Qonaq Kitabı
Fərmani-qəzai-cərəyan

Nəhayət, rəfiqim o ağır təsirin tufanları, çığırtıları içində boğularaq:

– Aman, bəradər, bu nə hal! Bu nə cür tamaşa?! – sözlərini deyə bildi.

Mən isə illərdən bəri könlümün ən dərin guşələrində zərbeyi-istibdadın açmış olduğu yaraları çıxarmaq və ənzari-bəşəriyyətə qoymaq üçün tam böylə bir suala müntəzirdim. Haman cavabı verdim:

– Iştə bir az əvvəl sizin istehzaləriniz altında payimali-həqərat olan həqiqətlərinin canlı bir lövhəsi! Ki, onları eşidərkən güldünüz. Fəqət, görüncə də ağlayacaqsınız, demişdim. Indi ağlayınız! Zira ki, bilməyərək səhaifi-həqiqətə saçdığınız o təhqir ləkələrini, ancaq bu göz yaşları pak edə bilər.

O, kirpiklərinin ucunda titrəyən son qətreyi-əşki əlilə sildi və gözlərini qaldıraraq səmanın məchul bir nüqtəsinə dikdi. Məyus, fəqət əsəbi bir nəzərlə baxırdım. Bənizi büsbütün saralmışdı. Nəhayət, bir ah çəkərək üzünü mənə doğru çevirdi.

Mən bu dəfə onun saralmış çöhrəsində bir taqım təqriri mümkün olmayan şeylər oxudum ki, onların xülaseyi-məfhumu mənim böyük bir qəbahətimi əşar edirdi.

Demə, onun yuxarıdakı suallarına qarşı vurduğum zərbeyi-şəmatət, qəlbinin ən həssas bir üzvünü qanatmış və orada dərin bir yara açmışdır. Budur, bu halın fərqinə varınca mən də əsəbiləşdim, titrədim. Və sonra özlüyümə, öz qabalıq və cahilliyimə qarşı qəlbimdə böyük bir hissi-nifrət duydum. Və özüm-özümə:

– Budur, bu da mənim qəbahətim, – dedim. Zülmün ağır zərbələri altında əzilib gedərkən, başqa birisini əzmək, məzlum yapmaq nə böyük alçaqlıqdır?! Indi məhəlli-əslisi müəmma olan vicdanımda ağır bir sıxıntı, böyük bir ağrı hiss edirdim. Adını bilmədiyim amansız bir qüvvə, bir əzabi-vicdanin içində oyanır və acı-acı fişarlarla bütün ruhimi sarsıdır, mənliyimi bərbad edirdi.

Budur, bu fişarlar, bu sıxıntılar, bu sarsıntılar içində qəyət həzin bir səs vardı ki, həzinliyi ilə bərabər, amiranə bir tərzdə mənə xitabən deyirdi:

– Məzlum ikən zalim olmaq vicdanı əzmək, insafı öldürməkdir. Zalimlik qəbahətin irtikab edən məzlum bir öldürücü, bir qatildir ki, özü öldürdüyü insafını

alçaqlığın dərin məzarında dəfn edər!

 

 

Bir-iki söz

Bu hekayəciyəzimin 95 nömrəli “Bəsirət”də nəşr olunmuş ilk sütunlarını oxuyan bir iranlı qardaşım mənə müraciətlə bir taqım nəsayehi-bəradərənədə bulundular.

Onların zənnincə guya bu kimi yazılar iranlını bədnam edirmiş.

“İranda oynanılan böylə cansuz faciələri ancaq iranlılar görməli və bilməlidirlər. Başqalarını bu qəbil əsrari-milliləyə vaqif olmaları heç də caiz deyilmiş!”

Zira ki, bunları bilən və bu qəbil əsrara vaqif olanlar, iranlılara “Sizdə hiss yox, qeyrət yoxdur” kimi ağır şəmatətlər edirlər.

Yenə bu barədə yaxın bir dostumuzdan bu məzmunlara oxşar bir məktub dəxi aldıq. Şayəd başqa yerlərdə olan iranlı həmvətənlərimizdən bəziləri dəxi bu kimi mülahizatda bulunmuş olsunlar:

Budur onlara cavabımız!

Biz də iranlıyıq, namusi-vətən hər kəs üçün öz şərəfi-zatisi qədər müqəddəsdir. Bu əsrdə böylə bir hissə malik olmayan insan deyildir.

