Qonaq Kitabı
QIZIM ÜÇÜN

Ay qızım, bu ömür yaman fırtına,

Mən özum də bir gün tutuldum buna.

Azğın küləklərlə gəlib üz-üzə:

Gah batdım dənizə, gah çıxdım üzə;

Nəhənglə çarpışdım, dalğalar aşdım,

Qoçaqlıq göstərdim əcəldən qaçdım.

Ruhumda bir boşluq, bir yerim yara,

Yorğun, əzgin bir gün çıxdım kənara.

Süründüm çöllərdə batdım qan-tərə,

Cansız meyit kimi sərildim yerə.

Düşündüm-daşındım, ümidim sönük,

Dedim ki, “Taleyim nə qədər dönük,

Bu uzun gecənin bir sonu yoxmu?”

Az sürdü, bilmirəm, bu halım, çoxmu.

Demə, möhlət vermiş imansız əcəl,

Toxundu qəlbimə çox isti bir əl.

Artıq səadətlə yumdum gözümu,

Yumuşaq bir ələ sürtdüm üzümü,

Bir gözəl dost tapdım, yaram bağlandı.

Qumral gözlərinə içərək andı,

O gözəl xilqətin oldum əsiri,

Onun bir quluyam o gündən bəri.

O gündən qaranlıq yolumdan qaçdı,

Dostum mənə nurlu cığırlar açdı.

O olmasaydı, mən yolda qalardım,

İnan ki, çürüyüb torpaq olardım;

O olmasaydı, mən coşa bilməzdim,

Bu ağır dağları aşa bilməzdim.

O olmasaydı, mən nə idim – bir heç,

Yetən bağırardı: “Çəkil, durma keç!”

Onun ilıq səsi, inamlı səsi,

Şəfəqi, şöləsi, məhrəm nəfəsi,

Mənə qüvvət verdi, gəzdim, dolandım.

Artıq bütün dünya mənimdir sandım.

Bir gün yuvamıza döndüm bir sayaq;

Beşikdə nə vardır -  dedilər – bir bax!

Baxdım ki, doğmuşdur mənim ulduzum;

Uğurlu bir gündə gəlmişdin, qızım!

 

Böyüyüb çatınca sən bir yaşına,

Nə qədər dolandım, bilsən, başına

Bir gün gəldi çatdı yaşın ikiyə,

Qızıl beşlik atdım boş nəlbəkiyə

Böyüdün, əndamın olduqca incə,

Yeməli qız oldun üçə gəlincə.

Çiçək-qızılcasız yetişdin dördə,

“Get, yolun açıqdır!..” - söylədim dərdə.

Beşində büsbütün dəyişdi dilin,

Sənə qurban kəsdi ailən, elin.

Çatınca altıya düşdün dillərə,

Sırmalar düzdürdüm ipək tellərə

Tanıyanlar bilir, yeddi yaşında,

Ciddi bir qız idin, əqlin başında!

Səkkizində artıq öyrəndin savad,

Nə qədər sevindi biçarə Cavad.

Doqquzuncu yaşa qoyunca qədəm,

Yalnız qız deyildin, sən, mənə həmdəm.

Səni on yaşında görüncə dostlar

Dedilər: “Bu qızda başqa aləm var!”

On birində güldü ala gözlərin,

Mənə ürək verdi şirin sözlərin.

On ikinci bahar birdən boy atdın,

Ömrümə bir başqa uğurluq qatdın.

On üç yaşında bir mükafat aldın,

Məktəbdə çalışdın, yaxşı adlandın.

On dördündə döndün on dördlük aya,

Artıq gözəlliyin gəlməzdi saya.

On beşində süzdü tamam sünbülün,

Bəzəndi əndamın, açıldı gülün.

On altıncı bahar nə qanlı bahar...

Ox, qızım, fələkdə nə dönüklük var!

Bir ağrı başladı, qovrulub yandın.

Ağrıyır deməyə bəzən utandın.

Soldu yavaş-yavaş pənbə yanaqlar,

Gülümsündü acı gülgün dodaqlar;

Ala gözlərində kəsər qalmadı,

O şaqraq səsindən əsər qalmadı.

Qədəhlər boş qaldı, mey alınmadı.

Bizim xanımanın söndü şənliyi.

Ananın, babanın bitdi mənliyi.

On ay evimizdə kaman ötmədi,

Təbabət çalışdı, bir şey yetmədi.

Ağırlaşdı başın, kəsildi saçın,

Dedin: “Uçacağam, yolumdan qaçın!”

Şəhər-şəhər səni gəzdirdi baban,

Dərdini dağlara sezdirdi baban.

Qucaqladım səni, hər yerə vardım,

Dərmana yalvardım, dərdə yalvardım,

Bəlkə oldu deyə, seyrə inandım,

Fələk də qəlbimə acıyar sandım.

Fələkdən nə gördüm? Haqsızlıq ancaq,

İndi gəl babanın bir halına bax,

Mənə də yer göstər dincəlim, qızım!

Yalqızlıq yamandır, qoy gəlim, qızım!

 

Səndən sonra, qızım, bir bayram oldu,

İnsanlar axışdı, şəhərlər doldu:

Leninin dünyanı çağırdığı gün,

Radionun aləmə bağırdığı gün

Sevdiyin Bakını döndərdi bağa,

Söykəndi yollarda bayraq bayrağa.

Lalədən don geydi əmək ölkəsi,

Çulğadı göyləri gəncliyin səsi.

Cərgələr dəmirdən, səflər poladdan,

Hər kəs bəhs edirdi bir böyük addan.

Göydə təyyarələr çiçək taxdılar,

Buludlar urküşdü, quşlar baxdılar.

Bir daha tarixə baxdı milyonlar,

Ümidlə, inamla axdı milyonlar.

İyirmialtılarda səsləndi biri,

Uğurla yad etdi oktyabrı.

Baban da qoşuldu bu vurhavura,

Sənin bayramına səsləndim: ura!

Bağırdım, ürəkdən bağırdım, qızım!

Bu yeni mahnını çağırdım, qızım!

 

Dünya tikmiş ikən göz, bayramına,

Son niyə gəlmədin öz bayramına?

Qızlar cərgəsinin düşüb önünə,

Neyçün qoşulmadın bu şanlı günə?

Taxmadın köksünə qızıl qərənfil,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info