Qonaq Kitabı
Hüseyn Ərəblinskinin tərcümeyi-halı

Ərəblinski 1881-ci ildə Bakıda anadan olmuşdur. Atası dəniz işçilərindən idi, özünə də Xələf oğlu deyərdilər. Hüseyn Ərəblinski Mixaylovski məktəbini bitirmişdi.

1902-ci il iyul ayında Bakı teatr həvəskarları Rəhimbəy Məlikovun evinə yığılaraq tələbə Cuvarlinskinin nəfinə teatr vermək istəyirdilər. Nəcəfbəy Vəzirovun “Müsəbəti-Fəxrəddin” adlı əsəri seçilib, rolları paylandı, nədənsə adamımız çatmırdı. Çox danışıqdan sonra Nəcəfbəy yığışanlara müraciət edib dedi:

– Sizdən çox təvəqqe edirəm, əvvəla rollarınızı yaxşı öyrənərsiniz və Məhəmmədəlibəy Səlimbəyovu da suflyorluğa çağırarsınız. Görün tanış uşaqlardan kim varsa dəvət edin ki, sabah məşqə başlaya bilək. Kazımovski Hüseyn Xələfov adlı bir həvəskar yoldaşın olduğunu Nəcəfbəyə bildirdi və təkrar dedi ki, ona desə, yəqin, gələr. Nəcəfbəy təəcüblə: – Hüseyn Xələfov? – dedi – O ki, mənim şagirdimdir.

Nəcəfbəy Vəzirov ali təhsil almış meşəbəyi (aqronom) idi. Qarabağda anadan olub. İncəsənət işlərinə çox kömək edərdi və sevərdi. Hamımız ona səhnə müəllimi deyərdik.

Nəcəfbəy soruşdu: – Xələfov indi harda işləyir?

Kazımovski: – O indi işsizdir – dedi.

Nəcəfbəy başını bulayaraq: – Bakı boyda yerdə Hüseyn Xələfova iş tapılmır – dedi.

Mənim ilə Kazımovskiyə tapşırdı ki, səhər onu harda olsa tapaq və bizimlə yoldaşlıq etməyə dəvət edək. Məlikovgildən hamımız bir yerdə çıxıb gəldikdə Hüseyn Xələfov qoltuğunda bir neçə kitab bizə rast gəldi. Nəcəfbəy ilə salamlaşıb söhbətə başladılar. Mən də bir tərəfdə oturub bunlara qulaq asırdım.

Nəcəfbəy: – Eşitdiyimə görə sən işsizsən, bəs indi işsiz dolanmaq olar? –dedi.

– Mirzə, heç bilmirəm nə cür edim. Məktəbi bitirəndən sonra Bakını ələk-vələk etmişəm, daha bir müsəlman kontoru qalmayıb ki, ora müraciət etməyim, heç kəs məni qəbul etmir. Bəs mən insan deyiləm? Mən də yaşamaq istəyirəm. Acından ölməyəcəyəm ki, hər halda bir iş tapmaq lazımdır.

Nəcəfbəy: – Sən sabahdan gəl qoşul bizim teatr həvəskarlarına. Mən sənin üçün bir yer taparam, Allah bu müsəlman dövlətlilərinə insaf versin. Bunlardan hər nə desən çıxar. Beş vaxt namazdan başqa.

Mən söhbətə qulaq asmaqla bərabər Hüseyn Xələfova diqqətlə baxırdım. O, ortaboylu, qarabuğdayı, qaraqaş, qaragöz bir oğlan idi. Sağ qaşının üstündə balaca çapığı var idi. Onun iti baxışı və başındakı oynar papağı, mərdanə danışığı, danışarkən hərdən qaşlarını düyünləyib təbəssüm edərək əl ilə danışmağı adamı özünə cəlb edirdi. Xülasə, söhbətdən sonra Nəcəfbəy əlini Hüseynə uzadıb məni göstərərək dedi:

– Tanış ol, bu da həvəskarlardandır.

Hüseyn Xələfov gözlərini süzərək əlini mənə uzatdı:

– Hüseyn Xələfov.

Mən isə:

– Hüseynqulu Rzayev, – deyə əl verib tanış olduq.

Sonra Nəcəfbəy üzünü bizə tutaraq:

– Məni bağışlayınız, vacib işim vardır, getməliyəm. Odur, uşaqlar da gəlirlər, – deyə uzaqdan gələn bir neçə nəfəri göstərdi. – Sabahdan saat neçədə məşq təyin etdiyinizi mənə xəbər verərsiniz, – deyib getdi.

Biz isə sabah saat 6-da Rəhimbəygilə yığılmağımızı Hüseyn Xələfova bildirdik. Bir qədər uşaqlar ilə bağda gəzdikdən sonra sabah sözləşdiyimiz yerə yığılmaq şərtilə ayrıldıq. O günün sabahı Rəhimbəygilə Hüseyn vaxt-müəyyəndə gəlmişdi. Əlqərəz, “Müsibəti-Fəxrəddin” adlı əsərin rolları bölündü. Hüseynə haman əsərdə Hacı Murad rolu verildi və haman əsərdə Hacı Murad rolunu birinci dəfə Hüseyn oynadı.

İkinci tamaşa Nəcəfbəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” adlı komediyası idi ki, bunda Hüseyn Hacı Salmanın rolunu oynadı. Bununla yay mövsümü qurtarmaqda idi. Həvəskarların çoxusu tələbə olduğundan hər biri bir şəhərə gedəcək idi. Son tamaşamızı işsiz həvəskarların nəfinə oynamaq istəyirdik. Amma hansı əsəri oynayacağımızı qət etməmişdik. Əsər axtarırdıq. Bir çox fikirlərdən sonra Cuvarlinski tərəfindən tərcümə edilmiş “Evlənmə” əsərini oynamaq qərarına gəldik. Haman əsəri Murad Muradovun mənzilində çox çətinliklə məşq edib 1902-ci il avqustun 25-də tamaşaya qoyduq. Və mədaxilini də yuxarıda göstərdiyim kimi, işsiz həvəskarlara payladıq.