Fəqət qəlb saibi bir insan Vətən naminə verilən, yaşadığı mühitində ichra edilən zülmləri, xəyanətləri, aqsızlıqları görüb də nə cürə onları gizlədə bilər?!

Vicdan bu kimi taqətin fövqündə olan zülmləri görməyə, görüb də onları örtüb-basdırmağa imkan verirmi?!

Ağır və müdhiş bir zərbənin açmış olduğu yaradan qırmızı qanlar axar!..

Bu, çox təbiidir.

Bundan maida zalimlərin canlar məhv edən istibdadını görərək o istibdadın qəbahətlərini, alçaqlıqlarını gizlətmək zalimlərə böyükcə bir yardım etməkdir ki, bunu da biz bacarmayız.

“Bizdə hiss və filan yoxdur”, məsələsinə gəlincə, bu da çox doğru bir şey. Bunu nə cür inkar edə bilərik. Vətənimizdə icra edilən yolsuzluqları bir qafqaziyalı, bir türküstanlı bilməsə də, başqaları bilər.

İndiyə qədər Avropada bu xüsusa dair 100 cilddən ziyadə kitab yazılmışdır.

Budur, bu da altında əzildiyimiz istibdadın bir nəticeyi-mənhusəsidir ki, Şərqin “mədəniyyət beşiyi” olan İranı Avropaya bir taqım “vəhşilər yığıncağı” deyə tanıtdı.

Bir şair deyir ki:

“Pəndi-eşqəm mədeh, ey Şeyx ki, avixteənd

Lovhi-rüsvi ma bər səri bazari çənd”.[1]

Ixtisar edəlim: Zalimin zülmünü duyub da sətr etmək, onunla şəriki-zülm olmaqdır. Bu günkü tədənnimiz, biçarəliyimiz, acı və inkari qabil olmayan bir həqiqətdir. Başqalarının nəzdində bədnam olmaq fikrilə ortalığımızda olan qəbahət və vəhşilikləri də gizlətməməliyiz ki, “həqiqət” bizə lən edər.

Daha dörd-beş sənə əvvəl demişdik ki:

Bu gün acizlik etmək eyibdir, kəşfi-həqiqətdən həqiqət əhli özünü iczilə dünyada xar etməz.

Fəqət həmişə zülm etməklə nəqşü nüma bulan zalimlər belə şeyləri qanmaz, hiss etməzlər. Zira ki, onların insafları “qürur” deyilən qalın və vəhşi bir maneə içində həbs olunmuş və daima bu kimi təsiratdan məhfuz buraxılmışdır!

Bilməm siz də təcrübə etdinizmi? Insan vicdani bir xitab dinlərkən bir növ özünü fəramuş edər, özlüyünü bilməz, ixtiyarsız olaraq eşitdiyi o ülvi həqiqətlərə məczub qalar.

Həm də ki, bu yüksək kitabın təsirilə məğzində, damağında hüsulə gələn qarışıqlıq və inqilablara rəğmən yenə öz sükunətini mühafizə edib durar. Budur, mən də tamam o haldayam.

Belə bir taqım vicdani qarışıqlıqlar məğzimi çatladaraq bütün ruhumu alt-üst etdiyi halda, yenə mən öz təbii sükunətimi pozmayır və haman cansız və hərəkətsiz bir vəzidə bulunuram.

 Fəqət şu dəruni inqilabların zahiri bir əsəri, bir nümunəsi olmaq üzrə zülmün o cansuz mənzərələri qarşısında ağlamayıb duran gözlərimdən səssizcə iki -üç qətrə, danə əşk tökülmüşdü.

Bu ahəstə inqilablar, ağlayışlar içində yenə həmin hal, həmin sükunət davam edirdi ki, mehriban bir “əl”in əsəbi barmaqları mənim omuzumda xəfifcə bir təmas yapdı və onu oxşamağa başladı. Haman başımı qaldırdım!

Bu mənim rəfiqim idi.

Ah... bu müşfiq barmaqların mənə təsəlli vermək üzrə çiyinlərimi oxşamasından hüsulə gələn ruhən bir rahatlığı, səadəti necə tərif edim....

Baxınız.

Bir taqım ağır vicdani sıxıntılar, dərini əzablar məni əzir, mənliyimi bərbad edirdi!

Nə üçün?

