Qonaq Kitabı
Fərmani-qəzai-cərəyan

  Mühərriri Mənafzadə Sabit

                                                                                         İran məsaibi-istibdadindən.

 

Ailə sahibi bir erkəgin axşamları yarım batman, təqribən (6 girvənkə) çörək ilə evinə dönə bildimi? İştə təmam erkək idi.

Kəndini qəhrəmani-cahan zənn edər, bığlarını burar, yürüyürkən papağını yan qoyar və hər bir qədəmdə Rüstəmi-dəstanə rəcəzxan olardı.

Ya... insafən haqlı deyilmi idi. Bir erkək qəhrəman bundan ziyadə nə yapa bilər; iştə məhal şəklinə girmiş olan pək ağır bir müşkülü həll etmiş, və böyük igidlik göstərmişdir.

Bizlər bəşəriz, deyilmi?

Haydı, övladi-bəşərdən, yəni bizlərdən öylə birisini tap ki, məhal dərəcəsinə varmış olan bir müşgülün həllinə müvəffəq olsun da, bunları, bu rəcəzxanalıqları bu xudpərəstlikləri yapmasın. Fəqət mümkünmü?

Ta sabahdan axşama qadar çörəkçi dükanlarının qabaqlarında təkcə bir dənə “səngək” ala bilmək üçün qovğalar başlayır, başlar yarılır, qanlar tökülür, qiyamətlər qopuyordu: hal böylə ikən bizim bu şanlı qəhrəman hələ o “səngək”lərdən bir də deyil, üçünü yaxalaya bilmiş, budur əbasının altında evinə gətiriyor. Insaf üçün bu igitlikləri göstərən şu böyük dilavər qəhrəmanlıq tövrünü tapıb da bığlarını burmasınmı?!

Məşhur Nasirəddin şahın dövreyi-səltənətinin taəvaxirindən bütün Azərbaycanda, bəxüsus Təbriz şəhərində böylə bir hal hökmfərma idi!

Bir azərbaycanlıya bunları yazmaq – bu kimi əhvallara dair şərhlər vermək, tövzi və izahat verməkdir. Çünki o bunları bilən, bu müdhiş səhneyi-həyatın, bu cansız faciənin daimi bir tamaşaçısıdır. Bəzən kəndisi belə bu oyunlarda rollar oynamış və “aktyorluq" vəzifəsni icra etmişdir!

Həm rol oynamaq, həm də tamaşa etmək olmazmı?

Fəqət Araz çayının şimalında, yəni Qafqaz mühitində böyümüş və nəşvü nüma etmiş bir müsəlman qardaşa bunları, bu ovzai-fəciəni nasıl çatdırmalıdır?

Biz qafqaziyalı üçün, nədən yalnız qafqaziyalı üçün – bir tatar, bir krımlı, bir sart, bir qırğız üçün belə bunları qanmaq, bu nüktələri düşünmək, ağıla sığışmaz dərəcələrdə müşküldür.

Yox, yox, “qabil deyildir”, deyəcəkdim. Qabil deyil, əvət qabil deyil, deyil, deyil!

Ya! Nasıl qabil ola bilər? Bir kərə düşünülsün: İran və Azərbaycan mühitlərindən başqa hansı bir islam görünmüşdür ki, bir külfət, atalı, analı, oğullu, qızlı, daha doğrusu, bütün bir ailənin əfradı sübh erkəndən axşama qadar, paraları əllərində ikən, sadə bir yavan çörəklərini bulub almaq üçün gəzsinlər, dolaşsınlar və qaliba çörəkçi dükanları qarşısında oynaşan qadın və erkək qalabalıqları içində əzilsinlər, döyülsünlər, söyülsünlər də bəzən yenə axşamları məyus, çörəksiz dönərək ac yatsınlar.

Inanılacaq şeymi?! Əcəba!

Fəqət bir xatireyi-həsrət olan bu cansız həqayiqi sizlərə göstərmək, inandırmaq, nəhayət isbat etmək üçün öylə mötəbər, öylə həqiqi şahidlərim var ki!..

Məsələn günahsız bar çocuğun məzlum şikayətlərini, məsum bir qızın məhv olmuş namusunu, bədbəxt bir ananın infialını, ümidsiz bir validənin həzin göz yaşlarını istərmisiniz?

Ba... bunlara nə hacət var. Nədən öylə uzaqlara gedək, iştə gözlərinizin önündə daima dolaşıb duran bir çoxlu şahidlər çıxarsan olmazmı?