Haman mədaxildən Hüseyn Xələfova 10 manat pul çatdı, bununla da mövsüm qurtardı. Biz yay zamanı qışdakından çox tamaşa oynaya bilərdik, çünki yayda teatrlar boş olurdu. 1904-cü ilə kimi işimiz çox zəif gedirdi. Balaxanıda, Sabunçuda fəhlələr üçün oynayırdıq. 1904-cü il iyun ayında Balaxanıda Nəcəfbəyin “Yağışdan çıxdıq, yağmura düşdük” adlı komediyasını oynadıq. O zaman aşıq Vəlinin rolunu ifa etməyə adamımız yox idi. Hüseyn Xələfova təklif etdik ki, gərək aşıq Vəli rolunu sən ifa edəsən. Hüseyn çarəsiz qalıb aşıq Vəli rolunu oynadı.

Hüseyn vaxtının çoxunu teatr jurnalı və qəzetlər oxumağa sərf edərdi, sonra oxuduqlarını bizim üçün danışardı. Heç kəs də ona qulaq asmaq istəməzdi. Ona məsxərə edərdilər. Mənə həmişə gizlində deyərdi:

– Sən bunlara qulaq asma, bizim səhnəmiz belə qalmayacaq.

Mənim onun danışığından çox xoşum gələrdi və buna görə də mən onun yanına çox gedərdim. Mənim üçün məşhur rus aktyorlarından İvanov Kazilski, Stanislavski, Dalski, Adelheym qardaşlarından çox söhbət edərdi, onun söhbətləri məni bunun özünə və artistliyinə çox cəlb edərdi. Əbülfət Vəliyev də onun xətrini çox istərdi. Əbülfət Vəliyev Balaxanıda müəllim idi. Həmişə mən gəlib görərdim ki, Əbülfətlə teatrdan, incəsənətdən, rus ədəbiyyatından söhbət edirlər, mənim işim-gücüm bunlardan teatr sənətini öyrənmək idi.

1905-ci ilin iyulunda biz birinci dəfə olaraq Lənkərana qastrola getdik. Repertuarımız “Yağışdan çıxdıq, yağmura düşdük”, “Ev tərbiyəsinin bir şəkli”, “Müsibəti-Fəxrəddin” (Nəcəfbəy Vəzirov), “Dağılan tifaq” (Əbdürrəhimbəy), “Dursunəli və ballıbadı”, “Qırt-qırt” (Sundukyan) kimi əsərlər idi. Lənkəranda birinci tamaşamız “Müsibəti-Fəxrəddin” əsəri olmalıydı. Yenə də Rüstəm bəyin rolunu ifa edəcək adamımız yox idi. Əbülfət ilə mən Rüstəm bəyin rolunu Hüseynə verməyə razı idik. Hüseyn bunu eşidib çox şad oldu və bizə utanaraq dedi ki, mən özümə bir ləqəb tapmışam, xahiş edirəm afişada mənim adımı yazanda Xələfov yox, Ərəblinski yazın. Biz razı olduq və o gündən onun familiyası Ərəblinski oldu. Yoldaşlar yığılıb onu təbrik elədilər. Ona təklif elədilər, indi ki, familiyanı dəyişdirmisən, sən gəl bığlarını da qırxdır, ol lap tamam-kamal artist. Nəhayat, Hüseyn, doğrudan da, bığlarını qırxdırdı və onun bığ qırxdırmağını camaatdan başqa öz həvəskarlarımız da yaxşı qarşılamadılar. Ona məsxərə edib gülməyə başladılar. Gəmidə ikən yoldaşlar başladılar onu qorxutmağa ki, əgər rolunu yaxşı əzbərləməsən səni atacayıq dənizə, o yazıq da bu sözlərə inanırdı.

...Gəmidə günorta çörək zamanıdır, hamı yoldaşlar var, amma Hüseyn yoxdur. Başladıq axtarmağa, onu gəminin anbarından tapdıq – orada oturub rolunu əzbərləyirdi:

– Ədə, Hüseyn, dəli olmusan nədir? Biz zarafat edirdik, gəl çörəyini ye.

Nə isə, Lənkərana çatıb afişaları divarlara yapışdırdıq. Şəhərə səs yayıldı ki, Bakıdan artistlər gəlib, teatr verəcəklər. Əlqərəz, “Müsibəti-Fəxrəddin” əsərini tamaşaya qoyduq, haman gecə Hüseyn Rüstəmbəyin rolunu ifa edirdi. Fasilə zamanı müəllimlərdən Teymurbəy Bayraməlibəyov səhnəyə gəlib Ərəblinskini qucaqlayıb öpdü və ona bir dəstə gül bağışladı. Doğrudan da, Ərəblinski o gecə böyük məharətlə oynayırdı. İkinci tamaşamız Nəcəfbəyin “Yağışdan çıxdıq, yağmura düşdük” əsəri idi, bu əsərdə Ərəblinski Əşrəf bəyin rolunu ifa edirdi. Teymurbəy Bayraməlibəyov bizi öz evinə qonaq dəvət elədi. Bununla bərabər Lənkəranda mədaxılımız çox az olduğu üçün Bakıya qayıtmağa məcbur olduq. Bakıya qayıtdıqdan sonra işə ciddi yanaşmağa başladıq. Müqavilənamə bağlayıb dəstəmizin adını qoyduq. “Birinci müsəlman dram truppası”. Haman truppaya da İsmayılbəy Rüstəmbəyov müdir, Əbülfət Vəliyev müavin, Hüseyn Ərəblinski rejissor oldu, teatrın qardirobunu da mənə tapşırdılar. Ərəblinskiyə, Əbülfət Vəliyevə və mənə aktyorluq payından (markasından) başqa faiz də verirdilər. Haman bu üç nəfər professional sayılırdı. Teatrın inkişafı üçün repertuar axtarırdıq. Əsər yox idi. Nə edəcəyimizi özümüz də bilmirdik. Vəziyyət tazə əsər tələb edirdi. Çünki tazə təşkil olunmuş truppa özünü göstərməliydi. Tazə repertuar isə yox dərəcəsində idi. Nə isə, Bakı ziyalıları az da olsa bizim ilə hesablaşmağa başladılar və Mehdibəy Hacınski bizim yanımıza gəlib Şillerin “Qaçaqlar” adlı əsərin tərcümə edib qutardığını söylədi və əsəri bizə verməklə bərabər özüdə bizimlə yoldaşlıq etmək istədiyini bildirdi. Bu xəbər bizi bir qədər sevindirdi. Mehdibəy əsəri gətirib bizim üçün oxudu. Biz əsəri bəyənib oynamağı qət etdik. O günün sabahı Bədəlbəy Bədəlbəyovdan bir məktub aldıq:

– Saba saat 4-də truppadan xahiş edirəm ki, bizə gəlsinlər, onlara şad xəbər verəcəyəm.

O günün sabahı cəm olub getdik Bədəlbəygilə, Haşımbəy Vəzirovu orada gördük. Bədəlbəy bizi Haşımbəy ilə tanış etdi. Haşımbəy bizə yazıb qutardığı “Döymə qapımı, döyərlər qapını” adlı əsərini oxudu. Və bu əsərin oynanılmasını truppaya təklif etdi. Biz isə əsərin icazəsini hökumətdən özü almaq şərtilə oynamağa hazır olduğumuzu bildirdik. Çünki bizim gözümüz qorxmuşdu. Əsəri hazırlayıb tamaşaya qoymaq bizi o qədər qorxutmurdu, bizi ancaq əsərin oynanılmasına icazə almaq məsələsi qorxudurdu. Oynadığımız əsərə icazəni belə alırdıq: Əvvəla, əsərin məzmununu rusca yazmalı idik və bütün truppa gərək onu imzalaya idi ki, hökumətə toxunan bir söz olmasın. Hökumət afişanı göndərə idi Tiflisə, iki həftədən sonra oradan xəbər gələ idi, oynamaq olar ya yox. Əlqərəz, Haşımbəy mökəm söz verdiyi üçün biz başladıq əsəri məşq etməyə. Ərəblinski həmin əsərdə Güldəstə xanımın əri Bahadırbəyin rolunu ifa edirdi. Bir qədər keçəndən sonra Haşımbəyin ciddi çalışması nəticəsində əsərə izn verdilər. Tamaşada Ərəblinski öz aktyorluq sənətini göstərdi. Ağa Məmmədəlinin rolunu da Bədəlbəy oynadı. Bu tamaşadan sonra aktyorlar ittifaqı bir truppa təşkil etmək fikrində idi, odur ki, “Nicat” cəmiyyəti Mehdibəy Hacıbababəyovu bizim yanımıza göndərdi ki, biz “Nicat” cəmiyyəti üçün “Revizor” (“Müfəttiş” – red.) əsərini oynayaq. Çox danışıqdan sonra bu qərara gəldik ki, biz “Nicat” cəmiyyəti üçün “Revizor”u oynayaq, onlar bu turuppaya 100 manat versinlər.

“Revizor” əsərində Xlestakov rolunu Əlibəy Hacağa, Qorodniçi rolunu Mehdibəy Hacınski, poçta nazirini mən, Dobçinski rolunu Əbülfət Vəliyev, Bobçinski rolunu Ərəblinski ifa edirdi. Ərəblinski doğrudan-doğruya Bobçinskinin rolunu böyük məharətlə oynadı. O gecə “Revizor” əsərini oynamaq ilə truppa kütləyə imtahan verirdi. Bizdən iki gün sonra, okyabrın 24-də, rus truppası “Revizor” əsərini oynadı. “Kaspi” qəzetəsi yazmışdı ki, müsəlmanlar ruslardan yaxşı oynadılar. Sonra biz Ərəblinskinin padvalında, lampa işığına, Şillerin “Qaçaqlar” adlı əsərinin məşqinə başladıq. Rejissorluğa isə rus aktyorlarından Stepan İvanoviç Valentinovu dəvət etdik. “Qaçaqlar” əsərini məşq etdiyimiz vaxtlarda Mehdibəy Hacıbababəyov “Əlmənsur” adlı əsərini1 bizə verdi. Valentinov da bizə məsləhət gördü ki, əsərin hər ikisini məşq edək, hansını tez hazırladıq, onu tez oynarıq. Nədənsə “Əlmənsur” əsərini “Qaçaqlar”dan tez hazırladıq. Ərəblinski Fransın rolunu rusca hazırlayırdı, bunu Əbülfət ilə mən bilirdik. “Əlmənsur” əsərində Ərəblinski Əli Salim rolunu oynadı. Həmin rol Otello xarakterində bir rol idi. “Revizor” əsərində Bobçinski rolundan sonra belə bir ağır rolu ifa etmək o vaxt hər adamın işi deyildi. Ərəblinski Əli Salim rolunda özünün yaxşı bir sənətkar olduğunu camaata bildirdi. Qrimində, paltarında nöqsan yox dərəcəsində idi. Rus aktyorları da bizim tamaşada var idilər. Onlar Ərəblinskini bir məktəb qurtarmış professional aktyor zənn edir, səhnə arxasına gəlib Ərəblinski ilə tanış olub onu təbrik edirdilər. Tamaşamız olduqca yaxşı keçdi.

