamızın mədaxilində bizim hərəmizə 15, Ərəblinskinin zəhməti böyük olduğu üçün ona 40 manat düşdu. Üçüncü tamaşamız “Müsibəti-Fəxrəddin” əsəri idi ki, 22 sentyabr 1906-cı ildə tamaşaya qoyduq. “Nicat” cəmiyyəti gördü ki, bizim işlərimiz öz qaydası ilə gedir, odur ki, başladı bizim yoldaşların arasına narazılıq salmağa. Belə ki, xırda-xırda aktyorlar məşqə gəlmirdilər. Birinə bir söz deyirdin, o saat başlayırdı cavab qaytarmağa: “Nə vaxtacan biz xırda rollar oynayacağıq”. “Elə oynayırıq, amma arada bir qəpik yoxdur”. “Nicat” bizə məvacib təyin edir. Ora getsək bundan min dəfə yaxşıdır” – kimi sözlər eşidilməyə başladı. “Nicat” cəmiyyətindən gündə Ərəblinskini, məni, Vəlini çağırıb deyirdilər: Sizin yeriniz “Nicat”dır. Siz gəlin “Nicat”a, çünki siz artistsiniz... Biz də naəlac qalıb yoldaşları bir yerə yığıb onlara təklif etdik ki, “Nicat” bizi çağırır, amma bizim fikrimizcə truppanın sərbəst olmağı daha yaxşıdır. Çünki ora getsək truppamız dağılar. Çox danışdıqdan sonra Əbülfət, mən və Ərəblinski öz aramızda belə söhbət etdik ki, balam, qaranlıq padvallarda, sənin, mənim, gündə bir yoldaşın evində məşq edirik, yalvar-yaxar, minnət. Uzaqdan baxan elə bilir ki, yuxa arasında halva var. Bu yandan da yoldaşlar elə bilirlər ki, “Nicat” bunların hamısının cibini dolduracaqdır. Amma biz özümüz yəqin etmişik ki, “Nicat”ın fikri truppanı dağıtmaqdır. Biz səhv eləməmişdik. Elə də oldu. Naəlac qalıb “Nicat”ın dediklərinə razılıq verdik. Bu şərt ilə ki, biz “Nicat”ın təhti idarəsində olaq, “Nicat” isə hər tamaşada truppaya yüz manat versin. Biz belə qərara gəldik ki, bu cür olarsa həm truppa dağılmaz, həm də az da olsa biz ilə yaxşı rəftar eləmədiklərini hiss etsək, o zaman onlardan asanlıqla ayrıla bilərik. Nə isə, “Nicat”da razı olduq, bu şərt ilə ki, afişalarda belə yazılsın: “Musulmanskaya dramatiçeskaya truppa teatralnoy seksii obşestva “Nidjat”.

O gündən Ərəblinski rejissor oldu.

“Gaveyi-ahənkgər”i oynadıq. “Gavə”də mən Fərhad rolunu oynadım. Bu rolda mən özümü çox yaxşı göstərmişdim. Ərəblinski məni qucaqlayıb öpdü və dedi: – Hüseynqulu, sən sənətkarsan. Yaxşı aktyor olacaqsan. Sən öz üzərində işləməlisən. Bundan sonra sən özünə mütləq ləğəb tapmalısan.

Elə orada mənim də ağlıma gəldi, dedim indi ki, sən Ərəblinski qoydun, mən də familiyamı Rzayev deyil Sarabski qoyuram. Gülüşüb razılaşdıq və ondan sonrakı tamaşalarda adımız qoşa yazılırdı: Ərəblinski – Sarabski.

Sonra İmran Qasımovun ruscadan tərcümə etdiyi Y.Çirkovun “Yəhudilər”[1] adlı əsərini, ondan sonra Əbdürrəhimbəy Haqverdiyevin “Soltan Osman”2 adlı faciəsini oynadıq. Ərəblinski Soltan Osmanı oynayırdı. Bir müddət sonra rus aktyorlarından Lanskoyun Ədürrəhimbəy tərəfindən tərcümə edilmiş “Qəzəvat” adlı əsərini səhnəyə qoyduq. Ərəblinski “Qəzəvat”da Əhmədbəyi oynayırdı. O bu rolu çox gözəl yaradırdı. Rolu o qədər sevirdi ki.... dustaqxanada Əhmədbəyin ayağında qandal olmalı idi, neçə qandal gətirdilər. Ərəblinsi bəyənməyib geri qaytardı, öz cibindən pul verib özünə qandal qayırtdırdı. Ərəblinskinin səhnə həyatında belə faktlar çoxdur. Qazamatın koridorundan Əhmədbəy gəlib keçəndə qandalları elə cingildəyirdi ki, salona səs salırdı. Ərəblinskinin bir qəhrəman kimi geyinməsi və hər şeyin düzgün olması onu alqışlamağa camaatı məcbur edirdi. Fasilələrdə əsər sahibi Lanskoy onu gəlib təbrik etdi və dedi ki, “Ərəblinski, Əhmədbəyin obrazını mən səndən öyrəndim”. Həmin sözə mən şahidəm. İkinci tamaşa Ərəblinskinin şərəfinə (benefisinə) verildi. Amma əsl həqiqətdə Ərəbəlinskiyə haman gecənin mədaxilindən 10 faiz verdilər. “Nicat” cəmiyyətinin bu hərəkəti Ərəblinskiyə çox təsir elədi. Əbülfət ilə bu məsələdən xəbərdar olub “Nicat”ı məcbur elədik ki, Ərəblinskiyə 30 faiz versinlər. Çox danışıqdan sonra ona müvəffəq olduq. 30 faiz verdilər. Amma yoldaşlar arasında narazılıq əmələ gəldi: “Niyə o benefis alsın, amma biz almayaq?” Vəli, truppa içərisində Ərəblinskinin sözünə qulaq asmayıb cavab qaytaranlar da var idi və biz də onlarla mübarizə edirdik. Mövsümün axırında yoldaşlardan biri Ərəblinskini bihürmət elədi. Mən özümü saxlaya bilməyib haman adamın üstünə qışqırdım. Bu işlərdən sonra truppanın arasına məğlətə (intriqa) düşdü, truppa dağıldı, “Nicat” cəmiyyətinə də elə bu lazım idi. Çünki mövsümün axırı idi, “Nicat” bir bəhanə arayırdı, necə deyərlər, “İstədiyim yar idi, yetirdi pərvərdigar”.

1907-ci ildə Bakıda hər cəmiyyətin bir truppası var idi. “Səfa” cəmiyyəti, “İttəhad” cəmiyyəti, Əhməd Qəmərlinski də pirkeşikləri başına yığıb truppa düzəltdi. Böylə ki, incəsənət çevrildi oldu mədaxil yolu. Səhnə çevrildi toyxanaya. “Tanrı gəl, borcunu apar”. Mən Ərəblinski, Vəli, Kəblə Cahangir və bir neçə başqa yoldaşları bir yerə yığıb truppa təşkil edib getdik Tiflisə qastrola. Orda bir neçə tamaşa verəndən sonra qayıtdıq Bakıya. Bakıda nə gördük, hamı artist olub düşüb meydana, tin başı bir truppa əmələ gəlib. Bizi isə “Səfa” çağırır, “İttəhad” çağırır, “Nicat” çağırır, hətta, Qəmərlinski də çağırır. Mən yoldaşlara dedim: “yox, aşna, buna bir çarə tapmaq gərəkdir”. Biz daima fikirləşirdik ki, bizə səhnə lazımdır, şərait lazımdır, meydan lazımdır, teatra qayda-qanun lazımdır. Çox fikirdən sonra belə qərara gəldik ki, “Nicat”a xəbər verək ki, biz bir neçə şərt ilə gəlib orada işləməyə razıyıq, əvvəla aktyorlardan kimi istəyirik biz özümüz qəbul edək, repertuarı da özümüz seçək. Ondan başqa rejissor Ərəblinski, müavin-rejissor, administrator Əbülfət Vəliyev olmalıdır. Bu şərtləri qəbul etməyə razı olsalar, bir ilə notaryalnı doqovor bağlayarıq. Bunları etməkdə bizim məqsədimiz o idi ki, Bakı səhnəsində olan hərc-mərcliyin qabağını alaq və incəsənəti yüksəldək. Bu şərtləri yazıb hər üçümüz imza edib, verdik Əbülfət apardı. İki gündən sonra “Nicat”da nə fikir etdilərsə bilmirəm, bizim şərtlərimizi qəbul etdiklərini bildirdilər. Ancaq bir maddəsindən başqa. O da budur ki, məvacib bir ilə yox ancaq mövsüm bitənə qədər veriləcək. Biz razı olub işə başladıq. Repertuarımız: “Gavəyi-ahəngər”, “Ağa Məhəmməd şah Qacar”, “Qəzəvat” “Zorən təbib”, “Revizor”, “Qaçaqlar”, “Bəxtsiz cavan”, “Otello”.

 Mövsümü “Revizor” ilə açdıq. Ərəblinski-Xlestakov, Əlvəndi-Osip, Hacınski-Qorodniçi, mən poçta naziri, Əlabbas Rzayev-suflyor, Səlimbəy-Dobçinski, Murad Muradov-Bobçinski, Kazımovski-məhkəmə naziri, Mehdibəy Hacıbababəyov-Ammos Fedoroviç, Mislavskaya-Anna Andreyevnanı, Mariya Antonovnanın rolunu isə adı yadımdan çıxdığı bir rus qızı oynayırdı. Tamaşa gecəsi “Revizor”u tərcümə edən Məmmədəlibəy Səlimbəyov səhnəyə gəlib bizi təbrik elədi və dedi ki, bu truppanın qədrini bilmək lazımdır.