Çünki böyük bir haqsızlıq edərək neçə günahı olmayan bir vicdanı sıxmış, və həssas bir ruhu incitmişdim. İndi o pak vicdan dərin bir hissi-mərhəmətlə mənə gülür. O ruh məni əfv edir, hətta təsəlli vermək istəyir.

Ux... onun üçün nə böyük ülviyyət.

Mənim üçün nə ülvi mərhəmət.

Nəhayət rəfiqim mənim və mənliyim üçün təsəllibəxş olan o müşfiq oxşayışlarında davam edərək bu sözlərə başladı:

–  Çox da xəyallar etməyiniz, - dedi, - əhəmiyyəti yox. Həyatın öylə zamanları var ki, insan nə yapacağını bilməz və bəzən bilməyərək heç də istəmədiyi şeyləri yapır, sonra peşiman olur. Bu daima belədir. Mən ən əvvəl sizin söylədiklərinizi bir xəyal, bir mübaliğə zənn edərək onlara güldüm. Zira ki, bütün o sözlərin birər kəlaməti həqiqət olduqlarını hənuz bilməyir və bir növ xəyallatdır deyirdim.

İnsan gördiyi, eşitdiyi bir taqım əcayib və fövqəladə şeyləri mövhum zənn edər. Bu zənn təbii və ümumidir: İştə böylə bir cənuni-ümumi üzərinədir ki, insan bu kimi ovham zənn etdiyi həqiqətlə ehtimadsızlıqdan dolayi tolid olunan bir təbəssümlə gülərsə məzur görünür. Ondan ötrü ki, bu adam öz etiqadınca “həqiqət” deyil, “xəyala” gülmüş olur... Nəhayət, öylə bir zaman gəlir ki, zülaliovham içində məstur qalan həqiqət artıq üzünü açıb göstərir: Şimdi bu yazıq, bu biçarə adam çöhreyi-həqiqətdə gördüyü şirin təbəssümlərə qarşı acı bir hissi-nədamət duyur. Zira ki, açıq-açığına öz səhvini, yanıldığını görür. Iştə mən də bir saat əvvəl tamam böylə bir halda idim. O, iddəasında bulunduğunuz, ən əvvəl məncə şayəni-etimad olmayan həqiqətləri bütün ətrafilə açıb göstərdinizmi?! Sanki cəhalətimdən, görməməzliyimdən dolayi mənim üçün ağır və cansuz bir zərbeyi-ibrət, bir taziyaneyi-təsəlliyə çaldınız. Bu, mənim haqqım idi, zira ki, bu zərbələrin acısı ilə bərabər məncə xəyal görünən ciddi bir həqiqətin mövcud olduğu bütün təsirilə ruhuma nüfuz etdi. O zaman isbati-həqiqət üçün mənə göstərdiyiniz o müdhiş mənzərələrin dəhşəti, acılığı daxi bu təsirə qarışaraq bütün mövcudiyyətimi bərbad etdi... Fəqət, sonradan bu acılar, bu yaralar üzərinə bir daha vurduğunuz zərbə, şəmatət haqsız olduğu üçün sizi də mənim qədər düçari-iztirab etdi? Deyilmi? Ancaq çox müztərib olmayınız. Bu iztirabın əhəmiyyəti yox, dedim. Zira ki, ruhunuzu, vicdanınızı bir bu qədər müztərib edən “şü şəmatət zərbəsini” bilməyərək vurdunuz. Və buna mənim qənaət vicdanım var.

Fəqət, müsaidənizlə şu yuxarıda göstərdiyiniz həqiqətlərə dair sizə bir taqım şeylər soracağım, olmazmı?

Şimdi mən onun ruhuma, qəlbimə, təsəllibəxş olan o müşfiq sözlərinin verdiyi nəşə və sürur arasında özümü fəramuş edəcək bir hali-məstidə bulunur və rahat-rahat nəfəslər alıram.

Ux!.. O qədər müstərih, o qədər xoş hal ki, müdhiş bir fişarın ağırlıqları altından təzəcə xilas olmuşam sanıram.

İştə ruhumu, idrakımı, sərməst buraxan böylə bir nəşeyi-vicdani arasında ona, onun yuxarıdakı sualına necə cavab verməli idim, bilərmisiniz?

– Əfv və mərhəmətlə göstərdiyiniz bu böyük alicənablığa müqabil heç bir təşəkkür etməyəcəyəm və edə bilməyəcəyəm, - dedim.