Xalq bizi sevirdi, repertuarımız get-gedə artırdı. “Əlmənsur” əsərindən sonra “Qaçaqlar” əsərinin hazırlığına başladıq. Fransın rolunu Hacıbəy Axundova tapşırmışdıq. Amma rejissor ondan razı deyildi. Əbülfət ilə mən Ərəblinskiyə demişdik ki, sən Fransın rolunu hazırla, bu rolu oynayacaqsan. Truppamızda bir neçə nəfər uşaqlar da Ərəblinskiyə paxıllıq edirdilər. Mən və Əbülfət talantlı bir aktyor olan Ərəblinskiyə kömək edirdik. Nə isə, Hacıbəy özünü zəif hiss etdiyi üçün Frans rolundan baş qaçırtdı. O vaxt bizim əlimizə fürsət düşdü. Biz dedik Fransın rolunu gərək Ərəblinski oynasın. Mehdibəy qorxurdu ki, Ərəblinski oynaya bilməsin. Biz Mehdibəyi çağırıb onu ələ aldıq və dedik ki, “balam, rejisorumuz var. Ərəblinskini buraxaq məşqə, əyər yaxşı olsa, nə üçün oynamasın. Karlın rolunu da sən oyna”. Rejissor ilə məsləhətləşdik, razı oldu. Bu şərt ilə ki, Karlın rolunu da Mehdibəy oynasın. Öz-özümüzlükda Ərəblinskiyə dedim ki, “Hüseyn, bizim başımızı uca etməkdən ötrü gərək bu rola yaxşı hazırlaşasan”. Ərəblinski, doğrudan da, gecələri yatmayıb ciddiyyətlə Fransın roluna hazırlaşırdı, birinci məşqi də suflyorsuz məşq elədi ki, yazmaq ilə mümkün deyil. Aktyorların hamısının xoruzunu verdi qoltuğuna. Amalyanın rolunu Mislavskaya oynayırdı. Hər cümlə başı rejissor ilə kollektiv Ərəblinskini alqışlayırdı. Artıq əsər hazır idi. Tamaşanı buraxmaq olardı. Odur ki, afişamız çıxdı, noyabrın 15-də “Qaçaqlar” əsərini tamaşaya qoyduq. Ərəblinski o gecə istedadla Fransın obrazını yaratdığına görə bütün tamaşaçıları və qəzetə müxbirlərini heyran elədi. Pərdə düşdükdən sonra gurultulu alqışlar altında “Ərəblinski! Ərəblinski!” sözləri teatrı doldurmuşdu. Ərəblinski dəfələrlə pərdə qabağına gəlib alqışlara cavab verməkdən yorulmayırdı. O gecə bizim truppa üçün tarixi bayram idi. Bütün truppamız alman dahisi Şillerin “Qaçaqlar” əsərini təntənəli oynadığımız üçün fəxr edirdi. O gecənin səhəri “Kaspi” qəzetəsində “Qaçaqlar” əsəri haqqında həddindən böyük bir tərif məqaləsi çıxdı. Truppa adlandı. Hər yerdə “Ərəblinski-Ərəblinski” adı dillərdən, ağızlardan düşmürdü. Bu tamaşadan sonra Əbülfət ilə mənim Ərəblinskiyə yoldaşlıq məhəbbətimiz daha da artdı. Truppamız üç nəfərin əlində idi. Ərəblinski, Əbülfət və mənim.

Teatr mövsümü qurtardı. Yay gəldi. Yoldaşlar hər biri bir yana çıxıb getdi. Qaldıq üç nəfər adam. Ərəblinski artıq adlı-sanlı, məharətli, talaltlı bir aktyordur. Yaxşı geyinmək; yaxşı yaşamaq istəyir, məşhur bir adamdır. Amma heç bir yerdən köməyi yox. Proletarskaya (sabiq Serkovnı) küçəsində bir evi, bir-iki kirayənişini, 3000 manat da bankda borcu var idi. Evdən gələn mədaxili bilmirdi özü yesin, ya bankın borcunu versin. Həyat Ərəblinskini sıxırdı. Bizə şikayət edirdi. “İndi mən nə edim, hamballığa, fəhləliyə gedə bilmərəm”. Hansı Bakı milyonerlərinin kontoruna gedib qulluq istəyirdi, onu rədd edirdilər. Əbülfət Balaxanıda rus dili müəllimi işləyirdi. Maaşını alıb Ərəblinski ilə bölürdü. Mənim də əlacım kəsilib Bakıda, İçərişəhərdə səkkiz nömrəli su budkasında su satırdım. Mən öz-özümə deyərdim ki, gərək Ərəblinskiyə kömək edib onu saxlayaq. Ərəblinski işsizlikdən, fikirdən əsəbləşirdi. Mən səhərlər onlara gedirdim. Onun küçə qapısından girən yerdə iki qaranlıq və rütubətli otağı var idi. Pəncərəsi dalana baxırdı. Mən yavaşca gəlib pəncərəni tıqqıldadardım. Onun qoca anası qapını açardı. Soruşardım: “Ana, nə var, nə yox?” Anası iki barmağını ağzına qoyub yavaşdan deyərdi: “A balam, yavaş danış, Hüseyn yatıb, oyadarsan, durar başlar qışqırmağa”. Mən məsələni o saat başa düşərdim ki, lotunun pulu yoxdur.

– Ana, niyə çay qoymursan? – deyə soruşardım.

Cavabında anası:

– A balam, çayı hardan qoyum, nə çay var, nə də qənd, bu da günortayacan yatır. İşə-gücə getmir, pulu bacadan tökməyəcəklər ki. Mən danışanda mənim üstümə qışqırır: “Ana, Allah xatırına sən mənim işlərimə qarışma”. Mən də qorxumdan danışmıram. Oğlumu artist eləyib avara qoyanı, görüm avara qalsın.

Mən deyərdim: “Eybi yoxdur, ay ana! Yaman günün ömrü az olar. Hələ mən ölməmişəm. Di tez ol, kömür kisəni mənə ver. Mən gedirəm bazara, mən gəlincə külünü boşalt su tök, bu saat gəlirəm”.