 Orada, o küçənin başında, divara söykənən cavan yaşlı, qaragöz hambalı görüyormusunuz?! Baxınız, özü də qan-tər içində, daima çiynində gəzdirdiyi palanı yerə qoyub, guya bir az dincəlmək istəyir!

Daha biri də, şu meydançanın tam ortasında, vücudu başdan-ayağa neftə bulaşmış “nevütçü” həmşərini də bir seyr ediniz!

Hələ bu palanın arxa tərəfindəki iki mərtəbə karvansaranın alt qatında, ağsaqqal azarlı bir ixtiyar quru mənzildə can veriyor. Ah! Qərib vilayətdə ehtizarın o ağır dəqiqələrini keçirən şu bədbəxt zavallının son fəryadlarını, həzin zarıltılarını eşitməyirmisiniz?!

Ha, bir də o tərəfdə, ta uzaqlarda, mədəndə, bir neft quyusunun başına yığılmış izdihama baxınız. Yenə buxardan həlak olmuş 30-35 yaşlı bir fəhlənin meyiti quyudan çıxarılır. Adı Rəcəbəli Ibrahimoğlu, özü də İran rəiyyətidir!!!

Gördünüzmü?

Fəqət ümid edərəm ki, daha böylə bir mövqedə:

“Paho, adə, sənin bu şahidlərinin cümləsi, Allahın heyvan həmşəriləri imiş ki?” demiyəcəksiniz, deyilmi?!

Zira ki, böylə bədbəxt məxluqlar, bu günahsız şikayətlər, bu məhv olan namuslar, bu infiallar, bu həzin göz yaşları, bu insanlığa biganə sayılan hamballar, bu neft balıqları, bu ehtizar dəqiqələri, bu mədən fədailəri, bunlar, həp bütün bunlar, mənim müdam bulunduğum həqayiqi-fəciənin, öylə böyük, öylə həqiqət-məal şahidləridirlər ki, “Divani-ədaləti-bəşər” bunların şikayət və şəhadətlərini dinləyincə birdən-birə diskinər, titrər, tişlər, daha bir taqım başqa şeylər yapar, nəhayət başını itirərək öz heçliyinə, yalançılığına nifrətlər edər! Lənətxan olar...

Fəqət mən bu kimi ağır və ağırlığı qədər də hər bir təsəvvürün fövqündə olan mərdud cinayətlərin mühakiməsi üçün, bəşərlikdən daha yüksək, daha yuxarıda olan bir hüzuri-ədalət istərəm:

Haydı, siz o ədaləti bulunuz, çağırınız, mən də şahidlərimi çıxarayım!

Çıxarım, deyəyim ki:

Bizim yaşadığımız kürrənin “Asiya” adınlı parçasında bir Iran vardır. Bu Iranda yaşayanlar da var. Hər bir yaşayan idameyi-həyat üçün yeyib-içməyə möhtacdır. Deyilmi?

İştə bu ehtiyaci-təbii bir hal olduğu üçün cəmiyyət onu eyicə təmin etmiş və bu barədə heç bir növ qüsur göstərməmişdir. Gözəl ovalar, geniş ziraət yerləri, axar çaylar var, hər il vaxtilə şu yerlər sürülür, şuxum edilir, əkilir, bitir, nəhayət biçilib götürüldüyü zaman, neçə qat daha ziyadə taxıl verir. Dinləyirmisiniz?

– Çox gözəl, sonra?

– Sonrası da bu ki, yazıq cəmaət bir bu qədər məhsulati-təbiyyənin nəşvü nüma bulunduğu yerdə daima çörək üçün həsrət qalaraq bir növ yaşayıb dura bilmək üçün torpaqlar yeyir, samanlar çeynəyir!

– Vay, torpaqlarımı yeyir, dediniz? Öylə isə şu yerlərdən hasil olan bunca taxıllar nə olur, nerəyə gediyorlar?!

– Ah... nasıl dedim! Təbiətin onlara bəxş etdiyi bu haqqı-həyat saxlanılır, ehtikar olunur!

– Ehtikarmı olunur?

– Əvət, ehtikar olunur! Ehtikar! Mollaların, xanların, əyanların, dərin-dərin anbarlarına doluyor.

– Ya... bunda nə bəhs var. Burası pək sadə bir şey, bəlkə bir qaideyi-ümumiyyədir. Bütün dünyanın hər tərəfində taxıllar biçildimi, haman tarladan anbarlara nəql olunub da hər gün lazim olduğu qədər çıxarılır, xaricə buraxılır.