Zira ki, bacarmam. Fəqət şu məyus qəlbimə yeni ümidlər verən o ülvi təsəlliyətlərinizin müqabilində bütün varlığımla sizə ərzitəsəlliyyət edərim...

İzhari-imtinan üçün dodaqlarında əsəbi bir təbəssüm göstərərək sözümü kəsdi:

– Artıq bunlara hacət yox, – dedi.

Baxınız tarixin vəhşiliyə aid ən qədim dövrlərində heç olmazsa dağ və meşə şikarlarının dadlı kəbabı ilə həyat keçirən insanların övladı, bu XIX əsr mədəniyyətinin son illərini quru ələflər və göhnə saman çöpləri ilə geçirirlər?!

Ya... bu nə deməkdir. “Gün və zaman” tənəzzül edir demək. Öyləmi?! Halbuki, bu gün bir çox gözlərin heyrətlə tamaşa etdiyi bu qədər əcayib yenilikləri tarix ilə müqayisə etdikdə onun “gün və zamanın” tərəqqi etdiyini görürüz.

Əvalimi-təbiətdə zamanın üsuli-tərəqqisi o qədər sadə və qətidir ki, bu gün onu inkar edəcək heç bir insan tapılmaz.

Fəqət bu üsulun qətiliyinə binaən şimdi ağır bir məsələ qarşısındayıq! Əgər bizdən sorsalar ki, necə olur da, təbiətin zaman, ya zamanın insanlığa bəxş etdiyi bu qəti və ümumi qanun (qanunitərəqqi və təkamül) burada əksinə işləyir? Onda nə cavab verəcəyiz?!

Ha... baxınız, şimdi mənim xatirimə bir şey, bir xəyal gəlir. Iştə bu xəyal bir dürlü məhalatdan olsa da yenə izharından çəkinməyəcəyəm. Mənim xatirimə insanların tarixi və təbii hallarına dair böyük-böyük kəşfiyyatı ilə məşhuri-afaq olan ingiltərəli Darvin gəlir.

Oxucularımız miyanında Darvini tanıyanlar az deyildir, zənn edirəm. Fəqət bəlkə tanımayanlar da olsun. Darvin XIX əsrin məşhur simalarından-ingiltərəli bir filosofdur ki, insan və heyvanların həyati-təbiyyə və xilqətləri barəsində olan tətəbbüat və nəzəriyyatı ilə böyük bir şöhrət qazanmışdır. İşbu tətəbbüat və nəzəriyyat bir çox zamanlar Avropa əfkari-elmiyyəsini məşğul edən – “darvinizm” məsləkinin əsasını təşkil edərlər. Hakimi-mumi-ileyhilə bir neçə dəqiqə üçün diriltmək mümgün olsaydı da üsuli-təkamülə zidd görünən bu ağır məsələnin cavabı ondan sorulaydı.

Zira ki, o, bütün ömrünü, həyatını bu kimi müşkül olan məsaili-təbiyyənin həllində sərf etmiş və qüruni vüsta insanlarınca məchul qalan bir çox sirləri açmışdır.

Şimdi siz nə deyirsiniz? Bizim təsəvvür etdiyimiz bu fikri məhəl mümkün olsa da, Darvin dirilsə, onun böyük dimağı bu məsələnin həllində nə kimi fəlsəfələr, hikmətlər yaradar?

–Ah ... Darvini buraxınız, – dedim. Hər gah bu məsələnin həllində ona müraciət edilsə cavab olaraq mənə öz zamanında tətəbbö və ixtira elədiyi “İstifayi-təbii” fəlsəfəsini ortaya soxacaqdır ki, bu fəlsəfə dəxi bu gün bizim zəif “Şərq”imizin üfüqlərində çalan iti bir yıldırım, bir izme lal yıldırımı kimidir!

Bundan maida, neçə vaxtdan bəri sizin fikrinizi məşğul edən bu məsələdə təbiətə dair nə bir şey vardır ki, onun cavabını sormaqdan ötrü Darvini də dirildək.

Sizin tərəqqi və təkamül qanunlarına qarşı gördüyünüz bu başçılıq, bu təzad təbii deyil, icbaridir, icbari!..

Əsla xəbəri olmayan bir vəqədən dolayi yazıq təbiəti (bəzən mənim təbiətə yazığım da gələr) necə itham edə biləriz.