Mən kömür kisəsini götürüb – qonşuluqda tində bir baqqal dükanı var idi – ordan kömür, qənd, çay, pendir, çörək, bir paçka “Limonnı” ya da “Kerç” papirosu alardım (çünki Ərəblinski bu papirosu çox sevərdi) tez evə qayıdardım. Aldığım şeyləri yerə qoyub, anaya kömək edib samovara od salıb, stolu hazırladım. Çayı dəmləyəndən sonra bərkdən söhbət etdiyim üçün səsimə Ərəblinski ayılardı, bərkdən çığırardı: “Ana! Kim var orda?”

– Hüseynqulu, sənsən?

– Mənəm!

– Gəl-gəl, – deyə çağırardı. Mən ona yanaşdıqda Hüseyn gözlərini açıb mənə baxardı:

– Hüseynqulu, papirosun var?

– Hüseyn can, var, var. Özü də lap döşünə düşən papiros, “Limonnı”.

Qabağına tutardım, bir dənə götürərdi. Mən hamısını ona verərdim: – Al, sənin üçün almışam. Mənim papirosum var.

– Ay Hüseynqulu, mənə xəcalət verirsən!

Mən deyərdim: – Dəli olma, sən papirosunu çəkməkdə ol, mən çay düzəldim.

– Çay hardan, dəli olmusan nədir?

– Çay da var, çörək də var, yaxşı pendir də var. Samovar da qaynayır. Dur əl-üzünü yu, çay içək.

O saat yerindən sıçrayıb xalatını geyib qolunu salardı mənim boynuma. Anasına deyərdi:

– Ana görürsən, bu mənim qardaşımdır, qardaşım. – Sonra üzünü mənə tutub deyərdi: – Vəli də bu saat gələr.

Hüseyn əl-üzünü yuyub gələrdi. Birdən mənim yadıma düşərdi ki, dükanda əl qoyunu kəsiblər.

– Hüseyn, Vəli gəlincə mən gedim bu dükandan iki girvənkə bozbaşlıq ət alıb bu saat gəlim.

Onlar çay içməyə məşğul oldular. Mən isə gedib əti aldım, gətirdim verdim Hüseynin anasına.

– Ana, biz özümüz çay tökərik, sən bunu bizim üçün günortaya yaxşı bir bozbaş bişir.

– Bişirim, ancaq...

– Noxud, turşu, soğan yoxdur, hə?.. Eybi yoxdur mən bu saat gedib alaram, – deyə gedib tez alça qurusu, soğan, noxud, sumax alıb qayıdardım. Mən gəlincə Əbülfət də gəlib çıxardı. Bir qədər söhbət etdikdən sonra mən:

– Ana, sən bozbaşın tədarükündə ol. Biz gedirik. Hər üçümüz geyinib gedərdik. Haman gün bir qədər gəzdikdən sonra evə gəldik. Ərəblinskinin anası:

– Ay balam, indi bu saat bir nəfər cayıl oğlan səni xəbər aldı, mən dedim evdə yoxdur. Bu kağızı verdi getdi.

Hüseyn kağızı alıb oxudu: “Əziz yoldaşım Hüseyn! Evdən bir yana getmə, məni gözlə, bu saat qayıdıram. Səninlə vacib işim var. İsmayılbəy”.

Hüseyn kağızı oxuyub qurtarmamışdı ki, İsmayılbəy gəldi. Ərəblinski: –Cənab Rüstəmbəyov, xeyir ola? Sən mənim kasıb komama xoş gəlmisən.

İsmayılbəy cavabında:

– Kasıb komanın içində dövlətli adam yaşayır – deyə zarafatlaşdı.

Ərəblinski: – Ay İsmayılbəy, bu sözlər ilə nə demək istəyirsən?

– Onu demək istəyirəm ki, gözün aydın olsun, senzur əsəri göndərib.

Bu xəbər bizi sevindirdi. Haman əsər “Dövləti-bisəmər” idi. Rüstəmbəyov onu çoxdan yazırdı. Əsər Bakı dövlətlilərinin xəsisliyindən danışırdı.

Rüstəmbəyov:

– Amma canın üçün, Hüseyn, sənin üçün bir yaxşı rol yazmışam, dəxi bundan artıq dövlət nə istəyirsən? Mən bu əsəri yazırkən Ərəblinski gəlib gözümün qabağında dayanırdı.

Ərəblinski gülə-gülə:

– Dəxi ələ salma da...

Rüstəmbəyov:

– Canın üçün düz deyirəm! Di yaxşı, mən gedirəm – deyə Rüstəmbəyov ayağa qalxarkən Ərəblinski: – Hara, dayan, bozbaşımız var, nahar edib sonra gedərsən – dedi.

Rüstəmbəyov: – Çox sağ ol. Bozbaş ilə başımızı aldada bilməzsən. İnşallah əsər oynanandan sonra plov verəcəksən. Sabah görüşərik, xudahafiz, – deyə hamı ilə görüşüb getdi. Mən Ərəblinskinin anasına: – Ana, – dedim – sən bozbaşı çək, mən gedim iki dənə dağlı çörəyi alıb gəlim. Mən qapıdan çıxanda gördüm rejissorumuz Valentinov da Hüseyngilə gəlir, mən onunla görüşüb Hüseynə dedim “Bunu saxla bozbaş yeməyə, mən bu saat qayıdıram”.

Mən tez çörəyi alıb evə qayıtdıqda gördüm bozbaş qazanı yerdədir. Valentinovun damağında siqar, üzünü çevirib pəncərəyə tərəf, küçəyə baxır. Vəli mizə söykənib, əli çənəsində, Hüseyn qanıqara evin içində gəzişir. Anası oturub kürənin dibində, başını aşağı salıb dodaqaltı nə isə deyinir. Mən beş dəqiqə bundan qabaq qoyub getdiyim adamları bu cür gördükdə təəccübümü gizlədə bilməyib anaya müracətlə:

– Ana, nə olub, bozbaşı çək yeyək də, nə durmusan?

