Qonaq Kitabı
V Hissə

         1.

Neçə gündür ki, Xoy, Səlmas şəhərlərindən səs-soraq gəlmirdi. Teleqraf, telefon əlaqələri kəsilmiş, get-gəl dayanmışdı. Belə günlərin birində “Acı körpü” tərəfdən şəhərə üç atlı daxil oldu. Ortadakı atlı qara ələm götürmüşdü. Ağsaqqallı bu kişi o birilərindən fərqlənirdi. Eynəli dağından qopan külək bayrağı yellətdikcə saqqallı kişinin sifəti görünməz olurdu. Kişinin qara xəbərlə gəldiyini başa düşənlər yorğun addımlarla şəhərin mərkəzinə doğru irəliləyən atlıları dövrəyə aldılar. Suallar dolu kimi yağırdı. Lakin atlılar susurdular. Adamların marağı və sayı getdikcə artır, artırdı...

...Xiyabani yerində təzəcə oturmuşdu ki, katib mizin üstünə bir dəstə kağız qoydu. Onun bir-birinin üzərinə yığdığı kağızlar Təbriz əhalisindən və Azərbaycanın başqa şəhərlərindən alınmış şikayət ərizələri idi. Böyük salonda Sərhəngzadə ilə Badamçı da pəncərə qabağında bir-birinə yaxın oturub asta-asta söhbət edirdilər. Eynəyini səliqə ilə siləndən sonra katibin təqdim etdiyi birinci məktuba dərkənar qoyan Xiyabani onu yana itələyib ikincini götürdü. Məktubu oxuduqca onun rəngi dəyişirdi. Birdən üzünü yoldaşlarına tutub dedi:

Qulaq asın! Bu, Səncab Əlinin vəzirlər şurasına göndərdiyi teleqrafın surətidir:

“Vəzirlər heyətinə.

Sizə xəbər verməliyəm ki, şahzadə Süleyman Mirzə və yoldaşları bizə gəldilər, mənim evimdə ingilis konsulu ilə görüşdülər. Bu görüş nəticəsində konsul bir təəhhüdnamə yazaraq, Süleyman Mirzəyə təqdim etdi. O, boynuna götürürdü ki, bu gündən etibarən ingilislər İranın bitərəfliyini möhtərəm sayıb, onun daxili işlərinə qarışmayacaqlar. Şahzadə də bir təəhhüd yazıb ona təqdim etdi ki, əgər ingilis hökuməti İranı müstəqil və azad bir dövlət kimi tanıyır, onun daxili və xarici işlərinə qarışmazsa, yəqin ki, bütün İran azadxahları öz bitərəfliyini saxlayacaqdır. Bu görüşdən neçə gün sonra bir neçə ingilis mənim çadırımı mühasirəyə alaraq, şahzadə Süleyman Mirzəni və İsa Mirzəni tutub apardılar”.

– Necə, Süleyman Mirzəni ingilislər tutub aparıblar? Bəlkə bu heç Süleyman Mirzə deyil? Axı, başqa bir Süleyman Mirzə və Süleyman xan vardır, – deyə Badamçı yaxına gəlib məktuba boylandı.

– Burada açıq-aydın yazılıb. Şahzadə Süleyman Mirzə. – Xiyabani həmin kəlmələrin altından qələm çəkdi. – Bir də İran istiqlalı haqqında İran azadxahları tərəfindən ondan başqa heç kim danışa bilməz. Özüdür ki, var! It qorxduğu səmtə hürər, deyiblər. Ingilis imperialistləri də haradan və nədən qorxduqlarını çox yaxşı bilirlər.

– Yəqin ki, kişiyə yaman əzab verirlər! – Sərhəngzadə də söhbətə qarışdı.

– Onun xilası üçün çalışmaq lazımdır! – Xiyabani dostlarının üzünə baxıb, onların fikrini bilmək istədi.

Sərhəngzadə başını yellədi:

– Qara quşun əlindən kəkliyi almaq – ingilislərin əlindən onu qurtarmaqdan asan olardı.

– Ağayi Sərhəngzadə, məyus olmağa dəyməz.

– Bəs milli qüvvə? – deyə Badamçı da Xiyabaninin fikrilə razılaşdı.

– Oralarda elə bir milli qüvvə yoxdur. Olsaydı, ingilis qoşunları belə cəsarət edə bilməzdilər.

