Qonaq Kitabı
V Hissə

–Deməli geri dönmürsünüz?

– Qayıt, ağayi Mahmuda de ki, naharı yağlı eləsin.

Hamı başıaşağı addımlayırdı. Elə bu vaxt Rəşidin əli sürətlə belinə getdi. Naqanın lüləsi havada parladı. Dalbadal iki güllə açıldı:

– Alçaq, xain!.. – deyə Rəşidin səsi eşidildi.

Seyid Hüseyn xan “Vay” deyib yerə yıxıldı. Özünü itirməyən Rəşid dərhal atını şəhərə tərəf döndərib dördnala çapdı. Seyid Hüseyn xanın yanındakı zabitlər özlərini itirdilər. Qoşun dayandırıldı. Artıq Rəşid güllə məsafəsindən uzaq idi. Güllə Seyid Hüseyn xanın ombasından dəymişdi. Ərzaq arabalarından birini boşaltdırıb, içərisini yumşaq otla doldurdular. Seyid Hüseyn xanı oraya qoydular. Qoşunun həkimi onun yarasını bağladı. Xan özünə gələn kimi anladı ki, onun niyyətindən xəbər tutublar. “Məşrutə zamanında və sonralar qazandığım bütün müvəffəqiyyətlər məhv oldu”.

– Manevr icra olunmalıdır! – deyə o öz müavininə əmr verdi.

6.

Mahmud və Rəşid gedəndən sonra bir yerdə qərar tutmayan Xiyabani otaqda var-gəl edirdi. Nədənsə Seyid Hüseyn xanın xain çıxmasına inana bilmirdi. “Milli bir qoşun başçısının öz şərəfini dünya malına satması alçaqlıq deyilmi?.. Bəlkə o, qorxudan Müxbirüssəltənəyə təslim olub? Bu xəyanətlər yəqin o qoca məlunun evində planlaşdırılıbdır. Azadxah və demokratlar bu ikiüzlü adama nahaq yerə inanırlar”.

Xiyabani xeyli fikirləşdi. Hər şeyi götür-qoy edirdi: “Hər halda Qaradağa məktub göndərmək lazımdır!” Bu qərarla da eynəyini silib gözünə taxdı və yazı stolunun arxasına keçib, tez-tez nəsə yazdı, onu zərfə qoyub pişxidməti çağırdı:

– Bu məktubu dərhal atlıbaşıya çatdır, özünü tez yetirsin Qaradağdakı ordunun komandiri Səlim bəyə.

Indi Xiyabanini Mahmud düşündürürdü: “Əcəba, bu qədər az polislə o, kazakların qabağında nə edə biləcək? Nə qədər dayanacaq? Bəlkə orada da xəyanətkar oldu, onda neyləsin? Dünənə kimi mənim hər sözümü alqışlayanlar bu xəyanətə nə cür baxacaqlar?” Xiyabani bir yerdə qərar tuta bilmirdi: gah pəncərənin qabağına gəlir, gah da sifətini ovcunda gizlədir, dərindən ah çəkə-çəkə geriyə dönürdü. Azadlıq əleyhinə xəyanətkarların necə böyük rol oynadığını düşünəndə onu dəhşət qaplayırdı.

Qapının açılması Xiyabanini bu düşüncələrindən ayırdı. Gələn Sərhəngzadə idi. Məst adamlar kimi qızarmış gözlərində nəsə bir şadlıq qığılcımı oynayırdı. Lakin özünü kədərli göstərməyə çalışırdı...

– Güllələrin səsini eşidirsənmi? – deyə o, keçib pəncərə qabağında dayandı.

– Bəli, eşidirəm, hətta o güllələr salam verməyi də sizə unutdurub.

– Daaş, qorxmaq eyib deyil ki! Sənin xətrin olmasa, mən bu gün evdən eşiyə çıxmazdım.

– Nə demək istəyirsən?