– Əvət, haqqınız var. Mən yanılaraq “anbarlar” dedim, böylə deməməli idim. Zira ki, bizim tarlalar biçilib qurtaran kimi sizin bildiyiniz anbarlara deyil, həbsxanalara, əbədi, əvət əbədi, zindanlara doldurulur və saxlanırlar!

– Gözəl! Artıq gəvəzəliyə başladıq, deyilmi?

Haydı, siz söyləyiniz, biz də əylənək, həzzlər edək, qəh-qəhələr yapaq, gülək, nəhayət bayılaq da?..

Buğdaya, taxıla iş kəsilirmiş, həbs edilirmiş, cəzalar verilirmiş, həm də pək ağır cəzalar, əbədi həbslər! Öyləmi?

– Dedim ya?.. Azərbaycan buğdası ehtikar zindanlarında həbsi-müəbbəddir. Həpsiyüb, həm də çürüyüb məhv olana qədər! Düşündünüzmü?

– Əvət, siz dediniz, mən də düşündüm. Fəqət bu dediklərinizdə bir çox əcayib məsxərə işlətdiniz, gözəl-gözəl gəvəzəliklər yapdınız, zavallı taxılı həbs etdiniz... Buğdanı “qazamata” soxdunuz! Çox məmnunuz. Zira ki, bu məsxərələrdən dolayi biz də bir qədər əylənə bildik. Güldük... Ey, sonra!

– Sonrası nə olacaq. Ilk eşitdiyiniz zaman bir məsxərə, bir xəyal, bir mübaliğə zənn etdiyiniz şu dilxəraş həqiqətlərin isbatını da dinləsəniz, heyrət və riqqətinizdən ağlayacaqsınız!

Mənim şahidlərim var.

– Şahidlərinizdəmi var?.. Əcəba göstəriniz, baxalım kimlərdir?

– Bunlar... yox, yox, yox! Iştə bir-iki yeni şahidlər daha? Hələ oraya baxınız, əfəndim. Yaxşı baxınız!

– Nerəyə?

– Oraya. O böyük dumanlı şəhəri görürsünüzmü?

– Ha!.. Iki  dağın ortasındamı?

– Əvət!

– Şərqdən Qərbə uzanmış!

– Tam dediniz.

– Burası nerə?

– Təbriz savadi-əzəmi!

– Təbrizmi? Amma çox böyük şəhərdir. Bu başdan baxınca nəhayəti bir dürlü görünməyir. Fəqət burada sizin dualarınıza race nə var ki?

–Hə, şimdi lütfən şəhərin cənub-qərb səmtinə doğru baxarmısınız?

–...Baxdım!

– Yaxşı baxınız!

– Baxıram.

– Nə görürsünüz?!

– Bir çoxlu əyri-üyrü dar küçələr, alçaq binalı evlər. Ha!.. Ortada geniş xiyaban bir yol da vardır!

– Çox gözəl, o yolun ortasında nələr gorürsünüz?

– Bir neçə atlar, qatırlar, ulaqlar var ki, gəlib-gedirlər. Bir taqım arıq və ətsiz inəklərə qarışmış bir qoyun sürüsü də səhraya tərəf yürüyür.

– Daha başqa bir şey yoxmu?

– Bir qaç insanlar da var ki, ahəstə şəhərə tərəf gedirlər.

– Ya... Daha irəlidə bu alçaq boylu adamı görməyirsiniz?

– Hangı birisini?

– Baxınız, o sol tərəfdəki divara dayanaraq yürüyür, bəzən qoşuyur belə!

– O sarı papaqlı qoca kişimi?

– Əvət, tam özü!

– Görürəm... yaxşı görürəm!

– Iştə ona diqqət ediniz.

– Yürüyür.

– Siz də onu təqib eləyiniz.

– Yürüyür, əvət yürüyür. Şəhərdən çıxdı, indi artıq çöldədir... Sağa tərəf döndü. Guya qarşıdakı dərəyə sarı enmək istəyir.

– Dərəyəmi?

– Əvət. Eniyor... Nəhayət dayandı. Siz də baxıyormusunuz. Ucları saralmış bir taqım balaca ot kollarının dibində oturdu.

–  Orada nə yapıyor?

– O, otları qırır, kökündən çıxarır.

–  Sonra?

– Vay!..

– Onları yeyir, deyilmi?!.

– Ah! Ot, adətən bir kəvər, yaxud bir “cəfəri” kolu yeyirmiş kimi.

– Buraxınız, buraxınız yesin... zavallı adam otları da yolub yeməzsə məhv olar!

– Bədbəxt insan?..