“Təbiətin qanunları layəntəqəyyürdür, yəni heç vaxt təqyir etməz” - demişlər. İştə fəlsəfə aləmində bunun qədər səhih və doğru bir hökm heç yoxdur. Zira ki, təbiətin təhti-idarəsində bulunan “qanuni-təkamül” bütün yaşayanlar üçün müsavi dərəcədə icraeyi-hökm eylər.

“Elektrik müqtatiki”ni kəşf edən məşhur Uerstet deyir ki: “Kainat əzəli və əbədi bir zəkanın təhti-idarəsindədir. Şu qədər ki, bu zəka dəyişməz olan qanunlar, “təbiət qanunları” vasitəsilə kainatı idarə edər”.

Əvət qanuni-təbiət dəyişməz və layənqeyrdir. Layənqeyr olduğu kimi müsavidir də, müsavidir zira ki, ilahidir.

Fəqət bəzi vaxtlarda olur ki, bir taqım “arizi”, yəni sonradan gəlmə maneələr, bu qanunların qarşısına çıxmaqla bu dəyişməz qətiiliyə, bu müsavata mane olmaq istəyirlər. Bəzən az bir zaman üçün müvəffəq də olurlar, fəqət bu müvəffəqiyyət çox sürməyir. Bir az vaxtdan sonra yenə təbiət qüvvəsinin müdhiş bir zərbəsilə süqut edib düşür.

Bilirmisiniz nə üçün?

Çünki təbiət qarşısına çıxan bu maneə “təbii” deyil, arizi və icbaridir. Təbiətin böyük qüvvələri bu kimi arizi məcburiyyətlərə heç vaxt boyun əyməz.

Təsəvvür ediniz!

O zamandan ki, “Qafqaz dağları” var, məşhur “Kür” çayı da var. Neçə minillərdən bəridir ki, haman bu çay öz məcrayi-təbiisində məzkur dağlardan axaraq Xəzər dəryaçasına tökülür. Bu, pək təbii bir işdir.

Şimdi siz bir rəşadət göstəriniz də, bu çayda olan “Cərəyani-təbii” qüvvəsinin qarşısına çıxınız; əlinizə gələn böyük daşlar, zorba qayalarla çayın məcrasını doldurunuz. Daha doğrusu, “Sədd” kimi bir şey yapınız, onda nə olar, bilirmisiniz?!

O, uca və sütvətli dağların təşkil etdiyi “Kür” çayı öz təbii cərəyanından qalarmı?.. Xayır, qalmaz! Bəlkə təbiətə qarşı göstərilən bu arizi üsyana şədid bir müqabilə edər; əcib bir sürətlə yüksələrək daşmağa başlar. O zaman ətrafındakı səhraları, kəndləri, təpələri suya qərq edər. Bütün varıb çıxa bildiyi yerləri xaraba qoyar. Bunları yapdıqdan sonra, yenə öz cərəyani-təbiisinə tabe olaraq dənizə doğru enib gedər.

Gördünüzmü?!

İştə təbiətə qarşı arizi bir icbar, iştə onun nətiəsi!!!

Məşhur Molskot “təbiətin qanunları qətiliyin ən şədid bir ifadəsidir” demiş. Bu söz bütün ətrafı ilə mənədar bir həqiqət deyilmidir?

Hə... şimdi burada bir taqım müarizlər çıxacaq. Və bu məsələyə etiraz edəcəklər. Onlar deyəcəklər ki, hərgah təbiətlə mücadilə etmək mümkün deyilsə, bəs bu günkü əsrimiz göstərdiyi tərəqqiyyati-fənniyə nerədən çıxmış və nasıl irəli gəlmişdir?

Həyat və məişətimizin tərəqqisinə, gozəlliyinə böyük-böyük xidmətlər edən bütün müxtərelər təbiətlə uğraşmayırlarmı?

Biz də onların cavabında deyəcəyiz ki:

Əvət! Bu gün gördüyünüz tərəqqiyyat və ixtiraat həp təbiətlə mücadilə etməkdən üsulə gəlmiş; təbiətin gizli-gizli əsrarını kəşf etmək və onunla uğraşmaq, “Fənn”in əsasi bir vəzifəsidir.

Ərbabi-fünun və müxtərəlik ünvanını qazanmış olan böyük dimaqlar daima təbiətlə qarşılaşır, uğraşır və ona qalib gəlirlər. Ancaq bilirmisiniz ki, nə ilə? Yenə təbiətin öz qüvvəsilə!