– Onu demək istəyirəm ki, kazak generalının və Müxbirüssəltənənin əmri ilə Seyid Hüseyn xan milli qoşunu götürüb şəhərdən çıxıb. Bu xəyanətə nə ad vermək olar? Mən bilirəm ki, Seyid Hüseyn xan yalnız üç gündən sonra, yəni kazaklar demokratları qırıb şəhəri dağıdandan sonra qayıdacaqdır. Indi tuthatutdur... Mən gəldim ki, bəlkə bir yer tapıb daldalanaq. Sonra gec olar. – Azacıq gülümsədi. Onun sevindiyi açıq-aşkar sifətində bilinirdi.

Xiyabani gözlərini Sərhəngzadəyə zillədi:

– Sizcə, nə etmək olar?

– Yenə də konsulxanaların birinə pənah aparmaq məsləhətdir. Beynəlxalq qanunlar var. Orada bizə toxunan olmaz. Onsuz da məğlub olmuşuq.

Xiyabani başını silkələdi:

– Bu, qeyri-mümkündür. Mənim evim od tutub yansa, yenə heç bir konsuldan su istəmərəm!

– Eşitdiyimə görə Badamçını tutublar. Ələ düşməyənlər gizlənib, təkcə sənlə mən qalmışıq. Mən də ciddi deyirəm, məhz sizin xətriniz üçün bura gəlmişəm. Buranı kəsdirib durmaq özü xatalı işdir. Yaxşısı budur ki, evə, uşaqların yanına gedin!.. Mən tez-tez sizin yanınıza gələrəm, vəziyyətlə tanış etmək üçün...

– Eybi yoxdur, siz narahat olmayın. Öz qayğınıza qalın. Mən Mahmudu gözləyirəm. “Alçaq! Bizi çox ucuz qiymətə satmısan! Gedin, cənab Sərhəngzadə! Çox təəssüflər olsun ki, biz səni çox gec başa düşdük”.

Sərhəngzadə otağı tərk etdi.

“Təcəddüd” idarəsinin qulluqçusu otağa daxil olub dedi:

– Ağayi Xiyabani, ingilis konsulunun müavini sizi görməyə gəlibdir. Bir anlığa nə edəcəyini və nə deyəcəyini kəsdirə bilməyən Xiyabaninin gözləri qapıya zilləndi: “Alovlarə ətəkləyən, hər şeydən xəbərdar olan bu adamın belə vaxtda yanıma gəlməsi çox təəccüblü və bir az da maraqlıdır. Bəlkə mənə tənə vurmağa gəlibdir! Görən yenə nə kələyi var?!.”

– Buyursunlar.

“Onu ayaq üstə qəbul edəcəyəm. Nə sözü varsa deyib, cəhənnəm olsun” – deyə Xiyabani otaqda gəzinməyə başladı.

Ucaboy, xoşsima, daima gülər kimi görünən konsul müavini ingilislərə məxsus bir təkəbbürlə salam verib Xiyabaniyə yaxınlaşdı, belə qorxulu bir zamanda onu qarşılamayan, oturması üçün yer belə göstərməyən Xiyabanini kinli-kinli süzdü; bir söz deməyib, öz evindəymiş kimi keçib səndəllərin birində oturdu. Iri şüşəli eynəyini çıxarıb təəccüblə Xiyabaniyə baxdı. Sükutundan qəzəb və nifrət yağan ev sahibi də bir söz demədən masasının arxasına keçdi:

– Eşidirəm sizi...

Xiyabaninin qəzəbləndiyini görüb, özünü o yerə qoymayan qonaq ingilis ləhcəsilə farsca danışdı:

– Var-dövlət, xoşbəxtlik və səadət gətirən bir qonağı gülərüzlə, mehribanlıqla qarşılamaq, səhv eləmirəmsə, Şərqin ən gözəl adətlərindəndir.

– Bəli, o barədə səhv etməmişsiniz.

İngilisin sifəti ciddiləşdi:

– Vaxt çox azdır. Məncə, tikanlı sözlərə o qədər də ehtiyac yoxdur. Mən sizinlə Böyük Britaniya dövləti adından danışıram. Sizə ürəyim yanır. Ingilislər çox xeyirxahdırlar. Mən onların adından vəkil edilmişəm ki, sizin istedadınızı, bacarığınızı qiymətləndirəm. Mənim bütün təkliflərim sizin xeyrinizə olacaqdır. Ağayi Xiyabani, xahiş edirəm, sözümü kəsməyin, məni axıra kimi dinləyin; cavab verməyə də çox tələsməyin. Sizin rövzəxanlar demişkən, pis oxusam – ağlamayın.