Ərəblinski qaltanlı səs ilə:

– Yavaş ye, boğazında qalar.

– Nə olub axı? Bir deyin görək də?

Kimsə cavab vermədi. Sən demə... Ərəblinskinin anası qoca arvad idi, gözləri yaxşı görmürdü. Bozbaşın ətini qazana salanda ət qarışıq qab dəsmalınıda salır qazana... Mən əhvalatı biləndən sonra bozbaşa heyfim gəldisə də ancaq mənə bir gülmək gəldi ki, nə deyim amma Ərəblinskinin qorxusundan özümü güc ilə saxlayırdım. Vəliyə baxdım. Vəli də gülümsəyərək üzünü çevirdi divara. Mən isə Ərəblinskiyə: “Eybi yoxdur, – dedim, – canın sağ olsun, işdir, düşəndə düşər”. Ərəblinski hirsi soyuyan kimi anasına: – Ay arvad, – dedi – biz cəhənnəm, bu kişinin yanında biyabır olduq – deyə Valentinovu göstərdi. Mən onu sakit etmək məqsədilə:

– Rəhmətlik oğlu, – dedim – nə olub məyər, adam da düşüb ölür. İş naavand düşəndə patava diş çıxardar, gəlin gedək “İslamiyyə”yə, mənə qonaqsınız.

Hamı durub getdik “İslamiyyə” mehmanxanasına, çörək yeyib bir qədər söhbət və gülüşdükdən sonra bir-birimizdən ayrıldıq. Sabahı günü yoldaşları yığıb “Dövləti-bisəmər” əsərinin məşqinə başladıq. Əsərdə bir yengə rolu var idi. O yengə gərək oxuyub-oynaya idi. Bu rol üçün adam yox idi. Qalmışdıq məəttəl, bu rolu kimə verək, yoldaşlardan dedi, gəlin Mirzə Muxtarı çağıraq, bu rolu verək ona, hamımız razı olduq. Rəhimbəy Mirzə Muxtarı tapıb gətirdi. Bizim ilə yoldaş olmaq şərtilə Mirzə Muxtar o rolu boynuna götürdü. Amma bina məsələsi çox çətin məsələ idi, harada oynayaq? Bakıda bir Tağıyevin teatrı idi ki, o da yay münasibətilə bağlı idi. Gedib teatrın bizə verilməsini istədik, vermədilər. Çarəmiz kəsildi, şəhər bağının yanında bir artistlər klubu var idi, oranı çox danışdıqdan sonra iki gecəyə aldıq, tamaşa gecəsi təzə əsər olduğu üçün yaxşı gəlirimiz oldu. Yuxarıda göstərdiyim kimi “Yengə” rolunu Mirzə Muxtar ifa edirdi. O oynayanda qrim eləməzdi. Bığının üstündən bir yaylıq bağlayıb, uclarını daldan düyünləyib, başına bit kəlağayı örtüb, əyninə də bir tumanı geyib hazır durmuşdu, öz növbəsi gəlirkən səhnədə bu sözləri oxuyaraq oynamağa başladı:

Əriştə oldu toy aşı,

Ona qarışdı göz yaşı.

Açılmadı o gün başı,

O Hacının qabağı-qaşı

O toyda mən də var idim,

O toyda mən də var idim.

 

İki quda bir birinə

Baxdılar qıyqacı.

Qaragözlü, qaraqaşlı

Bişməmişdi heç turacı.

O toyda mən də var idim,

O toyda mən də var idim.

Mirzə Muxtar mahnını oxuyub oynamağa başladıqda salonda gülmək səsindən qulaq tutulurdu. Mirzə Muxtar rola elə girmişdi ki, hətta səhnədə qadın olmağı yadından çıxmışdır. Birdən bığı üstündə olan dəsmal çənəsinə düşdü. Camaat bu halı görcək gülmək səsi daha da şiddətləndi. Mirzə Muxtar elə güman edirdi ki, camaat onun yaxşı oynamağına gülür, odur ki, heç kəsə fikir verməyib öz işində idi. Bu halda başındakı şalı sürüşərək çiyninə düşdü və başı göründü, səhnə arxasından Ərəblinski əsəbi: – Mirzə bığını ört, başın görsənir, şalın düşüb – deyə qışqırırdı. Kimdir qulaq asan; o öz işində idi, mahnını oxuyub, atlanıb düşürdü, qəflətən tumanın bağı qırıldı, tuman dizinə düşdü və Mirzənin şalvarı da göründü. Camaat əl çalmağa başladı. Səhnədə olan artistlər gülməkdən bir söz deyə bilmirdilər, camaat artistlərə, artistlər camaata qarışmışdı. Ərəblinski səhnə arxasından hirslənib qışqırırdı: “Biyabır olduq, biyabır olduq”. Ancaq gülməkdən qulaq tutulurdu, Mirzə birdən ayılıb özünü belə gördükdə bir saniyə sükutdan sonra tumanını yuxarı çəkərək səhnə arxasına qaçdı, biz də pərdəni salmağa məcbur olduq. Bu qəziyədən sonra qət elədik ki, mümkün qədər cəhd eləyək kişiyə arvad rolu verməyək. Haman əsərdə Ərəblinski student Ağabalanın rolunu oynayırdı. Bu nizamsızlığa baxmayaraq Ərəblinski öz rolunu elə məharətlə oynayırdı ki, gülməyi və nizamsızlığı camaatın yadından çıxardıb salondakıları ağlamağa məcbur edirdi. Ərəblinskinin talantı, qabiliyyəti o qədər yüksək idi ki, o nizamsızlıqdan sonra salonu qaydaya salıb, camaatı özünə cəlb edə bildi. Tamaşanın sabahı Ərəblinski dedi ki, yengənin rolunu gərək qadın oynasın. Hərgah qadın oynamasa, mən oynamayacağam. Nə olursa-olsun gərək aktrisa tapaq. Ərəblinskinin xatirəsi üçün aktrisa Mislavskayanın yanına gedib, çox yalvar-yaxardan sonra onu o rolu oynamağa razı etdik...

