Qonaq Kitabı
QIZIM ÜÇÜN

Bu il niyə çıxdın cərgədən qəfil?

Gün görmüş ölkənin qızları coşdu,

Bəs nədəndi sənin öz yerin boşdu?

Hər il coşub bayram edərdin, qızım,

Qızlardan daha tez gedərdin, qızım!

Bu il nə çox sürdü səhər uyqusu?

İpək tellərinin gəlməz qoxusu!..

 

Axşam oldu bütün üfüqlər yandı,

Xoruzlar çırpındı, səhərdir sandı;

Təzə gəlin kimi bəzəndi Bakı,

Çox türfə bəzənib-düzəndi Bakı.

Binalar gördüm ki, boyunbağı nur,

Şəhərin cəlalı, təmtarağı nur.

Üç nəslin gözündə parlayırdı fər!

Səsləndi hər yerdən rəqəmlər, zəfər.

Bir az keçdi, baxdım yandı məşəllər,

Dəstə-dəstə seyrə çıxdı gözəllər.

Uşaqlar çırpındı, qocalar baxdı,

Sevinclər qabardı, nəşələr axdı,

Mənə də gəlmişdi bu aləm çox xoş.

Birdən baxdım, qızım, sənin yerin boş,

Sənin yerin boşdu, sevimli qızım.

Mənim alagözlüm, gözəl ulduzum.

Sevdiyin bayramdır, quzum, gəl də bax,

Yoxsa, bir şey oldu, gözümdən iraq!..

 

Köhnə adla deyim: cənab allah,

Tutaq, işləyərək ömrümdə günah,

Keçirdim vaxtımı söhbətlə, sazla;

Niyazım eşq oldu, oynadım nazla,

Bəlkə dərk etmədim xeyri, savabı,

Əlimdən qoymadım badeyi-nabı;

Qəflət edib dedim, solmasın güllər,

Köhnələr demişkən, xəstə bülbüllər.

Güllərin hicrində ağlamasın qan,

Nə yıxılan olsun, nə vurub yıxan.

Bəlkə də küfr imiş gülmək, əylənmək,

Mərdsənsə, könlümlə hesabını çək.

İndiki, azğınam, günahım ağdır,

Tək mənim başıma ildırım yağdır!

Sənə neyləmişdi, zavallı qızım,

O ipək kəkilli, o xallı qızım.

Nə qədər yalvardı vermədin aman,

Bir dərdə saldın ki, tapmadım dərman,

Sənin əməlinsə bu vicdansız iş,

Qoy giclər eləsin sənə sitayiş.

 

Sənə kim söylədi, ədəbsiz öküz,

Məxmər xiyabana bu gülləri düz,

Özün də bilmədən, gül ək, çiçək ək,

Əlvan rənglə boya, görünsün qəşəng,

Mənim əməyimlə becər bir zanbaq,

Elə bir zanbaq ki, - nə deyim, axmaq! -

Görünməmiş olsun cahan bağında;

Bir əməl parlasın hər yarpağında,

Qəşənglikdə bol-bol verilsin payı,

Gözəllər içində olmasın tayı.

Sallanıb getdikcə satsın sərvə naz,

Böyüsün, boy atsın düz on altı yaz,

Yeni bir cilvəylə bürünsün gündə;

Mən də məftun olum, əsim üstündə,

Burda... birdən böyür, cəhənnəmdən çıx,

Ayaqla qəlbimi, vicdanımı yıx,

Çeynə zanbağımı, didik-didik et;

Nə qədər yalvarsam, heç eşitmə, get.

Acısın halıma, ellər ağlasın.

Kamanlar ağlasın, tellər ağlasın.

Qızımı qəhr edən dərmansız dərdə,

Bilib bilmədiyim dillər ağlasın...

 

İnan, gözüm çıxdı, qalmışam gözsüz,

Sən getdin, ağladım qırx gecə-gündüz.

Qırxında uğradım, bir yığın torpaq

Bir şeylər söylədi, qanmadım ancaq.

Bilmədim, dəyişib güləmi döndün,

Qarışıb torpağa, giləmi döndün?

Sızladımı yaran, gözəlim, bir də,

Yoxsa rahatmısan yatdığın yerdə?

Heç yata bilməzdin ipək yataqda,

Bəs necə dincəldin quru torpaqda?

İstəmərəm, yox, yox, qalxıb da gəzmə,

O müdhiş ağrını bir daha sezmə.

Artıq qollarımda qalmamışdı tab,

Üzmüşdü canımı çəkdiyin əzab.

Görmədin ömründə bir az dad, qızım,

Doqquz ay yatmadın, indi yat, qızım!

 

Sevdiyin çiçəklər, güllərə yandım,

Gül bənizin döndü güllərə, yandım.

Kəlməsi müshəfi - kamal ayəsi,

Səndəki çox şirin dillərə yandım.

İpəkdən yumuşaq, yasəməndən xoş,

O qumral, qıvırcıq tellərə yandım.

Almayan ömründə səadət payı

Şümşada oxşayan əllərə yandım.

Səni məndən aldı, basdı bağrına,

Bu otsuz, çiçəksiz çöllərə yandım.

Məni yersiz qoydun geniş dünyada,

Verdin əməyimi yellərə, yandım.

Dost tutdu yasını, düşmən ağladı,

Dərdimə ağlayan ellərə yandım.

 

Uçub gedən qızım, dolaş hər yeri,

Bir başqa rəngə gir, sonra dön geri.

Gəlib göylərimdən ulduz kimi bax,

Qaranlıq yollarda şimşəyim ol, çax!

Bağçamda yetişən incə gül yenə,

Səni az da olsa göstərsin mənə,

Dayanmaq güc oldu belə zavalə.

 

Bir daha bitsəydin, ey gözəl lalə!

Biçarə qəlbimin dərdli çağında,

Yasəmən ol, açıl könül bağında.

Anan, baban bu gün yazıqdan yazıq.

Ey küskün bənövşəm, bir daha gəl çıx.

Qarışdı idrakım, getdi huşum gəl,

İlk bahar günündə, qaranquşum, gəl!

 

Ey şən bağçalarda aşıb-daşanlar,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info