Qonaq Kitabı
V Hissə

– Bu da Tehranın görkəmli azadxahı! Danışığına bax... Ölkəni viranə qoyurlar, bu isə deyir: bizi dinsizlərdən xilas edirlər... Sən gələn günə daş düşəydi belə vali! Gedək, qardaş, gedək. Elçisi gülüm olanın, başına külüm olar...

Hacı Həsənəlinin oğlu bu xəbərləri söyləyəndə atası qulaqlarına inanmadı. “Yəni insan da bu tezliklə öz donunu dəyişdirər?!”

– Nökərlərə tapşır, qapıları möhkəm bağlasınlar. Özün də pəncərələri sal, Şeyxi çağır gəlsin.

Günəş qızıl saçaqlarını yığışdırıb çəkildi. Adını azadxah qoyan valinin xəyanətindən günəş də xəcalət çəkirmiş kimi, Eynəli dağının dalında gizləndi. Hər tərəfi qaranlıq bürüdü.

Sərxoş kazaklar küçələrə dolub, qapıları döyməyə başlayanda adamların ah-fəğanı göylərə ucalırdı...

8.

Xiyabani zirzəminin arxa tərəfində bir-birinin üstünə qalanmış odunlardan bir neçəsini götürüb, özü üçün səndəl düzəldib oturdu. Olub keçənlər bir-bir gözləri qarşısında canlanırdı. Indi onun əlində qələm və qələmdan əvəzinə balaca bir tapança vardı. Barmaqları soyuq tətiyə ilişib qalmışdı. Kiçik pəncərədən içəri soxulan qaranlıq özü ilə cürbəcür xəyallar da gətirirdi. Həyətə girib-çıxan adamları gördükcə Xiyabaninin ürəyi həsrətlə döyünürdü. Dürdanə ilə uşaqları bir an belə fikrindən çıxmırdı. Bu tənhalıq ona uşaqlığını, gəncliyini, ata-anasını, daha çox Fatı nənəni xatırlatdı. Vuruşmalar, mübarizələr, ədalət uğrunda həlak olmuşlar get-gedə xəyalında canlanırdı. Ona ən çox təsir edən son günlərin hadisəsi idi. Milli qoşunun rəisi Seyid Hüseyn xanın xəyanəti, Mahmudun son zamanlar Sərhəngzadədən etdiyi narazılıqlar, nəhayət, Hacı Həsənəlinin evində gizlənməsi onun düşüncələri içində gah əriyir, gah da canlanırdı. “Əsil günlər hələ qabaqdadır. Mübarizə indi-indi başlanır...”

9.

Yarası bağlanandan, bir fincan süd içəndən sonra Mahmud nisbətən sakitləşmişdi. Hərdənbir gözlərini yumub inildəyirdi. Ən çox onu maraqlandıran şəhərin vəziyyəti idi. Tez-tez Xiyabanini soruşurdu.

Qaranlıq təzəcə düşmüşdü ki, həyət qapısı döyüldü. Siranuşla Şuşanik qorxa-qorxa bir-birinin üzünə baxdılar: “Bu vədə kim olsun?” Bayaqdan bəri gözlərini yumub mürgüləyən Mahmudu onlar yatmış bilirdilər. Qapının döyülməsini eşitcək gözlərini açdı, zəif səslə dedi:

– Ola bilsin ki, mənim burada olduğumu öyrəniblər. Tapançamı yanımda qoyub, özünüzü qurtarın. Düşmənin əlinə düşmək ölümdən də pisdir.

Mahmudun bu sözləri Rəşidə çox ağır gəldi. “Necə yəni özünüzü qurtarın? Yaralını düşmən əlində qoyub qaçmaq? Bu ki namərdlikdir!” Yerindən sıçradı, tüfəngini doldurdu. “Getmə, getmə” – deyib yalvaran Şuşanikə baxmadan, sürətlə otaqdan çıxdı. Iri addımlarla həyət qapısına çatanda tüfəngini divara söykəyib, tapançasını hazır tutdu. Rəşid qapını soruşmadan açacağını müəyyənləşdirmişdi. Kazak olsa tapançadakı bütün güllələri onun ürəyinə boşaldıb, sonra tüfəngini götürəcəkdi. Elə buna görə də soruşmadan qapını açdı. Tapançası düz əmisi oğlu Əmoşun sinəsinə söykəndi.