Sonra gündüz tamaşaları verməyə başladıq. Gəlirimiz çox az olurdu, xərcimiz çox... O vaxt teatra gələnlər bazar camaatı, alverçilər, Bakı qoçuları idi, bunlar teatrda vaxtlarını keçirməyə gəlirdilər. Ziyalılar da gəlirdi, amma çox az dərəcədə. Bununla bərabər Sabunçudan, Balaxanıdan, Bibiheybətdən, Bayıldan buruq ustaları və fəhlələr də çox gəlirdilər.

Amma onlar ucuz bilet alırdılar. Tamaşadan sonra yorğun, haqq-hesab eləməyə əyləşirdik; teatrın kirayəsi, afişa-pulu, elan xərcləri. Afişa yapışdırana zəhmət haqqı, rekvizitora, butafora, bərbərə, səhnə işçilərinə, biletə baxanlara, kassir, fayton pulu, aktrisaya paltar kirayəsi, səhnə quruluşçusu, mantyorlar, əlqərəz, o qədər xərc olardı ki, mədaxil bu xərcləri güc ilən ödəyirdi. Arada zəhmət bizə qalırdı. Məsəl var deyərlər, aldım qoz, satdım qoz, mənə qaldı şaxşaxı. Çox vədə tamaşadan sonra cibimizdən pul qoyardıq. Ərəblinski ilə Əbülfət Vəliyev zərərdən azad idilər. Çünki bütün teatrın zəhməti onların boynunda idi. Bu vəziyyət ilə belə biz ruhdan düşməzdik. Tamaşaları bir-birinin dalınca verərdik. Fikrimiz elə bu olardı ki, Ərəblinskinin payına qəpik-quruş düşsün ki, o işdən soyumasın. Çox vaxt tamaşa başlanmazdan qabaq pərdənin dalından salona baxardıq ki, görək camaat varmı? Yoldaşlardan biri kassadan yügürə-yügürə gəlib bizə deyərdi: “Üç dörd nəfər gəlib dörd loja, beş-altı dənə də birinci sıra aldılar”. Ərəblinski bunu eşidən kimi: “durmayın, gedək qrim edək, – deyirdi – biz hazır olana kimi bir qədər də bilet satılar”. İkinci bir yoldaş gəlib deyərdi: “Kassanın qabağında çox adam var, bir az dayanın, bilet alsınlar”. Bir başqa yoldaş: “İzbor bəd deyil, siz başlayın” – deyərdi.

Ərəblinski: – Suflyor yerindədir?

Elə başlamaq istəyərdik ki, icarədar gəlib pərdəni açmağa qoymazdı: “Əvvəl teatrın kirayəsini verin, sonra başlarsınız”. Ərəblinski əsəbiləşərdi: “Bizi kim hesab edirsiniz? Quldur deyilik ki...” Biz Ərəblinskini sakit edərdik, gedib icarədarın pulunu tapıb verərdik ki, başlayaq... Ərəblinski: – Dayanın, dayanın, suflyor yerindədirmi?

Ora suflyor, bura suflyor, saat doqquzdur, ələ suflyor gəlməyib. Ərəblinski dübarə əsəbləşərdi və camaat darıxıb başlardı əl çalmağa. Camaatı sakit eləmək üçün, yoldaşlardan biri çıxardı pərdənin qabağına. Pərdə qabağına çıxan ağzını açmamış, sözünü ağzında qoyardılar: – “Hə, nə deyəcəksən, başlamağı saat 8-də yazmısınız, saat 9-dur hələ başlamamısınız. Teatr çıxardan gərək vaxtında hazır olsun. Biz müsəlman teatrosunu elə belə gördük. Daha tövbə olsun bir də müsəlman teatrosuna gələk”. Pərdə qabağındakı sözü ağzında qalıb qayıdardı səhnəyə. Ərəblinski başının tükünü yolardı: “Biyabır olduq camaatın qabağında. Ay uşaqlar, suflyor yoxdur yoxdur, bəs kitab kimdədir?” Uşaqlardan kimsə, “kitabı suflyor özü ilə aparıb – deyərdi. – Salonda nizamsızlıq başlardı.

Səhnədə aktyorlar dəyərdi bir-birinə. Haçandan-haçana suflyor sallana-sallana gələrdi. Ərəblinski: – A balam, böylə olmaz axı, biz camaat arasında biyabır olduq – deyərdi – belə-belə işlər teatrdan camaatı qaçırdar. Bizə yazığınız gəlsin, nə üçün bizi biyabır edirsiniz”. Suflyor acığı gəlmiş kimi: “Nə olub məyər, – deyə cavab verərdi, – işimizi, gücümüzü atıb gəlib sizin üçün suflyorluq eləməyəcəyik ki, mənim bundan nə xeyrim var. Mənə qızıl əşrəfi verəcəksiniz ki, buyurun, bu da sizin kitabınız, çox danışsanız çıxıb gedərəm”.

İşi belə gördükdə Vəli ilə mən, birimiz, Ərəblinskini sakit etməyə məşğul olardıq, o birimiz suflyordan xahiş edərdik, bir tövr ilə onu razı salardıq. “Hə, tez olun, işığı söndürün, camaat sakit olsun başlayaq”. Nə isə, aktyorlar hamısı əsəbləşmiş, yorğun, elə oyunu başlamaq istəyirdik ki, bu yandan aktrisa başlayardı: “Qrim odası qaranlıqdır, paltarım köhnədir, ütülənməyib, mən səhnəyə belə çıxa bilmərəm”. İndi də başlardıq buna yalvar-yaxar eləməyə, “ay xanım, başına dönüm, indi vaxtı deyil, sonra söhbət edərik”.