Diplomatdan çox, falabaxan kimi danışan ingilisin yaltaqlığı Xiyabanini əsəbiləşdirdi:

– Nə lazımdır, kütah eləyin!

İngilis öz ahəngini pozmadan söhbətini davam etdirdi:

– Kütahı budur ki, öz gələcəyiniz haqqında bir az düşünün, sonra cavab verin. Böyük Britaniya dövlətinin şansı özü kimi böyükdür. Böyüklərə bağlanan böyüyər, deyiblər. Təbrizin vəziyyətini, sizin Azadıstan adlandırdığınız ölkənin taleyini düşünün. Üç minə yaxın kazak sənin iki yüz nəfər mücahidini bir saatın içində hopp eləyib udar. Düzdür, siz milli qoşunun təşkilində çox zəhmət çəkdiniz. Ancaq indi gördüyünüz kimi, artıq o, sizinçün əlçatmazdır, uzaqdadır, harayınıza səs verə bilməyəcəkdir. Biri qazanar, biri də yeyər, deyiblər. Qoşun da bu saat ixtiyarınızdan çıxıbdır. Ixtiyarınız çatsa da qoşun işlər qurtarandan sonra şəhərə gələcək. Və birbaş kazakxanaya gedib, libaslarını dəyişəcəklər. Lakin siz Böyük Britaniya dövlətinin təklifini qəbul etsəniz, hər şey istədiyiniz kimi qala bilər. Böyük Britaniya dövləti istedada və ləyaqətə hər şeydən artıq qiymət qoyur!

İngilisin bu təklifi Xiyabani üçün çox ağır oldu. Düşmənin niyyəti daha da aydınlaşdı. Milli qoşunun geri dönməyəcəyini tamamilə yəqin etdi.

Hər keçən dəqiqə bir il qədər ağır idi. Xiyabani hirslə ayağa durdu; ingilisə bir söz demədən otağın qapısı ağzına gəldi. Barmağını bayıra tərəf uzadıb dedi:

– Mən hər nəyəm, özüməm. Nə sizdən bizə, nə də bizdən sizə dost olmaz!.. Təvəqqe eləyirəm, buyurub təşrif aparasınız! Gərək ki, cavabım sizin üçün aydın oldu.

– Elə buna görə deyirdim ki, cavab verməyə çox tələsməyin. Hirsin dövlətə zərəri var. Mən gec gəlməmişəm, az da gətirməmişəm. Bəli, tam vaxtında gəlmişəm, altmış min tümən də nəqd pul gətirmişəm. Buyurun, bu da onun çeki. Azadıstanın bir illik büdcəsindən də çoxdur.

Xiyabani əlini uzadıb çeki aldı, gözünə yaxınlaşdırdı. Öz müvəffəqiyyətinə sevinən ingilisin halı dəyişdi, üzü güldü.

– Bəs bunun müqabilində siz məndən nə istəyəcəksiniz?

– Biz? Biz nə istəyəcəyik? Heç nə! Sən istəyirsən Azadıstan qalsın, neynək, qalsın. Siz ancaq Böyük Britaniya hökuməti və Vüsuqüddövlə dövləti arasında imzalanan məşhur on doqquzuncu il əhdnaməsi əleyhinə çıxış etməyin. Söz verin... Bu ki, sadə bir işdir, sizin üçün heç çətin deyildir.

Xiyabani istehza ilə gülümsündü:

– Ağzınız isti yerdədir, qorxuram dilinizi yandırsın... – İngilis nəsə demək istədi. Xiyabani imkan vermədi. – Bu saat rədd ol buradan! Aparın bu pulları sizə yalmanan vüsuqüddövlələrə verin! Bu pullara onların ehtiyacı çoxdur. Siz Azərbaycanı tanımırsınız, cənab konsul müavini. Alın! – deyib əlində əzişdirdiyi çeki ingilisin üstünə atdı.

İngilis otaqdan çıxanda bu sözləri dedi:

– Mən gedirəm, ancaq bu hərəkətinizi unutmayın!