– Nə edirsən, ədə?

Rəşid Əmoşun səsini tanıdı, qolları sustaldı.

– Vay, əmoğlu, azca qalmışdı əlimdən xata çıxsın ha...

Rəşidin bir kazakla gəldiyini görən qadınlar təəccübdən çaşbaş qaldılar. Evdə Rəşid Mahmudun yaralandığını və onu evində gizlətdiyini Əmoşa danışdı.

– Sən gərək bu işlərə qarışmayaydın, Rəşid. Indi ki, qarışıbsan, darvazalar tutulmamış, buradan çıxıb getməlisən.

– Bəs bunlar? – Rəşid dəhlizdə durub, onlara qorxa-qorxa baxan qadınları göstərdi.

– Elə onları da özünlə aparmalısan.

– Bəs içəridə yatan yaralı?

– Hə, doğru deyirsən, əsas odur.

Qadınlar Əmoşu tanıdıqdan sonra onunla görüşdülər. Bir-birilə hal-əhval tutdular.

Mahmud Əmoşun qadınlarla səmimi görüşdüyünü görüb sakitləşdi.

Əmoş Mahmuda ürək-dirək verməyə başladı:

– Mən Rəşiddən soruşdum. Yaranız çox da qorxulu deyil. Indi hər tərəfi axtarırlar. Həkim birdən...

Mahmud onu başa düşüb, sözünü kəsdi:

– Yox, həkim elə adam deyil. O bizi satmaz. Sən mənə de çöldə nə var, nə yox?!

– Çoxlu adam tutublar. Lakin Xiyabanini tapa bilməyiblər. Ölüsünü gətirənə min tümən, dirisini gətirənə beş min tümən pul vəd ediblər. Indi bizim kazak serjantları ov tulası kimi qapı-qapı düşüb onu axtarırlar. Siz qaş qaralan kimi, Allaha təvəkkül deyib, buradan çıxmalısınız, yoxsa ikinizi də tutarlar. Onda mənim əlimdən heç nə gəlməyəcək.

– Biz buradan nə cür çıxa bilərik?

– O mənim boynuma. Siz narahat olmayın...

Mahmud etiraz etdi:

– Xiyabani, Badamçı və başqa yoldaşların vəziyyəti məlum olmayınca, biz necə qaça bilərik?!. Yox, mən onlardan xəbərsiz heç yana gedə bilmərəm.

– Siz dünyagörmüş, oxumuş bir adamsınız. Əgər Xiyabaniyə sizin bir mənfəətiniz dəyə bilsəydi, mən də Təbrizdən çıxmanızı məsləhət görməzdim. Hələ ki, mən də buradayam, gözdə-qulaqda olaram: onun haqqında nə bilsəm, quş qanadında da olsa, sizə çatdıraram.

– Səncə, biz haraya getsək yaxşıdır?

– Mən sizi Sofiyana kimi aparıb ötürə bilərəm. Oradan o yana ixtiyar özünüzdədir. Istəsəniz, lap Makuya gedin, istəməsəniz, Yeganda qalarsınız.

– Makuya. Iqbalüssəltənənin yanına getmək? Bu ki, yağışdan qaçıb, doluya düşməkdir.

– Yox, elə deyil. Bizim Maku torpağı Xoyun Məqbərə küçəsinə oxşayır. O küçəyə daxil olan hər adam Məqbərənin himayəsində olur. Maku torpağına pənah gətirən adam da Maku sərdarı İqbalüssəltənənin himayəsində hesab olunur. Belə adamları düşmən əlinə vermək orada adət deyil.

Rəşid də əmoğlusunun dediklərini təsdiq etdi. Bir azdan Əmoş durub getdi. Rəşidlə qadınların ürəyi sakit olsa da, Mahmud narahat idi, nədənsə Əmoşa inanmırdı.

– Əmoş doğru deyir. Bugünkü hadisənin xəbəri ətrafa yayılmadan biz şəhərdən çıxmalıyıq! – deyə Rəşid otaqda hökm sürən ağır sükutu pozdu.