İkinci tamaşamız “Qaçaqlar” idi ki, bu əsəri rus truppası da hazırlayırdı. Ərəblinski bizə həmişə deyirdi ki, “yoldaşlar, biz gərək hər növ ilə çalışaq ki, tamaşalarımız onlardan əskik olmasın”. Kralı mən, Ərəblinski Fransı, Qoca Mooru Zeynalov, başqa rolları Mehdibəy Hacıbababəyov, Əbülfət Vəliyev, İmran Qasımov, Fərman Səlimbəyov, Murad Muradov ifa edirdilər.

 Elan yazılıb divarlara vuruldu. Məşqlərdən sonra Ərəblinski, Əbülfət Vəliyev və mən bir yerə yığılıb üçümüz birlikdə rolumuzu hazırladıq. Məşqlərdə həmişə “Qaçaqlar” əsərinin ruscası Ərəblinskinin əlində olardı və rollarımız üzərində bu cür çalışardıq. Ərəblinski frans rolunu həm Azərbaycan, həm rusca hazırlayırdı. Mən sual verib deyərdim. “Hüseyn, nə üçün Fransın rolunu Azərbaycan dilindən çox rus dilində əzbərləyib hazırlayırsan? Cavabında deyərdi: “Hüseynqulu, bizim tərcüməçilərin təcrübələri azdır. Ələlxüsus teatro əsərlərində (pyeslərdə). Odur ki, mən əvvəlcə rusca yaxşı hazırlaşıram ki, əsərə yaxşı bələd olam”.

Yeri gəlmişkən bizim o zaman əsərə nə sayaq hazırlaşdığımızı demək lazımdır. Əvvəla, əsəri oxuyub müəllifin nə demək istədiyini və əsərin nəticəsinin nə olduğunu biləndən sonra öz rollarımızı yaxşı əzbərləyirdik ki, suflyora o qədər də möhtac olmayaq. Çünki rolu əzbərləməyib tamamila suflyordan asılı olduqda sərbəst oynamaq, mümkün olmur. Amma səhnədə sərbəst olmaq sənətkarlığın əsas səbəblərindən biridir. Gərək aktyor səhnədə öz rolunu ifa etdiyi zaman kimsədən asılı olmasın. Bütün mizanları, haradan nə vaxt gəlməyi və səhnədən çıxmağı, hərəkəti daima gözünün qabağında olmalıdır. Rolunu bilən aktyora bənzər bir adam ki, köhlən atın belində yəhər, başında yüyən, ağzında dəhnə, atın üstünə minib, cilov əlində, keyfin istədiyi tərəfə sürürsən. Rolunu bilmədikdə, əksinə, köhlən atın başında çürük yüyən olan kimidir, daima qırılmaq qorxusu altında olursan. Yüyən qırılsa at səni ağzına alıb, fərmanından çıxarıb öz xatiri istədiyi tərəfə gedəcək və yaxud səni dağa-daşa çırpıb tələf edəcəkdir. Bəli, o zaman rol hazırlamağı biz belə düşünürdük. Sonra növbət ilə birimiz məşq edib ikincimiz baxardıq və gördüyümüz nöqsaları deyərdik. Çox vaxt hərəkət üstündə bir-birimizlə mübahisə edərdik, həmçinin, tip (obraz) yaratmaq üçün və onu tapmaq üçün qrim eləyib bir-birimizin qüsurlarını göstərərdik. Həmçinin, bir qayda üzrə paltar haqqında danışardıq. Oynadığımız rolu hərtərəfli hazırlayardıq. Hətta cümlə quruluşu üzərində də çox işlərdik. Çalışardıq ki, ağzımızdan çıxan sözlər tamaşaçılara çatsın və sözlərimizi yaxşı başa düşsünlər. Bizim yəqinimiz idi, əgər aktyor ağzından çıxan sözləri özü yaxşı başa düşməsə, heç şübhəsiz, o sözü tamaşaçıya da çatdıra bilməz. Bu cür biz hazırlaşmayınca oynamazdıq. Qərəz, sözümüz Ərəblinskinin Fransı oynamağı üstündədir. Çox vaxt Ərəblinski Fransın rolunu suflyorsuz məşq edərdi. Əbülfət ilə mən ona baxardıq. Rus truppası “Qaçaqlar” əsərini bizdən qabaq hazırlayıb oynadılar.

 Fransın rolunu məşhur rus aktyoru Petrov Krayevski oynadı. O gecə bizim truppanın hamısı onlara tamaşaya getmişdi. Ruslardan sonra “Qaçaqlar”ı biz oynadıq. Cəsarətlə deyə bilərəm ki, bütün tamaşanın ağırlığını Ərəblinski öz boynunda apardı. Ruslar “Qacaqlar”ı bizdən sonra bir neçə dəfə təkrar etdilər. Qəflətən Petrov Krayevski xəstələndi. Afişa çıxmışdı. Tamaşanı saxlamaq mümkün deyildi. Nə üçün isə mən rus teatrına getmişdim. Teatrın antreprenyörü Kruçinin mənə rast gəldi. Gördüm ki, bunun əhvalı sarımsaq dadı verir. Xəbər aldım: “Anton Nikolayeviç, nə olub keyfiniz belə xarabdır?” Dedi: “Nə olacaq, Petrov azarlıyıb, tamaşanı da saxlaya bilməyəcəm, sabahın fikrindəyəm. Bilmirəm nə eləyim”. Birdən mənim yadıma Ərəblinskinin Frans roluna rusca hazır olmağı düşdü. Dedim ki, “Anton Nikolayeviç nə verərsən mən səni bu çətinlikdən qurtarım”. Anton Nikolayeviç cavabında: “Sən nə edə bilərsən? – dedi. Sonra gülə-gülə əlavə etdi. – Nə istəsən verərəm”. Mən: “Odu ha, Ərəblinski ona deyin gəlsin oynasın”. Anton Nikolayeviç təəccüblə: “O rusca Fransın roluna hazırdırmı?”.

Mən: – “Lap su kimi”. Kruçinin – “Oynarmı”? Mən: – “Siz razı olsanız mən onu bu saat bura gətirərəm. Onunla məşq edərsiniz, hərgah bəyənsəniz, oynar”.

Məsəl var, “suda boğulan saman çöpündən imdad gözləyər”. Kruçinin razı oldu. Mən sevinə-sevinə Ərəblinskini tapdım. Dedim: – Hüseyn, xəbərin varmı, sabah Fransın rolunu oynayırsan?” Ərəblinski təəccüblə: “Necə yəni oynayırsan?” Mən: – “Hə, hə, oynayırsan, özu də rusca”.

Ərəblinski: “Mən yuxu görürəm, ya sən dəli olmusan, harada oynayıram, kim ilə oynayıram, rəhmətlik oğlu, zarafatı burax”.

Mən əhvalatı ona danışdım. O, razı olmadı. Mən çox çalışıb onu özümlə bərabər rus teatrına apardım. Bir tövr ilə onu razı saldılar. Ərəblinski üçün məşq təyin elədilər. Ərəblinski axşama qədər məşq elədi, çox bəyəndilər. Rus rejissorları dedilər ki, məşq etdiyinin yarısı qədər oynasa kifayətdir. Bu sözü Ərəblinski eşidib onlara çəpəki baxıb sonra gülə-gülə “sabah baxarıq” – cavabını verdi. Mən Hüseyni faytona mindirib dedim: – “Sən get evə, qapıları bağla, öz roluna yaxşı-yaxşı hazırlaş, mən axşam yanına gələrəm”.

Xudahafizləşib ayrıldıq. Axşamçağı bir paçka “Limonnı” papiros alıb Hüseynin yanına getdim. Çünki Hüseyn ac qala bilərdi, amma papirossuz qala bilməzdi. Getdim nə gördüm, evin ortasında bir kürsü yıxılmış, Hüseyn yaxası açıq, saçı dağılmış, başını iki əlilə tutub mizə söykənib. Həmxanası Mariya İvanovna Hüseyn ilə yumşaqcasına söhbət edir. Bu qadını yoldaşlar hamısı tanıyırdı. O, 50-51 yaşlarında, ağsaç, xoşsimalı, ziyalı bir qadın idi. Ərəblinskiyə uşaqlıqdan o tərbiyə vermişdi. Ondan başqa qapıda bir-iki nəfər rus qadınları da söykənib dayanmışdılar. Anası da evin bir tərəfində əlində ağ, üstü güllü yaylıq gözlərini silərək ağlayırdı. Mən əhvalatı belə görüb bir dəqiqə sükutdan sonra Mariya İvanovnadan soruşdum ki, nə olub?   Yumuşaqcasına gülüb cavab verdi: – “Heç, Hüseyn məşq edəndə anasını qorxudub”. Mən: – Məşqin anasına nə dəxli var? Heç bir şey başa düşə bilmirəm – dedim. Bu dəmdə Vəli də gəldi. Heç bir söz demədən Hüseynə: – Hüseyn, xəbərin var, – dedi – Kruçinin sənin adına letuçka buraxıb, sabah rusca Fransı oynayırsan. Sonra üzünü Hüseynin anasına çevirib: – Ana, sən niyə ağlayırsan? – dedi. Sonra mənə göz eləyib – Nə var ki? – deyə soruşdu. Mən: “– Hələ bir şey bilmirəm – dedim, – dinmə, görək nə olub”. Vəli Hüseynin yanına gedib əlini onun çiyninə qoyub dedi: – Adə, bir başını yuxarı qaldır görək nə olub? Bəlkə biz mane oluruq? – Mənə işarə ilə – Elə isə Hüseynqulu, gəl gedək, – dedi:

Ərəblinski başını yuxarı qaldırıb. – Yox canım dedi – sonra özünü saxlaya bilməyib bərkdən qəh-qəhə ilə güldü, o güləndə Mariya İvanovna da dodaqltı gülümsədi. Onlara baxıb biz də gülməyə başladıq. Mən Vəliyə: – Vəli, sənin canın üçün burda bir iş var – dedim. Anası: – Nə vecinizə, gülərsiniz də – dedi – oğlumu dəli eləyib salmısınız çöllərə... – Sonra öz-özünə “dəlidir də... dəlinin buynuzu olmaz ki” – dedi. Mariya İvanovna: – “Bax belə, gülmək yaxşıdır, ağlamaq lazım deyil”, – deyib durub getdi. Ərəblinski bizə: – Əyləşin görək – dedi. Vəli: – Hələ bir de görək anan niyə ağlayır? Ərəblinski dodaqaltı gülə gülə mizin üstündəki papiros qutusunu götürüb açdı, gördü boşdur, atdı mizin üstünə. Mən aldığım papirosu ona uzatdım. O alıb birini götürdü. Qalanını dübarə mənə qaytardı. Dedim “qoy qalsın, sənin üçün almışam. Mən ölüm danış görüm nə olub?” Anası:

– A, balam, Mariya gəlməsə idi, məni boğub öldürürdü.