– Nə üçün yoxdur? Bu axır zamanlarda orada “Cəmiyyəti-hizb-İran” təşkilatı fəaliyyət göstərir. Onlar bu işə sakitcə baxmayacaqlar.

Xiyabani başqa məktubları da oxudu. Bəzisini cırıb səbətə atır, bəzsinə dərhal dərkənar qoyurdu. Bir məktub onu sevindirirdi, üzündə razılıq ifadəsi göründü.

– Bax, belə yaxşıdır! Onlar bu işi etməsəydi, mütləq biz etməliydik.

Badamçı maraqlandı.

– Nə olubdur, ağayi Xiyabani?

– Bu xəbəri eşidən Cəngəl azadxahları ingilis konsulu ilə iki ingilis zabitini tutub aparıblar. Deyirlər ki, Süleyman Mirzəni buraxmayınca, biz də bunları buraxan deyilik.

– Hə, bu yaxşı oldu. Indi özləri onu avtomobildə gətirib təhvil verərlər. – Sərhəngzadə şadlandı.

Elə bu vaxt qara ələmlə gələn kişi yoldaşları ilə həyətə daxil oldu. Onların ardınca gələn qadınlar və kişilər ağlaşmağa başladılar. Onlar qara ələm gətirən qasidləri birinci dəfə görmürdülər. Axı, Urmu qırğınında da belə bir qasid gəlib altı min adamın asorilər tərəfindən qətl olunması xəbərini gətirmişdi. “Görəsən indi nə fəlakət üz veribdir ki, bu adamlar qara bayraq götürüb şəhərbəşəhər, kəndbəkənd dolanırlar?”

– Yəqin, Laurens öz məqsədinə çatıb. – Xiyabani mizin arxasından durub pəncərə qabağına gəldi. O, kimsəyə müraciət etmədən pəncərənin ara gözünü qaldırıb, eynəyini çıxardı və həyətdəki camaata göz gəzdirdi. – Səbəbsiz belə həyəcan ola bilməzdi. Tez həyətə düşdü:

– Nə hadisə üz verib, əmi? Bu qara ələm nədir? Haradan gəlirsiniz?

– Nə olacaq, ay oğul... Yuxarıda Allah, aşağıda səni deyib gəlmişik. Yeddi gün bundan əvvəl, yəni Delman ilə Səlması kürdlər dağıdandan üç gün sonra bizim kəndə xəbər göndərmişdi ki, əgər bu iki kənd mənə beş min tümən göndərməsə, torpağını at torbasında daşıtdıracağam. Axı, bu qədər pulu, ay başına dönüm, biz haradan tapaq? Kənd camaatı belə məsləhət gördü ki, özümüzü qorumaqdan başqa çarəmiz yoxdur. Iki avadanlıqda iyirmidən artıq silah tapılmadı. Buna baxmayaraq, biz onun qabağına çıxdıq.

– Nə üçün dövlətə şikayət edib yardım istəmədiniz?

Qoca başını buladı:

– İndiyə kimi dövlət kimin dərdinə yetişib ki, bizim dərdimizə də əlac eləsin?! Səlmaslılar şikayət etmişdilər, nə oldu? Rədd cavabı aldılar. Bizə də elə cavab gələcəkdi. Hə, onu deyirdim axı, başına dönüm, kimsə bizim silahlanmağımızı Kürd Əmərə xəbər verib. O, da bizim yanımıza adam göndərdi: həm beş min tüməni, həm də əlimizdə olan silahları tələb elədi. Ya gərək dediyinə əməl edəydik, ya da ki, kənd gərək başdan-başa qırılaydı. Çarəsizlikdən əyalətə gedib kömək istədik. Dedik, iki kiçik gəmi verin, arvad-uşağı salamat bir yerə çıxaraq. Ondan sonra kişilər vuruşa bilərdi. Bizə cavab verdilər ki, lazım olan tədbirlər görülüb. Biz bilirdik ki, Kürd Əmərlə bacara bilməyəcəyik. O da öz dediyini elədi. Kəndə hücum etdi. Camaat müdafiəyə qalxdılar. Kürd Əmərin yaxşı silahlanmış dəstəsi kəndi aldı. Qətl-qarət başlandı. Kəndin arxa tərəflərində yaşayanlardan başqa sağ-salamat qurtaran olmadı.

