Qonaq Kitabı
TÜLKÜ HƏCCƏ GEDİR

 

I

 

Tülkü qocalmış idi,

Şikardan qalmış idi.

Ov keçmirdi əlinə,

Ət dəymərdi dilinə.

Həftələrlə qalıb ac,

Dolanırdı yalavac.

Ova batmırdı dişi,

Yaman keçirdi işi,

Günü olmuşdu qara,

Düşündü, tapdı çara:

Təsbeh aldı əlinə,

Şal bağladı belinə;

Ayaqlarında çarıq,

Başında tirmə sarıq,

Çiynində atlaz əba,

Əlində zorba əsa,

Ağlayırdı, gedirdi.

Çölləri seyr edirdi.

Olmuşdu mömin bəndə.

Çatdı böyük bir kəndə

Kənd ağzında bir xoruz

Eşələnirdi yalqız.

Gördü ki, tülkü lələ,

Girmiş başqa bir şəklə.

Gəlir təsbeh əlində,

Bir şal qurşaq belində,

Ayaqlarında çarıq,

Başında tirmə sarıq,

Çiynində atlaz əba,

Əlində zorba əsa.

Ağlayır, təsbeh çəkir,

Gözündən qan-yaş tökür...

Xoruz durub uzaqdan

Baxdı ona bir zaman.

Dedi: - A tülkü lələ,

Neçin girdin bu şəklə?

Yoxsa sənə, ey baba,

Üz veribdir bir bəla?

Tülkü başın salladı,

Hönkür-hönkür ağladı.

Dedi: - A məstan xoruz,

Gözləri mərcan xoruz!

Qocalmışam, düşmüşəm,

Sizi çox incitmişəm.

Məndən daha qaçmayın.

Dərdlərimi açmayın.

Daha üzüm qaradır,

Qəlbim dolu yaradır.

Halal-haram qanmadım,

Qocalığı anmadım.

Sizi tudum hey yedim,

Allah kərimdir! – dedim.

Yamanlıq olmuş işim,

Qanlar tökmüş bu dişim.

Mənim günahım çoxdur,

Halıma yanan yoxdur.

Indi həccə gedirəm,

Daha tövbə edirəm.

Xoruz dedi: - Baba can,

Sənə bu canım qurban!

Daha bəsdir, ağlama,

Ürəyimi dağlama!

Haqq yolunu bulmusan,

Indi mömin olmusan

Qocalmısan, ay lələ,

Quyruğun var bir şələ.

Səni uzun yol yorar.

Məni özünlə apar.

Yolda qulluq edərəm,

Hər işinə gedərəm.

Tülkü baxdı həsrətlə,

Cavab verdi hörmətlə:

- Sağ ol, məstan xoruzum,

Sevimli, əmlik quzum.

Yollar uzun, burama,

Tez ol, gəl düş arxama.

Hər gün namaz zamanı

Sən verərsən azanı.

Xoruz oldu sevincək,

Qanad verdi yelkən tək.

Qanadını çırparaq,

Uçub gəldi qaçaraq,

Öpdü əl-ayağını,

Üzünü, qulağını.

Boynunu dimdiklədi,

Ona min dil söylədi.

Tülkü, ağzında virdi,

Təsbehini çevirdi.

Ona həsrətlə baxdı,

Gözləri şimşək çaxdı.

Bir az söhbət etdilər,

Yola düşüb getdilər.

 

II

 

Gəldilər kəndə yaxın.

Toyuqlar axın-axın

Küçədə dənlənirdi,

Yem tapıb şənlənirdi.

Gördülər tülkü lələ,

Giribdir başqa şəklə:

Iri təsbeh əlində,

Bir şal qurşaq belində,

Ayaqlarında çarıq,

Başında tirmə sarıq,

Çiynində atlas əba,

Əlində zorba əsa,

Gedir yol ilə birbaş,

Xoruza olmuş yoldaş.

Birdən qaqqıldaşdılar,

Bu hiyləyə çaşdılar.

Toyuq-xoruzdan biri,

Gəldi bir az irəli,

Dedi: - A lovğa tülkü,

Quyruğu darğa tülkü!

Yoxdur səndə mərhəmət,

Bizə verirsən zillət

Gizli-gizli gecələr,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info