Mahmud güldü:

– Sizin bu baş serjantın işi qara qul məsələsinə oxşayır. Qara qul qucağında bir uşaq tutmuşdu. Uşaq dayanmadan ağlayır, o da “qorxma, qorxma” – deyirdi.Yoldan ötən bir adam onu dayandırıb dedi:

– Bu yazıq uşaq elə sənin özündən qorxur ki...

Mahmudun çəkdiyi məsələdən nəticə çıxaran Rəşid dedi:

– Siz Əmoş barəsində bədgüman olmayın. O, kazak olsa da, mənim əmim oğludur. Mənə inandığınız kimi ona da inana bilərsiniz.

– Dünya yığılıb gəlsə də, mən sənə inandığım qədər ona inana bilmərəm. Mən ona inansaydım, bu təhlükədən özümüzü yox, Xiyabanini qurtarmağı xahiş edərdim.

– Bir saat çəkməz ki, ona inanar, Xiyabaninin işini də bəlkə lap elə onun özünə tapşırarsan.

Rəşidin qətiyyətlə və inamla dediyi sözlər Mahmudu azacıq da olsa sakitləşdirdi.

Qapıda iki dördatlı fayton dayandı. Faytonların hər birindən bir kazak düşdü. Onlardan biri foytonların qarovulunda durdu. Digəri qapını döyüb içəri daxil oldu.

Bir azdan, fanarları ancaq öz qabağına işıq salan faytonlar Təbrizin küçələrində göründü.

Faytonlar Dəvəçi bazarçasından keçəndə:

– Dayanın! – deyə bir neçə kazakın silahı onlara sarı tuşlandı. – Siz kimsiniz?

Birinci faytonun qozlasından Əmoşun səsi eşidildi:

– Bəs məni görmürsünüz? Gədə, Vəli, gədə, Zeynal, tfu, sizin zati-pakinizə lənət! Bax, sizə deyirəm, mən bunları sədrəlmülkgilə qoyub qayıdıram. Əgər sizi burada görsəm, vay halınıza!..

Öz baş serjantlarını tanıyan kazaklar geri çəkildilər. Onlardan biri yaltaqlanaraq dedi:

– Zulmata gedib çıxsan da, vallah, vəkilbaşı Əmoşun əlindən qurtarmaq olmaz!

10.

Mərənd yolunu ağzına alan atlar qanadlı quş kimi uçurdu Daş yolda atların dəmir nalından qopan qığılcımlar uzaqdan görünürdü. Faytonlar Xırman kəndini keçəndən sonra Əmoş qara çadraya bürünən Siranuş və Şuşaniki o biri faytona gətirdi:

– Buradan bu yana siz özünüz də gedə bilərsiniz! – dedi. Sonra faytonun fanarına diqqətlə baxaraq əlavə etdi, – faytonunuzun nömrəsi iyirmi beşdir. – Üzünü faytonçuya tutub amiranə bir ahənglə dedi: Sevən kəndində atlara arpa-saman verərsən. Atlar dincələndan sonra bir də Yeganda dayanacaqsan. Bu ağalardan razılıq kağızı gətirməsən, bax, bu qılınc, o da sənin boynun!

Əmoşun sözlərini eşidən Mahmud onun ayrılıq üçün uzanan əlini əlində saxlayıb dedi:

– Mən sənin belə sədaqətli olduğunu, düzü, bilmirdim. Yoxsa Xiyabanini bizdən əvvəl xilas etməyini səndən xahiş edərdim.

Əmoşun qaşları dartıldı. Sifəti işıqlandı. Gur səslə dedi:

– Mənə belə gəlir ki, siz nizam-intizamı bilməmiş olmazsınız. Qanuna görə dövlət müqəssirini qaçıran hər adam ancaq ölümə məhkumdur. Mən bunu bilə-bilə sizi qaçırtdım. Mən səni ona görə qaçırmadım ki, ağayi Mahmudsan və Azadıstan hökumətinin ikinci adamısan. Mənimçün bunların heç bir fərqi yoxdur. Bayaq dedim, bunlar hamısı qonağımız olduğun üçündür.

Mahmud onun əlini əlindən buraxmadı:

– Əgər Şeyx Məhəmməd Xiyabani sizin qonaq olsaydı, necə, onun xilas olunması üçün çalışardınızmı? Axı, onun tutulması və öldürülməsi üçün çoxlu pul vəd ediblər.

