Qonaq Kitabı
SAYAÇI SÖZLƏRİ

Səlam əleyk, səy bəylər,

Bir-birindən yey bəylər!

Saya gəldi gördünüz,

Salam verdi aldınız.

Alnı təpəl qoç quzu

Sayaçıya verdiniz,

Siz sayadan qorxmusuz,

Səfa yurda qoymusuz.

Səfa olsun yurdunuz,

Ulamasın qurdunuz,

Ağ getsin avandınız,

Tox gəlsin çobanınız.

Bu saya yaxşı saya,

Həm çeşməyə, Ò»əm çaya,

Həm ülkərə, Ò»əm aya.

Bu saya kimdən qaldı?

Adəm atadan qaldı,

Adəm ata gələndə,

Qızıl ökuz duranda,

Qızıl buğda bitəndə,

Dünya binnət olanda,

Musa çoban olanda,

Şişliyimiz erkəcdi.

 

Onun dərdi uludur,

Aşıqlığı qurudur.

Ucası qiymətlidir,

Qabırğası dadlıdır.

Qabırğa içrə pərdə,

Salmaz adamı dərdə.

Pərdəsi iki rəngdir,

Böyrək ona dirəkdir,

Altmış arşın bağırsaq,

Bir-birinə ulğaşıq.

 

Əzəl atasın deyim,

Sonra anasın deyim.

Qoyun var, kərə gəzər,

Qoyun var, kürə gəzər.

Gedər dağları gəzər,

Gələr evləri bəzər,

Kərəsidi qoyunun,

Kürəsidi qoyunun,

Dağları biz gəzirik,

Yörəsidi qoyunun.

 

Nənəm, qoyunun qarası,

Qırxlığı polad parası,

Yaz günü dələməsi,

Yay günü kürəməsi,

Qış günü qovurması!

 

Nənəm, a şişək qoyun,

Yunu bir döşək qoyun,

Bulamanı bol elə,

Qırıldı uşaq, qoyun!

Nənəm, qumral, tat qoyun,

İldən-ilə art qoyun,

Balalar ölməkdədir,

Ölmə gəl, namərd qoyun!

 

Nənəm, a saçaq qoyun,

Birədən qaçaq qoyun,

Sənə yaman baxanın

Gözunə bıçaq qoyun!

 

Nənəm, a kürdü qoyun,

Otladı durdu qoyun.

Ay qaranlıq gecədə

Görübdü qurdu qoyun.

 

Nənəm, a narış qoyun,

Yunu bir qarış qoyun.

Çoban səndən küsübdür,

Südü var, barış qoyun.

 

Nənəm, a göycə qoyun,

Gedərsən öycə qoyun,

Yeyən sənin ucundan,

Dolanır bəycə qoyun.

 

Nənəm, boz, ala qoyun,

Yolda suzala qoyun,

Yeyən sənin ucundan

Gözəl qız ala, qoyun.

 

Nənəm, a gəlin qoyun,

Quzuna təlin qoyun,

Yeyən sənin ucundan,

Gətirib gəlin qoyun.

 

Nənəm, a qəmər qoyun,

Quzusu əmər qoyun,

Yeyən sənin ucundan

Bağlayıb kəmər qoyun.

 

Nənəm, a qaşqa qoyun,

Minmisən eşqə qoyun,

Yeyən sənin ucundan

Çıxıbdır köşkə qoyun.

 

Nənəm, a qızıl qoyun,

Yollara düzül qoyun,

Ölməmisən, qalmısan,

Qalasan yüz il qoyun.

 

Nənəm, a səkil qoyun,

Belində kəkil qoyun,

Ay qaranlıq gecədə,

Arxaca çəkil qoyun.

 

Nənəm, qaraqaş qoyun,

Qarlı dağlar aş qoyun,

Ay qaranlıq gecədə,

Çobana yoldaş qoyun!

 

Nənəm, qoyunun gəlini,

Avşara gəlməz yelini,

Onu sağan gəlinin

Xınalıyım əlini.

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info