         2.

Əyalətdə iclas oldu. Müxbirüssəltənə yenə yuxarı başda oturmuşdu. Kəndlilərin gətirdiyi xəbərləri Badamçı ona danışanda o, timsahsayaq göz yaşı töküb dedi:

– Onların ərizəsi mənə çatan kimi əlimdən gələni etmişəm. Mənə yazıb bildirmişlər ki, iki polk kazak qoşunu yola düşüb, bu gün-sabah Təbrizə yetişəcək. Inşallah, onlar ki, şəhərə varid oldu, Kürd Əmərlə haqq-hesabı çəkərik.

– Indiyəcən dövlət belə teleqraflardan çox eləyibdir. Lakin hamısı nəticəsiz olub.

– Xeyr, ağayi Sərhəngzadə, bu xəbər o qədər də doğru deyil, – Vali qulluqçunu səslədi. – Mirzəyə deyin Tehrandan və Zəncandan dünən gələn teleqrafları buraya gətirsin.

Boğazı qəlyan kimi uzanan mirzə otağa daxil olub, əlindəki teleqrafları Badamçı ilə Sərhəngzadəyə təqdim etdi. Teleqrafların biri daxiliyyə nazirliyindən idi: iki polk kazakın Tehrandan Azərbaycana göndərildiyi qeyd olunurdu. Digər teleqrafda həmin qoşunun Zəncana yetişdiyini yerli hökumət xəbər verdi.

Xiyabani yerindən qalxdı:

– Yaxşı, bir-iki gün də dözərik.

Havada oynaşan buludlar səmanı daha da qaraltmışdı. Şəhərdə ölü bir sükunət hökm sürürdü. Yalnız Qum bağına tərəf çapan fayton atlarının ayağından tappıltılar bu sükutu pozurdu. Faytonda iki adam oturmuşdu. Bunlardan biri Azərbaycan valisi Müxbirüssəltənə, digəri milli qoşunun komandiri Seyid Hüseyn xan idi. Sonuncu, Səttar xanla çiyin-çiyinə vuruşub, Bağır xanın qızına evlənsə də, son zamanlar vətənin azadlığı uğrunda mübarizə yolundan geri çəkilənlərdən idi. Lakin Xiyabani şöhrət düşkünü olan bu adamın niyyətindən xəbərsiz idi.

Darvazanın qabağında duran qarovullar faytonu tanıyandan sonra içəri buraxdılar. Fayton bir binanın qabağında dayandı. Sürücünün yanında oturan leytenant özünü yerə tullayıb, faytonun yanında təzimə hazır vəziyyətdə dayandı. Özlərini yad gözlərdən qorusun deyə, faytondan düşən iki adam başlarını aşağı dikərək binaya tərəf addımladılar. Onları içəri pillələrdə bir zabit qarşıladı.

Kazak sərtibi Həsən xan gələnlərin ikisi ilə də əl verdi, onları qonaq otağına apardı.

Təzə gələnlərdən və Sərtib Zəfərddövlədən[1] başqa burada üç adam da vardı. Bunlar Fəzli Ismayıl xandan, rus mühaciri – ağqvardiyaçı generaldan və İngiltərə konsulundan ibarət  idi. Üçlüyün söhbəti bir neçə saat davam etdi. Qaradağlı xanın üstünə gedib qələbə qazanan fədailər gəlməmişdən əvvəl Təbrizdəki demokratların aradan götürülməsi qərara alındı.

General Seyid Hüseyn xandan soruşdu:

– Bizim kazaklar hər işi yerli-yerində edəcəkdir. Lakin onları əl-qolu açıq olmalıdır. Sizin yeniyetmələr şulux salmazlar ki?

– İnanmıram.

– Bəndənin əqidəsincə, Seyid Hüseyn xan, onları Təbrizdən kənara çıxarmaq lazım gələcəkdir.

Sərtib İmayıl xan da generalın sözünə qüvvət verdi:

– Arada bizimkilərin qanı tökülə bilər. Biz əməliyyata başlamazdan əvvəl onlar şəhərdən çıxarılmalıdır.