Ərəblinski anasına çəp-çəp baxıb:

– Ana, daha bəsdi: – Heç əşi, məşq eləyirdim.

Vəli: – Aha, hə yəqin Fransın atasını boğduğu yeri, hə, yazıq arvadı da boğmusan.

Mən: – Vəli, yəqin elədir ki, var.

Gülüşdük. Ərəblinskinin danışdığından belə anlaşıldı ki, gəlir evə, roluna bir az baxdıqdan sonra kürsünü götürüb qoyur evin ortasına, anasına deyir ki, gəl burada əyləş, sən məmin atam ol, mən danışa-danışa gəlib səni boğacağam. Qorxmayasan ha!

Anası: – A balam, çaşıb doğrudan-doğruya məni boğub öldürərsən ha!

Hüseyn: – Yox, ana, yox, qorxma.

Gətirib kürsünün üstündə oturub və başlayıb Fransın rolundan nə isə deyə-deyə anasına hücüm edib, iki əli ilə boğazından yağışıb – “Qoca köpək, öl” – deyə başlayıb arvadı boğmağa. Anası görüb doğrudan da bunu boğur. İstəyib birtəhər onun əlindən qurtarıb ayağa dursun. Hüseyn: – Aha, ölməmisən, – təkrar başlayıb boğmağa, – öl, öl, tut mənim ətəyimdən.

Anası (qorxaraq): – A balam, necə ölüm axı.

Arvad istəyib durub qaçsın. Hüseyn qızışıb dübarə anasını götürüb kürsünün üstünə yıxıb başlayır boğmağa: – Bax belə ha! – Arvadın lap bağrı yarılıb, öz-özlüyündə yəqin edib ki, doğrudan da Hüseyn bunu boğmaq istəyir, başlayıb bərkdən qışqarmağa: “Ay aman, ay qonşular, gəlin qoymayın, oğlum dəli olub məni öldürür”. Anasının qışqırığına qonşular gəlib arvadı Hüseynin əlindən alıblar.

Vəli: – Ədə, sən doğrudan da dəli olmusan ki, Hüseyn. Adam başına qəhət idi məşq eləməyə, qoca arvadı, bəlkə, doğurdan ölə idi?

Anası dərdi təzələnmiş: – Hələ onu deynən, mənə yazığı gəlməyir. Qonşular gəlməsə idi, qorxudan ölərdim.

Hüseyn: – Yox, ana, yox, dünyada heç elə oğul olar ki, anasını öldürsün, mənim səndən başqa heç kəsim yoxdur.

Vəli: – Dur, bu saat get, ananı qucaqlayıb ondan üzr istə.

Mən: – Yox, mən ona razı deyiləm – deyə etiraz etdim. – Hüseyn sabah oynadığı rolunun pulundan anasına bir dəst paltar alsın.

Anası: – A balam, hamısından vacib mənə çarşaf, bir də başmaqdır.

Mən: – Baş üstə ana! Əgər o almasa, mən alaram, – dedim.

Hüseyn ayağa durub anasını qucaqlayıb öpdü. Könlünü alıb ondan üzr istədi. Sonra biz çay içə-içə Ərəblinskinin məşqinə baxır və ona yardım edirdik. Odur ki, Əbülfət qoca Moor, mən də Danil olub Hüseynin yaxşı məşq etməsinə yardım edirdik. Hüseyn məşq eləyib çay içdikdən sonra ona tapşırdıq ki, sabah biz gəlincə evdən tərpənməzsən. Biz sənin üçün fayton gətirib teatra apararıq. Sözü bir yerə qoyub ayrıldıq. Sabahısı günü, axşamüstü mən faytonçu Dadaşı tapıb və ona dedim ki, faytonu qoş, mənə lazımsan. Ərəblinskini teatra aparıb və oradan tamaşa qurtarandan sonra geri gətirəcəksən. Dadaş təəccüblə: – Ərəblinski kimdir? – dedi – O artist? Yəni o belə böyük adamdır?!

Mən: – Bəli, – dedim – o bu gecə rusca oynayacaq.

Dadaş: – Doğrudan? Görünür yaxşı teatro oynayacaq, gəl mənə də bir yer ver, mən də tamaşa edim.

O zaman faytonçu Dadaş məşhur bir adam idi. At-fayton saxlamaqda ad qazanmışdı. Şəhər idarəsi faytonlara nömrə verəndə birinci nömrəni yaxşı at-faytonu olana verərdi. Dadaşın da cüt atları, elektrik fanarı, təzə faytonu var idi. Mən həmin faytona minib getdim Ərəblinskigilə. Gördüm Ərəblinski geyinib məni gözləyir. Ərəblinski pulsuz olmasına baxmayaraq çox səliqəli, təmiz, özü də , yaxşı maldan təzə dəbdə paltar geyərdi. Əynində qara kostyum, ağ jiletka, dik varatnik, qara bantik, ayağında lak tufli, qara abı-güllü ipək corab, üzü qırxılı, başı daranmış, başında qara şlyapa, çiynində qara plaş, qollarında ağ manjet, əlində qrim çamadanı – Hüseyn deyil, bir dəstə qızılgül idi, mən onun bu cür geyməyinə aşiq olmuşdum. Həmişə deyərdi ki, gərək biz müsəlman artistləri paltarın yaxşısını geyək, üstümüz parıldayıb qarnımız curuldasa da eybi yoxdur. Deməsinlər ki, müsəlman artistləri geyinməyi bacarmırlar. Qoy bizim camaatın başı uca olsun. Nə isə mən, Vəli və Ərəblinski faytona oturduq. Faytonun elektrik fanarı küçələrə işıq salırdı. Atların nallarının yorğa səsi camaatın nəzərini cəlb edirdi. Fayton teatrın qabağında dayanırkən camaat faytonun işığına, cüt ağ atlara tamaşa edirdi.

Ərəblinski heç kəsə etina etməyib faytondan düşdü. Səhnə arxasına getdi, oradakı aktyor və aktrisalar Ərəblinskinin bir aktyor kimi yerişinə və geyiminə nəzər yetirib, sonra təəccüblə bir-birlərinə baxırdılar. O gecə kassada bir bilet də qalmamışdı. Camaatın çoxusu müsəlman dövlətliləri və Ərəblinskinin qədrini bilən Bakı ziyalıları idi. Hər lojada altı-yeddi adam var idi. Salonda əlavə qoyulma stullar çox idi. Orkestroda məktəb şagirdləri və tələbələrin sayı-hesabı yox idi. Camaatın çoxusu “Ərəblinski” deyərək, ucadan bir-birilə söhbət edirdilər. Biz faytonçu Dadaşa güc-bəla ilə stul qoydura bildik. Vəli ilə mənə isə yer olmadı, onsuz da biz səhnə arxasında, Hüseynin yanında olacaydıq. Erməni aktyorlarından məşhur Abelyan, Avetyan və aktrisa Siranuş da orada idilər. Bunlardan başqa Nəcəfbəy Vəzirov, Həsənbəy Zərdabi, Süleymanbəy Axundov, Əbdürrəhimbəy Haqverdiyev də ancaq Ərəblinskiyə tamaşaya gəlmişdilər. Ərəblinskiyə tərbiyə verən Mariya İvanovna da bizim ilə səhnə arxasında idi. O gecə Karlın rolunu məşhur rus aktyorlarından Sinkov-Sneqov oynayırdı. Xülasə, Ərəblinski öz bildiyi kimi geyinib, qrim edib hazır dayanmışdı. Əsərdə iştirak edən aktyor və aktrisalar buna baxıb təəccüb edirdilər. Nə isə, üçüncü zəng vurulub, salonun işığı sönüb, hərə öz yerini tutdu. Tamaşa başladı, birinci çıxış Fransın idi. Əbülfət ilə mən bilməyirdik hardayıq. Ürəyimiz döyünə-döyünə Fransın – Ərəblinskinin çıxışını gözləyirdik. Zalda camaat çox olmasına baxmayaraq elə sakitlik idi ki... Ərəblinski səhnəyə gəlirkən camaatdan bir cür gurultulu alqış qopdu ki, daha nə deyim. Əbülfət sevindiyindən əl çala-çala ağladı, bunun ağlaması məni də ağlatdı. Ərəblinskini gurultulu alqış çaşdırmadı. O, səhnədə Frans idi, cəhd edirdi ki, Frans obrazını yaxşı yaratsın, alman dahisi Şillerin ruhu ondan razı qalsın. Tamaşanın gedişatında Ərəblinski lisanında rus aktyorlarından seçilmirdi. Sneqov kimi məşhur rus artistindən geri qalmırdı. Fasilələrdə rus aktyorları, rejissor Lyudviqov və Abelyan, Avetyan, Siranuş, Nəcəfbəy, Süleymanbəy Axundov gəlib Hüseyni qucaqlayıb öpür və təbrik edirdilər. Xəstə Petrov-Krayevski Hacı Zeynalabdin Tağıyevin lojasında oturub Ərəblinskiyə tamaşa edirdi. Ərəblinski rol üzrə özünü boğan yerə çatdı və o, çox mahirliklə özünü boğdu, öz öhdəsinə götürdüyü rolu layiqincə ifa edərək qurtardı. Pərdə endi, camaatın güclü alqışları altında pərdə təkrar qalxdı. Camaat “Ərəblinski, Ərəblinski” deyə Hüseyni səhnəyə çağırırdı. Müdriyyət tərəfindən ona gül bağışladılar. Amma Bakı milyonerlərindən heç bir şey görünmədi. Çünki Bakı milyonerləri müsəlman artislərini adam hesab eləmirdilər.