– Rədd olub gedin və əlinizdən gələni edin. Yenə deyirəm: siz Azərbaycanı tanımırsınız!..

İngilis getdi.

Həddindən artıq qəzəblənmiş Xiyabani bir yerdə dayana bilmirdi. Qapının cırıltısı onu sakitləşdirdi. Gözlərini otağın ortasında duran adama zillədi. Əvvəlcə tanıya bilmədi. Bir qədər diqqətlə baxdıqdan sonra onun Rəşid olduğunu görüb sevindi:

– Necə oldu?..

– Ağayi Xiyabani, o xain Seyid Hüseyn xan sözümə baxmadı, qayıtmadı. Axırda mən də ona iki güllə atıb qıçını yaraladım ki, irəli getməsin. Başlarının öz komandirlərinə qarışmasını görüb zabitlərin əlindən qaçdım. Doğrudur, arxamca bir-iki güllə atdılar, ancaq xətərsiz keçdi.

Xiyabani dərin düşüncələrə daldı. Otağın qapısı yenə açıldı. Bu dəfə gələn Mahmud idi. Əlindəki tapançanı mizin üstünə atıb, Rəşidin gətirdiyi xəbəri eşitmək üçün ayaq üstə dayandı. Eşitdiyi xəbərlərə heç də təəccüblənmədi:

– Elə belə də olacaqdı, – dedi, – Amma Seyid Hüseyn xanı vurmaqda çox gözəl iş görübsən. Gərək güllələri başına çaxaydın. Nə isə... İndi ağayi Xiyabani, Siz gedin evə, daha burada qalmaq əlverişli deyildir. Bacarsanız, başqa bir yerdə daldalanın. Görək axırı nə olur.

– Nə üçün? Məgər mənim qanım sizinkilərdən qırmızıdır? Siz necə, mən də elə! – deyə Xiyabani etiraz etdi.

– Yox, bu dəqiqə buradan çıxıb getməlisiniz. Tez olun. Düşmən buranı tuşlayıb gəlir. Mücahidlər onların qarşısını zorla saxlayırlar. Siz mütləq gizlənməlisiniz.

– Mən sizsiz bir addım da atmayacağam!

– Ağayi Xiyabani, xahiş edirəm. Siz mütləq getməlisiniz!

– Xahiş edirik...

Axır ki, Xiyabani Mahmud və Rəşidlə qucaqlaşıb, vidalaşıb evinə getdisə də, kölgə kimi onu izləyən adamı görmədi.

Rəşidlə Mahmud Xiyabanini yola salandan sonra yenə də əvvəlki otağa qayıtdılar. Ikisi də susmuşdu, ikisi də bu ağır vəziyyəti düşünürdü. Xeyli sonra hər anı bir ilə bərabər olan bu sükutu Rəşid pozdu:

– Burada yenə də bir səhv oldu.

– Nə səhv?

– Ağayi Xiyabaniyə düzgün məsləhət verilmədi.

– Necə yəni?

– Məgər onu öz mənzilində tuta bilməzlər?

– Doğru deyirsən, oğul... Güllə səsləri yaxınlaşır. Birbaş bura gəlirlər. Dayanma, tez qaç evinizə, Şuşaniki göndər onun arvadının yanına. Qoy arvadı Şeyxi bir yerdə gizlənməyə məcbur etsin. Yoxsa, o bizim sözümüzə baxmayacaq. – Mahmud əlini Rəşidə tərəf uzatdı. – Hələlik! Bəlkə bir daha görüşə bilmədik.

– Bəs mən sonra nə etməliyəm? – Rəşidin gözləri doldu.

– Mümkün eləsən, gələrsən bura. Amma ehtiyatlı ol ki, ələ keçməyəsən!

Rəşid alaqapıdan uzaqlaşmamışdı ki, atışa-atışa geri çəkilən mücahidlərə rast gəldi. Mücahidlərin içində tək-tük polislər də vardı.

“Mahmudun hökumət evində tək qalması ölüm deməkdir!” Bu fikrin təsirilə Rəşid dayandı. Geri dönüb bu dəhşətli vəziyyətdən Mahmudu qurtarmağa tələsdi. Birdən Xiyabaninin vəziyyəti və Mahmudun dönə-dönə tapşırdığı sözlər yadına düşdü. Yüyürüb evlərinə çatdı. Qapının döyəcəyini vurdu.