Ingilis konsulu üüzünü Müxbirüssəltənəyə tutub dedi:

– Mənə belə gəlir ki, cənabınız bir məsələyə xüsusi diqqət yetirməlidir. Polislər kazaklara atəş açmamalıdırlar. O ki, qaldı Şeyxə. Onunla işiniz olmasın. Siz ancaq nəzmiyyə ilə məşğul olun.

– Nəzmiyyə işi çox çətindir, cənab! Onların içində bir nəfər də olsa, bizə tərəfdar adam yoxdur. – Seyid Hüseyn xan kükrədi. – Şəhərdə ən azı üç yüz nəfərə yaxın mücahid vardır.

– Onların haqqında nə fikirdəsiniz? – deyə Ismayıl xan ingilis konsuluna müraciət etdi.

– Güllə atanları, sizə müqavimət göstərənləri yerindəcə boğmaq lazımdır!

Təbrizin yenə yuxusuz gecələri başlandı. Meyxanadan çıxan dörd kazak oxuya-oxuya küçələri dolaşırdı. Bir dəstə uşaq onların ardınca düşüb qışqırışırdı: “Gədə, qoyma, bunlar çaqqı gəmiriblər”.[2]

Hərdənbir əyilib, yerdən daş götürüb uşaqlara atmaq istəyəndə uşaqlar kazaklardan qaçaraq uzaqlaşırdılar. Daşlar ya divara dəyir, ya da həyətlərə düşürdü. Bu vaxt iki kişi ilə bir molla danışa-danışa gəlirdi. Əlləri uşaqlara çatmayan kazaklar:

– Bunlar da elə onlardandır! – deyə gələnlərin üstünə cumub, onları döyməyə başladılar. Bu zaman haradansa iki polis çıxdı. Kazaklarla polis döyüşü başlandı. Milli qoşunun əsgərləri özlərini hadisə yerinə çatdırdılar. Kazakları xub döyüb, əllərini bağlayıb nəzmiyyə idarəsinə apardılar.

Kazakların özbaşınalıq etməsini və Seyid Hüseyn xanla valinin bir faytonda getməsini Xiyabaniyə xəbər verdikdə Şeyx yaman hirsləndi.

Qaradağlı xanın üstünə gedən fədailərin geri dönməsini Xiyabani səbirsizliklə gözləyirdi. Iki kazak zabitinin küçədən keçən bir qadını faytona basıb aparmalarını da ona dedikdə kişini elə bil ildırım vurdu. Dərhal mitinq çağırdı. Kazakların vəhşi hərəkətləri bir neçə ay azad yaşamağa adət etmiş adamların qəzəbini coşdurdu.

Mitinq çox hərarətli keçdi.

Xiyabani öz nitqində dedi:

–Şəxsən mən bu fikirdəyəm ki, əhali ilə bədrəftar etməyi kazaklara öz zabitləri tapşırıb. Biz bu gün onlara ilk və son dəfə deyirik: bundan sonra bir kazak nalayiq hərəkət etsə, onun cəsədi quru yerdə qalacaqdır!..

4.

Əzablı günləri, avara dərviş həyatını sona çatdıran Paşa bəy qızına, nəvələrinə baxıb fərəhlənirdi. Sanki yenidən doğulub dünyaya gəlmişdi.

Öz qızı qədər sevdiyi Şuşaniklə Rəşidin toyunda onun şuxluq etdiyini görənlər güman etməzdilər ki, bu adam ağlasığmaz müsibətlər görüb, oddan-alovdan çıxıb. Lakin onun bu sevincli günləri də uzun sürmədi. Yenicə tapdığı səadəti heç nədən məhv oldu.

Bir səhər çarhovuzun başında dəstəmaz aldığı yerdə keçindi.

Keçmiş xatirələrdən təzəcə uzaqlaşan Dürdanənin əhvalı çox dəyişdi.

...Rəşidin bacarığını görən Mahmud toydan sonra onu Makuya, evlərinə qayıtmağa qoymadı... “Sən burada çox lazımsan” dedi. Adam göndərib Şuşanikin anasını da Təbrizə gətirtdi. Rəşidgil Xiyabanilə qonşuluqda bir ev kirayələdi. O, nəzmiyyə idarəsində təminat rəisi olmuşdu.

Rəşid səhər işə gələn kimi keşikdə duran zabit ona yanaşdı. Tutulmuş kazak serjantlarının siyahısını ona verdi. Kağızda Əli Məhəmməd oğlunun adını görəndə əlləri titrəməyə başladı.