Bir də gördüm ki, bizim qolumuzdan bir adam tutub arxamızdan itələyir səhnəyə tərəf və deyir. “Skorey, skorey, poydite, nado pozdravit Quseyna”. Geriyə döndükdə boğazı ağ tənzif ilə sarıqlı Petrovu gördük. Yüyürərək səhnəyə gəldi, Ərəblinskini qucaqlayıb öpdü və qolundan tutub, onu səhnənin ortasına gətirdi. İndiki kimi yadımdadır, o belə dedi: “Qaspoda bakintsı, otsenite i pojaleyte etoqo molodoqo çeloveka, seqodnya s eqo iqroy ya sam sebya viju na sstyene”.

Tamaşa qurtarandan sonra Ərəblinskini apardıq “İslamiyyə” mehmanxanasına. Bizim ilə gedənlər bunlar idi: Abelyan, Avetyan, Siranuş, Petrov, Sneqov, Amalyanı oynayan aktrisa Azarevskaya, Əbdürrəhimbəy Haqverdiyev, Süleymanbəy Axundov, Murad Muradov, Mirmahmud Kazımovski, Cahangir Zeynalov, Əbülfət Vəliyev və mən. Mən bu qonaqlıqda üç nəfər adama çox təəccüb edirdim. Birincisi, Petrov – xəstə ola-ola bizim ilə yoldaşlıq süfrəsində iştirak edirdi. İkincisi, Kruçinin indi ki, haman yoldaşlıq süfrəsinin xərcini o çəkmişdi. Çünki Azarevskaya heç birimizi əlimizi cibimizə salmağa qoymayaraq pulun hamısını verdi və dedi ki, Kruçinin pul verib, tapşırmışdır ki, xərci mən verim. Üçüncüsü, Dadaş idi. Saat 2-də məclis qurtarandan sonra biz çıxıb gördük ki, dayanıb bizi gözləyir. Mən dedim ki, bu vaxtacan sən nə üçün dayanmısan? Dedi: “zərər yoxdur, gəlin minin, sizi hardan gətirmişəm aparıb oraya da qoyacağam”. Yoldaşlardan ayrılıb faytona mindik. Dadaş bizi Ərəblinskigilə apardı. Yolda mən fikir edirdim ki, “bu yazıq axşamdandır bizim avaramızdır, gərək lap azı Dadaşa 25 manat verək”. Qapıya çatdıq. Düşdükdə haqqını vermək istədim.

Dadaş: – “Sənin canın üçün heç elə şey yoxdur Atlar da, fayton da, mən də, qurban olsun Ərəblinskiyə. Bir qəpik də almayacağam, bundan sonra da ona fayton lazım oldu, mənə xəbər edərsən. O bu gecə bizim başımızı uca elədi. Yaxşı kişiyə can qurbandır.

Ərəblinski faytonçunun sözündən kədərlənib gözləri yaşardı, dayana bilməyib qucaqlayıb Dadaşı öpdü. Dadaş faytonu sürüb getdikdən sonra, Ərəblinski üzünü bizə çevirib dedi:

– Hüseynqulu, görürsən? O kasıblığı ilə bizə nə sədaqət göstərdi. Eybi yoxdur, bizi camaat tanımağa başlayır, hələ bu harasıdır, vaxt olar bizim adımız bütün ölkəyə məlum olar. Biz də məşhur olarıq. İndi bax, bütün yorğunluğumu, zəhmətimi o kasıb faytonçunun sözləri və sədaqəti yaddan çıxartdı.

Mən öz-özümə fikir edirdim: “Kasıb faytonçu Ərəblinskiyə qiymət qoydu, amma Bakı milyonerləri Ərəblinskini tanımayaraq qiymət qoymadılar”. Xülasə, o gündən Ərəblinskini rus camaatı və rus aktyorları tanımağa başladı. Əbülfət, mən, Ərəblinski rus teatrlarına çox gedərdik. Orda “Ərəblinski” deyə onu barmaqla göstərərdilər.

Əbdürrəhimbəy Haqverdiyev “Bəxtsiz cavan” adlı bir əsər yazmışdı. Ona hazırlaşırdıq. Cavan tələbə Fərhadın rolunu Ərəblinski, Hacı Səməd ağanı Əbülfət Vəliyev, Mirzə Qoşunəlini Cahangir Zeynalov, kiçik qardaşın rolunu Murad Muradov oynayırdı, tamaşanı isə mən aparırdım. Sonra ərəb həyatından götürülmüş bir pyes oynadıq.1 Əbülülanı Ərəblinski, Əbüdyabı Vəli, Məsuduni İmran Qasımov, səyyahı mən oynayırdım. Haman tamaşada Üzeyir Hacıbəyov da var idi. O vaxt Üzeyir bizim tamaşalar haqqında qəzetələrdə tənqid yazardı. Nə isə, mövsümü qurtardıq. “Nicat” cəmiyyəti yenə həmişəki kimi aktyorları tökdü bayıra. Yenə başlandı köhnə məsələ. Hər aktyor başına küçədən həvəskar cəm edirdi, tinbaşı bir truppa əmələ gəlirdi. Əbülfət ilə mən yenə gəldik Ərəblinskinin yanına: “Hüseyn, fikrin nədir?” Hüseyn:

– A balam, nə deyim, biz olmuşuq “yay əkinçi, qış dilənçi”. “Nicat”ın evini Allah yıxsın, gül kimi truppanı vurdu dağıtdı. Əlimizdən heç bir şey gəlməyəcək. Çünki repertuar onlarda, paltar onlarda, o cür tamaşalardan sonra daha biz bazar camaatını başımıza yığıb xaltura tamaşaları verə bilmərik. Xalq bizi tanıyır. Biz sənətkarıq.

Yenə Ərəblinski işsizlikdən, pulsuzluqdan əsəbiləşirdi. Yay zamanı rus müsamirələrinə, rus teatrlarına gedərdik. Ərəblinski onları gördükdə ah çəkib deyərdi: “Bizim görəsən haçan bu aktyorlar kimi həyatımız təmin olunacaqdır”. Biz ona təsəlli verib sakit edərdik. Bu çətinliyə baxmayaraq Ərəblinski işsiz dayanmadı. Həmişə biz onun yanına gedib görürdük ki, rus ədəbiyyatı ilə məşğuldur.

Teatr mövsümü gəldi. “Nicat” cəmiyyəti yenə başladı aktyor yığmağa, bizi də çağırdı. Əbülfət ilə mən getdik Ərəblinskinin yanına. Çox danışıqdan sonra üçümüz də söz verdik ki, tək-tək heç birimiz gedib işləməyək. Özü də doqovoru illik bağlayaq və dübarə “Nicat” Ərəblinskiyə bir benefis verməlidir. Çünki necə deyərlər, başına gələn başmaqçı olar. İlan vuran ala çatıdan qorxar. Biz bilirdik ki, biz sözümüzün üstündə möhkəm dayansaq “Nicat”dan istədiyimizi alaraq. Onlar bizsiz heç bir iş görə bilməzdilər. Getdik gördük ki, “Nicat”da artist əlindən yer yoxdur. Elə adamlar var ki, biz onları heç tanımırıq. Biz üçümüz də bir yerdə müdirin kabinetinə girdik. Müdir İmran Qasımov idi. Bizə dedi ki, yaxşı olar tək-tək gələsiniz söhbət edək. Cavab verdik ki, bizim bir-birimizdən gizlin sözümüz yoxdur. İmran təəccüblə bizi süzdü. Sonra: “Buyurun” – deyə yer göstərdi.

 Biz oturub söhbətə başladıq: “Əvvəla, Ərəblinskini illik maaşla təmin edəsiniz. İkinci, ona bir benefis verəsiniz. Benefisi üçün qoyulacaq tamaşanı o özü seçib, vaxtını da özü təyin etsin. Üçüncüsü, şərəfinə oynanılacaq tamaşanın gəlirinin yarısı ona çatmalıdır. Və hər üçümüz üçün də ayda yüz manat maaş təyin edəsiniz”. Müdir bir az fikirdən sonra dedi:

– Yaxşı. Biz sabah sizə cavab verərik.

Sabah bir həftə çəkdi. “Nicat” cəmiyyətindən bir cavab çıxmadı, eşitdik ki, “Otello”nu hazırlayırlar. Biz də köhnə aktyorların bir neçəsini başımıza yığıb “Əlmənsur”u məşq eləyib hazırladıq və teatr icarəyə götürüb əsəri oynadıq. Üzeyirbəy Hacıbəyov yenə taşamıza gəlmişdi. Biz “Nicat” cəmiyyətinin acığına var gücümüzü qoyub tamaşanı lazımınca aparırdıq. Mən axırıncı məclisdə ərəb rolunda “Hicaz” oxudum. Sabahı Üzeyirbəy mənə dedi ki, dünən gecə yaxşı oynadınız, sizdən mən qəzetəyə məqalə yazıram və əlavə etdi ki, Hüseynqulu, mən bir “Leyli və Məcnun” operası yazıram, Məcnunu oynayarsanmı?