– Kimsən?

– Mənəm, Şuşanik!

Şuşanik qapını açdı. Rəşidi görən kimi həyəcanla dedi:

– Yaxşı oldu ki, özün gəldin, yoxsa Nəzmiyyə idarəsinə gedəcəkdim.

– Nə olub ki?

– Tamam arvad deyirdi ki, kazaklar mücahidlərlə dava edir, mücahidləri qırırlar.

– Sakit ol, hələ heç bir şey yoxdur. Sən bu saat get, ağayi Xiyabanigilə. Dürdanə xanıma de ki, nə təhər olur-olsun, Şeyxi gizlətməyə çalışsın. Bax, bərk-bərk tapşırarsan ha!.. Tez də qayıdıb gələrsən. Bir də bil ki, mən əmim oğlunu tapmışam. O, kazak vəkilbaşçısıdır. Əgər gəlsə, otursun, məni gözləsin.

– Yox, sən getməyəcəksən!

– Ağa Mahmud təhlükədədir, mən getməliyəm, Şuşanik!

– Bəs, mənə yazığın gəlmir? Sənsiz...

– Məndən nigaran olma. İş bərkə qalsa, Əmoş özünü mənə çatdırar.

–Bunu sən haradan bilirsən?

– Necə haradan bilirəm. Mənim namusum onun namusu deyil? O, harada olsa, gələcək. Daha dayanma, yeri...

Rəşid iti addımlarla geri döndü. Şuşanikin ağlaya-ağlaya dediyi: “Sənsiz mən neylərəm?” sözlərini də eşitmədi.

Rəşidi yola salandan sonra Mahmud nisbətən rahatlandı. Daha o, Xiyabani sarıdan nigaran deyildi. İndi “Təcəddüd” binasını qorumaq lazım idi. Özünü vuruşanlara çatdırmaq üçün otaqdan çıxdı; iri böyük bir həyətə düşdü. Oradan uzun dalanı keçəndə Dərbəndi və Məcidəl-mülk mağazaları tərəfdən gələn güllə səsləri daha aydın eşidilməyə başlamışdı. Havada barıt qoxusu vardı. Bazar mağazalarının bir hissəsi demokratların əlində idi. Onlar mərdliklə, qətiyyətlə vuruşurdular.

– Möhkəm dayanın, qardaşlar!..

Vuruşanlar bu səsi eşidən kimi ürəkləndilər. Silahsız əhalidən köməyə gələnlər yaralıları əncümənin açdığı xəstəxanaya aparırdılar. Silahlar tükənirdi.

Belə bir vaxtda Şuşaniki gözü yaşlı qoyub sıraya gələn Rəşid quş kimi uçurdu. Hökumət idarəsinə çathaçatda ona dedilər:

– Ağa Mahmud elə indicə binadan çıxdı, mağazalar tərəfə getdi.

Rəşid bilirdi ki, indi vuruşma oralarda gedir. Ona görə də dərhal yola düşdü. Yolda Mahmudun müavinlərindən birinə rast gəldi. O, əlini sol tərəfdən döşünə basıb, bir nəfərin köməyi ilə gəlirdi. Rəşid Mahmudu ondan soruşdu. O, mağazaların ikinci mərtəbəsindəki bir pəncərəni göstərdi:

– Rəis oradadır... Mən... Mən də istədim onu gətirəm, vuruldum...

Rəşid yaydan çıxan ox kimi irəli şığıdı. Dörd nəfər polis zabiti oraya təpilmək istəyən düşməni göz açmağa qoymurdu. Lakin müavin vurulandan sonra kimsə cürət edib Mahmud olan binaya gedə bilmirdi. Rəşid atışan zabitlərə sarı dönərək qışqırdı:

– Siz onların başını qarışdırın, mən getdim. – O dama tərəf qaçdı. Pilləyə qalxanda kazaklar onu gördülər. Rəşid dolu kimi yağan güllələrə baxnayıb, dama dırmaşdı, oradan özünü içəri saldı. Mahmud ağır yaralansa da, silahı əlindən düşməmişdi. Bir nəfərin gəldiyini hiss etcək, bütün gücünü toplayıb, tapançasını yuxarı qaldırdı. Rəşid onun fikrini dərhal anladı.