Ərəblinski lap özündən çıxardı: “A kişi, bu bizim lap canımızı yığdı boğazımıza. Ay möhtərəm xanım, biz nəyin fikrindəyik, sən nəyin fikrindəsən. Keçi can hayında – qəssab piy axtarır...”

Ərəblinskinin sözü xanıma acıq gəlib, soyunmağa başlayır və ağır cavablar qaytarırdı: “mən bu saat gedirəm...”

Ərəblinski: – Gedişin olsun, gəlişin olmasın. Elə get ki, necə gedənlərim getdi. Adını aktrisa qoymusan, səhnədə bir-birinin dalınca ləbləbi deyə bilmirsən...

Yenə Əbülfət ilə düşərdik ortalığa, başlardıq zor-bəla ilə bunları sakit eləməyə. Nə başını ağrıdım, tamaşanı saat 10-da başlayıb saat, birdə qurtarardıq. Müharibədən çıxmış adam kimi hər kəs yorğun öz evinə qayıdardı, bunun səhəri bir yerə cəm olub çarə axtarırdıq. Ərəblinski deyərdi: “Zəhmətimiz cəhənnəm, həmi oynayaq, həmi də cibimizdən pul qoyub icarədarların cibini dolduraq. Biz işləyirik, xalq yesin. Vallah bir qulluq olsa idi, gedərdim. Asudə bir parça çörək tapıb yesəm bundan min pay yaxşıdır.

Əbülfət başlardı Ərəblinskini sakit etməyə. Biz belə vaxtlarda həmişə onun könlünü alıb sakit edərdik. Bir gün Hüseynə dedim: Əbdürrəhimbəy Tiflisdən gəlib, gedək onun yanına.

Ərəblinski razı oldu, geyinib getdik “İslamiyyə” mehmanxanasına. Əbdürrəhimbəylə görüşəndən sonra o, bizi təbrik elədi:

– Uşaqlar, gözünüz aydın olsun, “Ağa Məhəmməd şah Qacar” əsərinin icazəsini almışam.

Ərəblinski: – Çox da icazə almısan. Oynamaq üçün gərək aktyor olsun, aktrisa olsun, teatr olsun, paltar olsun, quruluş olsun, məşq üçün yer olsun... necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa.

Əbdürrəhimbəy: – Hüseyn, mən səndən bunu gözləməzdim. Sən aktyorsan, zəhmət çəkib məşq edərsən, Ağa Məhəmmədi olduğu kimi oynarsan, xalq səni alqışlayanda hamısı yadından çıxar. Amma, Hüseyn, sənin canın üçün, Ağa Məhəmməd nə sənin rolundur. Səni qoymuşam qabağıma, Ağa Məhəmmədi yazmışam.

Bu söz Ərəblinskiyə bərk toxundu:

– Mən məgər belə çirkinəm ki, məni ona oxşadırsan? O tövr qan içən cəllada! Dünyada adam qurtarmışdı məni oxşatmağa? – deyə papağı ilə ağacını götürüb acıq eləyib getdi.

Əbdürrəhimbəy dalınca – Hüseyn! Hüseyn! – deyə çağırdı. Ərəblinski qulaq asmayıb getdi. – Canım, bu nə iş idi oldu, mən onun könlünü sındırmaq istəmirdim. Mən Hüseynin xətrini çox istəyirəm. Onun sınıb getməsi yaxşı olmadı, – deyə Əbdürrəhimbəy dilləndi. Dedim: “eybi yoxdur, biz onun könlünü alarıq”.

İki gündən sonra bir quzu kəsib Əbdürrəhimbəyi, Ərəblinskini, Əbülfəti və yoldaşlardan bir neçəsini İçəri şəhərdəki evimə qonaq çağırıb onları barışdırdım. Əbdürrəhimbəy: – Hüseyn, sən məndən nahaq incimisən, mən səni Ağa Məhəmməd şaha oxşatmıram, mən sənin talantını və aktyorluğunu gözümün qabağına gətirib onu yazmışam. Sən mənim əzizimsən. Mən yenə təkrar edirəm. O əsəri mən sənin üçün yazmışam.

Ərəblinski gülə-gülə: – Eybi yoxdur, – dedi – mənim də səndən bir xahişim var, sən Allah əsər yazanda eləsini yaz ki, arvad rolu az olsun. Vallah bu aktrisa məsələsi mənim gözümün qabağında bir dağ kimi durub.

Əbdürrəhimbəy: – Hüseyn, səndən qabaq mən onu fikirləşmişəm. Odur ki, “Ağa Məhəmməd şah Qacar” da heç arvad rolu yoxdur.

Bu söz Ərəblinskiyə çox xoş gəlib Əbdürrəhimbəyi qucaqlayıb öpdü və onun sağlığına içdik. Bu məsələdən sonra qət elədik ki, uşaqları yığıb teatr mövsümü üçün “Ağa Məhəmməd şah”ı hazırlayaq. Bu zaman Əlabbas Rzayevin də suflyorluğu təyin olundu.

...Əbülfət, mən, Ərəblinski, Əbdürrəhimbəy dəniz kənarında gəzirdik, bu aralıq Cahangir Zeynalov bizə rast gəldi. O, Əbdürrəhimbəylə görüşdükdən sonra soruşdu: – De görüm, əlidolu gəlmisən? Bu sənin öz sözündür ki, “Dağılan tifaq” əsərində yazmısan.

Əbdürrəhimbəy: – Əlidolu gəlmişəm. Əsərə icazə verdilər. Kəblə Cahangir, bu barədə gərək sənin də köməyin olsun, necə bir köhnə artist.

Cahangir: – Balam, bunlar heç məni saymırlar ki...



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info