...Sabahı gün mən Üzeyirbəyin yanına getdim. Üzeyirbəy əsəri mənim üçün oxuyub, sonra “Leyli və Məcnun”un musiqisindən skripkada bir az çalıb mənə dedi. – “Xoşuna gəlirmi?” Mən: – “Xoşuma gəlir”. Üzeyirbəy:

– Onda sabahdan məşqə başlayaq, görək nə çıxar.

Mən Üzeyirbəyin yanından çıxıb getdim Vəli ilə Ərəblinskinin yanına. Mən: – Sizə bir şad xəbər verəcəyəm. Üzeyirbəy “Leyli və Məcnun” operası yazır”.

Vəli:

– Doğrudan?

– Canın üçün bu saat onun yanından gəlirəm. Sabahdan məşq eləyəcəyik. Ərəblinski:

– Çox yaxşı oldu.

Əbülfət ( Hüseynə):

– Gəl sabah biz də gedək.

Ərəblinski:

– Yox, siz gedin, mən sonra gələrəm, – dedi.

Nə isə, biz sabahısı Üzeyirbəyin yanına getdik. Məşqə başladıq. “Nicat” cəmiyyəti gördü ki, yox “Otello” əsərini bizsiz vermək çətin olacaq. Süleymanbəy Axundov və Əbdürrəhimbəy Haqverdiyev işə qarışıb, onları töhmətləndirib, məsləhət görüblər ki, bizi çağırsınlar. Bir qədər biz, bir qədər də onlar güzəştə getsinlər və bununla, məsələ qurtarsın, mövsümü başlasınlar.

Biz yoldaşlarımız ilə “İslamiyyə” mehmanxanasında “Leyli və Məcnun” əsərini şirin məşq edirdik. Bunu da “Nicat”a çatdırmışdılar. Əlqərəz adam göndərib bizi çağırdılar. “Nicat”a şərtlərimizi dedik. Mövsüm qurtarana qədər Ərəblinski həm aktyor, həm rejissor, 150 manat maaş, bir benefis, Əbülfət ilə mənə də ayda 100 manat məvacib verilsin. Sonra biz özümüz üçün oynayaq, “Nicat” bizə mane olmayıb kömək etsin. Bir də “Leyli və Məcnun”u biz oynayaq, çünki söz vermişik. “Nicat” bizim şərtlərimizi qəbul etdi. Bu şərt ilə ki, həm “Leyli və Məcnun”a hazırlaşaq, həm də “Otello”nu oynayaq. İşə başladıq. “Otello”nun rolları yenidən paylandı. Otello-Ərəblinski, Yaqo-mən, Kasyo-Murad Muradov, Dezdemona-Mislavskaya, Montano-Əlvəndi. Ərəblinski gecələr truppa ilə, gündüzlər isə mən və Əbülfətlə işləyirdi. Belə ki, Ərəblinski gecə-gündüz çalışırdı. Özünə bir dəst ərəb, bir dəst venesiyalı paltarı tikdirdi. Məşq zamanı Ərəblinski o qədər qızışırdı ki, qılınc əvəzinə daha artistlərdə əl ağacı qalmadı ki, sındırmasın. Aktyorlar qorxularından əsalarını ya məşqə gətirməyib, ya da əllərində bərk saxlayırdılar. Bəli, afişa çıxdı, biletlər satıldı. Tamaşa başlandı. Əsərdə – Montano ilə Kasyo vuruşduğu məclisdir. Qalmaqaldan, vuruşmadan Otello xəbər tutub gəlir ki, çarpışanları sakit etsin. Ərəblinski başı açıq, çiynində əba, əlində yalın qılınc qapıdan çıxıb bu sözləri deyir: “And olsun Allaha qan gözlərimi tutur. Hirsimdən danışa bilmirəm, dayanın!” Vuruşma davam edir.

Otello: “– Hər kəs əlini əvvəlinci dəfə tərpətsə ölümə rast gələcək”. Vuruşanlar dayanmır. Ərəblinski özündən çıxıb şığıdı, qılıncı endirdi, qılınc düşdü mənim ayağımı yaraladı. Qan axır, oyun davam edir. Camaat mənim yaralanmağımı bildi, Ərəblinski sözünü qurtarıb səhnə arxasına getdi. Ona deyirlər ki, Hüseyn, Sarabskini yaralamısan. Hüseyn özünə gəlib səhnə arxasından mənə işarə elədi ki, pərdəni salım. Mən qaş-göz ilə ona qandırdım ki, yox, məclisi bir tövr ilə başa verdik. Pərdə salındı. Hüseyn gəlib gördü ki, mən doğrudan da yaralanmışam. Durdu mənə yalvarmağa. “Hüseynqulu, məni bağışla, vallah mən bilə-bilə vurmamışam. Oyunda özümü bilmirəm”. Mən onu yəqin bilirdim ki, Hüseyn rola elə girir ki, doğrudan da, özünü bilmir. Mən: – İş düşəndə düşər. – dedim. Barmağımı sarıyıb, heç bir şey olmamış kimi tamaşanı axıradək oynayıb bitirdik.

“Otello”dan sonra “Gaveyi-ahəngər” əsərini hazırlamağa başladıq. Arabir “İslamiyyə” mehmanxanasında Üzeyirbəy bizimlə “Leyli və Məcnun” əsərini hazırlayırdı. Ərəblinskinin halı yaxşılaşmışdı. Əlinə düşən puldan özünə əla “drapdan” boynu xəzli palto, yaxşı qara kastyum, ağ saroçka, bahalı qalstuklar, xəz papaq almışdı. Başındakı şlyapa başqa cür görünərdi. Yol yeriyəndə əlindəki trostunun hərəkətindən və yerişindən təyin etmək olardı ki, bu gələn Ərəblinskidir. Buna baxıb deyərdik ki, doğrudan da Ərəblinski dünyaya gələndə bir aktyor gəlib.

Qərəz, “Gavə”ni hazırladıq. Baş rollarda iştirak edənlər bunlar idi. Rejissor-Ərəblinski. Gavə-Əbülfət, Pərviz-Murad Muradov, Zöhhak-Mehdibəy Hacınski, Kəhtan-Əlvəndi, Fərhad-mən, Kubşəhr-Mislavskaya, Moru-Lizina. Teatrda “Gaveyi-ahəngər” əsərinə münasib dekor az idi. O idi ki tamaşa günü Ərəblinski səhərdən gedərdi teatra, bir də tamaşa qurtarandan sonra evə qayıdardı. O bu vaxtda paltarları seçib hazırlayardı, quruluşun siyahısını verərdi, yəni hansı dekorları hara və nə cür qoymaq lazımdır. Odur ki, birinci pərdə qurulub qurtarınca saat 7 olardı. Aktyorlar cəm olardılar. Hüseyn başlardı onları geyindirib qrim eləməyə. Fasilələrdə səhnədə çox şey çatmadığına görə Ərəblinski özünu ora-bura vurub səhnəni çox çətinliklə hazır edərdi, odur ki, fasilələr də çox uzanardı. O yorulub əldən düşərdi, nəfəsi qaralardı.

O vaxtlar “Gaveyi-ahəngər” kimi tarixi bir əsəri mövqei-tamaşaya qoymaq o qədər də asan deyildi. Belə ki, o cür bir tamaşanı vermək müharibədən çıxmağa bərabər idi. O gecə tamaşamız saat 2-də qurtarmasına baxmayaraq çox müvəffəqiyyətlə keçdi. Ancaq tamaşanın gec qurtarması tamaşaçıları darıxdırırdı. “Gaveyi-ahəngər” əsəri üçün qəzetlərdə quruluş haqqında, iştirak edənlər haqqında ətraflı və yaxşı təriflər yazdılar.

 “Gavə”dən sonra Əbdürrəhimbəy Haqverdiyevin “Pəri cadu” əsərini hazırlamağa başladıq. “Pəri cadu” əsərində Qurban rolunu mən, Səlimə-Lizina, Pəri cadu-Mislavskaya, Şamama cadu-Yunis Nərimanov, Hafizə xanım-Hacıbəy Axundov, təlxək-Mirzağa Əliyev, Niyazı-Kazımovski oynayırdı. Bununla bərabər bir gün “İslamiyyə” mehmanxanasında, bir gün sənin, bir gün mənim evimdə “Leyli-Məcnun” operasının məşqini də edərdik. İmran Qasımov çox istəyirdi ki, “Leyli-Məcnun” tez oynansın. Boş vaxtımızda bizi evinə çağırardı. “Leyli-Məcnun”u məşq edərdik. “Leyli-Məcnun” əsərinin məşqlərində yorulmadan iştirak edən Qurban Pirimov bizim üçün çalardı. “Leyli-Məcnun” operası Azərbaycanın birinci operası idi. Ona görə hər cəhətcə hazırlaşmaq lazım idi. Mən öhdəmə götürdüyüm vəzifənin məsuliyyətini anlayırdım, odur ki, gecələr oturub Nizamini, Füzulini oxuyurdum. Məcnun kimdir, haralıdır? Kimin oğludur? Hansı qəbilədəndir? Həmçinin Leyli, atası İbn Səlam, bunların ictimai vəziyyətləri... bunlar hansı əsrdə yaşayıblar, əlbəsələri nə tövr olmalıdır? Məsələn, Füzulidə Məcnunun atası oğlu üçün elçiliyə gələndə bu sözləri deyir: “Ey qədrlə qibleyi-qəbait, əsli nəsəbim sənə əyandır, hökmüm neçə min evə rəvandır”. Bu sözlərdən bilirdik ki, deməli bu adam qəbilə sahibi, dövlətli bir adamdır. Leylinin atasının cavabından məlum olurdu ki, bu da Məcnunun atasına bərabər bir adamdır. Bunları tapdıq. Qaldı Leyli ilə Məcnun.