– Belə, bir də bəriyə baxınız. Bu tərəfdə daha əcayib, daha görməli bir tamaşa var.. Nə olursunuz... baxsanız a!

– Ah, yenə nerəyə?

– Bu tərəfə, bəriyə. O xarabalıqları görürsünüzmü?

– Nə dediniz?

– Bəridə o xarabalıqları görürsünüzmü, deyirəm.

–...Tavanı uçmuş o alçaq evlərimi?..

– Yox, a canım! Daha bəridə, o göy günbəzli məscidin sol tərəfində!

– Qurumuş bir söyüd ağacının aşağısında, öyləmi?

– Əvət, özüdür ki, var.

– Təqribən hər biri on bir qədəm tulində yıxılıb dağılmış altı-yeddi divar.

– Tamam öylə!

– Bəriki  divarın ta o başına iri qafalı bir bayquş da qonmuş.

– Afərin! Daha başqa nə görürsünüz?

– 7-8 yaşında bir “qız çocuğu” o dağılmış divarların ətrafında dolaşır.

– Orada nə yapır?

– Nə yapacaq? Bir çocuq yürüyüb dolaşmazmı?..

– Yaxşı baxsana!..

– Ovv...

–  ...Nə üçün susdunuz?

– Mən dedimmi?! Zavallı çocuq acından divarlara suvanmış saman çöplərini birər-birər qoparıb yemək istəyir!!! Deyilmi?

Gözlərini yummuşdu. Indi bir taqım müdəvvər, ağ, şəffaf incilər o birikmiş kipriklərinin uclarında titrəyir, sallanırlardı. Sanki mirvariyə bənzər bu lətif inciləri, almas paraları qarşısında o məlun mənzərə fəlakətə sərpmək və o viranədə qiymətli bir xəzinəyi-alam yapmaq istəyirdi. Fəqət, heyhat, müdhiş bir fəlakətin təsiri-tamaşası ilə tökülən almas paralar bir kərə zəmineyi-rüxsarə düşdümü, öz lətafətlərini, şəkli-əsillərini qeyb edərək, adətən həzin bir çekkeyi-qətran təşkil edərlər.

Fəqət, bu incilərin, bu qiymətli danələrin mühafizəsi üçün tənha, əvət tənha bir yer var ki, o da Allahın öz yanında olan xəzineyi-əbədiyyətdir...

O ağlayır, ağlayır və bu müdhiş tamaşanın təsiri ilə emali-qəlbində zühura gələn tufanlar içində boğulurdu.

Ancaq mən nə yapıram. Bilirsinizmi?

Mən həyəcanlanmıram.

Zira ki, mən bir azərbaycanlıyam. Və bu kimi tamaşaların heç bir təsiri olmaz. Və çoxdan bəridir ki, gözlərim istibdadın şu mühiti-müzləmində olan qaranlıqlara alışmışdır.

Hərgah daima gördüyüm bu kimi mənaziri-fəciənin tamaşası məncə ağlamaq icab etsəydi, indiyə qədər göz yaşlarımın təşkil etdiyi ümmani-həsrət içində çoxdan məhv olub getmişdim.

Fəqət indi məni bir şey düşündürürdü. Zira ki, birdən-birə rəfiqimdə zühura gələn bu inqilabi-əhval, bu ağlayışlar, bu boğuluşlar məni bir taqım hissiyyati-şairanəyə sövq etmişdi. Iştə bu hissiyyat içində düşünürdüm. Düşünürdüm də, həyatın hər dəqiqədə çevrilən şu əcəb, şu rəngarəng səhifələrini mütaliə edərək heyran olurdum. Və öz-özümə deyirdim ki:

– Bax, bir saat əvvəlin inanılmaz həqiqətlərinə qarşı istehza tökən gözlər indi əşkrizi-nədamətdir?

Zatən belə də olmalıdır, deyirdim. Zira ki, həyat dəyişməyib də daima bir halda dəvam edərsə, saatlar, günlər, aylar, illər və bu zamanlarda zühurə gələn həvadis, sadə bir “təkrar”dan ibarət qalar ki, “təkrar” dəxi hər şeydə və hər kəscə mənfurdur.

Iştə bundan dolayidir ki, bu dəyişmək, bu rəngarənglik bütün kainat üzərində cənabi-xaliqi-aləm tərəfindən vəz olunmuş bir qanuni-təbiidir ki, həyat onsuz heçdir.

Kitabi-həqiqətdə bu qanuni-əbədini “üsuli-təhəvvül” ünvanı ilə qeyd etmişlər.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info