O, əmisi oğlunu çoxdandı ki görmürdü. Əli Makudan baş götürüb qaçanda Rəşidin on beş yaşı ancaq olardı. Əlinin gətirilməsinə əmr verdi.

Əli otağa daxil olanda ayaqlarını şappıldadıb, özünü şax tutdu, sağ əlini qaşının üstünə aparıb rəsmi təzim etdi.

Rəşid mizin arxasından çıxdı:

– Əmoş! – deyib onu qucaqladı. – Əziz əmoğlu, tanımadın məni?

Əli də Rəşidi bağrına basdı:

– Vay gədə, nə yaman yekəlibsən?! Sən hara, bura hara! Olmaya, bu zalım xanlar səni də qaçaq salıblar?!

– Məni qaçaq salmayıblar, mən özüm gəlmişəm!

– Demokrat olubsan?

Demokrat olanların nəyi məndən artıqdır?

– Allah eləməsin, sən demokrat olasan... Tez danış, görüm sən burada nəçisən? Böyüksən?

– Necə məgər, məndən böyük olmaz?

Əmoş o yan-bu yana boylandı. Söhbətlərini kimsə eşitməsin deyə, səsini yavaşıdıb pıçıltıyla dedi:

– Tez ol, buradan əkil!

– Nə olub ki?

– Sizi satıblar!

– Məgər mal-davarıq ki, bizi satalar?

– Mən necə sənin böyük əmin oğlun, deyirəm, tez ol, əkil, uzaqlaş buradan!..

– Axı, bizi kim sata bilər?

– Öz sahib-mənsəbiniz...

Rəşid diksindi və genişlənmiş gözlərini Əmoşa dikdi.

– Adını bilmədin kimdi?

– Yox. Onu bilirəm ki, cavan oğlandır, qadın kimi nazik səsi var.

Rəşid barmağını dişlədi: “Ağayi Mahmuda xəbər vermək lazımdır. Əmoğlumun dediyi nişanələr Seyid Hüseyn xanda var...”

Əmoş dünən gecə kapitan Rzaqulu xanla valini və kimisə Qum bağına apardığını, səhərə yaxın qaytarıb, valigildə qoyduğunu, şəhərdə şuluq salmaq üçün serjantlara tapşırıq verildiyini danışdıqdan sonra əlavə etdi:

– Bu gün də olmasa, sabah bu demokratları qırıb dağıdacaqlar. Tez yoldaşlarını da çağır, buradan çıxıb gedin.

Rəşid bir az fikrə getdikdən sonra ünvanını ona verib dedi:

– Axşam gələrsən, evdə danışarıq. Indi sən yoldaşlarını da götürüb gedə bilərsən.

Əmoşu yola salan kimi Rəşid Mahmudun otağına gəlib eşitdiklərini ona danışdı.

– Böyük xəyanət! – deyə Mahmud yerindən qalxıb Xiyabanini axtarmağa getdi.

Əncüməndə Xiyabanidən və Badamçıdan başqa heç kim yox idi. Mahmud Seyid Hüseyn xanın və valinin satqın olduğunu xəbər verdi. Seyid Hüseyn xanın dərhal milli qoşun rəisliyindən və Sərhəngzadənin Komitə üzvlüyündən çıxarılmasını lazım bildilər.

Xiyabani telefonla zəng edib, Seyid Hüseyn xanı sərbazxanadan istədi, kimsə onlara cavab verdi ki:

– Manevr keçirmək üçün milli qoşun Banəba tərəf hərəkət etdi. Rəis özü də onlarla getdi.

– Indi hər şey gün kimi aydındır. Qohumun düz deyib: bizi satıblar. Kazakların qabağında dayana bilən bir qüvvəmiz milli qoşun idi ki, onu da hiylə ilə şəhərdən çıxardıblar. Indi əlac qalır bircə sənin polislərinə! – deyə Badamçı üzünü Mahmuda tutdu.

– Belə vaxtda biz özümüzü itirməməliyik! – Xiyabani eynəyini çıxarıb, dəsmalla silməyə başladı. – Ağayi Badamçının dediyi kimi, siz Seyid Hüseyn xanı qaytarmaq üçün ardınca Rəşidi göndərin. Bütün polislərə Qum bağı və alaqapı arasında müdafiə xətti tutmağı tapşırın. Biz də şəhərdə qalan mücahidlərdən kimi tapsaq, yanınıza göndərərik. Şəhərə gələn tək-tük kazaklarla işiniz olmasın.