Yaxşı, bunlar Ərəbistanın harasındandırlar? Məkkəlidirlər, Mədinəlidirlər? Baxırıq Füzuliyə, Füzuli deyir ki, “Kim tiğ çəkib mübariz çün, Şam əhlini etdi əmrə məhkum”. Buradan tandıq ki, bunlar şamlıdırlar, nəfəldərum əhlidir. Yaxşı, görək bunlar hansı əsrdəndirlər? Nizami “Leyli-Məcnun”u yazıb 800 il bundan qabaq. İndi Şam əhlinin 800 il bundan qabaqkı adətlərini, ənələrini, Şamın ab-havasını öyrənmək lazımdır. Eşitdiyimə görə Şam isti olan yerdir, odur ki, onların paltarları nazik ağ parçadan özü də yüngül və gen olmalıdır. Keçək indi Məcnunun obrazına; Məcnunun obrazı iki hissəyə bölünür. Biri gənc, sağlam, azad fikirli Qeys, ikincisi, dəli, xəstə, mühitindən uzaqlaşmış Məcnun. Doğrudur. Məcnun dəlidir, fəqət baxaq görək necə dəlidir? Cürbəcür dəli olanlar var. İndi biz baxaq görək Məcnun bunların hansındandır? Çox fikirdən sonra mən belə qərara gəldim ki, Məcnun eşq divanəsidir. Mən çox fikirləşirdim ki, bu obrazı necə yaratmaq lazımdır. Çox götür-qoydan sonra dəlixanaya getməyi qərara aldım. Orada çox dəliləri nəzərimdən keçirtdim. Baxdıqca düşünürdüm ki, hansı mən yanaşdığım obraza aiddir? Bunların xasiyyətləri, görkəmləri və qiyafələri nə cürdür?

...Tarixə baxdıqda Məcnun obrazına müəyyən bir xarakter verməyiblər ki, ondan istifadə etmək mümkün olsun. 1200 il bundan əvvəl bir ərəb şairi yazır ki, Məcnunu atası apardı. Kəbəyə ki, dua eləsin, əqli başına gəlsin. Məcnun Kəbənin örtüyündən tutub bu sözləri deyir: “Niyə mən dünyaya gəldim? Körpəliyimdə məktəbin yanında bir göy çəmənlik var idi, dərsdən sonra mən, Leyli, bir də balaca quzu, üçlükdə çəməndə oynardıq. Xudadan istərdim ki, mən, Leyli, bir də balaca quzu əvvəlki halımıza qayıdaydıq və heç boy atmayaraq, böyüməyərək o qayda ilə qalaydıq”. Bu nə deməkdir? Bu o deməkdir ki, Leyli ilə mən böyüdük, eşqə düşdük, dünyanın zəhmətini, qəmini çəkə-çəkə məhv olduq. Quzu da böyüyüb qoyun oldu, qəssab bıçağı boğazına qoyub yazığın başını kəsdi, hərgah dünyaya gəlməsəydik, böyüməsəydik bu faciə bizim başımıza gəlməzdi. Xülasə, az şair tapılar ki, Leyli-Məcnun haqqında bir şey yazmasın, yaxud öz şeirlərində adlarını çəkməsin. Mən belə bir obrazı yaratmaq vəzifəsini daşıdığım üçün ona ətraflıca və olduqca diqqətlə yanaşmağı vacib bilirdim. Odur ki, mən, Ərəblinski, əlimizdə əsərə aid olan bütün materialları qabağımıza qoyub istifadə edərdik və bir-birimizə danışardıq. Sonra mən durub oxuyub hərəkətlə sözlərimi deyirdim. Çox yerləri Ərəblinskinin xoşuna gəlirdi və mənimlə razılaşırdı. Arabir mənə deyirdi ki, Məcnun obrazı məşhur bir obrazdır. Çox çətin və mürəkkəbdir. Hüseynqulu, gözlə səhv etməyəsən. Çünki Azərbaycan operasının tarixi səninlə başlanır. (Daha doğrusu, opera ifaçılığı – red). Çox vaxt söhbətlərimiz o qədər şirin olardı ki, bir də görərdik səhər açılıb. Mən bunun ilə onu demək istəyirəm ki, Ərəblinski böyük sənətkar idi. Onun xüsusi məktəbi var idi.

Əvvəlcə əsəri bir nəfər onun üçün oxuyardı, o isə diqqət ilə qulaq asardı, sonradan özü pərdə-pərdə əsəri oxuyub müəllifin öz əsəri ilə nə demək istədiyini tapardı, sonra əsərdən rolunu götürüb başlardı əzbərləməyə. Rolunu əzbərlədikdən sonra öz rolunun təsvirini və onunla iştirak eləyənlərin təsvirini məşq eləyə-eləyə düzəldərdi. Çox zaman o çətin cümlələrin və çətin kəlmələrin üstündə işlərdi. Məşqi həddindən artıq təkrar edərdi, deyərdi ki, “əgər kəlmə, cümlə, mətləb yaxşı mənimsənilməsə, ağzımızdan dürüst çıxmasa camaata çatmaz”. Elə vaxt olardı əsərdən bir pərdəni iki gün dalbadal məşq edərdi. Nə əsərdən artıq, nə də əskik danışığı qoymazdı. İsraf edən (şarj) aktyorlardan yaman acığı gələrdi. Səhnədə oynayan zaman salonda camaat ya gülüb, ya nizamsızlıq edəndə dayanardı, camaat sakit olandan sonra oyuna başlardı. İşi olmayan zaman evdən qırağa çıxmazdı. Öz rolunun üzərində işlərdi. Əsəri və öhdəsinə aldığı rolu o qədər oxuyardı ki, bir kitabı əzbərdən bilərdi. Məşq zamanı öz rolundan başqa iştirak edən aktyorlara da suflyorluq edərdi. Suflyor bir kəlməni dürüst deməyəndə Ərəblinski onun səhvlərini düzəldərdi. Suflyorumuz Əlabbas Rzayev deyir ki, suflyor budkasında Ərəblinskiyə mən suflyorluq eləməzdim, o danışdıqca onun sözlərini nəzərimdən keçirərdim. O dayananda mən ona sözünün əvvəlini deyib gözləyərdim, sonra dalısın özü əzbərdən deyərdi.

Vay o adamın halına ki, oyun zamanı səhnə arxasında bərkdən danışa idi. Ya səhnədə məşq eləyən zaman səhnənin sağından soluna keçəydi. Sakitlik pozula idi. O saat məşqi saxlardı, təzədən təkrara məcbur edərdi. Qoymazdı milçək uçsun. Odur ki, Ərəblinskinin qorxusundan hər kəsən öz yerində dayanıb çıxışını gözətlərdi. Yoldaşlardan biri tənbəllik edib roluna soyuq baxsa idi, onu öz yanına çağırıb təklikdə başa salardı; “öz işində sabitqədəm ol, sən rolunu hazırlamasan sənin ilə iştirak edən aktyorlara da sirayət edər. Tamaşa yaxşı getməz.” – deyərdi. Təvəqqə edib yalvarardı ki, mizanlara, çıxışlara yaxşı diqqət edin. Tamaşanı aparan rejissor müavininə xatircəm olub dayanmaqdan fayda yoxdur, böylə ki, hamımız bir adam kimi olmalıyıq.

Tamaşa günü yoldaşlardan bir saat qabaq gəlib səhnənin quruluşuna diqqət elərdi. İstədiyi kimi olmasaydı özü səhnə işçilərinə qoşulub səhnəni qaydaya salardı. Bir-birinə yaxşı yapışmayıb deyə səhnə işçilərini çağırıb dekoru sökdürərdi. Öz istədiyi kimi düzəldərdi. Səhnə işçilərinə deyəndə ki, bu gün müsəlmanlar oynayacaq, birinci sözləri bu olardı: “Rejissor Ərəblinski?! Vay bizim halımıza, işləməkdən əldən düşəcəyik”. Ona görə ki, Ərəblinski özünəməxsus mizanlarını dəfələrlə təkrar edərdi. “Müsibəti-Fəxrəddin” əsərində axırıncı məclis bağçadır. Səhnədə ağaclar və kollar vardır. Birinci kol, ikinci kol, üçüncü kol. Rejissorun müavini ilə birinci kolun dibindən çıxmaq ilən ikinci kolun dibindən çıxmağı təkrar edib aydınlaşdırardı. Yadımdadır, “Dağılan Tifaq”da Nəcəf bəyin oğlunu oynayırdı. Əynində çərkəzi paltar, səhnə arxasında dayanıb, bunun çıxışına az qalıb. Gördük çox əsəbiləşib. “Nə var, Hüseyn, nə olub?” Döşündəki düymələrin biri düymələnməyib, bəlayi-müsibət ilə o düyməni düymələyib sonra arxayın səhnəyə çıxdı. Ərəblinskinin özünəməxsus oyun tərzi var idi. Səhnədə əl-qol atmazdı, baxışları, öz partnyorlarına müraciət etməsi, qaş-gözünün oynaması bambaşqa idi. Çox vaxt sifətinin, gözlərinin hərəkəti, kəskin danışığı ilə səhnədə iştirak edən aktyorlardan seçilərdi. Mən deyə bilərəm ki, Azərbaycan aktyorlarının çoxusu Ərəblinskinin yolu ilə oynayırdı. O cümlədən Sidqi1 Ərəblinskinin məktəbi ilə oynayır. Çox vaxt mən Sidqinin səhnədə hərəkətlərini görəndə Ərəblinski yadıma düşür. Ərəblinskinin yaxşı sənətkar olması ondaydı ki, o heç vaxt sifarişlə oynamazdı. Rolu necə düşünsəydi, elə də oynayardı.