– Mən çalışardım onu da xilas edim. Sonra ölümə də getsəydi, gedərdim. Məni Rəşid çox gözəl tanıyır, ondan soruşa bilərsən.

– Gözün Xiyabanidə olsun ha!.. O, Şeyx Həsənəlinin evində gizlənib...

– Bəs nə üçün mənə demədiniz? Faytonlarda ki yer var idi.

– Bu işin günahı məndədir. Düzü, sənə o qədər də inanmırdım. Onun üçün də Xiyabaninin yerini demədim. Sən onun xilası üçün mütləq çalışmalısan. Mənim ümidim sənədir. Mən özümdən çox həmişə onu düşünmüşəm. O, Azərbaycan üçün ən dəyərli və ən ləyaqətli bir adamdır.

Əmoş fikirli-fikirli dedi:

– Bu gecə onu qurtarmaq mümkün deyil. Biz şəhərə qayıdana kimi dan yeri söküləcək. Sabah gecə baxaram. Arxayın olun, ona kömək edəcəyimə söz verirəm. – Sonra Əmoş qoynundan çıxardığı balaca bir kisəni Rəşidə tərəf uzatdı: – Burada əlli dənə qızıl lirə var. Onu atama verib deyərsən ki, icazə versələr, on günə kimi evə gələcəyəm.

11.

Xiyabani tüfəngini, qatarını zirzəmidə qoyub Şeyxin yanına çıxdı.

Hacı Həsənəli Nəcəfdə təhsil almışdı. Təbrizə qayıdandan sonra mütaliə və biliyi sayəsində müctəhid dərəcəsinə çatmışdı. O, Təbriz müctəhidlərinin ən nüfuzlusu sayılırdı. Xiyabani onu gənclik dövründən tanıyırdı: Hacı Pişnamaz ağadan sonra yalnız onu bəyənər, onun dərslərində oturardı. Həsənəli bütün tələbələrin içərisində təkcə Xiyabaninin suallarından çəkinər, onun gələcəyini çox qiymətləndirərdi. Xiyabani həmişə onu “Ata”, o da Xiyabanini “oğlum” deyə çağırardı.

Islam qaydalarına görə, yemək zamanı kimsə danışmamalıdır. Elə buna görə də şam yeməyi səssiz, sədasız keçdi. Hacının oğlu bürünc aftafa-ləyəndə isti su gətirdi. Ən əvvəl atasının qabağında, sonra da Xiyabaninin qarşısında diz çökərək, əllərinə su tökdü. Onlar əllərini yuyub süfrədən çəkildilər. Hacının oğlu uzun çubuğu, tütün kisəsini və külqabını gətirib atasının yanına qoydu. Hacı çubuq çəkə-çəkə xəbər aldı:

– Nə əcəb sizdən, oğul, şəhərdən kənara qaçmadınız?

– Mən və Sərhəngzadə Qaradağda olan orduya özümüzü çatdırmaq istədik. O mənə dedi ki, sən get evinizə, xəbər elə qoy narahat olmasınlar. Mən yarım saata kimi gələrəm, həm də iki yaxşı at gətirərəm. Mən düz bir saat onu gözləməli oldum, təəssüf ki, Sərhəngzadə gəlib çıxmadı. Yoxsa çoxdan özümü bir tərəfə çıxara bilərdim. Kazaklar qapını sındırmaq istəyəndə damdan-dama keçib özümü birtəhər sizə çatdırdım.

– Sən əgər razılıq versən, mən səhər tezdən Müxbirüssəltənə ilə görüşüb, sənin salamatlığın üçün ondan təminat alaram.

Xiyabani acı-acı gülümsünüb, başını buladı:

– Hörmətli atasınız, böyük şəxsiyyətsiniz, rəvadır ki, sizin kimi bir şəxsiyyət elə kiçik adamların yanına vasitəçiliyə gedəsiniz?!

– Eybi yoxdur, ixtilafları həll etmək üçün danışıq başlanmasına zəmin hazırlamaq xoş işdir.