Bu vaxt Sərhəngzadə içəri girdi. Yolda Mahmudu gördüyünü deyib tez soruşdu:

– Mahmud yaman bikef idi. Ona nə olmuşdu ki?

– Necə bikef olmasın! Belə qorxulu bir vaxtda Seyid Hüseyn xan manevr etmək bəhanəsilə şəhəri boşaldıb. Bəzi tədbirlər görməyə getdi. “Sən də o nadürüst valiyə satılıbsan, əclaf!” deyə ürəyindən keçirdi.

Sərhəngzadə heç nə olmayıbmış kimi dedi:

– Onun manevr etməsi birhəftə çəkməyəcək ki!.. Bu gün də gəlməsə, sabah axşama qayıdarlar. Mən belə bilsəydim, ağa Mahmudu geri qaytarardım. Sizin nigarançılığınız əgər kazaklardansa, mən onların generalı İsmayıl xan Fəzli ilə şəxsən dostam. Bu saat gedib onu görərəm. Bütün kazakların ayağını şəhərdən kəsərəm.

Qalxmaq istərkən:

– Siz zəhmət çəkməyin. Bizim Seyid Hüseyn xanla başqa işimiz də var, – deyə Badamçı onu yerində oturtdu.

5.

Rəşid tələsirdi.

Milli qoşunun ardınca yavaş-yavaş at sürən Seyid Hüseyn xanı öz adamları əhatə etmişdi.

Rəşid Sərdərədən o tərəfdə onlara çatıb Xiyabaninin əmrini bildirdi. Seyid Hüseyn xan azacıq fikrə gedəndən sonra soruşdu:

– Rəsmi əmr varmı?

– Xeyr! Yoxdur, amma demokratların qərarı belədir ki, siz təcili qayıtmalısınız. Işin gur vaxtı əmri yazmağa ağayi Xiyabani vaxt tapa bilmədi.

– Sənə belə bir əmri Xiyabani verdimi?

– Mənə bu əmri ağayi Xiyabani, ağayi Mahmud, ağayi Badamçı veribdir.

Seyid Hüseyn xan qəhqəhə çəkib güldü:

– Mən o saat anladım ki, bu iş kələkdir, fırıldaqdır. Onların düzəltməsidir. Ağayi Mahmuda deyərsən ki, mən belə hoqqaları çox tez duyuram. Ağayi Mahmud istəyir ki, bu manevr baş tutmasın. Get ona de ki, mən onların dedikləri adamlardan deyiləm! – Sonra o, üzünü yanındakı zabitlərə tutaraq əlavə etdi – Mahmudnan mərc gəlmişik, kim-kimi aldadarsa, aldanan böyük bir qonaqlıq verməlidir. – O, bu sözləri elə inandırıcı bir tələffüzlə dedi ki, Rəşidə baxan bütün zabitlər gülüşdülər. Rəşid pərt oldu, bir anlığa nə edəcəyini bilmədi. O, bütün işlərdən xəbərdar idi. Qoşunun şəhərdən uzaqlaşdırılmasının nə kimi məqsəd güddüyünü yaxşı bilirdi.

“Qoşunu bir yerə toplayıb bu yaramazı ifşa edimmi? Belə olanda Seyid Hüseyn xan məni tutdurmazmı? Məni tutsalar, qoşun yenə də manevr adı ilə uzaqlaşacaqdır. Xiyabanidən rəsmi əmr alıb gətirimmi? Burası var ki, mən şəhərə gedib-gəlincə qoşun şəhərdən uzaqlaşacaqdır. Sonra da kazaklar bildiklərini eləyəcəkdir”.

Qoşun durmadan gedirdi. Seyid Hüseyn xan və bir neçə zabit atlarının cilovundan tutub onları izləyirdi.

Rəşid Seyid Hüseyn xanı geri qaytarmaq üçün dediyi sözlərin, gətirdiyi dəlillərin nəticəsiz qaldığını görüb dəhşətə gəldi. Onun fikrincə, vətənin təhlükəli dəqiqəsi yaxınlaşırdı.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info