Həmişə onun arzusu bu idi: səhnədə Azərbaycan qadını olsun. 1918-ci ildə Həştərxanda Mərziyə2 xanım ilə tanış olması Ərəblinski üçün tarixi bir bayram olub. Mərziyə xanım deyir ki, “Həştərxanda “Bəxtsiz cavan”ın məşqini edəndə mən onunla tanış oldum. Mənə o qədər hörmət, ehtiram, nəvaziş elədi ki, özüm xəcalət çəkdim, mənə dəfələrlə tapşırdı ki, həl-həlbət gələrsən Bakıya”. Həvəskarın birində səhnə talantı görsə idi, başlardı onu təbliğ eləməyə və cəhd elərdi ki, onu öyrətsin. Aktyorlara nəsihət edərdi: “Səliqəli olun, diliniz şirin olsun, cəhd edin yaxşı paltar geymək ilə, şirin danışmaq ilə xalqı özünuzə cəlb edin”. Məşhur rus aktyorlarının, aktrisalarının, dramaturqlarının adlarını, atasının adını, familiyasını, təvəllüdlərini əzbərdən bilərdi. Qərəz, mətləbdən uzaq düşdük. “Leyli və Məcnun” operasını mövqeyi-tamaşaya qoymaq üçün bizə quruluş cəhətcə heç kəs kömək etməyib. Məcnun obrazını öz bildiyim kimi oynamışam. Qərəz, sözümüz “Pəri cadu” əsərinin hazırlanmasında qalmışdı. “Pəri cadu” əsrinin tamaşasında “Leyli və Məcnun” əsərinin də elanını verdik. “Pəri cadu” əsəri oynanıldı. “Pəri cadu” əsərindən sonra “Gavəyi-ahəngəri” təkrar etdik. Gəlir az oldu. Çünki camaat “Leyli və Məcnun”u gözləyirdi.

O vaxt yazıçılara, şairlərə, artistlərə, rəssamlara qiymət verən yox idi. “Nicat” cəmiyyəti başladı Üzeyirə mane olmağa. Aktyorları “Leyli və Məcnun”un məşqinə buraxmırdı. Üzeyirbəy bilmirdi ki, nə eləsin. Çox danışıqdan sonra belə bir qərara gəldik: Üzeyirbəyin “İslamiyyə” mehmanxanasında xərclədiyini və ondan başqa “Nicat” 300 manat nəqd pul versin. “Nicat” razı oldu. Biz də gəlib “Nicat”da “Leyli və Məcnun” əsərinin məşqlərinə başladıq. Onu deməliyəm ki, o vaxt 300 manata əsər almaq tarixi bir hadisə idi. 300 manat böyük pul idi. Odur ki, “Leyli və Məcnun” əsəri haqqında qəzetələrdə yazılırdı. Əsəri yaxşı hazırladıq. 1908-ci il yanvarın 12-də “Leyli və Məcnun” əsəri mövqeyi-tamaşaya qoyuldu.

1909-cu ildə “Nicat” cəmiyyəti dram və opera truppası təşkil etdi. Həm opera, həm də dram oynayırdıq. Nə isə dram az gəlir verirdi. Üzeyirbəy “Ər-arvad” operettasını yazdı. Kəblə Qubad rolunu Mirzağa Əliyev, Mərcan bəyi mən, Minnət xanımı Ağdamski, nökər Şəfini Hənifə Terequlov oynadı. Rejissor Ərəblinski idi. Haman ildə “Nicat” Üzeyirbəyə “Şeyx Sənan”nı yazdırdı. Opera, tarsız, yəni Yevropa musiqisi üsulu ilə yazılmışdı. Nədənsə haman əsər birinci dəfədən sonra gəlir vermədi. O zaman Sənan rolunu mən, Xumarın atasını Hənifə Terequlov, Xumar rolunu bir aktrisa var idi – Boqatko, – o oynadı.

1910-cu ildə “Rüstəm və Söhrab” operasını tamaşaya qoyduq. Rüstəm rolunda Ceyhun Hacıbəyov, Söhrab mən, Keykavus-Hənifə Terequlov, Təhminəni İzabella adlı bir erməni qızı oynadı.

Bir neçə vaxtdan sonra Üzeyirbəy “O olmasın, bu olsun” əsərini yazdı. Məşədi İbad rolunda Mirzağa Əliyev, Sərvər-mən, Gülnaz-Ağdamski, Sənəm-Lizina, hambalı-Ələkbər Hüseynzadə oynadı. Hambal rolunu sonralar həm Rza Darablı, həm də Əbülhəsən Anarlı oynayırdı.

1911-ci ildə “Nicat” aktyorlar ilə yaxşı yola getmirdi. Aktyorlar qaldı başlı-başına, yenə oldu köhnə hamam, köhnə tas, hər tinbaşı bir truppa və onun da başında bir qoçu. Amma bu truppaların hamısı bizi çağırırdı. Biz getmirdik. Bizi hədələyirdilər. Nə etməli? Ərəblinski həmişə söhbət zamanı Moskvanı xatırlayır və danışmaqla qurtarmırdı. Oranı gedib görməyə çox arzusu var idi. Etiraf etməliyəm ki, mənim özümün də Moskva səfəri başımda var idi. Mən qulluq etdiyim yerdən bir ay vaxt alıb Ərəblinski ilə birlikdə Moskvaya getmək istəyirdim. Ancaq lazımı qədər pulumuz yox idi. Nə eləyim, nə eləyim, anamın Heydər adlı bir dayısı var idi, Şağan kəndində olurdu. Gedib ondan 600 manat pul götürdüm. Tez Ərəblinskinin yanına gəldim. “Hüseyn, tez ol, dur çamadanını götür gedək Moskvaya”.

Hüseyn təəccüblə mənim üzümə baxıb dedi: – Dəli olmusan nədir, ya yuxu görürsən? Moskvaya biz hansı pul ilə gedək?

Mən qoltuğumdakı pulu ona göstərdim.

– Bu pul sənin üçün hardandır? – dedi.

Dedim: – Nəyinə lazımdır? Bir yerdən ələ keçirmişəm.

Ərəblinski:

– Allah xatırına məni xataya salma, mənim özgə pulu ilə işim olmadığı kimi, o özgə pulu ilə də Moskvaya gedə bilmərəm.

Dedim: – Ədə, qorxma öz qohumumdan götürmüşəm. Sənə nə var?

Əlqərəz, bunu bir tövr ilə razı edib, anasına 30 manat pul verdik və Əbülfətə bir məktub yazıb qoyduq: “Əvvəla bizdən nigaran qalma, ikincisi, heç kəsə deməyəsən. Biz bu axşam bilet alıb Moskvaya yola düşdük”

 Biz Moskvada Malı dram teatrının müdiri ilə tanış olduq və dedik ki, biz qafqazlıyıq, Bakıdan gəlmişik. Özümüz də aktyoruq, sizin tamaşalara baxıb öyrənmək istəyirik. Hərgah mümkün isə bizə iki yer verəsiniz. Müdir bizə diqqət ilə baxıb: – Siz Bakıdan gəlmisiniz, qafqazlı, özü də aktyorsunuz? – deyə əlindəki qələmi qoydu mizin üstünə və bizi səhnə arxasına apardı. “Qospoda aktyorı, oni kafkaztsı, iz Baku” – deyib bizi aktyorlarla tanış elədi. Müdirin familiyası Nikolin idi... – Oni interesuyutsya naşimi spektaklyami, nado im pomoç i dat vozmojnost posmatret naşi spektakli...”

Tamaşalar da bizim bəxtimizdən bunlar idi: “Qaçaqlar”, “Otello”, “Kral Lir”, “Çağırılmamış qonaq”, “Karamazov qardaşları”. Bizim işimiz gündüzlər Moskvanı gəzmək, axşamlar teatra getmək idi. Çox aktyorlar ilə biz tanış olduq. Çoxlarının adı yadımda deyil. Çox aktyor və aktrisalar öz şəkillərini bizə bağışladılar. Rus aktyorları bizi öz məşqlərinə dəvət edirdilər. Biz verən suallara dürüst cavab verib bizi başa salırdılar və çalışırdılar ki, biz onlardan razı qalaq. Moskvada olarkən biz onlardan çox şey öyrəndik, doğrudan da, böyük rus millətinin incəsənət işçiləri bizim səhnə ilə çox maraqlanırdılar. Hər barədə bizə kömək edirdilər...

Vaxt elə sürət ilə ötüb getdi ki, bir də gördük 15 gündür Moskvadayıq. Bakıya qayıtmaq fikrində idik, ittifaqən Bakı tələbələrinə rast gəldik. Görüşdük, bizə məsləhət gördülər ki, indi ki, Moskvaya gəlmisiniz, bir müsamirə veriniz. Çox danışıqdan sonra qət elədik ki, onlar məşhur aktrisa Mont ilə Svetlovanı da dəvət etsinlər. Əhmədbəy Hacınski tar, gürcü tələbəsi Lado tütək, Akvazov deklamasiya, Ərəblinski “Hamlet”dən bir parça, mən muğamat ifa edərik. Afişa isə belə yazıldı: “1911-ci il 25 aprel. Qafqaz müsamirəsi. Kasıb tələbələr nəfinə”.

Bizim adımızı afişada böyük hərflərlə yazmışlılar. (O müsamirənin proqramması teatr muzeyindədir). Çox camaat gəlmişdi, onların arasında kompazitorlar da var idi. Səhnə arxasında bir çox aktyor və aktrisalar bizimlə tanış olub, çıxışımızla çox maraqlanıb bizi gözləyirdilər.

Ərəblinski “Hamlet”dən bir parçanı deklamasiya söylədi: – “Səbr ya qəbr, budur mühüm sual!” Gurultulu alqışlarla təvəqqe elədilər ki, Ərəblinski bunu rusca da təkrar eləsin. O, Hamletin monoloqunu rusca da söylədi. Gurultulu alqışlarla Ərəblinskini səhnəyə çağırdılar. Növbə mənim idi. Mən Əhmədbəyə dedim ki, tarını kökləsin, “Heyratı” oxuyacağam.