Xiyabani adətincə eynəyini çıxarıb sildi, təzədən gözünə taxıb, ümidsiz bir ahənglə dedi:

– Biz bu ev sahibini öldürən qonağa bütün təkliflərimizi dedik. Bizim Azadıstan və Iran haqqında verdiyimiz bütün təklifləri rədd etdi. O bizim ən yaxın

dostumuz, köhnə silahdaşımız, yoldaşımız və həmməsləkimiz Seyid Hüseyn xanı yoldan çıxardı. Seyid Hüseyn xanın da bu qədər rəyasət aşiqi olduğunu gözləmirdim. Təbriz demokratları deyirdilər ki, əgər istəyirsiniz ki, hökumət qanuni olsun, ağayi Müxbirüssəltənəni göndərin. Onlar bu niyyətlə Tehranı təhdid edirdilər. Ağayi Müxbirüssəltənə isə bura gəlib, bizimlə danışmağa girişəndən sonra onun hansı yuvanın quşu olduğu aşkara çıxdı.

Hacı bir də israr etdi:

– Siz mənim getməyimə razı olun, mən bəlkə bir yol tapa bildim.

– Cənab Şeyx, danışmaq uçün daha yer qalmayıb. Mənim əziz atam, keçmişdə deyiblər ki, sarala-sarala qalmaqdansa, qızara-qızara ölmək yaxşıdır. Mənim burada qalmağımdan sizə, ailənizə bir zərər yetişərsə bu dəqiqə gedə bilərəm. – Xiyabani ayağa durdu. Bunu görən Şeyx yerindən qalxıb, onu qucaqladı, alnından öpüb dedi:

– Otur, oğlum, otur. Mən elə səndən bu cavabı gözləyirdim.

Qocanın bu hərəkəti Xiyabaninin xoşuna gəldi:

– Hörmətli Hacı, mən sənə söz verirəm, burada olduğumu bilib, sənin evinə hücum etsələr, bu evdə bir dənə də olsun güllə atmayacağam. Lakin düşmən bilməlidir ki, Məhəmməd Xiyabani məhv olsa da, Azərbaycan azadlığını əldən verməyəcək! Səpilən toxumlar bar verib köyərəcəkdir!..

12.

1338 hicri (1920-ci) ilində zilhiccə ayının 29-cu günü Müxbirüssəltənə iş otağına gəlib özünü Azərbaycanın mütləq hakimi hesab etdi. O, gözəl naxışlarla bəzənmiş əlvan şüşələr salınan, altı pəncərəsi olan salonda gəzişirdi ki, telefon səsləndi.

– Kimdir? – deyə o, təkəbbürlə dəstəkdən soruşdu. Eşitdiyi səsdən onun əhvalı dərhal dəyişdi. Bayaqkı təkəbbürünü, amiranə hərəkətini itaətkarlıq əvəz etdi. – Necə buyurdunuz? Siz özünüzsünüz? Bəli, Xiyabani... Kimin? Hacı Şeyx Həsənəlinin? Çox gözəl! Bu saat əmr verərəm... Baş üstə... Baş üstə! – deyib telefon dəstəyini yerindən asdı. Indi onun simasından rəhmsizlik yağırdı. Zəngi basdı. Şəhərin komendantı – özü təyin etdiyi kapitan Yəzdan Pənah otağa daxil oldu!

– Cənab soltan! Onun gizləndiyi yer məlumdur.

– Kimin, həzrət ağa?

– Xiyabaninin. Bəli, Azadıstanın rəhbəri Hacı Şeyx Həsənəli miyanəlinin evindədir. Ya ölüsünü, ya da dirisini səndən istəyirəm!

Kapitan əmri yerinə yetirmək üçün otaqdan çıxdı...

Gecəyarısı Şeyx durub əndərunə getdi. Nökər yorğan-döşək gətirdi. Xiyabani ilə müctəhidin oğlu həmin otaqda qaldı.