– Mənəm, ağayi Mahmud! – deyə Rəşid özünü ona çatdırdı.

– Nə üçün özünü təhlükəyə atırsan? – Mahmud iniltili səslə soruşdu.

Rəşid cavab verməyib, onu qucağına götürdü.

– İndi biz bu saat çıxarıq!

Rəşid qurşağını açıb bir ucunu dirəyə, o biri ucunu Mahmudun belinə bağlayıb aşağı sallayanda iki güllə açıldı. Bayaqdan bəri pəncərəyə tərəf tuşlanan tüfənglər də birdən səsləndi. Qorxmayıb Mahmudu həyətə salladı, sonra da özü aşağı düşdü. Mücahidlər tərəfindən qorunan həyətə çıxdı. Yorulmuşdu. Mahmudun

da səsi getdikcə zəifləyirdi:

– Sən get, özünü qoru...

Polislər köməyə gəldilər. Mahmudu çətinliklə həyətdən çıxarıb mənzilinə apardılar. Nəzmiyyənin həkimi Mahmudun yarasını yuyub bağladı. Həkim təzəcə getmişdi ki, Şuşanik qayıdıb gəldi.

– Bir yerə göndərə bildinizmi ağayi Xiyabanini?

– Birtəhər razılaşdırıb miyanəli Şeyx Həsənəlinin evinə göndərdik.

Rəşid rahatca nəfəs aldı.

– Çox şükür...

– Rəşid, Allah heç ataya göstərməsin belə ayrılığı! O uşaqlarla vidalaşanda uşaqlar, xüsusən böyük qızı atasının boynunu necə qucaqlayıb ayrılmaq istəmirdi. O, mənə də, Dürdanə xanıma da təsəlli verdi. Cibindən pul kisəsini çıxarıb titrək bir səslə:

– Al, dedi, Azərbaycan kimi bir ölkənin dövlət başçısının bütün sərvəti bundan ibarətdir, iyirmi səkkiz qran ağ pul, bir dənə də qızıl lirə.

Bizi ağlamaq tutdu. Şeyx gedəndə mənə dedi: “Rəşidə deyərsən ki, dostlardan kimi gördü desin; bu, müqəddəs işimizin hələlik müqəddiməsidir... onu başa çatdırmaq çox zəhmət tələb edəcək; qorxub çəkinməsinlər”

7.

Miyanəli Hacı Həsənəli Xiyabanini razılıq hissilə qəbul etdi.

Hacının iki həyəti var idi. Hərəmxana həyətində Hacının arvadı, qızları, on səkkiz yaşında oğlu və qulluqçuları qalırdı. O biri həyətdə isə böyük oğlu ilə nökərləri yaşayırdı. Hacı Həsənəli və Xiyabani birinci həyətdən keçib, meyvə ağaclarının altı ilə ikimərtəbəli bir binaya tərəf gəldilər. Adətən bura kişilər gəlib-getmədiyi üçün qadınlar sərbəst dolanırdılar. Hacı, Xiyabanini zirzəmilərin birisində gizlətdi. Zirzəminin balaca pəncərəsi birinci həyətin qapısına baxırdı. Buradan həyətə girib-çıxanları aydın görmək olurdu.

Xiyabanini yerbəyer edəndən sonra Hacı balaca həyətə qayıtdı. Bununla kifayətlənməyib, inandığı nökərlərdən birini çağırdı: iki həyətin arasındakı qapının qabağında qoydu ki, uşaqları küçəyə çıxmağa buraxmasın. Büyük oğlunu da göndərdi ki, görsün camaat nə danışır.

Bu tərəfdə isə qırğını dayandırmaq üçün ağsaqqallar yığışıb valinin yanına getdilər. Vali utanmadan dedi:

– Fateh qoşunudur, dağıtsa da, öldürsə də ixtiyar onundur. Xüsusən ona görə ki, sizi dinsizlərin əlindən xilas etmək istəyir.

Ağsaqqallardan biri əlini yelləyib ucadan dedi:



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info