Ərəblinski:

– Hüseynqulu, mən bir tövr ilə başımı qurtardım, görək sən nə eləyəcəksən?

Mən heç nə danışmadan səhnəyə çıxdım. Bilmədim hardayam, nədənsə mənə bir həvəs, bir ilham gəldi ki, “Heyratı”nı nə sayaq başladığımı özüm də bilmədim. Məni alqışladılar, bir az da həvəsləndim. Özüm-özümə deyirdim ki, səsim yerindədir, qorxum yoxdur. “Heyratı” çalınır, mən gözümün ucu ilə səhnə arxasına baxıram. Səhnə arxasındakı aktrisalar musiqinin “taktı” ilə rəqs edirdilər. Ərəblinski gülümsəyərək onlara diqqət edirdi. Ürəyimdə deyirdim: “Hüseynqulu, tutdurmusan, bərk dayan”. “Heyratı”nı qurtardım, sonra bir bayatı oxudum. Gurultu ilə alqışlandım və bayatını təkrar etdim. Alqışlayıb bir də çağırdılar. “Qarabağ şikəstəsi” oxudum. Alqışladılar. Yenə şikəstəni təkrar etdim: Səhnə arxasına qayıtdım. Alqışlara baxmayaraq qət elədim ki, daha oxumayım. Ərəblinski mənə yanaşıb dedi: “Hüseynqulu, bir kompazitor xahiş edir ki, bayatını bir də oxuyasan. İndi nə deyirsən, oxuya bilərsən?” Dedim:

– Hüseyn, canım üçün səhərəcən oxusam yorulmaram. Bir gör hardayıq?! Moskva camaatına konsert veririk. Burada da oxumasam, bəs harda oxuyacağam.

Qayıdıb “Heyratı”nı təkrar etdim. Konsert bitəndən sonra bizi əhatə elədilər. Çoxları bizim ilə tanış oldu. Hüseyndən bayatı xahiş edən kompazitor (adı yadımdan çıxıb) gəlib əlimi sıxıb razılıq elədi və mənə bir sual verdi: “Nə üçün şərqin musiqisi qəmgindir, ağlamalıdır?” Dedim ki, düz deyirsiniz, çünki şərqin öz halı ağlamalıdır, odur ki, musiqisi də daima ağlayır.

Nə isə, konserti verib Bakıya qayıtdıq. Nə gördük?! “Nicat” bütün dor dibindən qaçanları, qırx lotuları yığıb, hər göldən bir qurbağa artist olub.

Belə ki, Bakıda incəsənət işləri çox tənəzzüldə idi. Səhnə olmuşdu mədaxil yolu, nəşri-maarifə pul lazım olanda “Nicat” ilə birləşib müsamirə verirdi. “Səfa” Maarif Cəmiyyəti də bu qaydayla “İttihad” ilə bir truppa düzəltmişdi. Səhnə dönmüşdü toyxanaya.

Ərəblinski çarəsizlikdən bu cəmiyyətlərin çağırışını qəbul edib rejissorluq edir və bir tövr gününü keçirməkdən ötrü gedib işləyirdi. Həmin illərdə Tiflisdə bir dram truppası təşkil olunmuşdu və Ərəblinskini də oraya rejissorluğa dəvət etmişdilər. Bu barədə o, mənimlə məsləhətləşdi, mən dedim ki, burada qalıb xaltura tamaşalara rejissor olmaqdansa, gedib Tiflisdə işləmək məsləhətdir. Biz də hələ Bakıda qalaq, görək başımıza nə gəlir. Ərəblinski mənimlə razılaşıb bir azdan sonra Tiflisə getdi. Mən Üzeyirbəy ilə “Şah Abbas və Xurşudbanu” operasını hazırlayıb 1912-ci il martın 15-də səhnəyə qoyduq. Şah Abbası mən, Xurşudbanunu Ağdamski, Məstavərin rolunu Hənifə Terequlov ifa etdi.

Həmin il Üzeyirbəy “Əsli və Kərəm” operasını yazırdı. O vaxt opera yaxşı gəlir verdiyi üçün bir çox kompozitorlar əmələ gəlmişdi. Görün aləm nə aləm idi ki, dəllək Ağəli (A. Ağayev – red.) Üzeyirbəyin qabağına çıxıb o da “Əsli və Kərəm” yazmışdı. Dəllək Ağəli mənimlə Ağdamskini də çağırtdırmışdı. Necə deyərlər, “Həsən də qəlyan çəkər, Hüseyn də qəlyan çəkər tənbəki bol olanda...” Üzeyirbəy bizi çağırıb dedi ki, “eşitdiyimə görə dəllək Ağəli “Əsli və Kərəm” operası yazıb, sizi də çağırır. Gedəcəksinizmi? Əgər gedəcəksiniz isə mənə qabaqcadan deyin, mən öz işimi bilim. Ya mən, ya dəllək”. Biz cavab verdik ki, Ağəli özü nədir ki, yazdığı opera nə olsun, onun bisavadlığı, musiqidən xəbəri olmadığını biz yaxşı bilirik.

Ağəli bizdən naümid olduqdan sonra Bakının oxuyan-çalanlarının bir neçəsini başına yığıb “Əsli Kərəm” tamaşasını oynatdı. Kərəmin rolunu rəngsaz Qulamhüseyn, Əslinin rolunu Nurməhəmməd Məhəmmədov oynadı. Tamaşa günü mən orada idim, başa düşə bilmədik ki, bu opera idi, konsert idi, yaxud meyxana idi. Camaatın çoxusu tamaşa qurtarmamış salonu tərk edib çıxıb getdilər. Qalyorkadan belə səslər gəlirdi: “Ədə, o boyda da Əsli olar? Lap erkək Əslidir ki, erkək Əsli!”

Həmin ildə sabiq Mailov teatrında Üzeyirbəy Hacıbəyovun yazmış olduğu “Əsli-Kərəm” operası tamaşaya qoyuldu. Kərəmi mən, Əslini Ağdamski, keşişi Terequlov, İsfahan şahının rolunu Mirzə Muxtar Məmmədov oynadı. Bu qayda ilə opera repertuarı düzəlirdi. Bu zaman Müslümbəy Maqomayev Lənkərandan Bakıya gəlmişdi. Üzeyir onu bizim ilə tanış edib dirijorluğu ona tapşırdı.

Üzeyirbəy musiqi biliyini artırmaq üçün Leninqrada (sabiq Peterburqa) getmək istəyirdi, “Nicat”a müraciət elədik. “Nicat” kömək etmək istəmədi. Üzeyirbəy özü Leninqrada getdi...

“Nicat” gördü ki, opera getdikcə inkişaf tapır, dramanın gəliri isə azalır. Başladılar, bizə kömək əvəzinə mane olmağa. Biz “Leyli və Məcnun”u oynamaq istədikdə gedib polisə şikayət etdilər, polis Müslüm Maqomayevi çağırıb onu danışdırandan sonra deyib gedin bir tövr barışın. “Nicat” cəmiyyətinin “Leyli və Məcnun”dan əli üzüldükdən sonra başladılar mətbuatda operanı tənqid etməyə. O vaxt çox jurnallar çıxırdı: “Molla Nəsrəddin”, “Zənbur”, “Tuti” və “Məzəli” jurnalı. “Nicat” başladı mətbuat vasitəsi ilə bizə mane olmağa. “Zənbur” jurnalında bir şəkil çıxdı. Şəkil belə idi: Sarabski bir qızın qucağında oturub, çiynində şinel, başında bayarski papaq, damağında siqar. Qıçlarını qoyub bir-birinin üstünə, qızın da bir əlində dəf, bir əlində lira oturub teatrın üstündə, teatrın sütunları yıxılıb, Ərəblinski qalıb uçulmuş sütunların altında, ağzından qan axmaqdadır. Həmin şəklin altında bu sözlər yazılmışdı: “Ay opera-opera, camaatı soy opera-opera. Kəblə Qubad nəriltisi, Kos-nağara gurultusu, camaatın hırıltısı. Ay opera-opera, camaatı soy opera-opera”. Müslümbəy Maqomayev ilə mən işi bu tövr gördükdə getdik “Nicat” ilə danışaq ki, onlar pul lazım olanda gələk “Leyli və Məcnun”u onlar üçün oynayaq, ancaq bizə zəhmət haqqı versinlər. Yağışdan çıxdıq, yağmura düşdük. Bakıda bir cəmiyyət də əmələ gəldi. Qadınlar maarif cəmiyyəti. İndi də bunlara pul lazım idi. Necə olsun; odur ha, teatr artistlərini çağırarıq, bir teatr qoyarıq, çoxlu pul götürərik. Səhnədən yaxşı çörək ağacı hardadır? Amma bu cəmiyyətin başında hamısı milyoner arvadları dururdu. Məni, Ağdamskini, Mirzə Muxtarı çağırdılar ki, gərək onlar üçün “Leyli və Məcnun” oynayaq. Cavab verdik ki, nə olar, sənətimizin adı nədir, oynarıq. Bu şərt ilə Sarabskiyə 100, Ağdamskiyə 75, Mirzə Muxtara 50 manat verilsin. Bizim bu təklifimiz onların xoşuna gəlmədi. Dedilər ki, elə də şey olar, bu cəmiyyətdir, gərək havayı oynayasınız. Mən dedim ki, əgər cəmiyyəti belə yüksək tutursunuzsa milyonersiniz, hərəniz 100 manat veriniz cəmiyyətin işi düzəlsin. Yüz manat ilə sizdən bir şey əksilməz. Biz kasıb artislərdən nə istəyirsiniz?



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info