Bugünkü hadisələr Xiyabanini yatmağa qoymurdu. Gecə onun gözlərində gecələdi. Günəş qızılı tellərini yavaş-yavaş sərməyə başlayanda otaqdan çıxıb zirzəmiyə endi. Günəş yuxarılara qalxdıqca hava istiləşirdi. Xiyabani Dürdanəni, uşaqlarını, ağır günün dostları olan Mahmudu, Rəşidi, Badamçını, habelə Mərkəzi Komitənin sadiq üzvlərini düşünürdü. Tənha qalmış ürəyi yana-yana danışırdı: “Atalar doğru deyib, insanın həyatda buraxdığı səhvləri ayağı altına yığsan, başı günəşə dəyər. Kazakların Azərbaycanda toplaşmasına yol vermək – öz evində əfinin yuva salmasına imkan yaratmaq kimi bir şey idi. Evə getmək əvəzinə könüllüləri qaytarmağa getsəydim, onlara rəislərinin xain olduğunu deyə bilsəydim. Yəqin ki, qayıdardılar. Bəli, səhv, səhv, ömrün sonuna kimi səhv!.. Ancaq bu var ki, fikirlərdə inqilab yaratmağa nail olmuşuq!.. Eh, zavallı vətən, hər dəfə bir xainin qurbanı olursan!”

Baş serjant Ismayıl xan öz dəstəsi ilə Xiyabanini tutmağa gələndə, kapitan Yəzdan Pənah dönə-dönə tapşırmışdı:

– Çalışın, onu diri tutub gətirin. Dirisini gətirsən, beş min tümən alacaqsan, amma ölüsünə bir mindən artıq verməyəcəyəm. Ürəyindən isə keçirmişdi ki, şikarı biri görər, o biri vurub xeyir aparar.

Tamahkar, rəhmsiz, hiyləgər Ismayıl xanı tanımayan yox idi. Dardan asılan adamların boğazına kəndiri həmişə o keçirərdi. Qarma-qarışıq yerlərə də onu göndərərdilər.

Ismayıl xan Hacı Şeyx Həsənəlinin evini mühasirəyə alandan sonra qapını döyməyə başladı. Qapıya dəyən zərbələri hamıdan əvvəl Xiyabani eşitdi. Onun bu evə gəldiyini gərən olmamışdı: “Bəs bu, necə məsələdir?!”

Həyət qapısının bərkdən və tez-tez döyülməsindən bildi ki, gələn kazaklardır və məhz onun üçün gəliblər. Dərhal divara söykədiyi silahını götürdü: “Mənim yerimi ancaq ingilislər öyrənib, xəbər veriblər”, – deyə fikrindən keçdi.

Hacı Həsənəli iki gün idi ki, çölə çıxmırdı. Qapını açmağa özü getdi: “Gələn müsəlman olsa, dilə tutaram...”. Hacının fikirləşdiyi kimi olmadı. Kazaklar onu ağzını açmağa qoymadılar. Tüfəngin qundağı ilə Hacını vurub yerə yıxdılar. Kazaklar Hacının köməyinə gələn nökərləri də döyə-döyə küçəyə çıxartdılar.

Xiyabani patrondaşını çiynindən götürdü. Bir daraq fişəng ayırıb tüfəngə qoymaq istədi. Birdən Şeyxə verdiyi söz yadına düşdü:

“Mən bu evdə bir dənə də olsun güllə atmayacağam”. Əlləri sustalıb yanına düşdü. Zirzəminin balaca pəncərəsi həyət qapısı ilə üzbəüz idi. O, həyətə girən Ismayıl xanı, kazakları nişan alıb vura bilərdi. Vədəxilaf çıxmaq ona yaraşmazdı.

Ismayıl xan Şeyx Həsənəlinin arvadı Hacı Xanımın onun ayaqları altına atdığı çarqatı tapdaladı, qadının döşündən vurub yerə sərdi. Xiyabani daha dözə bilmədi. Zirzəminin küncündə qoyduğu tüfəngi götürdü. Atmaq istəyəndə yenə Hacıya dediyi sözlər yadına düşdü: “Yox, yox, mən sözümdən dönməyəcəyəm. Kişinin evinin talanmasına yol verməyəcəyəm!” – deyib tüfəngi atıb, zirzəmidən çıxdı.

– Qadına əl qaldırmazlar! – deyə var gücü ilə qışqırdı. Qatillərə tərəf yüyürəndə iki-üç güllə birdən səsləndi.

Azərbaycanda yanan azadlıq məşəli yenə də söndü...

Hacı Xanım hələ də bir kazakın tüfəngindən yapışıb ağlaya-ağlaya deyirdi:

– Oğlum, nahaq qan tökməyin! Nahaq qan yerdə qalmaz!.. 

 

 



[1] Hacı Səməd xanın qardaşı oğludur

[2] “Şərab içiblər!” mənasında başa düşülməlidir (red.)

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info