Şimdi ismini dürüst xatırlamadığım bir “holland” müxtəreyi demiş ki:

“Lazim olan vaxt təbiətin bəzi qüvvələrinə faiq gəlmək üçün onun özündən başqa, nədən və kimdən yardım almalıyız?!” Əvət təbiəti özündən başqa bir icbar ilə məğlub etmək olmaz!

Təsəvvür edəlim!

30 min putluq bir siqləti ayırmağsızın, hissələrə bölməksizin-bir yerdən başqa bir yerə nəql etmək lazim gəldi.

Şimdi bu işi nasıl bulursunuz? Insan və yaxud heyvan üçün bunu yapmaq mümkünmü? Əlbəttə xayır! Zira ki, 30 min put ağırlığı – bir yerdən – nəql etmək bütün zihəyat üçün təbiiliyin xaricində olan xariqüladə olan bir şeydir.

– Nə üçün xariqüladə bir şey olsun?

– Çünki, “Mafiyə”nin təbii xatələrindən olan “Ağırlıq” qüvvəsi buna imkan verməyir də.

– Oylə isə buna imkan verməyən yenə təbiət özüdür.

– Əvət oylə!

– Bəs bu halda nə yapmalı, və nasıl bir qüvvə istemal etməli?

– Yenə təbiəti çağırmalı! Və bu ağır yükü ona yükləməlidir.

– Yaxşı! Bu necə olar, burada təbiəti nə üsulilə çağırmalıdır?!

– Dəmiryol ixtiraində bu üsulu çoxdan yapdılar.

Bir qazan içində bir qədər su və bu suyu buxar halına gətirəcək dərəcədə bir hərarət və onlara lazım olan sair əsbablar, iştə yuxarıda yazdığımız siqləti çəkib götürmək üçün bunların kaffesindən haman “buxar” nami verdiyimiz güclü bir şey əmələ gələr ki, bu dəxi təbii bir hadisədir...

– Gördünüzmü?

Yenə təkrar edəriz ki, təbiətə ancaq təbiətlə faiz gəlmək olar. Və sonradan çıxma bir taqım arizi icbarlar onu məğlub edəməzlər. Bəzən etsələr də yenə bu qalibiyyət çox sürməz ki, sonra yenə özləri o qüvvətin dəhşət və əzəməti müqabilində məğlub olub düşərlər.

Şimdi müsaidənizlə əsas mətləbə nəqli-kəlam edəlim də, şu göstərdiyimiz misallardan bir nəticə alalım.

Üsuli-təkamül təbiətin dəyişməz bir qanuni, qanuni-əsasıdır. Bu qanun daima və müsavi bir surətdə bütün yaşayanlar üçün icrayi-hökm edər.

 Bəşəriyyətin hənuz ibtidai dövrlərində gəlib getmiş bir adam, bu gün başını qaldırsa da şimdikilərin bu və şi mədəniyyətlərini görsə, yazıq heyrətindən şaşıb qalar.

– Nə üçün?

– Zira ki, adamın gəlib, yaşayıb, getdiyi dövrdən bəri, həyati-bəşər bu payansız təriqi-təkamüldə bir çox zaman yol getmiş və bir çox məsafələr qət etmişdir, hələ irəlidə yenə bizcə payani-məchul mənzillər vardır ki, bəşər nami verdiyimiz bu böyük kütleyi-vücud üçün onları teyy etmək bir vəzifəyi-təbiyyədir!

Burası belə.

Şimdi təriqi-təkamül də irəliləyərkən, böyük qafilənin qarşısına bir şey, bir icbar çıxsa da onun irəliləməsinə mane olmaq istəsə, buna nə deyərsiniz?!

– Bir maneə.

– Nasıl bir maneə?

– Axmaq, şüursuz və sizin təbirizizcə arizi bir maneə.

– Əvət! Arizidir, çünki təbii deyil, şüursuzdur. Buna görə ki, təbiət “fabrika”sında heç bir əməyə malik olmadığı halda onun qarşısına çıxır və bəzən beş günün müvəqqəti olan qələbəsini daimi bir müzəffəriyyət sanır!..

Italyan yazıçılarından birisinin bu mövzuya dair pək münasib bir “məsəl”i var.

Bizlərin “birə” nami verdiyimiz o nadin , o balaca füzul heyvan, bir yataq otağının hər tərəfində daşlanıb, düşürdü.

Balacalığına rəqmən özü üçün bol və geniş bir fəza hökmündə olan otaqın hər tərəfi onun, tənha onundu.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info